Qərib MEHDİ - Gülgünün rəngli muncuqları

Povestin sonuncu fəsli

Erməni işğalçıları tərəfindən Kəlbəcərdən didərgin salınan Gülgüngilin duracaq, müvəqqəti məskunlaşacaq yerləri qədim Gəncə şəhəri oldu. Bu şəhər onlara qucaq açdı, işlə təmin etdi, çörəyini yedilər, suyunu içdilər, havasını uddular. Qədirbilməzlik olmasın, ancaq nə çörək o çörək, nə su o su, nə hava o hava deyildi.

Azərbaycan ordusu getdikcə təkmilləşir, düşməni əzəcək bir hala gəlirdi. Ailə səbirsizliklə o günü - azad olunmuş yurda qayıdacaqları günü intizar içində gözləyirdi. Hələ ki o qələbə qoxulu müqəddəs gün gəlib çıxmırdı.

Gözləntisi olan adamın rahat yuxusu ola bilməz. Düşmən qəsb etdiyi torpaqlarla, tarixi abidələrlə, yaşayış evləri ilə vəhşicəsinə davranırdı. Var olanı yox etməklə türkün sahiblik imzasını itirmək istəyirdi. Gülgün acı təəssüf hissilə bunların hamısını görürdü. Bu olaylar gecələr onun yuxusuna gəlirdi. O, düşmən əlində insan kimi əsir olan bayraq-evlərinin vəziyyətini təsəvvür etmək istəyirdi.

Canlı bəzən cansızla da danışır. İnsan cibinin pulu, əlinin istisi, ailəsinin arzusu ilə də danışır. Xüsusilə, bu, doğma ocaq yağmalananda, sahibinin onunla ürək söhbəti, sualları bitib-tükənməz olur. Necə ki, Gülgün hər gecə iki sirdaş kimi evləri ilə söhbətləşirdi.

Gülgün yuxularda "gecə işinə", səhər açılanda gündüz işinə - bağlı olduğu kafedraya yollanırdı. O, boş olanda fikirli halda sıra ilə düzülmüş masaların ortasında gəzinərdi. Qadınlara məxsus qeybət qoxusu verən söhbətlərə qarışmazdı. Təşəxxüslənmədən bilgi mənbəyi olduğunu hiss etdirirdi. Kimsə nəsə soruşanda bildiyini əsirgəmirdi.

Təqvimdə qara günlərimiz çoxdur. İşğal günlərinin birinin vaxtı çatanda, kafedra üzvləri bilirdilər ki, qara geyimli bu köçkün qız əlidolu gələcək, hərəyə yuxaya bükülü halva paylayacaqdır. Yas əlaməti olan bu hal, şəhidlərə ehsan rəmzi kimi qəbul edilirdi. Həm də bu qız bu hərəkətilə unutqan millətin yaddaşını təzələyirdi. Hamı tər halvanı yeyir, Gülgünə təşəkkür edir, şəhidlərimizin ruhuna dua oxuyurdu. Kiçik kollektiv həmrəy bir deyimlə şəhidlərimizin qanı yerdə qalmasın deyə, Allahdan işğal altında inləyən torpaqlarımızın tezliklə azad olunmasını diləyirdi.

Belə halvapaylama günlərində xidmətçi, otağın səliqə-sahmanına məsul olan Həvva xala yaddan çıxmazdı, hətta haradasa ləngiyib geciksə belə, zənn edirdilər ki, maddi tutarqası zəif, qəlbi gül kimi tərtəmiz, şəhid nənəsi olan bu ağbirçək qadının duasını Allah tez eşidər. Bunu özü də hiss edən üzü nurlu Həvva xala əllərini göyə - Tanrıya sarı açıb iltimasını səsləndirərdi:

- Böyüklüyünü, ədalətini əsirgəmə, Allahım! Cinayətkarın cəzasını ver. Zalımın ürəyinə rəhm sal, qoy torpaqlarımızı tərk edib, çıxıb getsin. Ordumuzun qüdrətini artır ki, aşımızı yeyən başının hayında qalsın!..

Onun duasının müstəcəbliyinə sığınanlar cəm halda duaya şərik olurdular:

- Amin!

