Bayır qapısını açıb içəri girəndə çaşıb qaldım, bir an gözümə inanmadım. Kimsə bağın ayağında donqudub tez-tez o üzə-bu üzə baxır, gərgin təlaş, həyəcan içində vurnuxurdu. Daha doğrusu, vurnuxmurdu, uşaq kimi iməkləyirdi, yox, sürünürdü. Bu zaman onsuz da kobud, sərt, eybəcər, gecəyə bulaşmış kimi qapqara sifəti elə qorxunc, çarəsiz, əli hər yerdən üzülmüş adamsayağı əzabkeş ifadə alırdı, deyirdin dünyanın bütün dərdini-bəlasını onun belinə yükləmişdilər. Cansız əşyalar ona canlılardan daha diri, mütəhərrik, cazibədar, mənalı görünür, onu əyləndirir elə bil. Özü də hamısı gözlərindən aldığı eyni rəngdə, dan yeri çalarında.
Yaxınlaşanda lap heyrətləndim. Səhərə yaxın dan yeri sökülər-sökülməz, sanki dan üzüylə yuxuma enmiş, dan üzüylə də birgə əriyib yox olmuş həmin şitənc, quldur qiyafəli, amansız adamdı (yuxumdan çıxıb indi də əsl həyatıma, gerçək həyətimə soxulub). Yuxuda mənə acıq verirmiş kimi yüz hoqqadan çıxır, quş kimi qanad açıb, atılıb hul-qalxmış hündür bir ağacın təpəsinə qonur, oradan bədənini qısıb, ayaqlarını cütləyib 16 mərtəbəli binanın damına səkir, yarıyolda kərkincək tək əlini-ayağını, bədənini əsdirə-əsdirə çəkisizlik şəraitində bir müddət ürəyimi qopara-qopara havadan asılı qalır, pufə yüngüllüyü ilə heç bir cazibəyə tabe olmadan oradan mənə əl eləyir, uşaq kimi dil çıxarır, sonra ağır-ağır, sevincindən hüdudsuz göylərə sığmaya-sığmaya timsah ağzı kimi diş-diş çıxmış azman, sıldırım qayalara, yaxınlıqdakı talaya - meşəli dağın ətəyinə enirdi. Oradan da o birinə, o birindən də o birinə, lap axırıncı dağın arxasında birdən-birə əriyib üfüqlərdə yox olurdu, quruca silueti çəkilib gedirdi yuxu dünyamın sərhədlərini aşaraq. Ancaq hər dəfə gedişi gəlişiylə nəticələnirdi, Günəş kimi dünyanın o başında batmağı, bu başında doğulmağına səbəb olurdu, yoxluğu varlığından, varlığı yoxluğundan yaranırdı. Biri o birinə zəmanət verirdi.
Bunu bu gün bu dünyada ona rast gəlməyim, həyətimdə sərili qalmağı da sübut edir, qənaətimdə yanılmadığımı göstərirdi. Yerin ağır cazibəsi, görünür, indi onu ayağa qalxmağa, yuxumdakı püfə yüngüllüyü ilə qayadan-qayaya, təpədən-təpəyə səkməyə, mənə acıq verməyə qoymur, ağır dartı az qala onu çəkib yerə batırır, sanki yuxumdakı işləklərinin bu dünyada layiqli cəzasını çəkdirirdi.
