Bir həftədən artıq idi komitənin illik hesabatına hazırlaşırdım. İşdən sonra hazırlanmış materialı evə gətirib gecəni səhərədək yatmayıb, təkrar-təkrar nəzərdən keçirdirdim. Yuxusuzluq səhhətimə öz təsirini göstərmişdi. Yorğun, əzgin görünürdüm. Daxilimdə bir narahatlıq, həyəcan vardı. Tələsik yuyundum, bir fincan çay içib, evdən çıxdım. İş yerimə çathaçatda birdən yadıma düşdü ki, hazırladığım material yazı masamın üstündə qalıb. Tələsik geri qayıtdım. Pilləkənlarla qalxa-qalxa əlimi cibimə salıb açarı çıxardım. Qapımı açmaq istəyəndə birdən yadıma düşdü ki, saat doqquzun yarısında evin təmizliyi ilə məşğul olan qadın gəlməlidir. Saata baxdım. Doqquza on dəqiqə qalırdı. Deməli, qadın artıq evdədir. Evimizdə tanımadığım, adını belə bilmədiyim bir qadın vardı. Qadından başqa evdə kimsə yox idi. Uşaqlar dərsdə, Lalə isə işdə idi. Tərəddüd içində qapının arxasında dayanmışdım. Birdən xatırladım ki, materialdakı bəzi mübahisəli rəqəmləri təcili dəqiqləşdirməliyəm. Özümü toplayıb qapının zəngini basdım. Cavab gəlmədi. İkinci dəfə zəngi çaldım. Bir müddətdən sonra titrək, hürkək bir səs: - kimdir? – deyə, soruşdu. Bu səs sanki, qapının arxasından deyil, lap uzaqlara gəlirdi. Səs varlığıma qəribə, xoş bir duyğu yaydı. Bu duyğu məni məndən alıb lap uzaqlara apardı. Qapının arxasından ikinci dəfə səs gəldi: kimdi? Bu dəfəki səsdə həm qorxu, həm də cəsarət vardı. Özümü itirdim. Kimliyimi belə unutdum. Güclə özümü toparlayıb:- mə...mə....nəm. Lalənin yoldaşı. Yazı masamın üstündə qovluq var. Zəhmət olmasa, onu mənə gətirərdiz. Bir dəqiqə keçməmiş hiss etdim ki, qadın qapının arxasındadır, nədənsə qapını açmağa cəsarət etmir. Nəhayət, xeyli tərəddüdən sonra qapını açdı. Bir əli rezin əlcəkli, o biri əli isə qovluğa tutmuşdu. Başı aşağı qovluğu mənə uzatdı. Birdən məndən asılı olmadan başımı qaldırıb istər-istəməz üzünə baxdım. Gözlərimə inanmadım. Özümü itirdim. O idi. Əlimi uzadıb qovluğu tutmaq iqtidarında deyildim. O yerə baxırdı, mən ona. Qovluq yerə düşdü. Üzümə baxmadan üzr istəyib tez qovluğu yerdən götürüb, ikinci dəfə mənə uzatdı. Ani olaraq başını qaldırıb üzümə baxdı. Baxışlarımız qarşılaşıb bir-birimizə kilitləndi. Heyrət dolu baxışlarla bir-birimizə baxırdıq. Nə o dindirdi, nə mən. Qəlbim yerindən oynayıb sinəmi didib parçalayırdı. Dönə-dönə təkrar edirdi: - Odur! Odur! Məgər məni sinəndən qoparıb kimə verdiyini mən tanımıram?! Ağlim isə: Ola bilməz, ola bilməz, kiməsə oxşadırsan. 55-60 yaşında saçları ağappaq, üzü qırış-qırış, gözləri çuxura düşmüş yaşlı qadını sən kimə bənzədirsən?! Birdən iyirmi beş il əvvəl gördüyüm həya onun üzünü bürüdü. Üzünə xəfif qızartı yayıldı. Başını aşağı salıb gözlərini yerə dikdi. O idi. Ancaq 25 il əvvəl, rəngbərəng gülləri səhərin şehində yuyunan, günəşin al şəfəqində qurunan Çəmənimdən əsər əlamət qalmamışdı. İndi Çəmənim solmuş, gülləri qupquru qurumuş, bomboz çöllüyə bənzəyirdi. O idi. Sarsıldım. Sanki varlığımı ilmə-ilmə dartıb sökürdülər. Zaman, illər qəddarcasına gəncliyini, gözəlliyini əlindən alsa da, həya örtüyünə toxuna bilməmişdi. Üzünə baxa bilmirdim. Qapının kənarındaca donub qalmışdım. Bayır qapısı ilə üzbəüz hamamın, tualetin qapısı açıq idi, qarşısında müxtəlif təmizləyici məhlullar vardı. O, qapının küncünə sıxılmışdı. Məndən gizlənirdi. Niyə? Bilmirdim. Hiss edirdim ki, küncə sıxılıb, göz yaşlarının dəhməsini açıb sinəsində düyün bağlamış ağrısının-acısının üstünə axıdır. Bu göz yaşları o ağrını-acını apara biləcəkmi?! Qarışıq fikirlər burulğanına düşmüşdüm. Hey çabalayırdım, ancaq bir yana çıxa bilmirdim. Niyə bu böyüklükdə şəhərdə başqa yerdə yox məhz mənim evimdə qarşılaşmalıydıq? Yoxsa tale əsl təsadüfün necə olduğunu mənə göstərmək üçünmü bizi qarşılaşdırdı. Onun qapının küncünə sıxılıb məndən gizlənməyinin səbəbi nə idi?! Düşündükcə səbəblər toplusu varlığımı alt-üst edirdi. Baş götürüb qaçmaq istəyirdim. Hara? Bilmirdim. Özümü toparlayıb qapını astaca çəkib örtdüm. O, qapının o üzündə, mən bu üzündə qaldım. O da tarımar olmuşdu, mən də. Yerimdən tərpənə bilmirdim. Taleyimizin oynadığı bu acımasız oyunda onun nə idi günahı?! Mənim nə?! Ağlım başımda deyildi. Özümü idarə edə bilmirdim. Birdən türklərin tez-tez işlətdiyi bir ifadə yadıma düşdü. “Allahım, sən aklımdan müqayet ol” Türklər ağıl insanı yer üzünün əşrəfi etdiyi üçün canlarını var-dövlətlərini, sərvətlərini deyil, ağıllarını Allaha tapşırır. Mən də əl açıb Allahımdan ağlımı qoruması üçün yalvardım. Pilləkanlar sürünə-sürünə enməyə başladım. Onu tarımar vəziyyətdə qoyub getməyimə ürəyim əsla razı olmurdu. Ağlım isə məni sürükləyib burdan uzaqlaşdırmaq istəyirdi. Hara aprırdı bilmirəm. Çətinliklə də olsa həyətə endim. Maşının qapısını açıb, sükanın arxasına keçdim. Mühərriki işə saldım. Nəzərlərim yola dikilmişdi. Hara gedəcəkdim? Məndən asılı olmadan maşın sürətlə yerindən tərpəndi. Nə qədər yol qət etdiyimi bilmirəm. Şəhərdən tamamilə uzaqlaşdım. Tozlu-torpaqlı yolla Xəzərin sahili boyu hərəkət edərək, kiçik təpəli sərt qayalıqlı yerə gəldim. Bura necə gəldiyimi özümdə başa düşə bilmədim. Bura 25 il öncə gəldiyim həmin yer idi. Heç nə dəyişməmişdi. Qayalıq həmin qayalıq, kiçik təpə, kol-kos həminki idi. Bircə dəyişən Xəzər idi. Bu günədək heç zaman Xəzərlə ülfətim mehri-məhəbbətim olmamışdı. Mənbəyini, dağların sinəsində qaynayan bulaqları, balası kimi sinəsinə sıxan axışı zümzüməli bir musiqi bəstəsinə bənzəyən dərələr də bir-birinə qovuşub yeni bir melodiya yaradan dağ çaylarını sevirəm. Bu gün Xəzər sanki onun haqqındakı düşüncələrimi başımdan silmək, məndə mehri-məhəbbət yaratmaq istəyirdi. Xəzər sakit idi. Günəş səhər şəfəqləri ilə üz-gözünü al-əlvan rəngə boyamışdı. Par-par parıldayırdı. Tərtəmiz, gömgöy suyu insanları qoynuna çağırırdı, təmizləmək üçün, saflaşmaq üçün. Bu gün Xəzər bütün gözəlliyini nümayiş etdirərək məni utandırmaq istəyirdi. Ara-bir mənim halıma acıyırmış kimi pıçıltı ilə: - “Səni dinləməyə hazıram”. Həqiqətən, Xəzər bu gözəlliyi ilə, bu könül oxşayan mənzərəsi ilə məni utandırdı. Utana-utana üzümü Xəzərə tutdum.
