Qələbəyə aparan yol - Kənan Hacı

Söyüdlər, sanki sulara tilov atmışdı, Kürün hüznlü sakitliyi onun fikrini uzaqlara çəkib aparmışdı...

Xəyalən dərəni dolanıb körpüdən keçdi, qırağı yarpızlı lal axan arxı bir vaxtlar öz əliylə çəkmişdi. Ciyərlərinə biçənək ətri doldu, ot tayasına sərilib qarşıdakı dağların havasını ciyərlərinə çəkdi. Duman ətəyini əlinə yığıb çəpərdən aşdı və tədricən uzaqlaşdı. Fikri, duyğusu da elə bil aynıyır. Şenlikdən o yana axan arx boyu addımlayır. Gəlib doğulduğu kəndə - Böyük Mərcanlıya çatır. Evlərinə doğru addımlayır, həyətdən adlayıb sürahiyə söykənir və bir hovur toxtayır. Ürəyindəki xiffət xalı silinir, üzündən-gözündən intizarın çəni çəkilir. Fikrində aranı dağa, dağı arana daşıyır. "Qəribədir, bəs bu camaat hardadır? Niyə ins-cins gözə dəymir?" - deyə özü özünə sual verir. Dağlar, sanki bu səsə diksinir, yerindən qopub üstünə gəlir, ağaclar sözü bir yerə qoymuş kimi hamısı çevrilib ona baxır. Adam doqqazın ağzındakı yarmaça kötüyün üstünə çökür. Ağlından nələr keçir? Kim bilir...

...Çinarlar müdrik qocalar kimi xəyala dalmışdı. Didik-didik olmuş boz duman sıra dağların böyür-başından hürküb-çəkinmədən arsız-arsız bu xəyal heykəllərinin ətəyi boyu sürünməkdə idi. Dağların bozarmış, tutqun sifəti tənəylə, qınaqla dolu idi. Başımızı qovzayıb zirvəsini öydüyümüz, boyunu oxşadığımız, yerindəcə qayım-qayım durmuş "qüdrətdən, səngərdən qalalı dağlar" postda dayanmış əsgərlər kimi sinəsini düşmənə sipər etmişdi.

Dağlar uzaqdaydı...

Dağların boynuna dolanan cığırın ayaqları budanmışdı. O səmtə nə əl çatır, nə ün yetirdi. Tarixdə müzəffər yürüşləri və qələbələriylə tanınan Makedoniyalı İsgəndərin adaşı olan bir uşaqla burda rastlaşdı. Üzünü qiblə bildiyi uca dağlara tutaraq səsini bir əsim mehə büküb o səmtə yollayırdı.  "Qarabağ şikəstəsi" oxuyurdu. Bir qarış sinədən ox kimi sıyrılan bu səs "alma gözlü, qız birçəkli" şahbaz atların kişnərtisinə qəribsəyən dağların yeganə həyanı, simsarı idi... Yağı əlində qalmış oylaqları, zümrüd meşələri, sərt qayaların sinəsindən fışqıran çeşmələri, buz bulaqları için-için göynədirdi bu səs... Bu səs onu az qala, öz burulğanında batıracaqdı. Bu zalım balasının özündən, öz səsindən xəbəri yox idi. Bütün varlığı uçuna-uçuna öz səsinin oxu ətrafında fırlanırdı. Oxuya-oxuya: "Alacam qisasımı!" - deyirdi. Dünya boyda kədər bir damla yaşa dönüb dumduru gözlərindən yanağı boyu axaraq qəzəbdən qaralan sifətində iz buraxdı, torpağa düşüb yerin sinəsini dağladı.

Bircə qarış boyu ilə yerə-göyə meydan oxuyan bu uşağın içindəki qəzəbdən güc alan səsi, sanki dağlara bir az toxtaqlıq verdi. Dağların batıq çiyinləri dikəldi, köksü qabardı. Pərdə kimi üzünə çəkilən boz dumanı sıyırıb dərənin dibinə tulladı. Qiblə yellərinin qanadında dağlara yetişən bu səsin titrək sədası iliklərinəcən işlədi. And kimi səsləndi qulaqlarımda:

- Sizi xilas edəcəyəm, dağlar, ay dağlar, eheyyyy!..

Kədərli baxışlarını onun üzünə zilləyib danışmağını xatırladı:

- Kənddən çıxanda birdən yadımıza düşdü ki, Bozdar həyətdə zəncirə bağlı qalıb...

Gözünün yaşı bəbəklərinə yığılır. Yol çəkən gözlərini dağlara dikib titrək səslə: - Görəsən, necədi Bozdar?.. - deyir.

