Qızın ardınca yataqxanaya getdi. Qız iki çamadan və bir yol çantası ilə artıq onu gözləyirdi. Əşyaları avtomobilə yerləşdirməyə kömək etdi, qız oturub təhlükəsizlik kəmərini bağlayanadək gözlədi, sonra astaca yerindən tərpəndi.
- Nə böyük səadət, evə gedirəm, - deyə qız səsləndi. - Doğrusu, qorxurdum ki, imtahanların birindən kəsiləm.
- Lakin hamısını verdiniz.
- Verdim. Yaxşı maşınınız var. Bu nədir, "plimut"?
- Tamamilə doğrudur.
- Həm də, demək olar ki, təzədir.
- İki ildir. İki aydan sonra üç il olacaq.
- Olsun, yenə də təzədir. Radio işləyir?
Radionu qoşdu.
- Bəyəndiyinizi tapın.
- Amma maşını ki, siz sürürsüz. Hansı musiqiyə üstünlük verirsiz?
- Mənimçün fərq etməz.
Qız blüz tapdı, ona sarı çevrilib soruşdu ki, belə bir musiqi yarayarmı?
Başı ilə razılığını bildirdi.
- Mən, yəqin ki, indi yatacam. Keçən gecə gözümü də yummamışam və tamam yorğunam. Etiraz etmirsiz?
- Əlbəttə, yatın.
- Siz isə vaxtı öldürmək üçün danışmaq istəyərdiniz, çox güman.
- Narahat olmayın.
Magistral yol ilə gedirdilər, qız gözlərini yumdu. Avtomobil yol dirəklərini bir-birinin ardınca buraxaraq irəli şütüyürdü. Bəxtim gətirdi, - deyə qız düşündü. Kafeterinin yanındakı lövhədə elan asmışdı: "Xahiş edirəm semestr qurtaranda Çikaqoyadək aparın". Və artıq heç kimdən səs çıxmayacağını yəqin etmişdi ki, telefon zəng çaldı. Yol ona benzinin dəyərinin yarı qiymətinə başa gəlmişdi.
Gah dərin yuxuya dalır, gah da, sadəcə, mürgüləyirdi. Yol yoldaşı qəfildən radionu söndürəndə gözlərini açdı, artıq havanın qaraldığını gördü. Magistral yoldan çıxmışdılar.
- Yatmışdım.
- Daş kimi. Sizcə, bu ifadə necə yaranıb?
- Bilmirəm. Heç vaxt bu barədə fikirləşməmişəm. Hardayıq?
- Çikaqoya gedirik.
- Niyə magistralla getmirik?
- Magistral yolda məni yuxu aparır. Həddindən artıq maşın, diqqəti çəkən şeylərsə olduqca az. Patrullarla da ki, dopdolu. İndi də ayın sonudur, onlara isə cərimə normasını doldurmaq lazımdır.
- Aydındır.
- Kənd yolları mənim daha çox xoşuma gəlir. Xüsusilə gecələr. Siz qorxmursuz, deyilmi?
- Nədən qorxmalıyam ki?
- Bilirsiz, bəzilərini açıq kimsəsiz yerlər qorxudur.
- Bircə məni yox.
- Anladığım qədərilə siz heç nədən qorxmursuz, eləmi?
Qız ona baxdı. Gözləri yoldan çəkilmir, əlləri sükandan bərk yapışıb.
- Bununla nə demək istəyirsiniz?
- Maşındasız, məlum deyil harda, Allah bilir kiminlə.
- Siz - tələbəsiz.
- Doğrudan? Siz ki, yəqin bilmirsiz. Düzdür, mən özümü tələbə kimi təqdim etmişəm. Yaşım uyğundur, amma bu, o demək deyil ki, mən doğrudan da tələbəyəm.
- Pəncərənizdə bizim universitetin etiketi var.
- Onu əldə etmək üçün mühazirələrə getmək vacib deyil, - qız gözlərini onun üzündən çəkmirdi, o, əvvəlki kimi yola baxırdı.
