Ali Baş Komandanın səsi (Cəbhə bölgəsindən reportaj) - Elşad BARAT

 

Cəbhə bölgəsindəyəm. Oturub davaya baxıram. Yaşlı həmyaşıdları Mərdan kişini az qala uşaq kimi danlayırlar ki, sən niyə zəri cütləyirsən, elə hey şeş-qoşa atırsan? Mərdan kişi hərdən bığının altında gülsə də, öz etirazından qalmır. Özü də yaman nərd atır, atdığı zərlər taxtanın üstündə şaqqıldayıb gedir. Kənd müəllimi qulağıma xısıldayır: fikir vermə, bunlar elə həmişə nərd oynayanda dava salırlar.

Kənd camaatı öz işinin başındadır.

Hərdən cavanlar bir yerə toplaşıb telefonda nəyəsə baxır, sonra "urra", "halaldır", "eşq olsun" kimi ifadələr səsləndirirlər. Bu dəfə mən də yaxınlaşdım. Birtəhər boylandım ki, Müdafiə Nazirliyinin səhifəsində erməni toplarının vurulması videosuna baxırlar. Toplantının sevincək hissəsinə mən də qatıldım. Gənclərin üzündəki birlik və qələbə təbəssümü bizi daha da doğmalaşdırdı.

Üzərində üç səsucaldan olan bir maşın var. Vətənpərvərlik ruhunda və qələbə dolu elə gözəl mahnılar oxuyur ki, adam az qalır, maşını qucaqlayıb öpsün.

Hər kəsin qapısında, pəncərəsində bayraq dalğalanır. Bütün kəndlər qələbə bayraqları ilə bəzədilib.

Mərdan kişinin nərd atmasına bir az da baxdım, sonra ordakılarla sağollaşıb ayrıldım. İsti təndir çörəyinin ətri məni çəkib kəndin başına qədər apardı. Təndirin başında yaşlı bir nənə var. Dilində dua, əlində çörək. Adı Səringüldü. Hər gün 100 çörək bişirib isti-isti əsgərlərə yollayır. Mənə də çörək verdi. Havadakı təndir çörəyinin ətrinə qələbə qoxusu qarışır.

Cəbhədəyəm.

Yoldan əsgər maşını keçəndə hamı ona tərəf qaçır. Kimi yemək, kimi papaq, kimi siqaret verir. Adamlar az qalır ki, öz canını da əsgər maşınına atsın.

Əsgərlərin səsləndirdiyi "qələbə bizimdir, bizim olacaq" şüarı Səringül nənənin gözlərində ikicə damla sevinc göz yaşlarına çevrilir. Amma o, özünü elə aparır ki, guya gözünü təndirin tüstüsü qapdı.

Bu gün ad günümdür. 33-cü yaşıma ilk addımımı atıram. Ağlım kəsəndən bəri Azərbaycan xalqını bu qədər birlik, bərabərlik, ittifaq halında görməmişəm.

Xalq o qədər birdir ki, küsülü qonşular da barışıb, ayrılmış sevgililər də qovuşub, sonuncu çərşənbə kimi bütün küsülülər qucaqlaşır və hər kəs yalnız qələbə istəyir.

Cəbhədəyəm.

İndicə dedilər ki, ermənilər öz tanklarını vurub.

Ordumuzun gücünü görən düşmən başını itirib. Özü özünü məhv edir.

Ölkənin hər bir yerindən insanlar cəbhə ərazisinə axışır. Onlar, sanki hansısa müqəddəs ziyarətgaha gəlirlər. Əsgər görəndə hamı sevincindən atılıb-düşmək istəyir.

Cəbhədəyəm.

Açığını deyim ki, bir anlığa savaşın içindən təbəssüm və qələbə ruhu ilə dönən əsgərlərin palçıqlı çəkmələrini öpmək istədim. O çəkmələrin üzərində işğaldan azad olunmuş Cəbrayılın torpağı da var.

