Bu romanı dənizlərə, qağayılara və çörək qırıntılarına həsr edirəm
Cavi DAN
(romandan parça)
...Yuxarıdakı sətirləri bu gün səhər yazdım, qızım bütün gecəni öskürmüşdü deyə dərsə getmək üçün oyatmadım və səhərə "İsmin yeddinci halı" ilə başlamağa qərar verdim.
Daha sonra yazdığımı redaktora göndərdim. Birdən-birə də ağlımın ardınca gedib, bu yaxınlarda şəklini internetdən götürdüyüm bir portuqal suvenirini yazdığım kitabın üz qabığı üçün redaktə etdim.
Budur, "İsmin yeddinci halı" adlı romanın kitab cildi hazırdır artıq!
Bəs sonra?
Nə yazacam?
Necə davam edəcəyəm yazıya və bu yolda kimləri görəcəyəm, kimləri dartıb gətirəcəyəm kitabımın içinə, kimləri itələyib qovacağam əsərimi möhkəmcə bağrıma basıb da ürəyimin qapısından o yana, kimlər çağırıb icazə və imkan diləyəcək bu romana düşməkdən ötrü...
Əcəba, əvvəlki romanımın sakinlərindən kimsə yenidən qazana biləcəkmi daha bir kitabımın içərisində yaşamaq şansını?
Daha əvvəl yaratdığım dünyadan kimlər və necə gələ bilərlər görəsən indi qurmaqda olduğum tam başqa bir aləmə?
Bir dünyadan o birisinə adlayacaqmı obrazlar?
Bir yaradıcı eqosu yaraşdıracaqmı bunu özünə?
Yox və bir daha yox?..
Bilmirəm...
Bildiyim tək bircə həqiqət var - mən bu romanı da birnəfəsə və bircə kəlməsini belə qabaqcadan bilməyərək, hətta düşünməyərək yazacağam, yenə transdaymışam kimi, öz yazdığımı yalnız və yalnız məndən başqa kimsə oxuyandan sonra görə biləcəyəm.
Bütün bunları başqa bir adam yazıbmış kimi.
İçində nə yazıldığını, nədən yazıldığını, necə yazıldığını bilmədiyim məktub kimi...
* * *
Soyuqdu bu gün.
Elə bil martın doqquzu yox, dekabrın ortalarıdır.
Bayırda yağış yağır.
Mən anamın bişirdiyi isti toyuq şorbasının adamı yoldan çıxaran ətrini içimə çəkib iri yun şalıma bürünürəm və Saranın evinə yollanıram.
* * *
Birmərtəbəlidir bu ev, qapısı iki pəncərəsinin arasından açılır, çardağında da pəncərə var, bircə pilləsi olan pilləkəndən həyət qapısına qədər irili-xırdalı daş yol döşənib, pəncərələrin hər birisinin qabağında qızılgül kolu əkilib, qapının bir tərəfində balaca bir oturacaqda Sara yağışsız-qarsız günlərin hər birisində oturub mütləq ya kitab vərəqləyir, ya nəsə toxuyur, ya da sadəcə gözlərini alçaq daş hasarın üzərindən boy verən alça, əncir, tut, qoz, xurma ağaclarından birinin budaqlarına dikib saatlarla dinməz-tərpənməz qalır.
Bu gün yağış yağır deyə, Sara öz balaca həyətində görünmür. Mən onun ağappaq krujeva pərdəli pəncərələrindən bayıra solğunca axan işığı görürəm. Pərdənin kənarından içəri boylanıb gözlərimlə əsərimin qəhrəmanını axtarıram.
Budur, o, qara gödək ətəyi və mavi qısaqol köynəyi ilə qarşımdan o yana-bu yana keçir. Əlində dəftərlər var, deyəsən şagirdlərinin yazı işləridir, evə gətirib yoxlamaq üçün. Onları pəncərəyə yaxın olan yazı masasının üzərinə qoyub özü pianonun arxasına keçir, qapağını qaldırıb barmaqlarını klavişlərin üzərində səssizcə gəzdirir. Omu çalmır, mənmi eşitmirəm? Bəs gözlərini niyə yumub, başını niyə arxaya atıb, ayaqlarını niyə hansısa ritmə köklənirmiş kimi tərpədir ki?..
Düzü, bilmirəm belə hallarda neyləyirlər.
