Edqar Allan Po daha bir rakursdan...
"Mənim kədərim izaholunmazdır. Məni heç nə sevindirmir, heç nə ürəyimi açmır. Həyatım məhv olur, gələcəyim qaranlıq uçuruma doğru gedir. Bunlara baxmayaraq, mən mübarizə aparacaq, "ümidin acığına ümid edəcəyəm". "Anniyə məktub"da belə yazan Edqar Allan Po keçdiyi ağır həyat yolunun psixikasına mənfi təsir göstərməsinə, əsəblərini pozmasına baxmayaraq, ümidli idi... Edqar Allan Ponun yaradıcılığına daha çox Qofmanın təsir etdiyi deyilsə də o, bu fikirlə razılaşmır, hekayələrinin dəhşətinin daxildən gəlidiyini deyirdi. "Daxildən gələn dəhşətlər" haqda bir az sonra... Hələliksə yazıçının şəxsi həyatı və yaradıcılığı ilə tanış olaq:
Yaradıcılığı ilə dünya ədəbiyyatına qorxu və dəhşət (mistika) və detektiv janrlarını gətirən Edqar Allan romantik ədəbiyyatın nümayəndəsi hesab olunsa da, onun ən böyük üslub tapıntısı insan psixologiyasının araşdırılmasıdır. Ədəbiyyatın yeni araşdırma sahələrinin təməlini qoyan və simvolizm, modernizm, postmodernizm kimi janrların həyata vəsiqə qazanmasında böyük rolu olan Ponun ruh halının onun yaradıcılığına da yansıdığını görmək mümkündür.
Amerika ədəbiyyatında Romantik hərəkatın liderlərindən biri olan Edqar Allan Po cəmi qırx il həyat yaşasa da, zəngin ədəbi irsə malik olub. O, qısa oçerklər, detektiv və kriminaloji-fantastik, o cümlədən elmi-fantastik janrlarda hekayələr yazan ilk Amerika yazıçısı kimi qəbul olunur.
Edqar Allan Po 19 yanvar 1809-cu ildə Bostonda aktyor ailəsində anadan olub. 1811-ci ildə, iki yaşında ikən valideynlərini itirən balaca Edqar Riçmondlu tacir Con Allan tərəfindən övladlığa götürülür. O, 1826-cı ildə Vircinya Universitetinə daxil olsa da, təhsilini yarımçıq qoyur. 1830-cu ildə isə Vest-Point Hərbi Akademiyasına daxil olur, lakin burda da altı aydan artıq oxuya bilmir. Yazıçı ilə qəyyumu Allan arasında anlaşılmazlıq və münaqişə yaranır. Buna səbəb Edqarın qumara meyl etməsi olur. Borca düşən Edqar qəyyumu Allandan ona köməklik göstərməsini xahiş edir. Allan bir şərtlə köməklik göstərəcəyini deyir: Edqar ona itaət etməli, Allanın məsləhətlərinə, tövsiyələrinə qulaq asmalı idi. O isə qəyyumunun şərtləri ilə razılaşmır. Bütün maliyyə imkanlarından məhrum olan gənc Edqar sonu faciə ilə yekunlaşacaq həyata başlayır və bütün gücünü yazmağa sərf edir. 1933-cü ildən başlayraq o, Baltimorun ədəbi dairələrində tanınmağa başlayır. Mistik və qorxu janrında yazdığı hekayələri ilə uğur qazanan Edqar Allan Po məşhurlaşdıqdan sonra pamfletləri ilə o dönəmin amerikan ədəbiyyatının tanınan simalarını təhqir edir. Buna görə də ədəbiyyat adamları arasında onu heç kim sevmir və düşmənlərinin sayı get-gedə artır. Düşdüyü ağır durumdan çıxmaq üçün yollar axtarır. Lakin dolanışıq mənbəyi redaktorluq və poeziya olduğundan maddi çətinliklə üzləşir.
"Poeziya mənim üçün
peşə yox, ehtirasdır"
Yazdıqları oxucuların zövqü ilə üst-üstə düşmədiyi və Amerika bazarında ingilis kitabları hədsiz dərəcədə çox olduğu üçün Edqar Allan Ponun yaradıcılığına tələbat yox idi... Buna görə də deyirdi: "Poeziya mənim üçün peşə yox, ehtirasdır . Ehtirasa isə heç vaxt hörmətlə yanaşmırlar. Mükafat almaq, yaxud kütlənin rəğbətini qazanmaq kimi miskin arzuların hesabına ehtiras oyatmaq mümkün deyil."
Yazıçının 1827-ci ildə "Teymurləng və digər şeirlər" adlı ilk şeirlər toplusu nəşr olunur. O, 1833-cü ildə nəsrdə ilk addımını ataraq "Şüşədə tapılmış əlyazma"nı yazır. 1845-ci ildə işıq üzü görmüş "Quzğun və başqa şeirlər" kitabı yazıçının ən uğurlu kitabı kimi qiymətləndirilir.
Edqar Allan Ponun qələmə aldığı ilk hekayələrdən biri olan "Berenisa"da yazıçının ziddiyyətli həyatını görmək mümkündür. Oxucuların əsl Po klassikası hesab etdiyi bu hekayədə Berenisa adlı gənc qadının ölümü və onun doğmalarının qadınla bağlı keçirdikləri hisslər, hallüsinasiyalar təsvir olunur. "Morq küçəsində qətllər" tarixdə ilk detektiv hekayələrdən hesab olunur. Hekayədə iki qadının qətlə yetirilməsindən söz açılır. "Qara pişik" sahibindən həmişə xoş münasibət görən pişiyin kor edilməsi və bundan sonra yaşananlardan bəhs edir. Bu hekayə beyin gücü ilə əzələ gücünün mübarizəsi kimi dəyərləndirilir. "Qara pişik" yazıçının ən məşhur hekayəsidir.
