Poeziya susmur... "Ümid sənədir ancaq, Azərbaycan əsgəri" - Vaqif YUSİFLİ

Vaqif YUSİFLİ

Tənqidçinin publisistik qeydləri

Azərbaycan poeziyasında müharibə mövzusu həmişə aparıcı mövzulardan biri olub. Bu mövzu ilə bağlı indiyə kimi xeyli məqalələr, tədqiqat əsərləri qələmə alınıb. Elə bircə akademik Bəkir Nəbiyevin "Böyük Vətən müharibəsi və Azərbaycan ədəbiyyatı" monoqrafiyasını misal gətirmək olar. Səməd Vurğunun "Bilsin ana torpaq, eşitsin Vətən, Müsəlləh əsgərəm mən də bu gündən" çağırışından sonra bütün Azərbaycan ədəbiyyatı da müharibəyə qoşuldu, öz tarixi-bədii missiyasını şərəflə yerinə yetirdi. Hətta müharibə bitəndən sonra bu mövzu tükənmədi, ikinci bir mərhələyə daxil oldu, Azərbaycan xalqının və Azərbaycan döyüşçüsünün qəhrəmanlıq salnaməsinə yeni səhifələr əlavə olundu.

Mənfur qonşularımızın səksəninci illərin sonlarından başlayaraq bizim xalqımıza qarşı başladığı elan edilməmiş və əsrlər boyu torpaq iddiasında olan vəhşi və genosid xarakterli müharibəsində də poeziyamız susmadı. O dövrün ictimai-siyasi mənzərəsi çox qarışıq və xaotik idi, öz havadarlarının hərbi, siyasi və mənəvi dəstəyi ilə silahlanan erməni quldurlarının qarşısında hələ zəif idik, ancaq gücsüz deyildik, lakin xalqın bu gücünü, qüdrətini toparlamağa bir başçı, bir sərkərdə meydanda yox idi. Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldi və tədricən bu gücü, bu qüdrəti - xalqın içində püskürən qisas hissini, işğal olunmuş torpaqlarımızı xilas etmək əzmkarlığını xalqın ruhuna, milli düşüncəsinə yeritdi. O dövrün poeziyasında üç motiv qaba artıq nəzərə çarpırdı. 1. Şəhidlik (poeziya Birinci Qarabağ müharibəsində, 20 Yanvar və Xocalı faciələri ilə elegiya ruhuna kökləndi - "Ağla, qərənfil, ağla"). 2. Qəhrəmanlıq. Müharibənin, daha doğrusu, işğalçı müharibənin mahiyyətini açıqlayan, şəhidliyin qəhrəmanlıq kimi dərk edilməsini bədii təhlilə çevirmək... müharibədə həlak olan soydaşlarımızın ölümsüz qəhrəmanlığı (B.Vahabzadənin "Şəhidlər" poeması və onlarca şeirlərdə xatırlanan qəhrəmanlıq ithafları). 3. Çağırış, səfərbərlik, xalqı, milləti ayağa qaldırmaq missiyası. Mən təfərrüata varmayıb yalnız bu sonuncu motivi qısaca xatırlatmaq istəyirəm. Çünki Xalq şairləri Məmməd Arazın və Qabilin şeirlərindən gətirəcəyim misallar bu günlə də səsləşir:

 

Ayağa dur, Azərbaycan!

Səninləyəm.

Səndən ayrı biz hər şeyi

bölə billik.

Səndən qeyri biz hamımız

ölə billik.

Ayağa dur, Azərbaycan!

Bunu bizə zaman deyir,

Məzarından baş qaldıran

baban deyir.

 

Məmməd Araz

  

Ürək yanır, göz dolur

Şəhid qəbirlərindən...

Düşünüb daşınıram

Özlüyümdə dərindən:

İntiqam ala bilməz,

Qana qan ola bilməz

Məzarları bəzəyən

Ehtiram çiçəkləri...

Ümid sənədir ancaq,

Azərbaycan əsgəri!

