YUXU DÖVRÜ... - Fəxrəddin Əsəd

 

Ləng yerişlə şəhər parkına doğru gedirəm. Tanışlardan heç kim gözümə dəymir. Əslində, nə görüşəcək bir adamım var, nə də görülməli bir işim. Sadəcə, "kafa dinlətmək" üçün parka üz tutmuşam. Hər dəfə bura gəlir, hay-küydən uzaq bir yer tapıb oturur, tanış, mərhəm xışıltıyla məni salamlayan ağacların arasında sakitliyi dinləyirəm.

Yaxınlıqdan ötüb-keçənlərlə salamlaşıram. Uzaqdan, küçənin qarşı tərəfindən kimsə mənə əl eləyir, az qala qışqıra-qışqıra nəsə deməyə çalışır. Mən də əlimi yelləyib, jestə jestlə cavab versəm də nə deyildiyini başa düşmürəm. Anlamaq, dərk etmək iqtidarında da deyiləm. Beynimdə o qədər yorğunluqdur ki, bütün suallar bir-birinə qarışıb. O nə yuxu idi elə?! Artıq neçənci dəfədir, hər gün eyni yuxunu görürəm, eyni hadisələrlə üzləşirəm. Başımın üstündə dalğalanan bayraq qəfil göründüyü kimi, qəfil də gözdən itir, üzünü görə bilmədiyim, bəlkə də yaxşı xatırlamadığım kimsə yumruğunu göstərir və uzaqdan bir səs də qaç, - deyir.

Bu halda qolumdan çəkib mənimlə salamlaşan birinin üzünə gülüb uzaqlaşıram. Heç yaxşı olmadı, kim idi görən, hardasa görmüşəm? Bəs o səs, o bayraq, mənə qıcanan yumruq... nəyə işarədir?

Çiskin yağış başladı. Özümlə çətir götürməyi xoşlamıram, evə qayıtmaq da istəmirəm. Neynək, yaxınlıqdakı azman şam, küknar ağaclarının "çətirləri" altında daldalanmaq olar.

May ayı havalar soyuq keçir. İki-üç gün isti, bürkü və həftə boyu yağışlar. İnsan qəribə canlı məxluqdur. Biqələmun kimi hər şeyə hazırdır.Təbiətin və zamanın iqliminə uyğun olaraq nəinki rəngini-yerişini, yaşayışını, simasını da dəyişir.

Yağış get-gedə gücləndiyi kimi, qəfil də kəsdi. Buludların arxasından günəş boylandı. Parkın girişində səliqəsiz geyimləri ilə nəzərləri cəlb edən iki qaraçı qız üstümə yüyürdü:

- Əmi, pul ver falına baxaq.

- Allah xatirinə əl çəkin, mənim fallıq halım yoxdur.

- Ala gözlərindən biclik yağan, yaşca böyük qızın əlindən qurtulub oradan uzaqlaşdım.

Lənətə gəlmiş yuxu, - səs hələ də qışqırır, yadındamı, yadındamı? Ot basmış cığırda yanımdan ötən biri (elə mən yaşda olar) diqqətlə üzümə baxıb, heç nə demədən ötüb keçdi. Sanki kişi salonundan çıxıb, ətir qoxusu burnumu qıcıqlandırdı. Yorğun gözləri tanış gəlir. Saçları ağarıb, üzündəki qırışlar yanağındakı çapığı gizlədə bilmir, - insafən yaraşıqlı görkəmi var. Di gəl, boz, milə-mil pencək və tünd qara rəngli şalvarla siqaretdən saralmış sallaq bığlar bir-birilə uyuşmur. Onu harada görmüşəm, axı gözləri kimisə mənə xatırladır? Bu gün yaddaşım köhnə kinolenttək fırlandıqca fırlanır və dolaşır.

Boynumu nəsə sancdı, yeri göynədi, əl atıb tutdum və baxmadan öldürdüm, ovcumu açıram, - qarışqadı! Telekanallar hər gün həyəcan təbili çalaraq cürbəcür zəhərli həşəratlardan, törədəcəyi fəsadlardan danışır və onlara qarşı ilk müdaxilənin necə, hansı formada olacağını izah edir. Guya biz özümüzlə, baş verə biləcək hər hansı hadisə üçün (həşərat müharibəsi!) içində müxtəlif ilaclar olan boğça gəzdirməliyik. Bir vaxtlar nənəm həftə hamamına (cümə günləri) gedəndə boğcasını çox gəzdirmişəm... (Haşiyə: dünyanı bürüyən pandemiya bizə xatırlatdı; özümüzə və başqalarına, eləcə də ana təbiətə qarşı həddən ziyadə biganəyik!).

