Məti Osmanoğlunun təqdimatında Ali Kafkasyalının «Mayor Qara Yunus» hekayəsi

 

Kiçik ixtisarla təqdim olunan bu hekayənin müəllifi Ali Kafkasyalı Türkiyədəki Ərzurum Atatürk Universitetinin professorudur. Qarsda, azərbaycanlı mühacir ailəsində böyüyüb. Atası Hacı Kafkasyalı 1930-cu illərin əvvəllərində Sovet hakimiyyətinə tabe olmayaraq üsyan etmiş bir qrupla birlikdə Türkiyəyə köçüb və ömrünün sonuna qədər orada yaşayıb. 

Hekayə mühacirlərin ayrı düşdükləri yurd, buradakı insanlar, onların taleləri haqqında düşüncələrindən qaynaqlanır. Müəllifin atasının silah yoldaşlarından olan və onun kimi mühacir həyatı yaşayan Əmrah Gəncəli 1971-ci ildə Sovet İttifaqına turist səfərinə gəlmiş, buradakı qohumları ilə görüşmüşdü. Türkiyəyə qayıdandan sonra onun Azərbaycan haqqında təəssüratlarını o vaxt tələbə olan Ali bəy lentə almışdır və həmin yazıları bu günə qədər qiymətli bir irs kimi saxlayır. Onu da deyim ki, Ali bəyin zəngin bir səs arxivi var, oradakı materiallar - vaxtilə Sovet İttifaqından mühacirət etmiş şəxslərin xatirələri tariximizin canlı mənbələri kimi böyük əhəmiyyət daşıyır.

Hekayənin qəhrəmanının prototipi Yunus Osmanov mənim atamın dayısıdır. İkinci Dünya müharibəsində almanlara əsir düşəndən sonra min bir əzabla, ağlasığmaz macəra ilə əsirlikdən qaçmış, yenidən Sovet ordusu sıralarında faşistlərə qarşı döyüşmüşdü.

Müharibədən qayıdandan sonra təqiblərdən qorunmaq üçün Qazaxdan Gürcüstana köçmüş, Rustavi yaxınlığındakı Təzəkənddə məskunlaşaraq Azərbaycan dilində təhsilin təşkili sahəsində müstəsna xidmətlər göstərmişdi.

Məti Osmanoğlu

Ali Kafkasyalı

Mayor Qara Yunus

HEKAYƏ

...Qara Yunus çayçının "Mayora çay gətirim!" dediyini eşidib, özünü ələ aldı. Soyumuş çayı içəndən sonra stəkanı çayçıya uzatdı. Bu zaman qarşılarında Hans - Helmutun yavəri peyda oldu. Əlindəki zərfi Qara Yunusa uzatdı. Qara Yunus zərfi açdı. Zərfin içində düşərgə rəisi Helmutun imzası ilə kiçik bir məktub var idi: "Hörmətli mayor Yunus, səyahət etməyim üçün atınızı mənə göndərsəniz, məmnun qalardım". 

Qara Yunus məktubu oxuyub fikrə getdi. Qərar verə bilmirdi. Helmut keçən bazar da atını istəmiş, o da atı göndərmişdi.

Başını qaldırıb Helmutun yavərinə baxdı.

- Apar, - dedi.

Kağızı qatlayıb döş cibinə qoydu.

Hans atı yedəkləyib apardı.

Qara Yunus və yoldaşı dinməz-söyləməz bir neçə stəkan da çay içdilər. Stəkanların podnosa toxunanda çıxardığı səsdən başqa səs gəlmirdi. Beyinləri çox qarışıq idi. Olub-keçənlər çox düşündürücü idi və onları təşvişə salırdı. Onlar küləyin əsdiyi, həyatın axdığı səmtə getməkdə idilər.

İlin payız fəsli olduğuna görə hava ertədən soyumuşdu. Üşüməmək üçün gəzinmək istədilər. Özləri də bilmədən ağızları atın aparıldığı tərəfə düşdü. Düşərgənin ətrafına çəkilmiş tikanlı məftil çəpərin yaxınlığında dayandılar. Yunusun canı atının yanında qalmışdı. Yanındakı yoldaşı baxışlarını onlardan bir az irəlidə səfil hala salınmış yəhudi əsirlərdən ayıra bilmirdi. Yunusun gözləri isə uzaqları dolaşırdı. Birdən gözü atına sataşdı. Atın üstündə gonbul bir qız əyləşmişdi. Yunus çaşıb qaldı. Öz atı olub-olmadığını dəqiqləşdirmək üçün diqqətlə baxdı. Bəli, onun atı idi. Helmut qızını ata mindirmişdi, Hansla birlikdə atın belindəki qıza baxıb əylənirdilər. Atını bu vəziyyətdə görmək Yunusun canını sıxdı. Yoldaşı isə bu çirkin mənzərəni görmürdü.