Yaxınlaşıb buralarda neylədiyini soruşanda gözüm qara-qançır olmuş hərəkətsiz, yekəpər, lət bədəninə, şişmanlığından tikiş yerlərindən sökülüb dizinəcən aralanmış, soyulmuş dərisinə oxşayan, hansı parçadan olduğu bildinməyən qeyri-adi rəngli, enlibalaq, şalvardan çox arvad tumanını xatırladan köhnə dəbli mil-mil şalvarına, gödəkqol pencəyinə, şalvar rəngli, formalı şalvar kimi süzülüb getmiş, lehmə-bataqlıq iyi verən fil dərisi tək qırış-qırış, çat-çat qart, qalın dərisinə sataşdı. Əl-üzü, sanki topuğunacan yer udmuş baldırları sıyrıq-sıyrıq, teyxa qan içindəydi. Elə bil onu hansı suçuna görə atın quyruğuna bağlayıb kimsəsiz çöl-biyaban, daşlı-çınqıllı dərə-təpəylə o üzə-bu üzə qəddarcasına o ki var sürümüşdülər. Ya qan gölünə batırıb çıxarmırdılar, qanlı gözü böyüdükcə özü dönüb nəhəng, qan sağalmış gözə çevrilmişdi, göz şəkli, forması almışdı elə bil. Ancaq əzabkeş üzü kimi qanı da donmuşdu artıq, kristallaşmışdı elə bil, axmırdı, özü də rəngi qan rəngində yox, qətran kimi, gecənin özü kimi qapqara idi. Elə bil bədənindən qan yox, mayeləşmiş, damla-damla sakini olduğu qaranlıq çıxmışdı. Çıxcaq da sahibini öz bətnində-rəngində boğmuş, batırmışdı, bu dünyanın soyuğu, şaxtası yox, istiliyi onu dondurmuşdu. Hənirtimi duyub donuq daş kirpikləri erkən yaz havasından buzu sınmış kimi azacıq aralansa da, məni görüb gülümsəməyə çalışan əzabkeş, üzündəki cizgiləri zəifcə ilğımlanıb tərpənsə, hərəkətə gəlsə də gözləri hələ də yarıyumulu olduğundan, daha doğrusu, özü bu dünyada, gözləri gəldiyi yuxu aləmində olduğundan, ora kökləndiyindən, buranı yox, elə bil oranı görürdü. Daş kirpiklər daş ağırlığıyla özü-özünü qapadığı anda haradansa gələn, ya kirpiklərin ağır dəmir qapı layları kimi, sanki qəfil metal cingiltisiylə örtülməsindən yaranan qorxunc, sirli, qeyri-adi şaqqıltı səsindən diksinib cəld gözümü ondan çəkdim, qoşa açarla bağladığım evimin qapısına sarı dartıldım. Maraqlıdı, qapım taybatay açığıydı. Eyvandan aşağı, artırmayla yan otağın barısının arasında, sıyrıq-sıyrıq yatıxmış yeni torpaq izləri, əzilmiş, suyu çıxmış-ölüşgəmiş ot sıyrıntısı yapışıb qalmışdı. Əlimi cibimə aparanda lap heyrətləndim. Açarlar cibimdəydi. Deməli, unudub qapının üstündə qoymamışdım. Onda bəs, qapını, o, nəylə açmışdı, bağlı pəncərədənmi girmişdi, tavandanmı düşmüşdü, ümumiyyətlə, bu sehrkarın-cadugərin işləkləridimi bütün bunlar, görməzə-bilməzə açarları cibimdənmi çırpışdırmış, ya sehrmi oxumuş, açarlar özümü cibimdən çıxmış, qapıya düşüb onu açmış, yenidən gəlib cibiməmi girmişdi. Yoxsa qapım niyə açığıydı, axı, ya məni qara basırdı? Nə qapım açıqdı, nə qarşımda o dünyadanmı, yuxudanmı peyda olmuş əcaib bir məxluq vardı. Bütün bunlar yuxusuzluğun, yorğunluğun şəkilləndirdiyi - özünə xas səhnələşdirdiyi məni vahiməyə salan qorxunc, əcaib vaqelərdi, indicə çəkilib yox olacaqdı. Yox, lənət şeytana. "Gör necə də mısıb durub", gerçəklikdən qopub gələn səs təsəvvürümü alt-üst edib məni dərhal gözümlə gördüyüm, əlimlə toxunduğum əzəlki həyatıma qaytardı. Üzünə elə misgin, əzabkeş ifadə verib, deyirsən, bütün bunlardan əşhədibillah, xəbər-ətəri yoxdur, uşaq kimi pak, günahsızdı, imam övladıdı, dünyada ondan saf, bakirə məxluq yoxdu. İki əlli qabacasına çiynindən tutub bərk-bərk silkələdim, ağzım köpüklənə-köpüklənə, qızğın-əsəbi sözlərimi yanan alov şöləsi kimi düz sifətinə çırpdım: - De görüm, o qapını necə açmısan, o açarları cibimdən necə çırpışdırmısan, ümumiyyətlə, haradan gəlib bura düşmüsən, hansı cəhənnəmdən vasil olmusan, nə itin azıb burada, haradan tanıyırsan mənim evimi, həyət-bacamı, hansı anasının əmcəyini kəsən sənə isnad verib, bələdçilik edib buranı, mənə nə verib, alammırsan, qəsdin, məqsədin nədir? Yuxumda bəs deyil, bu dünyadadamı yaxamdan əl çəkmirsən? Elə bilirsən, yuxumdakı hoqqalarını bu dünyada da çıxara biləcəksən? Xeyr, xətircəm ol ondan, sənin şəltən işləməz burada, hökmranlığın keçməz, bu dünyanın ixtiyar-sahibi, hökm verəni mənəm. - Qəsdən ona xox gəldim, acıq verdim. - Bax, bu dəqiqə mənim qabağımda misgin böcəkdən başqa bir şey deyilsən, istəsəm, səni ayağımın altında basıb əzmək məndən elə də hünər tələb etmir.
