Xəyalında
evinə dönənlərə...
- Ürəyin nəsə istəyir, dədə? - oğlu soruşdu. Özünü eşitməzliyə vurdu. Kişinin tükü də tərpənmədi. Fikri qarışmışdı...
Yol üstəydi. Fəhmiylə getmirdi, yaddaşındakı yol itmişdi, ayaqları aparırdı onu. Arxayın idi - bir balaca topuqları gizildəsə, diz oynaqları şaqqıldayıb xırçıldasa da, yarıyolda qoymazdı. Haralardan keçirməyib, haralara aparmayıb onu...
Xiffət elədiyi bu yol-irizə havaxtdan çıxmışdı, bilmirdi. Çox illər öncə, hələ kənddən qırağa ayaq basmadığı vaxtlar, elə bilirdi baş alıb getsə, bu yol okeana dirənəndə bitəcək. Yanıldığını sonralar, Xəzərə çatanda bilmişdi...
Gerçəyi yuxusuyla qarışmışdı. Qabaqlar, elə bilirdi yuxuda gəzir. Gözünü yumandan sonra gündüz başı çəkənləri sayaqladığını demişdilər, amma gəzdiyini heç kimdən eşitməmişdi. İndi, gecədə az qala əlli dəfə evinə dəyib, qayıdanda başa düşdü ki, gəzmək deyil bu, uçmaqdı. Ayaqmı tab gətirər bu uzaqlıqda yola?
Kaş əvvəlki təkin təpəri olaydı, taqətdən düşən qılçalarına dayaq duran çəliyinə güvənməyəydi, onda, həqiqətən quş kimi uçar, uşaqlığındakı kimi gözüyumulu çatardı yolun sonuna. Gözünü burada açmışdı, qarış-qarış bələd idi, gilinə-palçığına bulaşa-bulaşa ayaq tutub, kol-kosuna ilişə-ilişə boy atıb böyümüşdü, dağ-dərəsini, küləyini, yağışını, suyunu, toz- torpağını qoxusundan tanıyırdı. Aza bilməzdi.
Yolayrıcındakı yemişan ağacının yenicə açmış çiçəklərinin ətri çəməni bürüyən dəmiydi. Sanki havaya buhuşdarı səpmişdilər, adamı məst edir, ölünü dirildirdi. Quşlar da biri-birinin bəhsinə cəh-cəh vururdu.
Hər səfər eyni yerdə dincini alırdı. "Yastı daş olmalıdı cığırın qırağında". Gözlərini qıyıb çəliyini qaraltıya sarı uzatdı. Hə, tapdı, daş yerindəydi. Yaxınlaşıb oturdu ki, nəfəsini dərsin. Düşdüyü cənnəti görmədiyi üçün tor gəlmiş gözlərini qınadı. "Zəlil olmağa vaxt tapdın!?" - dedi.
Əli şehli otlara toxundu. Ürəyi atlandı. Ovucunu isladan şeh damcılarını açılar deyə, məlhəm təkin gözlərinə sürtdü. Yonca, cincilim, qaraqınıq, pişpişə qoxusunu ilk dəfə duyurmuş kimi sevindi, son kərə qoxuyurmuş kimi kövrəldi. Əsasını sinəsinə dayayıb ikiəlli şehli cənnət otlarına toxundu. "Bunu ömrümə yaz, Allah!" - otlar diksinməsin deyə pıçıldadı... Bu, şəhərlilərin qəlbini oxşayan parklarda mazut qoxuyan torpağa əkilmiş otlardan deyildi.
"Kənd yaxındı".
Birincidən beşinciyə qədər, ta üçsinifli məktəb binası tikilənəcən qonşu kəndə gedərdilər. Zəndini-zehnini qurcalasaydı, bəlkə yadına gələrdi ki, qayıdanbaş, meşin çantalarını yazda otluğun, qışda qarın üstünə atıb üstündə oturar, qatar kimi düzülüb üzüaşağı sürüşər, beşcə dəqiqəyə evə çatardılar. Zay elədikləri çantaya görə tənbeh edilsəydilər də, xoşbəxt olardılar.
