KİLİDLİ DÖNÜŞ... - Vaqif Sultanlı - hekayə

 

Hər dəfə yeni il başlayar-başlamaz özünə o şəhərə gedəcəyinə qəti söz verir, vaxt-vədə yetişəndə isə çeşidli səbəblərdən səfərini təxirə salmalı olurdu. Sanki han­sı görünməz bir qüvvəsə inadla yollarına sədd çəkir, ayaqlarını buxovlayır, arzu­larını gerçəkləş­dir­məyə qoy­murdu. Və illər biri-birini əvəzlədikcə yaddaşının axarında o şəhə­rin bir az da uzaqlaşdığını hiss edirdi.

Divara vurulmuş bir xəritə görəndə ixtiyarsız olaraq ayaq saxlayır, gözləri ax­tarıb o şəhəri tapırdı. Uzun müddət xəritənin önündən çəkilə bilmir, xəyallar onu alıb o uzaq şəhərə götürürdü. Əslində o şəhəri deyil, itirdiyi keçmişi ilə bağlı nələrisə  tapıbmış kimi həyəcanlanırdı. Bəzən xəritədə axtarıb tapa bilməyəndə o şəhərin yox olacağından, yer üzündən silinəcəyindən qorxurdu.

Ancaq bu dəfə belə olmayacaqdı. Qəti inamı vardı ki, belə olmayacaq, heç bir qüvvə onu yolundan eləyə bilməyəcəkdi...

Düz qırx il bundan qabaq sonuncu dəfə o şəhərdən ayrılmışdı. Və bu ayrılıqla hər şey bitmiş, həyatı özgə bir məcraya yönəlmişdi. İndi dönüb geriyə boylananda aradan keçən illərin məsafəsi onu qorxudurdu.

Sadəcə gediş bileti almışdı – orda nə qədər qalacağını, nə zaman dönəcəyini bilmirdi.

Qatara minib bələdçi ilə yanaşı kupedə yerini tutdu, yüngül çiyin çanta­sını çıxararaq oturacağın altına yerləşdirdi. Sonra kupenin yarıaçıq qapısından tələsə-tələsə qatara minən yolçuları süzməyə başladı.

Bir azdan qatar fit verərək yerindən tərpənincə yatağını açaraq arxası üstə uzandı. Ancaq bütün gecəni uyuya bilmədi; təkərlərin ritmik səsi xəyallarına qa­rışaraq beynini yordu­ğundan səhəri dirigözlü açdı. Növbəti iki gecəni də mürgü ilə oyaqlıq arasında, qarışıq düşüncələr içərisində keçirdi.

Şəhərə yetişəndə səhər erkən idi, həyat yenicə canlanmağa başlayırdı. Qa­tardan sonuncu endi – heç yana tələsmirdi. Çantasını çiyninə keçirərək perronla vağzal binasına doğru addımladı. Şəhərə çıxmaq üçün binanın içərisindən keç­məliydi.

Onunla bu şəhərdə tanış olmuşdu. Sadəcə gəncliyinin deyil, həyatının ən xoş­bəxt günləri dar, yöndəmsiz küçələri, köhnə, rəngi bilin­məyən daş evləri ya­şıl­lıq­lara bürünmüş bu şəhərdə keçmişdi. Daha sonra yaşadığı ömür deyildi, itirdiyi o xoşbəxtliyi aramaqda keç­ən rəngsiz, ruhsuz günlərdi...

Vağzalın qarşısındakı geniş meydanda müştəri gözləyən taksilər dayanmışdı. Sıranın önündəki köhnə bir taksiyə yaxınlaşdı. Gedəcəyi ünvanı əzbər bilsə də, cibindən kağız parçasını çıxarıb baxdı. Ancaq dərhal da taksi ilə getmək fikrindən daşındı; sürücünün təəccüblü ba­xış­larından sıyrılıb izdihama qarışdı.

Həftə sonu olduğundan küçələr hərəkətli idi. Adamlar tələsə-tələsə böyür-ba­şından sağa-sola ötüb keçirdilər. O, inadlı nəzərlərlə insan tünlüyündə keçmişini xatırla­dacaq doğma bir çöhrə axtarır, ancaq tapa bilmədiyindən içini bürüyən na­ra­hatlığı bir az da böyüyürdü. Sanki yad şəhərə gəlmiş, özgə bir dün­yaya qə­dəm qoymuşdu. Ba­xışlar, səslər, rənglər, qoxular – hər şey yad görünürdü.

