Niyə siz Azərbaycanın ağrısını eşitmək istəmirsiniz!

  

Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayev "Rossiya 1" telekanalındakı

"Vladimir Solovyovla  axşam" siyasi tok-şousunun efirində çıxış edib.

Çingiz Abdullayev aparıcının Dağlıq Qarabağın eskalasiyası və Ermənistan-Azərbaycan

münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyi barədə suallarını cavablandırıb.

 

Vladimir Solovyov: - Biz tərəflərdən hər birinin nə istədiyini anlamağa çalışırıq. Hazırda vəziyyət Bakıdan necə görünür? Rusiyada bizi xüsusilə bu barədə Xarici Kəşfiyyat Xidmətinin nümayəndələri tərəfindən, özü də elə-belə yox, rəhbər tərəfindən qeyd edilənlər kədərləndirir. Suriyadan qadağan olunmuş təşkilatların, xüsusən "Nusra"nın (RF-da qadağan edilmiş terror təşkilatı - red.qeydi) üzvləri olan terroristlərin gətirilməsi qeyd olunur. Bizim onlarla Suriyada toqquşma təcrübəmiz də var və onların necə qaniçən qatillər olduqlarını bilirik. Buna görə də bu, Rusiyadakı hər kəsi narahat edən ayrı bir mövzudur. Bakıda situasiyanın inkişafını necə görürlər və mümkün çıxış yolu nədir?

  Çingiz Abdullayev: - Əvvəla, ondan başlayaq ki, "Qarabağ - Ermənistandır" deyirlər. Bunu Paşinyan dedi və yalan söylədi, çünki Ermənistan hələ də Qarabağı tanımır və onu dünyada heç kim tanımır. Bu gün səhər isə (7 oktyabr efiri - red.qeydi) Vladimir Vladimiroviç Putin dedi ki, Qarabağ - KTMT deyil və təbii ki, Ermənistan deyil. Yəni Rusiya tərəfindən nöqtələr qoyuldu. Bu gün Azərbaycan konkret olaraq nə istəyir? Azərbaycan, ilk növbədə, bir milyona yaxın, daha dəqiqi, 800 mindən çox insanın (azərbaycanlılar - red.qeydi) yaşadığı işğal edilmiş 7 bölgənin azad edilməsinə çalışır. Təbii ki, bu insanlar öz torpaqlarına qayıtmalıdırlar.

Hər zaman, o cümlədən sizin studiyanızda da Dağlıq Qarabağ əhalisinin məsələsi müzakirə olunur. Bu, sözsüz ki, vacibdir. Lakin bu, 150-170 min adamdır, bax bu 800 min insanın (Dağlıq Qarabağ ətrafındakı 7 rayondan çıxarılmış azərbaycanlıların - red.qeydi) taleyi isə heç kimin vecinə deyil. Bağışlayın, amma bu, Oruelə görə belədir: "Hamı bərabərdir, amma bəziləri digərlərindən daha çox bərabərdir". Razılaşın ki, bu, azərbaycanlıları olduqca incidir - niyə heç kim onların taleyindən bəhs etmir? Hər onuncu şəxs praktiki olaraq öz doğma evindən məhrumdur. Azərbaycan nə istəyir? Məncə, bizim Prezidentimiz dəqiq və aydın söylədi: erməni işğalçı qüvvələrinin bu 7 rayondan çəkilməsini və burada azərbaycanlıların məskunlaşmasını. Özü də o, sadəcə 7 rayon demədi, o anlayır, qarşı tərəfi - Ermənistanı da anlamaq istəyir, deyir: gəlin torpaqların mərhələli boşaldılmasına başlayaq - Dağlıq Qarabağ ətrafındakı 5 rayonu və 2 rayonu - onların bəhs etdiyi həmin o dəhlizi. Mərhələli boşaldılma. Xarici qoşunların geri çəkilmə qrafikinə ehtiyac var. Sonra, Qarabağda heç kim heç kimi qovmağa hazırlaşmır. Bundan əlavə, Prezident dedi: Azərbaycan və erməni əhalisi, yüz illərdir olduğu kimi, hazırda Bakıda olduğu kimi, birlikdə, dostluq şəraitində yaşamalıdırlar. Axı niyə heç kim demir ki, bu gün Azərbaycanda - Bakıda 30 min erməni yaşayır? Ermənistanda isə bircə nəfər də azərbaycanlı yoxdur. Bizim beynəlmiləl respublika olduğumuzu, bizdə 150 mindən çox rus əhalisinin yaşadığını, gürcülərin yaşadığını demirlər. Ermənistan isə monorespublikadır. Biz heç bir halda günahlandırmırıq. Bu onların seçimidir. Amma bəs niyə heç kim bizi başa düşmək istəmir? Niyə heç kim başa düşmək istəmir ki, hazırda heç kimin yaşamadığı bu torpaqda (Dağlıq Qarabağ ətrafındakı 7 rayon - red.qeydi), bu 7 rayonda heç vaxt ermənilər yaşamayıb. Ola bilər, bəlkə, 1-2-3 ailə. Onlar qayıda (rayonlar işğaldan azad edildikdən sonra - red.qeydi) və orada yaşaya bilərlər. Bu gün bizim bəhs etdiyimiz əsas şey - bizim torpaqlarımızın azad edilməsidir. Niyə heç kim bizi başa düşmək istəmir?! Bu, dəhşətli dərəcədə ağırdır, hələ "terroristləri" demirəm (Yaxın Şərqdən olan döyüşçülərin Qarabağda iştirakı barədə məlumat yayılır - red.qeydi).