Neçə illər həyət-bacanı, ara-bərəni yad nəzərdən, ilxını, sürünü canavardan qoruyan qara ağızlı Bozdarın xiffətini çəkirdi balaca... "Boynun da zəncirdə, neyləyəcəksən?".

- Ac qalardı, yad adamın atdığı tikəyə yaxın durmazdı...

Bunu da İsgəndər deyir. Uşağın başını aldatmaq istədi: - Zəncirini açıb buraxarlar. Onlara it lazım deyil, neynirlər iti?..

Fikri uzaqlardaydı, deyəsən, heç dediklərimi də eşitmədi. İçindəki qəzəbin əlində əsir-yesir qalmışdı, bapbalaca canı bu boyda qəzəbi daşıya bilmirdi. Nifrətini canından səsiylə çıxarırdı, yoxsa ortadan iki bölünərdi, çatlayardı. Bir qarış sinədən ox kimi sıyrılan bu səs göy üzünü qana boyamışdı...

İsgəndər səsiylə silahlanmışdı, çünki hələ avtomata gücü çatmırdı, çox balacaydı. İstəyirdi səsi doğulduğu yerlərə gedib çatsın. İsgəndərin səsi o torpaqların bir parçası idi, düşmən o səsi işğal edə bilməmişdi. Tankın, topun o səsi almağa gücü çatmamışdı. O səsi dinləyən Qarabağı - Şuşanı, Cıdır düzünü, İsa bulağını görmüş sayıla bilərdi. O səs o yerlərin havası üstə köklənmişdi, o səsdən Qarabağ torpağının ətri gəlirdi. Torpaq səsə çevrilmişdi və işğalçının üstünə ox kimi süzürdü, ona göydən həmlə edirdi.

Bu zalım səs də qanadlanıb uçurdu və ona güllə yetmirdi, o səs nişangaha gəlmirdi, ox kimi gülləni atanın gözünə batırdı. Şair həm də belə deyirdi: "Allah sürətlə gedən zamanı birdən-birə saxlayıb bizə hər şeyi göstərdi". Gördüklərimiz əbədi olaraq yaddaşımıza yazıldı. Xocalı qətliamını törədənlər cəhənnəmə gedincə cəhənnəm olduğundan da dəhşətli görünəcək. İsgəndər cənnətə gedincə cənnət daha da gözəlləşəcək.

İlk dəfə dünyanın ədalətsizliyi ilə üz-üzə gəlmiş bir uşağın içindəki qəzəbin mənəvi çəkisi böyüklərin nifrətindən on qat artıqdır. Bu nifrət onu haqsızlıqla mübarizədə tərbiyə edir. Bəzən insanı sevgi yox, nifrət xilas edir. Söhbət birbaşa işğalçıya qarşı nifrətdən gedir. Təcavüzə məruz qalan insanın humanizmi gülünc görünər. Bu məqamda nifrət qaçılmazdır, bu nifrət sənə həqiqəti müdafiə etməyə, haqqı qorumağa, ədaləti bərpa etməyə səsləyir. Məhərrəm müəllim sidq-ürəkdən inanırdı ki, İsgəndərin səsi düşmən tapdağı altında qalmış torpaqlara, lap elə İsgəndərin atasının tikdiyi o evəcən gedib çatır. Bozdar da zəncirini qırıb sevincək o səsə doğru qaçır, o səs sahibinin hardasa lap yaxınlıqda olduğunu bilir.

Məhərrəm müəllim hər həftə xidməti maşını ilə Füzuliyə, Cəbrayıla baş çəkir, vətəni qoruyan əsgərlərə yardımlar aparırdı, əsgərlərlə görüşüb söhbətlər aparır, onlarda ruh yüksəkliyi yaradırdı, onları qələbəmizə inandırırdı. Bu yardımların içində silah-sursatdan tutmuş pal-paltara, ərzağa qədər əsgərə lazım olan bütün zəruri əşyalar olurdu. Dəfələrlə ona xəbərdarlıqlar edilmişdi ki, "özünü təhlükəyə atırsan, balaların var, onları yetim qoya bilməzsən, mümkün qədər özünü qoru". Hər dəfə də cavabı eyni olurdu: "O torpaqları balalarımız üçün qorumalıyıq. Torpaq dədə-balarımızın bizə əmanətidir, hər birimiz canımız bahasına olsa belə, onu qorumalıyıq. Orda döyüşənlərin hər biri bizim qardaşımızdır, oğlumuzdur. Biz onların yanında olmalıyıq".

O zaman idi ki, yollarda ləpirlər güllələnirdi, topların mərmisi kimlərinsə eyvanına düşürdü, kəndlər erməni işğalçıları tərəfindən viran qoyulurdu, qəbir qazmağa da vaxt tapılmırdı, insanlar doğmalarını, əzizlərini dəfn etməyə macal tapmırdı, həyətlər, bağçalar məzarıstana çevrilirdi.

