Məryəm xalanın oğlu - Hekayə. Həmid PİRİYEV

 

Doxsan birinci ildə cəbhəyə könüllü getmişdik. Qrupdakı bütün oğlanlar. Onda axırıncı kursdaydıq. Qayıdan üç nəfərdən biri mən oldum. Doxsan altıncı ilin payızıydı mən qayıdanda. Məndən bir az aralıda döyüş yoldaşım minaya düşmüşdü. Onun bədəni parçalanmışdı, mənim sol ayağımla sol qolum zədələnmişdi. Hospitalda uzun müddət müalicə alandan sonra ordudan tərxis olunmuşdum.

Çox şeyimi itirmişdim. Anam ölmüşdü, sevdiyim qızı başqasına vermişdilər, əlil qalmışdım, axsayırdım. Amma həyat davam edirdi. Universitetə bərpa olundum. Riyaziyyat müəllimi ixtisasında oxuyurdum. Təhsilimi başa çatdıranda Qubanın kəndinə təyinat verdilər. Buna sevindim, onsuz da şəhərdə qalmaq istəmirdim.

Avqustun ortası Qubaya getdim. Direktor yaşlı kişiydi. Məni mehribanlıqla qarşıladı. Müəllimlərlə, məktəblə tanış etdi. Xoş-beşdən sonra kənddə kirayə qala biləcəyim ev olub-olmadığını soruşdum. Bir az fikirləşəndən sonra dedi ki, yaşlı qadın var, tək yaşayır, onun evi münasib olar.

Məktəbdən çıxıb ora getməyə başladıq. Gedə-gedə direktor qadın haqda danışdı: "Məryəm arvad yaxşı adamdı. Könlü qırıqdı. Bir oğlu vardı, davadan qayıtmadı. Qızı iki kənd o tərəfdə ərdədi. Gec-gec gəlir. Əri də üç il qabaq ölüb. Təmtək yaşayır. Evi-zadı böyükdü, yerin rahat olar. Həm də arvada həyan olarsan. Qoca adamdı".

Kəndin qırağındakı həyətə çatdıq. Direktor yerdən qəmbər götürüb qapını döydü. İçəridə it hürməyə başladı. İki-üç dəqiqə sonra Məryəm xalanın səsini eşitdik. Gəlib qapını açdı.

- Məryəm xala, - direktor dedi, - bu oğlan müəllimdi, məktəbimizə göndəriblər. Qalmağa kirayə ev axtarır. Razısansa, sənin evində qalsın.

- Xoş gəlib. Gözümüzün üstündə yeri var. - Qapıdan çəkilib bizi içəri dəvət elədi: - Gəlin.

Həyət də böyük idi, ev də. Ev həyətin qabaq tərəfindəydi, yerdən dörd-beş daş hündür tikmişdilər. Evin dalı nə boyda meyvə bağıydı. Həyətdə toyuq-cücə eşələnirdi.

Çıxıb artırmada oturduq. Məryəm xala stolun üstünü silə-silə axsamağıma işarə edib, nə üçün axsadığımı soruşdu. Direktor məni qabaqlayıb dedi:

- Davada olub.

Məryəm xalanın əlləri əsdi, stolu sildiyi əsgi yerə düşdü. Amma tez özünü ələ aldı, əyilib əsgini götürdü, üzünü döndərib içəri girdi.

- Siz oturun, çay gətirim, - dedi.

Çayı gətirib yanımızda oturdu. Yerə qoyduğum balaca çantaya baxdı. Yəqin, əşyamın azlığı onu təəccübləndirmişdi. Bir az pal-paltar götürmüşdüm, beş-altı da kitab. Amma heç nə soruşmadı.

Direktor çaydan bir qurtum içib dedi:

- Hansı otağı verəcəksən, Məryəm xala? Elə qiyməti də razılaşaq.

- Nə pul? Ondan pul istəyən kimdi? O da mənim oğlum. Öz evi kimi, hansında istəyir qalsın.

Direktor pul məsələsinin üstündə dayanmadı, çayı içib getdi. Məryəm xala məni içəri apardı. Ev dörd geniş otaqdan və mətbəxdən ibarət idi. Otaqlardan birini göstərib soruşdu:

- Xoşuna gəlir?