Vladimir Solovyov: - Birincisi, biz dəfələrlə bu 7 rayon haqqında danışmışıq, o cümlədən mən Prezident Əliyevdən sitat gətirmişəm ki, Azərbaycanın 10 milyon əhalisindən 1 milyonu qaçqındır. Və biz məhz bu 7 bölgənin taleyinin həm Madrid, həm də Kazan görüşlərində müəyyənləşdirildiyini və bunun prinsipial olaraq vacibliyini də söyləmişik...

Çingiz Abdullayev: - Ancaq Ermənistanın getmədiyi ...

Vladimir Solovyov: - Və nəinki getmədi, məsələ daha qəlizdir... Prezident Əliyevin dediyi kimi, Ermənistanda əvvəlki hakimiyyət olduğu zaman tərpənişlər var idi və indi baş nazir Paşinyanla hər şey kəskin şəkildə pisləşdi. Və bu mövqe bizim studiyamızda da səslənir və bu barədə biz hər zaman danışırıq, yəni heç kim bu məsələni, bu mövqeyi bulandırmağa çalışmır. Amma. İndi çox vacib məsələyə keçirik. Bu, Türkiyənin, türk hərbçilərinin və suriyalı döyüşçülərin mövcudluğudur. Prezident Əliyev bunu qəti şəkildə inkar edir, deyir ki, belə bir şey yoxdur. Fransa, Amerika, Britaniya və bizim xarici kəşfiyyat xidməti deyir ki, təəssüf ki, var (əslində, aparıcı Rusiya Xarici Kəşfiyyat Xidmətinin açıqlamasının mahiyyətini təhrif edir, XKX döyüşçülərin Qarabağda hansı tərəfdə döyüşdüyünü qeyd etməyib - red.qeydi).

Çingiz Abdullayev: - Əvvəlcə icazə verin, bir neçə saniyə, Madrid prinsipləri ilə əlaqəli vəziyyəti izah edim və bu "sözdə terrorçular"a keçək. Məsələ burasındadır ki, Azərbaycan həmişə bu danışıqlara, torpaqların mərhələli boşaldılmasına razı olub. Amma nədənsə sizin ekspertlərin biri də elementar şeyləri xatırlatmaq istəmir. Ter-Petrosyan bu danışıqlara gedirdi. "Qarabağ mafiyası" onu devirdi. Onlar hakimiyyətə gəldilər. O vaxt Ermənistanda bir il sonra parlament seçkiləri keçirildi. Seçkilərdə Ermənistan Kommunist Partiyası MK-nın keçmiş birinci katibi Karen Dəmirçyanın partiyası qalib gəldi. Onlar da danışıqlara getmək istəyirdilər. Erməni terrorçuları parlamentə soxularaq Dəmirçyanı və Ermənistanın Baş naziri Sarkisyanı güllələdilər. Bəs niyə sizin proqramınızda bunu yada salmırlar? Və danışıqlar yenidən pozuldu. Və indi Paşinyan özünün "Qarabağ - Ermənistandır və nöqtə" kimi, bağışlayın məni, o qədər də ağıllı olmayan bəyanatları ilə bu danışıqları pozmaq üçün əlindən gələni edir. Bu, birincisi. İndi ikincisi - "terroristlər" barədə. Oradan (Yaxın Şərqdən - red.qeydi) adamların gəldiyi deyiləndə bir dəfə də Azərbaycanın dəlillərini dinləyin. Suriyada döyüşən insanlar radikal sünni İslam təşkilatlarıdır. Onlar Suriyada yalnız Bəşər Əsədin təmsil etdiyi ələvilərə qarşı döyüşmürdülər, onlar şiə məscidlərini partladırdılar, şiələri öldürürdülər. Azərbaycan əhalisi əsasən şiələrdən ibarətdir. Bu adamları buraya sadəcə ona görə buraxmazlar ki, ətçəkən maşın mexanizmi başlamasın.

