Pərvinin təqdimatında İmdat Avşarın "Kafa kağıdı" hekayəsi
Türkiyəli yazıçı-tərcüməçi, artıq uzun illərdir ki, Azərbaycan ədəbiyyatının fədakar təbliğatçısı kimi tanınan İmdat Avşarın "Kafa kağıdı" hekayəsi hansısa çox uzaq ellərin, qədim zamanların ab-havasını çatdırır oxucuya. Amma müəllifin yaşını və təsvir etdiyi vaxtı incələyəndə görürsən ki, bu hadisələrin üstündən təxminən əlli il keçib. Elə isə niyə sadə bir türk kəndi, çağdaş dünyanın imkanları ilə bir quş (təyyarə!) qanadında yetişə biləcəyimiz obalar belə uzaq gəlir adama... Həm də nağıllar qədər uzaq, amma eyni zamanda doğma! Sanki elə indicə bu ucsuz-bucaqsız çölün hansısa ucqarından, Allahın da unutduğu bir yuvadan nağıl qəhrəmanları çıxacaq. Biri qorxudanda, o biri ovudacaq, biri xox gələndə, digəri müdafiə edəcək adamı... Və qəribədir ki, bir nağıl saflığı ilə yazılmış hekayənin dərininə getdikcə qırx qapı açılır üzünə... Hər qapı arxasında bir məna, ideya gizlənib. "Gizlənib" - deyirəm, amma bilmirəm yazıçının niyyəti gizlənməkdi, öz uşaqlıq ağrısını, acısını, kompleksini mübhəm saxlamaqdı, ya açmaq, oxucu ilə bölüşmək?! Bunu araşdırmaq niyyətim yoxdu. Sadəcə, özümün gördüyüm və anladığımı bölüşmək istəyirəm...
"Uşaq-uşaq danışma" - deyirlər bəzən... Ya da "özünü uşaq kimi aparma", "uşaq kimi düşünmə" - iradları tutulur bir azacıq cığallıq edən böyüklərə... İmdat Avşarın hekayəsi isə deyir ki, uşağın düşüncəsi elə bakirə təbiətin özü qədər safdı, dünyanın ən ali qanunlarından da ədalətlidi, bir də günahsız balacalar savadsız, səhlənkar, məsuliyyətsiz böyüklərin təqsirlərinin altını çəkirlər... Obrazlı desək, heç də uşaq dəcəlliklərinə bənzəməyən Böyük oyunlarının zərbəsi balacalara dəyir... Hə, bu, taxtadan düzəltdiyin oyuncaq tapança ilə dava-dava oynamaq deyil, müharibədi. Və bütün günahlar da bu müharibədədi... Kişiləri, balaca daxma evlərin arxa-dayağı olan ataları, babaları əlimizdən alan savaşlarda. Türkün qəhrəmanlıq tarixi, igidlik dastanı keçir adamın gözünün önündən: 93 müharibəsi, Balkanlar müharibəsi, Dünya Müharibəsi... Ərzurum, Selanik, Sarıqamış, Yəmən, Çanaqqala, Sakarya...
İmdat Avşar - "bir nənə, bir ana, dörd oğlan, üç qız" - olan evləri təsvir etdikcə başa düşürsən ki, bu azadlıq dastanının zil-zülmət səhifələri də az deyilmiş və bu qaranlıqlar içində sadəcə atasını, babasını yox, həm də kimliyini itirən balalar varmış... Oxucu düşünə bilər ki, "Kafa kağıdı" - hekayəsində faciəvi nə isə baş verib... Qətiyyən! Sadəcə, artıq ibtidai sinfi bitirməyin bir addımlığında olan qəhrəman anlayıb ki, şəxsiyyətini təsdiq edən sənəd yoxdur... Axı buna nə ehtiyac?! Bir salxım üzümün də hansı tənəyə, bir quzunun da hansı sürüyə, hətta kösöy olmuş təzəyin hansı ocağa aid olduğunu hər kəsin su-əzbər bildiyi bulaq suyu kimi dumduru mühitdə, ovuc boyda kənddə kağız-kuğuza nə gərək?! Mənə görə hekayənin qeyri-adiliyi də elə budur. İmdat bəy təsvir etdiyi təbiəti, mühiti elə göstərir ki, burda bir kəndlinin kəlməsi, ya da qonşunun elə sözlə şəhadəti ən daşdan keçən sənəddən də üstündü... Amma çağdaş dünyanın öz qanunları var və sənin kimliyini təsdiq edən sənədin yoxdursa, müstəqil həyata qədəm qoya, özünü inkişaf etdirə, mühitdə yerini tuta bilməzsən... Beləliklə o qayğısız uşaqlığın ən qayğılı anını təsvir edən müəllif uşaq üçün atanın, qadın üçün ərin, daha doğrusu, ailəni yönləndirən güclü bir Kişinin varlığının vacibliyini göstərir. Və burda şəxsiyyət vəsiqəsi də, lak ayaqqabı da sadəcə, simvoldu... Bir yanın boşdusa, kimliyin də sual altındadı, ayağın da yalındı... Və bütün bunları edən müharibədi!
