Karantində itik - Pəri QASIMZADƏ - Uşaq hekayəsi

 

"Pişik itib! Rəngi: ağ-qara və kürən. Gözləri görmür, hər səsə, hənirə səksəkəlidir. Adı: Çeşir. Belə çağırsanız, dərhal sizə yaxınlaşar. Tapana mükafat veriləcək. Təşəkkür edirik. Tel: 0554798424"

Bu elanı Alpərin babası İçərişəhərə Sabir bağı tərəfdən girişdəki qala divarına yapışdırılmış kağızdan oxudu. Pişiyin rəngli şəkli də verilmişdi: xəstə, aciz yox, gumrah görünürdü, elə bil gülümsəyirdi.

...Alpərgilin evi Sabir bağına yaxın ərazidə yerləşdiyindən o, babası ilə buraya tez-tez gəlir, bağdakı dördayaqlı dostlarını - sahibsiz pişikləri sevdikləri dadlı yeməklərə qonaq edib, onları əyləndirməkdən xoşu gəlirdi.

Babası bu gün də bağda idi. Karantin başlanandan buraya tək gəlirdi. Pandemiya tələblərinə görə uşaqların bayıra çıxması yasaq idi. O, icazəli vaxt ərzində məişətləri üçün lazımı işlərini görür və fürsət tapıb bağa gələrək onları gözləyən küçə pişiklərini yedizdirirdi.

Elanı oxuyanda xeyli qayğılandı: "Görünür, bu pişik təzə itib, dünən elanı görməmişdim. Zavallı vaxt tapıb itməyə. İndi necə olacaq, bütün bağlar, parklar bağlı, buralara nə gələn var, nə yazını oxuyan... Heç ağla gələn şeydir? İçərişəhərin dəmir darvazasına da qıfıl asılarmış. Kim bilir, sonuncu dəfə bu darvaza nə vaxt qıfıllanıbmış... Ehh, kəmfürsət virus, nə girəvə düşüb əlinə! Daraşmısan dünyanın canına, nə mərhəmət bilirsən, nə sərhəd tanıyırsan. Başıtaclı olsan da, zatın naməlum, zərrəcik spirtdən izin-tozun belə qalmır... Yaxşı... vaxtımın bitməyinə yarım saat qalıb, hələ imkan varkən pişiyi özüm axtarım, bəlkə buralardadır".

Baba ətrafı gəzib dolaşdı, "Çeşir, a pişik" çağırsa da, bayaqdan bəri yedizdirdiyi, indi ayağına dolaşan pişiklərdən başqa birisini görmədi.

Elanı telefonuna çəkdi.

Evdə şəkli Alpərə göstərdi. Alpər şəklə baxan kimi pişiyi tanıdı:

- Baba, ay baba, bu ki Humaygilin... eee, yəni Humayın dostu Aliyənin pişiyidir! Necə yəni itib?

Baba:

- Doğrudan? Yəgin bilirsən həmin pişikdir?

- Hə, hə... Yayda Humay tətilə gələndə Aliyəgilə getmişdik, orada görmüşəm. Elə şirin, oynağan pişikdir ki...Yazıq pişik, kaş tez tapılaydı. Baba, birdən onu pis adam tapsa, incitsə...o bir də öz yuvasına qayıda bilməsə...

- Alpərim, bir dayan görüm...axı burada yazılıb ki, o görmür. Aliyəgilin pişiyi görmürdü?

- Yoox... görürdü!

- Onda, balası, səhv edirsən, bu sən deyən pişik deyil.

- Yox e, baba, dəqiq odur. Bax, başı, bədəni ağdır, qulaqlarının arasından quyruğuna qədər qara zolaqları var, əl-ayağı isə kürəndir...məzəli görünür. Yadımdadır, bu pişiyi onların evinə Pətiş gətirmişdi.

- Pətiş? Pətiş kimdir?

- Aliyənin böyük pişiyi... İnanmırsan, Humaydan soruş.

...Humay Alpərin bibisidir, Aliyə də Humayın rəfiqəsi. Hər ikisi musiqiçidir. Neçə il əvvəl Norveç konservatoriyasında bir kursda oxumuşdular. İndi biri Amerikada, o biri Danimarkada təhsillərini davam etdirirlər.

