Azərbaycan ədəbiyyatı müstəvisində İlyas Əfəndiyev imzası Qarabağ (təbiri-caizsə, qarabağçılıq) mücadiləsinin dönməzliyini milli düşüncəyə yansıdan, bu mövzunu bədii məkanda simvolizə edən abidə örnəyidir.
Qarabağın baş şəhəri Şuşa qalasının təməlini qoyan Pənahəli xanın sevimli nəvəsi Ağabəyim Ağanın "Yaddan çıxmaz Qarabağ" nisgili məhz İlyas Əfəndiyev qələminin (ədəbi anlamda, külüngünün) sayəsində milli yaddaşa qarabağçılıq (və deməli, vətənçilik) savaşı müstəvisinə transfer olunub.
Təbii, ədəbi-bədii sferada Qarabağ mövzunun Seyid Mir Həmzə Nigari, M.P.Vaqif, Xurşid banu Natəvan, Qasım bəy Zakir, Baba bəy Şakir kimi çox önəmli yazarları olub. Yenə də var. Ancaq bu bəlli imzaların sözügedən mövzuda daha çox təsvir, tərənnüm, həsrət və nisgil dolu ədəbi irsinə məhz İlyas Əfəndiyev dühası (eyni zamanda, vətəndaşlığı) dönməz ictimai məzmun, vacib fon verib.
Məhz İlyas Əfəndiyev ədəbi-bədii müstəvidə Qarabağ mövzusunun kövrək, nisgilli bayatı, şikəstə hücrəsindən əzəmətli (və daha çox, dünyəvi) simfoniya, aratoriya genişliyinə çıxışını təmin edib.
Bu gün Avropa, bütün Qərb siyasətbazları öz haqqı uğurunda dönməz savaşa qalxan Azərbaycan xalqına, onun qətiyyətli dövlət başçısına israrla (və boğazdan yuxarı, gecikmiş) sülh təklifləri edir. Amma unudurlar və görməzdən gəlirlər ki, əslində Qarabağ bölgəsində əbədi, tarixi gələnəklərə söykənən ən etibarlı sülh modelini Azərbaycanın uzaqgörən Xalq yazıçı İlyas Əfəndiyev hələ ötən əsrin 80-ci illərində "Dağlar arxasında üç dost" romanında ortaya qoymuşdu. Heç bir tərəf tutmadan dinc-yanaşı yaşaya bilməyin vacib atributlarını bədii müstəvidə şəkilləndirmişdi. Bu, o zaman idi ki, hələ şovinist, ayır-buyur siyasətinin fikir babaları, bədnam erməni başbilənləri və dırnaqarası ziyalıları millətlərarası avantüra xəstəliyinə yeni-yeni yerikləməyə başlamışdılar. Sülh anlayışının təməlinə təzə-təzə fitnəkarlıq toxumu səpir, dağıdıcı bomba yerləşdirirdilər. Və İlyas Əfəndiyev məhz həmin günlərdə sadə insanların diqqətini regionda dinc-yanaşı yaşamağın vacib normalarına yönəldirdi. Yəni, Sülh anlayışını millətlərarası yaşamın ən başlıca atributu, dinc-yanaşı yaşamağın qarantı kimi idealizə edirdi; Qarabağa fitnəkarlıq toxumu səpən, milli qırğın ocağı körükləyən silva kaputinyanlardan, zori balayanlardan tam fərqli olaraq! Və bir həqiqətdir ki, bu gün əbədi, əzəli Qarabağ torpaqlarında baş verən hadisələr fonunda dünya seperatizmi, erməni vandallığı həm də İlyas Əfəndiyevin "Dağlar arxasında üç dost"unu görməzdən gəlmələrinin bədəlini yaşayırlar.
Aradan yetərincə böyük vaxt-zaman məsafəsi keçib. Ancaq və təəssüf ki, unudulmaz İlyas Əfəndiyevin "Dağlar arxasında üç dost" romanında illər öncəsi ortaya qoyduğu sülh modelinin vacib detalları hələ indi-indi Avropa və Qərb siyasətçilərinin gündəlik fikir bazarlaşmasına çevrilməyə başlayıb. Yəni, bu gün regionda siyasi anlaşma ehtiyacı məhz İlyas Əfəndiyev dünyagörüşünün "Dağlar arxasında üç dost"da ortaya qoyduğu ənənəvi sülh modeli təcrübəsindən bəhrələnməyə möhtacdı. Bu mənada Azərbaycan ədəbi-bədii düşüncənin bəlli üfüqləri Avropa, Qərb siyasi fikrinin çağdaş qənaətlərini, özəlliklə, sülh çağırışlarını haradasa ən azından bir qərinə qabaqlayır.
