O illərin mahnısı - Məmməd NAMAZ - hekayə

 

Günşən yamanca yorulmuşdu. Yanaqları pörtmüşdü. Azca dən düşmüş saçları tərdən islanmışdı. Yanaqlarından süzülən tər dodaqlarını sulayır, duzlu tam dadırdı.

Çiynindəki ot şələsindən xoş, doğma, bu qız üçün heç vaxt unudulmayacaq ətir gəlirdi. Bu, təzə biçilmiş otun ətri idi. Yoncalar, çiçəklər, otlar... payız və torpaq qoxuyurdu. Ona elə gəlirdi ki, bu ətir ilk gənclik, ilk məhəbbət kimi bir şeydir...

Yanında dayanan maşına məhəl qoymadan yeriyirdi. Kimsə, ah, bu səs ona necə də doğma və əziz idi.  Yavaşca onu çağırdı:

- Günşən... A Günşən.

Qız məhəl qoymamağa çalışdı. Qeyri-adi bir hiss onu dayandırdı. Çiynindəki ağır ot şələsinin altından boylanıb maşına, onu çağırana baxdı.

Dizləri titrədi, qolları boşaldı. Ot şələsini yerə qoyub üzünün tərini sildi. Ağarmağa başlamış saçlarını geri itələdi.

- Bıy, xoş gördük! - deyib yerindəcə durdu. Tərpənməyə cürəti çatmadı.

- Günşən... salam, ay Günşən...

Kişi ona yaxınlaşıb əlini uzatdı, qız onun əlindən çəkindi.

- Salam, a Günşən... Qonağı beləmi qarşılarlar? Heç əlini uzadıb salamımı da almırsan.

Qızın yanaqları pörtmüşdü.

- Bax, əlim özü uzanıb. İstəyir ki, sənin əlinlə görüşsün. Günşən, gör onlar neçə illərdir ki, həsrətdilər...

Qız istər-istəməz əlini uzadıb kişinin əlini sıxdı. Lap yavaşca sıxdı. Ürəyi titrədi. Hiss etdi ki, əli sevindi. O qədər sevindi ki, kişinin əlindən xeyli ayrılmadı.

Kişi azca əyilib bu əli öpdü:

Qadın utanıb geri çəkildi.

- Günşən, xahiş edirəm, min maşına, qoy səni evinizəcən ötürüm. Lap doqqazınızacan.

- Sağ ol... sağ ol, vallah, istəmirəm.

- Günşən, mən də istəmirəm. Neynim, ürəyim belə istəyir... Nə yaxşı rastlaşdıq. Xahiş edirəm, Günşən.

Kişi ot şələsini götürüb maşının yük yerinə qoydu.

- Nə gözəl ətri var, ay Allah. A Günşən, bu otu Şəhmirdən biçmisən. Ətrindən bilirəm, vallah oradan biçmisən...

Sonra qızın əlindən tutub zorla (bunu qız istəyirdi. İstər-istəməz hansı duyğununsa hökmünə tabe oldu) maşına mindirdi.

- Nə yaxşı oldu, a Günşən. Səni gördüm, cavanlaşdım. Ürəyim təzələndi. Məni bağışla ki, belə danışıram. Bax, maşın da sevinir ki, sən minmisən.

Qız dinmirdi.

Donmuş kimi dayanıb kişiyə baxırdı: onun da saçlarına dən düşüb, qocalıq bu saçlardan da öpüb, üzü qırışmağa başlayıb. Ancaq bu üz-göz yenə də doğma, sevimli və unudulmaz idi...

- Günşən, harda işləyirsən?

- Fermada. - Günşən dili açılmağına, sanki sevindi.

- Lap yaxşı...

Xeyli qabaqda fermanın işıqları göründü. Qaranlıq düşmüşdü. Ay uca dağların qoynundan boylanırdı.

- A Günşən, yenə həmin Aydı, ey o Ay.