Gül kollarının arasında gəzə-gəzə özümə haqq qazandırdım, - "yaxşı ki, öldürdüm". Ancaq bir az keçmiş etdiyim hərəkətdən çox peşman oldum. "Qarışqanı nahaq öldürdüm, günaha batdım. Axı o da Allahın yaratdığı canlıdır, həm də ziyansız canlı". Görən qarışqanın ürəyi varmı, mikroskop altında hansı ölçüdə, nə boyda görünər? Olmaması yaxşıdır, hər şeyi ürəklərinə salardılar, umub-küsərdilər. Eh, mənim əlimdə ölməyinə bax?! Ey Böyük Yaradan, bu uğursuz bəndənin günahından keç! Öz sözlərimə acı-acı gülürəm: bizim hər tövbəmiz növbəti günaha hazırlıqdır!

Adamların arasında karuseldəkitək veyil-veyil hərlənən qaraçı qızlar məni görüb başqa səmtə dönürlər. Elə mən də parkda "itiyimi" tapmayıb, ovqatı təlx halda geri dönürəm.

Yenə də sallaqbığı görürəm. Yanındakı gənc, sarışın oğlana məni göstərir və gözdən itir. Tanıyırsa niyə yaxınlaşmır? Bəlkə gözümə görünüb, mənə elə gəlib, axtarırsa, gec-tez tapacaq.

"Qara bəy" karvansarasının qarşısı həmişə qələbəlikdir. Haşiyə: əslən goruslu erməni Karapet Karapetyan qumarda iri məbləğdə pullar uduzan, yerli bəylərdən birinin torpaq sahəsini, dəyər-dəyməzinə satın alıb karvansara tikdirib. Ticarət sahəsini inkişaf etdirən Karapet "kirvə" Ağdaşda üzüm plantasiyası saldırıb, şərab sexi açıb, o cümlədən kazino sahibi olub. Bundan "faydalanan"yerli bəylərin günləri kefdə-damaqda, eyş-işrətdə (bax: XIX əsr şairi Məlikballı Qurbanın Ağdaş bəylərinə həsr etdiyi şeirlər) keçirmiş. Hədsiz xəsis olması barədə yerli camaat arasında, dildə-ağızda dolaşan rəvayətlər günümüzəcən gəlib çatıb. Günəmuzd işlətdiyi fəhlələrin pulunu daimi kəsərmiş, ya da heç verməzmiş. Ağdaş və yaxın bölgələr arasında "Qara bəy" ayamasıyla tanınıb.

Deyilənə görə, karvansaranın həyətində, günlərin bir günü iki qəpiyi itir. Ötəndə, keçəndə gözləri yerdə qalır, - qəpik tapılmır ki tapılmır. "Naçar" qalan "bəy" nökərinə iki manat (!) verib iki qəpiyini tapdırır...

Karvansaraya baxıram, - gör nə günə (taleyin və tarixin kinayəsi) düşüb? Fasad (interyerdən söz açmağa dəyməz) tamam bərbad vəziyyətdədir. Alt qatında müxtəlif dükanlar, çayxanalar, köşklər və s. Hər tərəfdə 50% endirim rəqəmləri.

XX əsrin birinci rübünəcən (bolşevik işğalınadək) Ağdaşda 16 belə karvansara olub. Onlardan yalnız üçü qalıb. Qalanları baxımsızlıq, biganəlik (sovet imperiyası "keçmişi" və "gələcəyi" özü yaradırdı) ucbatından sökülərək dağılıb.

Həyatımıza salamsız-kəlamsız daxil olan təzə vərdişlər, qaydalar, (illah da qondarma etiket qaydaları), modernizmin estetik yönləri ilə baxanda keçmişimizi ekzotik lətifə kimi təqdim edir. Ermənidən "hayıf" çıxırlar, yoxsa karvansara bu günə düşməzdi...

Uçulmaqda və uçurulmaqda olan nəhəng və kədərli tariximizin qarşısındakı qəzet köşkündə krossvord həllinə girişiblər. Mən də küçəni keçib, qəzetlərdəki "ədəbiyyat səhifələrinə" göz gəzdirirəm. Ağlıma gələn ilk fikir, - "hamı şeir yazır!".

Qeyri-rəsmi statistikaya görə, bizim şəhərdə kitab çıxaranların sayı 100-ü adlayıb. Bu şəhərin başqa dərdi yox, - şeirlə yatıb, şeirlə dururlar. Görüb-tanıyanlar üstümə yüyürür, "öpücüklər" başlanır. Rəhmətlik Vaqifin Moşusutək dalağım sancır, məni xof götürür, - görən, başıma nə gələcək? Bu gün hamıdan, elə özümdən də qaçmaq istəyirəm. Birdən-birə havam çatmır, nəfəs ala bilmirəm, tıncıxıram. Qoqolun müfəttişinə dönməyin də bir ayrı zülmü varmış, - hərifləyib cibimə şeir dürtürlər. Oğulsan, yaxanı bunların əlindən qurtar, görüm necə qurtarırsan? Səndən bəyənib, bəyənmədiyini soruşacaqlar, - hənuz cavab verməlisən.

