Saat: 23:40
Gün ərzində yandırıcı isti olub. Axşama doğru hava bir az sərinləyib. Otağın pəncərəsində tor olsa da, içəridə bir milçək uçuşur.
"Günlərdir, içəridədir. Hansı bivec, şəxsiyyətsiz idi deyən ki, milçəyin ömrü bir gündür? Azı 4 gündür ki, burdadır".
Kürəyində qaşınma hiss edərək əlini çırpır. Bir az tərli bədəninə tam əllə şapalaq kimi dəyən bu zərbədən özü də iyrənir. Çöl qaranlıq və içəri işıq olduğu üçün görünəcəyini düşünür və pəncərəyə yaxınlaşır. Pərdəni çəkir, geri dönəndə milçəyi görür və tez də gözdən itirir.
"Mənim gözüm zəifləyib, yoxsa bunlar həmişə belə sürətli idilər? Haradasan? Bu gecə son gecəndir a".
Mətbəxin qapısını bağlayır ki, milçək oraya daxil olmasın. Divana yaxınlaşır və balışlardan ən balacasını əlinə götürür. Bir neçə dəqiqə otaqda gəzişir, milçəyi nişan alaraq balışı üç dəfə yerə, bir dəfə divara, bir dəfə də stolun üstünə çırpır. Heç birində uğurlu olmur. Sonuncu zərbəsində stolun üstündəki çörək qırıntıları balışa yapışır, onları təmizləyərək yenidən divana uzanır. Televizorda futbol axtarır və tapır.
Saat 00:10
Oyunda su fasiləsi verilir. Gözünü televizordan çəkən kimi yenidən milçəyi görür. Yerindən qalxır, "silahını" götürür və hücuma keçir. Bu dəfə hollun da qapısını bağlayır, artıq zalda cəmi iki canlı var: o və milçək. Yenə ardıcıl üç dəfə cəhd edir, amma heç biri milçəyə dəymir.
"Nə cındır adamsan axı sən. Gəl də, nədir, qorxursan? Abırsızaaaa. Hünərin var, gəl də. Aha".
Yenə zərbə, heç nə əldə edə bilmir.
Oyun davam edir. Zərbə... dəqiq deyil. Təkrar zərbə... bu dəfə də top qapının, balış milçəyin yanından keçir. İlk hissə başa çatır, hesab açılmayıb. Milçək sağdır.
Oyunun yetmişinci dəqiqəsi, qapıya doğru zərbə, top rəqibin əlinə dəyir. Videotəkrar, təkrar, bir də videotəkrar, təkrar, hakim səhv yerə qaçır, monitoru tapır, bu dəfə doğru yerə qaçır, bir də videotəkrar və on bir metrlik cərimə zərbəsi.
Topa yaxınlaşan Ronaldo, zərbə... qol...
Ayağa qalxaraq yenidən gözünə görünən milçəyə hücum edir.
"Tüpürüm qeyrətinə, sənin də çolaq əlinə tüpürüm elə. Bir milçəyi də vura bilmədin. Söyürəm, yaxşı edirəm, evdə tək olanda da söyməyim? Belə özümlə. Səndən icazə almalıyam danışanda? Özünsən. Lap elə... Nə bilime... Vurar məncə".
Yenidən divana uzanır. Ac olduğunu hiss edir. Mətbəxə doğru gedir, qapıya çatanda yerində durur, qapını açmır ki, milçək ora qaçmasın. Geri qayıdır və uzanır.
Şərhçi birdən-birə coşur. "Otuz qol... bəli bir çempionatda bir il ərzində 30 qol... yəqin ki, bunu edən olmamışdı. Baxım, deyəsən, 1950-51-ci il mövsümündə olmuşdu belə bir hal, sonra olubmu, bunu araşdırmaq lazımdır".
"İnternet, sənin boyuvu yerə soxum. Bambılı. Oyunda 10 dənə qol olsa, birini görə bilirəm. Elə bil hiss edir ki, qol olacaq, donur. Qolun təkrarı da veriləndən sonra qayıdır. Sən hara itdine. Bəlkə vurub öldürmüşəm bayaq".
Ayağa qalxır, yerdə milçəyin ölüsünü axtarır. Heç nə yoxdur. Əvvəlcə xiyar qırığını milçəyə oxşadır, sonra əriyin sapından qırığı görür, amma milçək yoxdur. Pis olur, yenidən divana uzanır.
"Əəə gicbaş, "penalti" var idi orda?".
Oyun bitir, hesab 2-1 olur. Bu vaxt yenidən milçəyi görür, amma heç yerindən qalxmır. Bir neçə dəfə cəhd edir, əvvəlcə əli ilə, sonra ayağı ilə milçəyi havada vurmaq istəyir. Uğursuz zərbələr.
