Tənha qadın üçün serenada - Əyyub QİYAS

Anam Çimnaz xanımın əziz xatirəsinə

(romandan parça)

Xəzərdən pəncərəyə çırpılan qəfil külək Gülçinin narahat ruhunu titrətdi. Payızın ilk həftəsi yay havası ilə yadda qalsa da, oktyabr başlayan kimi şəhərə hücum çəkən buludlar, dənizdən qalxan külək payızın öz taxtında oturduğundan xəbər verirdi.

Qalxıb yatağında oturan Gülçin bir qədər aralıdakı pərdələrdən süzülərək, içəri dolan gecə işıqlarının müşayiəti altında şütüyən avtomobillərin divarlarda oynayan siluetlərinə baxdı. Daha Bakının da gecə ilə gündüz sərhədi itmişdi. Bunu daha çox Bakı bulvarı boyunca uzanan küçələrdə, köhnə Bakının sahil ərazisində hiss etmək olurdu. Dünyanın bir çox böyük şəhərlərində elə idi - gecə-gündüz harasa tələsən insanlar, səhərə qədər işləyən kafe və restoranların qapıları arxasında boğulan hay-küy, geniş küçələrlə şütüyən saysız-hesabsız avtomobillər...

Divarda oynayan işıq bir anlıq onun gözlərini kəsib keçdi. Yatağının yanında olan yüngül ev başmaqlarını geyinib ayağa qalxan Gülçin asta addımlarla pəncərəyə yaxınlaşdı. Pərdələri geniş aralayıb bayıra boylandı. Özündən asılı olmayaraq, barmaqlarını saçına çəkdi, sanki kimsə pəncərədən ona baxırdı, bir anlıq geri çəkildi, şüşənin bulanıq aynasında öz əksinə baxdı, gecə köynəyinin yaxasını, tellərini səliqəyə salıb, yenidən qaranlıqda itən dənizə tərəf baxdı. Dənizin dərinliklərində mürgüləyən buruqların işıqları arabir göz vurur, Nargin adasından şəhərə doğru dartınan saysız-hesabsız işıq ulduz topası kimi alışıb yanırdı.

Pəncərənin o tayında payız idi; yuxulu, sərin, xatirələri oyadan payız. Təxminən ay yarım əvvəl səhərin bu saatlarında, elə bu pəncərədən bayıra baxanda dənizin üfüqlə birləşən yeri al qırımızı rəngə boyanardı, sonra da günəş asta-asta suları narıncı barmaqları ilə qıdıqlayar, ləpələrin mürgüsünə haram qatar, Bakının növbəti səhərlərindən birinin açılması üçün üsyan edərdi.

Gülçin üçün dünya - Bakıdan ibarət idi. Bakı onun xatirələrinin, keçmişinin, bu gününün şəhəri idi. Dünyanın Gülçinə dəxli yox idi. Dünyanın Gülçindən xəbəri yox idi. Ömrünün altmış ilindən otuz beş ilini təkliklə, tənhalıqla dost olan Gülçin payızın erkən saatlarında kimsəsiz, mürgülü evinin pəncərəsinin soyuq şüşələrinin bu biri tayından dayanıb dünyaya yox, eləcə Bakıya baxmaq istəyirdi. Bəlkə də dünyaya, onun böyüklüyünə nifrət etdiyi üçün bütün aləmi bircə Bakıya, Bakının sadəcə bu pəncərəsindən görünən çərçivəsinə sığışdırmışdı və dünya onun üçün elə bu görüntüdən ibarət idi.