Alnımıza yazılanları başımıza yağan mərmilər pozdu...

O, həmişə evdən işə piyada gəlirmiş və yol boyu adamların dərd-səriylə maraqlanır, məsləhətlər verirdi. Üzəri qağayılı, suları durğun Kür çayının sahilindən keçə-keçə insan taleləri də beynində sıralanırdı. Bir insanın yolu niyə həbsxanaya düşsün ki? Bir insan niyə Tanrının verdiyi ömrü məhbəs divarları içində çürütsün? O, dünyaya qurub-yaratmaq üçün gəlmişkən niyə azadlığından olsun? Fikirlər beynini yorduqca Kür çayı əsəblərinə sığal çəkirdi. Onda Kürün dəli-dolu çağları idi və Məhərrəm müəllim Kürün sahilində gərdiş edə-edə verəcəyi qərarlar haqda düşünürdü. O, hansısa səbəbdən cinayət törətmiş adama islah olunmaq üçün şans verirdi və verəcəyi qərarın ədalətli olması onun üçün hər şeydən vacib idi, bu, onun dəyişməz prinsipi idi. Heç bir qüvvə onun verəcəyi qərarı dəyişmək iqtidarında deyildi, o, həmişə güclünün deyil, zəifin yanında olmuşdu, ona arxa-dayaq olmağa çalışmışdı, haqlı cəza alan adam da törətdiyi əməlin mahiyyətini dərk edərək ondan razılıq edirdi. Onun tərbiyə metodu, insanda insanı oyatmaq cəhdi heyrətamiz idi.

Dünyanın alış-verişindən özünə görə baş çıxara bilirdi. Ağlı kəsəndən elə belə görmüşdü; biri gedir, o biri gəlir. Qış öz vaxtında köçünü sürür, yazın gözəlliyini yayın qısqanclığı yandırıb külə döndərir. Payız gözünün qorasını axıtmalıdır, çünki onun qəlbinə sirribilinməz gözü yaşlı mələk hakimdir. Dərdini özü çəkməli, özü öz içindən sovulub talanmalıdır.

O, hər şeyə təbiətin gözüylə baxmağa adət etmişdi. Bununla belə heç də fikirləşmirdi ki, canlı hərəkət, insan fəaliyyətinin nəticəsi sabahın təkrar dönümləri, parlaqlığını itirmiş gözləridir. Bilirdi ki, həyatın əlifbası çarpışmaqla başlayır. Lakin bəzən də elə olur ki, cəsur, mərd adam dünyaya qürurla dolu qəlbinin gözü ilə baxdığı, hisslərinin diktəsi ilə yazılmış həyat kitabını öz bildiyi kimi oxuduğu üçün qarşısına addımbaşı çətinliklər çıxır. Mübarizə aparmağa başlayır və mübarizənin coşqun axınında qaynar həyat sahillərinə doğru yan alır. Səfərbər etdiyi son qüvvəsi və qətiyyəti ümidsizliyin tutqun şəfəqləri altında tükəndiyi vaxt birdən, qəlbinin ilahi çağırışı ilə məşum ölümə doğru yönəlir... Fərq etməz, qalib hiss məğlubedilməzdir.

Müharibə qatarı bu illər ərzində getdikcə sürətini dəlicəsinə artıraraq Qarabağın ərazilərinə daxil oldu və sanki yol getməkdən közərmiş çarxları uçulub dağılmış Horadizin daş gövdəsinə sancılıb qaldı. Bombardmanın böyür-başını gəmirib-dağıtdığı pəncərələri qaralan, küçə qapıları bərk-bərk bağlanmış evlər torpaqdan ucalan tutqun qayalara oxşayırdı. Nə addım səsi, nə qapıların taqqıltısı, nə də bir qayda olaraq qonşuların bir-biriylə salamlaşması eşidilmirdi. Hər tərəfə ölü bir səssizlik çökmüşdü. Son günlər şəhəri bürümüş dəhşətli yanğın artıq yavaşımışdı. Buna baxmayaraq havada tüstünün acı tamı qalırdı. Qan qoxuyan qara tüstünün, hisin içindən meydanlar, küçələr yavaş-yavaş aşkara çıxır, yanmış polad gövdəli nəhəng tanklar, sökülüb dağılmış barrikadalar, mərmilərin deşik-deşik edib daş döşəməyə pərçimlədiyi maşınlar, əyilmiş fənər dirəkləri, yanıb külə çevrilmiş, hələ isti olan, hələ tüstülənən kərpic qalaqları görünürdü.