Bir neçə il öncə İmdat Avşarın doğma eli-obasında, Kırşəhərdə keçirilən kitab yarmarkasında hamımız yaxşı mənada təəccüblənmişdik. İmdat bəy doğma torpaqlarında yaşayan koloritli adamlar haqda qeyri-adi hadisələri danışdıqca yarmarkada iştirak edən Anar müəllim, türk şairi Ataol Bəhramoğlu, Rəşad Məcid və mən gülməkdən uğunurduq. Anar müəllim İmdat bəyin, sanki XIX əsr Azərbaycanını təsvir etdiyini söylədi, bunu sonralar yazdığı məqaləsində də xüsusi vurğuladı... İndi "Kafa kağıdı"nı oxuduqca da İmdat Avşarın digər hekayələrini yada salıram və başa düşürəm ki, müəllif hələ erkən yaşından (bəlkə, əslində, yaşından daha artıq müdrikliklə) yurdunun başına gələnləri - ağlamalı, gülməli hadisələri görüb duyub və bəzən gülərək, bəzən hüzünlə yazıb hiss etdiklərini... Və bu balaca hadisələr bir daha göstərir ki, dərdlərimiz də, xarakterimiz də, hətta bir ovuc torpaq da yaşadıqlarımız da eynidir, oxşardır. Elə bu günlərdə, mavi ekran, internet və sosial şəbəkələri bürümüş şəhid balaları fotolarından yağan kədər, adamın cızdağını çıxaran acizlik ovqatında "Kafa kağıdı"nın hüznü o qədər doğmadır ki... Ona görə bu əsər haqqında çox danışmaq, ən dərinində də öz ağrılarımızı tapmaq, bəlkə təsəlli üçün nələrsə də aşkara çıxarmaq olar, amma mən çox uzatmadan İmdat Avşarın "Kafa kağıdı" hekayəsini "Ədəbiyyat qəzeti" oxucularına təqdim edirəm...
İmdat Avşar
Kafa kağıdı - HEKAYƏ
Uşaq addımlarım otuz ilin o tayındaydı, qədim zamanlardı...
Ucsuz-bucaqsız çöl və şoran torpaqlar içində kiçik bir dünya... Elə bir dünya ki, təpələrin, düzlərin, yamacların, çeşmələrin, bulaqların belə bir kimliyi vardı. Hətta ağacların da... Yüzillikləri arşınlayıb gələn bu adlar, ünvanına çevrildikləri məkanların surətini, tarixini, taleyini, rəngini anladır; o məkanlardan qaynayan bulaqların, dərələrdən axan suların da dadından xəbər verirdi... Ağbayır, Göytəpə, Dəlibel, Örənyurd, Qurudərə, Çatalçeşmə, Acıpınar... O tanış dünyada bağların, bağçaların, ağacların da sahibləri və adları vardı: Çatalqovaq, Təksöyüd, Qaraçalı, Sarıyemişan...
Uşaqlıq ölkəsinə otuz il uzaq, qədim zamanlardı...