Pəncərəni taybatay açıb payız küləyini otağına doldurdu. Alaqaranlıq otaqda yellənən pərdələr, tumbanın üstündəki güldanda olan qızılgüllər otağa dolan küləkdən diksindi. Haradasa lap uzaqda, dənizin dərinliklərində şimşək çaxdı. Qaranlığın içindən sıyrılan işıq dənizin üstündə anidən görünüb itdi. Yox, əslinə qalsa itmədi, o işıq Gülçinin içinə doldu, o işıq Gülçini özünə tərəf çəkdi. Sonra yağış başladı, iri damlalı, soyuq yağış. Gülçin üşüsə də, başını pəncərədən çıxarıb üzünü yağışda islatdı, gülümsündü. Sonra nə fikirləşdisə pəncərəni örtmədən geri çəkildi, çevrilib yatağına yaxınlaşdı. Taxtın arxalığına atdığı xələti geyinib hamamxanaya getdi, əl-üzünü yudu, qurulanandan sonra paltar dolabını açib asılqanlardakı paltarlara baxdı.

Yaşı altmışı keçsə də, həmişə özünə fikir verər, paltarlarına, səliqəsinə diqqət yetirərdi. Yenə ən çox bəyəndiyi mavi rəngli donu götürüb geyindi, sonra güzgünün önünə çəkilib kiminləsə görüşə çıxmağa hazırlaşırmış kimi, üz-gözünə sığal çəkdi, dodaqlarını boyadı, güzgünün qarşısındakı bahalı ətirlərə baxıb birini götürdü, ətir şüşəsini sinəsinə yaxınlaşdırdı, kimisə oxşayırmış kimi şüşəni oxşadı, sonra da ətirdən mavi rəngli donunun yaxasına, boynuna fısıldadıb  şüşəni yerinə qoydu.  Qalın şərflərdən birini götürüb çiyninə atdı, sonra qapıya doğru getdi. Bir qədər rahat, yüngül ayaqqablarından birini geyinib dikəldi. Ruhunda qəribə bir yüngüllük duydu. Özünü aylardan bəri ürəyini incidən ağrılardan, ruhunda olan nizamsızlıqlardan, sarsıntılardan qurtulmuş adam kimi rahat hiss edirdi. Yaşına yaraşmayan bir çılğınlıqla qəhqəhə çəkib güldü. Kürəyini evinin darıxan divarına söykəyib güldü. O qədər ürəkdən güldü ki, gözləri yaşardı. Çevrilib evinə baxdı. Bütün işıqlar yanırdı. Dayandığı yerdən baxanda açıq saxladığı pəncərənin görünən tərəfinin pərdələrinin necə oynadığını, necə yelləndiyini gördü. Ona elə gəldi ki, evinin pərdələri onu yola salmaq üçün əl edir.

Deyəsən, yağış kəsmişdi.

İşıqları keçirmədən, pəncərəni bağlamadan evi tərk etdi. Beşmərtəbəli binanın üçüncü mərtəbəsindəki ikiotaqlı, geniş mənzilindən çıxıb  pillələrlə aşağı endi. Binanın tinini burulan kimi parka çıxdı. Parkın boş skamyalarının, suyu axmayan fəvvarəsinin yanından ötüb sahil yolunu kəsən keçidə enərək qarşı tərəfə çıxdı. O, keçidi çıxanda növbə çəkən polis patrul maşınlarından biri prospektlə ötüb getdi. Keçidin o tərəfi Bakı bulvarı idi. Qoynunda neçə-neçə xatirəni yaşadan, neçə-neçə sevgiyə, ayrılığa şahid olan Bakı bulvarı.

Asta addımlarla dənizə tərəf getdi. Bulvar oyaq idi. Ara-sıra ötüb keçən maşınların səsi, bulvardakı obyektlərin qarovulçularının mürgülü zarafatları, işıq içində üzən bulvarın vaxtı qarışıq salan qağayılarının qığıltısı və dənizin sirli-sehrli, nizamlı səsi...

Dəniz uğuldayırdı. Bəlkə də ufuldayırdı, sızıldayırdı, kim bilir? Amma Gülçin onun sızıltısını eşidirdi. Ayaq saxladı. Sahil boyu çəkilən nikel məhəccərdən yapışıb sulara baxdı. Külək bir az da güclənmişdi. Dalğalar sahildəki daşlara çırpılır, küləyin qovduğu narın damlalar onun üzünə çilənirdi.