Xalq Təsərrüfatı İnstitutunun axırıncı kursunda oxuyurdum. Sentyabr ayı idi. Kitabxanadan lazımı kitabları alıb, dərsə gecikməmək üçün sürətlə instituta gəldim, pilləkənlərı tələsik qalxmağa başladım. Birdən elə bil kimsə qoltuğumdan kitabaları dartıb yerə səpələdi. Hirsli-hirsli sağa-sola baxdım. Kitabları kimin dağıtdığını bilmək istəyirdim. Dərsə gecikirdim. Dəhlizdə bir nəfər də tələbə qalmamışdı. Bütün tələbələr auditoriyalara doluşmuşdu. Birinci saat Gülməmməd müəllimin dərsi idi. Gülməmməd müəllim dərsə gecikənlərə qarşı olduqca ciddi idi. Səbəbindən asılı olmayaraq gecikən tələbəni heç cür bağışlamırdı. Gecikənləri özünə qarşı hörmətsizlik kimi qəbul edirdi. Tərəddüd içərisindəykən birdən qarşımda bir qız əllərində tutduğu kitabları mənə uzatdı. Bağışlayın, dərsə tələsirdim. Çantamın qulpu sizin kitablara ilişib dağıldı. Mən çaşqın-çaşqın əlimi kitablara uzadıb:- siz məni bağışlayın zəhmət çəkib kitabları yerdən yığdığınız üçün. Başını qaldırmadan “axı bu mənim günahım idi”. Bir anlıq gözlərini qaldırıb üzümə baxdı. Baxışlarımız qarşılaşdı. Bu baxışlardan sanki bir qığılcım qopub, üzünü nurlandırdı. Yanaqlarına xəfif qızartı yayıldı. Dili dolaşa-dolaşa sağ ol deyib, pilləkənin sağından sola dönüb, uzaqlaşdı. Çaşqın-çaşqın arxasınca baxa-baxa qalmışdım. O getdi, sanki ruhumu da varlığımdan söküb, özüylə apardı. Mən məndə deyildim. Nə dərsə gecikdiyimi düşünürdüm nə Gülməmməd müəllimi. Bu günə qədər bir qızla nə özəl baxışlarım, nə də özəl söhbətim olub. Bütün varlığımla kitablara bağlanmışdım. Dərsdən sonra yüngülvari nahar edib, M.F.Axundov adına kitabxanaya gedər, axşam kitabxananı tərk edən axırıncı oxucu mən olardım. Heç zaman yorğunluq hiss etməzdim. Əksinə özümdə rahatlıq, yüngüllük, mənəvi güc hiss edərdim. Məndə dərslərimə, elmə güclü bir bağlılıq vardı. Düşünürdüm ki, bu bağı heç bir qüvvə qopara bilməz. Görünür, bu bağı qopara biləcək qüvvə var imiş. Hələlik bu gücün, bu qüvvənin nə olduğunu bilmirdim. Mən oxuduğum illərdə universitetin binası da, fakültələri də iki hissəyə bölünmüşdü. Universitetə qəbul olunsam da artıq 2 ildir təhsilimi Xalq Təsərrüfatı İnstitutunda davam etdirirdim. Həyətdən pilləkənlərlə qalxdıqda sağ tərəf instituta, sol tərəf universitetə aid idi. Pilləkənlərın başında üzüm sola nə qədər dayanmışdım bilmirəm. Zəngin səsi məni sağa dönməyə məcbur etdi. Birinci dərs qurtarmışdı. Dəhliz tələbələrlə dolu idi. Səs-küy aləmi götürmüşdü. Auditoriyaya keçib yerimdə əyləşdim. Uşaqlar nəsə soruşurdular, nəsə deyirdilər. Səsi eşidirdim, ancaq deyiləni soruşulanları anlaya bilmirdim. Sakitcə gülümsəyib üzlərinə baxırdım. Yəqin dərsə niyə gecikdiyimi soruşurlar. Cavab verəcək halda deyildim. Hər yerdə onu görürdüm. Qarşımda, sağımda solumda. Birdən nəzərlərim qarşımdakı kitablara yönəldi. Onları özümə tərəf çəkib, sığalladım. Niyə?! Cavabını özüm bilirdim. Açıq-aydın hiss edirdim ki, ağlımı itirirəm. Ağlım başımda deyil, özümü idarə edə bilmirəm. Səbəbsiz yerə oturub-qalxır, auditoriyada var-gəl edirdim. Birdən uşaq vaxtı nənəmin dedikləri yadıma düşdü. Ağılsız hərəkət edənlərə deyərdi:
- Fikir verməyin ağlını itirib. Maraqla soruşardım: Nənə, ağlımı necə itirib, axı ağıl başın içində deyil?! O necə düşüb itə bilər?
- İtirib də, itirib. Görmürsən ağlı başında olan belə sarsaq hərəkət edər?! Belə hərəkəti ağlını itirənlər edər.
- Nənə bəs ağlını tapmasa onda nə olacaq?
- Nə olacaq dəli olub dərələrə düşəcək.
Bu xatırlamadan sonra yadıma yazıq Məcnun düşdü. İtirdiyi ağlını nə qədər axtardısa, tapa bilmədi. El içində xar oldu. Dəli olub nənəmin dediyi kimi dərələrə yox, səhralara düşdü. Bu xatırlamalar varlığımda bir qorxu yaratdı. Özümü toparlamağa çalışdım. Ancaq bacara bilmirdim. Topladıqca içimdə yaranan güclü bir hiss varlığımı tarmar edirdi. Məndə yaranan bu nə hal idi, dərk edə bilmirdim. Bu hal məndə həm xoş, həm də qorxu hissi yaratmışdı.
Dərsdən çıxıb kirayə qaldığım evə gəldim. Paltarlı yatağa uzandım, əllərimi başımın altına çarpazlayıb, gözlərim tavana zilləmiş halda nə qədər qalmışam bilmirəm. Səhər açılmaq bilmirdi. Otaqda vargəl etməkdən yorulmuşdum. Yaxşı ki, Elxan evdə yox idi. Məni bu halda görsəydi, nə deyərdi. Evdən çıxmaq üçün hazır vəziyyətdə idim. Yuyunub paltarımı dəyişmişdim. Ancaq səhər açılmırdı ki, açılmırdı. Öz özümü inandırmağa çalışırdım ki, saat düz işləmir, vaxtla ayaqlaşa bilmir. Geri qalır. Bəs səhər niyə açılmır? Səhər yəqin yer üzünə löbər salan gecəni yerindən tərpədə bilmir. Onun haqqına girdiyini başa sala bilmir. Deməli, gecə ilə gündüzün mübarizəsi belə başlayırmış. Pəncərədən bayıra boylandım. Bayır elə qaranlıq idi ki, həyətdəki ağacları belə seçmək olmurdu. Dilxor oldum. Gecə sanki mənə inad zülmətə dönmüşdü. Hazırda məndən soruşsaydılar yeganə bir arzunu söylə. Düşünmədən deyərdim:- bir anda səhərin açılmasını istərdim.
