Çingiz müəllimin vağzallardan zəndeyi-zəhləsi gedirdi... Azad adam idi ona görə, qrafiklərə uymalı olanda, könlü istəyən kimi davrana bilməyəndə nəfəsi kəsilirdi. Amma axşam arvadın sillələriylə dərin bir yuxudan oyananda başa düşdü ki, maşın sürə bilməyəcək. Hamam Nuh əyyamından qalanda belə olur da... Bunu xanımı neçə vaxtdı deyirdi. Atasının "arvada qulaq as, amma əksini et" vəsiyyətinə sədaqətiylə bu dəfə səhv elədiyini boynuna almadı. "Beş dəqiqəlik" isitmə sistemindən çıxan zəhərli qazdan elə bir göz qırpımında əlli-ayaqlı gedə bilərdi. Əgər xanım vaxtında duyuq düşüb qapını təpikləməsəydi, sonra da bütün bu illərin hayıfını çıxıb doyunca şapalaqlamasaydı onu... Hə, Çingiz müəllimi xilas etmək mümkün oldu, özünə gələndə yarım əsrdi gözünü yağır eləmiş qadını da bəyəndi elə bil, amma büruzə vermədi... Səhvlərinin üstünü vurmazdı, xanımlarla nərmənazik danışmağı da yaraşdırmazdı özünə.
Axşamdan bir az keçmiş pürrəngi çayı qurtumladanda - yaxşı, sabah səhər bilet alıb gecə qatarla çıxaram Gəncəyə - dedi və qadının parıldayan gözlərindən rahatlaşdı bir az... Aman-zaman bircə qardaşını evləndirsəydi, xanımın da, Çingiz müəllimin də canı dincələrdi. İndi də əsgərlikdəydi, gündə 3 dəfə çimən, səliqə, ütü, ağappaq yaxalıq sarıdan korluğu olmayan gənc həkim hərbinin sərt qaydalarından yaman təlaşlanmışdı, fürsət düşən kimi bacısına zəng edir - qaşınıram, yaman qaşınıram, öləcəm belə getsə - deyirdi. Yeddi illik tibbi savadı olan cavan oğlan qaşına-qaşına ölməyin əfsanələrə belə sığmadığını yaxşı bilirdi, intəhası bacının canı qardaşdadısa, ayrı cür danışmaq nəticə verməzdi. Bacı da hər telefon söhbətindən sonra gecədən səhərəcən gözünün qorasın sıxıb mətbəxlə qonaq otağının arasında var-gəl edir, gün çıxmamış ərinin başının üstünü kəsdirib der-der deyinirdi... Dişindən dırnağınacan ziyalı olan Çingiz müəllimdən ötrü bu, dünyanın sonu deməkdi. Evdə sakitlik yaratmaq üçün hər şeyə hazır idi. Ona görə arvadı əndiləşələndirən istənilən səbəbi elə beşiyindəcə boğmalıydı: abortdan sonra depressiyaya düşmüş rəfiqənin kefini açmaq, manikürü düzgün etməmiş ustanın qarasınca deyinmək, yeni və uğursuz saç rəngini tərifləmək, ya da ən bahalı pal-paltar mağazalarının daimi müştərisi olmaq sadə məsələlər idi. Bircə səhər yuxudan duranda xoş sifət görməkdən ötrü, evdən dırdırsız çıxıb işlərinin dalınca rahat getməkdən ötrü nə desən edirdi Çingiz müəllim... Bu dəfə də qayınını hərbi hissə komandirinə tapşırmalı idi ki, çox incitməsinlər... Əslində bu, həm də doğulub böyüdüyü Gəncəyə getmək, qohum-əqrəbanı görməkdən ötrü fürsət idi. Dəm qazından halı dəyişməsəydi, hamamda tirtap yıxılmasaydı, lap belə ləzzətlə gedəcəkdi o uzaq yolu... Şəxsi maşınında, arın-arxayın, ən əsası azad... Əli sükana çatandan qatardan xoşu gəlmirdi, amma Gəncə səfərini də təxirə salsa, arvad gününü göy əsgiyə bükəcəkdi. Qadının yarırus, yarıazərbaycanca şərhlərindən başağrısı tuturdu onu:
"Mitka, axı sən bilirsən o uşaq əlimizdə böyüyüb, papa başında gəzdirib onu... Özü də necə çox oxuyub, on je vunderkind... Çingiz, Çinuşka sən gərək tez gedəsən Kirovabada... Birbaş çasta, orda-burda ne zaderjivaysya...".
Arvadın yeri gəldi-gəlmədi yüz adamın belə içində ona "mişka", "mitka", "Çina", "Çinka", nə bilim ey "Çinqa-çuk" deyə müraciətindən xoşu gəlmirdi, amma Gəncənin adını düz deməyəndə lap əsəbləşirdi...
- Bəlkə elə birdəfəlik Yelizavetpol deyəsən Gəncəyə, daha dəqiq danış da...