 

Qabil

Bəli, ümid ancaq Azərbaycan əsgərinədir. Bu əsgərin isə güclü, yenilməz bir sərkərdəsi - Ali Baş Komandanı var - möhtərəm Prezidentimiz İlham Əliyev. O İlham Əliyev ki, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda apardığı ədalətli müharibə və bunun sayəsində Azərbaycan ordusunun otuz-otuz beş gün ərzində düşmənə ağır zərbələr endirib əksər ərazimizi işğaldan xilas etməsi dünya müharibələr tarixinin şanlı bir səhifəsinə çevrildi.

Poeziyamız da əldə söz silahı, ümid-inam silahı ilə bu müharibəyə qoşuldu. Mən müasir poeziyamızı təmsil edən şairlərimizin son bir ayda qələmə aldıqları şeirləri oxuyur və onların da Səməd Vurğunun ifadəsiylə desək, poeziyada "müsəlləh əsgər" olduqlarının şahidinə çevrilirəm.

Vaqif Bəhmənli "525-ci qəzet"də "Mən əsgərəm, Qarabağ" şeirlər silsiləsi ilə çıxış etdi (27 oktyabr sayında). Bəri başdan deyim ki, həm Vaqifin, həm də digər şairlərimizin şeirlərində qətiyyən ümidsizlik, pessimist ruha rast gəlmədim. Hamısında yetkin bir duyğu var - Qələbə, Qələbə, Qabilin ifadəsiylə desək: "Ümid sənədir ancaq, Azərbaycan əsgəri!".

 

Yurda göz dikənin dərsini verdin,

Yolunu azanlar qorxdu gücündən.

Vətənə qanım da halaldı, dedin.

Məğrurluq boylandı igid içindən -

Ey Vətən əsgəri, Vətən əsgəri!

Vaqifin o silsilədə iki şeirini xüsusilə qeyd etmək istəyirəm. Vaxtilə gözəl şairimiz İsa İsmayılzadə "Güllələr demədi" adlı bir şeir yazmışdı. O şeirdə Böyük Vətən müharibəsi illərinin uşaqları davaya getmək, döyüşmək arzusunda idilər. Amma onları yaşlarına görə müharibəyə aparmırlar.Vaqifin şeirində isə vaxta görə mənzərə dəyişir, güllədən, ölümdən, qandan qorxmayan Azərbaycan gəncləri heç nədən çəkinməyərək döyüşə yollanırlar:

 

Güllələr çox diddi havanı, yeri,

Güllələr çox dedi "qayıdın geri",

Lülələr çox dedi: "qayıdın geri"

Güllənin sözünə baxan kim idi,

Güllənin gözünə baxırdı hamı!

 

Başqa bir şeiri: "Şuşa yerindədi, Elnarə!". Bu şeir xanəndə Elnarə Abdullayevanın "Görən Şuşa yerindəmi" təsnifinin təsiri ilə yazılıb. Elnarə xanım da bizim hamımız kimi Şuşa həsrətini çəkir. Vaqif yazır ki: Şuşa yerindədir, amma "Tarixdi Pənahəli - Xan nəvəsi çatışmır", "Şuşa yanar çıraqdı, Pərvanəsi çatışmır", "Cabbarsız Qarabağın zənguləsi çatışmır", "Axır İsa bulağı - piyaləsi çatışmır" və sonda:

 

Bürünüb duman Şuşa,

Tökür gözdən qan Şuşa!

Yerindədi xan Şuşa -

Elnarəsi çatışmır.

 

Gec-tez Şuşa (Qarabağı Şuşasız təsəvvür etmək olarmı?) alınacaq, Elnarənin səsini də oradan eşidərik.

Qarabağ mövzusunda mütəmadi olaraq qələm çalan şairlərimizdən biri də Adil Şirindir. Onun 17 oktyabr "Ədəbiyyat qəzeti"ndə dərc edilən "Hər yan yurdun bayrağına, hər kəs əsgər paltarına büründü" şeirlər silsiləsi də (əslində, buna lirik poema da demək olar) müharibə dövrü şairinin analitik düşünmə tərzini nümayiş etdirir. Adil Şirin bu müharibəyə son otuz ilin mənəvi-maddi itkiləri ilə boylanır, amma get-gedə "müharibə xəritəsi" dəyişir.

 

Ağacların içində

yanıq cökə ağacı.

O da ağac şəhidi,

O da ağac qaxacı.

 

Geri dönə bilməyib

ordan keçən durnalar.

Susdurub "Vağzalı"nı

qız köçürən analar.

