OCAQ - Yeganə KƏRİMZADƏ - hekayə

 

Dünyaya gələn yeni insanın beyni ağ vərəq kimidir.

O vərəqə, yeni insanı dünyaya gətirən ailə və cəmiyyət qələmi ilə

nə yazacaqsa onu da oxuyacaq.

Bir də gizlində qalan qan yaddaşının oyanması var. İnsan psixologiyasının gizlinləri çox olur, o - insan, bəzən bu günü ilə deyil,

nə zamansa bu gününə yazılan hansısa gizlinin - kodun ardıycan

gedir. Bu yolda yaxşı və ya pis "Adam" yoxdu, dərk edəni, etməyəni, bir də əli baltalı öz hökmünü özü verən qatil "hakim"ləri var...

Yeganə KƏRİMZADƏ

- Elə bu?!

Talıblı iki yüzlüyü əlində oynada-oynada az qala onun gözünə soxmağa hazır olan boy-buxunlu, iri döşləri qırmızı rəngli sinəsi bağlı köynəyinin altında çalxalanan, üzündə  əbədi narazılıq ifadəsi olan qıza: - Azdı? - dedi.

Qız onu tərs-tərs süzüb, pulu əsəbdən əsən əli ilə döşünün içinə soxub: - Adına, şöhrətinə, yanında keçirtdiyim əzablı gecəyə görə azdı, hə!..

Talıblının səsi əsdi: - Əzablı?.. İçkidən sonra heç nə yadımda qalmayıb, heç nə...

Qız şaqqanaq çəkib güldü, balaca çantasını yatağın üstündən götürüb, qoltuğuna  vurdu və hələ də əsəbi gülüşünü saxlaya bilmədən: - Yoxsa sən özünü plevboy hesab edirsən?..

Talıblı qıza nə deyəcəyini bilməyib, sakitcə başı ilə - yox, deməyə çalışdı.

Qız isə sakitləşmək bilmirdi: - Səndən pleyboy olar, sən heç düz-əməlli yazıçı da deyilsən, nə ağılla o boyda adları veriblər sənə, hə?!.

Talıblının səsi titrədi: - Sən mənim əsərlərimi oxumusan?..

Qız bu dəfə Əzrail kimi onun sinəsinə çöküb qulağına pıçıldadı: - Sənin o zibil dilogiyanı sona kimi oxumağa hövsələm çatmadığından, fikrimi açıq dediyimə görə universitetdən qovuldum...

Qız bir anlıq susub, geri çəkilib, onun qarşısında dik durdu. İndi onun siması tamamilə dəyişmiş, gözləri dolmuşdu: - Sən mənə mənim həyatımı borclusan...

Əli ilə gözlərini silib, yenidən üzünə əbədi süni maskasını taxıb gülümsədi: - Amma indi xoşbəxtəm, səni belə gördüm və sözümü deyə bildim...

Talıblı oturduğu yerdən durmağa cürət etmədən pıçıldadı: - Necə gördün?

- Elə beləcə, yazıçılığı da kişiliyi kimi sıfra bərabər.

Otağın içində gəzişdi. Əlini döşünə salıb, iki yüz manatı çıxartdı,  açıq qalan yatağın üstə atdı: - Mən gedirəm, sən məni xoşbəxt edə bilmədin, Talıblı...

Talıblı mızıldandı: - Azdı, yenə verim, getmə...

Qız otaqdan çıxanda dönüb ona baxdı. Bu an onun gözlərində sonsuz kədər vardı: - Sənin puluna qalmamışam. Yaxşı hərəkət etmək istəyirsənsə, o adlarından imtina et, heç kimə xeyir verməyən kitablarını parçala at, yazırsansa həyatdan yaz.  İstəyirsən elə məndən yaz!..

Talıblı yenə mızıldadı: - Getmə...

Qız ona ötəri baxıb gözlərini süzdürdü, çıxanda eşitdiyi səs yenə onu saxladı.

Talıblı, sanki ağlayırdı: - Adını demədin.

