Kənan HACI
Lələtəpə döyüşlərində həlak olmuş
polkovnik Sənan Axundovun əziz xatirəsinə
Davud baba yenə hərbi formasını geyinib parada hazırlaşırdı. Böyük Vətən müharibəsində aldığı orden və medallar döşünü bəzəyirdi. Yaşı yetmişi ötsə də qamətini dik saxlaya bilirdi, hərbi geyim isə onu yaşından xeyli cavan, həm də olduqca zəhmli göstərirdi. Sanki indicə hərbi eskadronun qarşısına keçib döyüş əmri verəcəkdi. Elə bil heç zaman ötməmişdi, müharibə illərin o tayında qalmamışdı. Davud babanın üst-başından barıt qoxusu çəkilməmişdi. Hər ilin 9 may günü yüksək əhval-ruhiyyə ilə yuxudan oyanır, üzünü taraş edir, hərbçi qıvraqlığı ilə geyinib döyüşə gedirmiş kimi parada yollanırdı.
... Qamışlar qırov bağlamışdı, külək əsdikcə cızıltılı səslə bir-birinə sürtünürdü. Yol kənarındakı xırda qamış çöplərə, keçən ildən qalma quru ot tayalarına da qırov düşmüşdü. Gecə qaranlıq olduğundan adam gözünü bu qırovlu cığırdan ayıra bilmirdi. Təzə təşkil olunmuş alayın döyüşçüləri hardan, hansı kəndin, hansı şəhərin yaxınlığından keçdiklərindən xəbərsiz idilər, hara getdikləri də məlum deyildi. Nə qədər gedəcəkdilər, bunu da bilən yox idi. Zülmətlə sükut, sanki bu sualların cavabını udmuşdu. Adama elə gəlirdi ki, bu sükut fırtınadan əvvəlki sakitlikdir. Davud yaxınlıqdakı əsgəri dümsüklədi:
- Taleh, o işıqları görürsən?
- Hə, görürəm.
- Fişənglərə oxşayır.
- Deyəsən, elədir.
- Demək, cəbhəyə gedirik.
- Aha...
Davudun dediyi işıqlar heç də vaxtilə onların sübhə qədər qovduqları addımlayan məşəllərə bənzəmirdi. Elə bil göy qurşağının rəngbərəng zolaqlarını bir-birindən ayırıb tək-tək səmaya buraxırdılar. Zolaqlar göy üzündə gah çəhrayı, gah yaşıl, gah da sarı dairələr cızırdı. Bəzən də göy qübbəsində qəfildən zolaqsız işıq peyda olurdu. Tavandan asılmış lampa kimi eyni bir nöqtədə hərəkətsiz dayanıb bir xeyli yanırdı. Elə bil günəşin kiçik bir zərrəsini gətirib oradan asmışdılar.
- Taleh, bunlara kəşfiyyatçı fişəng də demək olar, elə deyimi?
- Necə yəni?
- Məncə, bunları ona görə havaya buraxırlar ki, kəşfiyyatçılar hansı səmtə gedəcəklərini müəyyən edə bilsinlər.
Taleh gülümsədi, bir söz demədi.
Soyuq işıqların arxasından ara-sıra uzaq və boğuq gurultular eşidilirdi. Sanki əvvəl şimşək çaxır, sonra göy guruldayırdı.
- Taleh, top səslərini eşidirsən?
- Eşidirəm.
- Deyəsən, bizimkilərdir.
- Nə bilmək olar? Bəlkə faşistlərdir...
- Amma çox iri, ağır toplara oxşayır...
- Aha.
Adamlar arasında bir səs gəzdi; nəfəsləri donduran, dodaqları əsdirən, ürəkləri titrədən səs:
- Səngərlərə!..
Adamlar arasında ikinci bir səs gəzdi. Elə bil nəfəslərin donunu açmaq, titrəyən ürəkləri sakitləşdirmək istəyirdi:
- Bura ikinci xətdir, ön xəttə hələ var.
Davudun əmri ilə bölmədə olan əsgərlərin hamısı bir uzun tranşeyə doluşdu. Bu, adam boyu hündürlüyündə, dibinə quru qamış döşənmiş uzun, əyri bir xəndək idi. Hər dörd-beş addımdanbir xəndəyin böyrü çəpinə yarılmışdı. Orda bir adam rahatca ayaq üstə durub irəlini seyr edə və istəsə, atəş aça bilərdi.
