"Amöb apokalipsisi" - İtalo Kalvino

Düz iki həftə idi ki, planet həyəcan və narahatçılıq içindəydi. Bunun səbəbkarı əlbətdə Doktor Bernardi idi. O, kosmoqonik laboratoriyanın müdiri olsa da, elmi dairələrdə Dəli Doktor kimi məşhur idi. Ardıcılları və tərəfdarları (onlar əslində çox az idilər) onun dəli olmadığının, əksinə dahi olduğunu və bütün dahilər kimi ağılsız göründüyünü iddia edirdilər.
Bax həmin bu Dəli Doktor adlanan Bernardi, dahi olub olmamağından asılı olmayaraq, hər altı-yeddi ildə bir dünyanı öz dəlisov ixtiraları və teoriyaları ilə lərzəyə gətirirdi. Buna görə də rəsmi elm artıq çoxdan idi ki, Bernardiyə kəm baxırdı. O, bütün bu işləri "Dəli" ləqəbini alandan sonra etməyə başlamışdı. Ləqəbisə qırx səkkiz il əvvəl, artıq çoxdan rəhmətə getmiş bir şairlə etdiyi mərcdən sonra qazanmışdı. Atomların yoxluğunu həm teoretik, həm də təcrübə ilə sübut etmişdi. Böyük bir qalmaqal olmuşdu. Əvvəlcə Bernardini ciddi qəbul etmirdilər. Lakin sonralar onun laboratoriyasına gəlib riyazi hesablamaları ilə tanış olduqdan sonra anladılar ki, məntiqlə onların əksini sübut etmək mümkün deyil. Ardınca Bernardi onları özünün konstruksiya etdiyi xüsusi mikroskopa baxmağa dəvət etdi. Bu mikroskoplarda qeyri-adi heç nə yox idi. Onlar sadəcə atomları daha dəqiq göstərməli idilər. Baxıb gördülər ki, həqiqətən də heç bir atom yoxdur. Niyə axı burda heç kimin başı xarab olmadı (Barnardı nəzərə almırıq təbii ki), bu axı hələ də elmə naməlumdur. Bəlkə də ona görədir ki, Bernardi daim qaçaqovda olan çox narahat və dil boğaza qoymayıb naqqallıq edən bir adam idi. Bu balaca qurumuş qocanın yaşı artıq yüzü keçmişdi. Bir sözlə heç kim ölmədi, heç kimin başı xarab olmadı. Lakin çoxu özünü pis etməyə başladı. Bernardinin yalnız bir yaxın dostu arxaya qanrılaraq narazı tonda dedi: "Reci (Bernardinin adı Recinaldo idi), Reci, - deyir, onlar həqiqətən də yoxdurlar". - "Təbii ki, yox. Əlbətdə ki, yox", Bernardi cavab verir. Əgər mən deyirəmsə ki, onlar yoxdur, deməli onlar yoxdur!" - "Axı biz onları əvvəllər görmüşdük". "Gözünüz sizi aldadıb" - Bernardi bir göz qırpımındaca cavab verdi.
Qısası, elm bunu ixtira kimi qəbul etmədi, lakin heç inkar da edə bilmədi. Əvəzindəsə çoxlu qışqır-bağırlar oldu: "O, atomistikanı inkar edir! O, bizi orta əsrlərə atmaq istəyir!" - "Heç də elə deyil", - Bernardi iztehzayla gülümsəyirdi, - "heç də elə deyil"! Evarista Qalua və Siolkovskini də alimlər dəli hesab edirdilər. Enşteynin dünyanın sonu haqqındakı fikirlərinə görə də öz etirazlarını bildirirdilər. Sizin Paris akademiyanızsa metoritləri qadağan edirdi! Bütün sizin rəsmi elminiz akademizmdə çirkablaşıb!"
O zamanlardan Bernardi bu elmi lağa qoyurdu. Bəzən bu elə səviyyəyə gəlib çatırdi ki, "onun haqqında bir ölçü götürmək" barəsində tələblər belə səslənirdi.
İndi də Yer kürəsinin elm dünyası (və bütün bəşəriyyət) həyəcan içindədir. Bu həyəcan Bernardi yeni bir kəşfi barəsində bəyanat verdiyi üçündür. O bəyanat verib, hələ üstəlik əlavə edib ki, bu onun atomları "bağladıqdan" sonra açdığı ən yaxşı kəşfdir.
Yer kürəsi düz iki həftəydi ki, əsməcə içində idi. Tam sakitlik çökdü. Sakitlik ona görə çökdü ki, həmin gün Bernardo məruzə edəcəkdi.