Yuxular əl çəkmirdi Gülgünün yaxasından. Onun gördüyü yuxular əksərən həyəcanlı, vahiməli olurdu. Arzusu güc gələndə şirin yuxular aləminə də düşürdü. Belə aləmlərdə əsasən şəhərə gedən atasına rəngli muncuqlar almasını xahiş edirdi. Çünki Mehman müəllimdən yeni sifarişlər almışdı. O bu rəngli muncuqlarla yeni mövzularını gerçəkləşdirəcək, sərgilərdə iştirak edəcəkdi. Ancaq onun baş mövzusu öz içindən gəlirdi: aylı-ulduzlu üçrəngli müstəqil Azərbaycan bayrağını çəkmək. O istəyirdi ki, düşündüyü əsəri ötəri sərgilərdə deyil, əbədi nümayiş olunan bir məkan-stenddə olsun. Bu məkan-stend də ancaq onların yeni tikiləcək evləri ola bilərdi. Bu barədə atası ilə də razılığa gəlmişdi. Əbülfət müəllim çox istədiyi "memar" qızının sözünü yerə sala bilərdimi? Yox.

Bir dəfə daha möcüzəli bir yuxu gördü. Hələ ki sevgi duyğusu onun ürəyinə daxil ola bilməmişdi. O, bu hisslə nəfəs alanları ancaq kənardan müşahidə edirdi. Hələ ağlına batsa, sevənlərə yardımçı da olurdu. Orxanla Tərgülün dilibağlı sevgisində olduğu kimi. Bu dəfə "Sevgi tamaşası"nın baş qəhrəmanı özü idi. Əlbəttə, yuxuda.

O, çoxdan qızlar bulağından su içmişdi. Düz qamətli boyu, mütənasib bədəni, arxaya daranmış şəlalə saçları, məntiqli danışığı, ağıllı gözləri, azacıq kədər qarışıq təbəssümlə işıq saçan sifəti hərəkətdə olan cazibə məkanı idi. Hamı təsdiq edirdi ki, Gülgün möhkəm ailə təməlinin sınaqlara hazır olan iki iştirakçısından biri idi. Onu istəyənlər çox olmuşdu. İndinin özündə də maraqlananlar az deyildi. Ancaq fikrində qətiyyətli olan Gülgün iki personajlı ailə dramının digər iştirakçısını müəyyənləşdirməyə tələsmirdi. Başı üstündən güzəştsiz zamanın keçməsi, sanki onu qorxutmurdu. Təkliyin ömrünü uzadan bəzi gözəgəlimli Azərbaycan qızlarının daxili andı olur: dara düşmüş "idealı" tam azadlığa çıxmamış, gəlinlik donu geyinib ailə qapısından keçməyəcəkdi.

Bir dəfə o, daxili andını, ürək qəfəsini açıb bir quş kimi səmaya pərvazlandırdı. Təəssüf ki, yuxuda. Bu yuxu daha şirin, daha həyəcanlı, daha müəmmalı idi. O, yuxusunda gördü ki, bayraq bəzəkli evlərində onun toy mərasimidir. Qara zurnanın "Atdandırma" - "Vağzalı" zənguləsi havalanıb ağ buludlara işləyir. O, yaraşıqlı, ayaqlarının ucuna qədər sallanan gəlinlik paltarındadır. Ətraf sevincdən qaynar qazan kimi qaynayır. Hər ağızdan bir xeyir-dua çıxır. Başqa gəlinlərdən fərqli olaraq Gülgünün zinətləri də fərqlidir. Sapa düzülmüş rəngli muncuqlar gəlinin boyun-boğazını, yaxasını bəzəyir. Onun zərif barmaqları toy xınası ilə süslənib. Sol əlinin içinə narıncı rənglə bəyin adı yazılıb. Onu xoşbəxt edəcək bu bəy kimdir? Gülgün nə qədər diqqət yetirirsə, nişanlısının adını öz əlində oxuya bilmir.

Aha!.. Orxanla Tərgül də buradadır. Ortalıqda oynamaqdan yorulmurlar. Gülgünün əli nişanlısının qolundadır. Bu vüsalın ilk qovuşuğudur. İndi bir azdan onlar musiqi sədalarının altında son dəfə Gülgünün doğma evini tərk edib bəy evinə yol almaq üçün onları gözləyən toy mağarına daxil olacaqlar.