Hirslənib, özümdən çıxıb, barmağımı yellədib, içimdə tərəddüd etdiyimdən kəkələyə-kəkələyə polislə-məhkəməyləmi hədələdim, yadımda qalmayıb, üzünə olmazın daha nələr-nələr dedim... Ancaq özüm də bildim bu içimdəki qorxunu gizlətmək üçün özümü o yerə qoymamaqdan başqa bir şey deyil. Neynirsən, heç tükü də tərpənmədi, üzündəki daşlaşmış əzabkeş ifadə azacıq da olsa dəyişmədi, əksinə, soyuq, heç nə ifadə etməyən gözləri açıq qalıb daha da dondu, şüşələşdi, qondarma, mafa gözə döndü, elə bil muzeylərdəki kimi qalın, qoruyucu şüşə arxasından göründü, iblis kimi qılaflandı. Öz çanağına girdi. Özünü hər cür təhlükədən sığortalamaq üçün daimi, etibarlı, zirehli qala yaratdı. Budamı özlüyündə bir sehrdir, surətini dəyişmək üçün iksirdi? Ya məni qorxunun elə danışdırdığını, özümdən çıxarıb şeşələndirdiyini, bülbül kimi ötdürdüyünü, əslində, misgin böcəkdən də mağmın olduğumu bildiyindən, özünü o şəklə salıb, nifrətini o şəkildə əyan elədi mənə?! Sözlərimi elə eyninə almadı, daha doğrusu, sözlərim bu qaladan, sanki - skafandrdan içəri girəmmirdi, danqıltıyla bu zirehə dəyib ayağının altına düşürdü. Çabalayıb-çabalayıb canını tapşırırdı. Yoxsa daş-qaya da olsa, sözüm onu sındırmalıydı. Ancaq dediyim kimi, bu sözlər nəinki ona təsir eləmirdi, elə bil bu sözlər ona deyilmirdi. Ağzımdan çıxçıxda zərblə o zirehli qalaya dəymiş kimi şəklini-mənasını, xəbərini-mübtədasını dəyişib, qolu-qabırğası qırılıb şil-küt olmuş, tanınmaz hala düşmüş şəkildə öz ünvanıma yönəlirdi, özümə aid olurdu, çaşmış, tilsimlənmiş, özümün vasitəsilə özümə deyilirdi, ötürülürdü elə bil o sözlər. Özüm özümü bu dəqiqə yumruqlasam, daşa-qayaya çırpıb qolumu-qabırğamı sındırsam, özüm özümə qanlı düşmən kimi qəsd etsəm zərrəcə heyrətlənməzdim. Əksinə, bu qalibiyyət məni haradasa sevindirərdi. Çünki yad adama qalib gəlmək üçün birinci özümə qalib gəlməliydim.
***
Dilmi bilmirdi, bədbəxt oğlu, işarəmi qanmırdı, doğrudanmı bura yuxumdan düşmüşdü, yuxu sakiniydi, bu dünyaya, dünyadakılara bələd olmadığından bayaq dediyim kimi, şəltəsi işləmirdi burada. Çünki nəinki gücü, bədəni, qulağı Yer üzü, Yer üzündəki səs dalğaları üçün köklənməmişdi. Onları eşitmək, mənasını duyub dərk etmək, anlamaq qabiliyyətindən mərhumdu. Belə bir qanunun mövcudluğunu ağlına belə gətirmirdi.