Dinib-danışmadan bir neçə dəfə meydanın bu başından o başına, o başından da bu başına hərlənəndən sonra öz olacaqlarına qayıtdılar. Qara Yunusun baraka onlardan bir az sonra gələn yavəri:

- Atı gətirdilər, yemini, suyunu verib tövləyə çəkdik, - dedi.

Aradan bir həftə də keçdi. Növbəti istirahət günü idi. Qara Yunus səyyar otağında yatağına uzanıb, barmaqlarını boynunda daraqlamışdı, gözlərini tavana dikərək düşünürdü. Qarışıq və çətin hadisələrlə yola saldığı həftənin haqq-hesabını aparırdı. Bu həftə yoldaşlarından ölən və yaralanan olmadığına görə içində rahatlıq var idi. Yadına ailəsi, doğma yurdu düşmüşdü. Həyat yoldaşı, uşaqları, anası... Burnunun ucu göynəyirdi. Bəs Aslan babası?.. Aslan babasının həm həsrətini çəkir, həm də üzüntü keçirirdi.

Onu Qafqazdan qəfildən əsgərliyə aparmışdılar. Babasının əlini öpməmiş, öyüdünü almamış cəbhəyə gətirilmişdi. Elə hey bunun yaxşı olmadığı barədə düşünürdü. Hər gün hər sıxıntı çəkəndə ilk ağlına gələn babası olurdu. Ən düzgün qərar verəndə belə tərəddüd keçirirdi: "Görəsən, Aslan babam olsaydı, buna nə deyərdi, bunu uyğun görərdimi?". Qayğı, kədər üstünə kabus kimi yeriyirdi.

Qapı döyüldü, Yavəri içəri girdi:

- Hans gəlib, Helmutdan məktub gətirib, sizi görmək istəyir, - dedi.

Mayor Qara Yunus yerində dikəlib oturdu. Dedi ki, Hans gələ bilər. Yavəri çıxandan sonra masasının arxasına keçdi. Qəzetləri qarışdırmağa başladı. Hans ona yenə bir zərf uzatdı. Məktubu almamış məsələnin nə yerdə olduğunu anlamışdı. Yenə atını istəyəcəkdilər. Elədir ki var, eyni cümlə yazılmışdı: "Hörmətli mayor Yunus, səyahət etmək üçün atınızı göndərsəniz, çox məmnun olardım".

Yunus pərt oldu, hirsi tutdu, qanı coşdu. Məktubu qatlayıb cibinə qoydu. Qətiyyətli bir tərzdə döş cibindən qeyd dəftərçəsini çıxardıb, Hansın adını, rütbəsini qeyd elədi. Gözlərinin önünə ogünkü mənzərə gəldi. Atının üstündə Helmutun qızının qeyri-ciddi hərəkətləri, Helmut ilə Hansın qəhqəhəli gülüşləri... Başını yellədi, gözünü önündəki qəzetə zillədi. Hans türkcə bilirdi. Bununla belə, həm rusca, həm də almanca gözəl bilən Qara Yunus təsirli olsun deyə əmrini almanca verdi:

- Hans, övladım, get komandirinə de ki, biz türklərdə at oyuncaq deyil, igidin yoldaşı, qardaşıdır. Atımın oyuncaq kimi istifadə edilməsinə yol verə bilmərəm. Qızını əyləndirmək üçün ata ehtiyacı varsa, gedib özünə ayrı at alsın. Atımı verməyəcəyəm. Gedə bilərsən! - deyib, Hansa qapını göstərdi. 

...Otağına qayıdan Qara Yunus yorğun-arğın poçt qutusuna baxdı. Qutuda rəsmi bir zərf vardı. Düşərgə rəhbərliyindən gəlmişdi. Üç cümləlik bir yazı idi: "Qafqaz Süvari Bölüyünə müraciət edilir: bölüyünüzün atlarında xəstəlik şübhəsi vardır. Xəstə atların müəyyənləşdirilməsi üçün sabah saat 10.00-da Qafqaz Süvari Bölüyünün atlarının hamısını düşərgə meydanında yan-yana düzmənizi xahiş edirəm. İmza: Helmut". 

Qara Yunus vəziyyətin ciddi olduğunu dərhal anlasa da, əlindən gələ biləcək çox iş yox idi...