Alpərgil Humayla əlaqə saxlayıb elanın şəklini ona göndərdilər. Humay da məsələni aydınlaşdırmaq üçün təcili Aliyəyə zəng vurdu və sözün düzü, çox peşiman oldu, çünki rəfiqəsinin nə pişiyin itməyindən, nə gözünün zədəli olmasından xəbəri var idi. Atasıgil Aliyəyə heç nə deməyiblərmiş ki, onu bu cansıxıcı karantin zamanında daha da məyus etməsinlər.

Aliyə bu xəbərdən çox sarsıldı. Qəmli-qəmli təsdiq etdi ki, bəli, şəkildəki onun pişiyidir. Sonra pişikləri barədə çox şeyi Humaya, o da öz növbəsində eşitdiklərini Alpərə danışdı. Dediklərinin məzmunu təxminən belə idi...

Çeşir buralara gəlmə pişik idi, amma bilən yox idi necə və haradan gəlib. Bəlkə də İçərişəhərə gəzintiyə gələnlərdən kimsə bu pişiyi orada itiribmiş. Hər halda Çeşir Qədim şəhərdə həmişəlik qalmalı olmuşdu. Özü də Pətişin sayəsində. Necə? Bax belə:

...İçərişəhərin dolanbaclarında azdığını hiss edən Çeşir anlayır ki, artıq sahibsizdir, nə bir daldanacaq yeri var, nə bir yaxını. Dar küçələri, tinləri, dalanları ac-yalavac, sərgərdan xeyli dolaşır ki, nəhayətdə bu qəribə yerdən ayrılıb öyrəşdiyi hay-küylü, geniş yollara çıxa bilsin. Dolanbacların dərinliklərində daha da azır. Əldən düşür. Çarəsiz qalıb bir divar küncündə yerə qısılır. Bir də görür, qarşıdakı evin küçəyə baxan çardağından üç pişik kirimişcə, diqqətlə ona tamaşa edir. Çeşir sevinir, ürəyində ümid yaranır ki, aha, bəlkə bunlar elə mənim yeni dostlarımdır. O da tilsimlənmiş kimi gözünü həmin pişiklərdən çəkmədən düşünür, görəsən, onlarla necə tanış ola bilər. Belə xoş ovqatda ikən qulağının dibində hirsli bir miyoltu eşidir:

- Miyoo! Nə heykəl kimi durub baxırsan? O gördüklərin əsl pişiklər deyil e, heykəllərdir, bildin? Sən kimsən, burada nə işin var?

Çeşir bu vahiməli səsdən diksinib, əsməyə başlayır, dili söz tutmur:

- Myo-myo, məən... azmı...şam...

- Azmısan? Biz sənə yolu göstərərik. Təcili çıx get Bayır şəhərə. Bura bizim məhəlləmizdir, əsl-nəcabətli, tox pişiklərin məhəlləsi. Bax o gördüyün heykəl pişiklər var ha, onlar bizim şənimizə qoyulub. Dədə-babadan burada yaşayırıq, qoymarıq hansısa küçə pişiyi gəlib yerimizi dar eləyə. Düz deyirəm, a qonşular?

Və Çeşir bir də görür ətrafı pişiklə doludur, heç xəbəri yox, hamısı gözünü ona zilləyərək hücuma hazırlaşırmış kimi çöməlib əmr gözləyir. Çox qorxur, bilmir nə etsin, divara daha da bərk qısılır, "ay aman, kömək edin, bu acıqlı məxluqlar üstümə cumacaqlar!" - deyə bağırmaq istəyir. Təlaşdan boynunu içinə çəkib gözlərini bərk-bərk sıxır...Yenidən bir anlığa açanda görür ki, pişiklər, əksinə, yavaş-yavaş geri çəkilir. Bayaqdan özünü pələng bilən, indi isə birdən-birə nəyə görəsə, büzüşüb suda islanmışı xatırladan o xudpəsənd də yaltaq-yaltaq kiməsə yol verir. Çeşir bir qədər toxtayır. Özünü dikəldir, irəlidə başını dimdik tutaraq ağır-ağır addımlayan bir pişiyi görür. Tünd boz rəngli, qamətli, iri kəhrəba gözlü həmin pişik ara bir dayanıb tüklərini qabardaraq ətrafdakı pişiklərə qəzəblə fısıldayır...

