Nəğmə susdu dodaqlarda,
Dilə gəldi tüfənglər.
Mənim atam uzaqlarda
Cəbhələrdə bir əsgər.
Anamızın laylaları,
Nənnilərdə pozuldu.
Arzuladıq ilk baharı,
İstəyimiz yaz oldu.
Sən, ey uşaqlıq,
Sən bizdən uzaq düşdün artıq...
"21 sentyabr, 1945-ci il öldüyüm gecə idi..." Hayao Miyazakinin "Atəşböcəklərinin məzarı" anime filmi bu cümlə ilə başlayır. Filmin balaca qəhrəmanı Yapon-Amerika savaşında valideynlərini itirmiş, tək-tənha qalmış oğlan uşağıdır. Film başlayarkən, biz onu stansiyada sütunlardan birinə söykənmiş vəziyyətdə görürük. O, ayaq üstə güclə dayanır. Yanından keçənlərdən biri ona dəhşətlə və aşağılayıcı baxışlarla baxır. Uşaq yerə yıxılır, kimsə yaxınlaşır və nəbzinə baxaraq deyir: bu ölüb! Onun yanında kiçik bir konfet qutusu tapırlar, onun içindən ağ şeylər tökülür. Sonra məlum olur ki, qutudan tökülənlər konfet deyil, oğlanın bacısının yanmış sümükləridir.
Müharibənin hər cəhətdən zərbələr vurduğu, müharibə meydanında, dünyayla savaşda tək qoyduğu uşağa kimsə yardım etmək istəmir, kimsə əlini uzatmır. Əksinə, ölmək üzrə olan uşaqdan hamı uzaq durmağa çalışır.
Yazıçı Nosaka Akiyukinin avtobioqrafik əsəri əsasında çəkilən filmdə hadisələrin çoxu sərhəd şəhəri Kobedə cərəyan edir, İttifaq Ordusunun hava hücumu göstərilir, bu hücum zamanı evlər dağıdılır, insanlar öldürülür. Seita adlı bir oğlan uşağı və onun bacısı Setsuko analarını itirir, (ataları isə donanmada komandirdir) acıqlı xalalarının yanında qalmaq məcburiyyətində qalırlar. Xalanın qəddarlığına, oğlanı səhər-axşam işlətməyinə görə uşaqlar axırda məcbur qalıb bomba sığınacağına yerləşirlər. Burda ilk vaxtlarda çox xoşbəxt günlər keçirirlər. Seita hər gün Setsuko üçün atəşböcəkləri toplayıb gətirir. Ancaq qız atəşböcəklərinin tez ölməsinə dərindən kədərlənir, sonra o, ölü atəşböcəkləri üçün məzar qazmağa başlayır.
Filmin əvvəlindən iki uşağın təkbaşına ayaqda qala bilməyəcəyi tamaşaçıya məlum olur. Setsuko pis yeyir, baxımsızlıqdan xəstələnir, Seita onu sağaltmaq üçün çırpınır, çırpınır, ancaq bacısına kömək eləyə bilmir. Setsuko ölür, filmin sonunda Seita onun külünü toplayır.
Seita bacısının son nəfəsinə çatmaq üçün sığınacağa doğru qaçarkən təpədə səssizcə (bombalamadan) uçub uzaqlarda qeyb olan bir təyyarə silueti görür. Bu, müharibənin artıq bitməsinə işarə olsa da, digər tərəfdən, dünyanın heç vaxt uşaqlar üçün əmin-aman yer olmayacağı anlamına gəlir.
Pasifist, sülhə çağıran, eyni zamanda tamaşaçıda dərin kədər oyadan filmdə yeganə pozitiv kadrlar uşaqların atəşböcəkləri ilə oynadığı kadrlardır. Miyazakinin digər filmlərindəki dərin kədər bu filmdə həddindən artıq çoxdur.
Stiven Spilberqin Ceyms Ballardın eyniadlı əsəri əsasında çəkdiyi "Günəş imperiyası" (1987) filminin qəhrəmanı da bombardman zamanı qaçaqaçda kütlənin arasında ata-anasını itirən uşaqdır.