O, xoşbəxt idi. Özünü olmazın dərəcədə azad, olmazın dərəcədə sərbəst hiss edirdi. Məhəccərləri ötüb sahildəki daş döşənmiş  meydançaya çatdı. İndi dənizə daha da yaxın idi, sular üzünə daha çox çırpılırdı.

Moskva, Domodedovo aeroportu

1980, 31 avqust, saat 08-15

Moskvada keçirilən XXIII yay olimpiadasının havası hələ ki, sovet adamlarının başından çıxmamışdı. Olimpiadanın rəsmi bağlanışından iyirimi günə yaxın vaxt ötsə də, olimpiadaya düşə bilməyənlərin əksəriyyəti rəsmi bağlanışdan sonra olsa belə, olimpiada Moskvasını görmək, gələn turistlərin hələ ki, paytaxtda qalan nümayəndələri ilə qarşılaşmaq, bir sözlə, olimpiada havası udmaq arzusu ilə Moskvaya üz tutmuşdular. Paytaxta axışanların əksəriyyəti də gənclər idi. Beyinləri gəncliyin xoş arzularından dumanlı, ürəkləri macəralar dalınca qoşan gənclər vaxt azlığından şikayətlənərək, geri dönmək məcburiyyətində idilər. Çünki bütün ölkədə sabah - yəni sentyabr ayının 1-də yeni dərs ili başlayırdı və Moskvaya axışıb gələn gənclərin böyük əksəriyyəti tələbələr idi.

Domodedovo aeroportunda böyük bir sıxlıq yaşanırdı. Olimpiadadan sonrakı günlər də sərnişinlərin çoxluğunu nəzərə alan rəsmilər əlavə reyslər artırmış, sərnişin sıxlığını aradan qaldırmaq üçün müxtəlif üsullar fikirləşmişdilər. Demək olar ki, hava və quru nəqliyyatı iki aydan çox idi ki, gücləndirilmiş rejimlə işləyirdi.

Bakıdakı neft institutunun prorektoru, elmlər doktoru, professor Hacıağa İbrahimbəyli yeganə qızı Gülçinin sözünü yerə sala bilməmiş, bütün olimpiada dövrünü onunla bir yerdə Moskvada, "Salyut" mehmanxanasında keçirmişdi. Olimpiada başa çatandan iki gün sonra isə Gülçinlə birlikdə Riqaya getmiş, Baltikyanı Riqanın əvəzsiz gözəlliyini qızına göstərmiş və Baltik dənizinin sahilində yerləşən kurortlardan birində dincəlmişdi. Olimpiadaya görə kurorta dörd gün gec gəlməyinə baxmayaraq, qocaman professor yaxşı dincəlmişdi. Riqadan sonra isə bəzi işgüzar görüşlər üçün yenidən Moskvaya qayıdan professor avqustun son günündə Bakıya qayıtmaq üçün qızı ilə birlikdə aeroporta gəlmişdi. 

Aeroportun restoranında 25 yaşlı qızı Gülçinlə səhər süfrəsi arxasında oturan adlı-sanlı alim, neft mütəxəssisi Hacıağa İbrahimbəyli yeməyini bitirib qəhvə içirdi. Qızı Gülçin isə hələ də balaca bir biskvitli şirniyyatı yeyib qurtarmamışdı. Əslinə qalanda Gülçinin tələsməyinə ehtiyac da yox idi. Bir qədər əvvəl aeroportun məlumat bürosundan Moskva-Bakı reysi ilə uçacaq təyyarənin saat 11-55-də qalxacağı elan olunmuşdu. Odur ki, hələ qeydiyyata bir xeyli vaxt qalırdı.

Əlindəki qəhvə fincanını dodaqlarından uzaqlaşdırıb gözlərini restoranın qapısına doğru dikən professorun nəzərləri restorana girən  iki gitaralı gəncə sataşdı. Əyinlərindəki paltarlardan, başlarındakı sambrerodan o andaca onların hansısa Latın Amerikası ölkələrinin birindən olduqlarını yəqin etmək olurdu. Gənclər gitaralarını arxasında oturacaqları masaya söykəyib əyləşdilər. Az sonra sarışın süfrəçi qız onlara yaxınlaşaraq, sifarişləri ilə maraqlandı.

