Sonra – Sükut - Hədiyyə ŞƏFAQƏT

Hədiyyə ŞƏFAQƏT

 

Buna müharibə barədə qadın dilində danışmaq da deyə bilərsiniz

***

Bəlkə də dünyanın, düşüncənin, ümidin ən hərəkətdə olan nöqtəsi "sonra"dır. O həmişə var, həyat davam etdikcə sonrasız yaşamaq sadəcə, mümkün deyil. Bu  sonranı müharibəyə ithaf  edirəm - Müharibədən Sonra.

...amma silahlar susmalı, sükut çökməlidir..

 

***

İndi o torpaqlar bizim ən şirin sonramızdır. Sanki Tanrı əllərini o torpaqların üstündə saxlayıb - yağışın ən gözəli o torpaqlara yağacaq, yarpaqların ən gözəl sarılığı, qızıllılığı o torpaqlarda olacaq. Ən gözəl baharlar oralara gələcək, ən gözəl orda yaşıllaşacaq çöllər. Ən gözəl nərgiz gülləri açacaq o torpaqlarda, quşlar yuvalarını tamam başqa cür quracaqlar, insanlar evlərini tamam başqa cür tikəcəklər o torpaqlarda. Heç kim heç kimin qəlbinə toxunmayacaq, heç kim heç kimin hasarını aşıb, qapısını qırıb oğurluq etməyəcək. Heç kim heç kimi aldatmayacaq oralarda, heç kim heç kimə kələk gəlməyəcək. Küçələr çiçək kimi tər-təmiz, insanlar mələk kimi... Hamı bir-birini sevəcək, heç bir-birinə nifrət edən olmayacaq. Uşaqlar doğulacaqlar, amma qocalar ölməyəcəklər,  köçkün kimi sığındıqları daxmalarda da, mülklərdə də zamanı saxladıqları illəri mücrünün içindən çıxardıb donunu açacaqlar, doya-doya yaşayıb doya-doya yenidən qocalacaqlar.

Paslı açarlar çıxacaq sandıqların dibindən, boğçaların düyünündən, nənələrin corabından, babaların sırıqlısının döş cibindən. Hamı evindən əvvəl qapısını axtaracaq. Hamı hasarından əvvəl qapısını qaldıracaq. Pəncərəsinə şüşə salmazdan, həyətinə su çəkməzdən əvvəl. Arxasında illərin kol-kosuna bürünmüş bütöv bir şəhər xarabalıqları qalmış olsa da...

Arzularımızın sonrası da bu cür olur həmişə, adına cənnət dediyimiz o gözəl şey bizi həmişə gerçəkləşmiş dualardan sonra açılan qapının o tayında gözləyir, təki əlimizdə açar olsun.

 

***

Bəlkə də dünyanın müharibə istəyən ən unikal ölkələrindən biriyik. Küçədə rastlaşdığı bütün itləri, pişikləri, yaralı quşları evə gətirib yedirən, qayğısına qalan qızlarım müharibə istəyirlər. Ata-anası cəbhə xəttində yaşayan rəfiqəm müharibə istəyir, əlləşib-vuruşub illər sonra təzəcə ev alan həmkarım müharibə istəyir, bir həftə əvvəl barmağına nişan üzüyü taxılmış qonşu qızı müharibə istəyir, həyatı boyu qana, silaha, ova nifrət etmiş müəllimim müharibə istəyir.

Müharibəyə nifrət edən dostlarımız müharibəyə yollandılar, ədalət axtaran dostlarımız müharibəyə yollandılar. Həyatı boyu didinə-didinə özünü yetişdirən adamlar, dünənə kimi günəmuzd işləyən adamlar, dünənə kimi bir-birinə salam verməyən adamlar, dünənə kimi fikirayrılığı ucbatından bir-birinin salamını almayan adamlar müharibəyə yollandılar.

