Bu, həmin gecə idi ki, 10 il sevdiyim qızın xəyanət xəbərini almışdım. İndi bu haqda düşünəndə qəribə oluram, o zaman yaşadığım təəccübü, heyrəti heç cür izah edə bilmirəm. Həyatda belə anlar olur. Qeyri-müəyyən vəziyyətə düşürsən, düşünürsən, həmin qeyri-müəyyən vəziyyətə ad verə bilmirsən. Kənardan baxan bixəbər adamlar da sənə gülür. Halına yananlarasa vəziyyətini izah edə bilmirsən. Çünki düşdüyün bu qeyri-müəyyənlik halını hələ özün anlaya bilmirsən. Hələ bilmirsən ki, bu vəziyyətə nə ad vermək və necə izah etmək olar? Eləcə yol gedirsən. Hara çatacağını bilmədən sadəcə addımlayırsan. İnsanlardan qaçırsan, daha doğrusu insanlardan yox, onların suallarından qaçırsan. Elə hey gedirsən. Məqsədin harasa çatmaq deyil. Məqsəd sadəcə hərəkət etməkdir. Bəlkə Sizifin də məqsədi daşı dağın zirvəsinə qaldırmaq deyildi, sadəcə hərəkət etmək idi. O da insanlardan, hadisələrdən, lənətə gəlmiş qeyri-müəyyənlik halından beləcə qaçır, başını daşı qaldırmaqla qatırdı.
Hava doğum sancısı yaşayan qadın qədər narahat idi. Elə bir sazaq əsirdi ki, divarı, daşı kəsərdi. Mənsə gedirdim.
Bu həmin gecə idi ki, bu gecəyə qədər mən özümü həmişə güclü saymışdım. O andasa sarsıldım, hirsim məni boğdu. İçimdə insanlığa bəslədiyim inam hissinin qırılması idi bəlkə də məni özümü gücsüz saymağa məcbur edən hiss. Həm də o gecə bu hadisəni böyük faciə saydığım üçün özümə gülürəm. Ürəyimdən sadəcə dostlarımı görmək, onlarla dərdləşmək keçdi. Evimiz mənə zindan kimi görünürdü. Qanadı qırıq göyərçin tək çırpınırdım, amma dörd divar arasından qurtula bilmirdim. Nəfəsim çatmırdı, boğulurdum, əsəbdən qurumuşdum.
Bu, həmin gecə idi ki, mən özümə səssizcə, pıçıltı ilə fasiləsiz, təkrar - təkrar bircə sual verirdim, axı niyə?
Kaş biləydiniz, həmin an bu sual necə qəddar, necə zalım idi. Həmin gecə bu amansız suala cavab tapmaq mənim üçün edam kürsüsündə ölüm hökmünün icrasını gözləyən məhkumun gözlərindəki həyat sevgisi qədər vacib idi.
Bu, həmin gecə idi ki, sanki bütün sonsuz arzularım ən zəif anımı gözləyirmiş kimi amansız qətiyyətlə hücuma keçmişdilər. Hamısı tək-tək yadıma düşürdü, yadıma tək-tək düşsələr də, üzərimə birlikdə hücum edirdilər. Mənsə düşünürdüm:
"Həyatın sarsıdıcı zərbələrindən özümü qorumağa gücüm çatacaqmı? İztirablı məqamların xatirəsi yaddaşımdan çıxacaqmı?
Əgər mədəni bir ayrılıq mesajı yazsaydı mən onu bir ömür pərəstiş hissiylə xatırlayardım. Fəqət indi qəlbimdə nifrət var. Bu, həmin gecə idi ki, mən onu da anladım ki, nifrət hissiylə tanışlığa çox gecikmişəm.
