Unutmayaq ki, insansız dünya heç İblisə də gərək deyil.
...Çoxdan bu yolun beli ağrı çəkmirdi; nə gələn vardı, nə gedən. İllərdi ağır yük maşınlarının zəhmindən silkələnən şoseyə qədər uzanmış çınqıllı yol, sanki yüz ilin yorğunluğunu canından çıxarıb yüngül nəfəs alır, daha əvvəlki qədər boğulub təngimirdi. "Kamaz"ların kobud rezin "ayaqlarına", uğultusu qulaq batıran traktorların cırmaq atıb sinəsinə dağ çəkən tırtıllarına öyrəncəli çınqıllı torpaq bu asudəliyi, bu rahatlığı heç vaxt hiss etməmişdisə də, artıq ayaq izlərinə, maşın hənirinə həsrətdən karıxırdı astaca...
Yaz təzəcə girdiyindən haləsi solğun görünən Günəş, əhvalı xəstə qarı kimi tez-tez dəyişən buludlu səma, səhərə yaxın kəssə də, neçə gündü uğuldayan külək də həmənki idi - tanış və doğma. Təkcə sükut, ətürpədən o qorxunc sükut yad idi. Haylı-küylü bu yerlər sükuta öyrəşməmişdi. Qəribə idi ki, obaşdandan şəhərdən daşınan təzə tullantıları gözləməkdən bezib zibilxananın dərinliyinə çəkilmiş baxımsız, sahibsiz itlər də, bu səssizliyin hələ uzun sürəcəyinə arxayınlaşıb azad-asudə vurnuxmaq əvəzinə, yeraltı səltənətlərinə qısılmış siçovullar da kirimişcə hansısa fəlakətin yaxınlaşdığını, bəlkə də artıq baş vermiş müsibətdən xəbərdar kimi rəftar edirdilər. Sanki dünyanı vecinə almadan son dəfə bura boşaldılmış üfunət saçan zibil topalarına daraşmış mozalan və ağcaqanad sürüsünün iyrənc vızıltısı eşidilməsəydi, dünyanın səsdən məhrum olduğu sanılardı.
Bəzi insanlar, - hələ "bomj"ları demirəm, - əlacsız, möhtac insanlar səhərin gözü açılmamış bura gələrdi axı? Şəhərin küçə və həyətlərindəki zibil qutularında eşələnməkdən abır edib utanan, karton qutular, plastik və metal bankalar, dəmir, əlvan metal parçaları toplayıb maddi ehtiyaclarını ödəmək üçün satanlar hardaydı bəs? Sanki şəhər sakinlərini bir gecədə başqa planetə köçürmüşdülər. Yaxşısını, pisini də, oğrusunu, doğrusunu da...
Yol kənarında, buralara xas olmayan, daha doğrusu, ağ şalvarda qara yamaq kimi gözə çarpan tumurcuqlamış tənha yasəmən kolu bəlkə də dünyanın var olduğundan xəbər verən yeganə Tanrı möcüzəsi idi. Hə, bir də o.
O, uzaqda görünən, iri maşınlarla ardı-arası kəsilmədən məişət tullantıları daşınan nəhəng şəhər zibilxanasının "sakini" idi. Bir vaxtlar gözəl şəhərin kənarındakı dəbdəbəli villada bəxtəvərcəsinə yaşayardı. Sadəlövh sahibinin xəyanətkar sevgilisi tərəfindən qovulduqdan sonra üz tutduğu bu sığınacaqdan ilk dəfə başına gələcəklərdən qorxmayaraq, geriyə - lap təhqir edilib qovulsa belə, - sahibinin yanına dönmək istədi. Ən azından nə baş verdiyindən hali olub rahatlanmaq üçün... Axıracan çözələyə bilmədiyi naməlum təlaşdan ürəyi çırpınırdı. Artıq, havadan belə asıla qalmış bu ölüm qoxusu andıran hərəkətsizlik, susqunluq varlığını əzməyə başlamışdı. Məsum görünsə də, ürəyini toxtada bilməyən yasəmən kolunun həndəvərində bir xeyli dolaşdı, gülün ətrafa yayılan bihuşedici ətrini könülsüzcəsinə burnuna çəkdi, boş qalmış yola yenidən məzlum-məzlum nəzər yetirib zingildədi. Heç cür uyğunlaşa bilmədiyi bu cansıxıcı, qüssəli aləm ürəyini yamanca sıxdı.
Sulanmış qızaran gözləri gecə-gündüz bilmədən yük daşıyan ağırtonnajlı maşınların ardınca yol boyu havadan asılı qalan, qabaqlar heç də xoşu gəlmədiyi toz-dumanından ötrü darıxdı. O yolun sonunda haylı-haraylı şəhər başlayırdı.
