Qarabağın xilası torpaqlarımızın, özümüzün, sözümüzün, içimizdə dustaq olan bütöv yaşantıların, dünyaya, tarixə, ədəbiyyata azad gözlə baxışın xilasıdır, müstəqilliyimizin tamamıdır.
Ordumuz tarix yazır, nəbzimiz Qarabağla vurur. Torpağımız Şəhid qanı ilə suvarılır:
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
- misraları öz əməli təsdiqini bir daha nümayiş etdirir və Müstəqil Azərbaycan tarixinin ən şanlı səhifələri yazılır. Qarabağ keçilməz!
Aldığımız xəbərlər, işğaldan azad olunmuş ərazilər haqda əsgər hesabatları və Ali Baş Komandanın elan etdiyi qələbə xəbərləri, hisslərimizin, duyğularımızın rəngini dəyişir, içimizdə boğulan sevinc çığlıqları azadlığa çıxır, Araz kənarından ordumuzun zəfərini görən cənublu qardaşlarımızın göz yaşı axıb Araza qarışır. Özümüzü, sözümüzü yenidən görürük; qürurla, yeni yozumda. Yavaş-yavaş müdriklərimizin sözü yadlaşmağa üz tutmuşdu, paslı qılınc kimi kəsərini itirməkdə idi. Vətən müharibəsi torpaqlarımızla bərabər, içi boşalma təhlükəsi qarşısında qalan sözümüzü, mənəviyyatımızı özümüzə qazandırır. Ədəbiyyatın məşhur deyimləri oyanan duyğularımızda, qavrayışımızda bütün çalarları ilə görünməyə başlayır. Günəş bir başqa cür doğur Qarabağdan! Torpaq canlanır, ruh oyanır, yaddaş qaynayır.
Bülbülün gülə aşiq olub ona öz qanından qazandırdığı gözəllik bu gün başqa bir sirr pərdəsindən boylanır; eşqin ən yüksək zirvəsinə ucalan şəhidlərimiz qanları ilə "Vətən sağ olsun!" yazır, bu qanların töküldüyü yer öz cazibəsini, keçilməzliyini, gözəlliyini, doğmalığını, müqəddəsliyini daha da artırır. Atadan, anadan, sevdiyindən halallıq alıb döyüşə yollanan igidlərimiz on illərdir bir-birinə həsrət qalan, ayrılıqdan dərdə düşən Vətən torpaqlarını qovuşdurmağı öz sevgililəri ilə olan vüsaldan üstün tuturlar:
Könlümün sevgili məhbubu mənim,
Vətənimdir, vətənimdir, vətənim!
Sözlər şüarlıqdan çıxıb, söz və ruh arasında açılan məsafə itib.
Qazi Bürhanəddinin "Döşəkdə ölən yigit murdar bolur!" misrası günümüzün ahənginə köklənib, Şah İsmayıl Xətainin şeirləri mistik və real enerjisi ilə əsgərimizin qanında qaynayır, düşmənin qabağında ruh döyüşünə çıxır:
Mən Xətayi çəkmənəm ğəm,
çün ənəlhəqq demişəm,
Çəkmişəm Heydər təki meydanda
hu mərdanə mən.
Vətən eşqi imandandır, deyib atalarımız. Nəsiminin genetik kodunun daşıyıcısı olan əsgərlərimiz düşmənin üstünə göz qırpmadan gedir, öz şücaətləri ilə dünyanı heyrətə salırlar:
Surətə baxu mə'nini
surət içində tanı kim,
Cism ilə can mənəm,
vəli cism ilə canə sığmazam.
Bu əsil qan yenidən oyanır, nəslimizi səfərbər edir, özümüzə və sözümüzə qoyulan sərhədlər yıxılır:
Gərçi bu gün Nəsimiyəm,
haşimiyəm, qureyşiyəm,
Bundan uludur ayətim,
ayətü şanə sığmazam.
Kafir düşmənin və onların havadarlarının çəkdiyi sədlərə sığmırıq; döyüşə, qalibiyyətə can atırıq.
Koroğlu qəhrəmanlığı igidlərimizin qolunda, nərəsində dirilir; az qalmışdı yalnız mətn qəhrəmanına çevrilməsinə, o da azadlığa çıxdı, öz mahiyyətindədir, lağ hədəfi deyil. Tarixi qəhrəmanlarımızla aramızda açılan məsafə itir, Qarabağ çöllərində irəlilədikcə unutdurulmağa çalışılan milli kimliyimiz yeni güc qazanır.
Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, düşmənin özü üçün yaratdığı uydurma mifləri Azərbaycan ordusu dağıdır. Ona görə ki, onların heç vaxt həqiqi mifi olmayıb. Qədim tarix, mədəniyyət, dünyagörüşü xəzinəsi kimi qorunub yaşanan miflərimiz də bu gün döyüşə qatılıb, ordumuzu irəli səsləyir. Rövşən Binəqədilinin son vaxtlar xalq arasında populyarlıq qazanan "Can gedirik almağa..." marş-mahnısında olduğu kimi:
Tanrı, müzəffər elə bu ordunu,
Görsün o dağlar yenə boz qurdunu.
Tərk eləyib qaçsın Oğuz yurdunu,
Biləndə düşmən gedirik almağa.
Mifoloji dünyagörüşü kompleksimizdə xeyir və şər iç-içə yox, qarşı- qarşıyadır. Xeyir daim mübarizədə, qalibiyyətdə, şər isə hiylə və məğlubiyyətdədir. Düşmən qabağımıza Ərlərə xəyanət etmiş Ərlik kimi yeraltı tunellərdən, quyulardan çıxır. Dastan ruhlu qəhrəmanlarımız qaranlıq dünyanın əcayib varlıqlarını darmadağın edir, yeni dastan yaradırlar. Torpaqlarımız uğrunda ailənin böyük oğulları mübarizə apardı, şəhid oldu, tərk etmək istəmədikləri yurd yerində itkin düşdülər. Anaların qucağında köçkün olan kiçik qardaşlar Məlikməmməd kimi oddan keçir, divin can quşunu nişan alıb boğazını üzürlər, əsarətdə qalan gözəlimizi - Qarabağı xilas edirlər.
Azərbaycanın, Odlar yurdunun tarixi missiyasının dünyaya sevgi, ədalət, humanizm bəxş etmək olduğunu, lakin mənfur düşmənin də öz məkrli xislətindən ayrıla bilməməsini Hüseyn Cavid gözəl ifadə etmişdir:
Mən yetişdim, atəşlə su
Öpüşdüyü bir ölkədən.
İzləyərkən sevgi yolu,
Acı duydum hər kölgədən.
Bu gözəllik, bu mahiyyət kimdə yoxdursa, onu qısqanır, bizim kimi ola bilməməyin intiqamını bizdən almaq istəyir. Cavidin Teymurun dili ilə dediyi kimi "...dilləri başqa, ürəkləri daha başqa" düşmənlə qarşı-qarşıyayıq.
Bu məqamda yadıma Mirzə Cəlilin "Usta Zeynal"ı düşür. Hekayənin avam, cahil təsiri bağışlayan azərbaycanlı obrazlarının öz aralarında və evini təmir elədikləri erməni ilə söhbətlərində müəllifin ciddi eyhamları yer alır. Nasir iki fərqli düşüncə daşıyıcısını qarşı-qarşıya gətirmiş, maarif, müsəlmançılıq, paklıq və murdarlıq anlayışlarına fərqli yanaşmanı göstərmiş və erməninin Azərbaycanda "xozeyin"ə çevrilməsindən yaşadığı narahatlığa diqqət çəkmişdir. Usta köməkçisi Qurbanın sualı və ona cavab verməkdən qaçan erməninin davranışı yazıçının oxucuya ünvanladığı düşündürücü ədəbi ismarışdır:
"Xozeyin, niyə sizin padşahınız yoxdu?
Muğdusi Akop cavab vermədi və otaqdan çıxdı".
Padşahın varlığı üçün dövlətin mövcudluğu lazım idi. Dövləti, məskunlaşdığı vətəni olmayan erməni Azərbaycanda "xozeyinə" çevrilmə və daha sonra özünə "padşah" yaratma, bizi çətinliklərlə qarşılaşdırma prosesinin təməllərini atırdı. Vaxtında qabağı alınmayan, özünə xozeyin dedirdən xırda dükançının sayı artan otaqları, oğlanlarına yaratdığı rahat şəraitlə itirməyə başladığımız ərazilər arasında assosiativ əlaqə var.
Padşahı, öz etnik mənsubiyyətinə, dininə, imanına uyğun adı, soyadı olmayan birinin nəyi ola bilər ki? Yalan içində itib-batıblar, ancaq çalıb-çapmaqla məşğuldurlar, sözləri də, özləri də qəlpdir, saxtadır. Bu qəlpliyin, sözü və ürəyi başqa olanın qabağında bir sədd ucalır - Qarabağ! Qarabağ Azərbaycandır! Bu təsəlli üçün deyilən söz, rezanyor ritorika yox, gerçəkləşən əməldir - sözlə özün qovuşmasıdır!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!