Əvvəl bir yağış yır-yığışından - Vaqif Nəsib Sarıhüseynoğlu

 

Unudulmaz Vaqif Səmədoğlunun ən quraqlı günlərimdə belə qulaqlarımda səslənən bir şeiri var. Bəndləri "görürsənmi", "eşidirsənmi" kəlmələri ilə başlayan, hətta şeir yazağzı torpaq çiçək doğanda da, yayda bürkü yaşıllıq boğanda da, payızlara piyada, taksidən düşəndə də, qışlarda cahan və insan soyuqluğundan bürüşəndə də gözü, qulağı məzarsız sözünə və qəbirdəki özünə doğru şəkləndirir, tuşlandırır:

Görürsənmi, amma necə görəsən

Qurtarmayıb hələ də

Aramızdan keçən qatarın vaqonları...

Eşidirsənmi, amma necə eşidəsən

İki il, yeddi ayın ayrılığıyla

Tutulub qulaqlarımız, -

bir yandan da bu yağış...

Əsl şimşək, ildırım yaylım atəşli yağışlı zamanlardasa birgə günlərimizin xatirələrində islanıram. Heç özümü güneyinə sərib qurutmaq da istəmirəm. İndi onu müdriklik simasında görür, səsini ildırım gurultusuvari eşidirəm:

- Nə oldu, a sarı, bəs mənə söz vermişdin.

Yeniyetmə yaşlarında dünyanın ən ağır qantelini qaldırmış (ata ölümünü telefonla eşitmişdi) Vaqiflə o zamanlar Rəsul Rza qayğısına bürünüb Azərbaycan Sovet Ensiklopediyasında bərabər çalışırdıq. İşin ortasında özümüzü sahildəki dəmxanələrin birinə verirdik. Hər bəndəyə ürəyi və ağzı nadir açılan Vaqif adaşıyla işinmişdi. O, hərdən dünya və ata qəmxanəsindən yüngülləşmək üçün bəzi xatirələrini söyləyirdi. Həmin xatirələrin hamısını əvvəldə dost zəmanətinə bənzəyən sözlərlə başlayırdı:

- İkimiz də Vaqif, ikimiz də qazaxlı, ikimiz də 1939-cu il doğumlu, ikimiz də yarıheca, yarısərbəst adam və şair. Birimiz sarı aşıq, o birimiz qara... günlərin bir günüsə atasıyla bağlı həmin xatirəni danışdı. O günəşli gündə qara bulud kimi dolduğunun səbəbini sonradan öyrəndim...

Şəmşir şəmşiri

Proloq

(və ya iki zirvə görüşü)

Atam Səməd Vurğun həmin il bəlkə də "Azərbaycan" şeirini öz elinin, ulusunun bir köhləninə çevirmək istəmişdi (Dilbaz. Qarabağ atına fərqi yox). Balalarını başına yığıb bir Azərbaycan səfəri başlamışdı. Səfərimiz Yuxarı Salahlıdan Kürün aydınlıq kimi torpaqlarımıza yetişdiyi yerdən başlamışdı. Həmin səfərin bələdçisinə, sinəsini xalqının zirehli qalalarıvarı daş kitabəsinə döndərmiş Səməd Vurğun olmuşdu. Gəncədə Cavad xanın, oğlunun Sisyanovlara qarşı sinə gərdiyindən qəhrəmanlıq dərsi keçdik, İmamzadənin müqəddəsliyinə çəkildik. Şamaxıda təbabət, hikmət, şeiriyyət məktəbinin şagirdinə çevrildik. Şuşada, İsa bulağının muğam "səhnəsində" Xanın səsiylə havalandıq...

Ən nəhayət, güzarımız Dəlidağın ətəyinə düşdü. Hər eldə, obada olduğu kimi, mahalın ağsaqqalı, qarasaqqalı şairinin başına yığışmışdı. Məclisin başlaması işarəsini gözləyirdi.