Bu cavabdan bir az özünü yığışdıran qadın tərzini yumşaltmağa çalışsa da, elə eyni şeyləri üyüdüb tökürdü:
"Doroqoy, mama toje volnuyetsya... Tı je moy xoroşiy... Qaqaşım hələ uşaqdı e... onun bilikləriylə nə qədər adam sağaltmaq olar. On je oçen qramotnıy vraç... Mama da deyir yaxşısı budu getsin hospitalda işləsin, özü də burda e, Bakıda! Kəndçi deyil axı o orda baş çıxartsın... Sən istəsən, eləyərsən... Kirov... eee Gəncədə tanımadığın adam yoxdu!".
Çingiz müəllim bu söhbətlərin qiyamətəcən uzana biləcəyini yaxşı başa düşürdü, ona görə qaragünlüyünü öncədən qablaşdırmışdı, biletini alıb vağzala gəlmişdi.
Vağzalların ən dəqiq məlumat bürosu yükdaşıyanlardı. Qatar neçənci platformadan yola düşəcək, hansına yaxınlaşacaq, gecikmə varmı, vaxtında gəlirmi - bütün bu suallara düppədüz cavabı yükdaşıyanlar veriblər həmişə. Bu dəfə də baqajdolu arabaları sürüyən cavanların birinci platformaya yürüdüyünü görüb addımlarının sürətini artırdı... Vağzal kafesindən gələn günəbaxan yağının qoxusu burnunu daladı, tələbəliyini yada saldı. Bölgələrdən paytaxta oxumağa gələn cavanlardan ötrü bu qoxu şəhərin simvoluna çevrilmişdi bir növ. Həm də uzun, yorucu yolçuluqdan, qatarın taqhataraqqından sonra qaxsımış yağ iyi verən kartoflu kökələrin ləzzəti ayrıydı, ən əsası ucuz olduğu üçün... Ehh, hardadı o cavanlıq... İndi ürək, şəkər, təzyiq, nə bilim nə... Onu yemə, bu olmaz... Çingiz müəllimin yer üzündə ən böyük qorxusu yatağa düşmək idi, xəstəlik adı gələndə rəngi ağarırdı... Hə, azad adam olduğu üçün pəhrizini saxlayırdı, yeməyi də bircə ovuc, özü də çox yüngül. Ona görə yolda mədə aldatmaq üçün heç nə götürmədi...
Bakı - Tiflis qatarı həmişə yaman gündə olur - köhnə, çirkli, səliqəsiz... Qapalı məkanlarda nəfəsi daralırdı, ürəyi sıxılırdı. Ona görə biletini də ümumi vaqona almışdı, heç olmasa durub var-gəl eləyə bilsin, qatarboyu dəyişən səslər, qoxular, simalar eynini açırdı, başını qatırdı. Hərdənbir tanış adam görsə, beş-on dəqiqə ordan-burdan danışıb yola nərdivan qoyardı öz aləmində. Gecədən keçəndə hamı yatandan sonra gözünə yuxu getməsə də, bircə saat uzanırdı, qatar yırğalandıqca beşiyini yada salırdı. Tələbəlikdə qatarla çox gedib- gəlmişdi, ona görə bütün bunlar bir növ rituala çevrilmişdi onun üçün. Lap düzü, beşiyi xatirinə gələ bilməzdi. Qundağdakı uşağın yaddaşı olmaz ki... Amma nədisə gecənin sakitliyində qatarın relslər üstündəki taqhataraqqı qayğısız uşaqlığından unutduğu anları hardansa yaddaşın dibindən çağırıb gətirirdi gözünün önünə. Bəlkə qatarla getməyin tək üstünlüyü bu idi elə...
Hələlik camaat yerbəyer olunca nə isə düşünmək mümkünsüzdü. Sıraların üstündəki rəqəmlərə gözlərini qıyıb baxan, yerini axtaran ortayaşlı qadının qazanlarının danqadaranqına gülümsədi. - Keçin müəllimə - deyib oturacaqlar arasındakı darısqal yolu boşaltdı. Qadını tanımırdı, amma üzündəki ifadədən hər şey aydın idi... Bakıda kirayə qalan tələbə balalarına yemək aparan anaların Gəncəyə qaytardığı boş qab-qacağın səs-küyü qatarlardan əskik olmur. Bir vaxt anasına da az belə zülüm eləməmişdi. Anası məşhur müəllimədi, bazar arvadları kimi zənbildolusu gedib, boş qazanlarla qayıtmaqdan nə qədər utansa da, Bakıda oxuyan uşaqlarını isti yeməksiz qoymazdı. Deyəsən, ərköyünlük də Çingiz müəllimin canına o vaxtdan hopmuşdu... Anası nə illah eləsə də, gedib qohum-əqrəba evində çörək yeməzdi, ancaq Gəncədən gələn tələbə payını gözləyərdi...
