Küp - Hacı Firudin Qurbansoy - hekayə

Axırıncı Əhəməni şahı Daranın xəzinəsini Şirvanda görmək üçün İskəndər Azərbaycanın içlərinə doğru irəliləyirdi. Qoşununun yürüdükcə tozanaq qopartdığı daş-kəsəkli torpaq yolla şahanə kəcavəsində Makedoniyalı İskəndər keçirdi. Kəcavənin təkərlərinə qalın camış gönündən bir neçə qat vurmuşdular deyə, daşlıqdan keçərkən böyük narahatlıq yaratmırdı.

Azı min dəfə eşitdiyi söhbətlərdən bezmişdi, onunla bir kəcavədə gedən həkimi danışır, səsini endirib-qaldırır, şən ovqat yaratmaq üçün dəridən-qabıqdan çıxırdı. İskəndər üzünü turşutdu, danışan susdu. Hökmdar pəncərəyə sarı kədərli-kədərli boylandı, bir anlıq nəfəs çəkmədən, gözlərini qırpmadan baxdı. Yolun kənarında qırılmış iri küpü görüb qəzəblə çığırdı:

- Durun!

İskəndərə elə gəldi ki, qabaqda gedən xəzinə gözətçiləri küpün düşüb qırılmasını hiss eləməyiblər. İndi onları cəzalandıracaq ki, başqalarına görk olsun.

Kəcavə dayandı. Atın üstündə iki nəfər kəcavəyə yaxınlaşdı.

- Bu nədir elə?

Yolun kənarında, təpədə suyun yuyub apardığı yerdə iri sınıq küpün içində ana bətnindəki körpə kimi bükülmüş vəziyyətdə olan insan skeleti görünürdü.

- Nədi bu belə?

Yerli tərcüməçi o saat dilləndi:

- Küp qəbirdir, şahım!

- Qəbir niyə küpün içindədir?

- Şahım, bizim camaat min illər qabaq belə düşünürmüş ki, adamlar dünyaya gəlməmiş ana bətnində küpün içində olan kimi yaşayıblar, öləndən sonra da o biri dünyaya bu qiyafədə getsələr, düzgün olar. Ona görə küp qəbirlər düzəldiblər.

İskəndər kəcavədən düşüb küp qəbirə yaxınlaşdı. Tabaşirləşməkdə olan ağ sümüklərə diqqətlə baxdı. Kəllənin yanında əllərin, onurğa sütununun, qabırğaların, çanağın, ayaqların sümükləri... Salamat qalan kəllədə üst dişlərin hamısının salamat qalması bu zavallının nə vaxtsa həyat sevgisilə yaşayan cavan bir insan olduğunu göstərirdi.

- İnsan nə hala düşərmiş? Dəhşətdir!

Tərcüməçi o dəqiqə cavab verdi:

- Həyatı zülmə tab eləməklə keçənlərin sonu da belə olur.

- Yaxşı, azadsan, get!

Tərcüməçi atının başını döndərib öz yerinə qayıtdı. İskəndər kəcavəyə qalxdı, bir işarəsilə qoşun yenidən hərəkətə gəldi. Yanında oturan həkimi İskəndərin dərin xəyalat aləminə daldığını görüb səsini çıxarmadı. Belə hallarda onu düşüncələrdən ayırana ağır cəza verdiyini dəfələrlə görmüşdü.

İskəndər öz-özünə pıçıldadı:

- Xoşluqla qal, Diogen!..

İskəndərin yadına Sinoplu Diogen adlı bir qəribə filosof düşdü... İçində taxıl, ya şərab saxlayıb yunanların "pifos" adlandırdıqları iri, girdə saxsı küpün içində yaşayırdı. Əynində ləbbadə, əlində əsa olardı. Əynindən çıxardanda ləbbadəni iki yerə qatlayıb küpün içində balış yerinə istifadə edirdi. Küp Afinanın mərkəzi hissəsində küçənin ortasındaydı. Acanda çıxıb özünə ərzaq tapıb gətirər, yeyər, yenə küpün içinə girib oradan adamlara baxardı. Onunla danışmaq istəyənlərin suallarına düşünmədən ağıllı cavablar verərdi.

Deyirlər ki, bir dəfə "İnsanlar! İnsanlar!" - deyə çığırırmış. Onun yanına beş-altı nəfər tələsik özünü çatdırır, "nə olub?" - soruşurlar. - Sizə nə var? Mən insanları çağırırdım, siz əclaflar, niyə gəlmisiz?.. Deyirlər ki, gündüz çıraqla axtara-axtara gəzirmiş, soruşanda ki, nə axtarırsan, deyirmiş, "İnsan!". İskəndər uşaq ikən ilk dəfə onu görmüşdü, xatırlayırdı ki, əsir kimi Diogeni atası Filippin yanına gətirdilər. Filipp bütün əsirlərə verdiyi sualla ondan soruşdu:

- Sən nə işlə məşğul olursan?

- İşim-gücüm sənin doyumsuz acgözlüyünü müşahidə etməkdir.

- Açın, buraxın onu, qoy çıxıb getsin.

Diogen gedəndən sonra İskəndər soruşdu:

- Ata, sən onu niyə azad elədin? Ətiacı, kifir, özü də kobudun biridir...

- Görmürdün onun gözlərini? Ölümdən qorxanları idarə eləməyə nə var? O, ölümünü hər an qarşılamağa hazır fikir və söz cəngavəridir. Belə adamlar kölə olmurlar. Ağıllı şahlar onlarla dostluq edər.

Camaatın "it" deyə tanıdığı Diogenin hikmətli sözlərinin sorağı hər tərəfi dolaşırdı. Makedoniyalı İskəndər onunla görüşmək, dövlət himayəsinə götürmək üçün küpün qoyulduğu küçəyə əyan-əşrəfiylə gəlib çıxdı.