Vladimir Solovyov: - Mən sizinlə razılaşmağa hazır olardım, amma türklərin də sünni olduğunu xatırlatmaq istəyirəm. Və türklər bəyan edirlər: bir millət - iki dövlət. Yəni belə çıxır ki, sünni türklər və şiə azərbaycanlılar bir millət olaraq elan edilirlər. Belədə, bu, sizin məntiqinizə ziddir.

Çingiz Abdullayev: - Bağışlayın, amma Türkiyədə də şiələr yaşayır və bizdə isə sünnilər (onlar da şiələrlə bərabər yaşayırlar - red.qeydi). Yeri gəlmişkən, biz dünyada yeganə müsəlman dövlətiyik ki, burada heç vaxt sünni və şiə qarşıdurması olmayıb. Azərbaycan tarixində heç vaxt belə şey olmayıb. Biz bu adamları (Yaxın Şərqdən gəldiyi iddia edilən silahlıları - red.qeydi) bura buraxmamalıyıq axı.

Vladimir Solovyov: - Mən razıyam ki, buraxmamalısınız.

Çingiz Abdullayev: - Siz Rusiya, Fransa, İngiltərə kəşfiyyatına istinad edirsiniz. Elə isə bu "minlərlə adam" hardasa olmalıdır, onları kimsə görməlidir. Düşünürəm ki, hər halda, bəzi türk mütəxəssisləri və ekspertləri var. Bizim dövlətimiz dünyəvidir. Bizim dinimiz etnik türklərin və azərbaycanlıların həqiqətən bir-birinə doğma xalqlar olmasını, hətta dili, mədəniyyəti və hər şeyilə bir-birinə yaxın olmasını etiraf etməyə mane olmur. Amma sizin studiyada kimsə dedi ki, onlar (guya Yaxın Şərqdən olan döyüş dəstələri - red.qeydi) Horadizdə formalaşırlar və gəlin düz ora bomba və ya raketlər ataq... Müstəqil dövlətə. İndi də dövlətin suverenliyini təsdiqləyirik. İnanın ki, biz dünyəvi dövlətik və Azərbaycan heç vaxt belə adamların dəvət olunması addımına getməz.

Vladimir Solovyov: - Yəni deyirsiniz ki, indi Azərbaycan ərazisində Suriyadan döyüşçülər yoxdur?

Çingiz Abdullayev: - Mən Rusiya kəşfiyyatının rəhbərini təkzib edə bilmərəm, Narışkini şəxsən tanıyıram.Yalnız bunu deyə bilərəm ki, qoy gəlsinlər və diqqətlə baxsınlar görək orada tam olaraq kim ola bilər, onlara heç kim maneə törətməz.

Vladimir Solovyov: - Biz hazırıq.

Çingiz Abdullayev: - Bizim Prezidentimiz dəfələrlə bəyan edib: bizim bu miqyasda xarici yardıma ehtiyacımız yoxdur.

Vladimir Solovyov: - Bəs Türkiyənin köməyinə ehtiyacınız var?

Çingiz Abdullayev: - Mənə elə gəlir, hər şeydə Ərdoğanı çox günahlandırırlar ki, bu, Ərdoğanın planıdır. Qarabağ hadisələri başlayanda Ərdoğan həbsdə idi, bağışlayın məni, səsləndirdiyi şeirlərə görə. Hər şeyi Ərdoğanın üstünə atmaq... Axı niyə? Putin sizdən və məndən daha yaxşı məlumatlıdır.

Vladimir Solovyov: - O daha çox məlumatlı olmalıdır da. Putində daha çox informasiya var.

Çingiz Abdullayev: - Başa düşürsüz, Türkiyədə minlərlə azərbaycanlı var, qohum xalqdır. Onlar oraya gəlirlər və türklər bu insanların əziyyətlərini görürlər. Çoxları qazanc dalınca Türkiyəyə, həmçinin Rusiyaya gedir. Niyə heç kim bu insanların ağrısını, ümidsizliyini anlamaq istəmir?