Ürəklərə dar gəlir

sinələrin qəfəsi.

Təsəlli deyil artıq

durna qatarının səsi.

 

Axır ki, bir millətin

Səbri ona dar gəldi.

Qarabağın itkisi

hər insana ar gəldi.

 

Bu lirik poemanı Adil Şirin "müharibə şəkilləri" detalı üstündə qurub. Hardasa bu detal mənə İsa İsmayılzadənin "Böyüdülmüş şəkillər" poemasındakı şəkilləri xatırlatdı. Amma Adilin "müharibə şəkilləri" tamam fərqlidir.

 

Müharibə şəkilləri

çəkir bizim uşaqlar.

Qarabağdı müharibənin adı.

Bu gün bizim bir adımız,

Qarabağdı, Qarabağ!!!

 

Bu şəkillərdə top-tüfəng, qan-qada, ölüm var. Şəkillərdə yaralı əsgərlərin harayı, əsgər anaların fəryadı var. Bu şəkillərdə köçkün şəhərciyində oğul doğur analar. O oğullar böyüyür, yeri gəlsə hər biri bir boz qurda dönür. Bu şəkillərdə "haqqın həqiqətiylə, xalqa sədaqətiylə, Qələbə, zəfər yazır; Tarixin yaddaşına, Tarix yazan sərkərdəmiz!".

Adil Şirin poemanın sonunda Azərbaycan əsgərinə müraciət edir, bu müraciət təkcə onun dilindən deyil, bütün xalqın dilindən səsləniləsi xitablardır. "Qələbəylə açılsın hər səhərin, Tarixinə qızıl xətlə yazılsın hər zəfərin!". Və lap sonda "müharibə şəkilləri" detalı böyüyür:

 

Hər mərmi bir zəfər toxumu,

Ordumuz qələbə əkir.

Uşaqlar da sevincinə boyayıb

Qələbə şəklini çəkir.

 

Müharibə dövrünün poeziyası ilk növbədə, nikbinlik üstündə köklənməlidir və biz bunu Böyük Vətən müharibəsi illərində, Birinci Qarabağ savaşında da hiss etmişik. Bu gün Ali Baş Komandanla Azərbaycan ordusu və onların xalqla birliyi böyük qələbimizin rəhnidir və eyni zamanda poeziyamızın, ümumən ədəbiyyatımız da bu möhtəşəm sıraya qatılması hiss olunur. Silahlar eyni deyil, amma mənəvi silahın da müharibədə böyük rolu olur. Mən "Ədəbiyyat qəzeti" səhifələrində - elə oktyabr ayında - Musa Ələkbərlinin, Elxan Zal Qaraxanlının və Vaqif Aslanın şeirlərində də sözün gücünü gördüm, hər cür sifarişdən, "mən də varam" istəyindən deyil, ürəklərindən gələn ümid, arzu, qələbə senvincini hiss etdim. Elxan Zal Qaraxanlı əvvəlki illərdə də "Savaş ayələri" yazırdı, amma yeni "Savaş ayəsi"ndə onun cəng və təbil səsləri daha gur eşidilir. Təbii ki, cəng təbillərində səslərin akustikası qələbəyə köklənir və Elxan Zal Qaraxanlı da təbil səsləri ilə öz şeirinin səslərini bir sıraya düzür:

 

Cəngin zamanı gəldi,

Tonqalı yandır!.. daram

Daram, daram, dam-daram.

Yuxlamış ruhumuzu,

Titrət, oyandır... daram!

Daram, daram, dam-daram.

 

Elxan da hamımız kimi Şuşa həsrətindədir. Və onun "Şuşa həsrəti" şeirində doğrudan da, bizim Şuşa həsrətimizin qəmli ahəngi duyulur.

 

Şaşqın Şuşa şüşələnmiş,

Xarıbülbül qor qoxuyur.

Qubadlının gözəlləri

Qu səsindən tor toxuyur.