Birdən yadıma kənd düşdü. Kəndin gecə saatı xoruzlar idi. Xoruzun birinci banı saat 4-ü göstərirdi. Bu birinci ban ilə sanki gecəyə çəkilməsi üçün xəbərdarlıq edilirdi. Gecənin bu xəbərdarlığa əhəmiyyət vermədiyini görən xoruzlar bir müddət keçdikdən sonra baş-başa verib, səsi oldu-olmadı hamısı banlayardı. Bir hay-həşir qoparardılar, gecənin canına vəlvələ salardılar. Gecə bu hay-həşirdən qorxub-qaçardı. Kaş kənddəki xoruzlardan ikisi burada olaydı. Səhər çoxdan açılardı. Öz-özümə güldüm. Nə yaxşı bu xoruz əhvəlatı yadıma düşdü. Gərginliyim azaldı, özümdə bir yüngüllük hiss etdim. Artıq qaranlıq ətəyini yavaş yavaş şəhərin üzərindən yığırdı. Dan yeri sökülür, səhər işıq selinə bürünürdü. Şəhər səhərin şirin yuxusundan hələ tam oyanmamışdı. Evdən çıxdım. Dərsin başlanmasına təxminən iki saat vaxt var idi. İnstituta piyada getməyi qərara aldım. Məsafə uzaq olsa da, məmnun idim, çünki bu müddət ərzində düşüncələrimlə, duyğularımla baş-başa qalacağdım. Yol boyu nə söylədən nə dindirən olacaqdı. İçimdə xoş hisslər vardı, sanki yerimirdim, uçurdum. Başımı qaldırıb özümü institutun qarşısında gördüm. Dərsin başlanmasına hələ vaxt vardı. Səkinin kənarındakı ağacın arxasına keçib, instituta gələn dörd yolu nəzarətim altında saxlayırdım. Tələbələr axın-axın instituta gəlirdi. Ancaq onu görə bilmədim. Axın yavaş-yavaş kəsildi. O, gəlmədi. Birdən mənə elə gəldi ki, o, bir mələk idi, gəldi, ruhumu bədənimdən söküb apardı. Səhəri gün eyni saatda həmən ağacın arxasına keçib, yenə də onu gözləməyə başladım. Birdən uzaqlarda tələbələr arasında ağ paltarlı bir qız gördüm. Ürəyim şiddətlə döyünməyə başladı. Gələn o idi. Ağacın arxasından çıxıb tindən dönüb tələbələrə qarışdım. Addımlarımı yavaş-yavaş atırdım. Elə bu andan arxadan bir qız:- Çəmən, Çəmən deyə səsləndi. O ayaq saxladı. Qız ona yaxınlaşıb: Ay qız dünən dərsə niyə gəlməmişdin? Narahat oldum. Telefonumuz da işləmirdi. Səndən xəbər tuta bilmədim.
Bilirsən, Reyhan, dünən birdən-birə halım pisləşdi. Hərarətim 39 dərəcəyə qalxdı, ürək bulanması, baş gicəllənməsi hamısı bir-birinə qarışmışdı. Ayaq üstə güclə dayanırdım. Elə bu gün də halım yaxşı deyil, sənə görə gəlmişəm. O, bu sözləri deyib, çantasını açdı, bir kitab çıxarıb rəfiqəsinə uzatdı. Nəzərlərim kitabın üzərindəki iri hərflərlə yazılmış “şifahi xalq ədəbiyyatı” sözlərinə sataşdı. Deməli, filologiya fakultəsində oxuyur. Bu gün mənim üçün uğurlu oldu. Həm adını, həm də hansı fakültədə oxuduğunu öyrəndim. Ürəyimdə tez-tez adını təkrar edirdim: - Çəmən, Çəmən. Gözlərim qarşısında yamyaşıl çəmənlik canlanırdı. Səhərin şehi ilə yuyunmuş, sinəsi rəngbərəng güllərlə bəzənmiş yaşıl çəmənlik. Bir anlıq dönüb üzünə baxdım. Sanki adının ona yaraşıb-yaraşmadığını bilmək istəyirdim. Təsadüfən baxışlarımız qarşılaşdı. Üzü solğun idi. Özümü toparlayıb salam verdim. Salamımı aldı. Tez gözlərini məndən yayındırdı. Elə bil dünyanı mənə bağışladılar. Yerə-göyə sığımırdım. Günlər beləcə bir-birini əvəz edirdi. Mən də hər gün “təsadüfən” tindən çıxıb, onunla rastlaşır, salamlaşır. Artıq salamımı gülümsəyərək alardı... Bu gülümsəmədə qəribə bir məna hiss edirdim. O an yanaqlarına xəfif qızartı yayılardı. Nəyinsə aşkarlanacağından ehtiyyat edərək gözlərini, üzünü məndən gizləməyə çalışardı. Artıq cəsarətimi toplayıb bir neçə sual verirdim. Necəsən? Dərslərin çətin deyil ki, bu semestr neçə imtahanın var? Cavabları bir sözlə ifadə edərdi: - Yaxşı, xeyir, üç cavablar qısa və konkret olsa da, məmnun idim. Çünki bu cavablar başqasına deyil, mənə ünvanlanmışdı. O günlər, o anlar dünyanın ən xoşbəxti mən idi. Mənə verdiyi cavabları gündə min dəfə xəyalımda canlandırırdım.
Dərslərimə yaxşı hazırlaşa bilmirdim. Öz-özümə söz verirdim, ancaq söz verdiyim yerdəcə qalırdı. Qış sessiyası başlamışdı. İmtahanlarda verdiyim cavablardan nə müəllimlərim, nə də özüm razı deyildim. Müəllimlər qiymət kitabçamı vərəqləyərək, başlarını bulayıb: -dörd il əlaçı təqaüdü almısan, elmi şura sənin haqqında yüksək fikirdədir. Birdən-birə sənə nə oldu? Mənə nə oldu? Bu sualın cavabını mən özüm də bilmirəm. Müəllimlər qiymətimi aşağı salmadılar, mənə beşləri yazanda xəcalətimdən başımı qaldırıb, müəllimlərimin üzünə baxa bilmirdim. Çünki bu beşlər mənim biliyimin qiyməti deyildi. Özümə dönə-dönə söz verdim. Yay sessiyasına ciddi çalışacam! Qış tətilindən sonra dərslərimizin ilk günü idi. Artıq cəsarətlə tində durub, Çəməni gözləyirdim. Birdən: Salam Aydın, İnstitutda səni axtarırlar.
- Xəbərin var?
- Xeyir.
- Tez ol, gedək, mənə elə gəlir ki, nə isə xeyirli bir işdi. Elə bil başıma qaynar su tökdülər. Çəmənin gəlməsiə 5-10 dəqiqə vaxt qalmışdı.
- Nailə xanım dekanlıqda katibə işləyirdi. Mənim tərəddüd etdiyimi görüb, təəccüblə üzümə baxdı. Sanki baxışları ilə bunu söyləyirdi:- başqası sənin yerində olsa uça-uçca gedər, sən niyə donub qalmısan başa düşə bilmirəm. Nailə xanımın əlindən qurtara bilmədim. İstəməsəmdə onunla birlikdə üçüncü mərtəbəyə qalxdıq. Dekanın otağının qapısı açıq idi. O, hələ gəlməmişdi. Dəhlizdə var-gəl etməyə başladım. Bu dəqiqə məni Çəməni qarşılamaqdan başqa heç nə maraqlandırmırdı. Vurnuxa-vurnuxa qalmışdım. Hiss edirdim ki, Nailə xanım mənim hərəkətlərimi müşahidə edir. Üzümə mənalı-mənalı baxıb:
- Yaxşı, get, görünür, tində çox vacib görüşün var. Ancaq unutma bu gün mütləq dekanın qəbulunda ol!