Deməli, xatırlamadı. Xatırlasaydı, gülümsəməsəydi də, heç olmasa dodağı qaçardı.
"Ya Allah!" - deyib durdu.
Deyəsən, otların şehini, torpağın duzunu daha yaxından duymaq istədi. Ayaqqabılarını çıxartdı, ilgəylərini biri-birinə düyünləyib çiyninə atdı, uşaq vaxtı çayı keçən təkin şalvarını da çırmalayıb durdu üzü gündoğana...
- Dədə, ayaqların üşütmür ki? - gəlin soruşdu. - İndi örtərəm... Kişi dinmədi...
Yaddaşı itəndən, həsrət acı suya dönüb gözlərini içindən ova-ova zülmətlə qovuşdurandan illər keçirdi. Oğlu, gəlini nə qədər yalvar-yaxar eləmişdi, "indi hansı zamanadı, yaddaşın zəifləyib, əməliyyat elətdirsək, gözlərin ki açılar? - desələr də, həkimə ayaq qoymamış, "onsuz da gərəyindən çox yaşadım", - demişdi. Amma indi düşdüyü bu durumda uşaqların sözünü qəribliyə salıb eşitmədiyinə elə peşman oldu ki! "Bu boyda yol gələsən, doğma torpağın iyini duyasan, hətta evinin doqqazına yetişəsən, gördüyün də bomboz duman ola?.. Günahdı, vallah! Bir də havaxt yolum düşəsidi buralara?".
Gözlərin qıyıb baxanda, görməyinə görürdü - lilli su kimi bulanıq. Ovqatı pozulurdu, çünki rənglər yox idi - ağ-qara televizor kimi...
Çoxdan ayaq dəyməyən cığırı ot basmışdı deyə, yalın ayaqlarını şehli ot yaladıqca içində qəribə duyğu oyanır, bütün vücudu vəcdə gəlir, torpağın, addım atdıqca əzilib ətrafa məsdedici qoxu yayan çiçəklərin sevgi dolu ehtiraslı toxunuşu pəncələrindən dabanına, oradan asta-asta bütün hüceyrələrinə sirayət edir, əzələlərini silkələyib coşdurur və sanki qanına hopub damarlarıyla yuxarıya - bütün vücuduna yayılırdı. Fərəh gətirən bu hal ağrı-acısını unutdurdu. Ciyər dolusu nəfəs aldı. Çoxdan belə təmiz hava udmamışdı. Udmuşdusa da, yadına gəlmədi.
Getdikcə yerişi dəyişdi, daha təmkinli, daha cəld addımlamağa başladı. Çaya çathaçatda şırıltıyla axan suyun sərinliyi ciyərlərinə, səsi musiqi kimi qulaqlarına doldu. Ona bir anlığa elə gəldi ki, duyduğu heyrətdən zəlil olmuş gözlərinə də pay düşdü, bəbəklərini örtmüş pərdə əriyib yox oldu, yoxsa hər şeyi belə aydın, öz rəngində görə bilməzdi axı? Az qaldı əsasını kənara tullayıb özünü vursun coşqun dağ çayının axarına, yaxşıca yuyunub sərinlənsin, paklansın, otuz ilin nisgilini, azar-bezarını bədəninin kir-pası kimi versin çayın selinə...
Bu, bir anlıq oldu. Ayaqları suyun dibindəki cilalanmış qəmbərlərə toxunanda diksindi. Qılçalarını yalaya-yalaya axıb gedən dağ çayının sərinliyi ruhunu oxşasa da, bayaqdan ilğım təkin təxəyyülündə canlanan dünya bapbalaca yumağa döndü, dönüb də balacalaşdı, mavi səmasıyla, sahilboyu uzanıb gedən yaşıl çəməniylə, bağ-bağatıyla iynə ucu boyda olub gözündən itdi. Təkcə qoxular qaldı, bir dünya qoxu - ana südü kimi müqəddəs...