Mən müəllifi olduğum əsərin qəhrəmanının evinə qapını döyüb icazəmi istəməliyəm girmək üçün, yoxsa eləcə özümün yaratdığım dünyadayam deyə, ixtiyar sahibliyimi nümayiş etdirməliyəm? Dayanın bir baxım, deyəsən cibimdə açarı da var axı bu qapının?!
Açımmı?
Açmayımmı?
Bilmirəm...
Bilmirəm və elə bu andaca həyət qapısını kimsə dəli kimi döyüb çağırır:
- Sara müəllimə! Sara müəllimə! Açın, nolar! Açın!
Dönüb baxıram, qapının arxasından gələn səsi tanımağa çalışsam da, yaddaşım dinmir, amma Saranın hövlnak çıxıb səs yiyəsini həyətə, sonra da evə salmasından sonra anlayıram bəzi şeyləri. Bu, qonşu kənddən olan on beş yaşlı Nazənin adlı qızdır. Əvvəllər Saranın şagirdi olub, əlaçıymış, keçən il onu üzünü də görmədiyi birisinə nişanlamışdılar, sonra nişanlısı arada bir-iki dəfə on-on beş günlüyünə gəlib kənddə fırlandı, qızı məktəbdən ayırıb evə qapadı, daha sonra isə bir də toy üçün gələcək deyə çıxdı getdi yenə də Rusiyaya. Sonra yadımdadır ki, qızın başqa oğlanla gəzdiyini dedilər, sonra daha başqa birisiylə çıxdı adı, sonra da ümumiyyətlə yava gəzən qız kimi məşhurlaşdı Nazənin. Bircə ilin içində sakit və əlaçı məktəblidən azyaşlı bir fahişəyə çevrildi.
Mən qapının açılması fürsətindən istifadə edib otağa keçmişdim artıq. Saranın ana-bacı qayğısı ilə Nazənini bağrına basmasına, Nazəninin hönkürtü ilə ağlamasına baxırdım.
Qız başdan-ayağadək su içində idi, dar cins şalvarının dizdən aşağısına palçıq çilənmişdi, yağışda uzun müddətdir ki, yol gəldiyi məlum idi.
- Dayan, sənə dəyişək üçün nəsə ayırım, - deyə Sara içində olduğumuzdan daha bir az balaca olan yataq otağına keçdi.
- Noolub, qız? - mən Nazənindən soruşdum.
- İzləyirlər məni, - o, üstündən xalçaya su damdığı üçün utanıb-sıxılaraq qapının ağzına çəkilə-çəkilə dedi, - axtarırlar, tapsalar, yenə döyüb qaytaracaqlar Asyanın evinə, istəmirəm ora getmək, vallah, istəmirəm, amma məcbur eləyirlər, deyirlər, bu dəfə tapsalar, öldürəcəklər, - o, ağladı.
- Sakitləş, - dedim, - ola bilməz ki, hər şey elə beləcə pis davam eləsin, axır bir çıxış yolu tapmaq mümkündür məncə.
- Sizə asandır belə demək, - küskün halda düz gözlərimin içinə baxıb burnunu çəkdi, - belə yazılıb mənim yazım, belə də davam eləyəcək, guya bilmirsiz?
- Mən? - çaşıb qaldım, çarəsizcə ona baxdım...
* * *
Sara otağa gəldi:
- Naz, get dəyiş əynini, çarpayının üstünə nə qoymuşamsa, geyin, sonra gəl, isti çay iç, yeməyim də var, əsas odur ki, qorxma və çəkinmə, bura sənin öz evindir, hesab elə. Oldumu ?
- Oldu, - Nazənin baxışlarını yerlə sürüyə-sürüyə o biri otağa keçdi.
Sara mənə baxdı:
- Sən bunu da yazmaq fikrindəsən?
- Aha.
- Bəlkə...
- Artıq yazılır, Sara!
- Yaxşı, - o, köksünü ötürüb yandakı balaca mətbəxə keçdi.
Bir azdan biz üçümüz də bir masa arxasında oturub böyürtkən mürəbbəsiylə isti pürrəngi çay içirdik.
* * *
Artıq martın 10-dur.
Gecəni Saranın evində keçirmədim, saat iki ilə üçün arasıydı ki, sağollaşıb evə qayıtdım, anam da, qızım da yatmışdılar artıq, qızımın alnından öpüb yatağıma girdim və insanın qarşısında aciz olduğu yuxuya heç bir müqavimət göstərmədən gözlərimi yumdum...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!