- Hansı həmin Ay?

- Unutmusan?

Yox, o axşamı ömrü boyu unutmayacaq. Dinmədi. Köks ötürüb dedi:

- Fermada məni salarsan.

- Bağışla, xətrinə dəydim. İstəməzdim ki, nəyimsə - artıq unudulmuş bir xatirəni yada salıb səni acıqlandıram, - dedi kişi.

Qız yalandan gülümsədi.

- Bilmirəm nə danışırsan? Aydı də... Yanında da iki ulduz...

Kişi əyləci basdı. Maşın, sanki qızın bu sözlərindən bərk diksindi.

"O Ay sənsən, a Günşən. Yanındakı o iki ulduzun da biri mənəm, biri də Xanlardı. İkimiz də səni sevirik. Bilmirik ki, sən hansımızı sevirsən. O vaxtacan sənin yanında olacağıq ki, bilək kimi sevirsən...".

İkisi də kövrəlmişdi.

Kişi dedi:

- Fermada kiminlə qalırsan?

Qız udqundu.

- İnəklərlə...

- A Günşən, istəyirəm ki, səninlə uzaq-uzaq yol gedək. Lap uzaqlara. Bu yola bir ömür bəs etməsin ancaq...

- Fermada məni salarsan...

- Yaxşı. Elə fikrin-zikrin fermadı.

Fermaya çatdılar. Maşın dayandı. Qız qapını açıb kişinin üzünə baxdı. Kişi ömrü boyu bu kövrək baxışların həsrətini çəkmişdi.

- Neçə günlüyə gəlmisən?

- Nə qədər istəsən?

- Nə vaxt qayıdacaqsan?

- Haçan istəsən. Günşən, elə bilirsən səni unutmuşam?

Günşən ona baxdı... baxdı...

- Di, sağ ol.

Düşüb fermaya qaçdı.

Kişi maşını könülsüz sürüb uzaqlaşdı. Xeyli sonra yadına düşdü ki, qadının ot şələsi maşında qalıb. Sanki sevindi. Yük yerini açıb otu götürdü. Burnuna yaxınlaşdırıb onun ətrini acgözlüklə ciyərlərinə çəkdi. Çayın o tayında İsaq-Musaq quşunun doğma və qərib səsi gəlirdi.

Kəndə, evlərinə az qalmışdı.

***

...Onda Xanbuta universitetə təzəcə qəbul olunmuşdu. Dağ kəndlərinə - beynində Bakı havası qayıtmışdı. Köhnə ağ köynək geymiş, əzilmiş papağını atmışdı. Başıaçıq gəzirdi. Kim soruşsaydı ki, a Xanbuta, oxuyub kim olacaqsan, deyirdi: raykom. Çoxları da bu yetim, kimsəsiz uşağa lağ edirdi. Çoxu da həsəd aparırdı. Kənddən uşaqlar Bakıya ataları ilə getmişdilər. Xanbuta da onlara qoşulmuşdu. Atalı gedənlərin çoxusu elə ataları ilə də kəndə qayıtmışdılar. O isə öz gücünə universitetə qəbul olunmuşdu...

Onun qəbul olunmasına ən çox Günşən sevinirdi.

Aylı bir axşam idi. Onlar kənd klubundan kinodan evə qayıdırdılar. Xoşbəxtlikdən ikisi yol yoldaşı oldular. Bax, onda Xanbuta Ayı göstərib demişdi ki, a Günşən, o Ay sənsən, yanındakı ulduz isə...

Bir neçə gündən sonra evlənmək fikrinə düşmüşdülər. Bəs necə, yetim oğlandı. Günşəni də götürüb Bakıya gedəcək. Ən çətin işdə işləyəcək, qiyabiyə keçəcək. Heç bir çətinlikdən qorxmur. Təki Günşən onunla olsun...

