Gözlərini açanda bir sürə harda olduğunu xatırlaya bilmədi. Son günlər xəstəliklə bağlı huşu gedib-qayıtdığından zehni, yaddaşı tamam korşalmışdı. Handan-hana divardakı saatın zəngindən qocalar evinin ikinci qatındakı otağında dəmir çarpayıda uzandığını duyunca ürəyi üstünə gəldi və birtəhər qalxıb yatağında oturdu.
Xəstəliyin halsızlaşdırdığı bədəni qızdırmadan alışıb yanırdı; dodaqları çatlamış, dili ağzında quruyub qaxaca dönmüşdü.
Əlləri titrəyə-titrəyə şüşə qrafinin qapağını açıb dibindəki suyu başına çəkdi, çətinliklə əynini geyinərək ayağa qalxdı. Qapını aralayıb dəhlizə çıxınca kəsif meyit qoxusu onu vurdu - çirkli pəncərədən düşən tutqun günəş işığında dəhlizin beton döşəməsi üstündə insan cəsədləri sərələnmişdi.
İçi burxuldu, ixtiyarsız olaraq bir addım geri çəkildi, müvazinətini itirməmək üçün divara söykəndi. Qışqırmaq, kimisə haraya çağırmaq istədisə də, dodaqları kilidləndiyindən səsi çıxmadı.
Şişib eybəcərləşmiş üz-gözündə milçəklər gəzişən meyitlərin arasından ehtiyatla adlayaraq aşağı enmək üçün liftə sarı yeridi. Ancaq içəridə qalacağı qorxusu ilə liftə minməyə cəsarət etmədiyindən tezcə də fikirini dəyişdi, dəhlizin sonuna - pilləkənlərə sarı yönəldi.
Divardan tuta-tuta pillələri enərək binanın alt qatındakı yemək salonuna keçdi. İçəridə kimsə yox idi, masaların üstündəki bulaşıq qab-qacaq, yemək qalıqları yığışdırılmamışdı.
Yemək salonundan çıxıb giriş qapısı ilə yanaşı mühafizəçilərin stolu üstündəki telefonla qızına zəng etmək istədi. Ancaq qızının telefon nömrəsini yadına sala bilmədiyindən dəstəyi yerinə qoyub qapıya sarı yönəldi. Taybatay açıq qapıdan çıxaraq binanın önündəki bağçanın içərisindən keçib şəhərin mərkəzinə aparan geniş yola çıxdı.
Dünya büsbütün kirimiş, həyatın səs-küyündən əsər-əlamət qalmamışdı. Sanki xəyalət şəhərindəymiş kimi ins-cins gözə dəymirdi.
Hayana gedəcəyini bilmədiyindən yol kənarındakı köhnə, rəngi solmuş ağac skamyaya çökdü. Nə baş verdiyini yadına salmağa çalışdı - ancaq hafizəsi keyləşdiyindən bir şey xatırlaya bilmədi. Oturmağa taqəti olmadığından arxası üstə skamyada uzanaraq gözlərini yumdu.
...Hardansa peyda olmuş üzü maskalı iki əsgər ona yaxınlaşaraq əllərindəki xərəyə qoyub təcili yardım maşınına mindirdi. Əlilə qocalar evini göstərərək ordakı dəhşətli mənzərəni anlatmaq istəsə də, üzünə sərtlik çökmüş əsgərlər əsəbi tərzdə qapını bağlayıb maşını hərəkətə gətirdilər.
Sonra nə baş verdiyindən xəbəri olmadı. Gözlərini açanda özünü xəstəxananın dəhlizində dəmir çarpayıda uzanmış gördü.
***
Dəhlizin sonunda boz rəngə çalan divara nə isə yazılmışdı, gözləri sulandığından hərfləri seçə bilmirdi. Ona elə gəlirdi ki, yazılan yazı onun bildiyi əlifbaya deyil, ancaq uzaqdan-uzağa baxışlarının toranlığında biri-birinə qarışmış hərfləri kufi xəttinə bənzədirdi.
Palatada yer olmadığından çarpayısı xəstəxananın uzun, enli dəhlizində, növbətçi həkimin masası ilə yanaşı qoyulmuşdu. Ayaq tərəfində isə başqa xəstələrin çarpayıları divar boyu sıralanmışdı.
Onu rahatsız edən gecə-gündüz kəsilməyən, yorucu nəqarət kimi əsəblərinin dərinliklərinə qədər işləyən ayaq səsləri idi. Səngimək bilməyən bu ayaq səslərinə həkimlərin həyəcanlı göstərişləri, xəstələrin iniltiləri, ağlaşma və yalvarışları qarışdığından, nələrin baş verdiyini anlaya bilmirdi.
O qədər halsızlaşmışdı ki, dikəlib çarpayıda oturmağa, başını qaldırıb ətrafına göz gəzdirməyə belə taqəti yox idi. Nə illah eləsə də, böyür-başından sağa-sola ötüb keçən həkimlər, tibb bacıları, yaxud təmizlik işçiləri onun çağırışına məhəl qoymurdu.
- Doktor! - səsinin köhnəldiyinə diksindi.