Dayana bilmirdi. Bu yol heç vaxt belə fağır və sakit olmamışdı axı. Bitib tükənməyən dərin narahatlıqdan qurtulmaq üçün üzü şəhərə sarı götürüldü. Yolboyu korlaşan yaddaşında ilişib qalan qırıq-qırıq xatirələri canlanırdı. Gah şirin, gah acı xatirələri... Onu ta körpəliyindən öz balası qədər əzizləyib böyüdən ilk sahibi Kərim kişi o dünyaya köçəndən sonra sərgərdan dolandığı tənhalığını, sonra təsadüfən rastlaşdığı sadəlövh milyonçu "xozeyinin" evində keçirdiyi gözəl günləri yada salıb kövrəldi. Sahibsiz qalan dönəmdə, bəzən tək-tənha dolaşdığı qumsal kənd yolunda, bəzən də elə sakini olduğu şəhərin dolanbac ara küçələrində şitliyindən qalmayan dəcəl uşaqların iştahla yedikləri dönər dürməclərindən heç olmasa bir tikə kəsib qonaq etmək əvəzinə, üz-gözünə, belinə yarımçıq yoğurt, ketçup bankaları çırpdığı, qudurğan, harın yeniyetmələrin əvvəlcə butulkalardan üstünə su, bəzən kola fısqırdıb, sonradan amansızcasına zingildəyib haldan düşənəcən daşa basdıqları anları da xatırladı.
Ləhləyə-ləhləyə çınqıllı yolu ötüb, geniş, lakin cansıxıcı şoseyə çıxanda təəccübündən donub qaldı. Tövşüdüyündən yol kənarında dayanıb ətrafı key kimi dinşədi. Nə baş verirdi? Əlahiddə hissləri onu aldada bilməzdi. Əvvəllər tez-tez çətinliklə keçdiyi bu yolu belə kimsəsiz görməmişdi. Dayanmadan o üz-bu üzə şütüyən avtomobillərdən qorunmaq üçün bəzən saatlarla gözləmək lazım olduğu halda, indi suyu qurumuş dəyirmana oxşayan, ucu-bucağı bilinməyən magistralı boş görüb duruxdu. Heç nə başa düşmək iqtidarında deyildi. Bir qədər ötərgi baxdı, bir zamanlar uzun-uzadı tıxaclarıyla, saysız-hesabsız qanlı-qadalı qəzalarıyla xəbər proqramlarında gündəm yaradan, indi isə boşluğu və genişliyi qorxu və vahimə doğuran şosenin düz ortasıyla şəhərə istiqamət götürdü. Qəfil hər şey əvvəlki məcrasına düşər deyə, ara-sıra sağ-soluna çevrilib baxır, yolda ondan savayı nəinki bir canlının, hətta avtomobilin olmadığına əmin olanda daha da həyəcanlanır, qüssədən addımlarını bir az da yeyinlədirdi. Sanki dünyada ondan, dolub durmuş səmadan, bir də sonu görünməyən sirinsəmiş bomboz şosedən başqa heç nə yox idi. Ətrafda elə sükut hökm sürürdü ki, qəfil çaxan şimşək "mən də varam" deyənəcən addım səslərinə qarışan ürəyinin guppultusu dik durmuş qulaqlarında uğuldadı...
Şəhərin giriş qapısına çatanda yorulub əldən düşsə də, qüsə və kədərdən sıxılaraq iki ağız hürdü. Sonra, lap bərkdən... Sonra, bir də...
Nəhəng meqapolisin səmaya qucaq açan göydələnləri elə bil sahiblərinin çoxdan unutduğu, ziyarət edilmədiyindən toz basmış boz qəbir daşlarıydı, yolayrıcında, əli alnında gözləri yol çəkən qocalar kimi dayanıb hey sonsuzluğa baxırdı... Adam gözə dəyməyən şəhərdə qəfil eşidilən cingiltili səsi bir-birinə qısılan beton binalarda əks-səda verib geri qayıdanda, öz səsinin gurultusundan diksinib bir az geri çəkildi. Qorxdu. Sakinsiz şəhərlərdə ən alçaq evlər də nəhəng, ən dar küçələr də ümman kimi nəhayətsiz görünürmüş!
İçini bürüyən vahimədən üşəndi. Asta-asta prospekt boyunca addımlayıb heç vaxt təsəvvür edə bilməyəcəyi bu müdhiş boşluqdan uzaqlaşmaq, içərilərə, əsasən bayramlarda, möhtəşəm karnavallarıyla bütün sakinləri bir yerə yığan, daima bəxtəvərlikdən coşub-daşan mərkəzə yox, bayaqdan onu bura çəkib gətirən arzusunun dalınca, bir zamanlar xoşbəxt yaşadığı şəhərin kənarındakı evə sarı üz tutdu.