Bir də mənə elə gəlirdi, mən çox darqursaqlıq edirəm, son vaxtlar çox qəddarlaşmışam, əzazil olmuşam, bunu dönə-dönə öz içimdə sınamışam, ən ağır insan faciəsi də artıq tükümü tərpətmir, üz-gözümü qırışdırmır son vaxtlar. Elə bil mən də onun kimi özümə özümdən müdafiə qalası qurmuşam, həmin yuxu aləminin sakininə çevrilməkdəyəm, hansı görünməz qüvvənin əliyləsə ora üçün hazırlanıram, ora dartınıram, bunu ayıq ola-ola çox vaxt yuxu aləmində yaşamağım da sübut edir, məni qorxudur, gec-tez gerçək aləmi tərk edəcəyimdən xoflanıram. Sinəmdə döyünən ürək yox, daşdı, daş parçasıdı elə bil. Bu cəhətdən onunla elə fərqlənmirəm, əksinə, bu bizi ayıran, əks qüvvələrə çevirən güc yox, ümumi oxşar, qohum cəhətlərimiz, bizi yaxınlaşdıran, haradasa doğmalaşdıran amillər olmalıdı. Di gəl, bir-birimizə düşmən kəsilməyimizin də səbəbi budu; eyni, ya oxşar keyfiyyətələrimiz, bizi bir-birimizdən itələyən, aralayan qüvvə. Daşın belə döyünməsi, yerindən oynaması yeraltı təkan kimi heç də xoş olacaqdan xəbər vermir, mənim gələcəkdə nəyinsə başımda çatlayacağına ünvanlanıb. Bax, bu dəqiqə o kimdisə, nəçidisə, hardan gəlmişdisə, yerdənmi çıxmışdı, göydənmi enmişdi, ya həqiqətən yuxumdanmı peyda olmuşdu, məni dinləmək, eşitmək, anlamaq halında deyildi. Püfə kimi havada qalan, qayadan-qayaya səkib mənə acıq verən, necə deyərlər, dindən-imandan çıxaran şitənc dostum, görünür, güclü cazibə məkanına enəndə püfə bədəni ağır çəki alıb daş kimi yerə elə dəymişdi sümükləri xıncım-xıncım olmuşdu. Dediyim kimi, əzabkeş üzütək canında qanı da donmuşdu, bəlkə üzü donmuş qanının göstəricisiydi tərpənməz, hərəkətsiz ilğımlanmırdı, qurumuş çay yatağı kimi nə vaxtkı axınınsa ab-havasını izini, əlamətini özündə yaşadırdı, ancaq çoxdan qurumuşdu. Dibinəcən quruluğun odu-alovuyla qovrulurdu. Bizim yaşamağımız üçün hesablanmış hava sıxlığı onun üçün həddindən artıq yüksək, ya hədsiz aşağıydı. Mən də kallığımdan hər şeyə xof, şübhə, vəsvəsəylə baxır, bir sözlə, nə qoyub, nə axtarırdım.
Bütün bunlara baxmayaraq, azacıq da olsa, rəhmim gəlirdi ona haradasa. Hər halda insanıydı, məni kimi onu da bir ana doğmuşdu yəqin.
Daş ürəyim əzəlki mənşəyinə qayıdıb insani döyüntüsüylə hissimi, duyğumu cilalayıb məni insanlaşdırdı. Fikrim, düşüncəm, sanki bu mühərrikin yeni iş tezliyinə uyğun tamam ayrı şəkil, forma almağa başladı. Birtəhər qan-tər içində onu sürüyüb otağa saldım. Yox, sümüyü qırılmamışdı, ancaq bədəni ət kimiydi. Elə bil sümüyü yoxuyudu, teyxa ət parçasıydı, əl dəyən kimi quyruq tək titrəyir, əsir, dəniz kimi ilğımlanır, öz şəklinə düşüncə nə qədər vaxt keçirdi. Daha doğrusu, heç bir şəklə-formaya düşməyib, anbaan dəyişir, hələ də endiyi aləmin qanunlarıyla yaşadığından yer ölçüsünü heç cür qəbul edə bilmir, ona uyuşmur, daim haldan-hala keçirdi. Özü də dərisi iyrənc şəkildə, İblis kimi yapışqanlı olduğundan süründüyü yerdə eynilə İblis kimi yapışqanlı iz qoyurdu, hara tərpənsə ora möhrünü vururdu elə bil, möhür kimi özünün əksi qalırdı. Gərək olanda kimsə-nəsə, hansı naməlum qüvvələrsə, Yer üzünə xas olmayan bu izə düşüb, onu axtarıb tapsın.