Atasının baxışlarının hara isə maraqla dikildiyini görən Gülçin çevrilib o səmtə baxdı. Əcnəbi gənclərin sarışın süfrəçi ilə şirin-şirin söhbət etdiklərini görəndə, gülümsünüb atasını xəyaldan ayırdı:

- Nə yaman diqqətlə baxırsan, deyəsən darıxmısan axı oralar üçün, -  dedi.

Professor özündən asılı olmayaraq, dərindən köks ötürüb əlindəki fincanı masaya qoydu.  Sonra qızından daha çox dostu olan Gülçinə baxıb gülümsündü:

- Bilirsən ki, oralar mənim ikinci vətənimdir, Gülüm. Məni oralara bağlayan o qədər xatirələr var ki... Karakas, Syüdad-Bolivar, Quakara ... Hələ bir oraların vəhşi təbiəti, yamyaşıl dağları, sayını itirdiyim şəlalələr... Eh, Gülya, oralar doğrudan da cənnət idi. Hələ adamları... adamları məni çox istəyirdi. O qədər dostlarım qaldı ki, oralarda...

Əslən bakılı olan Hacıağa İbrahimbəyli dünyaca məşhur neftçi alim və hörmətli şəxsiyyət idi. Onun yetişdirdiyi neft mütəxəssisləri dünyanın bir çox yerlərindən Bakıya gələn tələbələrin arasından çıxan, öz ölkələrində uğurlu işlərə imza atan insanlar idi. Professor Hacıağa İbrahimbəyli elə bir bayram, ad günü olmurdu ki, dünyanın müxtəlif yerlərindən təbrik teleqramları, hədiyyə sovqatları almasın. Professor ömrünün altı ilini Latın Amerikasında, Venesuelada keçirmiş, Şelf-Bolivar adlanan neft sənayesi sahəsində aparıcı mütəxəssis kimi çalışmış, bir çox neftçilərin yetişməyində birbaşa iştirak etmişdi. Onun adı hələ də Şelf-Bolivarda ehtiramla xatırlanırdı. Məhz onun kəşfiyyata rəhbərlik etdiyi illərdə Venesuela neft hasilatını artırmış, yeni quyuların ekspedisiyaları uğurla başa çatmışdı.

Venesuela, Marakaybo neft hövzəsi. Sent-Bolivar neftçi şəhərciyi,

1951, 14 dekabr, saat 14-32

Bu yerlərdə qışla yayın fərqi bilinməzdi.

Keçmiş Bakı milyonçularından Mərdan bəy İbrahimbəylinin kiçik oğlu Hacıağa hökumətin qərarı ilə beş illik müqavilə əsasında Venesuelanın neft sənayesinə kömək etmək üçün göndərilmişdi. 31 yaşı oktyabrda tamam olan Hacıağa təklifi eşidəndə, əvvəlcə bu iş göndərişindən narazı olsa da, yaxınlarının və ən əsası da müəllimi, akademik Məmmədəli Yusifzadənin təkidi ilə bu səfərə razılıq vermiş, müqaviləni imzalamışdı. Elə ad gününü də burada, Şelf-Bolivarda, neft şəhərciyindəki kiçik qəlyanaltılardan birində -  "Rose"də qeyd etmişdi. Özü də venesuelalı dostları ilə, həm də ad günündən düz on səkkiz gün sonra...