Barrikadaların qarşısında və arxasında daş döşəmələrdə, dörd yol ayrıclarında və mərkəzi küçələrin tinində şüşələri sınmış vitrinlər, pulemyot atəşindən yarısı qopub düşmüş mağaza və dəlləkxana lövhələri, onların yanında bərq vuran çilik-çilik olmuş güzgü qırıntıları, əzik-üzük edilmiş toplar düşüb qalmışdı. Orda-burda sınıq-salxaq velosipedlər, ilan kimi qıvrılıb qalmış çirkli tənzif kəsikləri, partlayış dalğalarının dağıtdığı maşınlar, orda-burda səkilərə uçub tökülmüş, elə bil ülgüclə kəsilmiş divar qalıqları arasındakı sınıq mebellərin içində, üstünü kərpic tozu basmış, əzilmiş meyit kimi içalatı çıxmış, ağ simləri miskin-miskin ağaran piano. Bu uçuntu, dağıntının üstündə - yuxarı mərtəbədə, uçmuş mənzilin divarlarının bir hissəsi qalmışdı. Hisə, quruma bulaşmış düzbucaqlı divar kağızlarının üzərində bir az bundan qabaq asılmış fotoşəkillərin yeri və tavanda açılmış deşiklərin arasından möcüzə nəticəsində salamat qalmış, hörümçək toruna oxşayan məftillərdən sallanıb yırğalanan və özü də şüşə hörümçəyə bənzəyən çilçıraq görünürdü.

Başdan-başa daşdan tikilmiş bu böyük, məşum şəhər bir neçə gün ərzində ölüm sarsıntısı içində alov dişlərini qıcayır, sanki tüstü içində qovrulurdu. Şəhər uğuldayır, qaynayır, yanğın içində qıc olubmuş kimi qıvrılırdı.

Cəbrayıla yol bağlanmışdı, Böyük Mərcanlıya gedə bilməyəcəkdi. Döyüşlər başlayandan Zərdab-Cəbrayıl yolunu yağır etmişdi. Bir yerdə qərar tuta bilmirdi, canı dədə-baba yurdunda qalmışdı. Tez-tez ordakı dostlarla, tanışlarla əlaqə saxlayırdı. Füzuli Rayon Polis İdarəsinin rəis müavini, polkovnik Asif Məmmədovla tələbə yoldaşı olmuşdular. Hər dəfə Cəbrayıla gedəndə yolüstü Füzulidə görüşüb hal-əhval tutur, tələbəlik illərini xatırlayırdılar. Asif müəllim bu bölgədə böyük nüfuz sahibi idi, hamı ona hörmət edir, sayqı göstərirdi. İki dost görüşəndə bir neçə saatlıq dərd-sərlərini unudur, təmiz ab-havalı, gözəl seyrangahlı yerdə tikilmiş kafedə, çinarların sərin kölgəsində məxməri çaydan qurtumlaya-qurtumlaya gənclik xatirələrini bölüşürdülər. Hər ikisi xalq adamı olduğundan günləri sadə camaatın içində keçirdi, onların da qayğıları ilə maraqlanıb dərd-sərlərinə şərik olurdular. Belə məqamlarda yolun yorğunluğu da Məhərrəm müəllimin canından çıxırdı, qayğı, fikir dumanı üz-gözündən çəkilirdi. Təbiətin gözəlliyi tarım çəkilmiş əsəblərinə sığal çəkirdi. Son vaxtlar yuxuları da səksəkəli olmuşdu, yatanda da beynində güllə səsləri, mərmilərin gurultusu dolaşırdı.

Hazırkı vəziyyəti müzakirə edib yenidən tələbəlik dövrünə qayıdırdılar. Saf, təmiz insan olan Məhərrəm çalışqan tələbə idi. Müəllimlər də, tələbələr də onun xətrini çox istəyirdilər. Xeyirxah, əliaçıq idi. Son tikəsini də dostları ilə bölüşərdi. Evdən gələn pay-püşdən bütün dostlarına pay verməsə, yaxud hamısını başına yığıb bir yerdə yeməsələr rahatlıq tapmazdı. Söz sözü çəkirdi, tələbəlik çağlarında başlarına gəlmiş macəraları xatırlayıb gülüşürdülər.

- Müharibəni başlayanların Allah evini yıxsın! Çarxımızı çöndərdi, Asudə, rahat yaşayırdıq da. Cavan oğullarımız şəhid olur, ürəyim dözmür, ay Məhərrəm. Camaatın illərlə min bir əziyyətlə qurub tikdiyi evlərdən onları çıxmağa məcbur edirlər. Törətdikləri əməlləri eşidəndə damarımda qanım donur. Bunu heç Allah da götürməz. Vallah, götürməz! - deyə Asif müəllim dərindən ah çəkib sinəsini ovxalayırdı.