- Elanı siz asmışdız, - o xatırlatdı. - Mən sizə zəng vurdum. Adımı dedim. Dedim ki, tələbəyəm və semestrin sonunda Çikaqoya gedəcəm, amma mən telefon nömrəmi sizə vermədim və siz mənim harada yaşadığımı bilmirsiz. Siz mənim dediklərimi yoxlamısınızmı, universitetdə mənim sizə dediyim ad-soyadlı adamın oxuyub-oxumadığını dəqiqləşdirmisinizmi?
- Bura baxın, qurtarın!
- Nəyi qurtarım?
- Siz məni qorxuya salmağa çalışırsız.
- Amma siz qorxmursuz, deyilmi?
- Yox, amma...
- Amma artıq tərəddüd edirsiz, qorxmaq vaxtı çatmadımı. Siz heç tanımadığınız bir kişi ilə təkbətəksiz, gecədir, düzün düzəngahındasız və dərk etməyə başlayırsız ki, vəziyyətə nəzarət etmirsiz. Siz tamamilə müdafiəsizsiniz, elə deyilmi?
- Bəsdirin.
- Yaxşı, bağışlayın. Sizi həyəcanlandırmaq istəmirdim.
- Mən həyəcanlanmıram.
- Lap yaxşı. Psixologiya üzrə diplom işi müdafiə edirəm və hərdən alınan bilikləri təcrübədə sınaqdan keçirirəm. Yalnız bu qədər, amma əgər sizi qorxutdumsa, üzr istəyirəm.
- Hər şey qaydasındadır.
- Məni bağışladınız?
- Bağışlanası bir şey yoxdur.
- Doğrudur, - o əsnədi.
- Yorulmusuz? Bəlkə mən sürüm?
- Yox, yox. Özüm sürəndə daha yaxşı olur. Sükanda başqa birisi oturanda çox narahat oluram.
- Atam da eynilə belədir.
- Bu, kişilərin çoxuna xasdır. Sizdən bir şey xahiş edə bilərəm? Əl qutusundan bir şeyi mənə verin.
- Hansından?
- Fənərin yanındakından. Balaca dəri kisədir. Onu mənə verə bilərsiz?
Qız dəri lentlə sarınmış qara dəridən olan balaca kisəni götürdü. Ona verdi. O, sanki çəkisini müəyyən edirmiş kimi kisəni əlində oynatdı.
- Nə düşünürsüz, bunun içində nə var?
- Heç nə düşünmürəm.
- Bir az fikirləşin. Tapmağa çalışın.
- Bilmirəm.
- Narkotik?
- Ola bilər.
- Burda narkotik yoxdur. İstifadə etmirəm. Tövsiyə də etmirəm.
- Təqdirəlayiqdir.
O, kisəni cihaz qapağının üstünə qoydu.
- Əvvəlcə bir az qorxduz.
- Az-maz.
- Amma indi qorxmursuz.
- Yox.
- Niyə yox?
- Mmm, ona görə ki...
- Öz aramızdır, heç nə dəyişməyib. Eynilə həmin vəziyyətdir. Siz ins-cins olmayan bir yerdə naməlum adamla təklikdəsiz, sizinlə yanaşı əyləşən kişi haqqında heç nə bilmirsiz, əgər mən sizdən nəsə istəsəm, heç nə edə bilmərsiz. Bax sizin əl çantanız var. Təsadüfən orda tapança yoxdur?
- Təbii ki, yox.
- Niyə bu qədər təəccüblənirsiniz? Çoxları özü ilə tapança gəzdirir. Qaz baloncuğu haqda nə deyə bilərsiz? Təcavüzkarı sıradan çıxarır, amma yalnız qısa bir müddətə. Sizdə belə bir baloncuq varmı?
- Siz ki, bilirsiz, yoxdur.
- Mən hardan bilim? Mən k,i sizin çantanızı eşələməmişəm. Ancaq sözlərinizə inanmağa hazıram. Deməli, nə tapança, nə baloncuq. Bəs dırnaq yeyəsi? Və ya gözümə atmaq üçün bir çimdik istiot.