O bilirdi ki, Diogenin heç yerdən gəliri yoxdur, ağır maddi sıxıntı içində yaşayır. Bir ara məbəddəki heykəllərdən yalvarışla sədəqə istəyirmiş. Ondan nə üçün belə etdiyini soruşanda deyib ki, etirazlara özümü öyrəşdirmək istəyirəm. Doğrudan-doğruya dilənəndə isə deyirdi: - Əgər başqasına sədəqə verənsənsə, mənə də ver. Yox, hələ indiyəcən sədəqə verməmisənsə, məndən başla...

İskəndər Diogenin hikmət dolu söz-söhbətinin vurğunuydu, ona görə də xəzinədara əmr vermişdi ki, filosof üçün əməlli-başlı tədarük görsün. Buna baxmayaraq, kəsif qoxulu, mığmığaların həndəvərində dövrə vurduğu küpü taqqıldatdı, hökm sahiblərinə məxsus yekəxana, yarıkinayəli səslə çağırdı:

- Ay ev yiyəsi!..

Diogen başını küpdən bayıra çıxardı:

- Bu ev deyil, mənim şahanə sarayımdır. Burada məndən savayı daha başqa şah yaşamayacaq. 

- Dünyanın vətəndaşı Diogen, sənə niyə it deyirlər?

- Özlərinə oxşatdıqları üçün deyirlər, ancaq mən yeyəndə doyuram, onlar isə doymur...

- Məndən nə istəsən, xahiş elə!

İskəndərin şahanə əda ilə dediyi bu sözlərin müqabilində Diogen əli ilə işarə elədi ki, o tərəfə keç.

- Nə?

- Günün qabağını kəsmə!

İskəndər öz-özünə düşündü: "Mən bura ona yaxşılıq eləməyə gəlmişdim, deyəsən, yamanlıq eləməyə məcbur edəcək məni... Bir də bu yazığı cəzalandırıb daha neyləmək olar ki? Ancaq öldürmək... yox, yox! Adamlar adama nə deyər?" - hirsini büruzə vermədən soruşdu:

- Bəs sən məndən qorxmursan?

- Sən kimsən ki?

- Nə sualdı bu?..

- Soruşuram ki, kimsən sən?..

- Mən sənin də, bu məmləkətdə olan bütün canlıların hökmdarıyam!

- Hökmdar, onda əmr elə, bu mığmığalar mənə əziyyət verməsin.

- Onlar mənim hökmümə tabe olmazlar.

- Əgər bu zəif xırda cücülərə belə gücün çatmırsa, doğrudanmı, insanı cücülərdən daha gücsüz sayırsan? "Hökmranam" deməkdən heç utanmırsan?

İskəndər sözlərin məntiqi düzgünlüyünü içində təsdiqləsə də, bunun ətrafdakı adamlara pis təsir edəcəyini düşünüb qəzəbli səslə bağırdı:

- Nə cəsarətlə mənimlə belə danışırsan? Bəs sən məndən qorxmursan?

- Şərsən, yoxsa xeyirsən?

İskəndər qəfil sualdan duruxdu, vəziyyəti yumşaltmaq üçün dedi:

- Əlbəttə, xeyirəm!

- Hee, hee..

- Nəyə gülürsən?!.

- Gülməlidir də... Düşünürsən ki, xeyirsən, sonra soruşursan ki, məndən qorxmursan? Xeyirdən məgər qorxarlar?..

İskəndərin qəzəb dolu simasına təbəssüm qondu, dodağı qaçdı, ətrafda durub bu mükaliməni maraqla dinləyənlər gərginliyin keçdiyini görüb qəhqəhə çəkib güldülər.

İskəndər ayrılanda ona təbəssümlə əl edib dedi:

- Əgər mən İskəndər olmasaydım, mütləq Diogen olmaq istərdim! Dünyanın vətəndaşı!

- Sən dünyanın fatehi olmaq istəyirsən, vətəndaşı yox!

İskəndər əhatəsi ilə birgə çıxıb getdi. Xəzinədar küpü göstərib küçənin böyüyünə nəsə verdi. Bunu elə sürətlə elədi ki, heç kəs görmədi. İskəndərə yaxınlaşıb dedi:

- Bir bağlama qızıl verdim başçıya. O ölənə qədər nə lazımıdırsa, verəcək. Öləndə də məzarını quracaqlar.

- Heyif ki, biz adamları itaətlə təzim etdiklərinə görə dövlətləndiririk... Onun küpünü qızılla doldursaydıq da, yenə azdı.

İskəndər bir qədər aralanandan sonra qəfildən geri qanrılıb Diogenin əllərilə başını tutub hüznlə baxdığını gördü. Aman Allah, o nə baxışlardı elə... Bu baxışları özü üçün belə tərcümə elədi:

- Adamlar bilirlər ki, mütləq öləcəklər, yenə ölümdən qorxurlar. Elə buna görə də cücülərə belə gücü çatmayan özündən müştəbehlərə boyun əyirlər. Bəlkə də ağlı, məntiqi, elmi, fərasəti də olan belə adamlar yaltaq təzimlərini gördükcə elə düşünür ki, nəsə fövqəlgücə qadirdirlər, hətta dünyanın fatehi olmaq fikrinə belə düşürlər!!!

Küpdəki skelet gözünün önündən çəkilmirdi. "Qəribədir, rəngindən asılı olmayaraq sonda hamının saçları və sümükləri ağarır, hamını bir-birinə oxşadır, istər şah olsun, istər gəda".

İskəndər Azərbaycanın tozlu yollarıyla irəlilədikcə düşündü ki, küp qəbirin içində Diogeni üçüncü dəfə gördü...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!