Vasya ilə Talehin arasındakı çəpinə qazılmış səngərin dibinə nisbətən çox və daha quru qamış küləşi döşənmişdi. Çox rahat səngər idi. Boş patron gilizləri, əzilmiş konserv qutuları tez-tez ayağına ilişirdi.
Bir neçə dəqiqə sükut içində hər kəs öz yerini rahatlamaqla məşğul oldu. Az sonra tranşeyin sol tərəfindən, çəpinə səngərlərin birindən Vasyanın istehzalı gülüşləri axıb gəldi:
- General Axundov həzrətlərinə hörmət və ehtiram!
Davudun dodaqları qaçdı:
- Çox narahatsansa, general səngərində səni bir siqaretə qonaq edə bilərəm.
- Ehtiyac yoxdur. Mən özümə söz vermişəm ki, cəbhəyə gələndə papirosu tərgidim.
- Çox nahaq yerə! Yaxşı, bəs sənin yerin rahatdırmı?
- Niyə, pis deyil, mən ki general olmaq arzusunda deyiləm, soldat səngəri də bəsimdir.
- Bəyəm general arzusu pisdir? Heç bilirsən Suvorov nə deyib?
- Xeyr, bilmirəm. Suvorov nə deyə bilər ki? Çox olsa, deyib ki, general olmaq arzusu ilə yaşamayan soldatdan heç soldat da olmaz.
Davud özünü saxlaya bilməyib astadan güldü. Vasyanın ədalı səsində nə isə çox incə, çox əziz bir şey vardı, bu, adicə gülüş olmayıb, daha qiymətli, daha zərif bir gözəllik idi.
Səhərə yaxın səngərlərə tam sakitlik çökdü. Bəziləri şirin yuxuya getmişdi. Qamışlıqlar qəmli-qəmli uğuldayırdı. İrəlidə yorğun top atəşləri susmuşdu. Fişənglər getdikcə seyrəlməyə başlamışdı. Təkcə Davudla Talehin gözünə yuxu getmirdi. Davud onu da öz səngərinə dəvət etmişdi ki, darıxmasın. Amma danışmağa söz tapmırdılar. İkisi də buna məəttəl qalmışdı. Çünki hər ikisinin ürəyi sözlə dolu idi. İkisi də, sanki fürsət gözləyirdi, ürəklərini boşaltmağa məqam axtarırdı. Sol tərəfdəki qonşu səngərdən hansısa əsgərin xorultusu eşidildi.
Taleh bu səsi dinləyərək:
- Qardaşın gör nə yatır? - deyə astaca səsləndi. - Elə bil evində, çarpayısında uzanıb.
"Qardaşım" deyə, Davud bəlkə ilk dəfə olaraq bu sözü həyəcanla ürəyində təkrar etdi. Talehin bu əsgərə olan sevgisi ona da sirayət etmişdi. Bu anlarda Davud qardaş məhəbbətinə layiq olmaq üçün əlindən gələni etməyə hazır idi.
- Arif qağa, yaman tünd adama oxşayır, - deyə Davud sözünə davam etdi. - Ondan yaxşı döyüşçü olar. Ölər, tutduğunu əldən buraxmaz.
- Elədir, bir az qaraqabaqdır, amma şirin oğlandır.
- Müharibə bitsin, onu evləndirmək lazımdır.
Taleh qımışdı:
- Deyəsən, Nastenka ona vurulub.
Davud təəccüblənmədi, təzəcə ağarmağa başlayan dan işığında onun sifəti cazibəli və qayğılı görünürdü.
- Həə, onda məsələ başqa cürdür.
- Məni görəndə quş kimi uçub gəldi yanıma. O saat Arifi soruşdu. Dedim yola çıxıblar, istədi onların dalınca qaçsın. Qoymadım, dedim çatmazsınız, şəhərdən çıxmış olarlar. Kaş onda qızın nə hala düşdüyünü özün görəydin! Gözlərindən od çıxırdı. Titrəyə-titrəyə yaxınlaşıb dedi ki, sizdən bir xahişim var. Ona deyin ki, mən albomu tapdım. Sonra duruxub sözünü dəyişdi, dedi ki, ona deyin mən onu sevirəm.
Albomda Arifin nişanlısı ilə şəkilləri vardı. Nastenka bu şəkilləri görmüşdü.
Səngərin nəm divarına söykənib qalmışdılar. Davud gözlərini toran üfüqlərə zilləyib baxdı. Birdən çəhrayı fişəng yoxa çıxdı. Əvəzində onun sayrışdığı nöqtənin sağ və sol tərəfində bir-birinin ardınca mavi fişənglər yanmağa başladı. Elə bil ulduzlar axıb yerə tökülürdü.