Zərrə qədər də olsun belə şübhə etmirəm ki, bu gün "Ya Qarabağ, ya ölüm!" çağırışı ətrafında toparlanan, erməni vandallarının 30 illik (üstə gəl, əsrlərcə) işğalçılıq siyasətini canı-qanı bahasına durduran hər bir qəhrəman Azərbaycan insanın qələbə əzmkarlığı həm də unudulmaz İlyas Əfəndiyevin tarixi dramında Xan qızı Natəvanın dilindən səsləndirdiyi proqram xarakterli fikirlərdən qaynaqlanır: "Əgər bu dünyada xoşbəxtlik deyilən bir həqiqət varsa, o da yalnız insanın öz vətəninə, öz ləyaqətinə sahib çıxmasındadır! Mən azadlığın qüdrətinə inanıram!"
İlyas Əfəndiyevin (və gec olan, ancaq güc olan Haqqın, Ədalətin) diqtəsi, başlıca qənaət belədir. Unudulmaz yazıçının aşağıdakı fikirləri bugünkü Böyük Vətən savaşımızın bayraqdarı olan Azərbaycan əsgəri ilə çiyin-çiyinə zəfərə qoşan böyük bir xalqın yenilməz gücünü, inamını ifadə edir: "Azərbaycanın gələcəyinə ümüdlərim böyükdür. Çünki Azərbaycan xalqının vətəninə, torpağına bağlılığı, sevgisi əbədidir. Bu gün millətin vətənpərvərlik duyğusunun yeni təlatümünün coşub-kükrəyən dövrüdür".
Məhz bu gün! Məhz bu saat! İndi!
Məhz bu günün, bu saatın, indinin ovqatını bütün dolğunluğu ilə ifadə edən fikirlərdi... Və bu uzaqgörənlik, çağdaşlıq İlyas Əfəndiyev əbədiyaşarlığının etibarlı təminatçısıdır.
"Bütün müqəddəs hissləri, könül titrədən xatirələri, həyəcanları Qarabağla bağlı" olan İlyas Əfəndiyev ədəbiyyatımıza (eyni zamanda mədəniyyət tariximizə) mənsub olduğu (və çox qədim) xalqın etnik yaddaşından, kökündən gəldi. Onun yaradıcılığı ilk növbədə, millətin özü olaraq qalmasına, özünə qayıdışına (bu kontekstdə, güclü olmasına) xidmət işidi. Azadlıq mücadiləmizin zəfərində, müstəqillik xoşbəxtliyimizdə İlyas Əfəndiyev düşüncəsinin, vətəndaş-yazıçı çabasının özünəməxsus, əlahiddə yeri, haqqı var.
Görkəmli yazıçının təkcə "Qarı dağı" hekayəsini oxumaq və oxuduqca bu duyğulu hekayənin gizlinlərinə vaqif olmaq bəs edir ki, İlyas Əfəndiyev vətəndaşlığının, onun sənətkar mövqeyinin aydın (və heyranlıq doğuran) üfüqərini göz önünə gətirəsən. Üslubunun həzin lirizmi, xəfif əsintisi içində titrəyə-titrəyə qalasan... Heç göz önündən, yaddaşdan getmir ki, bu təsvirlər; uzaq məmləkətdən qoşun çəkib gəlmiş şah otuz doqquz gün mühasirədən sonra şəhəri zəbt edir. Niyə məhz 39 gün?.. Maraqlıdı. Və bu marağın cavabı milli inancımızdan, hər sirrə vaqif mifologiyamızdan gəlir; yəni, hələ qırxıncı gün, demək, qırxıncı qapı durur - son ümid, son təskinlik qapısı kimi... Zəbt olunmuş şəhərin imanlı ağbirçəyi Ballı qarı qəsbkar şahın döyüş ərəfəsində ölümcül xəstələnmiş oğlunu yalnız ana olduğuna, ana qəlbinin diktə etdiyi mərhəmət sayəsində şəfalı otlarla müalicə edib sağaldır - bütün doğmaları tərəfindən qınaq yerinə çevrilsə də belə... Lakin onun böyük ana ürəyi bu qınaqları göz altına alıb, ölüm saatını gözləyən, ölümə məhkum şahzadəni xilas edir.