- Yaxşı- deyib 3-cü mərtəbənin 3-4 pilləkənlə birdən atlana-atlana enərək həyətə düşdüm. Uzaqdan həyətdəki dəmir barmaqlı qapının o biri üzündə Çəməni gördüm. Kimisə gözləyirdi. Qəlbimə qəribə hisslər doldu. Şübhə, qısqanclıq bir-birinə qarışdı. Tələsik ona yaxınlaşdım. Üzü yola tərəfə idi: salam! Diksindi. Özünü itirdi. Ancaq üzünə xoş bir ifadənin yayıldığını gördüm. Tez özünü ələ alıb,
- Reyhanı gözləyirəm, ondan nigaranam. Görəsən niyə gəlmədi?
- Çoxdan gözləyirsən?
- On dəqiqə olar?
Reyhanla bir dəqiqə əvvəl pilləkəndə rastlaşmışdım. Çəmənin dayandığı dəmir barmaqlı qapı ilə pilləkanın arası yarım dəqiqəlik məsafə idi. Bir anda içimdən qısqanclıq, şübhə yox oldu. Özümdə bir əminlik yarandı. Məni gözləyirmiş. Həmişə onu tində qarşılayırdım. O, gəlməyincə dərsə getməzdim. Uzaqdan məni görüncə gülümsəyirdi. Qoşa addımlarla institutun həyətinə daxil olardıq. Əlli addımlıq məsafəni çalışırdım mümkün olduğu qədər kiçik addımlarla qət edək, birlikdə olduğumuz vaxtı, zamanı bir qədər də uzadaq. Deyiləsi nə qədər sözlərim, arzularım, xəyallarım vardı, ancaq heç birini deyə bilmirdim. Ürəyimdə qalaq-qalaq yığılıb qalmışdı. Qorxurdum ki, bir-birimizə olan bu saf, təmiz münasibətimiz ehtiyyatsız bir sözdən, bir kəlmədən məhv olub sınar. Çəmənin hərəkətlərində, davranışlarında, hətta geyim-keçimində bir ölçü-biçi, bir çərçivə vardı. Nə özü bu çərçivəni keçərdi, nə də başqalarını bu çərçivəni keçməsinə imkan verməzdi. Bu çərçivənin arxasında daha nələr olduğunu bilmək istərkən məni get-gedə daha çox özünə bağlayırdı.
Bu gün özümü “qalib” tərəf kimi hiss edirdim. Cəsarətlənmişdim. Deyəsən, çərçivə bir balaca çatlamışdı. Çəmən tora düşmüş balıq kimi çırpınırdı. Üzünü, gözlərini məndən gizlədirdi. Sanki üzünün ifadəsi, gözləri onun “cinayətinin” üstünü açacağından ehtiyyat edirdi. Gah yerə baxırdı, gah da tez-tez sağa-sola dönürdü. Hiss edirdim ki, çalışır baxışlarımız qarşılaşmasın. Birdən baxışlarımız anidən qarşılaşdı. Heyrətləndim. Üzündə həya, utancaqlıq onu necə də gözəlləşdirmişdi, sanki çəhrəyai güllər açılmışdı. Tez beynimdən ildırım sürəti ilə bir fikir keçdi. Kim istəyir qoy desin: “gözəllik ondur, doqquzu dondur”. Mən isə deyərdim: - “gözəllik ondur, doqquzu həyadır”.
Mən saata baxıb, sağa-sola döndüm:- təsadüfə bax, Elxan da gəlməyib mən də onu gözləyirəm. Nigaran qalmışam. Görəsən niyə gəlməyib? Elxanla iki dəqiqə əvvəl dəhlizdə görüşmüşdük. Deməli, Elxanı Çəmən də görmüşdü. İkimizin də yalanı bir-birimizə məlum idi. Mən yalanımdan məmnun, Çəmən isə narahat idi. Bilmirəm yalan danışdığı üçün, yoxsa hislərimin çərçivədən sızdığı üçün? Saatına baxıb:- Dərsə gecikirəm, deyəsən, Reyhan gələsi olmadı. Deyəsən, Elxan da gələsi olmadı. Dərsə gecikməyək. Qoşa addımlarla İnstitutun həyətinə daxil olub, pilləkənlərı qalxmağa başladıq. Axırıncı pilləkana ayaq qoyanda birdən mənə bir cəsarət gəldi.:- Narahat olma, nə çox Allahın möcüzəsi birdə gedib görərik ki, Reyhanla Elxan auditoriyada oturub bizi gözləyir. Hiss etdim ki, mənim bu eyhamımı başa düşdü. Al yanaqları daha da qızardı. Günahkar uşaqlar kimi başını aşağı saldı. Onun bu halı mənə o qədər xoş idi ki, özümü saxlaya bilməyib güldüm. Birdən başımı kəskin hərəkətlə qaldırıb, üzümə baxdı. Özü dillənməsə də baxışları ürəyindəkiləri dilə gətirdi:- niyə gülürsən? Elə bilirsən sənin “cinayətini” bilmədim? Hər ikimiz eyni “cinayəti” işləmişik. Mən də eyni baxışlarla onunla razılaşdım. İkimiz də gülümsər baxışlarla bir-birimizdən ayrıldıq. Mən sağa döndüm, o isə sola. Bu gün sevincim aşıb-daşırdı, içimə sığmırdı. Bunu ətrafımdakılar da hiss edirdi. İndi hünər istər müəllimin dediklərini, kitabda yazılanları beyninə yerləşdirəsən. Açıq-aydın etiraf edirəm ki, o hünər məndə yox idi. Taleyimdən çox razı idim. Qayğısız, xoş günlərim bir-birini beləcə əvəz edirdi.
Martın yeddisi idi. Şəhər qaynayırdı. Gül, hədiyyə mağazaları adamlarla dolu idi. Hədiyyə alanların üzündə təbəssüm hiss olunurdu. Görünür, aldıqları hədiyyələrdən məmnun idilər. Kənarda dayanıb hədiyyə alanları seyr edirdim. Birdən içimdən bir səs: - Nə durub seyr edirsən? Bir hədiyyə də sən al! İçimdən gələn səslə razılaşdım. Nə alacağım hədiyyəni düşünərək, özümü ətir mağazasının qarşısında gördüm. Elə sıxlıq idi ki, satıcıya yaxınlaşıb, söz demək belə mümkün deyildi. Birdən vitrində “Krasnaya Moskva” sözləri yazılmış qırmızı qutulu ətir diqqətimi cəlb etdi. Diqqətim ətir şüşəsində idi. Qorxurdum ki, birdən kimsə alar. Nəhayət, bir müddətdən sonra sıxlıq bir qədər seyrəldi. Mən 12 rubl verib qutunu aldım. Sevinirdim, aldığım hədiyyədən məmnun idim. Birdən içimdə bir narahatçılıq yarandı. Çəmənin hədiyyəni götürəcəyindən əmin deyildim. Üç gün hədiyyəni özümlə aparıb- gətirdim. Ancaq cəsarət edib verə bilmirdim. Düşünürdüm ki, birdən götürməz, pərt olaram. Özü-özümə təskinlik verirdim. Onsuz da bu hədiyyə onun üçündür. Bu gün olmasa da, gec-tez ona verəcəm. Bu ona aldığım ilk hədiyyə idi. Mənim üçün çox dəyərli, əziz idi. Hədiyyəni özümdə saxlayıb həyəcanla nə vaxt verəcəyim günü gözləyirdim.
Yay imtahanları başlamışdı. Çəmən Universitetin I kursunu, mən isə İnstitutu bitirdim. Bu gün Çəmənin axırıncı imtahanı idi. Bu günü səbirsizliklə gözləyirdim hədiyyəsini vermək üçün, arzularımı ürəyimdə yığılıb, qalaq bağlamış sözlərimi demək üçün. Universitetlə İnstitut arasında fırlanırdım. İmtahan təzə başlamışdı. Birdən imtahan otağının qapısı açıldı. Çəmən əlində qiymət kitabçası otaqdan çıxdı. Təəccüb qaldım, axı, Çəmənin sırası on beşinci idi. Niyə imtahanı birinci verdi. Reyhan tez Çəmənin əlindən qiymət kitabçasını alıb, sürətlə vərəqləməyə başladı və ucadan: -Əhsən, bu semestr də əlaçı oldun. Təbriklər, təbriklər-deyib onu qucaqladı. Çəmən yoldaşları ilə sağollaşıb tələsik addımlarla pilləkənlərı düşəndə mən arxadan:
- Salam, o ayaq saxlayıb, salamımı aldı.