Aramla ona yaxınlaşan pişiyin zəhmli görünüşündən Çeşirin ürəyi tappıldayır. Həyəcandan yumağa dönüb səssizcə ağlamağa başlayır... Kəhrəba gözlü pişik Çeşirin qabağında dayanıb diqqətlə onu süzür. Sonra ağlar, fəqət mehribancasına gülümsəyən üzünə baxır, baxır... Sınayırmış kimi onun üz-gözünü iyləyir... Və gözlənilmədən... nəvazişlə başını onun başına sürtərək sərt tərzdə deyir:

- Bayaqdan bəri burada nə boş-boş danışırsan? Hə?!

Çeşir çaşır, dili topuq vurur:

- Axı mə..., m...

- Sənə demirəm... Bəsdir qorxudan əsdiyin, sakitləş! Deyəsən azmısan, hə? Aydındır... deməli belə, sən bu gündən mənim yanımda qalacaqsan, dostun da özüm olacağam, əgər istəsən! Yox əgər buradan getməyi düşünürsənsə, buyur, yol açıqdır, özüm səni yola salaram.

Sonra isə bayaqkı lovğa pişiyə tərəf heç baxmadan, saymazyana, amma qəzəblə:

- Sözüm sənədir, qulağını yaxşıca şəkləyib məni dinlə! Neçə il öncə nə bilim haralardansa buraya gəldin, yalvarıb-yaxardın ki, yazığam, yurdum-yuvam yoxdur. Dedik, yaxşı, qalmaq istəyirsən, burada qala bilərsən. Deməli, sən də elə ki, özünə yer elədin, mənəm-mənəmliyə başladın? Nə cəfəngiyyatdır deyirsən, guya pişiklərin heykəli də sənə aid imiş...Bir özünə bax, bir də o heykəllərə...Çox gülməlisən... Sözün qısası, itil buradan, bir də gözümə görünmə! Eşitdin? - deyir.

Həmin pişik müticəsinə:

- Baş üstə, baş üstə, - deyib aradan çıxır.

Kəhrəba gözlü pişik o biri pişiklərə üz tutub narazı-narazı:

- Sizə də ar olsun, qoşulmusunuz qorxağın birisinə... Dağılışın... indidən belə işinizi bilin!

...Bəli, həmin qürurlu, ötkəm pişik Pətiş idi. O, İçərişəhərdə Aliyənin rəssam atasının emalatxanasında yaşayırdı. Qədim şəhərin sfinks pişiklərinə bənzər yekə, şiş qulaqlı, kiçik, uzunsov başlı, nazik boğazlı əsl cins pişiklərinin azsaylı nümayəndələrindən biri idi, neçə-neçə firça ustası onun xüsusi görünüşünü rəsmləndirmişdi. Hamıya da bəlli idi ki, İçərişəhər pişiklərini timsallandıran o heykəl pişiklərdən biri elə Pətişin heykəlidir. Demək, o, Qədim şəhərdə seçilib-sayılan pişik idi.

Pətiş həm də dünyagörmüş pişik idi, sözün birbaşa mənasında dünya görmüş pişik. Aliyə ilə bir çox ölkələrə səfərlərdə olmuş, məşhur konsert salonlarında diqqət çəkmədən, xəlvəti dolaşmışdı. Yeni yerləri gəzdikcə nələrsə öyrənmişdi. Yunanıstanda olarkən məəttəl qalmışdı ki, oranın pişikləri görünüşcə necə də ona oxşayır. Yunan pişikləri də onu eləcə doğmaları bilmiş, şəhərin gəzməli küçələrini onunla bərabər gəzişmişdi. Pətişlə yunan pişiklərinin oxşarlığı o zaman Aliyəyə də maraqlı gəlmişdi: "Afina hara, İçərişəhər hara? Ancaq nə bilmək olar, bəlkə əcdadları birdir", - deyə düşünmüşdü.