Bu qatar bələdçiləri də hamısı bir-birinə oxşayır. Sərnişinlərin üzünə yalandan gülümsəməkdən ağızlarının küncləri əyilib elə bil. Bunların qəşəng oğlanları seçmək qabiliyyətinə də söz ola bilməz. Gecə düşüncə dəhlizdə xısın-xısın danışan, pıqhapıq gülən cütlüklərin elə burdaca tanış olduğuna kim inanardı?! Deyəsən, bu tanışlıqlar da bir gecəlikdi, daha doğrusu, dayanacaqdan dayanacağa kimi sürürdü... Minəndə başlanırdı, yolboyu artırdı, alışırdı, hətta zirvəyə də çatırdı və qatardan düşəndə - "mütləq zəng edəcəm" vədiylə həmişəlik bitirdi. Misal üçün, Bakıdan Tiflisə, ya Bakıdan Gəncəyə, ya da Bakıdan Minvoda qədər... Hər nə idisə, başlanğıc nöqtəsi mütləq Bakı olmalı idi. Çingiz müəllimin də, Bakıya oxumağa gələndə burda sevəcəyinə, burda evlənəcəyinə, burda yaşayacağına, hətta burda öləcəyinə şübhəsi yoxdu. Cavan oğlan Hüseyn Cavidin tinində durub BT siqaretindən dərin bir qullab vurmuşdu, qarşısındakı binaya baxmışdı, elə burda yaşayaram, qrupumuzdakı uzun hörüklü qızla bir yerdə. İki uşağımız olsa bəsdi, biri oğlan, biri qız. Universitet də şükür Allaha yaxında, gedib dərsimi deyib gələrəm. O vaxt birinci kurs tələbəsiydi, əynindəki şalvar-köynəkdən savayı, bircə dəst kostyumu, cibində 13 manat pulu, yarım qutu BT siqareti və yaxşı işləyən başı vardı, vəssalam.
İndi o qalın, qara hörüklərdən əsər-əlamət qalmamışdı... Amma insafən Arifə pis adam deyil, hərdən-birdən dırdırı olmasa, lap ətəyində namaz qıl. Çox diqqətlidi, evdən çıxanacan əlli dəfə soruşdu: dekanlığın xəbəri varmı, dərslərində problem olmaz ki?! Dərmanların hamısını götürmüsən?! Yeməyə nəsə qoyum?! Bax ha, nehrə yağına, bala, qaymağa daraşma, ziyan edər sənə... Bu sualların, xəbərdarlıqların sonu yoxdu, səbəb isə birdi, qadın elə o vaxtdan, birinci kursdan dəli kimi aşiqdi ona, hər anı, hər halı ilə yaşayırdı. Uşaqları baş-göz edəndən sonra da ayrı dərdi-səri qalmamışdı. Dərs cədvəlini də eyni edirdi əriylə, həftədə üç dəfə qol-qola girib Hüseyn Cavidi elədən-belə addımlayıb universitetə gələrdilər, mühazirələrini deyib qayıdardılar evə. Arvadın yumşaq desək, bir balaca qısqanclığı da kimsədən gizlin deyildi. Ona görə heç qocalmaq bilməyən üçüncü kurs tələbələriylə xeyli məsafəli davranırdı müəllim... Düzdü, eşq-məhəbbət kitablarından danışanda çətin olurdu, gözəl-göyçək qızların heyranlıq dolu baxışlarından yayınmaq sadə məsələ deyildi. Necə olsa kişiydi, intəhası evdə söz-söhbət olmasın deyə, mayallaq da aşa bilərdi. Hə, bircə bu qayınının da qaşınmasını həll eləsə, yer üzündə dərd-səri qalmaz...
- Professor, axşamınız xeyir. - Yerini təzəcə rahlamışdı ki, cır səsli qızın həyəcanlı salaməleykindən diksindi. Tələbələrin köhnə xasiyyətidi, əllərindən rahatlıq yoxdu heç harda... Bir də görürsən başının üstünü aldılar. Qatarı bürümüş kotlet qoxusu da bir yandan... Heç tələbə yeriydi, sən Allah! Arifə də elə onu demişdi, Gəncəyəcən bir "studentka" ilə laqqırtı vura-vura getsin, tanış-biliş də görüb xəbərləsin, bəh-bəh... Heç yanğınsöndürən briqada da bu Əlövsət məşəlini yatıra bilməz... Tez-tələsik salamlaşıb durdu, vaqon-restoranda əlli vurmağa... Müsüslüyə çatanda saxlayacaqdı iki dəqiqəlik. 50 q konyakdan sonra stansiyada düşüb bir siqaret çəkməyin ləzzəti başqadı!
Vaqon-restoranın ənənəvi yeməklərindən yemədi, Allah bilir, bu "nabor" dedikləri sosiska-pivə dəstgahının vaxtı haçandan keçmişdi. Soyuducuda əlli dəfə əriyib bərkimiş şokoladın üstündəki ağappaq ərpi dəsmalı ilə silib qoxladı... Konyakı bir azacıq ağzında saxlayıb boğazdan asta-asta ötürməkdən xoşu gəlirdi. Bu dəfə də acıtəhər dadın nazıyla oynadıqca gözlərinin içi isindi.