- Salam.
- Çəmən, sənə çoxdan demək istədiyim sozüm var. O, çox narahat, həyəcanlı idi. Tez-tez həyətə tərəf boylanırdı:- Aydın, məni gözləyirlər. Təşviş içində idi. Məndən tez aralanmaq istəyirdi. Onun bu halı məni həyəcanlandırdı. Nə deyəcəyimi, nə edəcəyimi bilmirdim. Günlərcə bu günün xəyalı ilə yaşayırdım. Ona deyəcəyim sözləri dönə-dönə ölçüb biçirdim. Çəmən tələsik məndən aralanmaq istəyirdi. Birdən yalvarırammış kimi:
- Çəmən, xahiş edirəm heç olmasa hədiyyəni götür.
- Yox, yox, Aydın, qoy səndə qalsın, sonra verərsən deyib uzaqlaşdı. Ona deyiləsi sözlərim ürəyimdə, hədiyyəsi isə əlimdə qaldı. Arxasınca baxa-baxa qalmışam.
Həyətdə bir kişi ilə qadın dayanmışdı. Onu gözləyirdilər. Onlar Çəmənlə qucaqlaşıb görüşdükdən sonra həyətdən çıxdılar. Beynimdəki dolaşıq, cavabsız suallar mənə dinclik vermirdi. Bu kişi kimdi? Çəmənin atasının rəhmətə getdiyini bilirdim. Bəs qadın? Bəlkə anasıdır. Özümdən asılı olmayaraq onları təqib etməyə başladım. İnstitutun tinində Qaz 24 markalı qara volqa dayanmışdı. Onları görən kimi, maşının qapısı açıldı, içərisindən bir oğlan çıxıb Çəmənlə görüşdü. Kişi ilə qadın tez arxa qapını açıb oturdular. Mən onlardan beş-altı addım aralıda dayanmışdım, guya kimisə gözləyirdim. Hiss edirdim, Çəmən oturmaq istəmir. Mənə baxdı. Bu baxışlar sanki dil açıb yalvarırdı. Bunların əlindən məni qurtar. Bu dilsiz baxışlar içimdə qəribə hisslər qarışığı yaratdı, şübhə, qısqanclıq, narahatlıq. Özümü dərk edə bilmirdim. Sanki bir burulğana düşmüşdüm. Çəmən niyə imtahanı birinci verdi? Oğlan kim idi? Adətən masasında kişilər qabaqda qadınlar arxada oturarlar, onlar niyə Çəməni qabaqda oturmağa məcbur etdi. Cavabsız suallarımla, şübhə və narahatçılıqla bu iki ayı necə keçirəcəyimi bilmirdim. Elmi şuranın qərarı ilə məni institutda saxlamışdılar. Sevinirdim isntitutda saxlandığıma görə yox, hər gün Çəməni görəcəyimə görə.
Yay tətili başa çatırdı. Bu iki ayı necə keçirdiyimi bir Allah bilirdi, bir də mən. Sabah sentyabrın 1- i idi. Şəhərdə başqa bir canlanma var idi. Sabah yeni dərs ilinin başlanğıcı idi. Hamı hazırlaşırdı. Tələbələr, şagirdlər, valideynlər də. Sabahı hamı həsrətlə gözləyirdi. Mənə elə gəlirdi ki, mənim həsrətim bütün həsrət çəkənlərin toplusundan çox idi.
Anamın güclə cibimə qoyduğu pulla özümə əməlli başlı geyim almışdım. Anam mənə dönə-dönə tapşırırdı:- Oğlum, artıq tələbə deyilsən. Əyin-başına fikir ver!
Səhər tezdən yerimdən durub yuyundum, təzə aldığım köynəyimi, şalvarımı geyindim. Güzgünün qarşısına keçdim. Özümə baxıb razı halda gülümsündüm. Evdən çıxdım. Sevincimdən yerimirdim, uçurdum. İnstituta çatıb, tində dayandım. Bura mənə o qədər əzizdiki, məndən soruşsaydılar Bakının ən gözəl guşəsi haradır? Düşünmədən deyərdim: -Elə dayandığım bu tin. Tələbələr deyə-gülə dəstə-dəstə instituta tərəf axışırdı. Gözlərim yola dikilib, gözləyə-gözləyə qalmışdım. Artıq instituta tərəf dönən yox idi. İnstituta gəldim. Pilləkənlərlə qalxıb sola döndüm. Çəmənin dərs keçdiyi auditoriyanın qarşısında dayandım. Qapı aralı idi. Reyhan tək oturmuşdu. Çəmənin yeri boş idi. Boş yerə baxdıqca, ümüdüm sınıb parça-parça olub yerə tökülürdü. Buna baxmayaraq yenə də hər gün eyni vaxtda tində durub onu gözləyirdim. Uzaqdan ağ paltarlı qız görəndə həyəcanlanırdım. Nədənsə mənə elə gəlir o ağ paltarda gələcək. O isə nə ağ paltarda gəlirdi, nə qırmızı. Ümüdin ətəyindən möhkəm-möhkəm yapşsam da mənə yavaş-yavaş tərk edirdi. Hayqırmaq istəyirdim. Hayqırtım haraya çevrildi.
Yollarına baxa-baxa gözlədim,
Harda qaldın, harda qaldın gəlmədin.
Ürəyimdə yığın-yığın sözlərim,
Harda qaldın, harda qaldın gəlmədin.
Nə haykırdım, nə harayım ona çatmadı. 10-cu gün rəfiqəsi Reyhana yaxınlaşıb, üzr istəyib ona vacib sözüm olduğunu bildirdim. Reyhan tutuldu. Hiss etdim ki, vacib sözümün nədən ibarət olduğunu bildiyi üçün müəyyən bəhanələr gətirib məndən uzaqlaşmaq istəyir. Reyhan, səndən xahiş edirəm, bilmək istıyirəm Çəmən dərsə niyə gəlmir? Həyəcandan səsim titrəyirdi. Reyhan başını yerə dikmişdi. Baxışlarını məndən gizlətməyə çalışırdı. Susurdu. İkinci dəfə yalvarırmış kimi:- Reyhan, Çəmən dərsə niyə gəlmir?
Reyhan başını qaldırıb, üzümə baxdı. Hiss edirdim, halıma acıyır. Özünü toparlayıb çox çətinliklə: Aydın, Çəməni unut. Mən təlaşla: - Axı, nə olub, necə yəni unut? Aydın məni bağışla. Çəmən sənə ancaq bu iki kəlməni söyləməyi xahiş etmişdi. Reyhan çiynindən ağır yükü mənim ürəyimə yıxıb, məndən uzaqlaşdı. Yerimdə donub qalmışdım. Beynimdə bu iki kəlmə təkrar-təkrar səslənirdi. Çəməni unut, Çəməni unut. Qışqırıb haray salmaq istəyirdim, ancaq dodaqlarımı aralaya bilmirdim. Dodaqlarım sanki möhürlənmişdi. Dilimin deyə bilmədiyi sözlər ürəyim nalə çəkərək təkrar-təkrar söyləyirdi: Axı, niyə? Axı, niyə? Mən Reyhandan imdad diləyirmiş kimi arxasınca baxırdım. Əmin idim ki, bu sualın cavabını Reyhan bilir. Birdən Reyhan bir neçə addım atdıqdan sonra dayandı. Dönüb mənə baxdı. Bilmirəm hansı səbəbdənsə mənə yaxınlaşdı. Hiss edirdim ki, o da çətin vəziyyətdədir. İki su arasında qalıb, bilmir Çəmənə verdiyi sözü tutsun, yoxsa mənim halıma acıyaraq olanları anlatsın. Və nəhayət, Allah mənim günahımı bağışlasın, deyəsən, sözümü tuta bilməyəcəm və bir nəfəsə:
- Aydın, sənin gördüyün qara volqalı oğlan Çəmənin dayısı oğlu idi. Onun işi, gücü, gününü sərxoşluqla, yüngül əyləncələrlə keçirməkdi. Atası prokurordu. Oğlunu neçə İnstituta düzəltdirib, heç birində oxuya bilməyib, qovulub. İki qızın həyatını məhv edib, biriylə 6 ay, o birisi ilə 2 ay evli olub. Atası onun üçüncü dəfə evləndirmək istəyir, kiminlə?:- Çəmənlə. Çəmənin heç zaman dayısına, dayısı oğluna yaxşı münasibəti olmayıb. Dayısı oğlunun yüngül həyat tərzi keçirməsinin səbəbini dayısında görürdü.
