SON GEDİŞ - Fidan Nizaməddinqızı

12 iyul Tovuz rayonunda gedən döyüşdə şəhid olan Sadıqov Vüqarın oğlu balaca Yaşara həsr olunub.

 

Dul kaldı kadınlar, babasız kaldı çocuklar,

Bir giryede bin ailenin matemi çağlar!

Mehmet Akif Ersoy

Yaşar balaca barmaqlarını taxtanın üzərində gəzdirdi. Diqqətlə taxtadakı açıq rənglərə baxırdı. Baxışlarını sürətlə bütün gedişlərdə oynadırdı. Gözlərinin hissiz hərəkətləri xanaları dövr edirdi. Öz mövqeyini tapmaq üçün yollarda xeyli gəzişdi. Atasının son oyunda dediyi sözləri xatırladı: mən olmayanda mənim də əvəzimə gedişlər edərsən... qəribədir... burada şah var, vəzir var, müharibədə işlənən at var, top var, piyada var, amma şəhid yoxdur. Titrək əlləri ilə atasına uyğun fiqur axtarırdı ki, gözünün yaşları xanalara damcıladı...

Atasının şəhid olması xəbərini eşitdiyi andan sakitcə şahmat taxtasının yanına gəlmişdi. Yaşar göz yaşları ilə atasının yerinə gedişlər etməyə çalışırdı. Bu gedişlərdə atası ona bir məktəb keçmişdi. Hər fiqurun həyatdakı mövqeyindən saatlarla danışmışdı. Anlamadan başını yellətdiyi vaxtlarına heyifsiləndi. Onun bir daha səsini eşitməyəcəkdi çünki... üzbəüz oturuşunu, baxışlarını xatırladı... öyüd-nəsihətləri qulağında səslənmək üçün növbələşirdi, sanki... indi o, yalnız şahmat taxtasında deyil, həyatda da onun gedişini getməli idi... amma yox, atam şəhid olub, ölməyib, o yenə gələcək, - deyə düşündü.

Yadına nəsə düşmüş kimi hövlnak yerindən qalxdı. Hamıdan gizlətdiyi daxılını sındırıb, mağazaya qaçdı. Fikirli-fikirli mağazanı gəzdiyini görən satıcı ona yaxınlaşaraq nə almaq istədiyini soruşdu. Şəstlə ən böyük bayraq! - dedi. Satıcı mağazadakı ən böyük bayrağı uşağa göstərib, pulunu alarkən böyük ölçüdə bayrağı haradan asacağı ilə maraqlandı. Kəndin yaxınlığındakı mağazanın satıcısı evlərinin kiçik olduğunu bildiyi üçün bir qədər kiçik bayraqları da təklif etdi. Olmaz! Atam gələcək! Ən böyük bayrağı asacam qapımızdan! Qoy uzaqdan evimizdən Vətən görünsün. Satıcı anlaşılmaz bağışları ilə uşağı yola saldı. Yaşar   qırıq-qırıq nəfəsi ilə hıçqıraraq göz yaşlarını bəbəyində dondurmağa çalışırdı. Üçrəngli Azərbaycan bayrağını qolunun var gücü ilə qaldıraraq evə sarı qaçdı. Uzaqdan gələn Müdafiə Nazirliyinin maşınları bu bayrağın işığı ilə evə yaxınlaşırdı. O, tələsik, təxminən atasının boyu hündürlükdə  olan evlərinin damına çıxaraq bayrağı asdı. Uzaqdan sıra ilə gələn bayraqlı maşınları görüb qışqırdı:

- Atam gəlir! Atam gəlir!

O, atasını ürəklə elə sevincək qarşılayırdı ki, onun bu sevincinə mane olmağa heç kəsin ürəyi gəlmirdi. Hamı ona ürək-dirək verməyə çalışaraq, sən evin yeganə oğlusan, anana, bacılarına dayaq olmalısan, - deyə möhkəm olmağa çağırırdı. O, heç nə anlamırdı, əksinə, sevinirdi ki, atası ən uca məqama qovuşub. Anasının ağladığını görüb heyrətlənirdi. Atam ölməyib, şəhid olub, özü həmişə deyirdi axı, şəhidlər ölməzdi. Artıq atam ölməyəcək, maşınlar yaxınlaşır, atam səni belə görməsin, darıxar. Anası oğlunu qucaqlayıb damdan asılan bayrağın ətəyini üzünə tutaraq ağladı. Balaca evlərində bu gün bütün Azərbaycan vardı. Üçrəngli bayrağa bürünmüş atası qapıda vidalaşmaq üçün övladlarını gözləyirdi.

Sıra dağlar kimi arxasına dönmədən canını verən, müqəddəs bayrağımızın qucağında, qoruduğu və qanının axdığı torpağa qovuşacaqdı atası.

O, izdihamın qarşısına çıxaraq hasarsız qapılarında bacıları ilə birlikdə atasını qarşıladı. Yalnız indi anladı ki, atası qəhrəmancasına ölümü ilə ölümsüzlüyə, ölümün ən uca adına - şəhidlik zirvəsinə qovuşub. Bəlkə də bu səbəbdən hər axşam atasının məsləhətləri ilə oynadıqları şahmat taxtasında onu tapa bilməmişdi. Və anladı ki, heç bir oyunda müqəddəs hisslərə rast gəlmək olmur. Amma bu andan etibarən atasının yerinə bu həyatda gedişlər etmək mənəvi borcu idi. O, balaca əli ilə kiriməyən bacısının göz yaşını silərək, insanların ayaqları arasından atası üçün ən uzaq yollara baxırdı...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!