Hər ikisi cavan idi, ömürlərinin ən qaynar, ən məhsuldar çağlarını yaşayırdılar. Bu yaşda tale onlara dərdin, əzabın hər üzünü göstərdi. Rahat, asudə günlər ömürlərindən qaçaq düşdü, ölümlə, qan-qada ilə üz-üzə qaldılar. Kəndlərin də, sanki beli bükülüb, dərdli-kədərli qocalara bənzəyirlər. Zəif-zəif közərən bir ümidin istisinə qızınırlar. Bu yerlərin bəxtəvər çağlarında ağıllarının ucundan da keçməzdi ki, bir gün torpaqlar qanla suvarılacaq, güllü bağçalar viran qalacaq, adamlar öz dədə-baba yurdundan didərgin düşüb yurdun dörd bir yanına səpələnəcək. Tarixin təkəri geri dönürdü, bir zamanlar babalarının yaşadığı taleyi indi nəvələr təkrar yaşamalı olurdu.

Məhərrəm müəllimlə tələbə dostu olmuş polkovnik tarixin gedişatından yaxşı xəbərdar idilər. Məhərrəm müəllim əsrin əvvəllərində ermənilərin başımıza açdığı oyunlardan, 1918-ci ilin mart qırğınından yana-yana danışırdı:

- Bəs necə oldu ki, biz bu vəhşilikləri unutduq? Erməniləri gətirib süfrəmizin başında oturtduq, ən yaxşı vəzifələri onlar tutdu, ən yaxşı yerlərdə özlərinə bağlı-bağçalı mülklər tikdilər və altdan-altdan bizə qarşı məkrli planlar qurdular, ayağımızın altını qazdılar. Biz isə bütün olmuşları unudub onları özümüzə dost bildik, kirvə tutduq.

- Biz həmişə xeyirxah, mərhəmətli olmuşuq, Məhərrəm. Allah-taala bizim milləti bu cür yaradıb. Biz namərdlik nədir bilmərik, düşmənlə də mərd kimi döyüşərik. Amma onlar namərddirlər, xaindirlər. Üzdə özlərini dost kimi göstərirdilər, axırda iç üzləri açıldı. Təsəvvür et, Kremldə Brejnevi bezdirmişdilər ki, Qarabağı bizdən alıb onlara versin. Axırda Brejnev bezib yumruğunu stola çırpıb ki, "xvatit armyanskomu şovinizmu!". Bununla da ermənilərin ayağı Kremldən kəsilib. - Polkovnik dostunun sözünə qüvvət verdi.

- Amma sonra Qorbaçovu ələ ala bildilər. Onun hakimiyyətə gəlişi erməni separatçılarının fəallaşmasına səbəb oldu. Raisa ermənilərdən aldığı bahalı sovqatlar və rüşvət müqabilində Mişanı onları razı salmağa məcbur elədi. Heydər Əliyev ermənilər üçün, elə Qorbaçovun özü üçün də ən böyük maneə idi, elə buna görə də onu Siyasi Bürodan uzaqlaşdırmağa çalışırdı. Sumqayıt hadisələri Qarabağın Azərbaycandan qoparılmasına güclü təkan verən ilkin vasitələrdən biri kimi düşünülmüşdü. 1987-ci ilin dekabrında Qorbaçov ABŞ-da olarkən erməni elitası onu əməlli-başlı ələ almışdı. Amerikadakı erməni icması Raisa Qorbaçovaya çox qiymətli rəsm əsərləri və XVII əsr rus əlyazmaları kitabını, bundan əlavə, brilyantla bəzədilmiş qolbaq da hədiyyə etmişdi. Bir il sonra, 1988-ci ilin dekabrında Ermənistanda baş vermiş zəlzələ ilə əlaqədar Yerevana gələn Qorbaçov və xanımı əhali tərəfindən heç də isti qarşılanmadılar. Şüarların birində belə sözlər yazılmışdı: "Raisa, qolbağı qaytar!". Moskvaya qayıdan Qorbaçovlar ailəsi ertəsi gün, sovqatı ABŞ-dan gətirəndən bir il sonra mətbuatda ifşa olunacağından qorxaraq həmin qolbağı təhvil verdi. Təbii ki, qolbağın geri istənilməsinə səbəb iyulda SSRİ Ali Soveti sessiyasının müttəfiq respublika sərhədlərinin və Konstitusiya əsasında müəyyənləşdirilmiş milli ərazi bölgüsünün dəyişdirilməsinin qeyri-mümkünlüyü barədə qərar qəbul edilməsi idi. Həmin qərar ermənilərin iddialarını təmin etmirdi. Bundan sonra ermənilər daha da həyasızlaşdılar. - Məhərrəm müəllim hadisələrin mahiyyətini açan faktlarla danışırdı.