 

Amma hamımız inanırıq ki, bu qəmli ahəngə son qoyulacaq, biz 30 illik həsrətimizə əlvida deyib Cıdır düzünü seyr edəcək, İsa bulağından su içəcək, Natəvanın, Üzeyirin, Bülbülün ruhunu yad edəcəyik... Amma Şuşadan söz açan şeirlərdən biri - Əbülfət Mədətoğlunun "Şuşanın yolu" şeiri məni bir oxucu kimi daha çox təsirləndirdi. Biz müharibənin baş verdiyi bölgələrdən məsafəcə uzağıq, amma hər gün ordumuzun əsgərlərinin qələbə sədasını eşidirik və özümüzü də o döyüşlərdə hiss edirik. Əbülfət Mədətoğlu isə Birinci Qarabağ savaşında əzizlərini itirib, döyüşlər görüb... O, çox yaxşı bilir ki, döyüşçülərimiz qanlar, canlar bahasına qələbə qazanırlar. Şuşanın yolu da igid döyüşçülərimizin süngüləriylə lap yaxında açılacaq:

 

Bir igid

sol əliylə

sıxıb ürəyini -

dizi üstə

qana boyanıb

barmağı

ovcu qan dolu...

sağ əliylə

tutub bayrağı

güclə dayanıb

baxır, baxır və bağırır:

- İrəli, qardaşlar,

Görünür Şuşanın yolu!..

 

Musa Ələkbərlinin "Ədəbiyyat qəzeti"ndə dərc olunan "Biz nöqtə yox, nida qoyduq, Bu, Qələbə nişanıdır!!!") silsilə şeirlərində isə yaxın zamanlarda eşidəcəyimiz qələbə sədasına sevinirik. Təbii ki, bu nikbinlik ordumuzun kənd-kənd, qəsəbə-qəsəbə, şəhər-şəhər qələbələrindən gələn major səslərdir.

 

Bu kəlmə od tutub ağızda, dildə,

Təşnəlik yaşadıb obada, eldə.

Dəli bir coşquyla kükrəyir sel də,

Bulaq da, irmaq da Qələbə deyir.

 

Bir səda yansıyıb çiçəyə, gülə,

Səs çatıb Şuşada Xarıbülbülə.

Payız dumanında bürünüb tülə,

Çiçək də, yarpaq da Qələbə deyir.

 

Nəhayət, Vaqif Aslanın "Ədəbiyyat qəzeti"nin sonuncu sayında (24 oktyabr) şeirləri barədə. Vaqifı Aslan mifoloji bir anlama üz tutur. Alpər Tonqa, Bilgə xapn, əsgər Tanrıkut mifoloji anlamla, türkün qalibiyyət ruhu və ölməzliyi ilə bu günün qələbə əzmini bir araya gətirir:

 

Türk qanına boyanan

çaylar da gəlir dilə:

- Göy hələ basılmayıb,

Dəlinməyib yer hələ.

 

Erməni süngüsündə

çabalayır körpələr.

Sınıq körpülər sənə

Söyləyəcəkdir nələr.

 

Salam, Əsgər Tanrıkut!

Tanrıkut Əsgər, salam!

Qabaqda Qılkörpü var,

keçməlisən, vəssalam!

 

Bu yazıda mən digər şairlərimizin Qələbəyə, Qarabağa inam ifadə edən şeirlərindən geniş söz aça bilmədim. Qalsın sonrakı yazılara. Amma bir məsələni burada qeyd etməyi vacib bilirəm:_haqqında söz açdığım şeirlərin hamısı əsasən çağırış ruhundadır, qələbəmizə inam ruhundadır. Amma bu motiv hələ müharibə mövzusunu tam əhatə edə bilməz. İnanmaq istəyirəm ki, şeir və poemalarımızda Azərbaycan döyüşçülərinin konkret adlarıyla igidlikləri əks olunsun, onların cəbhədə qəhrəmanlıqlarıyla yanaşı, keçirdiyi psixoloji halları, döyüşə girməmişdən öncə hissləri, duyğuları əks olunsun. Bir az da bu şeirlərə fəlsəfi ahəng qatışsın. Cavanları kütləvi şəkildə döyüşə, vuruşa səsləyən nədir? Təbii ki, vətənpərvərlik -bax, bu hissin əyani təcəssümü də şeirlərimizin ruhuna çöksün. Və bir iradımı da bildirim: şairlərimiz mümkün qədər bir az şüarçılıqdan xilas olsunlar.

Sonda: Ümid sənədir ancaq, Azərbaycan əsgəri! Qələbə yaxınlaşır...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!