Soyuducuda boyat piti vardı. Qızdırıb qabağına qoyanda bu dəfə üzündəki donuq damarlar güclə hiss ediləcək dərəcədə elə bil titrəyib hərəkətə gəldi. Sifətini, əlini, bədənini elə bil canlandırdı. Alnındakı qırışlar bir-birini qovub, birbirinə pilləkən olub, üzünə-gözünə yayılaraq ulqumundan da aşağı endi. Üz-gözünü turşudub qoyduğum qabı çiyniylə əsəbi-əsəbi geri itələdi. Görünür, bu dünyanın bütün qanunları kimi adi təamları, yemək iyi də onu qıcıqlandırır, ağ öfkəsini ağzına gətirir, hər şey onun əksinə işləyirdi. Üç gün qabağına nə qoydumsa beləcə inada düşdüyündənmi, təhri çəkmədiyindənmi üz-gözünü saysız qırışlarla hörümçək toruna bürüyüb, tor qəfəsdə həbs edib, əsəbi-əsəbi geri itələdi. Bir para siçan-siçovulun işi düzəlib, onun yerinə kef elədi. Bu səxavətinə cavab olaraq daha ona toxunub narahat etmədilər. Elə bil bu hərəkətiylə mənə ibrət dərsi də vermək istədi. Yəni biz, bu dünyanın insanları hər yerdə azadlıqdan, demokratiyadan dəm vururuq. O canlılar da bizim kimi azad yaşamaq, ömür sürmək, nəslini artırmaq istəyir. Ancaq hər yerdə, hər addımda bizim xəyanətimizin, səpdiyimiz zəhərin, qurduğumuz tələnin qurbanına çevrilir. Mən qatil təamını, siz bir-biriniz üçün də qatilsiniz, dilimə vurmaram. Adam nə qədər küt ola bu adi məntiqi duyub anlamaya.
Ancaq zərrəcə sınıxmamışdı. Elə bil havayla dolanırdı zalım oğlu, ya mən çıxandan sonra ona qeybdən Yer üzündə olmayan, öz dünyasına xas, tamam ayrı min cür xüsusi nəfis, dadlı nemətlər enirdi, havayla ötürülürdü. Arıqlamaqdansa gündən-günə rəngi açılıb ətə-qana dolurdu, ya bədəni özü özü üçün öz tələbatına uyğun xüsusi, nadir təamlar ifraz edirdi. Ancaq yaxşı olmurdu. Yaxşı olmurdu deyəndə, görünür, bədəni maddiliyi, çəkisiylə yer cazibəsinə tabe olduğundan, yerdə də öz qanunlarıyla yaşayan şüuruna, iradəsinə naxələf çıxıb onsuz sərbəst yaşadığından özünə də ağır yük olan bədəni, əl-ayağı sözünə baxmır, onlara hökmü keçmir, ayağa qalxa, hərəkət edə bilmir, qan-tər içində zülmlə necə sürütdəyib gətirmişdimsə eləcə yayxanıb yerində qalırdı. Balatı kimi acıyıb, şişib, qıcqırıb hər yana yayılmış, az qala otağın yarısını tutmuşdu. Əlim dəyəndə çığırtısı aləmi başına götürürdü deyə, qorxumdan altına döşəkdən-zaddan da sala bilmirdim. Elə quru palazın üstündə döşəli qalmışdı. Məni qorxudan oyuydu, bir-iki gün də belə keçsə şişib bayıra çıxacaq. Bu dar macalda onu da düşünürdüm, burda bütün alimlər aksioma kimi qəbul etdiyi cazibə qanunu özünü doğrultmur. Çünki o yuxuda quş yüngüllüyü ilə qayadan-qayaya elə səkirdisə, belə çıxırdı yuxunun cazibə təsiri yerinkindən qat-qat azdır. Belə olduqda o yuxuda şişməkdən, yayılmaqdansa niyə bu dünyada elə şişib yayılır. Sanki bədəniylə bütün dünyaya yiyələnmək, dünyanı tutmaq, dünyaya dönüb, onu özündə həzm etmək, itirmək, bu yolla da olsa bu dünyadan xilas olmaq