Elə bir dünya ki, mövsümlərə görə tük tökür, qabıq dəyişdirirdi hər şey... Göy üzünün sehrli çubuğu hər mövsüm başqa bir rəngə boyayırdı bağları... Sonra bir tufan qopur, sarı xəzan boyasını çəkib alırdı bağçaların simasından; ağacları soldurub bəmbəyaz qış boyası çiləyirdi bağçalara... Və gündönümündən sonra allı-güllü, naxış-naxış bir bahar rübəndi çəkilirdi bağların tanış simasına... Sonra yaşıllı, bənövşəyili bir yay fırçasıyla sığallayırdı baharın tablosunu...
Nə qədər boyansa da, nə qədər rəng dəyişdirsə də ovcumuzun içindəydi o məkanlar, hər şey gözümüzün önündə başlayır və bitirdi. Bağçaların arasında qala bürcləri kimi divarlar, aşılmaz sərhədlər yox idi; amma biz hansı ağacın hansı bağçaya, hansı meyvənin hansı ağaca aid olduğunu bilirdik, bir üzüm salxımına baxaraq hansı bağın tənəyində yetişdiyini söyləyirdik...
Saçlarımız bir xışmayla qoyun qayçısının qanadları arasından keçirdi; qədim zamanlardı...
Qoyunların, mal-qaranın qulaqlarındakı kəsiklər və toyuqların ayaqlarındakı şıbaklar (sahibi bilinsin deyə, toyuqların ayağına bağlanan rəngli parçalar) o heyvanların hansı ailəyə aid olduğunu göstərirdi bizə... O işarələr və o rəngarəng parçalar silinməz yazı kimi damğalayırdı onları. Heyvanların çərtilmiş, isti dəmirlə dağlanmış qulaqları, toyuqların ayaqlarına bərk-bərk bağlanan rəngli şıbaklar, onları bir uşaq kimi aid olduqları ailənin üzvünə çevirirdi. Biz də yaddaşımıza yazırdıq o rəngləri, damğaları, işarələri... O kiçik dünyadakı hər kəs həmin rənglərin və işarələrin dilini bilirdi. Bir də ehtiyacın və yoxsulluğun dilini...
Quzular və uşaqlar böyüdükcə dəyişirdi təqvimlər, qədim zamanlardı...
"Aydınlıq atlısı" Ağbayırın bürclərini qızartdığında sönürdü çoban ulduzu... Göydəki ulduzların adı-sanı, yeri-yurdu bəlliydi, uşaqların da əsli-nəsli... O yamaclarda işıqsız, solğun, sönük bir ulduz idik biz uşaqlar da... Dünyamız o qədər kiçik idi ki, bizdən üç-beş kilometr uzaqdakı kəndin sakinləri "əcnəbilər" idi... Bizi tanımasalar da atamızı, babamızı tanıyırdılar. Buna görə də: "Sən kimsən?", "Adın nədir?", - deyə soruşmurdular, "Kimlərdənsən?", - deyə başlayırdılar sözə... Adımızı söyləmədən tanıdırdıq özümüzü... Hansısa bir ailənin qoyunu və ya quzusu qədər hökmümüz vardı; amma böyüklərimizin hörmətinə qəfildən şəxsiyyətə çevrilirdik: Eşeylə Osmanın nəvəsi, yaxud Hürüylə Əlinin oğluyduq!
Nənələrimiz başları ağrıdığında xına isladar, saçlarını xınalı suya əmanət edərdi...
Səfərbərlikdən qırx il bu yana, qədim zamanlardı...
93 müharibəsi, Balkanlar müharibəsi, Dünya müharibəsi... Ərzurum, Selanik, Sarıqamış, Yəmən, Çanaqqala, Sakarya... Babalarımızın, sadəcə, əsgərlik jetonları gəlmişdi kəndlərə... Buna görə şəcərəmiz nənəmizin adıyla başlayırdı çox vaxt. Zelihanın Həsənin oğlu, ya da Zeynəbin Duranın qızıydı uşaqlar. Ağ neftə qənaət etmək üçün neft lampalarının axşamdan söndürüldüyü gecələrdə "Tap görüm kimin evidi?" adlı bir oyun oynayırdıq. "Bu kimin evidi?", - deyə soruşduğumuz uçuq-sökük kərpic evlər də kiçik dünyamıza aid idi...
- Həmin evdə bir nənə, bir ana, dörd oğlan, üç qız var... Tap görüm kimin evidi?