Cümə günü, saat on radələri idi. Qafqaz Süvari Bölüyü düşərgə meydanında sıraya düzülmüşdü. Hər gün baxılan, tumarlanan atlar açıq havada, günəşin altında par-par parıldayırdılar. Heç birində yorğunluq nişanəsi yox idi. Kimisi kişnəyir, kimisi də yerində eşinirdi. Süvarilər və mehtərlər atların yanında idilər. Bölüyün qarşısında zabit yoldaşı ilə danışan mayor Qara Yunus yavərinin yedəklədiyi ceyran baxışlı, göy yallı, göy donlu, pul-pul xalları olan Hilal adlı atından gözünü çəkə bilmirdi. Gözü atının alnındakı qüdrət nişanəsi olan aypara şəklindəki ağ qaşqada idi. Hərdənbir gözlərini o biri atlara da gəzdirir, yenidən öz atına baxırdı. 

Yoldaşlarından biri:

- Helmutgil gəlir, - dedi.

Qara Yunusun ağlı bir şey kəsmədi. Əlləri arxasında, gümüş dəstəli qamçısını oynadırdı. Almanlarla göz-gözə gəlməmək üçün gözünü bölükdən ayırmırdı.

Helmut və əllərində iri çantalar olan iki baytar mühafizəçiləri ilə birlikdə gəlirdilər. Yaxınlaşıb məğrur və soyuq salam verdilər. Qara Yunus onların salamına heç əhəmiyyət vermədi. O biri iki zabit yoldaşı da almanların salamını dilucu aldılar.

Baytarlar atların hamısını gözdən keçirəndən sonra öz aralarında xosunlaşmağa başladılar. Sonra da çantalarından önlüklərini və əlcəklərini çıxardıb geydilər. Əllərindəki tibbi alətlə atları müayinə eləməyə başladılar. Qara Yunusun atının və ondan sonrakı üç atın da sıradan çıxarılmasını istədilər. Helmut yüksək və titrək səslə ortalığa:

- Bu atlar xəstədir. Onları öldürmək lazım gəlir. Onları bu tərəfə çəkin, - dedi.

Hürkək bir tərzdə mühafizəçilərə dönərək atları vurmalarını əmr elədi. Baş baytarın verdiyi iki qutu dərmanı göstərərək:

- Xəstəliyin o biri atlara da yoluxması ehtimalı vardır. Bu dərmanları yemlərinə və sularına qatarsınız! - dedi.

Mühafizəçilər işarə edilən atların üçünü də mehtərlərin əlindən alaraq yəhərlərini götürüb, meydanın kənarına çəkdilər. Bu arada mühafizəçilərin üçü də Helmutun dövrəsində aşağı əyilib atəş vəziyyəti aldılar. İşarə verildi, mehtərlər atları buraxdı və atəş açıldı. Gözləmədiyi bir anda rəhmsizcəsinə atılmış gülləni başından yeyən göy yalmanlı Hilal köhlən səslə birlikdə şahə qalxıb, sütun kimi ayaqlarının üstünə yüksəldi. Sanki alnındakı ayparanın yerə düşməsini istəmirdi. Və kəsilən çinar kimi qopub yerə sərildi.

Tapşırığı yerinə yetirən mühafizəçilər Helmutun yanında dayanmışdılar. Helmut və baytarlar ehtiraslarını doydurmağın həzzi ilə oradan aralanırdılar. Bir neçə addım atmışdılar ki, bayaqdan gördüyü vahiməli və hüznlü mənzərə qarşısında daşa dönən, yoldaşları gözünə görünməyən Qara Yunus qəfildən ildırım kimi guruldadı:

- Helmut, geri dön!..

Helmut tərəddüdlü və əndişəli olsa da, saxta qürurlu bir tərzdə yavaşca geri döndü. Yunus onun üzünə baxa-baxa sözünə davam elədi:

- Helmut, səni də mən uzaqdan müayinədən keçirdim. Sən də xəstəsən. Sənin də öldürülməyin lazım gəlir, - dedi və qəfildən belindəki silahını çəkərək Helmutun başına boşaltdı...

Silah səsinə hadisə yerinə gələn alman jandarma alayı əsgərləri, yerdə qan içində yatan atları və Helmutu görəndə çaşdılar. Onlar da komandirləri ilə birlikdə qorxu içində donub qaldılar. Alman əsgərlərini düşdükləri vəziyyətdən Qara Yunus çıxartdı:

- Əsla yanlış bir hərəkət etməyin, - dedi. - Yoxsa hamınızın axırına çıxarıq. Kimsənin günahı yoxdur. Helmutu mən vurmuşam. Məni dərhal prokurorun yanına aparın. Vaxt itirməyin. Prokurorun əmri olmadan atları da yerlərindən tərpətməyin!..