Xalqın coşub-kükrəyən qəzəbi, haqlı etirazı Kremldə oturanların tükünü də tərpətmirdi. Hər yerdə - kafelərdə, çayxanalarda, elm mərkəzlərində, ziyalı mühitində gedən söhbətlərin mövzusu ancaq Qarabağ idi. Ölkə qaynar bir siyasət qazanına çevrilmişdi, müharibənin dəli küləkləri Bakını da vururdu. Şəhərin hər yerində hərbi geyimli əsgərlər gözə dəyirdi, hər gün şəhidlər gəlirdi, toylar bir günün içində yasa çevrilirdi. Bütün bu faciələr Məhərrəm müəllimin rahatlığını, dincliyini əlindən almışdı, hakim kimi hökm verəndə də ürəyinin ritmi Qarabağla döyünürdü, insan talelərinə daha həssas yanaşırdı, qanun çərçivəsində hökm çıxarsa da, məhkum üçün bir işıq yolu, bir ümid közərtisi buraxırdı.

O, insan talelərinə laqeyd yanaşan fəlsəfə kəndirbazlarına həmişə ikrah hissiylə baxırdı. Belələrini o qədər görmüşdü ki. Lazımi məqamlarda onları yerində oturtmağı da bacarırdı, buna onun xarakteri imkan verirdi. Elə bu xüsusiyyətlərinə görə sadə insanlar onu öz doğması kimi, əzizi kimi sevirdi. Zərdab Məhkəməsinin sədri olduğu illərdə o, kimin üçün isə xeyirxah ata idi, kimin üçün isə arxalana biləcəyi qardaş, bəziləri üçün isə etibarlı dost idi. Zərdab camaatı istiqanlıdır, bu kiçik rayonda adamların çoxu bir-birini tanıyırdı. Onlar ən müxtəlif vasitələrlə adi və qeyri-adi münasibətlərlə bir-birinə bağlı idilər. Məhərrəm müəllim də bu rayonun adamlarına getdikcə daha çox bələd olurdu. İndi Kürün sahilində dayanıb baxışlarını uzaqlara zilləmişdi, fikri işıq sürətilə ulduzlararası boşluqlarda dolaşırdı.

"Bir gör ha, nə çox ulduz var dünyada... Onların hərəsi bir dünyadır. Buna biz nəhayətsizlik, sonsuzluq deyirik. Bəşər həyatı miqyasında isə həqiqət axtarışı, onu tapmaq, dərk etmək prosesi də belə sonsuz, nəhayətsiz bir prosesdir. İnsan bir ömür boyu həqiqət axtarışındadır, kimisi ömrünü həqiqət axtarışlarına sərf edir, kimisi həqiqəti pərdələməyə çalışır, kimisi üçün də bunun heç bir fəqri olmur, sadəcə, hər şeyə biganə qalıb yaşayır özü üçün. Onlardan soruşsan ki, bu həyatın mənası nədir, sən nə üçün, kimin üçün yaşayırsan, bu suala heç bir cavab tapa bilməyəcəklər, eləcə gözlərini döyə-döyə qalacaqlar. Bax, ən qorxulu adamlar onlardır, onlar döyüşdə də fərarilik edəcəklər, onlar hər cür cinayət törətməyə qadirdirlər".

O, belələrinə qarşı həmişə amansız olmuşdu. Sərt, prinsipial mövqeyinə görə çoxları ondan çəkinir, ehtiyat edirdi.

Mayor Məmmədov hər dəfə kəndə gələndə sürücünü Düzobada buraxırdı, kəndə doğru gedən maşınlardan birinə minib özünü ata yurduna çatdırırdı. Piyada gəzməkdən, torpağın, dağın havasını ciyərlərinə çəkməkdən sonsuz zövq alırdı, qollarına güc, qüvvət gəlirdi. Araz boyu kəndlərdən keçə-keçə bu yerlərin havasını ciyərlərinə çəkirdi, köksü qabarırdı. Düşünürdü ki, işığın, günəşin bir zərrəsini kim işğal edə bilər? Məgər bu mümkündürmü? Bax, mən indi işığın qoynundayam. Onu bütün varlığıma hopdurmuşam, Araz çayı mənim qəlbimdən axıb keçir. İnsan təbiətin bir parçasıdır, onu heç kim məğlub edə bilməz. Özünü Prometey kimi güclü, qüvvətli hiss edirdi. Zevs Prometeyi odu insanlara bəxş etdiyi üçün cəza olaraq Qafqaz dağlarının zirvəsinə zəncirləmişdi. Zevsin qəzəbi Prometeyin iradəsini qıra bilməmişdi, o, gücü xalqdan, sadə insanlardan alırdı. Sonda Prometey qalib gəldi.