Qəribə burasıdır ki, Gülgün qeyri-iradi vəziyyətdədir. O, nə qədər diqqət yetirsə də, sevgilisinin üzünü görə bilmir. O, kimi sevir, ömür salnaməsi yazmaq üçün kiminlə həyat qurur, bilmir. Bunu aydınlaşdırmaq istəyir, bacarmır. O, ayılanda görürdü ki, bu günün reallığının müəyyən məqamları yuxusuna köçüb.

Bir ürək dağlayan əhvalat da tez-tez yuxusuna gəlir. Kənddə Turxan baba ilə qapıbir qonşu idilər. Dilləri, sirləri bir olan ailə kimi dolanırdılar. Artıq heydən düşmüş, gəzərdən qalmış əliəsalı Turxan baba üçün hamı əziz idi. Amma onun qəlb evində üçüncü sinif şagirdi, ailənin sonbeşiyi, nəvəsi Turanənin öz yeri vardı. Turanə yoldaşları ilə tez-tez meşəyə gedirdi, xüsusilə, yaz-yay aylarında. Hər dəfə də babasından soruşardı:

- Baba, meşəyə gedirik, sənə nə gətirim?

Babası həmişə eyni cavabı təkrarlayardı:

- Mənə təzə-tər bənövşə yığ gətir. Bizim dağların bənövşəsinin ətrindən doymaq olmur. Mənə bənövşə gətir, qızım. Qurudub təbərrük kimi özümlə gəzdirəcəyəm. Harda olsam, doğma yurdun qoxusunu ondan alacağam.

Turanə də şən halda babasının sifarişinə hazır olduğunu bildirərdi:

- Yaxşı, baba. Mən bənövşəni dəstələyib sənə gətirərəm. Ancaq boynunun nədən əyri olmasını özün ondan soruşarsan.

O məşum qaçaqaç günündə baş verən o dözülməz dəhşətli olayı Gülgün unutmaq istəyirdi. Gözünlə gördüyünü necə unudasan? Hətta hadisə yuxuda da ondan əl çəkmirdi. Guya yatırdı... Beyin adlı "rejissor" anındaca lentə aldığı filmi yenidən nümayiş etdirirdi:

Xeyli aralıdan düşmən gülləsi üstlərinə yağış kimi yağırdı. Amansız snayperlər də hədəfi dəqiq nişanalmadan qalmırdı. Ermənilərin vəhşi bağırtıları qulağa çatırdı. Bizimkilər müdafiəni yarıb hücuma keçən rəqibin qarşısında duruş gətirə bilmirdilər. Köməksiz pərakəndə döyüşçülər düşmənlə atışa-atışa geri çəkilirdilər. Mümkün qədər rəqibin irəliləyişini ləngitməyə çalışırdılar. Bizimkilərdən göstəriş verilmişdi: dinc əhalini itkisiz doğma yurd-yuvalarından köçürmək lazımdır. Bu hal nə qədər ağır olsa da, başqa çıxış yolu tapılmırdı. Yoxsa tarix yeni bir soyqırımın şahidi olacaqdı.

Ev əşyalarını daşımaq mümkün deyildi. Hərə ən vacib, ən əziz saxlancını - bir qismət çörəyini və şirin canını götürüb acı gerçəyin - ölümün ağzından qaçmağa çalışırdı. Piyada qaça bilənlər piyada, buna iqtidarı çatmayanlar yük maşınları ilə təhlükəli hadisə yerindən uzaqlaşmağa can atırdılar.

Gülgüngilin ailəsi ilə Turxan babanın ailəsi bir maşına yerləşdirilmişdi. Burdan uzaqlaşmağa tələsən sürücü bir daha xəbərdarlıq etdi:

- Hamı yerindədirmi? Yaddan çıxan bir şey qalmayıb ki? Tərpənirəm ha...

Elə bu an qiymətli varidatını unudub evdə qoymuş Turxan baba həyəcanla dilləndi:

- Başına dönüm, ay şofer, tələsdiyimdən mən bənövşəmi götürməyi unutmuşam. Bir az ləngi, qoy onu götürüm!

Turxan babanın ağlagəlməz sözü onsuz da gərgin olan sürücünü bir az da gərginləşdirdi:

- Nə bənövşə, a kişi? Canını qurtara bilmirsən, bənövşənin hayına qalırsan?