Ölüm gözlərinə görünmür, əlil qalmaq gözlərinə görünmür, itib-batmaq da elə. Analar oğullarını, qadınlar ərlərini, qızlar sevgililərini... müharibəyə yola saldılar. Hamı ora can atır - həmin o sonra-ya. Hər şeyin bitib hamının dərindən nəfəs alıb sükutun çökəcəyi yerə.

Ondan sonrası da var, var, var... amma indi heç kimi maraqlandırmır...

 

***

Cim Ron deyib: "Siz vaxtınızın böyük hissəsini birlikdə keçirdiyiniz beş insanın ortaq xüsusiyyətlərindən ibarətsiniz". Bəlkə də bir sirr də burdadır. Bu gün milyonlarla azərbaycanlının müharibə sevdasının kökündəki əsas səbəb, beyninin alt qatında düşüncəvi zamansızlığın, hadisəsizliyin və ya amalsızlığın bezmişliyindən cücərən ortaq arzular ancaq bir nöqtədə:  sonra-da  birləşərkən ona yetişmək üçün ancaq eyni yolla getmək mümkün olduğu illərin möhkəmlənmiş, pərçimlənmiş qənaətində özünə yuva qurub. Biz bu illər ərzində gah beş-beş, gah on-on, gah yüz-yüz, ya da eləcə, tək-tək sonra haqda çox düşünmüşük. Sonra uzanan müddətin gətirdiyi səbəblərlə bir-birimizlə kəsişmişik, tək düşünənlər yüz-yüz düşünənlərlə, on-on düşünənlər tək-tək düşünənlərlə hardasa qarşılaşıb, hardasa müzakirə aparıb, hardasa mübahisə edib. Bəlkə yumruq davasına çıxanlar olub, bəlkə bir-birindən üz döndərənlər, yəni ayrılanlar. Amma zaman irəlilədikcə dayanmayan hərəkətlilik yenidən hardasa kiminləsə yolumuzu kəsişdirib. Qısaca desək - aradan keçən illər balaca, on milyonluq Azərbaycanda, daha neçə milyonluq azərbaycanlılar icmasında həyatımızda bircə dəfə də olsa ya birbaşa, ya bir-birimiz vasitəsilə yollarımızı ortaq nöqtədə birləşdirib. Çıxan nəticə isə təbii şəkildə budur - bu gün biz sonradan əvvəli və sonranı aydın şəkildə görə-görə müharibənin başlanmasını istəmişik. Bəlkə də bu bir qorxudur, çünki gün gəlir, kəsişmə nöqtələrində gəncləşmə gedir, artıq xatirələr aradan çıxmağa başladıqca itkidən doğan utanc, həsrət və qəzəb yerini yeni, daha rahat, gözünü öz zamanının həqiqətinə, sükutuna açıb keçmişi dumanlı-dumansız hekayələrin təsiri altında qavrayan nəslin itirilmişliyi adi qarşılaya biləcəyi qorxusu. Çünki sükut uzun müddət davam etdikcə o torpaqlarla bağlı düşünmək, danışmaq, arzulamaq ortaq xüsusiyyətlərimizin içindən yoxa çıxa bilərdi.

İndi, bu an, bu dəqiqə milyonlarla insan vaxtının böyük hissəsini birlikdə keçirdiyi milyonlarla insanın bir ortaq xüsusiyyətindən ibarətdir: sonra artıq gəlməlidir.

 

***

Hər geri alınan mövqe, hər geri alınan təpə, hər geri alınan kənd, qəsəbə, şəhər bir nöqtədə - Azərbaycan bayrağı sancılan nöqtədə sonra-ya qovuşur. Bu həm də zamanın, məkanın, bir çox əməl və düşüncələrin sərhədidir. Hər sancılan bayraq doğuşdan sonrakı süd gölü təsiri bağışlayır. O an, o bayrağın dalğalandığı an hamının, hətta ən soyuqqanlı adamların qanını, canını, südünü halal etdiyi andır, hamının bir-birini bağışladığı andır. Hamının bir-birini qucaqladığı andır. Bəlkə də o qucaqlaşan adamlar bir də bir-birlərini görməyəcəklər, amma əsas olan o anların, tarixin gözlənilməz, sirli, həmçinin ən bahalı, ən qiymətli anlarının içində zamanın donub qaldığını hiss etməkdir. İndi o torpaqların get-gedə daha çox nöqtəsində eradan əvvəl - eradan sonra misalı əvvəlki dövrü sonrakı dövrdən ayıran bir bayraq sancılır. Amma hələlik heç bir sancılan bayraq sonra deyil, "növbəti"dir.