Davud Arifi yanına çağırıb ərkyana danlamışdı. Demişdi:
- Bu nə oyundur çıxarırsan? Qızın ürəyinə girmisən, səni sevir, bəs nişanlının da gözü yoldadır axı. İki qəlbi yaralamısan, ay zalım.
Arif də günahkarcasına başını aşağı salıb dinməmişdi.
- Nastenka yaxşı qızdır, çalış ona yalan danışma, həqiqəti de.
- Müharibədir, komandir. Bilmək olmaz nə olacaq... - Arifin səsi titrəmişdi.
Vasya da, Taleh də mütəəssir olmuşdular. Az sonra onların başı üzərində təyyarə uğultusu eşidildi. Başlarını qaldırıb göyə baxdılar. Səs gələn səmtdə heç nə görə bilmədilər.
- Bizimkilərdir, - Taleh astaca dilləndi.
- Hanı? Mən görmürəm, - Davud dedi, - sən görürsən?
- Yox, mən də görmürəm. Deməli, lap yuxarıda, buludların üstündə uçurlar.
- Bəs nə bilirsən bizimkilərdir?
- Səsindən tanıyıram. Bizimkilərin səsidir, eynilə...
Davud Talehə məəttəl qaldı. O bunu hardan, necə bilir? Dəfələrlə eşitdiyi alman təyyarələrinin səsini xatırlamağa çalışdı. Bacarmadı. Birdən qəlbinin dərin, uzaq bir guşəsində unudulub qalan bir uğultu eşitdi və o dəqiqə həmin səsi tanıdı. Bu səsi o, düz iki il bundan əvvəl, müharibə təzə başlayanda sərin bir yay axşamı, ömrünün ilk xoşbəxt dəqiqələrində eşitmişdi. Sevdiyi qızın ilk ürək döyüntüsü ilə birlikdə eşitmişdi. Biri çırpınır, o biri isə uğuldayırdı.
Artilleriya hazırlığı çox da uzun sürmədi. Toplar təzədən susdu. Bundan sonra irəlidə nələr baş verdiyini bilmək çətin idi. Çox keçməmiş onların səngərləri hərəkətə gəldi. Vasya hardasa düz gəlib Davudun səngərinə çıxdı:
- Uşaqlar, hazırlaşın! Bir azdan döyüşə girəcəyik! - Bunu deyib harasa getdi.
Arif işıqlı gözlərindəki nəcib ifadə ilə ondan üzr istəyirmiş kimi:
- Əgər işdi, birdən geri qayıtmasam, - deyə pıçıldadı. - Ona yazarsan ki...
...Davud baba xəyalən yarım qərinə əvvələ qayıtmışdı. Bütün olub keçənlər gözləri önündən keçirdi. Sanki hər şey dünən olmuşdu. Arif həmin döyüşdə həlak oldu. Nastenkanın acı göz yaşlarını xatırlayanda ürəyinin başı göynəyirdi. Bəbəklərinə yığılmış yaş diyirlənib yanağı boyu axanda balaca Sənan körpə əlləriylə babasının göz yaşını silirdi. Ona söz vermişdi ki, mən də sənin kimi hərbçi olacağam.
Davud baba nəvəsinin bu arzusuna ürəyində qürrələnmişdi, uşağın başını sığallayıb: "Babası kimi igid olacaq!" - deyə pıçıldamışdı. Hər ilin 9 may günü eyni ritual təkrarlanırdı; baba hərbi formasını geyinirdi və ulduzlar döşündə bərq vururdu. Bu ulduzların işığı, cazibəsi balaca Sənanı sehrləyirdi, həyəcandan ürəyi köksünə sığmırdı, toppuş əllərini ordenlərə, medallara toxundurub qəhrəmanlığın maddiləşən örnəklərinə sonsuz maraq hissiylə baxırdı. Babasıyla fəxr edirdi, düşünürdü ki, dünyanın ən güclü, yenilməz adamı onun babasıdır, onu heç bir qüvvə məğlub edə bilməz. O da böyüyüb babası kimi məğlubedilməz olacaq, onu da hamı barmaqla göstərib "baxın, o bizim qəhrəmanımızdır" deyəcək.
