Fevralın 25-i idi. Qar yağırdı. Rəhim dostları ilə həyətə çıxmışdı. Uşaqlar sevinirdilər. Onların körpə könlündən qartopu oynamaq, qaradam düzəltmək keçirdi. Onlara elə gəlirdi ki, neçə vaxtdan bəri Xocalı şəhəri üzərində dolaşan qara buludlar dağılır...
Bir müddət əvvəl Şuşadan gələn vertolyotu erməni hərbçiləri vurmuşdular. Bu hadisəni Rəhim eyvandan öz gözləri ilə görmüşdü. Əvvəl qara tüstüyə bürünmüş vertolyot aşağı şığıdı. Yerə düşəndə partlayış səsi gəldi və böyük alov burula-burula yuxarı qalxdı. Lap filmlərdə olduğu kimi. Amma bu, film deyildi. Radioda xəbər verdilər ki, Şuşa vertolyotu vurulub. O gündən Xocalı aeroportunda səssizlik idi. Rəhim çox qorxmuşdu, daha həyətə çıxmırdı. İndi isə qar yağmışdı. Onun həssas uşaq qəlbi sevinirdi.
...Gecə anası Rəhimi yuxudan oyatdı. Mərmilər partlayır, ev silkələnirdi. İşıqlar yanmırdı. Hər yer zülmət içində idi. Tərslikdən Xocalı aeroportunda işləyən atası növbədə idi. Ana Rəhimin körpə bacısını şala bürüyüb qucağına aldı. Bayırda şaxta vardı. Əllərinə düşəni geyinib evdən çıxdılar...
Qarqar çayına çatanda dayandılar. Çayın qarlı sahili buz bağlamışdı. Ana körpə qızını sinəsinə sıxdı, Rəhimi belinə alıb çayı keçirdi. Amma oğlanın bir ayaqqabısı ayağından çıxıb suya düşdü. İndi Rəhim ayaqyalın qalmışdı. O ağlamağa başladı. Anası onu qucaqlayıb: "Axı sən kişisən, ağlama! - dedi, - müharibədi. Müharibədə hər şey olur". Onlar qarlı meşəyə girdilər.
Rəhimin ayağı əvvəl üşüdü, donub keyidi. Sonra isə qar ayağının altını yandırmağa başladı. Sizcə, qar adamın ayağını yandıra bilər? Amma Rəhiminkini yandırırdı.
Onlar üç gün ac-susuz meşədə dolaşdılar. Ot, ağac qabığı qoparıb yeyirdilər. Dağların döşündə bitən kolların dibində gecələyirdilər. Qollarında güc, dizlərində taqət qalmamışdı. Körpə bacısı daha ağlamırdı. Uşaq donmuşdu.
Milli ordumuzun əsgərlərinə rast gələndə sevincdən Rəhimin dili tutuldu. Onları Ağdam rayonunun Gülablı hərbi hissəsinə gətirdilər. Sonra xəstəxanaya göndərdilər. Fevralın 28-i idi.
Rəhimin bir ayağını don vurmuşdu. O, ayaqsız böyüdü. Bacısız, atasız böyüdü. Ümidləri, arzuları Xocalıdakı evlərində yanıb kül oldu. O daha heç vaxt qarla oynamadı. O, qarı sevmir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!