- Bir evdə iki nənə, bir ana, beş qız, dörd oğlan var. Tap görüm kimin evidi?
Şəcərəmizdə babalarımız, oyunlarımızda isə həm babalarımız, həm də atalarımız əskik idi... Babasızdı, atasızdı o kərpic evlər, amma çoxuşaqlıydı... Məzarları da yoxuydu babalarımızın. Nənələrimizin söylədiyinə görə, babalarımız tanımadığımız uzaq diyarlarda qalmışdılar və bir daha da geri dönməyəcəkdilər. Atalarımız isə yaz başlayan kimi "qürbət" deyilən yerə gedir, bir də ilk qar yağanda evə qayıdırdılar...
Buzovlar analarını, qoyunlar quzularını tanıyırdı, o kiçik dünyamızın insanları da həm bir-birlərini, həm də bir-birlərinin yeddi arxa dönənini... Bəlkə atalarımız bilirdi, amma dövlətin tutduğu şəcərə qeydlərindən nənələrimizin və analarımızın xəbəri yox idi... Dövlət ildə bir-iki dəfə üstü xaki çadırla bağlanmış, qalın, bulanıq şüşələri olan bir maşınla kəndimizə gələn dörd jandarm idi bizim üçün... Maşın uzaqdan görünər-görünməz divarların dibinə yapışırdıq qorxumuzdan. Bu qorxunu kim salmışdı ürəyimizə, bilmirəm. "Dövlət" kəndə gələndə divarların arxasına gizlənib başımızı astaca qaldırırdıq, uzaqdan "dövlət"lə kənd icra nümayəndəsinin səssiz filmini izləyirdik. Kəndlilər icra nümayəndəsindən qorxurdu, icra nümayəndəsi də dövlətdən... Biz uşaqlar da hər ikisindən...
"Dövlət"in maşını toz qopara-qopara başqa kəndlərə tərəf yönələndə bizim kimi divar dibinə yapışan kəndlilər icra nümayəndəsinin önündə cərgələnirdilər. İcra nümayəndəsi əlindəki kağıza baxıb amiranə səslə əmrlər yağdırırdı:
- Sən yoxlama qaçağısan! Çağırış məntəqəsinə gedəcəksən!
- Səni şahid yazdırıblar, məhkəməyə gedəcəksən!
- Sənin Almaniyadan kağızın gəlib, polis idarəsinə bir baş çək!
Hərbi xidmətə çağırış gəldimi, nənələrimiz təşvişə düşürdü, qorxurdular, sual dolu baxışları bir-birlərinin üzünə dikilərdi:
- Yenə səfərbərlikmi var?
Alovsuz, kibritsiziydi kəndlər... Qədim zamanlardı...
Dövlətin arxivində bizim də adımız vardımı? Biz kim idik? Hardan biləydik?
Qara məktəbli formasında ibtidai sinfə gedirdik. Formalarımız da bəxtimizə işarə edirdi, sanki. Məktəbin qar kimi dümağ həyətinə səpiləndə o kağızın üzərində qara nöqtələrə dönürdük, bir-birimizin arxasında cərgələnirdik. Növbətçi olduğumuz günlərdə müəllim gələnədək məktəbin dəmir sobalarını yandırmalıydıq. Qara bata-bata bədənimizin yarısı ağırlığındakı təzəkləri məktəbə daşıyırdıq. Səhərlər əllərində bir tərəfi yanmış, közə dönmüş təzəyi üfləyə-üfləyə harasa tələsən qadınlarla qarşılaşırdıq. Biz də məktəbin sobasını yandırmaq üçün bacasından tüstü çıxan evləri marıtlayırdıq. Müəllimin danlağına tuş gəlməyək deyə, məktəbə yaxın evlərin ocağından közə dönmüş təzək oğurlayırdıq.
Ocaqdan ocağa od daşıyan balaca oğrular idik, qədim zamanlardı...