Bir tərəfdən də Günşəndən Xanlar əl çəkmirdi. Günşənin ata-anası da Xanları çox sevirdilər. Xanların atası kolxoz sədridir...

Gözəl günlərin birində Şəhmirdə bulaq başında oturub xeyli daşınıb-düşündülər. Məhəbbət onlara kömək etdi.

- Səni götürüb atamın dostugilə aparacağam.

- Atanın dostu harada olur?

- Azaplıda. Səmədoğlu adlı tanınmış bir kişidi. Atamla cəbhə dostu olublar...

- Bəs atamgil gəlib bizi tapsalar?

- Tapsalar... Səmədoğlu səni onlara verməz...

Onda da çəmənlər, otlar bu cür ətirli idi. Onda da Günşənin yanaqları bu cür allanıb-yanırdı...

Səmədoğlu bu iki gənci təəccüb və maraqla qarşıladı. Bu utancaq yeniyetmələri bir ata məhəbbətilə evinə buraxdı. Gözləri yaşardı. Səlimə xala oğlu üçün gördüyü toy tədarükünü bunlara xərcləmək fikrinə gəldi. Kişi cəbhə dostunun oğluna gözəl bir toy etmək üçün əl-ayağa düşdü.

Ancaq həmin günün səhəri elə hadisə oldu ki...

Günşənin atası və iki qardaşı Xanların maşınında Səmədoğlunun qapısını kəsdirdi. Günşənin atası Xanbutanı şillələyirdi. Xanbuta cınqırını çıxarmadan şillələrdən üz-gözünü qoruyurdu.

Səmədoğlu toy tədarükü üçün harasa getmişdi.

Səlimə xala mağazadan qayıdırdı. Xanbuta Günşənin yerini demirdi. Onun burnundan qan axırdı. Birdən Günşən mərəkdən çıxıb atasının düz yanına gəldi. Hamı dönüb ona baxdı.

- Atacan, döymə. Buradayam.

- Ay qancıq qızı!

Kişi qızının biləyini burub Xanların maşınına tərəf çəkdi.

- Qoduq! Yetim! Sataşmağa adam tapmadın? Mənim qızım sənin tayındı?! Geyməyə şalvar tapmırsan, başıaçıq gəzirsən!

- Ata!

Günşən daha danışa bilmədi. Qardaşının vurduğu şillədən başı gicəllənirdi.

- Ə, Alı kişi, bu nə həngamədir?!

Bu, Səmədoğlu idi. Özünü yetirib qızın qolundan dartdı.

- Ə, Alı kişi, elin adətini tapdalama, ə!

Alı kişi qoca Səmədoğlunun sinəsindən geri itələdi. Kişi yıxıldı. Xanbuta onu qucaqlayıb ayağa qaldırdı. Səsə Səlimə arvad cumdu. Yabanı götürüb onların üstə yeridi.

- A köpək uşağı, kimin qapısında at oynadırsınız?!

Səmədoğlu evə qaçdı, qoşalüləni doldurub gələnəcən maşın yola çıxdı.

Günşən geri baxa-baxa gedirdi.

Səlimə arvad yabanı onların dalınca tolazladı.

Səmədoğlu güllələrinin ikisini də onların arxasınca boşaltdı. Sonra gəlib Xanbutanı bağrına basdı. İkisi də ağlayırdı. Səmədoğlunun göz yaşları çal saqqalı aşağı süzülür, Xanbutanın tozlu saçına qonurdu.

- Bu hayıfı yerdə qoymaram, bala! Bir quş ki, bir yuvaya sığındı, ona əl vurmazlar... Köpək uşağı, sizə göstərərəm. İt kimi peşman olacaqsınız, baxarıq.

Xanbuta başını qaldırıb bir oğul məhəbbəti ilə Səmədoğlunu qucaqladı.

- Ata, eybi yoxdur. Daha Günşən mənə lazım deyil - dedi. - Gərək onlarla getməyəydi... Gərək deyəydi ki, özüm gəlmişəm. Gərək ölüb mənimlə qalaydı...