Eyni zamanda bu mərhəmətli ananı hər an ayaq üstə saxlayan bir vətəndaşlıq qüruru var. Ballı qarı ölümcül xəstə olan bir şahzadəni ən ağır günündə ölümün pəncəsindən alır, lakin bir vətəndaş kimi yurd-yuvasını zəbt etmiş, məmləkətini talamış şahı və onun özü kimi qana susamış, günahsız qırğınlar törətmiş oğlunu zəhərləyir... Bu sadə qarının simasında oxucu gözləri qarşısında iki abidə ucalır; mərhəmətli, yeri gələndə düşmənin özünə belə acıyan, qayğı göstərən ana və doğma vətəninə göz dikən yadelli işğalçılara dov gələn, haqqını tanıdan qisasçı...
Hər ikisi heyrətamiz və bitkindi.
Bu heyrətamizlik, bitkinlik İlyas Əfəndiyev yaradıcılığının ruhundan, lirik-psixoloji texnologiyasından gəlir. Bu heyrətamizlik, bitkinlik onun doğulub boya-başa çatdığı cənnət Qarabağın coğrafi monimentallığından gəlir. Və həcmcə elə də böyük olmayan, kiçik (eyni zamanda bənzərsiz) "Qarı dağı" hekayəsində belə İlyas Əfəndiyev o gözəl, bənzərsiz, unikal Qarabağın adını çəkməyin, deməli, onu tarixə, bədii yaddaşa həkk etməyin məqamını, fürsətini əldən vermirdi. Bu, onun Qarabağ təəssübkeşliyindən irəli gəlirdi: "Qızıl işləməli, firuzə rəngli kuzələr yeddiillik Şiraz şərabları ilə dolduruldu... Atlas geyimli Nişapur sazandaları gəldi... Ovçular Qarabağ meşələrindən tükləri alov kimi yanan qırqovullar gətirdilər..."
Hansı səmtdən, hansı yöndən baxırsan, bax, Qarabağ mövzusu, Qarabağ sevdası İlyas Əfəndiyev yaradıcılığının hər zərrəsindən keçir, onu yaşadır. Bu böyük sənətkarın Qarabağ istəyi, Qarabağ savaşı məğlubedilməz, yaşarıdı.
Bu yaşarılıqda, heyranlıqda İlyas Əfəndiyevin özü də ömür sürür, xatırlanır və ən əsası, ölümsüz əsərlərinin varlığında yaşayır, sabahların insanı olaraq mifləşir...
Görkəmli tənqidçi Yaşar Qarayev İlyas Əfəndiyev yaradıcılığını bütövlükdə səkkizinci "Qarabağnamə" kimi dəyərləndirirdi. Bu mövzu onun fəxarət yeri, "uşaqlıq beşiyi" kimiydi. O, bu mövzuda sözün həqiqi mənasında yaşayırdı. Və təbii bir yozumdu ki, böyük sənətkarın cismən dünyadan gedişində Qarabağ olaylarının sarsıntısı az rol oynamamışdı... Xalq yazıçısı Elçin hər dəfə bu acı gerçəkliyi dərin təəssüf hissilə xatırlayır. Eyni zamanda təskinlik gətirən məqamları da qeyd etməyi unutmur: "İlyas Əfəndiyevin məzarı Fəxri Xiyabanın üst tərəfindədir və mən hər dəfə onu ziyarət edəndə, əsas aralıq yolun sağ və sol tərəflərində dəfn olunmuş Süleyman Rüstəmin, Qara Qarayevin, Süleyman Rəhimovun, Şıxəli Qurbanovun, Fikrət Əmirovun, Niyazinin, üst tərəfdə Yusif Məmmədəliyevin, Bülbülün, Səməd Vurğunun, Mehdi Hüseynin, Abdulla Şaiqin yanından ötürəm..." Yəni, "ədəbiyyat da daxil olmaqla, bizim mədəniyyətin intellektual elitar camisində" əbədi yeri olan xoşbəxt sənətkarlardandı İlyas Əfəndiyev. O xoşbəxtlərdəndi ki, bu gün qələbə müjdəsilə açılan hər sabahımızla İlyas Əfəndiyev arzuları da yenidən çiçəkləyir. Bu müjdələrdən doğma Qarabağ yaylalarının bəzəyi olan boy çiçəklərinin xoş ətri gəlir. İlyas Əfəndiyev o çiçəklərin ətrini çox xoşlayır, dönə-dönə vəsf edirdi. O güllər solmayan güllərdi. Böyük sənətkarın Qarabağın azadlığına hesablanmış arzularını simvolizə edir. Qarabağa yol açan qələbə müjdələrimizdə o gözəl çiçəklərin xoş ətri duyulmaqdadı. Və inanıram ki, unudulmaz İlyas Əfəndiyevin Qarabağ sarıdan nigaran ruhu bu qələbə müjdələrindən əbədi rahatlıq tapır. Bu günlərdə onun ruhu qürurlu və şaddır!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!