Sevdiyimə dəfərlə demişdim ki, şair təbiətli adamlar üçün ən müqəddəs görüntü Ayın simasıdır. Biz şairlər Ayın ləkəli simasında gözəllik axtarırıq. Demişdim ki, mənim üçün darıxanda Aya bax. Aramızdakı böyük məsafələri Ayın görüntüsü sənə unutduracaq. İndi bunları xatırlayanda bu qədər romantik olmağı necə bacardığımı anlaya bilmirəm və özümə gülməyim gəlir. Özünə gülməyi bacarmaq əslində gözəl işdir və vacibdir. İnsanda özünü tənqid bacarığını formalaşdırır.
Bu həmin gecə idi ki, pəncərədən nə qədər boylansam da, səmaya nə qədər baxsam da Ayı görə bilmədim. Ürəyimdəki ağrını daha dərindən hiss etdim. Dodaqlarım qupquru idi, susuzluqdan od tutub yanırdı, nə qədər su içsəm də susuzluğum yatmırdı, əllərim əsirdi. Tək istəyim evdən qaçmaq idi. Atamın, anamın yanında zəif görünmək istəmirdim.
Bu həmin gecə idi ki, mən bir daha gecə-gündüz mənəviyyatdan danışan adamların pula məğlub olduğunu gördüm. Məmləkətimin adamları bəylik kostyumunda özlərinə mənsəb, şöhrət əldə edirlər. Gəlinlik paltarında vəzifə, maşın, ev alırlar. Hədəfsiz, məqsədsiz sadəcə yaşamaq naminə yaşayan adamlar evlənmək naminə evlənirlər. Və qəribəsi odur ki, belə mənasız şərtlərlə qurulan ailələr daha uzun ömürlü olur, çünki ər arvada mətbəx avadanlığı, arvad da ərə bankamat kimi baxır. Belə bəsit ailə niyə dağılsın ki?
Bu həmin gecə idi ki, heç cür bitmək bilmirdi, babamın sözlərini xatırlayırdım:
"Dənizdə üzmək istəyən adamı sənlə səhrada çapalamağa məcbur etmə"
5 il əvvəl deyilmiş bu sözləri zamanında eşitsəydim, əməl etsəydim, belə gülünc aqibət yaşamazdım.
Qadınlar daha praqmatik olurlar. Dövlət çevrilişi, təbii fəlakətlər, şirin su ehtiyatlarının tükənməsi onları qətiyyən narahat etmir. "Başın batsın, Sona, gərək mən aldığım paltarın eynisi alaydın". Bunun yerişinə bax, özün mənə oxşatmaq istəyir tipli hadisələr qadınlar üçün daha vacibdir. Yeni bir paltar alanda elə bilirlər ki, bütün dünyanın gözü bu yeni geyimdədir. CNN, BBC, Əlcəzirə TV kanalları sonsuz həvəslə bu yeni geyimdən danışır. Hətta BBC bir az da uzağa gedib bu zövqlü qadından müsahibə alır.
Məsələn, BBC- nin müxbiri soruşur:
- Dilquşə xanım, belə zövqlü geyinmək bacarığı sizə ananızdan miras qalıb, yoxsa özünüz dünya dəbini izləyirsiz?
- Aaa, ıııı, blirsiz necədir. Əslində anamdan miras qalmayıb. Özüm də elə dəb izləyən deyiləm. Mənə hansı geyim yaraşırsa mənim dəbim odur. Mən özüm elə dəbəm də. Aaaaa, hiss olunmur ki?
"Aaaa, hiss olunmur ki" sözlərini deyəndə Dilquşə sinəsini formula 1 bayrağı kimi irəli çıxarır.
- Siz belə bahalı geyimlərə necə pul çatdırırsız, Dilquşə xanım?
- Bilirsiz, üzr istəyirəm, ərim işləyir, qazancı pis deyil.
( Bu məqamda aparıcı başa düşmədi ki, Dilquşə xanım ərindən danışanda niyə üzr istəyir, zavallı müxbir onu da anlaya bilmirdi ki, Dilquşə niyə belə zər-zibaya bürünüb?)