Qızın üz ifadəsi ilə birgə səsi də dəyişdi. O, sırf kobud səslə: - Qalib! - deyib, evdən çıxdı.

Talıblı onun dediklərini sakitcə pıçıltı ilə təkrarladı: - Qalib... Qalib... Qalib...

Birdən gözləri bərəldi, dili söz tutmadı, ətrafına baxdı, heç kim yox idi. Özü də bilirdi burda, bu bağ evində özündən başqa heç kim yoxdu. Yataqdan tez durub, şalvarının belini bağlaya-bağlaya pəncərəyə yaxınlaşdı. Qalib, əgər həqiqətən də adı Qalib isə o, darvazaya sarı gedirdi. Talıblı pəncərəni açıb onu çağırdı: - Eyyy...

Talıblının fikrincə, özünü qalib sayan qız, mütləq dönüb ona baxıb, üzü əvəzinə yerə tüpürüb getməliydi, lakin qız geri dönüb, - mənimləsən? - dedi.

- Hə, dayan.

Talıblı özünə xas olmayan cəldliklə aşağı mərtəbəyə düşüb qapıya sarı getdi. Qapını açanda qızla göz-gözə gəldi.

- İçəri keç.

"Qalib qız" şit-şit irişdi: - Keçərəm, onsuz da burdan şəhərə getməyə yolpulum belə yoxdu, amma əgər həvəsə gəlmisənsə, sirrimi bildiyin üçün qiymət ikiyə qalxır.

- Keç içəri.

Qız içəri girib qapını örtdü. Talıblı arxayınlıqla mətbəxə yeridi. Qız da onun arxasıycan səssizcə keçib mətbəxdəki divanda oturdu, Talıblını yuxusuz gözləri ilə izləməkdəykən.

Talıblı çaydanı cərəyana taxıb rəfdən iki fincan götürdü. Suyun altında yaxalayandan sonra hər fincana bir qaşıq qəhvə qoyub, suyun qaynamasını gözləməyə başladı. O, geri dönüb qıza nə deyəcəyini belə bilmirdi, onu niyə geri çağırdığını da. Doğrudanmı yarısərxoş vəziyyətdə qadın bilib, elə ev qapısının ağzındaca maşınına mindirdiyi bir gecəlik fahişə bildiyi bu adam, əslində, kişi imiş?!.

Bu ola bilməz... Yox! İndi ona nə desin, nə soruşsun, bəlkə, üzr istəyib, çoxlu pul verib yola salsın onu. Əslində, Talıblıya qadın lazım deyildi, o, tənhalıqdan, tək qalmaqdan qaçıb, bu bataqlığın içinə düşmüşdü. Arvadı həmişəki kimi evdə boşboğaz rəfiqələrinə qonaqlıq verirdi, o da onlarla bir az içib, bağda işləmək istədiyini deyib, evdən çıxmışdı. Hamıya belə rahat idi. Arvadı onsuz daha rahat rəfiqələrinə gəzdiyi ölkələrin mağazalarındakı parıltılardan danışacaq. Rəfiqələr Talıblı olmadığı üçün daha sərbəst olacaqdılar onun evində. Talıblı isə bağda yeni romanını yazacaq, yeni kitabının çap həyəcanını yaşayacaq və gələcək planlarını quracaqdı ki, buyur. Bu nə idi, İlahi?!

Çaydan axır ki, qaynadı. Talıblı fincanları doldurub geri dönəndə, qonağının divanda dərin yuxuya getdiyini gördü. O buna, bəlkə də, sevindi, çünki bir fincan qəhvəni sona kimi içəcək qədər bu sakitcə yatan adamla söhbət mövzusu yox idi.