- Ağdabanlı balası gəlməsə olmaz...

Hamını məəttəl qoymuş adamla maraqlandım. Fürsət tapıb atamdan soruşdum...

- Gözlədiyimiz burdakıların hamısından böyükdümü?

- Nəticəni özün çıxardarsan. Məclis sonrası soruşacağam.

Atama ərki çatanlardan biri zarafata saldı.

- Yəqin, hansı biçənəkdəsə ya ot çalır, ya dağın yağış tutmayan yerindəki talaların birində arılarına baxır, ya da dizinin üstə qələmiylə varaqlara kotan əkir. Onsuz da bərkdən yemək-içməyi də yoxdu.

Bir azdan Ceyran bulağının üst yanından at kişnərtisi eşidildi. Halbuki gözlər bulağa uzanan el yoluna dikilmişdi. Kiminsə kişnərtiyə bənzər səsi ümidləri azdırmağa çalışdı:

- Aşığın bu həndəvərin cığırından atı keçməz. Hansı meşəbəyidisə, kabab iyinə gəlir.

Amma, sən demə, gözlənilən qonağın da atkeçməz yolları varmış. Həm də at oynatması. Əvvəl köhlənini şaha qaldırıb kişnətdi. Sonra atdan sivrilib özü şeir nərəsini çəkdi.

Atamı bu görüş sevinc heykəlinə döndərmişdi. Həmin an Dəlidağ ətəyində onun talaları kimi çiçəkləyən bir Səməd Vurğun vardı. (Həmin ovqatında Vurğunun həmin səfalı dağ güllərinə ehtiyacı vardı. Zamanın canını yüklədiyi yeli - quzu həmin çiçəklər uçura, dumanı, sisi ətirləri qaçıra bilərdi).

Sözün düzü, əvvəl-əvvəl xeyli təəssüf hissi keçirdim. Çünki bu arıq, balacaboy adamın canında, varlığında nələr yatdığından xəbərsiz idim... (atamla bağlı bir xatirənin içinə düşdüm. Arıq, cılız Vəkiloğlunu Firudin bəyin hüzurunda gördüm və səsini eşitdim, nə bilirsən bu arıq, quru canın içində nələr var).

Sən demə, həmin an üz-üzə, göz-gözə dayanan həmin iki adam bir-birinin varlığını görə, duya, oxuya bilirmiş. Və həmin an görüşlərinin şeirini Dəlidağın hanasında onun gülləri, çiçəkləri ilə butalayır, bulaqlarının, yarpaqlarının quşlarının səsiylə bəstələyirmiş.

Gözlər insanların öz aləmlərinə dünyanı yerləşdirməyin alaqapılarıymış. İnsanlar cahanın gözəlliklərini onlarla çəkir, göyqurşağı rənglərə boyayır, həmin rənglərin çalarlarına uyğun səsləndirir. (Sonralar şəkil çəkmək istəyim yarandıqda bunları başa düşdüm. Makinam olmayanda xoşuma gələnləri gözlərimlə çəkdiyimi duydum).

Nəhayət, gözləriylə bir-birinə qovuşanlar, əlləriylə də sarıdı. Yenə də xeyli müddət bax beləcə qaldılar. Sanki həmin an hər ikisi buna da ehtiyacları olduğunu başa düşürdü. Zamanın keşməkeşləri əlli yaşına çatmamış Vurğunun başını Dəlidağın qarlı zirvəsinə çevirmişdi. Canına rişə salmış sızıltıları Dəlidağın buz bulaqlarının, qurğularının, qaymaq çiçəklərinin amanına gətirmişdi. Bütün bu sızıltıları Dəlidağın elçisi yana-yana eşidir, özü də sızıldamağa başlayırdı. O bu gün bir söz nəhəngi qarşısında bir elatın, ozanı kimi yalnız çalıb çağırmamalı idi. Özünü, sözünü, sazını həm də Dəlidağdan ilhamla yanaşı qüdrət almış bir loğmana çevirməli idi.