- Dırnaq üçün yeyəm var.
- Bu, artıq nəsə deməkdir. Məni mişarlayıb yarıya bölə bilərsiz, amma buna xeyli vaxt gedəcək. Belə çıxır ki, siz tamamilə müdafiəsizsiz, eləmi?
- Bəsdirin.
- Amma bu gerçəkdir. Mən cəhd etsəm ki...
- Nəyə cəhd etsəz?
- İstəyirsiz deyim? Məmnuniyyətlə. Mən maşını saxlayaram, sizə hücum edib zorlaya bilərəm, siz isə heç nə edə bilmərsiz. Elə deyil?
- Mən müqavimət göstərərəm.
- Bununla nəyə nail olacaqsınız ki? Mən ancaq sizi incidə bilərəm, güclərimiz isə bərabər deyil. Sizinçün ən yaxşısı könüllü təslim olmaq və həzz almağa çalışmaqdır.
- Qulaq asın, bəlkə doğrudan qurtaraq bu söhbəti?
- Nəyi qurtaraq?
- Siz çox gözəl bilirsiz nəyi deyirəm. Bəsdir məni qorxutduz.
- Siz belə qorxursuz?
- Qulaq asın, mən ki sizə dedim...
- Bilirəm siz mənə nə dediz. Bəlkə artıq bu fikrə alışasız ki, sizin istəyiniz mənimçün əmr deyil?
- Bu məni təngə gətirdi. Məncə, artıq ayrılmaq vaxtıdır. Maşını saxlayın, mən düşüm.
- Doğrudanmı siz istəyirsiz ki, mən maşını saxlayım?
- Mən...
- Təbii ki, saatda 50 mil gedən maşından atılmaq - heç də yaxşı ideya deyil, amma nə qədər ki, biz yol gedirik, sizin üçün təhlükə yoxdur, doğrudurmu? Əgər mən sizə nəsə etmək istəsəm, əvvəlcə gərək maşını saxlayam.
- Axı niyə məni...
- Zorlamaq istəyirəm? Mən - kişiyəm, siz - qadın. Həm də çox cazibədar qadın. Kifayət qədər tutarlı səbəbdir.
- Kifayət qədərmi?
- Mmm, nə bilim. Siz belə düşünmürsüz?
- Mən düşünürəm ki, siz mənə qarşı çox da lütfkar deyilsiz.
- Həə, - başını yellədi, - hesab edirəm, o qədər də yox. Siz qorxdunuz, elə deyil?
- Bəsdirin.
- Siz niyə mənim sualıma, sadəcə, cavab verə bilmirsiz? "Bəsdirin", "qurtarın". Qorxduğunuzu etiraf etməyə nə mane olur?
- Bilmirəm.
- Amma hər halda qorxdunuz. Elə deyilmi?
- Siz məni qorxutmağa çalışırsız.
- Həm də uğursuz alınmadı. Siz dəhşət içindəsiz, elə deyil? Buna tam haqqınız var. Demək istəyirəm ki, zorlanmaq ehtimalınız çox böyükdür. Bu sizə artıq aydındır. Öz köməksizliyinizi dərk edirsiniz. Mən nə istəsəm, edə bilərəm, siz isə heç nə.
- Sizi cəzalandırarlar - o, xəbərdarlıq etdi.
- Onlar kimi cəzalandıracaqlarını bilməyəcəklər.
- Mən onlara deyərəm.
- Siz, hətta mənim adımı belə bilmirsiz.
- Siz tələbəsiz.
- Siz buna əminsiz?
- Mən sizin əlamətlərinizi deyə bilərəm. Avtomobilinizi təsvir edərəm, nömrə nişanınızı yadımda saxlayaram.
- Bəlkə avtomobil oğurluqdur.
- Mərc gələrəm ki, deyil. Sizin fotorobotunuzu hazırlamaqda polisə kömək edərəm. Cəzadan yaxa qurtara bilmərsiz.
- M-m-m-m, güman edirəm, haqlısız.
- Deməli, oyununuza xitam verirsiz.