Onun çıxış edəcəyi zalda dünyanın dörd bir yanından nüfuzlu alimlər, elm adamları toplaşmışdılar. Zal ağzına kimi dolu idi. Hər kəsin bircə arzusu varıydı ki, bu Dəli Doktorun fikirlərini darmadağın etsin. Bu istək hər dəfə Bernardi yeni ixtirası, kəşfi barəsində danışanda doğulurdu. Lakin hər dəfə də müxtəlif səbəblərdən heç cür həyata keçmirdi.
Axır ki, Bernardi səhnəyə qalxdı. Qalxan kimi plakatları asmağa başladı. Bu məktəbdə biologiya dərsini xatırladırdı. Plakatlardan birində nüvəsi, sitoplazması və qişası olan adicə hüceyrələrin, birində isə bölünən amöbün təsvirləri var idi. Zalda əyləşən böyük simalar Bernardiniyə maraqla diqqət yetirirdilər. Artıq sıralardan onun kəşfiylə bağlı atmacalar eşidilməyə başlamışdı.
Bernardi plakatları yerbəyer edib, hər zamanki kimi səhnədə o baş bu baş vargəl edərək danımağa başaldı:
- Həmkarlarım, mən başalayıram. Uzatmadan əsas məsələyə - kəşfimin məğzinə keçmək istəyirəm. Düşünürəm ki, bizim bu Yer kürəsi heç də planet deyil! - Və bunu deyərək o, barmağını plakatlardan birinə uzatdı.
Zaldakılar anlaşılmazlıq içində susaraq gözlərini plakata zilləmişdilər. Bir tərəfdən Bernardinin dediklərini anlamağa, digər tərəfdənsə onun dediklərinin plakatdakı təsvirlə əlaqəsini başa düşməyə çalışırdılar.
Bir müddət zalda qeyri-adi bir sakitlik hökm sürdü. Zaldakılar Bernardiyə, Bernardisə zaldakılara baxırdı. Axır ki, Dəli Doktor yuxudan ayılmış kimi qollarını yanına endirərək dedi:
-Aha. Əziz həmkarlarım, məni anlamadığınızın fərqindəyəm. Yaxşı, izah edərəm. Kəşfimin məğzi ondan ibarətdir ki, bizim bu Yer kürəsi planet deyil, hüceyrədir. Adicə hüceyrədir - bax bu şəkillərdəki kimi... - Və o yenidən barmağını plakata uzatdı.
- Elə bu? - zaldan kimsə sıxıla-sıxıla soruşdu.
- Bəyəm bu azdır? - Bernardi təəcübləndi.
- Yox, niyə ki... - zaldan nəzakətlə cavab gəldi.
Yenidən süküt çökdü.
-Doğurdan da bizim planetimiz canlı hüceyrənin bütün əsas komponentlərindən ibarətdir. Onun nüvəsi var, ümidvaram ki, bununla hamınız razısınız. (Zalda mübahisə aparan yox idi.) Sonra sitoplazmadan, yəni ki, mantiyadan və ən nəhayət qişadan yəni ki, qabıqdan ibarətdir. Bundan başqa o, ...
-Bir dəqiqə! - bas səsli bir nəfər zaldan dilləndi. - Siz sitoplazma deyirsiniz?
-Bəli, - təəccüblə Bernardi sözünü təsdiqlədi.
-Axı sitoplazma maye şəklində olmalıdır. Mantiyası isə...
-Cavan oğlan, - Bernardi sanki öyüd verirmiş kimi danışdı (gənc oğlanın yaşı artıq yetmişi keçmişdi), - inanın mənə ki, siz səhv edirsiniz. Mantiya maddəsi bizim Yerlə olan ölçülərimizin fərqinə baxanda ancaq bərk görünür. Əslində isə o, sitoplazma kimi maye halındadır. Yeri gəlmişkən, artıq qəbul olunmuş bir faktın - materiklərin məhz bu səbəbdən üzməyi sizi mənim düz danışmağıma inandırmalıdır.
-Dayanın bir görüm, Recci, - birinci sırada əyləşmiş ağ kastyumlu, yaşlı, keçmiş astropilot, hazırda isə ən yaxşı neyrocərrah dedi, - yaxşı, əgər Yer hüceyrədirsə, bəs o zaman biz kimik?
Bernardi dayandı.
