İki Vaqifin məsdər istəyi - Rüstəm Kamal

Linqvistik etüd

Azərbaycan şeirində "məsdər mətni" "Kitabi-Dədə Qorqud" da, Qazi Bürhanəddin də, Şah İsmayıl Xətai də fəal mövqeyə malik olub, etnopoetikamızın əsasını təşkil edibdir. XX əsrdə Müşfiq poeziyası "məsdər mətni"nin xüsusi intensivliyi seçilir. Yeri gəlmişkən, Mikayıl Müşfiq - Vaqif Səmədoğlu (təsadüfə baxın: ikisi də eyni gündə - 5 iyunda dünyaya gəlib) "məsdər" paralelliyi də aparmaq olar…

Bizim bu kiçik müqayisəmiz iki Vaqifin - Molla Pənah Vaqif və Vaqif Səmədoğlu yaradıcılığı üzərində aparılır və düşünürük ki, məsdər qrammatik forma kimi bu şairlərin dünyagörüşünü, təhtəlşüurunun bərpası baxımından maraqlı vasitədir. Məsdər hər şairin psixoloji portretinə də müəyyən aydınlıq gətirə bilər.

Əgər Molla Pənah Vaqif və Vaqif Səmədoğlu yaradıcılığına V.Proppun "bütün nağıllar bir nağıldır" prinsipi ilə yanaşsaq, onda "məsdər mətnləri" də öz ifadə-üslub imkanlarına görə bu şairlərin fərdi poetik dünyalarının variasiyalarıdır.

"Məsdər mətni" mütləq struktura malik olur, şairin xəyalən nəzərdə tutduğu hansısa bir vurtual gerçəkliyi şərh edir və ya təqdim edir. Məsdər mətni şeirdə virtual "özgə" ilə, "o dünya" ilə bağlı zikretmə kimi zühur edir. 

 

Salmaq nəzərindən məni cananə düşərmi?

Tərk eyləmək öz qulunu sultanə düşərmi?

(M.P.V.)

 

Kaş

yer üzündə

söhbət etməyə

bir adam olaydı…

Dünyada tək qalanda

yaman darıxır adam.

Allahdan kimə, hara

şikayət eləmək olar?

(V.S.)

Molla Pənahın məsdərlə ifadə olunan mübtədası mütləq təsdiqlənir, V.Səmədoğlu isə - inkara, gümana, tərəddüdə ayaq yeri qoyur.

 

 

Ayrılıq da başqa şeydir

bu dünyada,

sizdən ayrı düşmək deyil.

(V.S.)

 

Şiblə deyib, qaşlarına baş əymək -

Gecə-gündüz mənim ibadətimdir.

(M.P.V.)

 

Yaxud:

 

Xumar-xumar baxmaq göz qaydasıdır

Lalə tək qızarmaq üz qaydasıdır.

Pərişanlıq zülfün öz qaydasıdır.

Nə badi-səbadan, nə şanədəndir.

 

Şeirdə məsdər özlüyündə həm də bir məcazın mahiyyətini kəsb edir. Məsdər şair üçün sanki "bu dünya"dan "o dünya"ya "ip sallamaqdır". "O dünya" "bu dünya" qarşıdurması məsdər yazılarında hərəkət subyektinin qeyri-müəyyənliyindən gəlir. Molla Pənah üçün "məsdər mətni" xəyalında canlandırdığı dünya ilə bilavasitə, qətiyyətlə əlaqə saxlamaqdır, V.Səmədoğlu üçün isə daim tərəddüdlər, "bəlkə"lər içində olmaqdır.

 

Pərvanə tək özün oda salmağa,

Yaşlanıban eşigində qalmağa,

Bir belə gözələ qurban olmağa,

Vaqif kimi qəllaş kimsə gərəkdir.

(M.P.V.)

 

İki Vaqifin "məsdər" düşüncəsi "istək, arzu" mövzusunda birləşir. Molla Pənahın istəyi sabaha, ümidə, yəni mümkünlüyə bağlı olur, Vaqif Səmədoğlu keçmişin, yaşanılmış, itirilmiş günlərin, hadisələrin qaytarılmasına, yəni mümkünsüzlüyə yönəlik istəyini bildirir: 

 

Yenə həyata qaytarmaq istəyirəm

Köhnə dostları

Xatirimdə külə dönmüş ötən günləri.

Dirildib

keçirtmək istəyirəm yenə

"Metropol" qapısından.

Aman, Allah,

necə tanışdır mənə

bu sözləri yazan əl...

Bir-iki həftə yaşayıb o günlərdə

yenə bu evə qayıtmaq istəyirəm.

 

Yaxud:

 

Gözlərim aydın olmaq istəyir,

Xoş xəbərin yalanı da gəlib çıxmaq istəyir.

Ürəyim açılmaq istəyir

Di gəl ki, qarşısında

Açılıb çıxmağa bir şey, kimsə yox.…

 

Molla Pənah da istəyinin gerçəkləşməsi "başqası"nın "məsdər"indən asılıdır, Vaqif Səmədoğlunun istəyi isə, belə demək mümkünsə, "avtoistəkdir", yaxud "kimsə"dən asılıdır.