Müsüslü stansiyasında vaxtı tutub saxlamışdılar, sanki... Pencəyi çiyninə atıb düşdü, elə vaqonun böyründəcə durub siqaretini alışdırdı, yavaş-yavaş çəkdi içinə qırx illik dostunu; bu başqa məsələ, konyakın gətirdiyi rahatlıqdan sonra lap cənnət ləzzəti idi. Özündən razı vağzal pişiyinin yamyaşıl gözlərindən diksinən kimi oldu. Nənəsinin işım-işım yanan gözləri də eynən belə, bu cür yaşıl idi... Doluxsundu, bilmədi konyakın təsirindən, ya pişiyin gözlərinin rəngindən idi ki, uşaq təkin ağlamaq istədi, dünən ciyərlərinə dolan zəhərli qazın pis kimi təmini də indi hiss elədi ağzında... Bircə dəfə içdən öskürdü, amma səsi də çıxmadı. Buna "professor öskürəyi" deyirdi - auditoriyada öyrənmişdi, burnunun içində asqırmağı, ağzıbağlı əsnəməyi də adət etmişdi.
- Qatarın yola düşməsinə bircə dəqiqə qaldı, verin əlinizi, professor - bunu deyən bayaqkı tələbə idi. Vaqona qalxan sınıq-salxaq nərdivanın axırıncı pilləsində durmuş qızın ona uzanan zərif əli nənənin gözlərini də, dəm qazının acıtəhər dadını da unutdurdu... Auditoriyasayağı nəzakət göstərib gülümsədi, əli tutmadı amma, bir az səndələsə də, özü qalxdı pillələri. Universitetdən kənar hər yerdə soyuq davranırdı tələbələriylə... Rus bölməsinin qızlarının Çingiz Mamedoviç - deyib dalıyca düşməsindən, hər tinbaşı üstünə gələn xanımçaların şəkil çəkdirmək həvəsindən əsəbləşirdi Arifə. Özündən çıxanda bir-ikisinin kəkilindən tutub sürümək arzusunu da gizlətmirdi... Elə indi də bu adidən adi nəzakət məqamını dünyanın ən böyük xəyanəti kimi yoza bilərdi. Ona görə nə qədər ki, bu qız şəkil çəkdirib el-aləmlə paylaşmayıb aradan çıxıb yerinə keçməliydi. Vaqon boyu addımladıqca yol yeməyindən sonra süst düşmüş, küftə, kotlet, toyuq qızartması, NZS pivəsi, Gəncə şərabı, Rus arağı qoxusu verən adamların dəmiryol möhürlü mələfələrin üstündə mürgü vurmasından ürəyi sıxıldı... Bir hovur oturub baxdı pəncərədən, işıqsız, ucsuz-bucaqsız çölləri keçdikcə hansısa məchulluğa zillənmişdi elə bil. Təkəm-seyrək işıq gələn evlərin də həyat əlaməti zivələrdə yellənən paltarlar, bir də küləyin silkələdiyi şalbanlara bağlı yüzlük lampalardı. Bir hipnozçu əlində o yan-bu yana ləngər vuran medalyona bənzəyirdi bu işıq rəqsi, intəhası tez keçib getdiyi üçün yuxu gətirmirdi. Hardasa uşaq ağlayırdı, xanım qatar bələdçisi cavan oğlanın canayatan pıçıltılarından pıqqıldayıb gülürdü, rütubətdən ayaqları sızıldayan qarı zarıyırdı arabir, Tiflisə dincəlməyə gedən ailənin kişisi də bu basabasda tərbiyə verirdi yeniyetmə qızına: - Sən daha yekə qızsan, düz otur!
Deyəsən, bu cümlədən sonra elə oturan yerdəcə başını arxaya söykəyib mürgü vurdu, gözünün çimirini alıb bələdçinin səsinə oyandı...
- Gəncə - Gəncə stansiyası, Gəncədə düşənlər... Kirovabad...
"Kirovabad" sözündən necə əsəbləşdisə, sakvoyajını qapıb durdu, elə vaqondaca siqareti damağına qoydu, amma alışdırmadı. Kirovabad qışqıran qadına dodaqları arasındakı siqaretin böyründən acıqlandı: Gəncənin adını dəyişdirməmisiz hələ? Sərt söz gözləməyən bələdçi çaşdı, deyəsən: Qatarda ruslar var, onlar üçündü... Bu sözdən az qala partladı, amma ayaqüstü tərbiyəvi söhbət aparmaq da yersizdi, ona görə elə bircə cümlə - biz rus-zad deyilik - dedi və Gəncəyə çatan kimi üsyankar qanının qaynamasına gülməyi tutdu...
Gəncənin bal havasından udmağa macal eləməmiş cib telefonunun hay-küyündən dik atıldı...
- Alo, hə, çatmışam. Səhər altıda harda ola bilərəm, vağzalda... Gəncəlilər demiş vazqalda... Yox əşi, nə qaymaq... Düz deyirsən, biz çuşkalar yeyişimizi bilmirik... Yaxşı da, Arifə, qardaşının xatirinə çilədən çıxartma məni. Heç nə, bir az meydanda gəzişəcəm. Səhər tezdən heç kimi yuxudan eləmək istəmirəm. 10 olsun zəngləşərəm Gülayəgillə, Xalidlə gedərəm də hərbi hissəyə... Nə alım? Pahooo... İndi marketlərin canına düşüb sabun, şampun axtaracam? Deyərəm komandir arvadının kosmetikasın gətirər də onunçün. Yaxşı çıxma özündən, bilirəm qardaşını bit basıb indi orda... yaxşı, mən taksiyə minirəm!