Qəhvəni divanın qarşısındakı masanın üstə qoydu, öz fincanından bir qurtum alıb, yatan naməlum adama diqqətlə baxdı. Gecənin alaqaranlığında görmədiklərini görməyə çalışdı. Fincanı masa üstə qoyub sakitcə divanda yatan adama yaxınlaşdı, əlini onun saçlarına toxundurdu. Süni saç əlini daladı. Astaca saçı dartdı, yatan adam yerində narahat olsa da üzünü qaşıyıb yana çevirəndə parik Talıblının əlində qaldı. Ayaq üstə meyidə dönənmək, yəqin ki, buna deyirdilər. Makiyajı silinən üz ona çox tanış gəlirdi. Beləcə nə qədər dayandığını bilmirdi, onu özünə qaytaran səssizə qoyulan telefonun səssiz fəryadı oldu. O səs qadının çantasından gəlirdi. Artıq nə olacağını düşünmədən çantanı divanın baş tərəfindən götürüb açdı. Telefon susmaq bilmirdi. İxtiyarsız cavab düyməsini basdı.

- Seymur, əla materialdı, Talıblı batdı, qaqa, yotubeni izlə!..

Əlləri əsə-əsə telefonu söndürüb çantaya atan Talıblının ilk işi qazı açıb havasını otağa buraxmaq oldu. Nə etdiyini dərk etmədən mətbəx bıçaqlarına əl gəzdirib əlinə yatanı götürdü, yatan adama yaxınlaşıb bir an dayandı, fikirləşmədən bıçağı onun kürəyinə sapladı. Yatan adam ağrıdan qəfil oyanmağı ilə yerindən durmaq istəsə də, Talıblının endirdiyi ikinci zərbə daha ağrılı olduğundan qıvrılıb güclə: - Kişi adammışsan, - dedi.

Talıblı bağırdı: - Sənin əlin mənə toxunub?!

Adam ağrıdan qıvrılsa da güldü, ağzından gələn qan onun gülüşünü boğsa da: - Demiyəcəm, bu əzabla yaşa, yaşaya bilsən...

Talıblı birdən-birə heydən düşüb, əlindəki qanlı bıçağı yerə atıb mətbəxdən çıxdı.

O, iri kitab rəfləri düzülən iş otağının ortasında əli qanlı dayanıb rəflərdəki cilid-cilid kitablara, xarici səfərlərdən gətirdiyi suvenirlərə, evin görkəmli hissəsində sıra ilə düzülən seçilmiş əsərlərinə baxıb dəli cəldliyi ilə onları götürdü, bir-bir yerə atıb tapdaladı, suvenirləri divara çırpırdı. Birdən  dayanıb ani fikrə getdi. Və gözlərinə işıq gəldi, sanki. O, hamama gedib əllərini yuydu, həyətə çıxdı. Maşınını açıb ora baxdı. Sənədləri maşındaydı. Tez evə qayıtdı, qaz iyi qapıda onu vurdu. Mətbəxə keçib qazı söndürdü. Adam divanda gözü açıq vəziyyətdə hələ də canını tapşıra bilmirdi. Dili söz tutmadığından dodaqları bir-birinə dəyir, nəsə demək istəsə də, söz səssiscə havada əriyirdi. Talıblı ona baxmamağa çalışsa da, gözü istər-istəməz o səmtə dönüb görmək istəmədiyini görürdü. Baxışlar ora dikilsə də onun dayanmaq fikri yoxuydu. Ordan sürətlə keçib yataq otağına girdi. Geyimini dəyişdi. Yol çantasına bir neçə dəyişək atdı. Ordan çıxıb yenidən iş otağına keçdi, burda hamıdan - arvadı və xaricdə yaşayan oğlundan gizlin saxladığı bank kartları, bir az da pulu vardı. Onları götürüb otağına son dəfə baxdı. Yerdə kitabların arasından ona sarı boylanan nazik, köhnə kitabçanı götürmək üçün əyildi. Bu onun ilk kitabı idi. Hər şey onunla başlamışdı, pul da, şöhrət də, hörmət də onunla gəlmişdi. Onda o kim idi? Adi, sadə, kənddən gələn bir fəhlə oğlu. Bir az yazmaq qabiliyyəti vardı, bir az da gözəgəlimliyi. Onu o vaxt bir qızın, arvadı olacaq qadının köməkliyi ilə seçdilər. Bir-birinin ardıycan əsərlər yazıldı, pulunu o aldı. Bu əsərlərdəki yalan-yanlış tarixi o nə araşdırmışdı, nə də yazanda əziyyətini çəkmişdi. Pullar isə başına sel kimi axmışdı. Hamı ondan çəkinir, yanında söz danışmağa qorxurdu. Arxası bərk yerə bağlıdı, deyirdilər. Masson deyən də vardı ona. Səbəb isə arvadının yəhudi olmasıydı. Heç nə vecinə deyildi, kim nə deyirdi desin. O, həyatından razı idi bu günə kimi. Hər şeyin bir sonu varmış. Bu da son. O bu şəhərə gəldiyi kimi getsə də, indi ayağı qaloşlu o kasıb kişinin oğlu deyildi. Həmin kişi onu çoxdan oğulluqdan çıxarmışdı...