Məktəbə ən yaxın ev "Mühacir qızı"nın eviydi. Hardan gəlmişdi, bilinmirdi. Kəndimizdəki qadınlardan fərqli bir baş örtüyü vardı. Dişləri tökülmüşdü, ikisi altda, ikisi üstdə - cəmi dörd dişi qalmışdı. Bir də eynəyi vardı və eynəyinin şüşələrinin arxasında, az qala, indicə partlayacaqmış kimi bərələn gözləri... "Mühacir qızı" müqəddəs bir ocağın başında odu qoruyan Div Anasıydı lüğətimizdə! Növbətçi olduğumuz günlərdə odu oğurlamaq üçün Div Anasının Ortaçeşməyə suya getməsini gözləyirdik. O, əlindəki mis güyümlərlə suya gedəndə biz də onun müqəddəs ocağından od oğurlayaraq məktəbə yüyürər, qənimətimiz olan təzək közünü növbəylə üfləyər, sobanı yandırardıq...
Seyrək, kirpi tikanları kimi saçlarım vardı, qədim zamanlardı...
Uşaq nəfəsiylə təzək közü alovlandırdığımız, tüstüyə göz yaşı verib əvəzində od satın aldığımız soyuq ayazlar keçmişdə qalıb... Bəlkə də o təzəklərin közündə bişirdim, bişdikcə böyüyürdüm... Bir Xıdırelləz günü müəllimimin əlini öpüb qiymət cədvəlimi aldım və qara məktəbli formasından sıyrılıb çıxdım. Qiymət cədvəlimə baxanlar oxumaq-yazmaq bilməyən anama deyirdilər: "Davamiyyəti və aldığı qiymətlər əladı! Bu oğlanı oxut!".
Mən də böyük qardaşım kimi "şəhər" dedikləri qürbətə gedəcək, orta məktəbdə oxuyacaqdım. Amma orta məktəbdə oxumaq üçün ibtidai sinfi bitirdiyim haqqında şəhadətnamə, şəhadətnamə almaq üçün də "kafa kağıdı" (el dilində şəxsiyyət vəsiqəsi) lazımmış... Anam hardan bilsin?!
Sarı bir sentyabr idi, yağışın çürütdüyü yaşılın üstündən keçirdik, qədim zamanlardı...
Yalvarıb-yaxardım anama: "Ana, neynirsən elə," - dedim. "Hamı şəhadətnaməsini alıb... Bircə mənim yoxdu!". Dörd yanı bəzəkli-naxışlı "şəhadətnamə" deyilən kağız parçasında səliqəli xətlə yazılmış adımı görmək arzusundaydım.
Anam ağızbaağız doldurduğu bir çinik (dənli bitkilərin ölçülməsi üçün istifadə edilən qab) lobyanı torbaya boşaltdı, şələlədi kürəyimə: "Di, yüyür!" - dedi. -"Bunu müəlliminə ver, şəhadətnaməni al, gəl!". Lobya torbası kürəyimdə elə qaçırdım ki, elə bil, uçurdum... Sanki topuqlarım kürəyimə dəyirdi...
Qaçırdım, amma bir tərəddüd vardı içimdə. Qiymət cədvəlimdə dərslərin qarşısında "əla" yazılmışdı. Görəsən, şəhadətnamədə də elə yazılacaqdımı? Qonşu kəndlərdən olan şagirdlərin də qatıldığı bilik müsabiqələrinə həmişə məni aparırdı müəllimim. Müəllimimiz maaşını almağa gedəndə də uşaqları mən oxudurdum. Üstəlik, sinif nümayəndəsi idim. Nadinclik edənlərin siyahısını hazırlayırdım, adını siyahıdan sildirmək istəyən şagirdlərin verdiyi qovurğa və kişmişləri də qəbul etmirdim...
...Rəngi bozarmış bağçalardan, dərənin kənarındakı gur söyüdlükdən, qovaqların altından keçib qan-tər içində məktəbə çatdım. Utana-utana ehmalca lobya torbasını müəllimin masasının üstünə qoydum, belimi dikəltdim, çəkinə-çəkinə dedim:
- Şəhadətnaməmi almaq istəyirəm, müəllim.
Müəllim çatma qaşlarını alnının ortasında düyünlədi. Üstündə "anket dəftəri" yazılan böyük dəftərin səhifələrini bir xeyli o yan-bu yana çevirdi, sonra dedi:
- Oğlum, sənə şəhadətnamə verə bilmərik. Sənin kimliyin yoxdu, kimlik gətirməlisən.