Pətişin başına çox macəralar gəlmişdi. Bir dəfə onlar Osloda olarkən həbsə də düşmüşdü. Aeroport yoxlanışında məlum olubmuş ki, ona aid sənəddə hansısa bir peyvəndin qeydi yoxdur. Onu üç ay başqa bir şəhərdə pişiklər üçün xüsusi sığınacaqda saxlamışdılar. O zaman Aliyə ilə pişik çox əziyyət çəkdilər. Aliyə bir müddətdən sonra böyük cərimə ödəməklə Pətişi geri ala bildi. Üzüntülü ayrılıqdan sonra görüşləri ürəkisidən xatirəyə döndü. Pətiş Aliyəni görən kimi qucağına hoppanıbmış, dərhal da dərin yuxuya gedibmış...

Əlbəttə, Pətiş sahibsiz qalmağın, ayrı-seçkiliyin nə olduğunu yaxşı anlayırdı...

Pətiş adını ona Aliyə qoymuşdu. Heç özü də izah edə bilmirdi niyə məhz Pətiş? Pişiyi görən andan dilinə, ürəyinə bu ad yatdı: Pətişsən, vəssəlam. Çeşiri isə elə ilk dəfə qucağına alanda Aliyə qərara gəldi ki, bu pişiyin adı məhz Çeşir olmalıdır. Pişiyin ona şirin təbəssümlə baxdığına görə... Məşhur bir uşaq nağılının qəhrəmanı, üzündən təbəssüm heç vaxt əskik olmayan pişiyin də adı Çeşir idi.

...Aliyə Humaydan pişiyin itməsini, ardınca atasından sevimli Çeşirin gözü ilə bağlı naçar hala düşmə səbəbini eşidəndə çox üzülmüşdü.

Doğma Bakısından uzaqlarda, öz mənzilində dünyanın virus kabusuna qarşı "evdə qal"dığı bu günlərdə Aliyə əzizləri, dostları, eləcə də sevimliləri Pətiş və Çeşirlə internet üzərindən ünsiyyət saxlayırdı. Pişiklər belə görüşləri çox xoşlayırdı. Bir-birinə aman vermədən hərə bir tərəfdən kompyuterin ekranına üzünü sürtür, Aliyənin görüntüsünü yalayır, dil boğaza qoymadan miyoldayıb Aliyəyə nələrsə danışırdılar. O da onların dilini, şəksiz, anlayır, onları əzizləyib oxşayırdı.

Aliyə sonuncu dəfə pişikləri ilə skaypda görüşəndə kefləri kök idi axı. Necə oldu ki, az sonra Çeşirin başına belə bir iş gəldi? Humay Aliyədən öyrəndiklərini Alpərgilə danışdı.

...Aliyəgilin yeni qonşularının cığal, ərköyün oğlu pişiklərin qənimi imiş. Onları cırnatmaqdan, qaç-qovduya salıb pərən-pərən etməkdən zövq alırmış. Nə qədər danlanıb töhmətlənsə də, vecinə almaz, yenə bir pişik görüncə xəlvətə salıb onu təpikləməsə, arxasınca qaçıb üstünə su fışqırtmasa əl çəkməzmiş. Su fışqırtması həmin uşağın ən sevimli əyləncəsi imiş. Pişiklərin isə, məlum məsələdir, suya basılmaqdan zəndeyi-zəhləsi gedir.

Bu dəfə pişiklərin qənimi lap azğınlaşdı. Emalatxananın qapısında rahatca dincələn Çeşiri görüncə evdə virus dezinfeksiyası üçün hazırlanan maye qabını tez götürdü, özünü günə verən zavallı pişiyə oğrun-oğrun yaxınlaşıb mayeni düz onun üzünə fışqırtdı.

Yazıq pişik sıçrayıb fırfıra kimi fırlandı, ağrıdan qovrularaq üzünün, gözünün göynərtisindən özünü ora-bura çırpdı, başını daşa-divara sürtdü... Zarıltılı miyoltusu ətrafı bürüdü. Pətiş və pişiklər onun başına toplaşdılar və məzlum-məlul davranışından anladılar ki, ən çox gözü zədələnib və o heç nə görmür... 