Günşən isə anasına demişdi:

- Evdə qocalıb-qarıyacağam. Ərə getməyəcəyəm. Qoy atam sevinsin, qoy o deyən olsun. O ki...

Elə belə də oldu...

Beş-on ildən bir Xanbuta doğma kəndlərinə baş çəkir, bir-iki günlüyə gəzib-dolaşır, uçub-dağılmış ata yurdunda xatirələrlə qucaqlaşıb yatırdı. Onun hər gəlişi Günşən üçün bir həsrət bayramı olurdu. Uzaqdan-uzağa ona baxar, ürəyində onunla danışar, umub-küsərdi...

Xanbuta şəhərdə evlənib qalmışdı. Günşən eşitmişdi ki, qızının adını Günşən qoyub. Eşitmişdi ki, arvadını sevmir, ona hörmət edir. Eşitmişdi ki...

Xanbuta da hər kəndə gələndə çalışırdı ki, Günşəni uzaqdan da olsa görsün. Görməmiş getməzdi...

Bir dəfə eşitmişdi ki, Günşən ağır xəstədir. Kənd xəstəxanasında yatır. Bakıdan gəlib ona baş çəkmişdi. Axşam xəstəxanaya gəlmiş, Günşənin yatdığı otağa girmişdi. Qəfil görüşdən Günşən dik atılmış, sonra yorğanı başına çəkib hönkür-hönkür ağlamışdı. Xanbuta yaxınlaşıb əlini onun təzə çiçəkləyən tellərinə çəkmişdi. Günşən yorğanı başından çəkməmişdi. Xanbuta ona baxa-baxa palatadan çıxmışdı.

Onda şəfqət bacısı da ağlamışdı.

Onda Günşən şəfqət bacısına demişdi ki, "bu, nahaq gəldi - qoymadı öləm". Onda...

Bu axşam Günşən özünü elə xoşbəxt, elə şən hiss edirdi ki! Tövlə, inəklər, analarının yanında durmuş buzovlar, kövşən ətri... ona elə xoş gəlirdi ki... bu axşam bütün kənd, bütün dünya gözəl idi...

"Xanbuta. Özümü çox öldürmək istəmişəm. Sənə qıymamışam. Bilirəm ki, dözməzsən. Nə olsun ki, sən başqasınınsan, bilirəm ki, mən səninəm...". Məktubu yazdı... yazdı. Sonra cırıb atdı. Təzə vərəq götürdü.

"X. İstəyirəm ki, hər şey təzədən başlasın. Məni götürüb uzaqlara aparasan. Lap o Ayın yanına. İstəyirəm ki, həmişə bir yerdə olaq. Saçlarına baxdım - çiçəkləyib. Məni burda qoyub getmə. Yazdıqlarının hamısını oxuyuram. Hamısının qəhrəmanı bilirəm ki, mənəm. Bütün bunlara görə sağ ol. Mən ömrüm boyu tənha yaşayacağam - qəlbimdə sən. Sənin acığına və atamın, qardaşlarımın acığına... Kaş...". Özü yazdığına özünün gülməyi tutdu. Cırıb atdı.

Səhərəcən neçə kağız yazılıb-pozuldu, cırılıb-atıldı.

O gecə səhərəcən çayın o tayında dan quşları oxudular...

***

Xanbuta şəhərdə, iyul səhərində maşının yük yerini açanda sevinc qarışıq bir kədər onun ürəyini sıxdı: Günşənin ot şələsi hələ də burada idi. Əyilib otu qucaqladı. Burnuna tutub ətrini ciyərlərinə çəkdi. Otdan kənd ətri, doğma çöllərin, o uzaq və unudulmaz illərin, Günşənin, onun əllərinin və heç vaxt solmayacaq məhəbbətinin ətri gəlirdi...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!