istəyir. Belə çıxır, ya bu qanun düz deyil, ya bu qanunu tənzimləyən, ona təsir edən, iradəsinə qarşı çıxan bizə məlum olmayan yanaşı - paralel ayrı gizli bir qüvvə qeyri-səlis məntiqə bənzər bir qanun da mövcuddu. Günlər ötüb keçdikcə bu fikir beynimdən çıxmır, hər ötən gün məni daha çox narahat edir, məni ona daha çox bağlayırdı. Çaşqınlıq, anlaşılmazlıq içində çırpınır, qırışıb-açılırdım. Bir gün beynimdə bu qara-qura, heç bir məntiqə sığmayan, ağılsız fikirlərlə yenicə otağıma keçib yerimə uzanmışdım, gördüm kimsə məni bərk-bərk dümsükləyir. Sanki goreşən dırnağıyla dərimi didib-cırmaqlayır. Düşündüm, onu azad buraxan siçanlar yəqin onu buraxıb indi əsl düşmənləri mən olduğumu dərk etdikləri üçün mənə girişiblər. Gözümü açanda gördüm odu. Bunu onsuz da fəhmlə duymuşdum, ancaq yenə heyrətlənməyə bilmədim. Bu boyda gövdə yiyəsi necə ayağa durmuşdu? Əl-ayağı ona necə tabe olmuşdu? Aləmləri gəzib dolaşaraq yolunda rast gəldiyi hansısa sönməkdə olan ulduzları enerjiylə təmin edib yenidən yaşadan ötəri, qeyri-adi müsavir bir qüvvə ondandamı yan keçməmiş, aləmlərin aldığı həyat enerjisindən onadamı pay düşmüşdü. Bəs otağım arxadan bağlı ola-ola haradan içəri girmişdi? O boyda gövdə yiyəsi necə içəri girmişdi? Balaca otağım onu necə tuturdu. Yoxsa burada da hansısa mənə məlum olmayan məchul, qeyri-real qüvvə, sehr onun işinə yaramış, divarlar lap nağıllardakı kimi aralanıb, o içəri keçəndən sonra yenə qapanıb, bir çat-suvaq sıyrıntısı da qalmayıb. Ya özünü kiçildib, yox edib, içəri girəndən sonra yenidən var olub toplanıb, bərpa olub öz şəklinə düşüb, ya məni arxayın salmaq üçün özünü şişirdib, palçıq vulkanlara oxşar kökə salıbmış. Guya, doğrudan da, o boydaymış. Ən azı gözüm onu olmadığı şəkildə o boyda görsün, təxəyyülüm onu olmadığı şəkildə o boyda təsəvvür etsin, gerçəklikdən çox dəyişdirə bildiyi təxəyyülümün məhsuluna çevrilsin, onun bu lət bədəniylə heç yerə tərpənməməyəcəyinə inanım, ondan tam arxayınlışam. Əslindəsə, o heç də gözüm gördüyü şəkildə, əlim toxunduğu formada deyilmiş, nə boydaymış, bilmirəm, mənim buna ağlım, məntiqim, görmə qabiliyyətim çatmır. Toxunma, təmas duyğularım hər şeyi həll edir beynimdə. Çünki o lırt, ağır bədəniylə elə yüngül, qabaqkı kimi heç bir cazibənin müdaxilə edəmmədiyi elə enerjiliydi, deyirdin bu dəqiqə uçub yuxumdakı kimi göylərin ənginliklərində gözdən itəcək. Çünki yerin cazibəsi artıq onun üçün işləmirdi. Görünür, hansı aləminsə tabeliyindəydi artıq. Doğrudan da, belə oldu. Bir an keçməmiş uçub göylərin ənginliklərində bəlkə hansısa uzaq bürcün arxasında gözdən itdi, desəm yanılmazdım, elə bil ondan qopmuşdu, əriyib işığa çevrilib yenidən ona qarışdı. Ancaq söz kimi havada yayılmış səsi həmişəlik gözümün önündə qaldı. Deməli, o əriyib sözün canlı insan şəklindən sözün özünə son aqibətinə çevrilmişdi.