Atamın şairlər vətəni bizim tərəflər dediyi Qazaxda sazı və ona sarılanları çox görmüşdüm. "Kərəmi" üstə sazla özünü yandıranlar hissələrimi belə alovlandırmışdı. Aşıqları saza sarılanda, Kərəmi üstə onlar Kərəm, qovuşa bilmədikləri Əsli də söz olur.

Amma Dəlidağ ətəyindəki Şəmşir sazı həmin gün məndə başda bir aləm yaratdı.

Şəmşir sazını dizinin üstə qoydu. Bir anlıq sükuta daldı. Sonra yavaş-yavaş onu köynəkdən çıxarmağa başladı.

Bax həmən gün mən, sanki ən qədim, ən doğma bir çalğı alətimizin abidəsinin açılışını gördüm. Həmin heykəli, sanki bərk bir əl açmışdı. Və saz da, məkan da ibtidasına qayıdıb Dədə Qorquddan üzü bəri yolsuluğuna başlamışdı. Qopuzunun açılışını Qorqud ata elədi.

Sazın köynəyində Yunus Əmrələrin, Sarı Aşıqların, Ələsgərlərin əlləri bir sənətin durna qatarlarına çevrildi.

Sonra bir xalqın iki sinədəftəri söz meydanı suladı. Və həmin tarixi leysan saz və söz qədirbilənlərin (bəlkə də, bütün xalqımızın) yaddaşına həkk olundu.

Aşıq Şəmşir (Dəlidağın və dəliləri kəlbəcərlilərin ağzıyla)

Elimin günümün böyük şairi.

Gətirib dağlara səfa xoş gəlib...

Səməd Vurğun (şəfa diləkli bir can avazıyla)

Aşıq Şəmşir, Dəlidağdan keçəndə

Kəklikli, daşlardan xəbər al məni.

...Axır ki, həmin görüş yaddaşımda saz abidəsinin açılışı kimi qaldı. Həmin açılışı onun son nəhənglərindən dədə Şəmşir etdi.

Bir də Koroğlu misilli igidlərimizi "Cəngi" üstə yaddaşıma naxışladı. Xalqımızın düşməni üstə həm misri qılınc, həm də misri saz çəkdiyini anlatdı. Düşməni ilə böyük qeyrəti və mənəviyyatı ilə vuruşduğunu başa saldı.

Qəliverli şalvar geymiş həmin çəkməli adam həmin gün gözümdə Dəlidağa çevrildi.

Sazı da Şəmşir şəmşirinə.

Şəmşir şəmşirinə

Epiloq

(və ya Vurğunun, Şəmşirin dağadönüşü)

Əvvəl erkən gəlmiş qonaqların əli, ayağı çəkildi. Sonra Şəmşir atını yedəyinə aldı.

Bu ayrılıq iki sənətkarın üz-gözünü dumanlandırıb sisləndirmişdi. Bu dəfə Dəlidağın ətəklərinin çəni onların varlığından süzülürdü.

Vurğun sözləriylə vidalaşdığı aşığın, söz vurğununun yollarından çəni-dumanı kürümək istədi:

- Yolçu gəldiyi atla, gəldiyi kimi də yalmanında geri dönər, ay dədə, dədə...

- Aşıq atın yox, sazın yalmanından düşməsin, ay dədələr dədəsi...

Duman soyumuş məclis yerini basmamış atamı görə bilmədim. Uşaqlıqdan onu izləmək, kənardan seyr edib bənzəmək, istəmək vərdişim vardı. Atamı tapa bildim.      Həm də son günlərinin ən təsirli mənzərəsiylə. Dəlidağ ətəyindəki nəhəng bir palıda söykənib xəyala dalmışdı.

Həmin an yeniyetmə ağlıma başqa şey gətirdim. Şair atamın yeni bir şeirinin misra məcrasına düşdüyünü fikirləşdim.

Sonralar...

Lap sonralar...

