FANTOM - Vüqar Amrah

      Səlim məktəbə getsə də, hələ düz-əməlli oxuya bilmirdi. "Ağ gəmi"ni də anası oxumuşdu ona. Çox xoşuna gəlmişdi. Oradakı uşağın sadəliyi, düşüncələrinin səmimiliyi Səlimi valeh etmişdi. Qulaq asdıqca xəyalı yaxın keçmişə qayıdır, hər dəfə ilk xatırladığı babası olurdu: hamı kimi müharibəyə iki ayaqla gedib, çoxlarından fərqli olaraq üç ayaqla qayıdan babası. Hər dəfə ilk epizod kimi xəyalında Orızqulun babası tərəfindən döyülmə səhnəsi canlanırdı. Üçüncü ayağı - əsası - ilə: "Əh, sənin var-yoxunu!" - deyib kəlləsinə necə ilişdirməsi, başından soralanıb axan qana bənd olmadan: "İsrayıl dayı, vallah pox yemişəm!" - deyən, Orızqulun yazıq görkəmi Səlimə uçmağa qanad verirdi. Səlimə elə gəlirdi ki, dünyada babadan güclü adam yoxdur, olsa da bircə Qurbanəli kişidir. Böyüklü-kiçikli hamı Qurbanəli kişidən qorxurdu - babadan başqa. Sünnət olunan günə qədər də elə düşünürdü...

      Həmin gün evlərinə çox adam gəlmişdi. Hamı da ona hədiyyə gətirirdi. Əslində, evin nübar nəvəsi olduğundan buna alışmışdı. Hədiyyə gətirənlərdən biri də həmişə Səlimi və həmyaşıdlarını qorxudan, nəhəng qarnını qabağa verib, özünü guya cibindən bıçaq axtarırmış kimi  göstərən, uşaqların "div" adlandırdığı həmin Qurbanəli kişi olmuşdu. Səlim də həmişəki kimi Divin onlara gəlməyəcəyini düşünərək evə qaçıb babaya sığınmışdı. Ancaq balaca, taxta qapıdan əzəmətli qarnını içəri salan Divi görəndə heç babaya da arxayın olmamış, həyətdəki çinar ağacına dırmanmışdı. Çinar ağacı uzun idi, həm də qol-budaqsız. Böyükləri saxlamazdı. Ona görə də aşağıdan yuxarı Səlimə düşməsi üçün dil tökməyə başlamışdılar, amma Səlim heç kimə inanmamışdı. Hətta onu: "Bax, yoxsa ağacı kəsəcəyik!" - deyib, hədələsələr də inanmamışdı. Yalnız babanın verdiyi sözdən sonra aşağı düşmüş, ayağı yerə dəymədən Qurbanəli kişi onu yaxalamışdı. "Eh, baba, baba! O boyda müharibəni bu kişiliknən necə udmusan?" - uşaq da olsa ağlından keçirmişdi. Div isə onu tutub evə aparmışdı və Səlim nə baş verdiyini qanana qədər ona əziz olan "cuculunun" ucundan bir az kəsmişdilər. Ağrıtmışdı, amma Divin qorxusundan səsini çıxartmamışdı. Sonrakı 20 il ərzində bu qorxu onun canından çıxmamışdı. Ta həkim kimi işə başlayanda Divin çəkdiyi meyvə arağını elə onun özündən pulla alana, efir yağı ilə zəngin arağı Divlə bir yerdə içib qorxuqarışıq qusana qədər. Qəribədir, həmin "poxmellə" yüngülləşmişdi...

Sonralar... Elə sonralar da baba ilə bir yerdə olmaq Səlim üçün maraqlı idi. O, qoltuq ağacına söykənib bir hektar yeri bellədikcə, Səlim də iri atqarışqaları cibinə yığır, qarışqalar canına daraşdıqca qıpqırmızı qızarıb qaşınır, baba da baxıb gülürdü. O güldükcə Səlim hirslənir, şitlik edib babanın əsasını götürüb qaçır, onu "piyada" qoyurdu: amma tez barışırdılar. Axşamlar Səlimi tək qıçı üstə oturdub "ay, kim tez yıxıldı" oynayırdılar. Oyunun müddəti baba ilə nənənin əhvalından asılı olurdu. Nədənsə, Səlimlə baba oynayanda nənə bir bəhanə ilə müdaxilə edirdi. Gah deyirdi: "İş tökülüb qalıb, sən də uşaqla uşaqlıq eləyirsən!", gah da: "O zəhirmarı az iç!" - deyib deyinirdi. Axırda mütləq dalaşırdılar. Bu küsülülüyün nə qədər davam etməsi Səlimi qətiyyən maraqlandırmırdı. Baba ilə nənənin barışması isə Səlimin təntənəli şəkildə qayğanaq yeməyi ilə yekunlaşırdı. Və qayğanaq yeməzdən əvvəl Səlim mütləq babanın yaxası medalla dolu pencəyini geyir, ətəyi yerlə sürünə-sürünə şah təlxəyi kimi qabaqlarında var-gəl edirdi. O vaxtdan Səlim üçün sülh rəmzi ağ göyərçin yox, məhz qayğanaq idi. Heç olmasa qayğanağı yemək olur...