Turxan babanın səsi kövrəldi, sürücünü rəhmə gətirmək istədi:

- Bizim dağların bənövşəsidir, ağrın alım. İndi biz buranı tərk edib gedirik. Kim bilir, bir də nə vaxt qayıdacağıq... Bəs mən doğma ocağımın ətrini, qoxusunu hardan, nədən alacağam? Ancaq bənövşədən...

Sürücü təəccüblə:

- A kişi, səni zorla maşına mindirmişik. İndi iki daşın arasında bənövşəni necə tapacaqsan?

Turxan baba yalvarışında davam etdi:

- Özüm yerini bilirəm. Pəncərənin qabağında, su dolu stəkanın içindədir.

Sürücü nə fikirləşdisə, güzəştə getdi:

- Yaxşı, bir dəqiqə vaxt verirəm. İndi sən bu çəlikli ayağınla o bənövşəni necə, nə vaxta gətirə biləcəksən?

Elə bu an Turanə darda qalan babasının hayına yetdi:

- Bu dəqiqə mən bənövşəni gətirərəm, - deyib maşından yerə atıldı. O, cəld hərəkətlə evlərinə doğru qaçmağa başladı. Hamı intizar içində üzülürdü. Baba daha çox. O, canından artıq istədiyi əziz nəvəsini - onu vurğunu olduğu bənövşə ilə təmin eləyəni güllənin qabağında yalqız qoya bilməzdi. Turxan baba kömək üçün heç kimin təklifini qəbul etmədi. O, titrəyə-titrəyə maşından düşməyə başladı. Əlinin işarəsi, dilinin səsi ilə Turanəni harayladı:

- Dayan, Turanə, dayan! Mən özüm!.. Mən özüm!..

Turanə babasını eşitsə də, geri dönmədi. Babasının unudulmuş bənövşəsini yalnız o özü gətirəcəkdi. Qəti qərar qəbul olunmuşdu: yalnız irəli! Qulaqlar bənövşəyə doğru can atan ayaq səslərini də eşidirdi, düşmən gülləsinin şaqqıltısını da. İndi nə olacaq? Gül də tələsirdi, güllə də. Bu anda baba da özünü tələsənlərə qoşdu. Görəsən, hansı özünü tez yetirəcəkdi?

Yük maşınında oturanların gözlərinin işığı artdı. Sevinc dolu təbəssüm üzlərini bürüdü. Sürücü də bu səhnəyə heyranlıqla tamaşa edirdi. Budur, əlibənövşəli Turanə, sanki qanad açıb babasına doğru uçur. Babası da əllərini uzadıb nəvəsinin bənövşəli əllərini qucmaq istəyir.

Çiçək dəstəsi babasının əllərinə çataçatda düşmən snayperi tətiyi çəkdi. Heç biri hədəfdən yayına bilmədi. Baba da, nəvə də, bir dəstə bənövşə də qana boyandı...

Yaddaşa köçürülüb yuxuya gələn film burada bitirmi? Gülgünün rəngli muncuqları əsasında yapılan bayraq-ev deyir: "Yox. Bu filmin davamı var! Səbr etmək lazımdır. "Rejissor" çəkilişə hazırlıq görür".

Gülgünün ən çox yuxusuna gələn onların "əllərindən" tutub gətirə bilmədikləri bayraq-ev idi. Gətirmək istəsəydilər belə, bayraq-ev mətin insan kimi yerindən tərpənməyəcəkdi. O, keşiyini çəkdiyi torpaqları qoyub hara gedə bilərdi? Bayraq-ev bu yerlərin kimlik sənədi idi.  İnanırdı ki, bu gün məcburən qoynunu tərk etdikləri doğma yurd, sabah yenidən onları qoynuna alacaqdır. Bəs onun özünü Nəsimi kimi soyub, Babək kimi doğrayıb məhv etsələr necə? Yaralayarlar, ancaq öldürə bilməzlər. Çünki müqəddəs torpaq murdarlıq götürməz.