Vladimir Solovyov: - Biz bu barədə mübahisə etmirik. Ancaq siz indi sualdan bir qədər yayınırsınız...

Çingiz Abdullayev: - Amma siz qəbul etmirsiniz.

Vladimir Solovyov: - Xeyr, biz heç bir halda bu insanların yaşantılarını və faciəsini şübhə altına almırıq. Bu, aydındır. Biz indi konkret olaraq Türkiyədən danışırıq.

Çingiz Abdullayev: - Hə, fikir verdim.

Vladimir Solovyov: - Ərdoğanın dedikləri... o bu münaqişəyə daxil oldu. O, belə deyək də, ağızucu dedi ki, həmsədrlər (ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ nizamlanması üzrə - red.qeydi) heç nə edə bilmədilər, onların və həmçinin son dərəcə etinasızca Rusiyanın da adını çəkdi...

Çingiz Abdullayev: - Mən bunu görmüşəm, eşitmişəm və yeri gəlmişkən, o, haqlıdır. Belə danışaq: 30 illik nəticəsiz danışıqlar. Siz də bununla razılaşarsınız.

Vladimir Solovyov: - Yəni siz hesab edirsiz ki, o (Ərdoğan - red.qeydi) haqlıdır. Amma Prezident Əliyev isə mənimlə razıdır, çünki o, Ərdoğanın kəskin qiymətləndirməsi ilə razılaşmadı və dedi ki, elə məhz Rusiyaya qarşı heç bir pretenziyası yoxdur. Və o status-kvo ilə razılaşan ölkələri fərqləndirdi.

Çingiz Abdullayev: - Məhz bu gün Rusiyaya qarşı heç bir pretenziya yoxdur. Rusiya çox doğru mövqedədir.

Vladimir Solovyov: - Ərdoğanın isə var.

Çingiz Abdullayev: - Ərdoğanı başa düşmək olar. O, bu insanların bütün əzablarını görür. İndi isə sizə demək istədiyim, ekspertlərin nəzərinə çatdırmaq istədiyim ən əsas məsələ. Sizdə hər gün dağıntılar haqqında danışılması...

Vladimir Solovyov: - Hər iki tərəfdən.

Çingiz Abdullayev: - Bütün bu dağıntılar bizim ölkəmizin ərazisindədir, mənim ölkəmin.

Vladimir Solovyov: - Əlbəttə.

Çingiz Abdullayev: - Hər iki tərəfdən infrastruktur məhv edilir, amma bu, bizim torpağımızdır, Azərbaycan torpağıdır. Nəhayət, başa düşün ki, hər şeydən əvvəl, biz əziyyət çəkirik. Bu müharibə bizdə gedir. Sizin Çeçenistanda müharibəniz gedəndə biz sizin ağrınızı anlayırdıq. Çünki bu, Rusiyanın ərazisi idi. Siz nəyə görə bu gün bizim ağrımızı anlamaq istəmirsiniz?

Vladimir Solovyov: - Elə isə məni başa salın, özünüzü niyə belə incidirsiniz? Mənə izah edin, nəyə görə yüksək dəqiqlikli silahlara sahib olaraq, müxtəlif növ sursat istifadə edərək, Stepanakert də daxil olmaqla mülki hədəflərə istiqamətlənmiş tədbirlərlə özünüzü belə incidirsiniz?

Çingiz Abdullayev: - Mən sizə deyim niyə. Çünki artıq 30 ildir ki, bu danışıqlar heç nəyə gətirib çıxarmadı, insanları bu müharibəyə getməyə sadəcə məcbur etdilər və indi azərbaycanlılar yalnız bir şey istəyir - istəyirlər ki, xarici dövlətin işğalçı qoşunları bizim torpaqları tərk etsin.Vəssalam.

Vladimir Solovyov: - Bəs Azərbaycan ərazisində nə qədər erməni ordusu yerləşir? Siz Dağlıq Qarabağ ordusunun silahlı qüvvələrinin mövcudluğunu qəbul edirsiniz, yoxsa Dağlıq Qarabağın silahlı qüvvələrinin silahlı qüvvələr olmadığını hesab edirsiniz? 