    Çox zarıyıb zəhlə tökəndən sonra baba Səlimi iş yerinə aparırdı. İş deyəndə, "sovxozun" qarovulu idi. Bir ayağı olan adama nə iş verəsiydilər? Kənarı hasarlanmış bir neçə hektar ərazinin küncündə balaca koma. Komanın bir qapısı, şüşə yerinə yağlı kağız yapışdırılmış pəncərəsi vardı. Səlim nahara qədər ərazidə atılıb qalmış maşınlarla oynayırdı. Həmin maşınlar əcaib divləri xatırladırdı ona. Birinin "qolu" yox idi, digərinin "dişi". Lap babası kimi. Səlim günortaya qədər maşınları oxşayır, onlarla söhbət edir, hal-əhval tuturdu. Nahar vaxtı baba Səlimi komaya çağırır, kitabı və eynəyi bir kənara qoyur, evdən gətirdiyi soyutma yumurtanı, kartofu süfrəyə düzür, sonra iştahla yeyirdilər. Arabir babanın dostları da gəlirdi. Onda Səlimin əhvalı göylə gedirdi. Çünki onlar gələndə Səlimə sarı, ləzzətli "Düşes" limonadı gətirirdilər. Səlim balaca stəkanı qıjıltı ilə tökülən limonadla doldurub, bir-bir onların qırmızı "limonadı" ilə toqquşdururdu. Limonadını içdikdən sonra baba Səlimi maşınlara nəzarət etməyə göndərir, özü isə dostları ilə "vacib" söhbət üçün komada qalırdı. Bəs necə? Axı, buranın böyüyü baba idi. Səlim də, babanın dostları da ona tabe olmalı idilər. Belə olmasaydı baba müharibəni necə udardı? "Vacib" söhbətdən sonra babanın kefi kökəlirdi. Qoltuq ağacına söykənib Con Silver kimi gülməli tərzdə atıla-atıla Səlimlə bərabər ərazini gəzir, ona maşınlar haqqında məlumat verirdi: "Bu - otbiçəndi, bu - pressbağlayan, bu isə - toxumsəpəndi...". Səlimin maşınlardan başı çıxmasa da, həmişə eyni sualı verirdi.

- Baba, bəs niyə otbiçən ot biçmir, niyə toxumsəpən toxum səpmir?

    Bu sualdan sonra babanın qanı qaralırdı və nədənsə, üzünü sovxoz idarəsinə tutub toxumları söyürdü. Səlimə elə gəlirdi ki, toxum nədirsə, müqəddəs şeydir. Yəqin, baba da elə düşünürdü. Deyirdi: "Toxum olmasaydı müharibəni uduzardıq. Əgər bir də müharibə olsa mütləq uduzacağıq". Amma buna baxmayaraq, toxumları söyürdü və Səlim onun bu hərəkətini başa düşə bilmirdi. Yayda sovxoz ərazisinə çoxlu toxum gətirirdilər. Sapsarı, bapbalaca, uzunsov toxumlar... Onda Səlim maşınlara fikir vermir, toxumlarla söhbət edirdi: "Ay toxumlar, gözəl toxumlar, babam sizi niyə söyür? Siz ona neyləmisiz? Axı, müharıbəni siz udmusuz. Axı, siz olmasaydız babam müharıbədən qayıtmazdı". Toxumlar isə günəş şüaları altda nazlanır, Səlimə cavab vermirdi.

Axşamlar televizorda müharibəli filmlərə baxırdılar. Baba gözünü ekrandan ayırmır, tez-tez filmi çəkənlərə irad tuturdu: "İt uşağı, belə də müharibə olar? Ə, müharibədə kimisə tuşduyub atmaq olardı? Əlimizi səngərdən çıxarıb Allah-Allaha, hara gəldi atırdıq. Onda da əlimizə güllə dəyirdi. Əşşi, bunlar nə qanır müharibə nədir?". Yenə toxumların ünvanına qəttəzə söyüşlər... Bu söyüşlərdən sonra yuxuda toxumlar faşist libasında onun üstünə gəlirdi və Səlim bir neçə gün baba ilə işə getmirdi.