- Çayını soyutma, dədə. Zoğal mürəbbəsiylədi, iç, vallah yaxşı olarsan, - gəlin, alnında puçurlanmış tər gilələrini dəsmala hopdururdu...
Narahat idi. Otuz il öncə beh verib rayonda sifariş etdiyi başdaşını macal tapıb gətirə bilsəydi, arvadının yanında üzüqara qalmazdı. Bəlkə də hər gecə bura baş çəkməyi üzündəki qaranı yumaq üçündü; girəvə gəzir ki, arın-arxayınlıq duyan kimi rayona baş çəkər - indiyə salamat qalıbsa - başdaşını kəndə gətirib qəbri abıra salardı.
"İndi hansı üzlə gedim yanına? Deməz ki, üstümü niyə açıq qoyub getdin, ay insafsız? Üşüyürəm, çox soyuqdu bura".
Gör neçə il keçir...
Hər şey bir göz qırpımında baş verdi. Hamı bir gecənin içində pərən-pərən düşdü; üzə bilməyəni Araz apardı, qaça bilməyəni güllə; ölən öldü, qalan da ölüdən betər...
Cır göyəm, itburnu, kəndəlaş kolları, gicitkan basmışdı qəbiristanlığı, elə boy vermişdi ki, ən hündür başdaşı da heç görünmürdü.
Ötən dəfə alatorana düşmüşdü. Qəbiristanlığın yanından ötəndə qolundan, ətəyindən, balağından tutub dartışdıra-dartışdıra "bizi bu kol-kosun yaxasından qurtar!" çığırıb imdad diləyən ruhların əlindən güclə qurtulmuşdu. Elə qaçmışdı, dabanı yerə dəyməmişdi. Evə dönəndə didilib dağılmış nimdaş pencəyini görüb rəngi ölü kimi ağarmış, yuxu görmədiyinə inanmış, hətta həftəyarım yorğan-döşəklik olmuşdu... Ona görə indi qəbiristanlığa sarı baxanda o tükürpədən çığırtıları eşitməsə də, onsuz da üzülən ürəyinin başı göynədi. Əlindən özgə heç nə gəlmədi...
Burun pərlərini geniş açıb havanı qoxladı. Sinəsinə toxunan, sifətində oynaşan yelin xoş təmasından halı dəyişdi. Dodağı azca qaçdı, elə bil sevincdən gülümsəyən kimi oldu. Otuz ildi bu qoxu, bu dad ondan uzaq düşmüşdü. Diqqətlə ətrafı dinşədi, əsasını sağa-sola vurdu, harada durduğunu dəqiqləşdirmək istədi. Qoxudan tanıdı; deyəsən, alma ağacının altındaydı. Arvadı ölən il əkmişdi. Gör nə boyda olub! İnana bilmirdi. "Deməli, salamatdı... otuz yaşı olur bu yay... Otuz il!.. Nə çox yaşadım səndən sonra? Deyirdin, bircə ay da qalammaram sənsiz... Özüm də elə düşünürdüm. Deyəsən, çox arsız oldum axı, qaldım qurdnan qiyamətə". Sükutu pozmadan özü ilə danışırdı. Amma bunu bərkdən dedi: - "Allah kəssin belə yaşamağı!".
Dəvdənərək ağacın hasardan küçəyə əyilmiş əlçatan budağından yapışdı. "Gül üstə olmalıdı" - pıçıldadı. Əsasını yerə bərk dirəyib durdu. Piano çalırmış kimi barmaqlarının ucuyla budağın üstündə gəzişdi, körpə yarpaqlarına, topa-topa ləçəklərinə toxundu. İçinə qəribə bir həlimlik axdı. Kövrəldi...
- Ağrınırsan, dədə? - oğlu alnından öpdü, sulanmış gözlərini dəsmalla silib təlaşla soruşdu. - Tərslik eləmə, bəlkə... həkim çağırım?