Yayın sümük qızdıran çağıydı. Dağ, dərə, meşə, bir sözlə, təbiət sərinliyin tamarzısı idi. Vəhşi quşlar, ətəklərindən qurşağınacan tikanlı kollarla dövrələnmiş, sinəsindən ta çiyinlərinədək mamırla örtülmüş qayaların əcaib dəlmə-deşiklərinə soxulmuşdu. Araz çayı tövşüyür, sanki arxasına baxmadan qaçırdı. Elə bil günəşin onu qaynadıb daşdıra biləcəyindən qorxurdu. Bu qaçdı-qovdu hələ dan yeri söküləndən başlamışdı. Çay qaçır, günəş qovurdu. Əslində, o, çayı həm mənbəyində, həm də mənsəbində qabaqlayıb öz odlu şəfəqlərini onun suyunda çimizdirirdi.

Mayor Məmmədov yamacdan enib nəhəng qartal qanadı kimi irəli gərilmiş qaya parçasının kölgə saldığı yerdə dincini almaq istədi. Çiçəklərin, otların ətri canına, paltarına hopmuşdu. Əyilib əlini torpağa çəkdi, torpağı ovuclayıb burnuna tutdu, qoxladı. Qəfildən anası üçün nə qədər darıxdığını bütün varlığıyla hiss etdi. İti addımlarla Səfurə ananın görüşünə tələsdi...

***

Hardasa, sivri dağlardan çox-çox uzaqlarda yaşayıb yaşını unutmuş qocaların "zatıqırıq dünya" dediyi qoca dünyanın lap o başında bir soyuq sazaq əsdi. Əsə-əsə gəlib dağların ürəyinə doldu. Dağlar üşüdü, analar üşüdü, nənələr üşüdü, körpələrin nəfəsi buza döndü, şad-şalayın, qayğısız dünyasına qara buludlar dolaşan uşaqlar da üşüdü. O boyda dünyanın canına da üşütmə düşdü...

Kənd başını dağın ətəyinə söykəmişdi, adamlar hər gecə canavar sürüsüylə əlbəyaxa olurdu. Elə buna görə də hamısı qurd ürəkli idilər, qorxu-hürkü bilməzdilər. Aşağı məhəllə elat yolunun üstündə durmuşdu. Yol da elə şeydir ki, ordan hər cür adam gəlib keçir: dəlisi də, ağıllısı da, düzü də, əyrisi də. Yol qırağında ki yaşadın, itsiz ötüşmək mümkün deyil. Müharibədən əvvəl elə ev vardı ki, həyətində iki-üç it dolaşırdı. Qulaq cingildədən sakitliyi arabir onların vahiməli hürüşməsi pozurdu.        Yarğanlardan asılmış qoca ağacların dolam-dolaşıq kökləri, təpələrin daş yuxusu, meşələrdən ara-sıra eşidilən quş, heyvan səsləri adamı dartıb nağıllar dünyasına aparırdı. Hər səhər yuxudan ayılanda bu nağıl dünyası Məhərrəmi qoynuna alırdı. Yuxudan ayılan oğlan bu nağıl dünyasına "əlvida" deyib dərsə yollanırdı. Ziyarat dağından əsən sərin meh ruhunu oxşayırdı. Bu sərin çöl mehi nə qədər təravətli imiş! Bu meh qarşısında münbit, bərəkətli çöllərin yaşıllıqları titrəyir, gümüş kimi ağ otlar xəfif-xəfif dalğalanırdı. Məhərrəm gözünü bu çöllərdən ayıra bilmirdi. Onun lal baxışları bu azad və geniş düzənlərdə qərq olurdu. Bu nəhayətsiz, ucsuz-bucaqsız çöllər onu qətiyyən qorxutmurdu, əgər bacarsaydı, bu yerləri bütünlüklə qucaqlar, bağrına basardı. Susuzluqdan ciyəri yananda başı göylərlə əlləşən uca çinarların altında ayaq saxlayıb dincini alır, bulaqların, kəhrizlərin diş göynədən suyundan içirdi. Çöldə həyat canlanmışdı, itlərin hürüşməsi, çobanların çığırışması, qoyun-quzunun mələşməsi, toz qaldıra-qaldıra suya tərəf qaçan atların ayaq tappıltısı, yenicə çatıdan açılmış və çöldə anasını tapmaq üçün vurnuxan dayçaların kişnəməsi bir-birinə qarışmışdı.