"Qələbəliklərin adamı" hekayəsində bir qoca, bazar və dükanların olduğu ərazilərdən keçsə də, heç nə almır. Kasıblar yaşayan məhəllələrdə gəzişdikdən sonra o, varlılar yaşayan məhəllələrə gedir. Gecə boyunca və həmin günün səhərisi qoca varlılar məhəlləsində gəzir, hekayənin qəhrəmanı isə həmin qocanı izləyir. Bu təqibdən bezən qəhrəman qəfil qocanın qarşısına çıxır və onun diqqətini cəlb etmək istəyir. Ancaq qoca qəhrəmana fikir vermir, sakitcə yoluna davam edir. Bu təqibdən yorulan qəhrəman düşünür ki, qoca əsrarəngiz cinayətləri asanlıqla törədə bilən biridir. Və o, heç kimin diqqətini cəlb etmədən kütlədən kənarda qalmağı məharətlə bacarır.
Onun "Kölgə", "Amontilodan dolu çəllək", "Çuxur və kəfkir" kimi hekayələri qorxu janrında yazılmış maraqlı ədəbi nümunələrdir.
Qəmli dünyanın sakini
1930-cu ildən başlayaraq Po gələcəyə olan ümidini, inamını itirməyə başlayır. O içir və tez-tez depressiyaya düşür. İçki aludəçisi olmaqla yanaşı, Edqar həşişə də qurşanır. Bu zaman qorxulu hallüsunasiyalar görür. Ona elə gəlir ki, hamı onu təqib edir. Bunlardan xilas olmaq üçün o, daha çox içir və dəlilik həddində cürbəcür oyunlar çıxarır.Hətta Xulio Kortasar "Edqar Ponun həyatı" adlı məqaləsində onun dəlilik maniyalarından birini təsvir edir.
27 yaşı olanda o, xalası qızı Virciniya ilə evlənir. Əqli çatışmazlığı olduğu deyilən 13 yaşlı Vircinya məşhur yazıçının arvadı olduğu üçün özünü xoşbəxt hesab edir. Evləndikdən bir müddət sonra Edqarın psixi durumu yenidən korlanır və o, içməyə başlayır. 1842-ci ildə Virciniya Klemm Po vərəmə tutulur. Edqar Allan dostlarından birinə yazdığı məktubda həyat yoldaşına olan sevgisindən və onu xəstə yatağında görməyin əzabından söz açır: "Heç kimin heç vaxt sevə bilməyəcəyi qədər böyük məhəbbətlə sevdiyim həyat yoldaşımın altı il əvvəl daxili qan damarı zədələnmişdi. Ümidsiz vəziyyətdə idi. Artıq həyat yoldaşımla əbədilik vidalaşmış və onun ölümünün mənə gətirəcəyi bütün əzabları, məşəqqətləri yaşamışdım. Bir müddətdən sonra onun vəziyyəti yaxşılaşdı, tam sağalacağına məndə yenidən ümid yarandı. Lakin bir ildən sonra vəziyyəti yenidən pisləşdi. Eyni əzabları yenidən yaşamalı oldum. Sonra yenə, yenə, yenə... Həyat yoldaşım hər dəfə ölümlə üz-üzə gələndə mən də həmin iztirabı yaşayır, onu daha böyük məhəbbətlə sevir və üstündə əsim-əsim əsirdim. Xaraktercə həssas və əsəbi olduğumdan, sanki ağlımı itirir və müəyyən müddətdən sonra özümə gəlirdim. Düşmənlər düşdüyüm bu vəziyyətimi içki düşkünlüyünün əzabı kimi qiymətləndirirdilər. Sağalacağıma tamam inamımın itdiyi bir vaxtda həyat yoldaşımın ölümü ilə özümə gəldim. Mən onun ölümünü kişiyə yaraşan şəkildə qarşılaya bilmədim. Məyusluqla ümidsizlik arasındakı növbələşmələrə ağlımı itirmədən tab gətirəcəyimə inanmırdım. "Həyatım" dediyim insanın ölümündən sonra yenidən dünyaya gəldim. İlahi! Göz açdığım bu dünya necə də qəmli idi!"
Virciniyanın ölümünü Po çox ağır keçirir və bundan sonra demək olar ki, tam nəzarətdən çıxır. Həkimlər ona içməyi qadağan eləsələr də, içir və yenidən hallüsunasiyalar görməyə başlayır. Ruhi tarazlığı tamamilə pozulmasına baxmayaraq yazıçı yazmağa davam edir.
Virciniya öldükdən sonra Edqar iki dəfə evlənməyə cəhd edir. Birinci dəfə nişanlandığı qadın onun dəlicəsinə özündən çıxmasının şahidi olub evlənməkdən imtina edir.
Daha sonra isə tale Edqarı ilk sevgisi Elmira ilə qarşılaşdırır. Keçmiş sevgililər arasında yenidən məhəbbət qığılcımları alovlanır. Onlar evlənməyə qərar verirlər və toya az qalmış Ponun hallüsinasiyaları artmağa başlayır. Yazıçının ruhi pozğunluğu son həddə çatır.
Əzablardan xilas olmaq üçün qurşandığı içki və narkotika Edqar Allan Ponun ömrünü bir az da qısaldır və o, 1849-cu ildə ömrünün 40-cı ilində Baltimorda vəfat edir...
Psixi problemlərin, içkinin və narkotikanın qurbanı olan yazıçının kədərli taleyi oxucunu sarsıdır. Kim bilir, belə həyat yaşamasaydı o, ədəbiyyat tarixinin yaddaşında daha hansı əsərlərlə qalacaqdı?..
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!