"Rose" qəlyanaltısı səkkiz masalıq kiçik, pəncərələri birbaşa dənizə baxan, az işıqlandırılmış yer idi. Venesuelalı dostları Hacıağa üçün pəncərə qarşısındakı masalardan birini sifariş vermişdilər. Plana görə axşam saat yeddinin yarısında ad günü şənliyi keçirəcəklərinə qərar versələr də, dənizdə yubanan Hacıağa və tədbirdə iştirak edəcək başqa bir yoldaşı sahilə gətirəcək qayıq saat yarımlıq gecikmə ilə qayıdırdı. Sahildə onları səbirsizkilə gözləyən Benito Amrozio ilə Demetrio Qustavo hələ uzaqdan körpüyə yan alan qayığı görüb əllərindəki şampan şüşələri ilə tələsik qayığa doğru getdilər. Demetrio qayığın lövbər atdığını görən kimi əlindəki şampan şüşəsini körpüyə qoyub çiynindən asdığı gitaranı götürərək, vaxt itirmədən çılğın bir ispan havası çalmağa,  dostluq haqqında mahnı oxumağa başladı.

Qayıqdan körpüyə ilk atılan Hacıağanın ekspedisiyasındakı növbə rəisi Valerio Batista oldu. Venesuelalı dostlar Valerionun  qayıqdan tək düşdüyünü görəndə, heyrətləndilər, amma Demetrio gitaraya ara vermədi, Benito isə əlindəki şampan şüşəsini çalxalamağa başladı. Onları görən Valerio əl işarəsi ilə dostları susdurub, yaxınlaşmaqlarını istədi. Qəfil narahatlıqdan özlərini itirən dostlar gitaranı və şampan şüşəsini körpüyə qoyub tələsik Valerionun  yanına cumdular.

- Bəs Xuares - venesuelalı dostları Hacıağaya bu adı qoymudşular - hanı? - deyən Benito səbirsizliklə xəbər aldı. Maraq və heyrətlə dolu baxışlarını onlardan çəkməyən Demetrio da başı ilə Benitonun sualını təkrarladı. Valerio pərt halda başını buladı:

- Günah məndə oldu, Xuares mənə dedi ki, o təzyiqdə ventilə toxunmaq olmaz, mən isə onun sözünə qulaq asmadım. Venteli açan kimi qaz təzyiqlə onun üzünə çırpıldı, o da özünü saxlaya bilməyib qüllədən aşdı, yaxşı ki, kombeniozonu qülləyə ilişib qaldı, yoxsa Xuaresi itirəcəkdik. O hündürlükdən dirəklərə dəyə-dəyə dənizə düşən adam sağ qalmazdı. Lap qalsaydı da, ömürlük şikəst olardı.

- Yaxşı, onu başa düşdük, bəs Xuares haradadır? Necədir? - Demetrio sualı sual ardınca yağdırdı.

Gözləri peşmançılıq hissi ilə dolan Valerio az qala ağlayacaqdı. Birtəhər özünü ələ alıb bircə:

- Qolu qırılıb, bir az da kürəyi əzilib, - deyə bildi. Sonra da: - Vertolyotla gəlib apardılar. Bəs sizə xəbər verməyiblər? - Heyrətlə soruşdu.

Təəccüblə bir-birinə baxan dostlar çiyinlərini çəkdilər.

- Yaxşı, bəs hansı xəstəxanaya apardılar?  - Bu dəfə də Benito soruşdu.

- Bilmirəm, gedib öyrənək də.

Dostlar ani qərar qəbul edən kimi çevrilib iti addımlarla körpü ilə qərargaha doğru addımladılar. Demetrio əyilib gitarasını götürsə də, şampan şüşələri körpünün üstündə qaldı. Elə bir qədər getmişdilər ki, bir qədər əvvəl Benotonun çalxaladığı şampan şüşəsi partladı və köpüklü şampan şərabı daşaraq dağılmağa başladı. Buna əhəmiyyət verməyən dostlar addımlarını daha da yeyinlədib qərargaha doğru yüyürdülər. Neftçiləri gətirən qayıqdan düşən cavan neftçilərdən biri isə köpüklənərək dağılan şampan şüşəsini görəndə nəfsini saxlaya bilmədi, əyilib yarısı köpüb dağılan şüşəni götürüb başına çəkdi və uca səslə:

-Tanrı yetirir! - deyib, yanındakı dostlarına acıq verdi.

Sonra isə arxada qalan gülüş səsləri sahil boyu yayıldı.