Çətin 90-cı illərdən sonra Gəncədə taksilərin sayı yaman artmışdı, işsiz qalan hər kəs maşının üstünə "şahmat" qoyub dolanışıq yolu tapmışdı. Ona görə elə səhərin bu kor vaxtında da vağzalda iti daşlasaydın taksistə dəyərdi... Sınıq-salxaq birinə oturub "Sabahın xeyir, sür Qlavnıya" - dedi. Taksistin ancaq gəncəlilərə xas təbəssümündən ürəyi açıldı, elə bil gözlərinin içi gülürdü...
Yayın canı çıxmışdı, payız gəlmək bilmirdi amma, havanın ovqatını tutmaq müşküldü. Taksi sürücüsü də bayaqdan ürəyində qalmış sualı verməsəydi olmazdı...
- Deyən Gəncədə böyüyüfsən...
- Deyən sən də gəlmə döysən...
- Hə, qadan alım, şaxsöyənnənəm...
- Sən hardansan, lələ?
- Atam çayqıraxlı, anam dörd yoldan idi. Dəşdəmir dükanını tanıyırsan?
- Niyə tanımıram, qadan alım?!
- Babamın evi hələ durur orda...
Çingiz müəllim bunu dedi və susdu... Taksi sürücüsü də daha sual vermədi. İllərlə şəhərli qızı ilə bir damın altında yadırğamışdı ləhcəsini, ona görə indi sürücü ilə qısa ləhcə deyişməsi naşı adamın buz üstündə müvazinətini saxlamasına bənzəyirdi, amma nədisə ürəyinə yağ kimi yayılırdı.
"Gəncə" mehmanxanasının qabağında maşından endi. Bura yaxın, kolxoz bazarına aparan küçənin o tayında bir vaxtlar hamam vardı, əsgərləri ora gətirirdilər həmişə... Hamamın yanında isə yarımzirzəmidə çayxana yerləşirdi. Gəncənin ən koloritli səhər yeməyini - nehrə yağı, bal, qaymaq, pomidor-yumurtanı burda verirdilər... Şəhərdə sökhasök başlayanda bu çayxananı düşünmüşdü, ora dəyməzlər, tarixi qədimdi, şəhərin simvoludu az qala - demişdi. Sökmüşdülər, nə hamamın, nə də çayxananın izi-tozu da qalmamışdı... Qüssə basdı onu, küçənin o biri tərəfində Şah Abbas məscidinin qabağındakı "Avara" bağının açıq kafesindən işıq gəlirdi... Plastik masa arxasında qaraltı da görünürdü elə bil... Ayağını sürüyə-sürüyə keçdi küçəni, diqqətlə baxanda başa düşdü ki, səhər tezdən çayxanada əyləşənlər deyəsən, elə gecə-gündüz bu parkda qalan yaşlı adamlardı... Bir az aralıda oturmaq istədi, amma stulların üstünə düşən şeh silinməmişdi, ona görə elə yaxında yüngülvari nəm olan birini cib dəsmalı ilə qurulayıb əyləşdi. Burnuna şirin çaxırın qoxusu gəldi, qarışıq tütün iyi də bu yoldaşların üst-başına hopmuşdu. Axı belə adamların daimi çəkdiyi siqaret olmur, gün boyu nə tapsalar yeyər, nə əllərinə keçsə çəkərlər... Hə, bir sözlə, yarım alma, soğan və yüz əlli araq sarıdan korluğun yoxsa, yaşamağa hər şərait var, deməli!
- Müəllim, deyən könlün çay istəyir? Bu saat lələşin bir çay dəmləsin dünyada tayı-bərabəri olmayan... Özü də bakılıların dıqqılı çaydanında yox e... Yekə çaydanda, dişləmə qəndlə... Uşaqlar hələ gəlməyiblər, bax bu əllərimlə qulluq edəcəm qardaşıma!
"Olmaya bu gəncəlilərin adamı sözə basmağı... Pay atonnan, dünyada tayı-bərabəri yox imiş... Qadam, sən Allah ağ eləmə də! Dünən də birinə deyir - təndir çörəyi Yer kürəsinin hər yerində məşhurdu, başına dönüm çörəyi bircə küçə o yana aparırsan taqqanağa dönür e, dünyada nə təhər məşhur ola bilər?! Düzdü ey, dilləri var, dilçəkləri də var... Həmişə kişilik göstəriblər də bu gəncəlilər. İntəhası... Hər nə isə, siqaretindən birini olar, müəllim?".