- Nə olsun dayım prokurordu, varlıdı, pulludu. Bu var döbvlət haqsızkən haqlı olunanların pullarından, haqlı ikən haqsız olanların göz yaşlarından, ah-naləsindən yığılan sərvətdir. O pul heç vaxt xeyirli işlərə işlənməyəcək. Çünki o sərvətin içərisinə günahsızların göz yaşları ələnib. O pulun cazibəsi, parıltısı iki qızın həyatını məhv etdi. Sonra nələr olacağını Allah bilir. Nə oldusa Çəmənə oldu. Qardaşı bacısından Çəməni oğluna istəyir. Qəti qərarımdır, bacı, Çəmən mənim gəlnim olmalıdır. Bu qədər varım-dövlətim niyə yadlara qismət olsun. Bacımın balası dura-dura. Bacı bu sözləri eşidəndə az qalır ağlını itirsin: - sən nə danışırsan, ay qardaş. Çəmən hələ uşaqdır, 18 yaşını tamamlamayıb, oxuyur, sənin oğlun yaşlıdır. İki arvad boşayıb. Çəmən heç cürə razı olmaz. Qurban olum, qardaş, gəl bu məsələni heç kəsə açıb-ağartma, ikimizin arasında qalsın.
- Sən nə danışırsan, bacı, mənə qarşımı gəlirsən? Çəmən mənim gəlnim olmalıdır. Vəssalam. Qızına da bildir. Bu xeyir işi uzatmayaq. Toyun bütün xərcini özüm çəkəcəm. Cehiz filan da lazım deyil. O ki, qaldı oxumağına əlindən alan yoxdur ki, oxusun da! Axırıncı dəfə deyirəm bu iş düzəlməsə, mən adda qardaşın yoxdur. Yadında yaxşı saxla. Qardaş dediyini deyib, getdi. Bəs Çəmən? Mən Çəmənin qardaşıma da, oğluna da olan münasibəti çox gözəl bilirəm, o isə heç cür razı olmayacaq. Mən başıma haranın daşını töküm ay Allah. Ya qardaşımdan keçməliyəm. Ya da Çəmənin bu işə razı olmadığını bilsəm də, bu işə razı salmalıyam.
Bu günə kimi Çəmən heç vaxt anasının bir sözünü iki etməyib, ona qarşı gəlməyib. Ancaq anası çəkinə-çəkinə məsələni ona bildirəndə dünya Çəmənin başına fırlanır.
- Sən nə danışırsan, ay ana, bu günə qədər sənin bir sözünü iki etməmişəm. Mənim bu işə razı olmayacağımı bilə-bilə necə söyləyərsən?! Hər gün Çəmənin anası onun dizlərinə qapanıb, göz yaşları tökərək yalvarır: - Qurban olum qızım, məni bircə qardaşımla düşmən etmə. Çəmən anasını həddindən çox sevdiyi üçün, onun göz yaşlarına, yalvarışlarına dözə bilmir. Sevgisini anasına qurban verir. Ətəyindəki daşları yavaş-yavaş tökməyə başlayır. Çəmən göz yaşlarına boğula-boğula:
- Ay ana, məni qurban etdin kimin üçün?
Bir həftə içərisində dayısı toy edib, Çəməni gəlin gətirdi. O gün Çəmən üçün toy yox, dəfn mərasimi idi. Arzularının, xəyallarının, sevgisinin dəfn mərasimi. Dayısı əvvəlcə Çəmənə təhsilini davam etdirəcəyinə söz versə də, sonra sözünü tutmur. Hazırda Çəmən həbsxana həyatı yaşayır. Həyətdən bayıra çıxmamaq üçün ciddi qadağa qoyulub. Mənim Çəmən haqqında bildiklərim bu qədərdi. Çəmənə verdiyim sözü tutmadığımın səbəbi, mən istəmirdim sən onun haqqında yanlış düşünəsən. Aydın mən istəyirəm bunları da biləsən. Çəmən səni çox sevirdi. O qədər abırlı, həyalı qız idi ki, sevgisi də özünə bənzəyirdi. Sevgisini həmişə səndən gizlətməyə çalışırdı. Metrodan çıxanda səndən əvvəl o səni görürmüş, sənin “təsadüfi” rastlaşmalarını bildiyi üçün sənə gülümsəyirdi. Adını bilmədiyi zamanlar sənə “təsadüf” adı qoymuşdu. Reyhan nələrsə danışırdı. Heç nə eşitmirdim. Başımda duman, qulaqlarımda küy vardı. Reyhanın dedikləri bü küyə qarışmışdı, deyilənləri dərk etmirdim. Ağlımda aləm bir-birinə dəymişdi. Ağlım, düşüncəm, duyğularım hamısı üsyana qalxmışdı. Bədənim isə yerindəcə donub buz bağlamışdı. Reyhan getmişdi. Onun söylədiklərinə inanmaq istəmirdim. Nəzərlərim daş səkiyə dikilib qalmışdı. Nə qədər qaldığımı bilmirəm. Ayaqlarım taxta kimi idi. Yerimdən güclə tərpəndim. Mənim üçün şəhər bomboş idi. Baxırdım. Heç nə görmürdüm, heç nə eşitmirdim. Tez-tez addımlarla üz-üzə gəlirdim, toqquşurdum, hirslənib tərs-tərs üzümə baxırdılar. Üzümdəki ifadə necə idisə tez məndən uzaqlaşırdılar. Şəhəri ələk-vələk edirdim, nə axtarırdım bilmirdim. Onu dəqiq bilirdim ki, ağlım başımda deyil, şəhərdən təmamilə uzaqlaşmışdım. Tozlu, torpaqlı bir yolla tanımadığım kiçik təpəli, sərt qayalıqlı, kolkoslu bir yerə dənizin sahilinə gəlmişdim.
Şər qarışırdı. Hər tərəfi qara örpəyinin altına alırdı. Dəniz yerindən oynayıb, çalxalanırdı. Dəhşətli səslə uğuldayırdı. Elə bil ac əjdahaya dönmüşdü, bu an kimisə parçalayıb udacaq. İstədiyinə çata bilmədiyi üçün hirsini-hikkəsini vəhşi dalğaları ilə sahilə, qayalara çırpırdı.
Dəniz uğuldayırdı. Bu uğultu mənim içimdəki uğultuya qarışıb, dəhşətli bir hayqırtı yaratdı. Bu hayqırtı şəhərdəki kilitlənmiş dodaqlarımın açarı oldu. Dodaqlarım acıdı: - niyə?
Niyə?- deyib haykıraraq qayaları yumruqlarımla döyəcləməyə başladım. Bu haykırtı dənizi, qaranlığı diksindirən bir hönkürtüyə çevrildi. Hönkürə-hönkürə ağlayırdım. Bu hönkürtü qayalarda əks-sədaya dönüb, nakam sevgi ağısına çevrilirdi.