Bu gün nə uğursuz gündür, Allahım?! Görünür, qaraçı qızlar üçün də gün uğursuz başlayıb, - qarşımı kəsib zarıya-zarıya:

- Əmi, nə olar, pul ver falına baxaq.

- Ay balam, bayaq dedim axı, məndən əl çəkin!

- Bayaq pul verdin ki?!

...Rusiyada yaşadığım illər, bir dostumun təkidi ilə Tula şəhərinin (həm də vilayətin) baş kilsəsinə getmişdik. Qoqol küçəsiylə Piraqov küçəsinin kəsişdiyi yerdə ucaldılan qədim kilsəni indi də yaxşı xatırlayıram. Günün ikinci yarısı olduğundan, kilsənin zalında və bağında heç kim gözə dəymirdi, sükutun səsini eşidirdim. Arada yaxınlıqdan ötüb-keçən, kilsə xorunda oxuyan qızları və üzümə zillənmiş, işığı öləziyən və qüssə gətirən gözləri saymasam. Hərdən o günlərin xiffətini edirəm. Sakitlikdə doğma bir auraya düşür, özünü tapırsan. Həyatımız o qədər gərginlik içində keçir ki (iş, ev-ailə qayğısı), "kafa dinlətmək" böyük müşkülə çevrilib. Məhdud, dar çərçivəyə (çevrəyə) sığınmağın tərəfdarı deyiləm. Fəqət, hərdən elə anlar olur ki, hamıdan qaçmaq, özünə, öz doğma hücrənə çəkilmək istəyirsən. Hərdən üzümü harasa tutub (Fikrət Sadığa Allah rəhmət eləsin, - yaxınlıqda dağlar, dərələr, ormanlar da yox) divanə-divanə elə bağırmaq(!) keçir könlümdən. İlahi! bəndənə ağıl ver, nolar!

Elə buradaca acizanə bir istək boylanır içimdən, - təvəqqedə bulunmaq istəyirəm - "kafa dinlətmək" vaxt öldürmək kimi başa düşülməsin. Vaxt öldürmək cinayətdir, - cəzasını illər ötdükcə çəkirik...

Və yenə də "ələ keçirəm"! Taksi sürücüsü olan bir dostum (qaraçı) arxadan məni səsləyir; hərdən onunla vaxt tapıb "sənət söhbətləri" edirik,- başımın şiddətlə ağrıdığını, təzyiqimin qalxdığını bəhanə gətirərək aradan çıxmaq istəyirəm:

...Məlim, neçə gündür səni axtarıram. Bir məsələ var, cavabını tapmağa kömək elə, bilirəm tələsirsən. Bu, postmodern deyirlər ey, o, nə olan şeydir?

Mən köntöy-köntöy:

- İnternet üzərindən dilənçilik etmək!

- Araya sükut çöksə də, müsahibim söz altında qalmadı:                           

- Sərmayə yatıran olsa, bizim "sənəti" də modernləşdirmək olar.

Yox, bu gün məndə heç nə alınmır. Uzaqlaşmaq və qaçmaq, - ancaq hara? - başım dumanlanıb. Səhərdən məni izləyən sallaqbığ qarşımda dayanıb:

- Bayaqdan arxanca düşmüşəm, görürəm məni tanımadın, ya da tanımaq istəmirsən?!

Diqqətlə ona baxıram. Hardasa görmüşəm, sanki səsini də xatırlayıram. Sözləri elə tələffüz edir ki, elə bil aktyorluq fakültəsinin tələbəsi, ağzında karamel konfeti, məşq edir:

- Estoniya, Tallin şəhəri... bir rota (bölük) da xidmət etmişik...

Hafizəm yavaş-yavaş öz yerinə qayıdır, yaddaşımda o uzaq illər canlanır. Tallinin bəyaz gecəsindən gələn səs:

- Yadındamı, hərbi hissənin bayrağını oğurlamışdıq?

- "Biz" yox, sən oğurlamışdın!

...Səhərlər rəsm-keçiddə (razvod) hər hansı uğura görə bayraq qaldırılırdı. O dövrdə hər şey uğur sayılırdı, - günü başa vurmaq, elə yaşamaq da! Belə günlərin birində hərbi hissə komandiri təntənəli surətdə bayraq qalxsın! - əmrini verdi. Bayraq isə ocaqxananın bacasında dalğalanırdı...

Əsgərlik yoldaşım kövrək-kövrək:

- Qardaş, o günlər gəncliyimizin yuxu dövrü idi.

10.05.2019

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!