Qara Yunus məhkəmədə prokurorun heç bir sualına cavab vermədi. Verilən hər bir suala "Hələ heç nə söyləməyəcəyəm" cavabını verir və bir istəyini təkrar-təkrar bildirirdi: "Əvvəlcə sizdən vurulan atların xəstə olub-olmadıqlarını sübut etmək üçün hərəsi bir şəhərdən olmaq şərtilə üç baytar gətirmənizi xahiş edirəm. Atlar müayinə edilib, arayış gətiriləndən sonra ifadə verəcəyəm". 

Atlar müayinə olundu. Baytarların prokurorluğa təqdim etdikləri arayışda atların xəstə olmadıqları göstərildi.

Arayış prokurorluğa çatdırılandan sonra Qaya Yunusu prokurorluğa gətirdilər. İfadəsində Helmutun bir neçə dəfə onun atını istədiyini, onun atı hər dəfə verdiyini, ancaq Helmutun onun atını öz uşaqları üçün əyləncə vasitəsinə çevirdiyini, bu vəziyyəti görəndən sonra atını ona vermədiyini dedi. Bundan əlavə, Helmutun ona göndərdiyi məktubları da prokurora təqdim elədi. Adını, soyadını, rütbəsini qeyd etdiyi Hansı da şahid göstərdi. Atının xəstə olmadığı halda vurulduğu üçün belə bir hərəkət etdiyini dedi: "Biz türklərdə at namusdur. Helmutu buna görə vurdum".

***

Məhkəmədə irəli sürülən dəlillərin hamısı onun xeyrinə olduğu üçün bəraət qərarı verildi və o, həbsdən azad edildi.  

***

Səhər toplantısında bölüyünü yoxlayıb, barakına qayıdan Qara Yunus nahar yeməyinin vaxtı çatanda hələ də bayıra çıxmamışdı. Yanına gələn iki yoldaşı ilə birlikdə zabitlər üçün ayrılmış yeməkxanaya getdi. Yeməkxananın yeni qəbul edilmiş qaydalarına əsasən, papaqlarını çıxarıb asılqandan asdılar. Silahlarını da xüsusi saxlama yerinə qoyub içəri keçdilər. Əvvəllər yeməkxanaya silahları ilə keçə bilirdilər. Nahar yeməyi üçün ayrılmış paylarını götürüb bir masanın arxasında oturdular. Təəssüf ki, bu yemək Yunusun qisməti deyilmiş. İlk loğmasını ağzına aparmamış atəş açıldı. İlk atəşin səsi gələr-gəlməz Qara Yunus yerindən sıçrayıb silahına sarıldı. Ancaq kimə atəş açacağını bilmirdi. Çünki onu arxadan vurmuşdular!.. 

Qara Yunus yerə yıxıldı. Sanki bir çinar yerindən qopmuşdu. Yoldaşları qaçıb yanına gəldilər. Silahlarına sarıldılar. Ortalığa atəş açdılar. Heç kəs ayaq üstə deyildi, hamı yerə sinmişdi. Qara Yunusun hər tərəfindən qan süzülürdü.

***

Bu hadisənin üstündən iyirmi dörd il keçmişdi.

Qafqaz Süvari Bölüyünün əsgərlərindən bəziləri müharibədən sonra müxtəlif ölkələrə yollanmış, bəziləri də əsirlərin dəyişdirilməsi yolu ilə Qafqaza qayıtmışdı. Qafqaz Süvari Bölüyünün gənc süvarilərindən olan Gül Əhməd isə Türkiyəyə gəlib burada yerləşməyə müvəffəq olmuş bir neçə əsgərdən biri idi.

Gül Əhməd qocalmışdı. Ömrünün son çağında, bu qədər həsrətdən sonra ata ocağını ziyarət etmək istəyirdi.

Uzun zaman əlləşib-vuruşandan sonra Qafqaza getmək üçün viza ala bildi. Qars-Akyaya sərhəd qapısından keçərək Tiflisə, oradan da qatarla iyirmi dörd il əvvəl ayrıldığı ata yurdu, ana qucağı Azərbaycanın Gürcüstanla sərhədində yerləşən Qazax şəhərinə gəldi.

Qazaxdakı qohumlarından heç kimi tapa bilmədi, onunla birlikdə davaya göndərilən qardaşı cəbhədən geri qayıtmamışdı. Anası və atası isə ölmüşdü.

Gül Əhməd Qazağın yaraşıqlı və gediş-gəliş az olan küçələrindən birində növbə çəkən iki milisin müşayiəti ilə gedirdi.