Qəzet parçaları, selofan paketlər uçuşan səkilərdə, ara küçələrdə qəribə yalqızlıq və məyusluq hökm sürürdü. Birdən, gördüyü mənzərə halını dəyişdi, ayaqları asfalta mıxlandı, baxdı ki, iri marketin divarının tininə qısılıb, yəqin ki, çoxdan, ya anasını, ya da sahibini axtaran, bu halına acıyıb kimsənin ona sahib çıxacağına ümidli balaca pişik balası nisgilli-nisgilli miyoldayır. Şəhərin ürək parçalayan boşluğuna bir az da kədər qatan bu səs hələ bəstələnməmiş ən qəmli rekviyemin - ölü duasının ilk akkordlarıydı, sanki. Fağır-fağır imdad diləyən pişik də onu gördü, əvvəlcə gözlərinə inanmadı, deyəsən, hətta duruxub bir az da divara qısıldı, yumağa döndü, amma çox çəkmədi ki, arxayınlaşdı, daha ürəklə miyoldayaraq nəhayət ki, ona həyan ola biləcək bir canlıya rast gəldiyindən ehmallıca ona doğru yeridi. Lap yaxınlaşanda daha məhrəm oldu, belini onun yumşaq tüklü ayağına sürtüb qəmli-qəmli miyoldadı.
İndi ikisi ayrılmaz dostlar təkin, bu mötəşəm şəhərin vur-tut bir cüt sakini, bəlkə də sahibləri kimi yanaşı addımlayırdı.
Geniş küçələr boyu alıcı gözləyən parıltılı mağaza vitrinləri, gündüz olmasına baxmayaraq reklam işıqları yanıb-sönən müştərisiz bar və restoranları, qapıları qıfıllı kitab mağazaları, qəzet və tütün köşkləri, sanki ibadətə getmiş sahiblərinin tezliklə qayıdacağına ümidli görünürdülər. Hər şey - gözə çarpan nə vardısa solğun və kədərliydi.
Ona elə gəldi ki, yəqin, qasırğa təhlükəsindən ehtiyat edib burunlarını belə çölə çıxarmadan evlərinə qısılmış sakinlər bir azdan fəlakətin sovuşduğunu görüb qapılarını taybatay açaraq küçə və meydanlara çıxacaq, şənlənəcək, həyat yenidən qaynayacaq, onda can üzən bu boşluq onu da tərk edəcək, yol-iriz üzünə güləcək, o da əvvəlki kimi insan və avtomobil selinə qarışıb toz dənəsi kimi gözdən itəcəkdi.
Bu, instikdən doğan arzusuydu. Çünki hündürmərtəbəli binaların həyətlərindən keçdikcə yanbayana düzülmüş, ağzınacan dolub-daşan, çoxdan yığılıb atılmadığından, sanki bütün şəhərin zirzəmi və gözəgörünməz yeraltı lağımlarından gün işığına çıxıb özlərinə möhtəşəm bayram süfrəsi açmış siçan və siçovulların daraşdığı üfunət qoxuyan zibil qutularını görəndə bu arzusunun çin olmayacağına əmin oldu. Zibillikdə qarışqa kimi qaynaşan siçovul sürüsündən hürküb ona qısılan ürkək pişik balasına "yanındayam, qorxma" deyirmiş kimi ürək-dirək verib sakiləşdirməkdən ötəri bir-iki addım irəliləyib inadla, hirslə bərkdən hürdü. Siçovullar tək-tək atan yağışın gurlaşacağındanmı, yoxsa bayaqdan başlarına düşmüş ləzzət aldıqları öz xışıltılarından ətrafa çökmüş sükutun qəfil pozulduğundanmı hürkdülər, bilmək olmadı. O, ikicə ağız hürəndə, müftə yeyib harınladığından idbar cəmdəyini tərpədə bilməyən bir neçə qoca, qarınqulu siçovuldan savayı, hamısı gözdən itmişdi.
Göy bir də guruldadı. Bu dəfə daha qorxunc və davamlı. Çox keçmədi ki, səkilər boyu atılıb qalmış avtomobillərin toz-torpağını yuyub təmizləyəcək şıdırğı yağış meydan sulamağa başladı.
O, səki ilə divarboyu gedir, dərisinə yapışmış yumşaq tüklərindən süzülən gur yağışa məhəl qoymadan bir vaxtlar yaşadığı məhəlləni arayırdı. Çoxdan görmədiyi küçələrin qoxusumu, görkəmimi iki məhəllə o yanda axtardığı qapının qənşərinə çatacağına inam yaratdı onda. Yağışın altında ətcə cücəyə dönmüş pişik, deyəsən, onu unudan iti gözdən itirməmək üçün iri addımlarıyla ayaqlaşa bilməyəcəyini hiss edib tullana-tullana gölməçələrin içi ilə yüyürür, səsi soyuqdan cırlaşsa da, "məni də gözlə" deyirmiş kimi gücü çatdıqca elə hey miyoldayır, islandıqca ağırlaşan balaca bədənini, sanki itin dalınca sürükləyirdi...
