Azər TURAN
Türk şeirində ilk bayraq şairi Krım Xanı Giray Xandır.
Türk poeziyasında ilk bayraq XVI yüzildə Krımda dalğalanıb.
Bayraq türk şeirinə bir də Arif Nihat Asyanın qələmilə gəlir. Arif Nihat Asya 1940-cı ilin 5 yanvarında Adananın fransız işğalından qurtuluşunun (1922) 18-ci ildönümündə oxunmaq üçün məşhur "Bayraq" şeirini yazır. Türkiyədə bunu bayrağı vəsf edən ilk şeir hesab edirlər. Amma belə deyil. Türk bayrağını Arif Nihat Asyadan öncə 1918-ci ildə "Qara dəniz"də Əhməd Cavad dalğalandırıb. Əhməd Cavadın türk bayrağı Qazi Girayın, Arif Nihat Asyanın, hətta "İstiqlal marşı"nda Mehmet Akifin dalğalandırdığı bayraqlardan daha estetdir. Burda türkün bayrağı dalğalanmır, türkün bayrağına baxıb Qara dəniz dalğalanır. "Çırpınırdın Qara dəniz / Baxıb Türkün bayrağına! / "Ah!.." deyirdin, heç ölməzdim / Düşə bilsəm ayağına...".
1918-ci ildə "Çırpınırdın Qara dəniz" şeirini Əhməd Cavad Gəncədə yazmışdı.
1918-ci ildə Türk bayrağı "bəyaz hilal qarşısında beş şüalı yerinə səkkiz şüalı bir yıldız bulunan" Azərbaycan bayrağı ilə yanaşı ilk dəfə Gəncədə dalğalanmışdı. Gəncənin qırmızı kərpicdən tikilmiş bələdiyyə binasının üzərində...
O zaman bizim siyasilərimiz Ənvər Paşanın təkidli etirazına baxmayaraq bir neçə gün idi ki, türk şəhəri İrəvanı ermənilərə güzəştə getmişdilər. Üstəlik, həmin günlərdə Bakı da erməni əsarətindəydi. Gəncədən başqa paytaxt olacaq şəhərimiz yox idi. Və İrəvanın ermənilərə verilməsinə təhəmmül etməyən Əli bəy Hüseynzadə Gəncənin həmişəlik paytaxt olmasını istəmir və yazılarının birində "Gəncə şəhəri müvəqqəti paytaxtdır" deyirdi. "Müvəqqəti diyorum, çünki Azərbaycanın təbii paytaxtı petrol mənbəyi olan Bakıdır. Bakını Azərbaycana çox görən kim olursa- olsun, Azərbaycan xalqının ən mənfur düşmənidir. Gəncəyə gəlincə, bu şəhər ancaq mərkəzi bir mövqedə olmaqla haizi-əhəmiyyət olub, iləridə Azərbaycanın maarif mərkəzi ola bilir".
Əli bəy Hüseynzadə çoxlarımızın hələ də oxumadığı "Teymurun xəyalı qarşısında" əsərində Gəncə ilə bağlı fikirlərinin həssasiyyətini bir az da artırır: "Cəlaləddn Tiflisdə kəndiləriylə bərabər eyni kompartımana raqib olan və Bakıya gedən bir Türk mühəndisindən çay əsnasında Gəncə haqqında məlumat istədi. Gənc mühəndis cavabında dedi ki, əxlaqsız ehtiraslardan və atəşli gurultulardan azad və olduqca ziyalı bir zümrənin yurdu olan Gəncə bəzi cəhətlərdən Bakıdan üstündür. Gəncənin keçmişini araşdırsanız, çox şərəfli xatirələr taparsınız. Rus istilası əsnasında Qafqazın ən mühüm yerləri qafil və qorxaq xanlar tərəfindən asanlıqla düşmənə təslim olunmaqda ikən Gəncə istiqlalını mühafizə edirdi. Gəncə xanı qanlı bir müharibədən sonra oğlu ilə bərabər şəhid düşmədikcə məmləkətini təslim etmədi. Ziyad Xanzadələrdən olan bu möhtərəm xanın adı Cavad xandır...".
Ötən həftə ermənilər azad və olduqca ziyalı bir zümrənin yurdunu, maarif mərkəzimiz olan Gəncəni vurdular...
İndi bu sətirləri yazarkən Vikipediyada Gəncə adının etimologiyası ilə maraqlandım. Elə əvvəllər olduğu kimidir. Gəncə fars dilindəki xəzinə sözündən törəyibmiş...