-Biz? - soruşdu. - Necə yəni kim? - O, yenə də səhnədə vargəl etməyə başladı. - Biz bu hüceyrənin qişasında parazitlik edən maddələr kolonyasıyıq. Bu cür kolonyanın inkişaf etməsi və artması üçün ən münbit yerdəyik.
-Hə belə de, deməli biz parazitlərik - çaşqınlıq içində qoca danışdı.
-Məhz belə! - Bernardi fərəhlə söylədi. - Amma bu da son deyil! Bu hələ əvvəlidir! (İlahi, kimsə zalda möhkəmdən dedi.) Mənim teoriyamdan belə çixir ki, digər planetlər də, ulduzlar da bir böyük hüceyrənin - kainatın zahiri qişasında parazit koloniyasıdır.
-Aman, Tanrım! - arxa sıradan səs gəldi. - Mən artıq dəli oluram, aparın məni burdan!
İnsanlar ona yaxınlaşırdılar ki, Bernardi səhnədə fəryad etdi:
-Dayanın, aparmayın onu. Əgər o, dəli olmağa başlayıbsa, deməli birazdan məni anlayacaq.
-Bəli, bəli! - zaldan kimsə iztehzayla qışqırdı.
Zalda uğultular artmaqda idi. Lakin Bernardi bura toplaşanlara ozünə gəlməyə imkan vermədi:
-Boynuma almalıyam ki, mən hələ bunun riyazi hesablamalarını aparmamışam...
-Biyabrçılıq! - qəzəblə zaldan səs gəldi. - Riyazi hesablamasız kosmoqonik hipotez?!
-Siz haqlısıznız, - Bernardi dilxor oldu, lakin bu kəşfimin sizinlə vaxtından əvvəl bölüşmək məcburiyyətində olmağımın da səbəbləri var. Onlar barəsində bir azdan danışacam. Qayıdaq bayaqki söhbətimizə. Mən hələ tam dəqiqləşdirməmişəm ki, qalaqktikalar da hüceyrənin - kainatın üzərində parazitlik edir, yoxsa onların sitoplazmasında üzür.
-Bəlkə bizdə sitoplazmada üzürük? - kimsə lağla soruşdu.
-Bəlkə Roma Papası da qadındır? - Bernardi etiraz etdi. Sözsüz ki, Bernardi də yaman hazırcavab idi.
-Dayanın! Dayanın! Birdən bu yaxınlarda elmdə çevriliş etmiş gənc (on iki yaşında) dahi teoriyaçı-fizik önə atıldı. - Siz deyirsiz canlı hüceyrə? Axı onda...
-Tamailə doğrudur! - Bernardi sevindi. - O zaman canlı hüceyrənin bütün funksiyaları - hərəkət, qidalanma, çoxalma və s. ona xas olmalı idi.
-Məhz bu cür, - gənc dahi dedi.
Bernardi gülümsündü.
Bu belədir! O, hərəkət edirmi? Edir! Özü də necə hərəkət edir! Qidalanır? Qidalanır! Mən hesab edirəm ki, o, kosmos şüalarını özünə çəkir. Bəlkə də neytrinlərin keçən zaman ona ötürdükləri enerjini istifadə edir. Yeri gəlmişkən bax elə buna görə bütün planetlər ulduzlara bağlıdır. Günəş Yer kürəsi üçün qida mənbəyidir. Əziz həmkarlarım, ərzaq mübadiləsi isə bizim yaşadığımız biosfer kimidir...
Teoriyaçı çox zəhlətökən idi.
-Bəs nə üçün artmır? - o maraqlandı. - Axı o çox almalıdır! Yeri gəlmişkən, bəs o, necə çoxalmalıdır?
Necə yəni, necə? Tam normal. - Bernardi sanki özünü itirdi. - Bütün hüceyrələr kimi. Bölünmə ilə. Bax elə bu amöb kimi...
-Bəs problem nədədir? - inadkar teoriyaçı təkid edirdi.
-Kim sizə dedi, - birdən Bernardi qışqırmağa başladı, çox güman ki, ən yaxşı müdafiənin hücum olduğu yadına düşmüşdü. - Kim sizə deyib ki, o bölünmür?! Bəlkə o, əvvəllər bölünürmüş?! O zamanlar bəlkə heç üst qatlarda yaşayış da olmayıb.
-Bəs izləri hanı? - teoriyaçı təslim olmurdu.
-Bəs ay? Bernardi birdən ayıldı.
-Ayı bu məsələyə bağlamayın, - küncdən səs gəldi. Sizə rəsmi şəkildə bildiririk.