Karantin vəziyyəti olduğundan həmin gün pişiyi həkimə aparmaq mümkün olmadı. Aliyənin atası qərara aldı ki, Çeşiri həkimə səhər tezdən aparsın. Səhər ertədən isə gördülər, Çeşir yoxa çıxıb! Hər yeri ələk-vələk etdilər. Çeşir tapılmadı ki, tapılmadı. Burada deyilsə, deməli, onu Bayır şəhərdə axtarmaq lazımdır. Bəs necə etsinlər, karantindir axı, şəhərə çıxmaq qadağandır. Son ümid kimi divara elan yapışdırdılar.

...O nanəcib uşağın cəzasını Pətiş verməyə bilməzdi: oğlanın qapısının ağzında, eyvanlarının altında vurnuxa-vurnuxa, ara vermədən elə miyoldadı ki, pişiyin qəzəbindən qorxub xilas üçün otağın içində siçan deşiyi axtaran oğlan başa düşdü ki, onu bu dəfə bağışlamayacaqlar. Əməlinə görə cavab verməli olacaq. Başqa pişiklər də Pətişə qoşulmuşdu, oğlanı gözləyirdilər ki, çıxan kimi üstünə cumsunlar, yaxşıca dərsini versinlər.

Bu hadisədən sonra oğlanın ailəsi İçərişəhərdə, ədəb-ərkan qaydaları vacib tutulan məhəllələrdə çətin ki, duruş gətirib yaşamağa davam edə biləcəkdilər, oradan tezliklə köçməli olacaqdılar, çox güman...

Pətiş səhərədək həmin qonşunun qapısının qabağında var-gəl etdi, gözlədi, oğlan çölə çıxmadı. Sona qədər gözləyəcəkdi. Amma Çeşirin itməyini bilən kimi oğlanla haqq-hesab çürütməyi pişiklərə tapşırdı, özü isə dərhal Çeşirin axtarışına başladı. Qala divarlarının çöl tərəfdən bütün həndəvərlərini gəzib-dolaşdı, zülüm-zülüm miyoldayıb Çeşiri səslədi, və nəhayət, dostunun doğma, əziz, fəqət olduqca zəif cavab miyoltusunu eşitdi. Tez səs gələn tərəfə qaçdı. Çeşir divar dəliyinin içində gizlənmişdi, ancaq müşkül onda idi ki, ora necə girmişdisə, çıxa bilmirdi, sanki divara pərçimlənmişdi. Pətiş dəliyə saldığı pəncəsi ilə Çeşiri dartdıqca dartdı ki, onu çıxartsın, alınmadı. Çarəsiz qalmışdı, adətən adam əlindən tərpənmək mümkün olmayan küçələrdə tərslikdən kimsə yox idi ki, ona kömək etsin. Şəhəri heç zaman belə yalqız görməmişdi. Bilmədi nə etsin, həyəcan içində o tərəf-bu tərəfə qaçdı... Bir də gördü, uzaqda başdan-ayağadək qəribə, ağ paltarda, üzü örtülü, gözündə iri eynək bir nəfər əlcəkli əlində tutduğu rezin borunu sağa-sola yellədərək yavaş-yavaş gedir. İndiyədək bu qiyafədə adam görməmişdi. Bu kimdir? Nə edir? Bəlkə həkimdir? Amma yox, kürəyində qutu var, əlində rezin boru, dayanmadan ətrafını sulayır. Hə, bəlkə bağbandır? Yox axı, ağacları, otluqları sulamır e, asfalt örtüyünü sulayır... Çaşbaş qalmışdı. Ehtiyat etsə də, imdad üçün yaxınlaşmağa məcbur oldu. Qabağında dayanıb inadla miyoldamağa başladı. Adam ona əhəmiyyət vermədən işınə davam etdi. Pətiş bu dəfə daha inadla, aramsız miyoldadı. Adam Pətişi cavabsız buraxıb ciddiyyətlə öz işində idi. Pişik onun arxasına keçib həşirlə şalvarını dartışdırmağa başladı. Adam dayandı, üzündən şüşə örtüyü açıb dedi:

- Ay pişik, nə veyillənirsən burada, qabaqkı vaxt deyil e... get evinə, buraları dərmanlayıram, tez get.

Pişik adamın ayağının üstünə hoppanıb caynaqları ilə ondan bərk yapışdı, israrla miyoldayaraq başı ilə haranısa göstərməyə çalışdı.