...Qalın hasarın o tayından təndir lavaşının ağız sulandıran ətri aləmə yayılırdı. Mayor Məmmədov pay-piyada kənd yoluyla irəlilədikcə illərin o tayında qalmış uşaqlığı kino lenti kimi gözlərinin önündən keçirdi. Araba yolu - böyük yol dil açıb onunla danışırdı. O, yola salam verirdi, "hər vaxtın xeyir!"  - deyirdi, yollar onu addımlarından tanıyırdı. Yol da sevincək salamını alıb ötən günləri onun yadına salırdı: "Yadındadırmı, atan Fehruz kişi poçt müdiri olanda səni kəhər atın belinə mindirib ağ çalmalı Ziyarat dağına aparardı. Atın yedəyini çəkir, hərdən də çevrilib qürur hissiylə sənə baxırdı: "Qorxmursan?". Sən də balaca əllərinlə yəhərin qaşından bərk-bərk yapışıb "yox", - deyərdin. Atan da "ay bərəkallah, kişi qorxmaz", - deyirdi.

O bəxtəvər çağlar indi ona yuxu kimi görünürdü. İndi hər yer sükuta dalmışdı, danışan yalnız soyuq külək, sazaq idi. Bir də sırsıra bağlamış məftillər - dirək ayaqları ilə hardansa gəlib harasa gedən məftillər... Bir də tapdandıqca haray-həşir salan qar. Yol yatmış kimi görünürdü. Göy sürüşüb o qədər aşağı düşmüşdü ki, onun duman ətəyi üzünə toxunurdu. Bəlkə də hardasa, ola bilsin, Dağ Tumasın təpəsində günəşin son ziyaları oynaqlaşırdı. Aşağıda duman insanlara günəşi görməyə mane olurdu. Amma bu duman mayor Məmmədovun xəyal dünyasına nüfuz edə bilmirdi, ordakı kadrlarda kəhər atın belində Ziyarata doğru çapan atlı görünürdü, at, sanki yeldən qanad almışdı. O, atasının gülümsər, mehriban çöhrəsini xatırlayırdı, atasının dostlarını yadına salmağa çalışırdı. Nağıl danışanlara, xanəndələrə, ümumiyyətlə, danışığı diqqətini cəlb edən bütün adamlara gözlərini zilləyib baxmağı, onların danışığını hafizəsinə həkk etməyi Məhərrəm uşaqlıqdan adət etmişdi. İnsan sifəti ona təbiətin yaratdığı ən gözəl əsər kimi görünürdü. Qocaların qırışlarla örtülmüş üzləri onun üçün hər şeydən cazibəli idi. Onların yanaqlarına və alınlarına həkk olunmuş əyri-üyrü qırışlar, solğun gözlər, dalğavari, uzun saqqallar ona çox zaman bütöv bir mənzərə kimi görünürdü. Budur, seyrək ağacları yenicə pöhrələnmiş bir meşəcik... Budur, qara torpağa öz yumşaq xalısını sərmiş çəmən... İnsan sifətinin hərəkətlərində və cizgilərində onun üçün bütün bir kainat görünürdü. Kənd yollarında hər daşın altında, hər çəpərin o üzündə, hər bulağın başında bir xatirə yatırdı. Yoldan keçdikcə tanış üzlər, simalar bir-bir gözləri önündə canlanırdı. Bu üzlərdə bir məmnunluq hissi dolaşırdı: "Nə yaxşı bizi yada saldın, ay oğul!".

***

Mayor Məmmədovu Kültəpə deyilən yerdə vurdular. Məzarını Böyük Mərcanlıda qazdılar. İyirmi yeddi il idi ki, o məzarın gözü yolda idi. İki ciyərparası Adəmlə Xəyyam, könlünün yarı Yeksarə xanım onun ziyarətinə gedə bilmirdilər.

Ötən gün xəbər yayıldı ki, səhər müharibə başlayır. Adəm gecəni səksəkə içində yatdı. Ürəyi az qala, köksünü yarıb çıxacaqdı. Səhəri dirigözlü açdı. Yuyunub evdən çıxmağa hazırlaşanda diktor qız efirdə göz yaşları içində, səsi titrəyə-titrəyə bu xəbəri oxudu:

"Hörmətli tamaşaçılar! Bu dəqiqələrdə daha bir xəbər aldıq. Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edildi!".

Adəmin hayqırtısı bütün binanı silkələdi:

- Kəndimiz düşməndən azad edildi, ana!!!

Bu, böyük qələbəyə gedən yolun başlanğıcı idi.

28-29 sentyabr, 2020-ci il

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!