Səhərin gözü açılmamış şirin çaxırı qurtum-qurtum cana vuran birinin siqaret arzusu o qədər təbiidir ki... Ona görə bu kiçik monoloqu ilə səfilliyini ört-basdır edib bircə dənə siqaret uman adamın düşdüyü vəziyyətdən xəcalət çəkdi Çingiz müəllim. Başqasının əvəzinə utanmaq da köhnə xasiyyəti idi. Siqaret qutusunu bütöv uzadıb - birini də dostuna götür - dedi. Və bir azdan dodağı altda zümzümə edə-edə yekə bir çaydan pürrəngi çay gətirən qocanın pozitivliyindən kefi açıldı... Saatına baxıb başa düşdü ki, qulaq yoldaşı tapmasa, vaxt ayaqlarından daş asıb duracaq yerində... Kafe gözətçisini də, qonşu masadakı yoldaşları da çaya dəvət etdi və öz-özünü necə təəccübləndirməsi birdən çatdı ona. Əslinə qalsa, bu cür qəribə, yaşadığı və işlədiyi mühitə uyğun olmayan adamlarla ünsiyyəti xoşlayırdı, onların naməlum dünyasından nələrsə götürürdü özüyçün, intəhası Gəncənin mərkəzində - "Avara" bağında belə bir xudmani məclis quracağını ağlına gətirməzdi...
Deyəsən, şeh-nəmdən sümükləri sızlayan yoldaşlar üçün də isinməyə fürsət idi bu, bir an belə düşünmədən stullarını yaxın elədilər. Həm də min ilin tanışları kimi söhbətə başladılar. Şirin çaxırı səxavətlə bölüşmək niyyətlərini də Çingiz müəllim "işim çoxdu, mötəbər adamlarla görüşəcəm" bəhanəsi ilə birtəhər zərərsizləşdirdi. Nizaminin, Füzulinin və Vaqifin əhatəsində pürrəngi çayı tütünə calamaq xeyli poetik ovqat yaradırdı. Gəncəlilərin şair-sənətkar adlarına meyli də daimi zarafat mövzusu idi.
- Zalımın oğlu bircə misra öz dilində yazmayıb ki, farslara deməyə sözümüz olsun... Elə oturub-durub deyirlər ki, bizimkidi...
Bunu Nizami dedi, adaşına yaman qəzəbliydi. Çingiz müəllimin peşəsini filanı soruşmadılar heç. Beş-on dəqiqədən sonra kəşfiyyat xarakterli suallara son qoyuldu, başlandı dünyanın gərdişi haqqında söhbətlər. Çingiz müəllimin hardansa "yuxarılardan" gəldiyini düşünən kafe gözətçisi Vaqif bütün varlığı ilə Nizaminin, Füzulinin əllərinə düşmüş imkandan faydalanmalarına çalışırdı.
- Müəllim, görürəm ziyalı adamsız. Adam gərək sadə olsun. Bəli! Vallah 20 ildən çoxdu bu bağın hər küncündə, bucağında işləmişəm. Qadan alım, baş ağrısı olmur?
- Yox, yox, qətiyyən...
Gəncənin havası üçün, gəncəlilərin şirin danışığı, hətta bir az da özündən demələri üçün darıxmış Çingiz müəllimdən ötrü bu adamlar və belə söhbət balın-qaymağın yerini verirdi. Ona görə bir-birinin sözünü kəsə-kəsə danışan həmsöhbətlərini dişləmə qəndi ağzının içində o yan-bu yan edə-edə keflə dinləyirdi, arada dodaqlarında qalmış şirini soyumuş, tündləşmiş çayın acısına da bulaşdırırdı... Və bu məqamda "Avara" bağı dünyanın ən maraqlı, ən rahat, ən azad parçası idi ondan ötəri. Arifənin tükənməyən narahatlığı olmasaydı!
- Alo, hə... "Avara" bağında çay içirəm. Əşi burda yemək nə gəzir?! Yaxşı çəkmərəm. Yaxşı yemərəm... Yaxşı içmərəm! Yaxşı alaram. Onun zəng eləməyi ilə deyil axı... Qoy bir komandir yuxudan dursun da... Başa düşürəm də narahatsan. Adamı dığ eləmə də, nolar... Yaxşı, yanımda adamlar var, sonra zəng edərəm. Komandiri görəndən sonra da... Xahiş edirəm iki saat zəng eləmə! Köhnə dostlarımdı!
Deyəsən, bu "köhnə dostlar" sözündən yaman təsirlənmişdi yoldaşları. Yenə Vaqif zirək tərpənib yarımçıq qalmış sözünə davam elədi...
- Müəllim, bunlar iki dost idilər. Gəncənin sayılıb-seçilən adamları. Nizami Qarabağda döyüşüb, salamat yeri qalmamışdı, aylarla hospitalda yatıb, sağaldı, amma iş tapmadı burda, getdi Rusyətə... Füzuli də heç... Ona ümumiyyətlə, yerli-dibli iş tapılmadı... İkisi də fərasətli uşaqlardı, vallah bunlara bir iş verilsə özlərinə gün ağlayarlar!
Nizami gözətçinin sözünü kəsdi:
- Əşi müəllimin başını aparma, sən Allah! Peşman eləmə camahatı. Məni bir şey maraqlandırır ey. Haramzada Bodenştetin Mirzə Şəfinin nəğmələrini götürüb aparmağını bilirik də... Mən hardasa oxumuşdum ki, Bodenştet öz arxivini yüz il sonra açmağı vəsiyyət edibmiş... Yüz il olmadı?