Həmin bu uşaq Cim Graham (Christian Bale) adlı yeniyetmə aristokrat ingilis ailəsiylə Şanxayda varlı və zadəgan həyatı sürürdü. İkinci Dünya müharibəsi vaxtı Şanxay Yaponiya tərəfindən işğal ediləndə, Cim Grahamın, 11-12 yaşlı yeniyetmənin uşaqlıq həyatı da alt-üst olur. Valideynlərini qaçaqaçda itirəndən (əli anasının əlindən çıxır və onlar kütlənin arasında bir-birini tapa bilmirlər) sonra o, əvvəlcə vahiməyə düşür. Nə edəcəyini, hara gedəcəyini bilmir. Pis niyyətli insanlara belə rast gəlir. Onu aldadıb, dişlərini belə çıxartmaq istəyirlər. Axırda əsir düşərgəsinə gedib çıxır. Əsir düşərgəsində Cim ağlı, qabiliyyəti sayəsində sağ qalır. Dilini bilmədiyi, tanımadığı ölkədə təkbaşına qalan uşağın gözüylə müharibə necə də dəhşətlidir!
Uşağın olduqca zəngin, kübar bir ailədən seçilməsi də başqa bir mesaj verir. Kim olursan ol, istər zəngin, istər kasıb, istər adi, istər seçilmiş biri, fərqi yoxdur, müharibə insanın həyatını alt-üst edə bilər, yəni bundan heç kim sığortalanmayıb.
Öz böyük, dəbdəbəli yataq otağında cürbəcür təyyarə oyuncaqları ilə oynayan Cim Grahama bəla gerçək təyyarələrdən gəlir. O, otağının pəncərəsindən baxarkən savaş təyyarələrini görür, əvvəlcə sevinir də. Sonra isə o, qəfildən uşaqlığını itirir. Filmin sonunda artıq o, bir qocadan da artıq dünyanı tanıyırdı, uşaq bədənində yaşayan qoca bir kişiyə çevrilmişdi.
Baxmayaraq bir əli yağda, bir əli balda böyümüşdü, Cim əsir düşərgəsindəki hər cür çətinliyə mətinliklə sinə gərir, nəhayət, müharibə qurtarır, o, ailəsinə qovuşur. Film optimist sonluqla bitir.
Müharibə ilə təkbaşına başa çıxmaq məcburiyyətində qalan, onun hər cür çətinliyinə dözmək, təkcanına savaşmaq zorunda olan bir başqa qəhrəman da "Şərikli çörək" filminin Vaqif obrazıdır.
Vaqif Seita və Cimdən fərqli olaraq, arxa cəbhədədir. Ancaq onun da şəhəri bombalanmaq təhlükəsi ilə üz-üzədir, ata-anası ön cəbhədədir. Vaqifin həyatı da nigaran və narahatlıq içindədir. Üstəlik, o, aclıqla sınanır, çörək kartoçkalarını itirir, günlərlə damın altında ac qalır, işləmək üçün çox balaca olsa da, işləməyə məcbur qalır. Ancaq Vaqifin bəxti daha çox gətirib. O, Seitadan da, Cimdən də xoşbəxtdir. Çünki ona arxa, dayaq olan insanlar az deyil, qonşuları uzaqdan da olsa, ona nəzarət edir, evlərinə dəvət edirlər. Ancaq kənardakı qayğılara rəğmən, heç kim doğma valideynlərin yerini vermir. Vaqif bir çox sınaqlardan keçməli, çətinliklərlə baş-başa gəlməli olur.
Hazırda müharibə şəraitində yaşayırıq. Təəssüflər olsun ki, yenə də uşaqlar valideynlərini müharibədə itirirlər. Gəncədə baş verən son hadisədə, düşmənin hava hücumu nəticəsində dağıntılar altında qalıb həyatını itirən insanlar geridə gözüyaşlı uşaqlar buraxdılar. O uşaqlara hamılıqla sahib çıxmalıyıq. Ki, onların yaralı qəlbləri uşaq sevincini həmişəlik itirməsin. O uşaqlar yenə gülə bilsinlər. Başlarını qaldırıb mavi, günəşli səmaya baxa bilsinlər. Göylərdən bir daha hər hansı təhlükə gözləməsinlər. Göyləri təhlükəli, suçlu bilməsinlər. Onlar səmada göy qurşağını axtarsınlar, azad, sərbəst qanad çalan çərpələnglərini süzsünlər, quşlara tamaşa etsinlər, yağışın ilk damlalarını ovuclamağa, yağan qarın zərrələrini tutmağa çalışsınlar.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!