Əllərim qan içində idi. Yuxarı qaldırıb, sanki nərə çəkib kükrəyən dənizə hünərimi göstərirdim, hayqırıb qayaları döyəcləmək elə yox, belə olurmuş. Dəniz mənim dediklərimi duymuş kimi utanıb, vəhşi dalğalarını qoynuna çəkdi. Şər qara örpəyini yığmağa başladı. Dəniz sakitləşdi, ətraf işıqlandı. Sən demə, kişi ağlayanda belə ağlayırmış! İçimdə bir sakitlik yaranmışdı. Gecənin tən yarısı idi. Qayanın üzərində nə qədər oturmuşdum bilmirəm. Artıq hiss edirdim ki, əllərim zoqquldayır. Dənizdən əsən soyuq xəzri məni yerimdən qalxmağa məcbur etdi. Nakam eşqimi qayalıqların arasına dəfn edib, oradan uzaqlaşmağa çalışdım. Birdən sevimli şairimiz B.Vahabzadənin misraları yadıma düşdü:
Həyat səni güldürəndə gülmüsən,
Hünərin var ağladanda gül görüm.
Ürək cayır-cayır yanıb, fəryad edirsə, gözdən yaş axırsa necə gülmək olar. Həyat səhnə deyil, hünərini, bacarığını göstərib gülərkən ağlamağı, ağlayarkən gülməyi bacarasan. Səhnə sənindir. Həyat sənin deyil. Sən həyatınsan. İstədiyi vaxt ağladar, ağladarkən gülə bilməzsən. Kaş həyat heç kəsi ağlatmayaydı.
Gedirdim. Hara getdiyimi bilmirdim. Ətrafdakı qayalıqlar, kol-kos, təpəciklər sağımda, solumda vahiməli görüntü yaradırdı. Artıq yol boyü çətinliklə də olsa olanları düşünüb dərk edirdim. İtirdiyim iki itkinin birini tapmışdım, o birisini isə həmişəlik itirdim.
Dan yeri sökülürdü. Şəhərə çatmışdım. Əllərimdən axan qan, çör-çöp qırıntısı, toz-torpaq ütst-başımı elə vəziyyətə salmışdı ki, küçə sərxoşlarına bənzəyirdim. Çalışırdım şəhər yuxudan oyanmamış evə tez çatım. Şəhər oyanıb hərəkətə gələndə mən artıq kirayə qaldığım evdə idim. Elxan məni bu acınacaqlı vəziyyətdə görüb qorxudan rəngi qaçdı:- Səni kim bu hala salıb? Cavab vermədim, üzünə baxdım. Nə deyim axı? Məni bu günə kim salıb?! Bu sualın cavabını heç özüm də bilmirdim. İndi hiss etdim ki, susuzluqdan ciyərlərim od tutub yanır. Dolu su qabını bir nəfəsə ciyərlərimə çəkdim. Yuyunub üst-başımı dəyişdim. İşdən çıxmaq üçün ərizə yazıb, Elxandan İnstituta verməsini xahiş etdim. Paltarlarımı yığıb, Elxanla görüşüb evdən çıxdım. Hara gedəcəyimi bilmirdim. Bircə onu bilirdim tezliklə buralardan uzaqlaşmalıyam.
Tale məni Moskva şəhərinə gətirib çıxardı. Yad şəhər, yad insanlar. Heç vaxt vətəndən kənara çıxmadığım üçün ilk vaxtlar mənim üçün çox çətin idi. Gündəlik nə iş olsa işləyirdim. Özümü dolandırmaq üçün. Nəhayət, bir ildən sonra tikintidə fəhlə düzəldim. İşim ağır olsa da, məmnun idim. Düşünürdüm ki, fiziki cəhətdən işim nə qədər ağır olsa, mənəvi acılarımı, ağrılarımı içimdən tez söküb atar. Bu üç illik ağır zəhmət məndə elmə qarşı bir aclıq yaratdı. Elmi Tədqiqat İqtisadiyyat İnstitutunda işə düzəldim. Gecə-gündüz yorulmadan işlədim. On il bu institutda çalışdım. Bu illər ərzində namizədlik, doktorluq dissertasiyalarımı müdafiə etdim.
Çətinliklə də olsa həyatım öz axarına düşmüşdü. Uzun zaman keçsə də, sevgimə əsla xəyanət etmədim. İçimdə sızlayıb, göynəyib məni incitsə də həmişə əzizləyib ürəyimin bir güşəsində saxlayırdım. Ancaq son vaxtlar məndə qəribə bir hal yaranmışdı. Elə bil məni çəkib yerimdən qoparmağa çalışırdılar. Bilmirəm bu həsrət idi, yoxsa qəriblik?! Vətənə, doğmalarıma qovuşmaq həsrəti get-gedə güclənirdi. Qəti qərara gəldim. Vətənə döndüm. Əvvəlcə Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda şöbə müdiri, sonra Material Ehtiyatları Komitəsinə rəhbər vəzifəyə təyin olundum.
Vaxt, zaman sakit-sakit öz işini görmüşdü. Qırx yaşa çatmışdım. Bu günədək evlənmək barəsində heç düşünməmişdim. Doğmalarımın, yaxınlarımın təkidi ilə evlənmək barəsində düşünməyə məcbur oldum. Nəhayət, evləndim. Ailə qurdum. Hər bir ailə başçısının arzuladığı bir ailəm vardı. Məni başa düşən həyat yoldaşım, gül parçası kimi iki övladım. İllərlə əzizləyib saxladığım sevgimi övladlarım arasında tən böldüm. Ancaq çox dərindən düşünəndə bu varların içərisində nəsə yox idi. Çalışırdım yox olan yoxdan uzaq durum onu düşüncələrimdən, duyğularımdan uzaq tutum. Bu da mənim hekayəm.
Dəniz hüzünlü idi. Ləpələri sakit-sakit qəmli bir mahnı oxuyurdu.
Yenə Məcnunu xatırladım. Hər ikimizin itkisi eyni idi. Mən itirdiklərimi insanlar arasında arayıb, axtardım. Axtardığımın birini tapdım. O birisini həmişəlik itirdim. Məcnun isə itirdiyini tapmaq üçün düzgün məkan seçmədi. Leylisini insanlar arasında itirdiyi halda, səhralarda, vəhşi heyvanlar arasında axtardı. Axtara-axtara insanı bütün məxluqlardan üstün, yer üzünün əşrəfi edən ağlını da itirdi. Leylisinə olan eşqini vəhşi heyvanlar arasında payladı.
Qayanın üzərində oturub nə qədər düşündüm, təpəni dərəyə endirdim, dərəni təpəyə qaldırdım, ancaq qarışıq düşüncələrimi, fikirlərimi çözə bilmədim. Qarışıq duyğularla evə döndüm. Gecə idi. Lalə yatmamışdı. Məni görən kimi, həm sevindi, həm giley-güzar etdi: - Aydın, bütün günü narahat olmuşam, işdə yoxsan, evdə yoxsan. İşdən zəng vurub təcili səni axtarırıdılar. Bilmirdim nə cavab verim. Haradaydın? Yalvarırımış kimi üzünə baxdım. Yəni məndən heç nə soruşma, başa düşdü. Sakitcə gedib mətbəxtdə süfrə hazırladı. Yeməkdən bir-iki tikə götürüb iş otağıma keçdim. İş görmək halında deyildim. Otaqda var-gəl edib düşünürdüm. Çəmənə necə kömək edim? Qüruruna, ləyaqətinə toxunmadan. Düşünə-düşünə bir qərara gələ bilmirdim. Bu vaxt Lalə əlində bir fincan çay gətirib:- Aydın, sənə xoş olmayan bir xəbər deyim, elə pis olmuşam ki, Çəmən artıq bizdə işləməyəcək. Bu gün uşaqlar dərsdən gələn kimi, Çəmən mənə zəng vurub anasının xəstə olduğu üçün daha bizdə işləyə bilməyəcəyini bildirdi. Ancaq mənə elə gəlir ki, ana məsələsi deyil. Görünür, başqa bir evdə daha münasib maaş təklif ediblər. Kaş elə olaydı. Sabah Zərifə xalanın yanına gedib ondan xahiş edəcəm, Çəmənin uzaq qohumudur. Onun sözünü yerə salmaz. İstədiyi maaşı verərik. Ancaq mənə elə gəlir ki, pul məsələsi də deyil. O, bizdə işləməyə razılıq verəndə pul söhbətini heç dilinə gətirmədi. Ancaq bir şərt qoydu: - Yoldaşın evdə olanda mən işə gəlməyəcəm. Mən də gülüb:- Ay sağ olmuş, mən onun üzünü görürəm ki, sən də görəsən. Aydın, Çəmən o qədər abırlı, həyalı, təmizkar, səliqəli qadındır ki, indi belə qadın tapmaq çox çətindir. Hər qadını da evə buraxmaq olmur.