 

Didarını görmək iman tazələr,

Qaşı qüblə, yüzü Kəbə gərəkdir.

(M.P.V.)

 

Kür qırağından getmək istəyini isə İbrahim xana belə bildirir.

 

Yenə yada düşdü bizim sənəmlər,

Getməyin binası, hayıf ki, yoxdur.

 

 

Vaqif Səmədoğlu məsdərlərinin üfüqündə ruhlar dünyasının nəfəsi boylanır, Molla Pənahda - yaşamaq eşqi və "bu dünya"nın aldadıcı parıltısı görünür.

Məsdərin təkrarı özüylə hiperbola instinkti doğurur. Hiperbola məsdər mətni üçün səciyyəvi olan həmcinsli, yaxud  sadalama üstündə qurulur. Aşağıdakı mətndə məsdərin sadalanma intensivliyi sadalanan hərəkətin intensivliyini şərtləndirir:  Bu sadalanmada bir çağırış və nikbinlik ruhu var.

 

Allaha şükür, lalə yanağında eyib yox,

Dişində, dəhanında, dodağında eyib yox,

Bir zərrəcə zülfündə, buxağında eyib yox, -

Daxı nə yaşınmaq, nə bürünmək, nə utanmaq,

Bəsdir bu dayanmaq!

(M.P.V.)

 

Məni bir günün içində

tutub

hökmümü vermək olar.

Elə həmin gündə

kürəyimi

dayamaq olar divara.

Di gəl,

Min il

yüz min il

günbəgün

aybaay, ilbəil

güllələmək lazım gələcək məni.

(V.S.)

 

Vaqif Səmədoğlunun elə şeirləri var ki, bir idarə edən sözdən asılı olub, həmcins məsdərlərin seriyası, təkrarlanması "uzun nəfəsinə" görə güclü inersiya yaradır, ovsun mətni təsiri bağışlayır. Məsələn:

 

Quldarın qulsuz günü,

Yolçunun yolsuz günü,

Şairin pulsuz günü

Yenə, baş alıb gedir,

Başa daş olub gedir.

Gedir daşa dəyməyə,

Gözdə yaşa dəyməyə,

Dəyib daşa dönməyə,

Dönüb daşa dönməyə,

Dönüb şama, çırağa

Yavaş-yavaş sönməyə…

Sönüb zülmət olmağa,

Hər yana, sola-sağa,

Qara işıq salmağa.

 

Vaqif Səmədoğlunun fikri, ruhu "olar"la "olmaz"ın arasında vurnuxur. Hər dəfə şübhələr, suallar bu cəhdləri, təşəbbüsləri mümkünsüz edir:

 

Yolsuz, cığırsız da

gedib bir yana

Çıxmaq olar

Amma hara?

Evlərin nömrəsinə baxa-baxa,

Xəbər ala-ala

Qabağına çıxan adamlardan,

Axtarıb tapmaq olar.

Bir kəsi.

Amma kimi?

 

Molla Pənahın məsdər tərkibli sualları özgəsinə, Vaqif Səmədoğlunun sualları hətta  II şəxsdə işlənsə də, bütövlükdə özünə ünvanlanır. Əslində "özgə" özü ilə dialoq bəhanəsidir. 

 

İndi hansı ayda dirilmək istəyərdin?

Diriləndə nə, kim, kiminlə

hansı dənizin sahilində olmaq istəyirdin?

Diriləndə

Dilcan dağlarının

dolama yolları olmaq

pis olmazdı.

 

Molla Pənah belə deyir:

 

Əgər yarsan, gəl sarmasaq qol-boyun

Durub daldalardan baxmağın nədir?

Yar deyilsən, çək ayağın, geri dur,

Canımı odlara yaxmağın nədir?

 

Molla Pənahın məsdər mətni "göz, baxış" kodu üstündədir. M.P.Vaqifin vizual təfəkkürü qadına sevgi ehtirası ilə yüklənibdir. Vizual kodda gerçəkləşən məsdərlər XVIII yüzilin kişisinin erotik istəyinin, eşq xəyallarının, vüsal ümidlərinin və gözləntilərinin qrammatik-bədii formasıdır, sevda təcrübəsinin emosional ifadəsidir.

 

Bulut zülfü, ay qabaqlı gözəlin

Duruban başına dolanmaq gərək.

Bir evdə ki, belə gözəl olmaya,

O ev bərbad olub, talanmaq gərək.


 

"Məsdər hərəkətin qeyri-müəyyənliyidir" - dərsliklərdə bu qrammatik formanın qısaca tərifidir. Hər iki Vaqifdə məsdər mətnlərinin təhlili göstərir ki, Molla Pənah Vaqifdə istək obyektini virtual məkana, qeyri-müəyyənliyə yerləşdirir, özünü isə "real, müəyyən, konkret məkanda" saxlayır. Vaqif Səmədoğluda isə əksinə - özü də, obyekti də qeyri-müəyyənliyin metafizikasını yaşamalı olur.

Rüstəm Kamal


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!