Özüm ata yolunun misra məcasına düşən zaman anlaşılmazlıqlarımın dumanı, sisi çəkildi.

Atamın bizimlə son səyahətinin mənasını necə var elə anlaya bildim: Şəhərdə böyümüş balalarına özünün son, - Azərbaycan sevgisi dərsini keçmək istəyirmiş.

Özünün geriyə yolu olmayan xəstəliyə tutulduğundan da xəbərdar imiş (bunu ailəsindən başqa, çoxu bilirmiş. Fadayev özünə son gülləni sıxmamış demişdi; mən necə öləcəyimi bilirəm. Amma böyük dostum Səmədi gizli gülləsi içindən vura-vura gedir).

Demə, son ümidiylə yolunu Dəlidağa salıbmış. Onun söz dəlişi Şəmşirə pənah gətiribmiş. Sazın, sözün qüdrətiylə canında can tapmağa Dəlidağ boyda ümidi varmış (hələ beş yaşında ikən atam ölümün pəncəsinə düşübmüş. İki iri gözlü, bir dəri, bir sümük uşaqdan Gəncəbasar, Tiflis həkimləri də əl üzüb Allaha tapşırıbmışlar. Balasından əl üzüb, hüznünü sazın ağzını veribmiş atası Yusif ağa, o çaldıqca uşaq dirçəlməyə başlamışdı. Beş yaşındakı Yuxarı Salahlının Səməd adlı bir tifili ikinci dəfə havacatlardan doğulub söz və saz balasına çevrilmişdi).

Əlli yaşında özünü Şəmşir şəmşirinə gec çatdırmışdı. Gec...

Demə, həmin an palıda söykəndi atam, misralarına söykənmək istəmirmiş.

Azərbaycanın ən hündür yerindən, Dəlidağın yaşından canı qədər sevdiyi Azərbaycan ilə vidalaşırmış...

P.S. (Pərsəng söz) Adaşım o zaman gözləmədiyim bir istəyini bildirmişdi.

- Sən əməlli-başlı nasirə çevrilmisən. Gələcəkdə döşünə yatsa bunu qələminin ağzına verərsən (o zamanlar "Uzundərə" və "Ceyrançöllü qoç Kərəmli" adlı iki nəsr əsərim işıq üzü görmüşdü. Əvvəl istədiklərinin şəkillərini gözləri ilə çəkən Vaqifin də bir istəyi (xobbisi) doğulmuşdu. Gözdən foto makinasına keçmişdi. Həmin nəsr kitablarımdakı fotoların müəllifi qara aşıq dostum Vaqif Səməd oğludu. Həmin şəkillərə görə qarşısında borclu kimiyəm. Boynumda "Şəmşir şəmşiri" borcum var.

Qəribədir, bunları xatirəvari qələmə almaq istərdim. Sonralar ortası boş şanıya bənzəyən bir romanın önlüyü və sonluğuna bənzətdim. Həmin şanıları ballandırmaq istəyirəm.

Dədə Şəmşiri sağlığında bir dəfə görmüşəm.

İlk kitabının şirinliyini Kəlbəcər balı şəklində dadmışam da. (Həmin unudulmaz xatirəm Cəmilə Çiçəyin ustad haqqındakı xatirələr kitabında çap olunub).

Şəmşir yadigarlarından dadıma çatanlar olsa, onun aləminə (həm Kəlbəcərinə, həm kəlbəcərli iç dünyasına) bələdçimə çevrilsələr boq şanıları ballandırmağa çalışacağam.

Romanım (bu görkəmli adamların həyatı silsiləsindən olacaq) ərsəyə çatanda üzümü Vaqif Səmədoğluya tutacağam.

Görürsənmi: Səməd Vurğun, Dədə Şəmşir Dəlidağın söz və saz zirvəsinə dönüb.

Eşidirsənmi: ondan kəsilmədən, kəsilmədən, kəsilmədən saz və söz səsi gəlir...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!