Çingiz Abdullayev: - Siz özünüz dəfələrlə demisiniz ki, bütün nazirlərin, o cümlədən Paşinyanın övladı orada xidmət etmək üçün nümayişkaranə Dağlıq Qarabağa yollanırlar. Razılaşın da, azərbaycanlılar bunu necə başa düşsün? Tutaq ki, Rusiya kimləsə müharibə edir. Xarici dövlətlərdən prezidentlərin, nazirlərin, baş nazirlərin oğullarının döyüşmək üçün Rusiya ərazisinə gəldiklərini təsəvvür edirsiniz? Şəxsən siz buna necə yanaşardınız? Bir azca daha obyektiv olsanıza...

Vladimir Solovyov: - Elə məhz biz xeyli obyektivik. Mən, sadəcə, eşitmək istəyirdim ki, siz hesab edirsiniz ki, bütün erməni hərbi vəzifəliləri Azərbaycan ərazisini tərk etməlidirlər?

Çingiz Abdullayev: - Sözsüz ki.

Vladimir Solovyov: - Ancaq eyni zamanda, nə vacibdir: deyirsiz ki, Qarabağın statusu və Qarabağ məsələsi Qarabağın dağıdılması deyil, Azərbaycanın vəzifəsi erməni əhalisinin qovulması deyil.

Çingiz Abdullayev: - Heç bir halda. Heç vaxt heç kim bu barədə danışmayıb. Bu barədə bizim Prezidentimiz deyib: biz bu torpaqlarda yaşaya (birlikdə - red.qeydi) və normal yaşaya bilərik.

Vladimir Solovyov: - Bəs zəmanətlər heç müzakirə olunubmu? Mən, sadəcə, mövqeyin (Azərbaycanın - red.qeydi) vurğulanmasını istəyirəm. Birincisi, bu, 7 rayondan bir milyon qaçqındır. Madrid və Kazan formatlarının implementasiyasına hazırlıqdır. Amma orda yazılıb axı ki, Qarabağın statusu daha sonra müzakirə olunacaq. Və bu sual indi də havada asılıdır.

Çingiz Abdullayev: - Bəli, bəli, şübhəsiz. Mənim fikrimcə, muxtariyyət, sözsüz ki, saxlanılacaq. Bundan əlavə, bizim Prezidentimiz dəfələrlə deyib ki, bu olmalıdır, insanlar dinc şəraitə qayıtmalıdırlar. O, bu yaxındakı bəyanatında hətta Azərbaycanın hansı mərhələlərə razı olduğunu da açıqladı: beş rayonun, sonra iki rayonun azad olunması, sonra qaçqınların qayıtması - azərbaycanlıların və ermənilərin.

Vladimir Solovyov: - Və siz demək istəyirsiniz ki, münaqişədə suriyalı terroristlər və türk silahlı qüvvələri də, həmçinin iştirak etmir.

Çingiz Abdullayev: - Türk silahlı qüvvələrinin olmadığını doğru anlamısınız, bu, tamamilə dəqiqdir. Bu, "Türkiyə təyyarəsi" ilə bağlı situasiyaya bənzəyir: əvvəl bütün dünyaya yalan danışdılar ki, o, havaya qalxıb və zərbə endirib (erməni tərəfdən məlumat vardı ki, guya Türkiyənin F-16 təyyarəsi Ermənistan HHQ-nin Su-25 təyyarəsini vurub - red.qeydi), sonra anlaşılmaz bir üzr istədilər, sonra izah etdilər ki: bəs bizim prezidentimiz deyir.

Vladimir Solovyov: - Əlbəttə.

Çingiz Abdullayev: - Bu, çox gülməlidir. Axı peyk nəzarəti var, HHM var. Heç bir Türkiyə təyyarəsi buraya uça bilməzdi. Axı bütün dünyanı aldatmaq nəyə lazımdır? Qoşunlarla bağlı da həmçinin (erməni tərəfi döyüş əməliyyatlarında Azərbaycan tərəfdən guya türk qoşunlarının iştirakı barədə informasiyalar yayır - red.qeydi), bu belə deyil, qoşunlar ola bilməz. Rusiya kəşfiyyatının dediyi adamlara gəlincə, yəqin ki, konkret olaraq bir-bir yoxlamaq lazımdır. Lakin mən sizə bu ziddiyyətləri izah etdim. Azərbaycan onları özünə yaxın qoymaz.

Vladimir Solovyov: - Bununla belə, həlak olmuş kifayət qədər suriyalıların konkret adları var. Bu, Suriyadan gələn məlumatlardır.

Çingiz Abdullayev: - Mən sizə bir də deyim: gəlin bir-bir yoxlayaq.

 

Tərcümə etdi: Mətanət VAHİD

Tərcümə zamanı müsahibənin üslubu  olduğu kimi saxlanılıb


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!