Bir əsgərin üzündən qələbə, bir əsgərin üzündən qisas hissi, birinin gözlərindən Vətən eşqi, birindən savaş andı, qələbə andı, digərindən birlik qətiyyəti görmək olur. Həm də bütün əsgərlərin üzündə xalq-ordu birliyinin sevinci var.

Əsgərlərin üzündəki qələbə sevinci səngərdən Bakıya qədər uzanır.

Sanki Ali Baş Komandanın dilindən çıxan döyüş əmri səngərdəki sonuncu əsgərə qədər işıq saçır, ümid yolu açır, qələbə sevinci yaşadır.

Cəbhədəyəm.

Özümə siqaret almaq üçün yaxındakı mağazaya getdim. Mağazanın önündə yaşlı bir kişi oturub. Hörmətlə salam verdim. O isə qarşılığında məni təbrik etdi. Öncə elə bildim ki, yaşlı dayı doğum günüm olduğunu bilir. Təşəkkür etmək istədim. Amma onun mənim doğum günüm olduğunu bilməsi mümkün deyildi. Tez özümü yığışdırdım, başa düşdüm ki, bu, qələbə təbrikidir. Jurnalist jiletimin cibindən bir qələm çıxarıb vətənin ad gününə görə dayıya hədiyyə verdim və ona daha böyük təşəkkür etdim.

Məncə, işğalda olan torpaq yaşamır. Orada bitən canlılar ölü doğulur. Torpağın işğaldan azad olunduğu gün isə vətənin doğum günüdür.

Cəbhədəyəm.

Yenə danışan maşın.

Özümü səs gələn tərəfə atdım. Böyük bir maşının üstündə top lüləyinə oxşayan üç səsucaldan var və milli vətənpərvərlik ruhunda gözəl mahnılar oxunur. Top lüləyinə oxşayan o yerdən çıxan səs düşmənə güllə kimi dəyir, mənim isə sinəmə yağ kimi yayılır. Yaxınlaşıb əlimi təkərinə qoydum, danışan, mahnı oxuyan maşının təkərindən öpdüm.

Cəbhədəyəm.

Ermənilər bizim yaşayış məntəqələrimizi atəşə tutur. Atdıqları mərmilərin çoxu partlamır, zaydı, sovetdən qalıb.

Bizim əsgərlər onların mərmilərinin çoxunu göydə məhv edir. Elə bil quş vururlar. Bütün cınaqlarda, bütün tərəflərdə biz qalibik. Əsgərimiz erməni əsgərini məhv edir, tankımız erməni tankını, topumuz erməni topunu. Təbiət də, sanki haqq işimizdə bizim tərəfimizdədir. Günəş bizim əsgərlərə gülümsəyir. Onların üstünə isə leysan yağır. Bu leysan həm də bizim atdığımız mərmi leysanıdır.

Sanki Kəlbəcərin dağları bütöv vətənin qalxanına çevrilib. Sanki Şuşanın meşələri ermənilərin üstünə nərə çəkir. Sanki Laçının çayları hirsindən daha gur axır ki, vətən torpağından düşmənin ayaq izlərini silsin. Sanki bizim dağların qartalları da hər gün gedib erməni sərçələrini döyüb gəlir.

Cəbhədəyəm.

Oturub əsgərlərimizdən qələbə xəbəri gözləyirəm. Hər açılan atəş mənə güc verir. Əsgərimizin atdığı hər bir mərmi qələbəmizin bir zərrəsidir.

Ermənilər yenə də dinc sakinlərə atəş açır. Mərdan kişinin nərd üstünə atdığı zərin səsi isə o atəş səslərini susdurur.

Yenə də mahnı oxuyan, danışan maşın.

Birdən cənab Ali Baş Komandanın səsi gəlir:

"Qarabağ bizimdir!

Qarabağ Azərbaycandır!".

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!