Kişi nəm kirpiklərini astaca qırpdı. Qurumuş dodaqlarını azca araladı ki, cavab versin, amma deyəcəyi sözü tapmadı...
Bayaqdan onu izləyən uşağı nəfəsindən duymuşdu. Doqqazın ağzında dayanıb sakitcə baxır, yəqin ki, ayaqyalın, kor, dəli kimi ağacla pıçıldaşan qoca yolçunun onların qapısında nə etdiyini fikirləşirdi. Handan-hana ona sarı çönüb:
- Mən bu evdə doğulmuşam, - dedi.
- Mən də, - uşaq cavab verdi.
- Evdə kim var?
- Həkimə gediblər, rayona, indilər gələrlər, - uşaq ehtiyatla dilləndi.
- Qorxma, yaxın gəl, - dedi kişi.
- Qorxmuram, - yalan dedi uşaq. Qorxurdu. Hasarın küncünə qısılmışdı.
- Bu ağacı da mən əkmişəm. Çoxdan... Oğlumla. O, sən yaşda olardı, indi yekə kişidi... Neçə yaşın var, balaca?
- Yeddi, - uşaq cavab verdi.
- Hə, - dedi kişi, - elə bilirdim ağac indiyə qalmaz.
- Niyə? - uşaq soruşdu.
- İnsafsızlaşıb adamlar. Qəddarlaşıb... Baltalayıb sobaya ata bilərdilər... Buranın qışı sərt olur.
Uşaq kədərlə dilləndi:
- Burada bizdən başqa heç kəs olmur axı? Hamı şəhərə köçüb.
Hələ də ağacın budağını sığallayan yad kişidən gözünü çəkməyən uşağın qərib yolçuya yazığı gəldi, ona zərər vurmaz deyə şübhəsindən əl çəkdi, hasardan astaca enib yavaşca ona yaxınlaşdı, əlindən tutub gözlənilmədən soruşdu:
- Alma istəyirsən, baba?
Kişi çaşıb qaldı, nə deyəcəyini bilmədi.
- Gözlə... Burada gözlə...
Tələsik evə tərəf cumdu, köhnə taxta nərdivanı eyvana çöykəyib çardağa qalxdı. Kişinin gözləri aydın görsəydi, yəqin ki, nərdivanı tanıyardı. Təkcə nərdivanımı?..
Bir azdan uşaq artıq doqqaza sarı cumurdu, maykasının balağında da üç iri, qıpqırmızı alma. Sanki gördüyü işdən qürurlanmışdı. Gülümsəyib almaları kişiyə uzatdı.
- Götürün. Bu sizin almadandı. Ötənilki... Oğluna apar...
Kişi əkdiyi ağacın barını ilk dəfə əlinə alıb yanağına sürtdü, burnuna yaxınlaşdırdı. Qoxladı. Ürəyi qəfəsdəki quş kimi çırpındı. İstədi dişləsin, nəfsini güclə boğdu. Neçə illik yoldan əliboş qayıtmaq istəmədi.
İki gilə yaş göz qapağının küncündə düyünlənib durmuşdu, yerindən qopa bilmirdi...
- Yenə oralardadı, hələm qayıtmayıb, - nəvəsi astadan dilləndi.
- Ürəyin nə istəyir, dədə? - gəlin nəvazişlə soruşdu. Gözlənilmədən kişinin gözlərinə işıq gəldi, dərisinin qırışları titrədi. Yerindəcə qımıldandı.
- Alma, - dedi. - Gətirdiyim almanı...
"Alma? Hansı alma? Hardan gətirdiyin?" - Heç soruşmadı, neçə gündü kəlmə kəsməyən kişinin nəhayət ki, danışdığına sevinən gəlin yanağından süzülən yaşı silə-silə həyətə cumub ərini hayladı.
Kişi uzaq yoldan dönmüşdü...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!