Tarixi bir küçəyə buruldular. Qarşıdan irigövdəli bir insan gəlirdi. Gül Əhməd yaşlı adamı süzdü. Yaşlı adam da sağ ayağının üstündə özünü tarazlayıb, qoltuq ağacını sol qolunun altına yerləşdirəndən sonra gözlərini Gül Əhmədin üzünə dikdi:

- Sən Gül Əhməd deyilsən ki? - dedi.

- Bəli, mən Gül Əhmədəm. Ancaq səni tanıyammadım. Birinə oxşadıram, ancaq o, çoxdan ölüb.

Ayaq üstə dayanmağa çətinlik çəkən axsaq qocanın canına yenidən can gəlmiş kimi dirçəlib sağ əlini Gül Əhmədin boynuna apardı, onu özünə tərəf çəkib qucaqladı. Bağrına basdı. Bir müddət ürəyini ürəyinin üstündə saxlayandan sonra üzündən öpdü. Gözlərindən süzülən bir neçə damcı yaş solğun və qırışıq bürümüş yanaqlarından aşağı yuvarlandı. Gül Əhməd çaşmışdı. Onun hərəkətlərinə cavab verə bilmirdi. Dili dolaşır, kəkələyirdi:

- Sən, sən, yoxsa, sən... Sən mayor Qara Yunussan? Səsin onun səsinə çox oxşayır. Amma o öldü. Xeyr, onu almanlar öldürdü.

Axsayan qoca:

- Bəli, mən Qara Yunusam, - dedi.

Gül Əhməd lap özünü itirmişdi. Gül Əhmədi müşayiət eləyən mülki milislər yana çəkilib onlara baxırdılar. Qarşılarındakı axsaq qocanı tanıyırdılar. O, bir qəhrəman idi. Onun üçün söhbətə qarışmırdılar.

Gül Əhməd eşitdiklərinə inanmırdı. Söylənə-söylənə qalmışdı:

- Necə ola bilər? O öldü. Onun tabutunu əsir düşərgəsindən öz əlimizlə çıxardıq.

Qara Yunus küçənin səkisini göstərdi: 

- Burada əyləşək, - dedi. Sonra da vəzifə başında olan məmurlara üzünü tutdu:

- Övladlarım, bu mənim əsgər yoldaşımdır. İcazə verin, bir az söhbət eləyək.

Məmurlar səslərini çıxarmadılar.

Bir-birlərinin hal-vəziyyətini soruşandan sonra hələ də çaşqınlıq içində olan Gül Əhməd çox dayana bilmədi:

- Bəs sən ölmədinmi? Mən inana bilmirəm. Necə oldu sən dirildin? Buraya necə gəldin? - deyə təkrar-təkrar soruşurdu. Bir tərəfdən də diqqət kəsilib ixtiyar qocanı gözləri ilə süzürdü.

Qara Yunus cibindən böyük bir dəsmal çıxardıb, gözünün yaşını siləndən sonra dərin nəfəs aldı:

- Mən yeməkxanada vurulandan sonra, bildiyin kimi, məni öz barakıma apardılar. Yaralarımı öz üsulumuzla sarıdılar. O gecə yanımda qalan yoldaşlarımızla bir plan hazırladıq. Sabah tezdən komada olduğumu, günortadan sonra isə öldüyümü dedilər. Məni adyala bükdülər. Vaxt qazanmaq üçün almanların gözləri qarşısında məni barakdan sökdükləri taxtalardan düzəldilmiş tabuta qoydular. Almanlar gedəndən sonra boş tabutu əvvəlcədən qazılmış məzara basdırdılar və dərhal düşərgəyə qayıtdılar. Bir neçə saat sonra həmin beş yoldaşımız atları ilə gəldi. Məni də tərklərinə alıb, rusların cinahına doğru yola düşdülər. Məni növbə ilə tərklərində aparırdılar. Atın üstündə tək dayanmağa halım yox idi. Sabaha yaxın rusların cinahına yaxınlaşdıq. Almanlar artıq darmadağın olmuşdu. Hər tərəf Sovet Ordusunun əlinə keçmişdi.

Günəş doğanda rus süvarilərinin yanına çatdıq. Bəxtimiz bizə qarşı gəlmişdi. Gördük ki, bu süvarilər də bizdən sonra cəbhəyə Qafqazdan gətirilmiş türk əsgərləridir. Onlara qoşulduq. Məni oradan ölkəmə göndərdilər... Müharibədən sonra məni hərbi məktəbə müəllim götürdülər. Keçən ildən pensiyaya çıxmışam. Ömrümün sonunu gözləyirəm, - dedi və susdu...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!