- Yenə nə istəyirsən?
- Mümkünsə... - boğazı qovuşduğundan sözünün ardını gətirə bilmədi.
- Mümkün deyil, məşğulam.
- Doktor, axı...
- Heç kimdən artıq deyilsən...
- Bəlkə... - nə isə demək istədi, ancaq ayaq səslərindən həkimin uzaqlaşdığını sezərək sözlərini uddu.
Dəhlizin yuxarı başında, monitoru divarın yarısını tutmuş televizorda xəstəliklə bağlı məlumatlardan savayı bir şey göstərilmirdi. Korona virusu yayılandan sonra bütün ölkədə karantin elan edildiyi, küçəyə, bazara çıxmağın yasaqlandığı dönə-dönə təkrar olunurdu. Vaxtaşırı ayrı-ayrı ölkələr üzrə ölüm sayları ilə bağlı statistik məlumatlar yenilənirdi.
Dəhlizin pəncərələri uzandığı çarpayıdan xeyli aralı olduğundan bayırı görə bilməməsi onu hədsiz dərəcədə sıxırdı. Hərdən gözlərinə pəncərənin qabağında dayanıb nələrisə seyr edən insan kölgəsi toxununca ixtiyarsız olaraq içini həsəd duyğusu bürüyürdü. Sanki pəncərənin o tayında bambaşqa bir dünya vardı və günlər ötdükcə xəyalında yaratdığı o dünya özgə bir örtüyə bürünürdü. Ayağa dura bilsəydi, pəncərənin qarşısına gedərək ona sirr kimi görünən o dünyanı seyr edəcəkdi...
Dəhlizin işıqları gecələr də söndürülmürdü, mürgüsü tutanda mələfəni başına çəkib gözlərinin acısını almağa çalışırdı. Dan yeri sökülənə yaxın quşların səsinə oyanır, bir anlığa özünü, xəstəliyini, ölüm yatağında olduğunu unudurdu. Quşların səsində baharın gəlişini, həyatın davam etdiyini, bütün yaşananlara rəğmən hələ hər şeyin bitmədiyini xatırladan nələrsə duyulsa da, açılan səhərlə çevrəsində gərginliyin bir az da artdığının şahidi olur, yenidən içini ümidsizlik bürüyürdü.
Arası kəsilmədən üzləri maskalı hərbi geyimli şəxslər içəri dolur, ölənləri xüsusi torbalara salaraq xərəklərlə palatadan çıxarıb aparır, boşalmış çarpayılara yeni xəstələr alınırdı.
Xəstəxanada işləyən, gecə növbəsində çalışan həkimlərin tez-tez əvəzlənməsi həyəcanını daha da artırırdı. Qulağının çaldığı pıçıltılı sualların pıçıltılı cavablarından həkimlərin xəstəliyə yoluxması səbəbindən biri-birinin ardınca dünyasını dəyişdiyini anlayırdı. Sağlıq sisteminin çökdüyü, pandemiyanın öhdəsindən gəlinmədiyi üçün yabançı ölkələrdən həkimlər dəvət olunurdu.
Dərman və tibbi ləvazimat qıtlığı ilə bağlı çətinliklər gündən-günə böyüyür, xəstələr arasında seçim aparıldığı, ümidsiz olanların müalicəsindən vaz keçilərək taleyin ümidinə buraxıldığı, illah da yaşlı insanlara qarşı etinadsızlıq göstərildiyi açıq-aşkar duyulurdu.
Xəstəxanaya yerləşdiriləndən bəri heç bir müalicə almamışdı, sadəcə, günün bəlli saatlarında ağrıkəsici dərman verilirdi. Hissiz, duyğusuz, üzünün təbəssümü silinmiş tibb bacılarının verdikləri dərmanı udmağa heyi olmadığından dilinin altına qoyurdu.
Həyat vaxtın axarından sıyrılıb çıxmışdı. Qəfil bir xəstəliyin yayılması ilə qısa bir zamanda insan həyatının bunca dəyərsizləşə biləcəyini xəyalına belə gətirməzdi. Ölüm gözlənilmədən, hazırlıqsız yaxalamışdı və hər şey bu qaçılmaz sonluğa sürükləndiyindən təkcə insanlar deyil, bütün həyat can verirdi.
Üstündən xeyli zaman keçməsinə baxmayaraq, qocalar evindəki o dəhşətli mənzərə gözləri önündən çəkilib getmir, hərdən yadına düşdükcə tükləri qabarırdı. Binanın dəhlizində düşüb qalmış, sir-sifətində həşəratlar gəzişən meyitlərdən gələn üfunət qoxusunu indi də burnunda hiss edir, ürəyi ağzına gəlirdi. Qocalar evi sakinlərinin son nəfərinə kimi ölümü, inzibati işçilərin binanı tərk etməsi dəhşətli yuxu kimi gəlirdi ona. Yaşadığı bu uzun ömürdə dünyanın hər üzünü görsə də, belə mənzərə ilə qarşılaşmamışdı.
Gələcək gözlərinə büsbütün dumanlar içərisində görünürdü və günlər ötdükcə qatılaşan bu dumanlıqda aydın seçilən yalnız ölüm idi.