- Siz doğrudan da, məni təsvir edə bilərsiz. Həə, sizi öldürməli olacam.
- Siz nə danışırsız!
- Niyə də yox! Bu, yaxşı çıxış yoludur, həm də xoşagələn bir məşğuliyyət. Yoxsa o qədər adam bu işlə məşğul olmazdı.
- Bəsdirin!
- Bəsdirin, bəsdirin, bəsdirin. Bədəniniz zərifdir. Mərc gəlməyə hazıram ki, sizi öldürmək xüsusi bir zəhmət tələb etməyəcək.
- Axı məni öldürmək nəyə lazımdır?
- Niyə də öldürməyim?
- Polis sizi axtaracaq. Qatillər cəzasız qalmırlar.
- Zarafat edirsiz? Cəzasız qalmış qatillər itətökdü. Polis isə kimi axtaracağını da bilməyəcək.
- Siz mütləq nəsə bir ipucu qoyacaqsız. Sizi spermaya görə də taparlar.
- Bəlkə mən prezervativdən istifadə etdim.
- Onsuz da onlar nəsə tapacaqlar.
- Dəlil-sübutlar ancaq məni tutandan sonra ittiham hökmü çıxarmağa kömək edəcək. Ancaq onlar ələ keçirmək üçün heç nəyə yaramır. Mən isə polisin toruna düşməyə hazırlaşmıram. İndiyədək məni tuta bilməyiblər.
- Nəə?
- Doğrudan elə bilirsiz siz birinci qurbanımsız?
Qız gözlərini yumdu, bir neçə dəfə dərindən nəfəs aldı. Ürəyi təbil kimi döyünürdü. Nəhayət, dilləndi.
- Yaxşı, siz məni qorxutduz. Güman edirəm ki, məhz buna çalışırdız.
- Qismən.
- İndi ürəyiniz yerinə gəldi?
- Bunu deyə bilmərəm. Ümumiyyətlə, mən başqa söz tapardım. Ürəyim isə o vaxt yerinə gələcək ki, sizi zorlayacam, boğacam və hansısa bir xəndəkdə gizlədəcəm. Dəlil-sübuta gəldiksə isə onları hələ təzə meyitdə tapmaq olur. Mən isə gizlətməyi bacarıram. Ustalaşmışam. Əgər sizi tapsalar belə, bir neçə aydan sonra tapacaqlar.
- A, siz mənimlə bu cür davrana bilmərsiz...
- Mən, əlbəttə ki, sizi xatırlayacam. Çeçələ barmağınızı özümdə saxlayacam.
- Çeçələ barmağımı?
- Sol əlinizin. Mən o sentimental axmaqlardanam ki, xatirə üçün suvenir saxlamağı xoşlayırlar. Çeçələ barmağınızı artıq sonra kəsəcəm. Heç nə hiss etməyəcəksiz.
- İlahi, siz ki, dəlisiz!
- Doğrudan belə fikirləşirsiz? Bəlkə bu, bir zarafatdır?
- Əgər zarafatdırsa, heç də gülməli deyil.
- Bax bu barədə mübahisə etmək olar. Əgər bu, zarafat deyilsə və mən tam ciddiyəmsə, hökmənmi dəli olmalıyam? Məhz hansı istəyim başıma hava gəldiyini göstərir? Sizi zorlamaq istəməyim? Öldürmək? Yoxsa sol əlinizin çeçələ barmağını kəsmək?
- Bunu etməyəcəksiz?
- Xatirə suveniri - adi bir şeydir. Sonralar sizi xatırlaya bilməm üçündür.
- Xahiş edirəm. Xahiş edirəm.
- İndi isə artıq sizi qorxuya salan sualımı təkrar edirəm. Sizcə, bu kisədə nə var?
- Kisədə?
O, cihaz qapağının üzərindən balaca kisəni götürüb ovcunda saxladı.
- Burda nə olduğunu tapın və priz qazanın.
- İlahi! Bu dəqiqə qusacam.
- Baxmaq istəyirsiz?
Qız geri atıldı.