Sənan öz uşaq xəyalında qəhrəmanlıq səhnələri qururdu, onun altşüuru belə döyüş səhnələri ilə zəngin idi. Sənan hələ bilmirdi ki, müharibə nə deməkdir, müharibənin törətdiyi dağıntılardan, qandan-qadadan xəbərsiz idi, barıt qoxusu dadmamışdı. İlk dəfə on üç yaşı olanda qulağına güllə səsləri dəymişdi, ölümsaçan bu səslər uşaq yaddaşını qanatmışdı. Füzulinin kəndləri boşaldılanda yurd itkisi balaca ürəyini ağrıtmışdı. İnsanı öz yurdundan niyə qovsunlar? İnsan insana niyə düşmən kəsilib? Niyə adamları öldürürlər? O, bu suallara cavab tapmaqda aciz idi, onun uşaq dünyası tarmar olmuşdu və balaca Sənan bu haqsızlıqla barışa bilmirdi. Düşmən kəndləri güllə yağışına tutanda o da babasını sual atəşinə tuturdu. Berlinə qədər döyüş yolu keçmiş baba nəvəsinin suallarına məğlub olmuşdu. Davudun ağlına gəlməzdi ki, tale ömrünün qürubunda ona didərginlik gətirəcək. O, qalib bir ölkənin qəhrəmanı idi və bu zəfər ömrünün sonunadək ona bəs edəcəkdi. Hər ilin 9 may günündə o, sanki yenidən qələbə sevincini yaşayırdı. İndi bu sevinci onun əlindən almışdılar.
Cəbhədə qanlı döyüşlər gedirdi, ermənilər rayonu artilleriya yağışına tutmuşdular. Əhali narahat, səksəkəli günlər yaşayırdı, amma bircə nəfər də olsun, rayonu tərk etməmişdi. Bundan əvvəl, 1992-ci ilin 22 fevralında Füzuli rayonunun Yuxarı Veysəlli kəndi erməni işğalçı qüvvələri tərəfindən zəbt olunmuşdu. Səhərə yaxın gözlənilməz hücum nəticəsində dinc günahsız kənd sakinləri kəndi tərk etmək məcburiyyətində qalmışdılar. Ermənilərin bu hücumu nəticəsində 3 nəfər həlak olmuş, 2 nəfər girov götürülmüş, 4 nəfər yaralanmışdı. Onlarca ev, yüzlərlə iri və xırda buynuzlu mal-qara düşmən əlinə keçmişdi. Dinc, günahsız kənd əhalisi erməni kəndlərinin ərazisindən keçərək 22 km yol qət edib Füzuli rayonunun inzibati mərkəzi olan Füzuli şəhərinə pənah gətirmişdilər. Qarabağ dağ silsiləsinin Cənub-Şərq ətəklərindən Araz çayına qədər uzanan maili düzənlikdə yerləşən bu ərazinin qorxubilməz oğulları sinələrini düşmən mərmilərinə sipər edərək şəhəri qoruyurdular.
Sənan gecələr yuxusunu qarışdırırdı, həyəcandan bütün bədəni titrəyirdi. Hövlnak ayılıb özünü qan-tər içində görürdü. Atası Tahir kişi də Könüllülər batalyonuna yazılmışdı, gecə-gündüz həmyerliləriylə birlikdə sərhəd məntəqələrində keşik çəkirdi. Sənan evdə-eşikdə qərar tuta bilmirdi, atasının yanında olmaq istəyirdi. Neçə dəfə evdən qaçıb atasını görmək üçün sərhəd kəndinə qədər gəlib çıxmışdı. Tahir kişi oğlunu görüncə qucaqlayıb bağrına basmışdı və gözləri dolmuşdu:
- Sən buralara gəlmə, oğul. Buralar çox təhlükəlidir. Tez qayıt evə, anan, bacın səndən nigaran qalacaqlar.
Sənan düşüncəli gözlərini atasının üzünə zilləyib: - mən də səninlə qalıb döyüşmək istəyirəm, ata, - demişdi.
- Sən hələ balacasan. Döyüşmək üçün gərək tüfəng atmağı öyrənəsən, yoxsa səni vurarlar. Söz verirəm, sənə güllə atmağı öyrədəcəyəm. Amma indi evə qayıtmalısan.
Sənanın balaca ürəyi qisas hissiylə döyünürdü, "axı mən nə vaxt böyüyəcəyəm?" - deyə öz yaşından utanırdı. Əgər həyatımızın bir xəritəsi varsa, həmin xəritə yollarda deyil, yolayrıcında, vacib məqamlarda çəkilir. Həmin gün hərbçi olmaq istəyi Sənanın ürəyində cücərməyə başladı.