Gözüm açıq olsa da, hiss edirdim hələ də gerçəklikdə yox, yuxudayam, gördüklərim gerçəklikdə yox, yuxudadı, gözüm gördüklərini yox, batildəkini, görmədiklərini görür, daha doğrusu, görmədiklərim gördüklərimin, yuxum gerçəkliyin özülündədi, dinc, yanaşı yaşayırlar. Ya düşdüyüm hal yuxuya bənzər tamam başqa ovqatda, başqa qatdaydı? Yad adamın qəfil həyəcan, təşviş içində dodaqları əsə-əsə əyilib qulağıma pıçıldadığı da elə bil ulduzların arxasında əriyib itdiyi o uzaq həmin sehrli aləmdən gəldiyindən qulağım bunu səsdən yox, dodaqlarının tərpənişindən, sanki dediklərini havada dalğavari Morze əlifbası kimi dodaqlarıyla yazmağından hiss etdim. Sanki özü əriyib, yox olub bircə anda danışdığı səsə, daha doğrusu, dodağının yazdığı sözə çevrilmişdi, dediyim kimi söz kimi qalmışdı havada. Özünün siluetinə bənzər söz kimi. Bunu ancaq o aləmin sakinləri edə bilərdi. Özünü söz şəklində, ya sözü öz şəklində əyan edə bilərdi, başlı, əlli, ayaqlı söz. Çünki bu sözlər doğrudan da, mənə səs şəklində yox, havada dalğavari insan siluetli söz şəklində görünmüş, beynimə yazılmış, həkk olunmuş, bu şəkildə qavramışdım onları, havaya yayılmış səsli sözlər, eşitməmişdən gözümlə görmüşdüm bu səsli sözləri. Çünki o yabançı aləmdən gələn yabançı səsləri eşitməyə qadir deyildim: Səs burada üstünə söz yazılmış kitabəyə, ağ vərəqə oxşayırdı, səsin içindəydi bu sözlər: "Yatma, yuxuda yatmazlar. (Deməli, gözüm açıq olsa da, bu dünyada ola-ola, bu dünyanı, dünyadakıları görüb hiss edə-edə doğrudan da yatıbmışam - yuxu aləmindəymişəm, indiyədək olmadığım, bütün yuxulardan fərqli, qeyri-adi bir aləmdə. Daha doğrusu, hər iki aləmdəymişəm, hər iki aləmin sakiniymişəm, ya hər iki aləmdən də kənar, iki aləm arasında neytral bir məkandaymışam, nə birinci aləm qəbul edirdi məni, suçum, şəklim, formam üzündən, nə ikinci, aralıqda girinc qalmamışam) - onda həmişəlik yuxunda qalarsan, mən olarsan. Necə yəni mən? Bax, bunu heç cür dərk etmirdim. Sən olaramsa, onda "mən" hanı, mən necə olaram, ya sən olaramsa bu tənasübü tamamlamaq üçün, deməli, sən də mən olmalısan ki, mən də sən olum. Deməli, biz eyni adamlarıq, bir adamdan iki dənəyik, eyni bərabərliyin iki tərəfiyik? Necə olur bu. Belə şey o dünyada da, bu dünyada da mümkün olan şeydimi?