- Necə istəyirsiz, - kisəni yerinə qoydu. - Söhbətimiz sizi belə bir nəticəyə gətirdi ki, kisədə nəsə qorxunc bir şey var. Orada çay balıqqulaqları, palıd qozaları, yaxud qoz-fındıq ola bilər. Amma siz belə düşünmürsüz, elə deyil?
Məncə, artıq yoldan çıxıb dayanmaq vaxtıdır.
- Yox!
- Yola davam etməyimizi istəyirsiz?
- Hə.
- Onda sviterinizi çıxarın, - qız gözlərini ona zillədi. - Özünüz seçin. Ya siz sviteri çıxarırsız, ya da mən əyləc pedalına basıram. Di, haydı. Çıxarın.
- Məni bunu etməyə niyə məcbur edirsiz?
- Bəziləri başqalarını özlərinə qəbir qazmağa vadar edirlər. Səbəb eynidir. Zamana qənaət və güc. Əvvəlcə təhlükəsizlik kəmərini açın, belə sizə asan olacaq. Çox yaxşı, çox gözəl. Siz dəhşət içindəsiz, elə deyil? Bərkdən deyin.
- Mən dəhşətə gəlmişəm.
- Siz ölümünə qorxmusuz. Bərkdən deyin.
- Mən ölümcül dərəcədə qorxuram.
- İndi isə, fikrimcə, dayanacaq axtarmaq vaxtıdır.
- Yoox!- qız qışqırdı.
Ayağı ilə onun qaz pedalında olan ayağından basdı, əli ilə sükanı sağa fırlatdı. Maşın gərildi, zərbə səsi eşidildi və sonra hər şey susdu.
Qız, sanki bir təkandan özünə gəldi. Başı, çiyni ağrıyırdı, boğazında qan tamı vardı. Amma sağ idi. İlahi, sağ idi!
Maşının ön qapağı xeyli əyilmişdi. Oğlan təhlükəsizlik kəmərinə sarınmış halda sükan arxasında oturmuşdu, başını qeyri-təbii tərzdə küncə çevirmişdi. Ağzından qan axırdı. Geniş açılmış gözləri qeyri-müəyyən səmtə baxırdı.
Qapı açılmırdı. Pəncərəni endirib bayıra çıxa bildi. Ayağa qalxanda az qaldı ki, huşunu itirsin, ancaq maşına söykənməyə macal tapdı. Pəncərəyə baxdı və dəri kisəni gördü.
Qeyri-ixtiyari əlini uzadıb götürdü.
Açmaq vacib deyil, - öz-özünə dedi.
Dərindən nəfəs aldı. Lenti çəkdi.
Kisənin içində aspirin həbləri olan flakon, bir qutu kreker, tonusu artıran pastila qutusu, iyirmi beş sentlik bir neçə qəpik, manikür qayçısı var idi. Qənimətinə baxaraq başını yellədi.
Amma o, sviterini çıxarmağa məcbur etmişdi. Qurşağa qədər lüt idi.
Sviteri tapa bilmədi. Bircə qəza vaxtı hara qeyb olduğunu tapmaq qalırdı. Arxa qapını aça bildi, elə həmin an da kabinədə lampa yandı. Arxa oturacağa düşən çantasını tapdı.
Yük yerindən çamadanı götürdü, bir idman köynəyi çıxarıb geyindi. Sədəf dəstəkli, üç tiyəli cib bıçağını tapıb çıxaranadək çamadanlarda eşələnməyə davam etdi.
Onun sol əlinin çeçələ barmağını kəsdi. Xeyli güc sərf etməli oldu, amma tələsəcəyi bir yeri yoxdu. Gecələr bu yolda gediş-gəliş olmurdu.
Çeçələ barmağı kəsib bıçağı çantaya qoydu. Kisəni silkələyib içindəkiləri tökdü, çeçələ barmağı ora qoyub kisəni çantasına soxdu. Çiynində çanta yola çıxdı və yol boyunca gələcəyə doğru addımladı.
Rus dilindən tərcümə etdi: Təhminə Bədəlova
filologiya üzrə fəlsəfə doktoru, dosent
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!