Keflərinin yaxşı vaxtında Səlim babanın güllə dəlmiş yerlərini bir-bir sığallayır, ağrıyıb-ağrımadığını soruşur, sonra da hər birinin tarıxçəsi ilə maraqlanırdı. Baba qürurla, həvəslə danışırdı. Ən zırıltı sual-cavab kəsilmiş ayağa çatanda başlayırdı. Bu zaman, nədənsə, baba üz-gözünü turşudub əzab çəkən adamlar kimi əvvəlcə Səlimdən kəsilmiş ayağının barmaqlarını qaşımasını istəyirdi. Səlim də heyrətli baxışlarla protezin ucunu qaşıyar, baba da, sanki sakitləşərdi.

- Baba, axı sənin barmaqların yoxdu!

- Noolsun, dədəm də yoxdu, amma ağrısını hələ də hiss edirəm.

- Baba, ayağını niyə kəsdilər?

- Çürümüşdü, ona görə.

- Bəs niyə çürümüşdü?

- Çünki üstünə top gülləsi düşmüşdü.

- Bəs top gülləsi niyə düşmüşdü?

- Mən pulemyotçu olmuşam, balası. Faşistlərin də uzunluğu bir-birindən fərqli üçlüləli topu vardı. Mərmiləri dalbadal atsa da, hərəsi bir yerə düşürdü. Biz o topu səsindən tanıyırdıq. Birinci mərmi arxamıza düşən kimi tullandım, amma çatdıra bilmədim.

- Bəs sonra?

- Sonra bir urusun evində ayıldım. Məni peç üstə uzatmışdılar. İsti vurduqca donum açılırdı, ağrılarım dözülməz olmuşdu. Evdə iki balaca qız da vardı. Dedilər, məni onlar tapıb evə gətirib. Ayıldığımı görəndən sonra mənə şorba verdilər. İçində ət vardı - yemədim. Bilirsən də, ət yemirəm. Ev sahibəsi məndən küsdü: "Bə "ət, ət" deyib zarıyırdın? Aman-zaman bir keçim vardı, onu da sənin üçün kəsdim, sən də yemirsən". Sonra qızlar məni kirşəyə qoyub 7 kilometr aralıdakı hospitala apardılar. Oranın əclaf baş həkimi məni qəbul eləmədi. Nə var-nə var zabit deyildim. Bu hospital ancaq zabitlər üçün imiş.

Yenə Orızqul əynində ağ xalat, başından şoralanıb axan qanla Səlimin gözləri önündə canlandı. "Görəsən, baba niyə əsasını o əclafın başına vurmayıb?". Səlim balaca yumruqlarını düyünləyib soruşurdu:

- Bəs  sonra nə oldu?

- Sonra? Sonra qızlar məni geri qaytardılar evə. Qarovulçu onları başa salmışdı ki, hər cümə günü general zabitləri yoxlamağa gəlir. Xəstəni qapı ağzında qoyub gizlənin. Kim olduğunu soruşanda deyəcəm.

- Baba, bəs o qarovulçunun nəvəsi vardı? - Səlim sual versə də xəyalı sapsarı, qıjıldayan "Düşes"in yanındaydı.

- Bəlkə də. Qızlar qarovulçunun dediyi kimi elədilər. Onda ayağım bərk ağrıyırdı. General mənim kim olduğumu soruşub. Qarovulçu da deyib ki, zabit olmadığı üçün hospitala götürmürlər. General qəzəblənib hamısını söyüb: "Axı, o, sovet əsgəridir, ay sizin toxumunuzu!.." - və məni xəstəxanaya götürüblər. Hətta o əclaf baş həkimin əlləri əsirmiş. Sonra hospital sərgüzəştləri, ilyarımlıq müalicə, protezlər, daha nələr, nələr...

  Axır vaxtlar babanın barmaqları qaşınmırdı, elə bil yadından çıxmışdı. Günlərin bir günü Sovetlər ölkəsi dağıldı və baba bir-iki gün çörək yemədi, heç işə də getmədi. Bütün günü üz-gözünü turşudub, olmayan  barmaqlarını qaşıdı, arabir də başını qaldırıb toxumları söydü və bir müddət sonra Səlim babasız qaldı...

    İllər sonra həkim-zabit kimi xidmət etdiyi vaxtlarda əclaf "naçveş" onlara verilməli uniforma pulunu əlləri əsmədən kəsəndə, Səlim də babası kimi üz-gözünü turşudub onun toxumuna söyəcək, sonra babasını ölümdən xilas edən həmin generalın şərəfinə rus generalının mərasim formasını alacaqdı. Və hər dəfə babasının qəbrini ziyarət etməzdən əvvəl general formasından xeyir-dua istəyəcəkdi...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!