Müxbiri fikir götürdü. Dilquşə sakitliyi görüb deyir:
- Həm də ki, ərimin çak-çuku olur da.
Verilişin bu yerində yazıq tərcüməçi çak-çuk sözünü ingilis dilinə necə çevirəcəyini düşünür.
Bu məqamda İstisna müəllim deyir ki, qadınları ümumiləşdirmə, Gəlin biz də İstisna müəllimə qulaq asıb qadınları ümumiləşdirəməyək.
Zəruri qeyd: Bütün qadınlar Dilquşə xanım kimi deyil.
Bu həmin gecə idi ki, hirsimdən ağlıma nədənsə belə mənasız səhnələr gəlirdi.
Nəhayət ayaqlarım bədənimi zorla da olsa çəkib evdən çıxara bildi. Dostlarımla görüşəcəkdim. Bəlkə beynim açılar, sakitləşərəm. Yol boyu düşünürdüm, məni niyə aldatdı, ona nə pislik etmişdim.
İnsan niyə belə yalan danışsın? Bu zamana qədər niyə susmuşdu. Məni ən çox üzən səbəbsə özümü ehtiyatda saxlanılan kadr saymağım oldu. Zamanla şübhələnirdim, soyuqluğun hiss edirdim, dəfələrlə soruşmuşdum, susurdu. Suallarım cavabsız qalırdı. Sən demə, yayda mənlə görüşüb danışıb evlilik planı quran qız bir neçə gün sonra başqa oğlanla da eyni planları qururmuş. İşin ən qəribə məqamısa odur ki, qız tamamilə başqa birini, üçüncü bir oğlanı seçdi. İradəsiz qızlar sığınmaq üçün imkanlı ər axtarırlar. İradəsiz kişilər da belədir, sığınmaq üçün güclü qadın axtarırlar.
Mən bəlkə də çox gec anladım ki, ən təhlükəli qızlar elə ev qızı hesab olunanlardır. Çünki ölüm sükutuna bürünmüş dörd divar öz qaramatı ilə onları dəli edir, gündən- günə daha acgöz olurlar. Məmləkətimizin insanı ayrılmağı da bacarmır, bir mədəni vida mesajı yazıb xoş xatirələri yada salıb ayrılmaq daha gözəl olardı. Ancaq belə səssizcə getmək anlaşılmazdır. Dostlarla görüş də mənə çox kömək olmadı. Gərginliyim azalmadı. Dərdimi unutmaq üçün dostlarla xeyli içmişdim. Kövrəlmişdim, gözlərim yaşarmışdı. Səhərə yaxın evə qayıtdım. İki saat sonra işə getməli olan anamla atam yatmamış, məni gözləmişdilər. Bu həmin gecə idi ki, mən anladım ki, onların bircə gecə gözləməyi mənim 10 illik gözləməyimdən daha dəyərlidir. 10 illik zaman gözümdə əriyib dəqiqələrə döndü. Saniyələrə dönməsinə özüm imkan vermədim. 10 illik eşqi saniyələrə çevirməyə ürəyim icazə vermədi. İnsaf da yaxşıdır. Ürək də yaman şeydir də, özünüz bilirsiniz.
Zamanla öyrəndim ki, sevmək həm də sevdiyin adamın seçiminə hörmət etməkdir.
Bir azdan yaz gələcək, bu rəssam təbiət, bu şair təbiət qəlbimə təskinlik gətirəcəkmi?
Zamanla həyat mənə öyrətdi ki, elə şeylər var ki, onları ancaq susaraq demək olur. Bəlkə də mən onun sükutunu dinləyə bilməmişdim.
Bu həmin gecə idi ki, taleyim haqda təkrar düşündüm, mən bu cəzaya layiq idim. Çünki hər böyük məhəbbət əslində cəzadır və bəlkə də bu cəzanı elə mən özüm istəmişdim haçansa?
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!