Gündüz narahat olan insanın gecə də rahatlığı yox idi. O, səhər açılana kimi müxtəlif məzmunlu, müxtəlif mənzərəli, müxtəlif ağrılı neçə-neçə yuxu dəyişirdi. Onun üçün idealı kimi dəyişməyən bir yuxu vardı. Gülgün hər gecə röyasında bayraq-evlərini görürdü. Qalan yuxuları onu əzir, ruhdan salır, baş verən ədalətsizliklərlə, qismən də olsa, barışmağı "məsləhət" görürdü. Yalnız bayraq-evləri yuxusuna gələndə o yenilməz olurdu. Sanki düşmən onun ürəyini oxuyur, niyyətini anlayırdı. İşğalçı üçün zəbt elədiyini məhv eləməyə, külünü göyə sovurmağa və ya "özününküləşdirib" yeni don geyindirməyə nə var ki... Təki rəqibinin milli diriliyinin rəmzinə - bayraq-evi yerlə-yeksan etməyə gücü çataydı.

Çatmırdı. Çünki bu bayraq-evi bu torpağın sahibi ucaltmışdı. Onu təkcə bir ev kimi yox, həm də bütöv Azərbaycan kimi ucaltmışdı. Onu yer üzündən silməyə erməni faşizminin gücü çatmayacaqdı. Gülgün röyasında bu mənasız, qaydasız cəhdləri birər-birər görürdü. Düşmən bayraq-evə od vurur - ev yanmır, güllə atır - boşa keçir, özülünə mina qoyub partladır - qurbanı özü olur, raketə tutur - yenə bir nəticə əldə olunmur. Binanın ətrafına güclü, müasir texnika daşıyır. Heç olmasa, aylı-ulduzlu, üçrəngli bayraq ornamentini binanın fasadından sıyırıb, sovurub küləklər ağzına vermək istəyir. Yenə də gücü çatmır. Gülgünü sınmağa qoymayan bax bu yuxudur.

 

***

Yuxu həmişə yuxu kimi qalmır. O, hərdən gerçəyə çevrilir. 2016-cı ilin aprelində olduğu kimi. İllərdir ki, Azərbaycan ordusu ilə Ermənistan silahlıları atəşkəs razılığı ilə üz-üzə dayanmışdı. Atəşkəs sazişi ermənilərə xeyir eləyirdi. Qarşı tərəfə isə özünəgəlmək şəraiti yaradırdı. Ermənilər buna inanmırdılar. Onlarda Azərbaycan ordusundan üstün olduqları barədə bir eyforiya yaşanırdı. Buna görə də sazişə əhəmiyyət verməyərək tez-tez atəşkəsi pozur, "hərbi dəcəllik" edirdilər. Bu qorxulu "dəcəllik"  iki tərəfdən də insan itkisi ilə nəticələnirdi.

Üstünlüyə arxayın olan ermənilər 2016-cı il aprel ayının 1-də atəşkəsi daha geniş miqyasda pozdular. Azərbaycan ordusu əks-hücum imkanını əldən buraxmadı. Qısa zaman kəsiyində - 4 gün ərzində düşmənin möhkəmləndirilmiş istehkamları darmadağın edildi. Ordumuz nəyə qadir olduğunu döyüş meydanında sübut etdi. Düşmən ordusu əzildi, çoxlu texnikası sıradan çıxarıldı. Bu döyüş Füzuli istiqamətində baş verdi, neçə-neçə hərbi əhəmiyyətli yüksəkliklər (xüsusilə Lələtəpə yüksəkliyi), kəndlər, ərazilər işğalçılardan təmizləndi. Ermənilərin üstünlük eyforiyası bir-iki günün içində puç olub havaya sovruldu.

Ordumuzun ilk böyük qələbəsindən sonra xalqımızın qələbə ümidi coşub-daşmağa başlandı. Yaşından, cinsindən asılı olmayaraq, hər kəs özünü ordu ilə birlikdə olduğu barədə çağırışlar edirdi. Çoxdan arzulanan qələbə sorağı, təbii ki, Gülgünü daha çox ruhlandırmışdı. Sevincdən onun gözləri yaşarmışdı: "Deməli, doğma torpaqlarımıza, bayraq-evimizə qayıda biləcəyik!".

Halva daşımaqdan bezmiş Gülgün bu dəfə kafedraya iri bir tort qutusu ilə daxil oldu. Hamı həyəcanla ordumuzun uğurlu əməliyyatından danışırdı. Gülgünü görən kimi iş yoldaşları bir səslə ucadan dilləndilər:

- Qələbə tortu! Bax buna varıq! Sən yenə bizi qabaqladın!