Baxırsan, kainatda var dediyimiz hər şeydə təzahür edən əbədi zərrəciklər düşüncəsi elə burda da aktualdır. Baxdığımız, gördüyümüz, ondan da çox görmədiyimiz, hiss etdiyimiz, zehnimizdə yaradıb daşıdığımız düşüncədən tutmuş hər şey zərrəciklərdən təşkil olunduğu kimi bir ölkə də müxtəlif nöqtələrə sancılan bayraqların birləşməsindən ibarətdir. Hər şeyin varlığı zərrələri əbədi eşqin - cazibə qüvvəsinin bir-birindən qopmağa qoymadıqca ancaq içində cərəyan edən rəqsdən asılı olduğu kimi, bu ölkənin də varlığı bayraqların mənəvi və qanuni əlaqəsindən, bir-biriylə birləşib çevrəni - ölkə sərhədlərini tamamlamasından asılıdır. Biz illərlə həm mənəvi, həm fiziki, həm siyasi-ictimai cəhətdən Möhkəmləndirilməmiş Sərhəd Sistemi Sindromundan əziyyət çəkmişik, bizi qoruyan qlaf illərdir bir tərəfindən yırtılıb və oradan canımıza  min cür bəla, min cür dərd hücum çəkməkdə, əvvəlimizi də, sonramızı da hədələməkdəydi. Ciyərlərimizə ləkə düşüb, damarlarımızda tıxac yaranıb, qanımıza qara qanlar qarışıb. Ən pisi, ən dəhşətlisi beynimizdən zərbə almış adamlar kimi ümidsizlik dərdinə mübtəla olmuşuq, mutant düşüncələr törəməyə başlayıb zehnimizdə. Qorxudulmuş uşaqlar kimi illərdir dünyanın heç bir psixoloqunun aradan qaldıra bilməyəcəyi şübhə dərdinə düşmüşük: "O yerləri bir də görməyəcəyikmi?".

Yanıqlı-yanıqlı şeirlər yazmışıq, ağrılı-ağrılı romanlar. Dili söz tutan-tutmayan, barmağı telə yatan-yatmayan, əli fırçaya uyuşan-uyuşmayan üzünü o yana tutub bir bayatı havalandırıb. Belə davam edə bilməzdi. Belə davam olmur. Belə ölüm olur - korşalırsan, laqeydləşirsən, vecsizləşirsən, qeyrətsizləşirsən və bütün bunların fonunda başını qapından çıxartmağa utanırsan. Sən hər nə qədər "qonşular eşitməsin" desən də evindəki  ab-havanın səsi yeddi para kəndin o üzündən gəlir. Ağzını açıb söz deyə bilmirsən. Kimi üzünə gülsə də arxanca deyir həqiqəti, kimi də dik üzünə çırpır. Başaşağı olursan. İstəyirsən hamı sussun, heç kim heç nə deməsin, özünümü aldatmaq istəyirsən, dünyanımı, bilinməz. Daima içində ilan kimi qıvrılıb yatan həqiqət səni içindən çala-çala yaşayırsan.

İnanılmazdır, amma vəziyyət dəyişib, "Mümkün deyil" mərhələsindəyik.