Amma Gəncə Azərbaycanda nəinki islamiyyətdən öncə, hətta mifoloji zamanlardan mövcuddur. Gəncə də, Naxçıvan, Şabran, Bakı, Qəzvin kimi Maduvanın, yəni Əfrasiyabın, yəni Alp Ər Tonqanın zamanında tikilib və Gəncənin ilk sakinləri də sakların Gəncək tirəsi olub... Vikipediyada təəssüf ki, bu yoxdur.
Ötən həftə ermənilər Gəncəni vurmaqla iki min beş yüz illik tariximizə əl qaldırdılar.
Gəncə həm də "Biz Əfrasiyabıq" deyən Nizaminin şəhəridir. Nizami Gəncədən baxıb Ərmən torpağını da Turanın bir qismi olaraq nişan vermişdi. "Türklərlə doludur bütün bu yerlər... / O qurur özünə yeni bir mənzil. / Gül fəsli yamyaşıl Muğan - yatağı, / Yay zamanı yeri Ərmən torpağı". Məsələ burasındadır ki, Nizami türklərlə dolu olan Muğan kimi Ərmən torpağının da Əfrasiyab-Alp Ər Tonqa nəslinə aid olduğunu yazıb. Şirinin yaşadığı Ərmən torpağı (bugünkü Ermənistan) Əfrasiyab övladlarının yurdudur. Yəni Turanın bir qismidir.
***
Yuxarıda qeyd etdiyim kimi, türk poeziyasında ilk bayraq XVI yüzildə Krımda dalğalanıb. Amma necə? Qazi Giray bunu yeni bir bayraq metaforası yaradaraq gerçəkləşdirib. Bayraq şövqü gözəl qamətli və gümüş tənli qadına olan zövqü, səfanı əvəz edir. "Rayətə meyl edərüz qaməti-dilcu yerinə / Tuğa dil bağlamışuz kakül-ü xoşbu yerinə... / Sürərüz tiğimuzun zevq-u səfasın hər dəm, / Simtənlərlə olan ləzzəti-pəhlu yerinə". O qədər açıq-saçıq (məsələn, ləzzəti-pəhlu) ifadələrdir ki, şeiri olduğu kimi şərh etməyə çətinlik çəkdim. Belə qəfil dönüşlər Türk ədəbiyyatının yalnız Krım qolunda müşahidə olunur. Məsələn, XX yüzildə yenə də Krım yazıçısı Çingiz Dağçının "Yansılar"ında belə bir fraza var: "Soyunub dənizə atıldım və Yaymanqayayadək üzərək geri döndüm. Sevgil sahildə çılpaq bacaqları önə uzalı gülən gözləriylə baxırdı mənə. Yanına uzandım. Sevgil islaq saçlarımı tutub başımı öz çılpaq baldırları üzərinə aldı. Uzun bir zaman danışmadıq. Əlləri saçlarımdaydı və Sevgilin eşqə hamilə olduğunu sanırdım. Amma belə deyildi. Uzun bir səssizlikdən sonra başını qulağıma əyərək, "Bilirsənmi, Çingiz; krımlıların daha başqa mavi bir bayraqları da olmalıdır...". Dağçının gənc qəhrəmanları ehtiras müstəvisindən mavi rəngli Krım bayrağının mənəvi və milli rüzgarına doğru qaçarkən sevimli olurdular. Milliyyət duyğusunun zəfəri bu idi.
Lakin mən yenə də Əhməd Cavadın vəsf etdiyi türkün bayrağına, yəni "Qara dəniz" şeirinə qayıtmaq istəyirəm. Əhməd Cavad bu şeiri 1918-ci il mayın 1-də yazıb. 1 may tarixli əlyazma nüsxəsini bir neçə gün sonra Tuflisdən Gəncəyə gələn Əli bəy Hüseyzadəyə bağışlayıb. Şeirin yeganə əlyazma nüsxəsi indi Əli bəy Hüseynzadənin arxivindədir. Epiqrafında belə bir cümlə var: "Sevgili Turan məfkurəsinə birinci yol göstərdin. Ustad Əli bəy Hüseynzadə həzrətlərinə təqdim". Sonda isə müəllifin adı, tarix və ünvan yazılıb: "Cavad. 1 mayıs 1918. Gəncə". O illərdə ithaf, adətən təqdim şəklində yazıldığından burdakı təqdim də təbii ki, ithaf anlamına gəlir. Söhbət sevgili Turan yolundan gedirdi. "Qara dəniz" Turan yolunun türk bayraqlı ilk şeiridir və dediyim kimi, bu şeirdən əvvəl türk poeziyasında türk bayrağını bu şəkildə vəsf edən başdan-başa bayraq içərikli başqa bir şeir olmayıb. Nə əvvəl Mehmet Emin Yurdaqulda, nə də sonra Mehmet Akif Ərsoyda.