-Görürsünüz? - dodağında təbəssüm qələbə çalmış kimi gənc bir dahi dilləndi. Bernardi də ona eyni cür təbəssümlə cavab verdi. Teoriyaçı-fizik susub əyləşdi. Özünü gənc kimi gösrətən qocalar və qoca kimi göstərən gənclər həmişə yaxşı dil tapırlar.
-Beləliklə, həmkarlarım, təntənəli surətdə Berbardi danışmağa başladı, - mən ən maraqlı hissəyə çatdım. Daha doğrusu məcbur etdim ki, siz məni bu hissəyə çatdırasınız. Bəli, bizim planetimiz hüceyrə kimi bölünüb çoxalmırdı.
-Bəlkə o məhv olur? - zalın orta sıralarından səs gəldi.
-Sakitləşin, - Bernardi cavab verdi. - O, məhv olmur. Əksinə, hələ indi çoxalmağa başlayır! Biz barıt çəlləyinin üstündə əyləşmşik. Bu gün, sabah...
-Sübüt! - biri qışqırdı.
-Sübut? Birincisi, əgər Yer kürəsi indiyə kimi çoxalmayıbsa, deməli, bu yaxınlarda baş verəcək. İkincisi isə, hamımız bilirik ki, planetimiz genişlənməkdədir. Və onda ikinci hüceyrə üçün maddələr toplaşır. (Bernardinin bu sözlərindən zalda səs-küy çoxalmağa başladı.) Üçüncüsü isə, son vaxtlar artmaqda olan zəlzələlər....
-Üzr istəyirəm! - uzun saqqallı ixtisasca seysmoloq və vulkanoloq, həvəsgar avanqard rəssam olan bir kişi ayağa qalxdı. - Son zamanlar həqiqətən də Yer qabığında inanılmaz dərəcədə aktivlik qeydə alınıb. Lakin bunun danışdığınız hipotezlə heç bir bağlılığı yoxdur...
-Mən xahiş edirəm,- Bernardi danışmaq istəyirdi ki, sözünü kəsdilər. Bütün zal önə atıldı, çığır-bağır etdi, cırıldamağa başladı:
-Yetər! Bəsdir daha! Böyük Şuraya! Böyük Şuraya göndərin bu məsələni!
-Nə etmək olar? Elm dahiyanə yenilikləri bax elə bu cür qəbul edir!
Böyük Şurada Bernardi hipotezinin müzakirəsi bir həftə sonra olacaqdı. Lakin bir həftə sonra bu baş vermədi. Böyük Şura toplaşa bilmədi: müşavirə keçiriləcək bina zəlzələ nəticəsində dağılmışdı. Daha bir həftə sonra da toplaşması baş tutmadı. Ondan daha vacib işlər var idi. Cənubi Avropanı və Kiçik Asiyayanı ağılasığmaz dərəcədə zəlzələlər darmadağın edirdi. Dünya bu bəladan gözünü açmamış ikinci bu cür zəlzələlər İndostan və İndokitayı da lərzəyə saldı. Bütün dünyada həyacan təbili çalınırdı. Yaralılara və zərərçəkmişlərə yardım olunurdu. Ardınca zəlzələlər dağıdıcı qüvvə ilə Sibirdən və Şərqi Avropadan keçdi. Seysmoloqlar gücsüz idilər: cihazlar hər yerdə zəlzələlər göstərirdi. Heç kim növbəti fəlakətin harada baş verəcəyini bilmirdi. Növbəti zəlzələ Mikroneziyada oldu. Zəlzələlər üç nəhəng vulkanla müşahidə olunurdu. Onlar peyda olan kimi güclü partlayış oldu. Krakatau və Santorin buna baxanda heç nə idi! İlk yarım sat ərzində bütün İndoneziya, Melaneziya və Avstraliyanın yarısı darmadağın oldu. Cənubi Amerika sahillərini indiyədək görülməmiş sunami ağuşuna aldı. Dəli Doktor və onun Qalopakosda yerləşən laboratoriyası da bu zəlzələlərdə məhv oldular...
Dünya dağılmaq həndəvərində idi. Bəşəriyyət sanki can verirdi. Sivilizasiya dəhşətli əzablar içində məhv olurdu. Heç kim hipotez və elmi kəşflərin dərdində deyildi.
Lakin dağılmaqda olan planeti kiminsə kənardan müşahidə etmək imkanı olsaydı, Yer kurəsinin uzununa dartılaraq tam mərkəzindən nazikləşdiyini görərdi...
Amöb bölünərək çoxalırdı...

rus dilindən tərcümə: Xanım Aydın


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!