İnsan da özündən qopub eynilə özünə oxşayan, daha doğrusu, özü olan müstəqil varlıqlar kimi ayrı-ayrı aləmlərdə yaşaya bilərlərmi. İndi daim bir-birini çəkdiklərindən, bir-birlərinin həsrətiylə yaşadıqlarından bu paralar uzun illərdən sonra bir-birinə qovuşmaq, canı candan, qanı qandan olan əkiz qardaşlartək vəhdət şəklində yaşamaq, ya birləşib vahid olmaq üçünmü üz-üzə gəliblər, bir-birlərinin dünyasına bu məqsədləmi bələdçilik səyahətinə çıxmışdılar, ya o biri o birini öz aləminəmi aparmaqdı fikri, bəlkə artıq aparıb boş bir qab kimi, kimsənin bəyənib geyinmədiyi əsgi, sahibsiz paltartək qalmışam indi. Yuxuyla ayıqlıq sərsəmləmələri içində hövüllü ayağa qalxıb təşviş, anlaşılmazlıq arasında birbaş o biri otağa keçdim. Heç kim yoxuydu. Bu tağbənd pəncərəmin yeganə xırdaca gözündən də aydınca görünürdü. Qoşa açar həmişəki kimi qapının açar yerindən asılı qalıb xəfifcə mehdənmi, ya nədənsə saat kəfkiritək aramla yellənirdi. Görünür, otaqdan yenicə çıxıbmış. Çünki sözlər hələ də havadan asılı qalmışdı, bulud kimi qaralmışdı, elə bil indicə hərf-hərf yağacaqdı. Özü də elə bil görünməz bağlarla mənə bənd olmuşdu bu sözlər, hara gedirdim, quyruq kimi arxamca sürünürdü. Quyruq gətirmişdim bu sözlərdən. Deməli, təkcə onunla yox, bu sözlərlə də bağlıymışam. Bu sözlər tək onun yox, həm də mənimdi. Bəlkə artıq özüm də bu dünyada deyil, bu sözlərin paraşüt kimi qaldırdığı həmin ruhi aləmdəymişəm, onun kimi əriyib həmin sözlərə çevrilmişəm). Mavi vərəqtək göylərə yazılmış həmin sözlərik ikimiz də. Ancaq açarın ipi dəyişdirilmiş, boğuq qan rəngində nazik sapla, elə bil sap kimi quruyub qıvrılmış ipləşmiş öz qanıyla, bəlkə lap havadan asılmış o sözlərlə bağlanmışdı. Çünki onun sözləri də qançırlanmış qanı rəngindəydi. Elə bil qançırlaşmış bədəninin bir üzvüydü, bədəni kimi diri canlı, nəfəs alıb yaşayan, qanıyla yazılan. O boyda gövdə yiyəsi bu balaca dar qapıdan necə çıxa bilərdi. Özü içəridə ola-ola qapını özünə çöldən necə aça bilərdi. İkinci özünün, yəni mənim əlimləmi? Bu halımda mən o olduğumdan bunu hiss etməmişəm.
Gözüm döşəmədə qalıb qaralmış, bayatımış (eynilə bu bədəninin konturlarına oxşayan) qan izlərinə sataşanda ətim ürpəşdi. Tavandan asılmış çırağın zəif, çəpəki işığında bu qan izlərindən çox hansısa qədim, qeyri-adi, indi yer üzündə unudulmuş solğun tunc İlahi hərflərlə yazılmış İlahi bir yazını, hüzr kəlamlarını, (qələm kimi öz qanıyla yazılıb qurtarmışdımı o) hansısa qeyri-adi bir sirrin, müəmmanın açımını, üzündəki pərdəni qaldırıb sirdən çıxardığı, bakirəliyini itirdiyi yerdə, yenidən qapanıb daha qalın sirr-müəmma qatına, bakirəlik pərdəsinə örtdüyünü-bürüdüyünü, ikiləşdiyini xatırladır, bunun mənim suçum üzündən qopub ayrıldığım əbədiyyət qədər davam edəcəyi qənaətinə gətirirdi. Yenidən qapının açar yerinə baxdım. Yuxunun sehrli ipiylə bağlanmış, sehrlənmiş dipdiri, aşıq kimi, sanki adama meydan oxuyan o açarlar həm də bu müəmma pərdəsinin önündən asılmışdı elə bil. O pərdənin açarlarıydı. O pərdə ki dağdan-dağa səkən ruhumla birgə, ruhum kimi bayırdan açarla dodaq-dodağa qıfıllanmışdı. Açarların arxasında əbədi həbs olunmuşdu. Maraqlısı oyuydu bizim kimi o açarlar da ikiləşmişdi. Biri, öz əlimlə bağladığım əlimdə, onun ipləşmiş qanıyla bağlanmışı qapıda. Bu sirrin açarı vardı, (onu gözlə görmək, əllə toxunmaq olardı) qıfılı yox. Ona görə bu sirri açmaq mümkünsüzdü, ağıldan-məntiqdən uzaqdı.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!