Dilim tutulmuşdu. Yerimdəcə donmuşdum. "Anket dəftəri"nə bütün şagirdlərin adı mürəkkəblə, mənim adımsa qara karandaşla yazılmışdı. Bu fərqliliyin mənasını dərk etməyə çalışırdım ki, müəllim dedi:
- Oğlum, get, atanı çağır, gəlsin!
- Atam burda deyil, müəllim...
- Onda ananı çağır!
Yükümü müəllimin masasında qoyduğum üçün indi daha sürətli qaçırdım. Evə çatdığımda gözlərim dolmuşdu, ağlamağa hay axtarırdım. Anamı təndir damında tapdım və acı xəbər verirmiş kimi kədərlə dedim:
- Müəllim səni çağırır, ana... Şəhadətnaməmi vermədi...
- Niyə?
- Mənim kimliyim yox imiş... Səni çağırdı...
Söylədiyi söz fərman olan kəndimizdə dövlət idi müəllim. Anamsa dövlətdən qorxurdu, qədim zamanlardı...
Anam fərmana boyun əydi, amma onu dövlətlə üz-üzə qoyduğum üçün mənə hirsləndi:
- Dərdim özümə bəsdi! Nə işi var müəllimin mənimlə? Xalxın uşağına şəhadətnamə verir, səninkini niyə vermir?
Dedi, hirsləndi, amma yenə donunun ətəyini çırpdı, məni də yanına alıb məktəbin yolunu tutdu. Yol boyunca deyinən anam məktəbə çatanda susqunlaşdı, boynunu büküb müəllimin dediklərini dinlədi. Müəllim, sanki günahkarammış kimi başıyla mənə işarə edib dedi:
- Ay bacı... Biz buna şəhadətnamə verə bilmirik.
Anam başını qaldırmadan asta səslə soruşdu:
- Niyə, ay müəllim? Bizim uşaq hamıdan yaxşı oxuyurdu axı...
- Düzdü, hamıdan yaxşı oxuyurdu. Amma kimliyi yoxdu.
- Kimlik? O nə olan şeydi, müəllim?
- Şəxsiyyət vəsiqəsi.
- Nə vəsiqəsi?
Müəllim ətraflı izah etmək məcburiyyətində qaldı:
- Ay bacı, şəxsiyyət vəsiqəsində bu uşağın rəsmi adı, soyadı, anasının, atasının adı, doğum tarixi yazılır. Biz də həmin məlumatlara görə şəhadətnamə hazırlayırıq.
Anam geri addım atmaq istəmədi, yaxasını "dövlət"in əlindən çəkib çıxarmağa çalışırdı:
- Bu uşağın adını, atasının, anasının adını kənddə kimdən soruşsan, deyər. Oğlumun əsli-nəsli bəllidir, qurbanın olum!
- Bacı, bunu hamımız bilirik. Amma şəhadətnamə hazırlamaq üçün rəsmi sənəd lazımdır. Rəsmi sənəd olmasa, şəxsiyyət vəsiqəsi olmasa, şəhadətnamə hazırlanmaz.
- Rəsmi sənəd dediyin nədi? Şəxsiyyət vəsiqəsi nədi?
Anam şəxsiyyət vəsiqəsinin nə olduğunu anlamamışdı, müəllim məcbur qalıb daha sadə dillə izah etməyə çalışdı:
- "Kafa kağıdı", bacı. Uşağın "kafa kağıdı" lazımdı!
Müəllim "kafa kağıdı" deyincə, sanki anam hər şeyi dərk etdi:
- Hə... "Kafa kağıdı"...
- Bəli!
- Bu uşağın "kafa kağıdı" yoxdu axı...
- Niyə yoxdu?
- Bu doğulanda atası həbsdəydi...
- Onda, bunun "kafa kağıdı"nı almalısan.
- Hardan?
- Rayon mərkəzindən... Qeydiyyat şöbəsindən...