- Oldu... 99-cu ildə...
Çingiz müəllim cavabı elə verdi, sanki belə də olmalıdı, "Avara" bağında çaxırı çaya, onu da siqaretə calayan adam elə bu cür danışmalıdı...
- Bəs Mirzə Şəfinin dəftəri çıxmadı ordan? Axı Bodenştet almandı, o dəftəri məhv eləyə bilməzdi... Həə, çıxmadı ordan dəftəri? Məsələn, elə almanlar Drezdendə "Dədə Qorqud"u qoruyublarsa, bunu niyə...
Çingiz müəllim hiss etdi ki, Nizami qəhərlənir. Siqaretindən birini ona uzadıb gülümsədi... Vaqif də bu pərtliyi işığa çıxarmaq üçün Füzuliyə göz vurdu...
- Hə, müəllim, bizim bu Füzuli də uşaq arabaları yığırdı vaxtında... Sovet dağıldı, bu iş də itdi-batdı...
- Necə yəni itdi-batdı?! Yoxsa o məşhur lətifədən danışırsız?..
Vaqif ürəkdən güldü, qəhqəhəsi lap məscidin minarələrinə gedib çıxdı...
- Hə də, deyir Sovet dövründə biri uşaq arabaları zavodunda işləyir. O vaxt zavodda sexlər hərəsi bir detalı düzəldirmiş... Bu da uşağı olanda dostlarına deyir ki, hər sexdən bir detal çırpışdırsınlar. Evdə özü yığar, uşağı gəzdirməyə kara gələr də...
- Allah bəlanı verməsin sənin, yazıqsan... - Bunu Füzuli dedi və çox da dinib-danışmayan adamın dodaqaltı qımışmağı xeyli maraqlı gəldi Çingiz müəllimə... Kefi açıldı!
- Hə, qardaş, deməli, montajçı olmusan hə, silah zavodunda?! Axı o bədbəxt də "kalyaska" yığmaq istəyəndə Kalaşnikov avtomatı alınmışdı. Bu da Sovetin yazılmamış qaydası, adam silah düzəldir, heç özünün də xəbəri yox...
Çingiz müəllimin canayaxın davranışından isinişən Füzuli - yox, müəllim, mən bilirdim neynirdim - dedi, sonra başını saldı aşağı. Deyəsən, çaxır bir az da qarandinməz eləmişdi onu, amma nədisə açılışıb danışdı... Bizi İkinci Dünya müharibəsində döyüşən adamlarla görüşdürürdülər. Gəncəlilər də həmməşə vuruşan olublar axı... Hə, mən yüz adamla görüşmüşəm burda. Orda, qabaqda atan adam, meyitlərin üstündə uzanıb avtomatıyla təmtək qalan əsgər bilir axı nə istəyir... Mən də danışdırıb öyrənirdim görüm nədi əyər-əskik, silahlara düzəliş edirdim, bilirsiz nə qədər patentim, mükafatım var?! Sovet dağıldı Moskvadan teleqram vurdular e mənə, getmədim...
- Bəs niyə getmədin?!
- Mən gedim onlarçün avtomat düzəldim, onlar da silahı bağışlasınlar erməniyə, erməni də qırsın balalarımızı? Kişiliyim götürməzdi axı...
Çingiz müəllim araya düşmüş səssizliyi necə pozacağını bilmədi, tutulub qalmışdı, ürəyi də hövül elədi... Axır Vaqif dilə gəldi:
- Ay Çingiz müəllim, axı sən ağıllı adamsan, de görək nə dəyişib, niyə dəyişib, biz deyildik elə burda ölkə quran?! Biz deyildik Cavad xanın harda dəfn olunmağını iki yüz ildən çox sirr saxlayan, hə? Noldu axı bizə?
- Heç bir şey... Hər şey yaxşı olacaq!
Çingiz müəllim dediyinə özü də inanmadı... Amma qarşıdakı işlərini, bir azdan Arifənin xalaqızlarını hərəkətə gətirəcəyini, Bakıda iynə üstündə oturub cavab gözlədiyini yaxşı bildiyi üçün söhbəti uzatmaq istəmədi. Nizami də arif adamdı, duyuq düşüb ab-havanı dəyişdi...
- Vaqif başladı nə başladı... Hə, qadasın alım, de ki, biz gəncəlilər dünyanın mərkəziyik, de ki, belə "interesni" durub danışmaq da bizdən ötrü su içimi... Hə, Vaşinqtonun Ağ evi, Putinin Qızıl meydanı hamısı balı-qaymağı burdan sifariş eləyir! Gəncə səvətinin, səbət yox ha, SƏVƏT, getmədiyi ölkə qalmayıb... Dünya iki yerə bölünür - Gəncə və qalan bütün başqa yerlər...
Nizami bunları ayaq üstə durub obrazlı, özünü darta-darta, harasa yuxarı boylana-boylana, əllə-qolla elə danışırdı ki, deyirdin lap aktyordu... Bu dəfə masa arxasında oturanların hamısından çox gülüb gedən Çingiz müəllim özü idi. Uşaqlıqdan belə adamları çox görmüşdü, Gəncə tinlərinin, çayqırağı məhlələrinin simvolu idi belələri...