Dərmançı:

- Ay pişik, oyun oynamağa indi heç təhərim yoxdur, düş ayağımın üstündən, işim başımdan aşır. İncimə, get buradan.

Pətiş isə əl çəkmir, fasiləsiz miyoldayırdı. Dərmançı təslim olub pişiyin onu dartdığı səmtə addımladı. Pətiş divarın dibində dayandı.

Dərmançı:

- Hə, nə olsun, nə var burada, niyə məni buraya gətirdin, niyə məni avara edirsən?

Dərmançı dönüb getmək istəyəndə Pətiş bir neçə dəfə divara hoppanıb düşdü. Və onda Dərmançı dəlikdə gizlənmiş pişiyi gördü:

- Buna bax, biri də burada peyda oldu. A pişik, başına yer qəhətdir bu deşiyin içinə girmisən? Bəsdir oyun çıxartdın, dostun səni gözləyir, düş oradan.

Çeşirin səsi çıxmırdı...

Dərmançı:

- Vay-vay, bu yazıq heç tərpənmir ki...

Dərmançı zorla pişiyi dəlikdən çıxartdı. Bədəni, başı yara idi, gözündən qan axırdı. Pişiyi yerə uzatdı. Halsız idi. Zorla nəfəs alırdı.

Pətiş çarəsiz pişiyin başına firlanır, yaralarını yalayır, kömək üçün yalvarıcı baxışlarla Dərmançıya baxırdı.

Dərmançı:

- Ay pişik, üzümə elə baxma, başqa vaxt olsaydı, mütləq sizə kömək edərdim, indi isə alınmır. Kaş biləydin, hələ nə qədər iş görməliyik ki, bizi dar macalda yaxalayan bu virusun kökü kəsilsin ...

Pətiş isə əl çəkmir, məyus miyoltuları ilə həm özünün, həm adamın ürəyini üzürdü.

Dərmançı:

- Buna bax e, elə bil adam dili bilir, nə deyirəmsə, başa düşür. Axı mən nə edə bilərəm?

Pişiklərin hər ikisi onu çaşbaş qoymuşdu. Bir qədər fikirləşib cibindən telefonunu çıxartdı, üzünü Pətişə tutub qayğılı-qayğılı dedi:

- Bir aman ver, görüm nə edirəm, qoy bir idarəyə zəng vurum... Alo, salam. Hə, mənəm. Təxirəsalınmaz işim çıxıb, sözün qısası, bir pişik var, yaralıdır. Hə, hə, pişik! Əşi, nə zarafat. Zarafat vaxtıdır? Niyə başa düşmürəm? Hər dəqiqəmiz qızıldır, bəli, bu virus qəddar düşməndir, aman vermədən hücumdadır, biz də döyüşdəyik, qalib gəlməliyik... Hər şey aydındır...Siz də məni başa düşün. Sizcə, bu yazıq heyvanı atıb getmək günah olmaz? Bəli, onu həkimə göstərib tez qayıdacağam... Əmin olun, bütün gecəni işləyib öhdəmdə olan hər yeri dərmanlayacağam... Oldu, oldu... Hələlik... Hə, demək belə, ay inadkar pişik, sən deyən oldu... bir dostum var, baytar həkimdir, aparacağam onun yanına. O qədər it, pişik sağaldıb ki, inanıram, bizim pişiyə də çarə tapar. Ora avtobusla getməliyəm. Sən narahat olma, həkim ona dava-dərman eləsin, yenə bura qayıdarıq, gözlə bizi.

Dərmançı xalatının qabağını açdı, şərfini çıxardıb pişiyi ehmallıca ona bükdü, qucağına alıb, dayanacağa yollandı.

Avtobusda bircə nəfər də sərnişin yox idi. Çiynindəki ağır bağlamanı yerə qoydu, qucağındakı pişiyi sığalladı, rahatlanıb gözünü yumdu ki, bir az dincini alsın. Birdən qulağına miyoltu səsi gəldi: " Yenə pişik?! Deyəsən, bu gün pişiklər məndən əl çəkməyəcək..."- deyindi. Bir də baxdı ki, aralıda bir cüt kəhrəba göz nigarancasına ona və qucağındakı pişiyə zillənib. Dərmançını gülmək tutdu:

- Yenə də sən... heç sözə baxan deyilsənmiş. Sən necə, nə vaxt avtobusa minmisən ki, mənim heç xəbərim olmayıb...Yaxşı, yaxına gəl... üçümüz də azca dincələk, - dedi.