Erməni qəsbkarları Füzuli rayonunu işğal edəndə Sənanın cəmi on üç yaşı vardı. Hər bir kənd, qəsəbə uğrunda ağır döyüşlər gedirdi. Şəhərin üzərini qara buludlar almışdı. Hava barıt qoxusu dadırdı. Tuğ, Qırmızı Bazar, Çartar istiqamətindən şəhərə güclü hücumlar başladı. Dinc sakinləri yük maşınları ilə təhlükəsiz yerlərə daşıyırdılar. Tahir kişi düşünürdü ki, axı nəyə görə bütün dünya bu boyda haqsızlıqlara göz yumur, dünya birliyi niyə Azərbaycanın haqq davasına dəstək vermir? Əksinə, separatçılara gizli, aşkar yardımlar göstərirlər. Qəzetlərdən birində oxumuşdu ki, Ermənistanla aramızda olan yeganə dəmir yolunu ermənilər hələ sovet dövründə Mincivan stansiyası ilə Culfa stansiyası arasında indi bu ölkənin ərazisi sayılan Mehri rayonunda partlatmışdılar. Dünyada terrorizmin əleyhinə çıxış edən Qərb dövlətləri niyə erməni terrorizminə qarşı biganəlik göstərir? Saysız-hesabsız suallar beynini yorurdu.
Sənan isə bu məkrli oyunlardan xəbərsiz idi, işğalçılar onun ata-baba yurdu ilə birlikdə uşaqlığını da əlindən almışdılar.
Füzulinin işğalından sonra onlar Bakıda məskunlaşdılar. O vaxtdan Davud baba özünə qapandı, qüssə-kədər üz-gözündə naxış salmağa başladı. Bütün günü fikirli gəzib-dolanırdı, bəzən özüylə danışır, bəzən də gözünü naməlum nöqtəyə zilləyib saatlarla susurdu. Bakıya köçən gündən Davud baba bir daha əyninə hərbi forma geyinmədi, 9 may günlərində otağına qapanıb çölə çıxmadı. Bir dəfə qələbə günündə Sənan babasına yaxınlaşıb onu söhbətə tutmağa çalışdı:
- Baba, bu gün sənin günündür, siz bu gün alman faşistləri üzərində qələbə çalmısınız. Bəs niyə hərbi formanı geyinmirsən? Axı hər ilin bu gününü intizarla gözləyirdin, bu günə xüsusi hazırlaşırdın...
Davud baba uzun müddət dinmədi, içindəki qarışıq duyğuları nizama salmağa çalışdı. Handan-hana dilləndi:
- Bala, mən bir daha o formanı əynimə geyməyəcəm. Biz Sovetlər ölkəsini, həm də Rusiyanı qoruyurduq, buna görə mənim xalqım üç yüz min şəhid verdi. Amma bu gün ruslar bizi qorumadı, əksinə, işğalçılara dəstək oldu, bizim balalarımızı öldürdülər, ana-bacılarımızı süngüyə keçirdilər. Mən daha qəhrəman deyiləm, oğul! Qəhrəmanlıq növbəsi sənindir. O torpaqları siz azad edəcəksiniz!
Sənan eşitdiyi sözlərdən sarsıldı.
Belə günlərin birində Sənan Axundov Bakıda oxuduğu 144 saylı orta məktəbi əla qiymətlərlə bitirdi. Atası onunla dost idi. Yenə xəlvətə çəkilib məsləhət-məşvərət etdilər. Tahir Axundov mavi gözlü, uca boylu oğlu ilə qürur duyurdu. Atası ondan soruşdu:
- Sənan, indi özün de, sən haranı seçsən, mən yox deyən deyiləm. Bax gör də...
Sənan əllərini başının arxasına aparıb, xısın-xısın gülümsədi. Bütün üzünə işıq yayılmışdı. Sevinci gözlərindən oxunurdu:
- Ata, hərbiyə getmək istəyirəm. Bizim dövlətimizə indi savadlı hərbçilər lazımdır.
Tahirin gözləri yaşardı. Ürəyi titrədi. Durub oğlunun alnından öpdü. Oğlu onun fikirləşdiyini etmişdi. Savadlı hərbçi olmaq. Doğru seçim idi:
- Sənan, gözümün işığı, ürəyimin taqəti, sən başqa yol seçə bilməzdin. Doğru seçimdir! Get, yolun açıq olsun. Biz qisası sizə saxladıq. Gərək belə olmayaydı. Ancaq sən bu günsən, gələcəksən, biz isə artıq keçmişik.
Elə həmin ilin yayında Sənan Bakı Ali Hərbi Məktəbinə daxil oldu.
1-4 sentyabr, 2020-ci il
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!