Talıblı əşyalarını çölə qoyub, yenidən geri, əlində bir qab benzinlə qayıtdı.  Qanı yerdə gölməçə yaradan, hələ də ölə bilməyən adamın sönən gözləri ona son ümidlə baxsa da, Talıblı ona əhəmiyyət verməyib, işini bitirməyə çalışırdı.

- İncimə, bir gecəlik qonağım, sən çox bahalı qonaq olduğun üçün ev qarışıq yanacaqsan...

Benzini hər tərəfə səpib dərindən nəfəs aldı. Bu an ona, sanki ikinci nəfəs gəlmişdi. Yeni macəra başlayırdı, yaş artıq o yaş olmasa da. O yenidən çantaya girib zəng edən nömrəyə mesaj göndərdi: "O zibili internetdən götür, bizə lazım olandan artığını aldım, hesab nömrəni mənə göndər".

O, yaxşı bilirdi ki, bu mesaj cavabsız qalmayacaq. Elə də oldu.

"Sağ ol, brat, kişisən. Sildim!". Və... Hesab nömrəsi.

Talıblı qonağının telefonunu cibinə qoyub kibrit yandırdı. Qonaq hələ də ona baxırdı. Bu gözlər artıq ifadəsini itirmişdi. Bədən alışanda ondan, deyəsən, yüngül səs gəldi. Talıblı qapıya doğru gedib, alışmağa hazır olan evə cəmi bir yanan kibrit atıb, qapını bağladı. Ev, sanki fəryad edərək alışmağa başladı. Yanan kitabların vərəq-vərəq fəryadı, yerdəki Təbriz xalısının ilmə-ilmə iniltisi, insan bədəninin odda qat-qat əriyən cızıltısı bir harmoniya yaradıb, evin yuxarı qatlarına doğru ucalmaqdaykən Talıblı evdən çıxıb, piyada, kəsə yolla gedəcəyi yerə tələsirdi. Əlini gödəkcəsinin cibinə salanda barmaqlarına nəsə dəydi, onu çıxardıb baxdı. Bu, hər şeyin başlanğıcı olan onun həqiqətən də öz əli ilə yazdığı "Ocaq" hekayələr kitabı idi. Talıblı təəssüflə kitaba baxdı, onu vərəq-vərəq cırıb kimsəsiz yolda havaya təslim edirdi. Onun ocağı səhifə-səhifə yollara səpələnirdi özü kimi...

İki gün sonra isə bütün saytlar, televiziyalar Talıblının faciəli surətdə öz evində həlak olması haqqında məlumat verdi.  Talıblı bu məlumata Fransadakı evində qulaq asıb, çox kədərləndiyi an telefonuna gələn zəngə təmiz fransız dilində cavab verdi: - Bəli, baxdım. Çox kədərli son. Nə etmək olar. Bəli... Bəli... Ümid edirəm, bir neçə ay sonra sizi öz rəssamlıq sərgimdə görəcəyəm. Bəli... Nədənsə, ağlıma qəribə bir ad gəldi, elə əsərim də var, mən atəşi sevirəm. Sərginin adı "ocaq" olacaq...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!