Onu ilk dəfə görəndə elə bildim ki, 55-60 yaşı var. Sən demə, yazığın 43 yaşı varmış. İnsanı həyatdan aldığı zərbələr ancaq belə dəyişdirər. Allaha yalvarıram, kaş Zərifə xala onu geri döndərə biləydi. Bu qısa müddətdə ona elə bağlanmışdım ki, sanki mənə doğma olan bir insandır.
Deməli, Çəmən qapını qoyduğu şərtə görə açmaq istəmirdi. Çəmənin yad evlərdə təmizlik işləri ilə məşğul olması ürəyimi ağrıdırdı. Ona təcili kömək etməliyəm, ancaq necə? Necəsini bilmirdim. Mən düşünürdüm, vaxt, zaman öz işini görürdü. Günlər bir-birini əvəz edirdi. İşdə də işlərim yolunda getmirdi. Görüləcək, görülməli işlərim hamısı bir-birinə qarışmışdı. Nə işdə özümü idarə edə bilirdim, nə də evdə. Evdə bir kəlmə danışmırdım. Lalənin suallarına baş-ayaq cavab verirdim. Narahat, qorxaraq üzümə baxırdı. Ancaq bir söz demirdi. Bu hal nə qədər davam edəcək, bilmirdim. İndi hara qaçım? Bəs ailəm, övladlarım. Həyatın Çəmənə vurduğu bu acımasız zərbələr məni için-için yandırıb yaxırdı. Kömək edə bilmirdim.
Bu gün özümü pis hiss edirdim. İşdən günün ikinci yarısı evə gəldim. Mənim ağrılarım, acılarım azmış kimi səhhətimdəki problemlər-təzyiq, ürək döyüntüsü, baş ağrısı da üzərimə hücum çəkdi. Yuyunub divana uzandım. Bu gün Lalənin hərəkətlərində, baxışlarında bir qəribəlik vardı. Sanki mənə yazığı gəlirdi, üzümə baxanda gözləri dolurdu, az qalırdı ağlasın. Başqa vaxt olsaydı soruşardım, maraqlanardım. Ancaq indi mən mən deyildim ki. Uşaqlar yeməklərini yeyib dərslərini hazırlamaq üçün otaqlarına keçdi. Mən də divandan qalxıb, iş otağıma keçdim. Yazı masamın arxasına oturub başımı əllərim arasına alıb, pəncərədən bayıra baxırdım. Birdən qapının açıldığını hiss etdim. Arxaya döndüm. Lalə qapının önündə dayanmışdı. Hiss edirdim ki, nəsə demək istəyir, ancaq çətinlik çəkir. Üzünə baxdım. Yəni səni eşidirəm. Aydın, sənə... cümlənin arxasını gətirə biməyib susdu. Bir az keçəndən sonra özünü toparlayıb çətinliklə bir nəfəsə:
- Çəmən çox ağır xəstədir. Respublika Xəstəxanasında yatır. Yaşlı anasından, şikəst oğlundan başqa yaxını, bir kimsəsi yoxdur. Yoldaşı içkinin qurbanı olub, dünyasını dəyişib. Lalə hey nəsə deyirdi. Ancaq heç nə eşitmirdim. Bircə onu eşitdim ki, Çəmən ağır xəstədir. Cəld pencəyimi götürüb evdən çıxarkən Lalə üzümə baxdı. Gözləri dolmuşdu. Üzümə yazıq-yazıq baxıb: - Aydın, xahiş edirəm hədiyyəsini də götür. Tutuldum. Lalə hər şeyi bilirdi. Geri döndüm, 25 il saxladığım hədiyyəni götürüb, cəld evdən çıxdım. Yol boyu düşünürdüm. Ona heç nə olmayacaq. Onu ən yaxşı həkimlərə göstərəcəm. Lazım gəlsə xaricə aparacam. Mütləq xəstəliyinə çarə tapacam. Xəstəxanaya çatdım. Öyrəndim ki, təsadüfən Çəmənin müalicə həkimi növbədədir. Həkimlə görüşüb, Çəmənin vəziyyətini soruşdum. Həkim məndən xəstənin nəyi olduğumu soruşdu. Sualı gözləmədiyim üçün tutuldum. Bir az keçəndən sonra özümü toparlayıb:
- Qohumuyam-deyə cavab verdim.
- Bilirsiz, sizə açıq deyəcəm, xəstənin vəziyyəti çox ağırdı, reanimasiyadadır. Bu günədək yaşlı anasından başqa bir kimsə ziyarətinə gəlməyib, maraqlanmayıb. Biz həkimlər əlimizdən gələni etdik, ancaq mən həkimin sözlərini tamamlamağa imkan verməyib:-Axı, xəstələiyi nədir?
- Xəstəliyi nədir biz də bilmirik. Təəssüflər olsun ki, tibbdə səbəbi, adı bilinməyən bir çox xəstəlik var. Sizin qohumunuzun xəstəliyi də onlardan biridir. Bütün həkimlər təəccüb qalıb. Orqanları sağlam, qan təhlilləri, təzyiq, hərarət normal. Ancaq xəstəni günbəgün itiririk. Necə yəni itiririk? Həkimdən icazə almadan reanimasiya otağına tərəf qaçdım. Otağın qarşısında yaşlı bir qadın dizlərinə vurub: Balam vay, balam vay, bəxtiqara balam vay, balam vay deyə-nalə çəkirdi.
Reanimasiya otağının qapısını açdım. Yerimdəcə donub qaldım. Çəmən çarpayıya uzanmış rəngi sapsarı saralmış, demək olar ki, üzündə həyat ələməti yox idi. Üzünə baxa-baxa qalmışdım. Birdən içimdən bir qüvvə məni ona sarı itələdi. Yaxınlaşıb: - Çəmən, Çəmən, mənəm “Təsadüf”. Üzündə, dodaqlarında bir tərpəniş hiss etdim. Gülümsəmək istədi, bacarmadı. Birdən ürək sanki yerindən oynadı. Döyüntüsü lap aydın eşidilirdi. Çəmən ağır-ağır nəfəs alırdı. Elə bil sinəsinə daşıya bilməyəcəyi ağır bir yük qoymuşdular. Ürəyin döyüntüsü getdikcə artırdı. Özümü itirmişdim. Ürək ölümlə mübarizə aparırdı. Çəməni ölümə təslim etmək istəmirdi. Gücü yetmirdi. Ürəyin döyüntüsü get-gedə azalırdı. Birdən Çəmən çarpayıda çırpınmağa başladı. Tez cumub başını balışddan qaldırıb, sinəmə sıxdım. Çəmən gözümün önündə həyatla vidalaşırdı. Kömək edə bilmirdim. Çarəsiz idim. İçim parçalanırdı. Gözümdən səzsiz-səmirsiz axan yaşlar onun yanaqlarına süzülürdü. Deməli, kişi belə də ağlayırmış. Birdən mənə elə gəldi ki, Çəmən yavaş-yavaş özünə gəlir. Əllərimi yavaşca sıxdığını hiss etdim. Yanaqlarında xəfif qızartı, gözlərində zəif bir parıltı yarandı. Gözlərini açıb, gözlərimə baxdı, gülümsədi. Çətinliklə:- Aydın, mən xoşbəxtəm! Deyib gözlərini əbədi yumdu. O getdi. Ona deyəcəyim sözlər həmişəlik ürəyimdə, hədiyyəsi isə çarpayı üzərində qalmışdı.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!