Həkim Çeşirin yaralarını təmizləyib dərman çəkdi, gözlərini diqqətlə müayinə edib xüsusi məhlulla yudu, dərman damızdırdı. Dedi, zədəsi ciddi deyil, görmə qabiliyyəti tezliklə bərpa olacaq. Ancaq bu gecə pişik burada qalmalı, gözlərinə vaxtaşırı dərman damızdırmalıyam.

Dərmançı çox sevindi, onların söhbətinə qulaq kəsilən Pətiş də anladı ki, hər şey yaxşı olacaq, quyruğunu buladı, başını gah həkimin, gah da Dərmançının ayaqlarına sürtərək məmnun-məmnun miyoldadı.

Dərmançı pişiyə:

- Hə, eşitdin? Rahatlan, dostun sağalacaq. İndi isə çox tələsirəm, işə qayıtmalıyam, gedək.

Pətiş bu sözləri eşitcək aradan çıxdı. Dərmançı həkimin otağını nə qədər axtarsa da onu tapa bilmədi. "Hə, aydındır, gizlənib. Nə vəfalıdır! Pişik dostunu tək buraxıb getmək istəmir..." - düşündü.

Dərmançı səhər tezdən həkimin yanına qayıtdı. Bütün gecəni işləmişdi, yolları, yeraltı keçidləri, mağazaların ətrafını, binaların girişlərini dərmanlamışdı, milyonlarla virusu yox etmişdi. Çox yorulmuşdu. Amma görəndə ki, dünənki o halsız pişik indi tam dirçəlib nəlbəkidən marçhamarçla süd içir, o biri pişik də yerdə uzanıb quyruğunu yellədərək dostuna tamaşa edir, bütün yorğunluğu anındaca çəkildi. Dərmançının gəlişinə Pətiş çox sevindi, yerindən sıçrayıb yanına cumdu, çoxdan tanıdığı əzizi kimi ona sığındı.

Dərmançı pişikləri tapdığı yerə gətirdi, hər ikisini sığallayıb bərk-bərk bağrına basdı. Sonra gülümsəyərək:

- Hə, haydı, qoçaqlarım, gedin öz yuvanıza, mən də gedim işimin dalınca. Qoy karantin bitsin...arxayın olun, tezliklə virusun özünü ömürlük karantinə salacağıq, onda görüşərik, - dedi.

Dərmançı getdi, pişiklərsə uzun müddət onun arxasınca baxdılar. Dərmançı ara bir geri dönüb onlara əl edəndə pişiklər hər dəfə istədilər onun yanına qaçsınlar, onunla bərabər olsunlar. Amma olmaz, Dərmançının işi var ...

Bayır şəhər adamsız idi, birdən-birə maraqsız, bomboz, darıxdırıcı olmuşdu. Pətişlə Çeşir buranı tərk edib evə qayıtmağa tələsdilər. Sevdikləri ilə görüşmək üçün, başlarına gələnləri evdəki gümüşü "qutuda" olan Aliyəyə öz dillərində danışmaq üçün. Dərmançıdan deyiləsi o qədər sözləri var idi... Demə, o da pişiklərin dilini bilirmiş. Elə Aliyənin özü kimi.

...Sabir bağının pişikləri isə səhər açılandan babanın yolunu gözləyirdirər. Onu görən kimi tez ətrafına toplaşdılar. Ac pişik xorunun uca notlu miyoltuları səssiz bağı bürüdü.

Baba:

- Gəlin, mənim pişiklərim. Həşir qoparmayın. Ay balaca, sən də gəl, yemək çoxdur, hamınıza çatacaq. Hə, deyin görüm, nə var, nə yox? Çeşiri heç görən olubmu? Nə məsələdirsə, Alpərgil deyir, dünəndən Pətiş də yoxa çıxıb...