Qələbə ruhlu Gülgün əlindəki tortu masanın üzərinə qoyub bir-bir iş yoldaşlarına sarıldı. Bu anlarda bütün xalq, bütöv vətən sevinirdi. İlahi, nə şirinmiş qələbənin dadı!.. İnsanların, torpağın yaraları sağalmağa başlamışdı. Şəhid olanların ruhu bayram edirdi. Kafedranın əməkdaşları sözlərini içlərində sıxıb saxlamaq istəmirdilər:

- Qüdrətli Azərbaycan ordusuna eşq olsun!

- Çox çəkməz torpaqlarımız yağılardan təmizlənər!

- Yaşasın qətiyyətli dövlət başçımız!

- Yaşasın qazilərimiz!

- Şəhidlərimizin ruhu şad olsun!

Çox çəkmədən masalar birləşdirildi, elektrik samovarı cərəyana qoşuldu, boşqablar, stəkan-nəlbəkilər yerbəyer edildi. Hamı bir nəfər kimi bıçaqdan yapışıb qələbə tortunu kəsdi. Sonra dilimləyib, hərənin payını öz boşqabına qoydular. Təzə dəmli çay stəkanlara süzüldü. Qələbəyə yaraşan ziyafət idi. İndi bu şərəfə "bismillah" deyib nuş etmək olardı. Deyəsən, hamı yerində idi. Diqqət yetirmək gərəkdi. Birdən kimsə gecikər, gözdən yayınar, qələbə tortundan dadmaqdan qalar. Kimsə soruşdu:

- Hamı yerindədir? Kim çatmır?

Daha diqqətli olan Gülgün kimin çatmadığını tapdı:

- Həvva xala...

Elə bil çağırmışdılar. Qapı açıldı, gülərüzlü xadimə Həvva xala içəri daxil oldu. O, gəlişi ilə çatışmazlığı yoxa çıxardı. Hamı birlikdə:

- Hava necədir, Həvva xala? - deyə şux halda soruşdu.

- Lap əla! - deyən Həvva xalanın onlardan az sevinmədiyi nəzərə çarpırdı. Ziyafətçilərə qoşulub qələbə tort payını qabağına çəkdi.

Gülgün hamını maraqlandıran bir sualı dilə gətirdi:

- Həvva xala, siz havanı sinoptiklərdən daha dürüst proqnozlaşdırırsınız. Siyasi havalar barədə nə deyə bilərsiniz? Aprel qələbəsi nə göstərir?

Həvva xala ciddi bir əda ilə pəncərəyə yaxınlaşdı, səmaya boylandı, havanın necə olacağı barədə özünəməxsus tərzdə münəccimlik etdi:

- May ayı gözəl aydır...

Gülgün elə zənn etdi ki, səliqə-sahman yaradan xadimə ayların yerini dolaşıq salıb. Ona görə ləngimədən söhbətə düzəliş məqsədilə müdaxilə etdi:

- Biz Aprel qələbəsindən danışırıq...

Həvva xətrini çox istədiyi Gülgünün üzünə mənalı bir nəzər yetirdi:

- Siz soruşursunuz, mən də cavab verirəm.

Gülgün peşmançılıq hissilə:

- Bağışlayın, sözünüzü kəsdim. Xahiş edirəm, fikrinizi davam etdirəsiniz. Sizin fikriniz hamımız üçün maraqlıdır.

Həvva xala üzrxahlığa əhəmiyyət vermədən yarımçıq qalmış sözünü davam etdirdi:

- Böyük faşistlər, Hitler ordusunu deyirəm, may ayında təslim oldu. Daşnak faşizmi isə yaralansa da, hələ ayaq üstündədir, - sonra guya nəyisə dürüstləşdirmək istəyirdi. - Qələbə davamlı olmalıdır. Apreldən sonra may ayı gəlir, eləmi?

Bu sadə, sadə olduğu qədər də mürəkkəb olan sualın cavabı hamını düşündürürdü. Birdən Gülgün ayılan kimi oldu: "Həvva xalanın "May ayı" sorğusu yadıma ərazisi bütöv olan ilk Cümhuriyyətimizin şərəfinə verilən 28 May prospektini saldı. O prospektdəki bir mağazada yaxşı rəngli muncuqlar satılır. Bu gün ora gedib yeni əsərim üçün rəng seçimi edəcəyəm. Məni qara rəngdən başqa bütün rənglər maraqlandırır. 

 

Gəncə şəhəri

Yanvar, 2020

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!