Bəlkə bir müddət xəstə yatsaydı, özünü ölümə hazırlaya bilər, ya taleyi ilə barışmağa məcbur olardı. Hər kəs kimi axır nəfəsində doğmaları ilə vidalaşmasına belə izn verilmədən gözlərini dünyaya yumacaq, sonra toplu məzarlığa gömüləcək və beləcə, hər şeyə son qoyulacaqdı.
Qızdırması yüksələndə huşunu itirir, yuxuyla oyaqlıq arasında düşüncələri qarışdığından harda olduğunu unudurdu; ayılanda içində ümid cücərtilərinin yaşardığını hiss edir, ancaq ayaq tappıltıları, həkimlərin və tibb bacılarının həyəcanlı səsləri ilə təkrar ölüm yatağına dönüncə ruhu soluxurdu.
Xəstəxananın dəhlizində dayanmadan sağa-sola hərəkət edən həkimlər, tibb bacıları, ölənləri palatadan çıxarmaq üçün gələn əsgərlər gözlərinə kölgə şəklində görünürdü. Kölgələr dalğa-dalğa bir-birinə qarışdığından baş verənlərin reallıqda deyil, xəyallar aləmində yaşandığını düşünürdü.
Yalnız xəstəxana dəhlizlərindəki kölgələr deyil, keçmişi, yaddaşı, yaddaşında yuvalanan xatirələri bir-birinə qarışıb kufi xəttinə çevrilir, sonra da əriyərək yox olub gedirdi.
Yuxularına ən çox vəfat etmiş doğmaları, yaxınları gəlirdi. Və yuxularına gələn hər kəsi kufi xəttinin qarmaqarışıqlığında görürdü... İnsanların heç nə olmayıbmış kimi, qayğısız şəkildə həyatlarına davam etməsi ona qəribə gəlirdi. Yuxunun içərisində hərdən ölmüş olduğunu ağlından keçirsə də, qulaqlarına çəkic zərbəsi kimi çırpılan ayaq səsləri onu təkrar özünə qaytarır, hələ yaşadığını, sağ olduğunu xatırladırdı.
Yer üzü nəfsinə yenilən insana darlıq edirdi, kainatın saflığı çoxəsrlik təcrübələrdən yaranan rəzilliklərlə, haqsızlıq və zülmün qəddar nişanələri ilə ləkələnmişdi.
Dünyada karlık, korluq, lallıq tələblərinin ardınca qanma və anlama yasaqlığının israrla yeridilməsilə hər şey şəklini, nizamını dəyişmiş, ədalət anlayışı yox olmuşdu. Əsrlər boyu bir-birinə qənim kəsilmiş müxtəlif dinlərdən olan insanlar günahlarının bağışlanması üçün eyni məkanda Tanrıya dua edir, onların səsləri kufi xətti kimi bir-birinə qarışaraq göy üzünə yüksəlirdi.
Beynini yoran düşüncələrin ağırlığı altında yuxu apardı. Gecənin bir vədəsi havasızlıqdan boğulduğunu hiss edərək gözlərini açdı. Sinəsi od tutub yanırdı, sanki şüşə parçalarını ovub çiyərinə səpmişdilər, nəfəs aldıqca içi doğranırdı. Ürəyi elə döyünürdü ki, az qala sinəsindən qopub yerə töküləcəkdi. Həkimi köməyə çağırmaq istədi, ancaq nə illah elədisə səsi çıxmadı. ...Və ağrının şiddətindən huşunu itirdi.
...Hardansa uçub gələn mələklər havada dövrə vuraraq üstünə endi. Mələklərdən biri zərif qanadları ilə alın yazısını sildi, o biri isə ucundan süd daman lələklə taleyini yenidən yazdı. Sonra mələklər onu qanadlarına alıb göy üzünə qaldıraraq mavi sonsuzluğa buraxdılar.
Yönü, səmti bilinməyən sonsuzluqda qanad çaldıqca həyatın yenidən başlandığını duyurdu; keçmişi, yaddaşı yuyulmuş, illərlə içini sızladan ağrıları yox olmuş, ruhu təzələnmişdi. Bir ömrün çiyinlərinə yüklədiyi dərdlərdən, qayğılardan xilas olduğundan özünü qov kimi yüngül hiss edir, keçmişindən uzaqlaşmaq üçün uçduqca uçmaq istəyirdi.
...İnsan həniri duyunca diksinib oyandı - maskalı, gözlüklü həkimlər başının üstündə dayanmış, tibb bacıları çarpayısını dövrəyə almışdı.
- Sağdır, - kimsə alçaq səslə dilləndi.
Özünə gələndən sonra yuxusunu xatırladı və birdəncə içindən alın yazısını oxumaq istəyi keçdi; həlim toxunuşla barmaqlarını alnının qırışları arasında gəzdirdi. Ancaq alnındakı qırışlar kufi xəttinə dönüşərək ömrü, taleyi ilə bağlı yazılanları oxunmaz hala saldığından bir şey anlaya bilmədi.
22 mart 2020, Bakı
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!