Mən "kafa" və "kağıt" kəlmələri arasında bir əlaqə qurmağa çalışırdım beynimdə. Müəllimin masasındakı, üstünə "şəhadətnamə" yazılan bəzəkli kağızlara elə həsrətlə baxırdım ki... Anam ümidsiz-ümidsiz əlimdən tutdu, asta-asta evə gəldik. Sonra anam qonşularla məsləhətləşdi. Qonşular ona: "Qeydiyyat şöbəsinə getməlisən..." - dedilər: "Öz "kafa kağıdı"nı da götür, uşağı da yanına sal, get...".
***
O gecə yata bilmədim. Bir neçə gün sonra - rayon bazarı olan günü səhər erkəndən oyandıq, anamla birlikdə yoldan keçən bir traktorun qoşqusuna mindik, rayon mərkəzinə getdik. Anam qeydiyyat şöbəsinin harda olduğunu soruşmağa utanırdı deyə, yoldan keçən kişilərin qabağına qaçıb sual verirdim: "Əmi, qeydiyyat şöbəsi hardadı?".
Dövləti o gün tanıdım mən...
Qeydiyyat şöbəsində kəndlilərə bağıran bir qadın idi dövlət, qədim zamanlardı...
Qapını açıb içəri girdik, gözləmə zalında iynə atsan yerə düşməzdi adam əlindən... Bəlkə yüz nəfər vardı; qadınlı-kişili, uşaqlı-böyüklü hamı nəfəs-nəfəsə növbə gözləyirdi. Hündür, taxta kürsülərin arxasında iki kişi, bir qadın vardı. Sarı, qıvrımsaçlı qadının yanaqları qışdan yaza qalmış alma kimi bürüşmüş və solğun idi. Eynəyi də "Mühacir qızı"nın eynəyinə bənzəyirdi. Şəhərin "Div anası" bu idi, yəqin! Arxa tərəfdəki rəflərdən götürdüyü bir qulac uzunluğundakı qara cildli dəftərləri masanın üstünə düzür, gözlərini qıyaraq açdığı səhifələri oxuyur, axtardığını tapmayanda dəli kimi çığırır, ondan cavab gözləyənlərə diliylə od püskürürdü. Adamlara elə bağırır, onları elə danlayırdı ki, yekə-yekə kişilər boynunu aşağı əyir, çiyinləri kiçilir, sanki papaqlarının altında əzilib yox olurdular... İmza atmağı bilməyən qadınlar isə onun qarşısında isti suya batırılmış qənd kimi əriyirdilər. Şəhərin "Div anası" qadınları bir-bir yanına çağırır, əllərindən çəkib mürəkkəbə batırır, boyalı barmaqlarını sənədlərə basır, sonra da kəndli qadının əlindən tutduğu üçün diksindiyini büruzə verərək ikrahla əlini yelləyib üzünü turşudurdu.
Qorxunc bir "Div anası"ydı dövlət, qədim zamanlardı...
Növbə bizə çatanda, elə bil, anam da balacalaşdı, cılızlaşdı... Bizdən qabaqdakı kişi atsifət "Div anası"nın şillə kimi üzünə çırpılan sözlərini güclə uddu, dişi dodağını gəmirə-gəmirə aralandı ordan... Növbə bizim idi. Şəhərin "Div anası" elə bağırdı ki, anam nə deyəcəyini unutdu:
- Ey, sən! Sən nə istəyirsən?
Anamın "Div anası"nın qarşısında susduğunu, söz deyə bilmədiyini görüb sinəmi irəli verdim:
- Mənim "kafa kağıdı"m yoxdu!
"Div anası" barıt kimi partladı:
- Sən sus, kirpi!
Susdum və əllərimlə saçlarımı başımın dərisinə yapışdırmağa cəhd etdim. "Div anası" yenə üzünü anama tutub bağırdı:
- Nə istəyirsən?
Anam aciz səslə dedi:
- Oğlumun "kafa kağıdı" yoxdu...
Qadın anama o qədər sual verdi ki, bəlkə, o sualların cavabını atam da bilmirdi:
- Kitab nömrəsi neçədi? Cild nömrəsi nədi? Rəf sırası?
Anam bir kəndimizi tanıyırdı, bir də soykökümüzü bilirdi:
- Sarıömərli kəndindənik, Avşarlar deyirlər bizə...