Razılıqla başımı tərpətdim. İçəridə çarpayı, komod, stol-stul vardı. Yerə xalça döşənmişdi. Məryəm xala təzə döşəkağı, balışüzü gətirib çarpayını rahatladı. Sonra məni həyətə aparıb hamam-tualetin yerini göstərdi. Meyvəliyi gəzdirdi, həyətin o biri başındakı tövləyə də baxdıq. Tövlə böyük olsa da, içəridə yanı balalı bircə inək vardı.

- Qabaq çox mal saxlayırdıq, qoyunumuz, keçimiz də vardı, rəhmətlikdən sonra satdım hamısını. Bir bu inəyi saxlamışam ki, süd-qatığın tamarzısı olmayım. Neynim, tək gücüm çatmır baxmağa.

Əşyalarımı yerbəyer etmək üçün otağıma gedəndə qonaq otağındakı şəkillər diqqətimi çəkdi. Yaxınlaşıb baxdım. Ərinin, oğlunun, qızının və nəvələrinin şəkilləriydi. Oğlunun üzü tanış gəldi. Diqqətlə baxanda tanıdım, eyni bölükdə döyüşmüşdük. Mülki paltardakı şəkildə birdən-birə tanıya bilməmişdim.

Məryəm xala şəklə baxdığımı görüb dedi:

- Oğlumdu. Davadan qayıtmayıb.

Məryəm xalaya başsağlığı verib otağıma keçdim.

Oğlanın adı Mövlud idi. O, doxsan ikinci ildə, Xocavənd ətrafında gedən döyüşlərdə şəhid olmuşdu.

Onunla bağlı bir xatirəm yadıma düşdü. Bir dəfə axşam vaxtı söhbət edirdik. Yoldaşlarımızdan biri ondan soruşdu ki, qayıdandan sonra nə edəcəksən? Dedi, evin çardağında siqaret gizlətmişəm, onu çəkəcəyəm.

İstədim çardağa çıxıb baxım. Amma Məryəm arvad şübhələnərdi. Mənim onların çardağında nə işim ola bilər axı? Mövludu tanıdığımı ona demək istəmirdim. Uyğun vaxt gözləməyə başladım.

Tezliklə dərslər başladı. Məktəbə də, uşaqlara da, kəndə də tez isinişdim. Günorta dərsdən qayıdandan sonra da Məryəm xalaya kömək edirdim. Bütün günü başım qarışıq olurdu, darıxmırdım.

Hardasa sentyabrın axırıydı. Gecə səhərəcən möhkəm yağış yağdı. Səhər məktəbə gedəndə Məryəm xalanın otağından tasla çıxdığını gördüm. Tasın içində yarıyacan su vardı. "Gecə otağım damırdı", - dedi.

- "Yəqin, kirəmitlər zədələnib. Günorta gəlib baxaram", - dedim.

Məktəbdən qayıdan kimi paltarımı dəyişib həyətə düşdüm. Heç çörək də yemədim. Çardağa çıxmaq imkanı qazandığım üçün sevinirdim. Nərdivanı divara söykədib dama çıxdım. Çardağa evdən giriş yox idi, gərək bayırdan çıxıb damdakı gözdən girəydin. İki dənə kirəmit yerindən sürüşmüşdü. Onları bərkitdim. Sonra siqareti axtarmağa başladım. Mövlud qutunu atma taxtaların arasında gizlətmişdi. Marlboro qutusunda bir dənə siqaret vardı. Qutunu götürüb çardağın gözündə oturdum. Burdan kəndin çox hissəsi görünürdü. Yəqin, haçansa Mövlud da belə oturub kəndə baxırmış. Əllərim əsə-əsə siqareti ağzıma qoyub yandırdım. Tüstüsü boğdu məni. Siqaret nəm çəkmişdi. Boğula-boğula öskürməyə başladım. Gözlərim yaşarana qədər öskürdüm. Aşağıdan Məryəm xalanın səsini eşitdim:

- Noldu sənə, a bala? Düş aşağı su iç.

Öskürəyim dayandı. Məryəm xalaya baxdım, gözlərim dolduğu üçün onu bulanıq görürdüm.

- Düş, düş. Dayan, su gətirim, - dedi. Becid-becid evə su gətirməyə getdi.

Mart - 2020

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!