Yuxarıda qeyd etdiyim kimi, Türk bayrağı Azərbaycan bayrağı ilə yanaşı ilk dəfə 1918-ci ildə Gəncədə, qırmızı kərpicdən tikilmiş bələdiyyə binasının üzərində dalğalanmışdı. Bunu o günlərdə, "Azərbaycanda düşündüklərim" adlı məqaləsində Əli bəy Hüseynzadə yazırdı. Bildirirdi ki, "bu bələdiyyə binasında Osmanlı Türk nəfəri ilə Azərbaycanlı Türk əskəri yaralı olaraq yan-yana yatıyorlar, bir-birləriylə dərdləşiyor, konuşuyor və cüzi şivə ixtilafına baxmayaraq bir-birini mükəmmələn anlıyorlar... Əvət anlıyorlar, çünki Azərbaycan xalqı ilə Anadolu köylüsünün dili lap bir-birinin eynidir! Cahan müharibəsinin doğurduğu bütün çətinliklərə baxmayaraq, iki türk qardaş birləşir. Və bundan hər iki tərəf üçün də böyük fayda vardır. Çünki Azərbaycan və Anadolu bir-birini tamamlayırlar... Bu gün Anadolu öz hərbi üstünlük və xüsusiyyətləri sayəsində Azərbaycanı ən mənfur bir əsarətdən xilas edir və bu müdəqqəs ölkədə qanını axıdıyor. Lakin sabah da Azərbaycan öz iqtisadi mənbələri və tərəqqi etmiş ticarəti sayəsində Anadolunu iqtisadi səfalətdən xilas edə bilər... Azərbaycanı qurtaran Anadolu öz-özünü də qurtarıyor. Buna şübhə etməyiniz! Deyirlər ki, dağ-dağa qovuşmaz isə insan insana qovuşur! Xeyr, tarixin elə anları vardır ki, dağ da dağa qovuşur, bu gün Ərciyəs dağı Qaf dağına qovuşuyor və qovuşduqca yüksəliyor!..".
***
2020-ci ilin sentyabrında başlayan Vətən müharibəmizi ümumi türk tarixinin yalnız dörd məşhur savaşı ilə qiyaslandırmaq mümkündür. Səlcuqlu imperatoru Alparslanın zəfərlə sonuclandırdığı Malazgirt savaşından sonra türk tarixinin yeni dövrü başladı. Elmdə də belə qəbul olunub - 1071-ci il yeni türk erasının başlanğıcıdır. Sonra Fateh. Yəni 1453-cü ildə İstanbulun fəthi və Orta əsrlərin sonu. Sonra 1915-ci il Çanaqqala savaşı. Sonra 1922-ci il. Sakarya müharibəsi. Və nəhayət, 2020-ci il. Qarabağda Azərbaycanın Vətən müharibəsi.
Bu mənada İlham Əliyevi yalnız Alparslan, Fateh, Ənvər paşa və Atatürklə müqayisə etmək olar. Hətta savaş üslubları, savaş ritorikaları da bəzən üst-üstə düşür. Sakarya müharibəsi zamanı "Səddi-müdafiə yoxdur, səddi vətən vardır" deyən Atatürk kimi, İlham Əliyev də "status-kvo yoxdur, təmas xətti yoxdur, onu biz ləğv etdik" deyir. Qarabağ savaşını Qafqazlardan Parisə, Adalardan - Egey dənizindən Qara dənizə qədər həsədlə izləyən Paşinyana və onun pərdəarxası müttəfiqlərinə İlham Əliyevin ünvanladığı ismarışları da Alparslanın Bizans imperatoru Romanos Diogenisə dediklərini yada salır. Bizans imperatoru Malazgirt savaşından öncə Alparslana xəbər göndərmişdi ki, "Biz İsfahanda qışlayarıq, atlarımız da Həmədanda...". Səlcuq imperatorunun cavabı korrekt olmuşdu: "Atlarınız Həmədanda qışlaya bilər, fəqət özünüzün harda qışlayacağınızı yalnız Tanrı bilir".
***
Deyirdilər ki, Qarabağ probleminin hərbi çözümü yoxdur. Amma var imiş. Qordi düyünü çözülməklə açılmır, qılıncla kəsilir. Tevfiq Fikrət demişkən: "Əzməyən əzilir!".
Dünyanın gözü qarşısında erməni, Daşnaktsutyun, Nemesis, Andranik, Şaan Natali mifi əzilir və dağılır...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!