O, taxta darvazaya çatıb məmnunluqla dayananda pişiyin halı özünə gəldi, maddım-maddım qapı ağzında fırlanıb, tanış havanı qoxuyan itə baxıb toxtadı. Darvazanın qarşısındakı yamyaşıl yarpaqlarından damcılar süzülən qoca palıd ağacı bir az da pardaqlanıb qol-budaq atmışdı. Silkələnib islaq bədəninin suyunu çırpdı. Sahibi onu tanıyıb eşiyə çıxar deyə, üzü qapıya dayanmadan hürdü. Aralıda titrədən körpə pişik də azca ürəkləndi, miyoldayaraq yaxınlaşıb qapını cırmaqlamağa başladı. Bir zamanlar qızılı nimçədə qabağına qoyulan qızardılmış ət parçası, dadlı-tamlı kolbasa və sosislərin xoş ətri burnuna dəyib, nəhayət ki, bu əzablı gündə bütün olanları unudaraq üzünə açılacaq qapıya dikili qaldı gözləri. Qapı açılmadı.
Yağış kəsən kimi səma aydınlaşacaq, Günəş görünəcək, zümrüd rəngli yarpaqları, islanmış xonçalı darvazanı, daş döşəməli səkini, asfaltdakı kiçik gölməçələri qurudub əvvəlki görkəminə qaytaracağından qaynaqlanan hissi onu yağışdan qoruyan ağacın altında lövbər salaraq gözləməyə sövq etdi. Pişik cumaraq onun hələ də tövşüyən sinəsinin altına qısıldı.
Yağış qəfil başladığı kimi də qəfil kəsdi.
Adətən belə leysandan sonra məhəllələri başına götürən, gölməçələrdə yağış suyunu şappıldadan balaca uşaqların hay-həşiri, həyətlərdə nərd, domino oynayan azarkeş kişilərin səs-küyü, tüstülənən samovarların kömür qoxusu, astaca kiminsə qeybətini edən, dünyanın o başını bu başına qatan qadınların xısın-xısın gülüşmələri, ara-sıra eşidilən şaqraq qəhqəhələr, damlarda quş uçuran cayılların fit səsi harasa qeyb olmuşdu.
Şəklənmiş qulaqları darvazanın o üzündən gələ biləcək hənirə köklənsə də, ağırlaşmış başını pəncələrinin üstünə söykəyib uzandığı yerdən qəmli gözlərini sonu məscidə dirənən küçəyə zilləmişdi.
Asfaltda əzilmiş konserv qutusunu futbol topu kimi biri-birinə ötürüb əylənən, bəzən bilərəkdən onu nişan alıb fağır-fağır mırıldamağından, başına, sir-sifətinə yoğurt, ketçup, xardal sürtüb işgəncə verməkdən ləzzət alan, son vaxtlarsa, baxımsız küçə itləri kimi iyləndiyindən yaxınlarına buraxmayıb onu daşa basan uşaqlar üçün də darıxdı. Ona gah qayğı göstərən, gah da işgəncə verib it yerinə belə qoymayan insanlar üçün burnunun ucu göynədi. Bir azdan, axşam düşəndə, zülmətin vahiməsini duyduqca, bayaq islananda lənətlədiyi yağışın - şəhərin küçə və damlarına çırpılaraq sükutu pozan leysanın şırıltısına susadı. Dilini uzadıb böyrünə qısılmış pişik balasının islaq sifətini şəfqətlə yaladı.
Gözlərini bərk-bərk yumdu. Yumdu ki, neçə saatdı damları danqıldada-danqıldada yağan leysanın oyada bilmədiyi bu sakinsiz şəhəri bəlkə yuxusunda gördüyünə inansın. Yumdu və...
Küçələrdə siqnal verə-verə o yan-bu yana şütüyən avtomobilləri, park və xiyabanlarda qaynaşan insanları, işə, mağazaya, evə, teatra, əlində bir dəstə zambaq görüşə tələsən sevgililəri gördü, səmada uğultuyla uçan təyyarələrin havada buraxdığı izə baxdı, musiqi sədaları yayılan, uşaq, böyük səsi gələn bütün binaların pəncərələrində gur işıq yandı, məhəllələrdə boşaldılmış, yuyulub təmizlənmiş yaşıl zibil qutuları gözündən yayınmadı, doqqazında oturduğu qapını gülə-gülə üzünə açan sahibini, onun daima gülümsəyən qulluqçusunu, səsə yığışan qonşuların olmazın mehribanlıqla onu salamlamasını gördüyünə əmin idi və bu, heç də yuxuya bənzəmirdi...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!