- Alo, ay bəli... Yox əşi, nəyə güləcəm?! Nə deyir?! Bit dərmanı taparam da onunçün... Yaxşı bir azdan dururam... Bilirəm də xasiyyətini... Vallah yaxşı olacaq, özünü öldürən zad da deyil o! Arifə, sənə dedim tək deyiləm... Ayıbdı axı...
Çingiz müəllim utandığından bir kənara çəkilsə də, pıçıltıyla danışırdı, masa arxasında oturanlar eşitməsinlər, artıq bir neçə dəqiqəydi ki, onların nə düşünəcəyi maraqlı idi ona... Gödəkçəsinin ciblərini düzəldib yerinə qayıdanda adəti üzrə qalstukunu qarnının üstündə sahmana saldı, azacıq aralanmış ikicə düyməsini gizlətdi öz aləmində...
- O ki dırdır başladı, heç nə. Başını götür get. Məni də elə bu dırdır didərgin saldı... Bax bu ölsün!
Nizami sağ əliylə sol yanağına yüngülcə vurandan sonra ayılan kimi oldu... Pərxaşlığı yenə Vaqif yoluna qoydu.
- Bunun belə məzələnməyinə baxmayın e, müəllim, başı daşdan-daşa dəyib. Gedib o dünyanı da, Rossiyanın çöllərini də görüb gəlib... hələ yaxşı ki ölməyib.
Nizami əlini yelləyib gülümsəməyə çalışsa da, deyəsən, söz yaman tutdu onu, fikrə getdi...
- Hə müəllim, çoxdan ölməliydim. O vaxt hospitaldan çıxanda iş tapa bilmədim. Taksavatdıq mənlik deyildi ey. İki dənə diplomla... Nə isə, məndən əvvəl gedənlər çağırdılar Rusyətə. Yekaterinburqdan taxta vururduq buralara... Vaqif demişkən, gəncəliləri bilirsən axı, nədə olmasa, şirin dil var da... Bazarı ələ almışdım, sağlığını görüm yaxşıydı kefim... Olmadı da. Gözləri götürmədi!
- Ruslar, imkan vermədi?! Çingiz müəllim cavabın nə olacağını fəhm eləsə də, sualını da qorxa-qorxa verdi. Və deyəsən, Nizamini bir az hirsləndirdi...
- Ay məllim, axı savadlı adamsan, bilmirsən dünyada necədi vəziyyət?! Böyük mafiyalar ancaq özününküləri vurur. Bilirsən niyə? Özününkünün zəif yerin dəqiq bilir ona görə... Elə buralılar çıxdılar axırıma, əlimdə nə var aldılar, eşşək kimi döyüb meşəyə atmışdılar ey. Bilmirəm, niyə ölmədim! Bura da zülümlə, yarıcan gəldim... Gəldim gördüm arvad yox, uşaq yox, yığışıb köçüblər İzmirə... Bəxtəvər başıma, bəy ailəsiylə evlənmişdim, Türkiyədə qohumları varmış! Hımmmm... Nə bilim əşi, su gələn arxa bir də gələr, gözləyirəm də... Amma özümə söz vermişəm, yenə qalxsam, Rosiyaya gedən deyiləm, birdən tapıb vuraram e onları! Olmaz axı, düşmən deyilik ki... Allah bilən məsləhətdi!
Nizami başına gələnləri danışdıqca qalan üç nəfərin üzünə də baxmırdı, birdən əlini atanda qutunu boş görüb acı-acı gülümsədi - Siqaret qurtardı ki... bu da bizim xeyrimiz - deyib köks ötürdü. Hə, məqam idi, Çingiz müəllimə çaxır, çay, bir də siqaret qarışıq sərxoşluq gəlmişdi elə bil... Duranda ikicə saniyə ayaq saxladı, başı fırlandı bir az, amma özünü sındırmayıb araya söz qatdı ...
- Vaqif kişi, bir vaxt o tayda hamam vardı yadında?! Özü də ora əsgərləri gətirirdilər çimməyə, noldu o hamam?! Sökdülər! İndi əsgərlərin şəxsi hamamları da var ey... Noldu bəs bizə?!
Bunları deyə-deyə qəzet köşkünə tərəf getdi, siqaret alacaqdı, bu dəfə Marlboro! Tər basmışdı onu, xəcalət təri! Ona görə telefonu şalvarın cibindən zorla çıxartdı, nəm olub yapışmışdı əyninə!
- Alo! Necə yəni qaçıb?! Axmaq-axmaq danışma... Kim dedi sənə? Qaçıb yaxşı edib, gedər dizertir kimi yatar içəridə, ağlı gələr başına... Həkim olub mənimçün, külbaş, steril zona axtarır... yaxşı Arifə, ağlama, indi özüm tapacam onu, aparıb təhvil verərəm hissəyə! Hə, bilirəm, hər şey alacam...
Sonra 3 qutu Marlboro aldı Çingiz müəllim, amma "köhnə" təzə dostlarının yanına qayıdıb siqaret verməyə ürəyi gəlmədi, tər basmışdı onu!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!