Baba pişikləri yemlədikcə öz-özlüyündə fikirləşirdi: "Kaş Alpər də mənimlə olaydı. Bəh-bəh, əcəb təmiz hava var! Şəhərimiz sanki bu karantini gözləyirmiş, asudə nəfəs alır, səs-küy yox, tıxac yox, ağaclar da, səma da, günəş də sevinir elə bilir. Kaş həmişə belə olaydı. Amma, əlbəttə, virussuz! Hələ quşlara bir bax, heç vaxt burada belə dəstə-dəstə, növ-növ quş görməmişəm. Deyəsən, aralarında tutuquşu da var. Maraqlıdır, görəsən, o haradan gəlib çıxıb buralara?

...Pişiklərin başı yeməyə bərk qarışmışdı.  

Baba: 

- Siz yeyin, mən də gedim. İcazəli vaxtım bitir.

Birdən nə baş verdisə, pişiklər bir andaca başlarını qaldırıb üzlərini eyni səmtə döndərdilər və dərhal güllə kimi oraya götürüldülər.

Baba:

- Nə oldu, nə baş verdi, yeməyiniz qaldı, hara qaçdınız?

Baba baxdı ki, pişiklər bir az aralıda dayanıb elə bil nəyinsə başına yığışaraq dairə şəklində toplandılar. Gülməli görünürdülər, aramsız miyoltuların əks-sədasından elə təsəvvür yaranırdı ki, nə isə vacib bir məsələni müzakirə edirlər. Baba bir az onlara tamaşa edəndən sonra çönüb evə getmək istəyəndə gördü ki, pişiklər ona tərəf qayıdırlar. Diqqətini aralarında ləngərli yerişi ilə seçilən qamətli bir pişik cəlb etdi. Onu tanımamaq mümkün deyildi. Lap yüz pişiyin içində olsa belə. Bu, Pətiş idi!

Pişiklər yaxınlaşdıqca baba Pətişə qısılaraq addımlayan başqa bir pişiyi də tanıdı. Bu da elanda barəsində danışılan itgin düşmüş üçrəngli pişik idi. Gülərüz, mehriban Çeşir!

Baba:

- Nəhayət, tapıldılar, ikisi də birdən! Əla! Xoş gördük, qəhrəmanlar. Gəlin, gəlin bir sizə yaxşı-yaxşı baxım. A pişiklər, bu nə məsələdir belə? Əvvəl bir-bir itirsiniz, indi də heç nə olmamış kimi qəfildən peyda olursunuz. Özü də bir yerdə. Hamı sizdən nigarandır, - deyib Çeşirə yaxınlaşdı.

- Səni çox incidiblər, xəbərim var, - deyə onu qucağına qaldırıb sığalladı, gözünə baxdı, başını qaşıdı, əzizlədi, sonra əyilib ehmalca yerə qoydu.

Çeşir məmnunluqla quyruğunu bulayıb iti addımlarla Pətişin yanına qayıtdı. Baba təəccüb içində Çeşirin hərəkətlərinə baxaraq:

- Heç nə başa düşmürəm... Axı pişiyin gözü... Yox e, bu, deyəsən... görür. Qoy bir yoxlayım. A Çeşir, bir də bura gəl görüm... Hə, hə, pişik əməlli-başlı görür. Əla! Bax, buna deyərəm əla xəbər, özü də karantin zamanında. Gedim Alpərə xəbər verim. O, Humaya, Humay da Aliyəyə desin. Bu şad xəbər dünyanın azarlı vaxtında Bakıdan Amerikaya, Amerikadan da Danimarkaya çatsın.

Aliyənin, Humayın dünyanın çox yerindən dostları Çeşirin əhvalatını bilirdilər, indi onlar da "evdə qal"a-qala bu xəbərdən sevinsinlər. 

...Pətişlə Çeşir qoşa addımlarla İçərişəhərə varid oldular...

Çeşirin tapılması hamı üçün bayram oldu. Pətişi alqışlayırdılar: "Afərin, Pətiş, xilaskarsan!"

Pətiş isə susurdu. Adamlar onun dilini başa düşsəydilər, uca səslə hamıya hökmən bəlli edərdi: "Əsl xilaskar mən deyiləm... mehriban... fədakar... dərmançıdır!".

Beləliklə, bu günümüzün qəhrəmanı odur. Meydanları sulaya-sulaya virusa meydan oxuyan xilaskar!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!