Bürüşmüş alma sifətli qadının gözləri qəzəbdən parıldadı:
- Sənin şəxsiyyət vəsiqən yoxdumu, qadın?
- Nə vəsiqəsi?
Müəllimin izahatını xatırladım, anamın ətəyini dartışdırdı:
- "Kafa kağıdı"nı deyir, ana...
Anam əlini qoynuna atıb "kafa kağıdı"nı çıxartdı. Qadın anamın "kafa kağıdı"nı alıb qara dəftərlərin düzüldüyü rəflərə tərəf getdi. Böyük bir dəftər gətirib açdı, dəftərin qanadlarını masaya sərdi, gözlərini qıyıb neçə səhifə o yan-bu yana çevirdi, bilmədim. Barmaqlarımın ucunda qalxıb boynumu irəli uzatsam da, kürsünün arxasındakı dəftəri və orda yazılanları görəmmədim. "Div anası" anamdan uşaqlarının adını soruşdu. Məndən başqa, bütün bacı-qardaşlarımın adı vardı o dəftərdə...
"Div anası" anamın "kafa kağıdı"nı geri uzadıb ildırımtək guruldadı:
- Bu uşaq, ümumiyyətlə, qeydiyyatda yoxdur! Sənin bu adda uşağın yoxdur!
"Div anası": "Sənin bu adda uşağın yoxdur!" - deyəndə dünya başıma fırlandı. Mən kim idim? Kimin oğluydum? Niyə dövlətin qeydiyyatında yox idim? "Dilənçi!". Atam həmişə balaca qardaşımı cırnatmaq üçün deyirdi: "Sən bizim oğlumuz deyilsən ha! Səni kəndə gələn dilənçidən almışıq!". Ürəyimə xof düşmüşdü, yoxsa dilənçidən alınan uşaq mən idim?
Anam "Div anası"nın qarşısında and-aman edirdi:
-Vallah, mənim oğlumdu...
- Qeydiyyat dəftərində belə bir uşaq yoxdur! Get, məhkəməyə ver, iki də şahid tut! Kəndinizin icra nümayəndəsi də yanında olsun!
Mən özümü elə yox kimi hiss edirdim. Anam da susmuşdu qəfildən... Udqundum, nəsə söyləmək istəyirdim, amma "Div anası"nın mənə bir də: "Sən sus, kirpi!" -deməsindən qorxurdum. Saçlarımı əllərimlə yenə yatışdırmağa çalışdım və susdum...
Məhkəmədən atalarımız da qorxurdu, qədim zamanlardı...
"Div anası"nın hüzurunda növbəmizin çatmasını o qədər gözləmişdik ki... Bizi şəhərə gətirən traktor da çoxdan kəndə qayıtmışdı. Əlimdən tutdu anam:
- Tərpən, qaranlıq çökmədən kəndə çataq...
Rayon mərkəzindən çıxandan sonra yol qırağındakı yastı daşların birinin üstündə anam süfrə açdı; dağarcığımızdakı soyutma kartofları yuxaya bükdü, dürmək düzəltdi. Yeyə-yeyə kəndin yolunu tutduq...
Anam sürətli yeriyirdi, mən arxada qalırdım. Amma anamı özümdən bir az öndə görən kimi qaçırdım... Qəribə bir kədər bürümüşdü məni, dürməyimi dişləyirdim, di gəl, dişlədiyimi udammırdım. Doluxsundum və titrək səslə dedim:
- Orta məktəbə gedə bilməyəcəyəm... - Hıçqıra-hıçqıra ağlamağa başladım.
Anam dayandı, bir rayona tərəf baxdı, bir də kənd tərəfə... Kəndə yaxınlaşmışdıq. Çarəsiz anamın gücü təsəlliyə çatırdı:
- Ağlama, quzum, ağlama... Atan gələr, "kafa kağıdı"nı da alar, laklı ayaqqabılar da...
***
Kəndə çatanda gecə qaranlıq donunun ətəyini kəndimizin yollarına sərmişdi...
Qışın ortasında, qar yağanda gəldi atam...
Bir il gec getdim orta məktəbə...
Qədim zamanlardı...
Azərbaycan türkcəsinə uyğunlaşdırdı: Şəfa VƏLİ
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!