Saat: 02:35
Televizordan Youtube-a qoşulur. Aydın Xırdalanlı 2000-ci illərdə çəkilmiş videoyazıda oxuyur:
Əvvəl-əvvəl vətən işğalına imkan veririk,
Sonra sakitliyə, atəşkəsə fərman veririk.
Bizə Peyğəmbərimiz söylədi qeyrətli olun,
Qoruyun torpağı sərvətdə səxavətli olun.
Kişilər, səhv salırıq biz bunu diqqətli olun,
Sərvəti qoruyuruq, torpağı qurban veririk.
...
Ardınca gələn videoya keçid alır, xoşladığı hissəyə gətirib qulaq asır.
Musiqiylə hərəkət etmədədir çərxi-fələk,
Duya əlbəttə ki, bu musiqini bəzən ürək.
Haqqın əmriylə ki, məhşərdə çalar suri mələk,
Görəsən, hansı avazla əcəba musiqini?
"Bu rəhmətdik necə oturub əruza. Özü də 23 yaşındaye. Biz də guya ədəbiyyat müəllimiyik də. İndi-indi bilirik əruz nədir? Durum, milçəyi tapıme".
Ayağa qalxır. Belində yenə qaşınma hiss edir. Stolun üstündən qələmi götürüb kürəyini qaşımaq istəyir, amma qaşınması keçmir.
"3 saat deyil ki, çimdiyim. Suquşuyam mən?".
Saat: 03:10
Komediya axtarır. Türk stend-upları arasında gəzişir. Tolqa Çeviki qoyur.
"Bu da utanmır da, bax, əgər baxdığım 10 dəqiqə ərzində Suzan gəlib bunun tərini silməsə, bu da həmin anda qorxmasa, milçəklə işim olmayacaq, nə edir-etsin".
Balışı uzandığı yerdən divara çırpır.
10 dəqiqə gülmədən komediyaya baxır. 10-cu dəqiqədə Suzan səhnəyə çıxır, Tolqa qorxur, camaat gülür.
Yenidən yerindən qalxır. Balışla iki üç dəfə zərbə endirir. Faydası yoxdur.
Saat: 03:25
Yerinə qayıdır, Elnur Hüseynovun çıxışlarını tapır və qulaq asmağa başlayır. Getdikcə coşur, əvvəlcə mızıldanır, sonra yerindən qalxaraq birlikdə oxuyur. İlk iki mahnıdan tam güc alıb "Sole mio"-a keçir.
Che bella cosa na jurnata' e'sole
n'aria serena doppo na tempesta
pe'll'aria fresca pare gia' na festa
che bella cosa na jurnata'e sole.1
Yalnız "O sole, o sole mio" hissəsini bildiyi üçün o hissədə mahnıya qoşulur. Mahnı irəlilədikcə əlindəki balışla rəqs edir. Zalda dövrə vurur. Milçək də, sanki onun süni peyki imiş kimi ətrafında dövr edir.
Ma n'atu sole cchiu' bello, oi ne'o sole mio sta nfronte a te!2
Zərbə. Milçəyə dəymir.
'o sole3
Zərbə
o sole mio4
Zərbə
sta nfronte a te5...
zərbə
sta nfronte a teeeeeeeeeeeeeeeeeeeee.6"
Zərbə.
...
"Öldün? Ölmə də. Nolar, ölmə də. Uç da. Uç get də. Vallah, heç nə etməyəcəm. Vallah. Öl onda".
Əlini milçəyə qapaz vururmuş kimi endirir. Milçəyin içalatı çıxır.
Ayağa qalxır, kürəyi hələ də qaşınır. Əlini maksimum uzadır, dırnağı ilə qaşıyır, birdən qan axmağa başlayır. Əvvəl adi, sonra irinli, çirkli qan axır. Qan axdıqca ağrısı da artır. Yer, divan, divarlar, televizor - hər yerə çirkli qan damcıları düşür. Kürəyini tutub yerə uzanır. Bayaq milçəyi öldürdüyü yerə yaxınlaşır. Heç nə görmür. Bir az aralıda qarpız tumu, lap uzaqda günəbaxan dənəsinin qabığı var. Amma heç yerdə milçəyin ölüsü yoxdur.
1 Nə gözəl şeydir günəşli bir gün
Fırtınadan sonraki təmiz hava
Təmiz hava günü bayrama çevirir
Nə gözəl şeydir günəşli bir gün
2 Amma başqa bir günəş daha vardır, mənim günəşimdir, o da sənin üzündür və qarşımdadır.
3 günəşim
4 mənim günəşim
5 qarşımdadır
6 qarşımdadır
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!