 

***

Sükut qiymətli şeydir. Dünyada səssizlik qədər Tanrıya yaxınlıq yoxdur. Amma əvvəl sonra gəlməlidir. Bu gün mənim ölkəmə sonra gəlməkdədir. Nöqtə-nöqtə, qarış-qarış, təpə-təpə, kənd-kənd, bayraq-bayraq. Bu gün həqiqətən də bayrağımızı bayraq edən üstündəki qızıl qandır. Ən yaxın adamlarımızın, atalarımızın, qardaşlarımızın, dostlarımızın, ərlərimizin, sevgililərimizin, dünənədək uzaq hesab etdiyimiz, heç tanımadığımız insanların, uşaq hesab etdiyimiz, yaşlı hesab etdiyimiz insanların qanı. Dünən intiqam oduyla coşan, bu anlarda torpağa qarışan qan. Qan bu günlərdə sükut qədər qiymətlidir. Hər damcısı sükut qədər arzulanan, dinclik qədər qorunmaq istəyən qan.

...Bir gün hər şey bitəcək... sükut çökəcək. Adamlar qayıdacaqlar, istənilən halda qayıdacaqlar. Döyüşdən qayıdan insanın damarlarında daha əvvəlki qan axmayacaq. Hər bir yaralı əsgərin qanına  minlərlə qanın ortaq mənəvi dəyəri yerimiş halda qayıdacaqlar. Hər şəhidin qanı axdığı torpaqda minlərlə kişinin qanına qarışacaq. Torpaq, üstündə gəzən və canına çəkdiyi ortaq mənəvi qan qardaşlığının kəsişmə nöqtəsinə çevriləcək. Bu kəsişmə nöqtəsinin adı mənim ölkəmdir... Hamımız qan qardaşı olduq.

***

Müharibə istəməyən insanları qınamayın - içimizdə qurub içində yaşadığımız dünyada heç birimiz müharibə istəmirdik.

Bu gün də istəmirik, sabah da istəməyəcəyik.

Amma bu müharibə deyil, sonra uğrunda son ölüm-dirim mübarizəsidir. Yanan evin xilas qapısıdır, ümiddən inama keçiddir, mübarizə əzminin dirilə biləcəyini göstərən pəncərə, kül altında yatan odlardan xəbər verən işarədir. Nəfəslikdir - havasızlıqdan, işıqsızlıqdan, qorxudan, sığınmışlıqdan silkələnib qalxa bilək deyə, ən doğma adamlarımızın canı bahasına açdığı nəfəslik.

...sonra hər şey bitəcək, silahlar susacaq, sükut çökəcək, yuxularında həyət-bacasını, küçəsini dolaşıb sonra günlərlə özünə gəlməyən köçkünlərimiz yurd-yuvalarına, döyüşçülərimiz qoyub getdikləri həyata, bütün bunlarla yanaşı, hərəmiz öz dünyamıza qayıdacağıq. Mütləq qayıdacağıq.

Başqa şeylər də olacaq, olmamış olarmı?

Məsələn...

 

***

...sonra silahlar susacaq, sükut çökəcək. Əsgər qanıyla doymuş doğma torpaqlarda ağaclar boy atacaq, bar gətirəcək. Böyüklərin ürəyi gəlməyəcək əl atıb o ağaclardan meyvə dərməyə, udqunacaqlar. Uşaqlar yelləncək asacaqlar o ağaclardan, uçunacaqlar. Bəziləri pir olacaq o ağacların, övlad istəyən qadınlar yerə əyilən budaqlarına dilək tutub al-əlvan lentlər bağlayacaqlar. Sonra kişilər doğulan körpələrə atalarının, qardaşlarının, dostlarının adlarını qoyacaqlar. Uşaqlar aşkar-aşkar gülüşəcəklər, böyüklər gizli-gizli qübar tutub ağlayacaqlar  hələ uzun müddət. Çox şeylər olacaq hələ. Amma gərək əvvəlcə silahlar susa, sükut çökə - dünyanın ən qiymətli, ən əziz adamlarımızın qanı bahasına qazanılmış və qorunan sükutu...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!