Valerio Batistanın iyirmi yeddi yaşı vardı. O Bolivar ştatının paytaxtında - Südad-Bolivar şəhərində, kasıb fabrik fəhləsinin evində anadan olmuşdu. Valerionun özündən böyük iki bacısı, özündən altı yaş balaca bir qardaşı vardı. Bacılarından böyüyü - Ameliya Valerionun 16 yaşı olanda sətəlcəmdən ölmüşdü. O biri bacısı Syuzan isə ərdə idi. Qardaşı Karlito iki il idi ki, həbsxanadaydı. Siyasi hərəkata qoşulduğu, gənclərin siyasi iğtişaşlarında iştirak etdiyi üçün həbs olunmuşdu. Valerio qardaşı haqqında həmişə ehtiyatla danışardı. Ailəsini dolandırmaq üçün bir parça çörəyi vardı. Hətta bacardığı qədər bacısının da ailəsinə yardım edirdi. Əgər qardaşının siyasi baxışlarına görə onu işdən çıxarsaydılar, bir çətən külfətlə səfil gününə düşəcəkdi. 

Valerio altı illik təhsildən sonra ailəsini dolandırmaq üçün məktəbi atmış, iş axtarmaq üçün paytaxt Karakasa getsə də, iki həftədən sonra, həmyerlisi və ana qohumu İqnasio Tomaso ilə geri qayıtmış, iki gün sonra doğulduğu şəhərə yaxın neft mədənində fəhlə kimi işə başlamışdı. O vaxt onun cəmi on beş yaşı vardı. Ötən illər ərzində özünü işgüzar işçi kimi göstərən Valerio indi yeni ekspedisiyada növbə rəisi idi.

Tanımadığı uzaq ölkədən gəlib onun işlədiyi sahəyə rəhbərlik edən Hacıağa bura gəldiyi ilk gündən Valerio ilə mehriban münasibət qurmuşdu. Xasiyyətcə özünə qapalı olan Hacıağa onun üçün ayrılan otaqda çox vaxt təkliyə çəkilər, Bakını, orada qalan qohumlarını, sevdiyi, lakin sevgisini ürəyində gizli saxladığı qızı xatırlayır, ən çox da atasının məzarını yada salıb darıxırdı...

Atası öləndə onun on bir yaşı var idi. Yaxşı xatırlayırdı, günəşli gün idi. Rəhmətlik Mərdan bəyi Buzovnadakı bağda, meynə talvarının altındakı taxt üstə uzatmışdılar. Yaşı yetmiş beş olsa da, kişi yaşından çox qoca görünürdü. Saçı-saqqalı tamam ağappaq idi. Azərbaycanda Sovet hökuməti qurulmazdan əvvəl Mərdan bəyin Balaxanıda neft quyuları, Bakının mərkəzində məktəbi, xəstəxanası, bankı da vardı. Bakı milyonçuları arasında böyük hörmət və nüfuz sahibi olan Mərdan bəy özü savadsız olsa da, elmə, təhsilə həmişə böyük dəyər verirdi. Onun vəsaiti ilə Peterburqda, Romada, Parisdə ali təhsil alan neçə-neçə gənc yetişmişdi. Amma sovet hökuməti "gəldi" və dostları kimi Mərdan bəyə də düşmən damğası yapışdırıb hər şeyini əlindən aldı. Bircə Buzovnadakı bağla, şəhərdəki üçotaqlı evdən başqa. Kişi həmişə zarafata salıb deyirdi ki, "Yenə də Allah şura hökumətindən razı olsun, yaxşı ki, bağı da, şəhərdəki evi də əlimizdən almadı." Ancaq kişini elə o şura hökumətinin saymamazlığı, qudurğanlığı, Allahsızlığı saldı yatağa. Pulunu verib oxutdurduğu adamlar şura hökuməti qurulandan sonra vəzifə sahibi oldular, amma oturduqları süfrəyə təpik atdılar, çörək verənlərinin çörəyini aldılar və beləcə, hər gün minlərlə haqsızlıq, minlərlə günah sahibi oldular.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!