Ancaq sirli bir cazibə onu gedəcəyi ünvana çəkirdi.

O binanın önünə çatanda ayaqlarının kilidləndiyini duy­du. Başını qaldırıb aşa­ğıdan yuxarı binanı süzdü – divarlara süni mərməri xatırladan boz rəngli üzlük çə­kilmiş, balkonların məhəccərləri, giriş qapısı yenilənmişdi. Hə­yəca­nını boğ­maq üçün bir anlığa dayanıb durdu, gəldiyi ünvanın dəqiqliyinə əmin olandan sonra özünü to­par­layaraq pillələrlə yuxarı qalx­mağa başladı. Addımlarını atdıqca bütün vücudunun gərildiyini duyur, ürə­yinin döyün­tüsünü qu­laq­larında eşidirdi. Dör­düncü mərtəbədə o evin qapısı önün­də dayandı – düz qırx il öncə arxasınca örtülmüş həmin qapı idi. Ancaq qapının üstünə sığorta şirkətinə aid şüşə lövhə vurulmuşdu.

...O qızla liftdə tanış olmuşdu. İkisi də eyni anda düyməni basmaq üçün bar­mağını uzadanda əlləri görüşmüş, baxışları toqquşunca qızın çöhrəsinə ilıq bir təbəssüm qonmuşdu. Əbədi olaraq yaddaşına həkk olunmuş o təbəssüm bütün həyatını alt-üst etmişdi.

Ayrılandan  sonra onun yerini, ünvanını soruşmadığı üçün özünə lənət oxu­muşdu. Qı­zın şəhərdən çıxıb gedəcə­yin­dən, bir daha üz-üzə gələ bilməyə­cəyindən, onu əbədi itirəcəyindən qorxurdu. Günlərlə o məhəllədə aşağı-yuxarı var-gəl etmiş, qızı tapmaq ümidilə ka­feləri, dükanları, iş yerlərini gəzib dolaşmışdı. İki həftə sonra axşama doğru qızla küçədə təkrar qarşılaşınca ürəyi üstünə gəlmiş, göz­dən qoyma­maq üçün uzaqdan-uzağa izləyərək trolleybus daya­naca­ğında ona ya­xınlaş­mışdı.

Hər axşam eyni saatda qızın çalışdığı kitabxananın binası önünə gəlir, sə­birsizliklə onun aşağı en­məsini gözləyir, evlərinə qədər ötürürdü. Trolleybusla cəmisi beş-altı də­qiqəlik yoldu, ancaq həmişə piyada gedərdilər. Zamanı uzatmaq üçün kəsə yolla deyil, çayın kə­narına enərək, seyrək ağacların arasından keçən ensiz səki ilə tə­ləsmədən ad­dımlayardılar. Onunla olanda vaxtın axarından çıx­dığını, dün­yanın bitməz, tükənməz, sonsuz, sahilsiz olduğunu düşünürdü.

Günlər beləcə davam edirdi...

Ancaq bir gecə... Bu cəsarəti hardan almışdı – aradan bunca zaman keçəndən sonra belə anlaya bilmirdi. Gecənin bir vədəsi evdən çıxıb qızın yaşadığı binaya qalxaraq otağının qapısını döy­müş­dü. Qız gecə geyimində yata­ğından qalxıb qa­pını açınca heyrətindən donub qal­mışdı. Qapının üzünə çırpacağından, yaxud ağır söz deyilə biləcəyindən, bununla da hər şeyin alt-üst olacağından qorxsa da, ancaq belə olmamış, qız geri çəkilərək onu içəri dəvət etmişdi.

Qızın baxışlarının dərinliyində ruhunu titrədən, həyatın axarını durduran, yer üzündə sevgidən savayı hər şeyin əfsanə olduğunu xatırladan sirli bir cazibə vardı və göz-gözə gələndə o cazibənin sehrində əriyib itirdi.

Otağı lavanda çiçəyinin ətri bürümüşdü. Ağlını başından aparan bu ətir sulfat zavodundan gələn kəsif qoxunu unutdururdu. Lavanda ətrinin qızın vü­cudun­danmı, yataq dəstindənmi, ya payız gecəsinin dərinliklərindənmi qopub gəldi­yini kəsdirə bil­mirdi.

O gecə qızla nə ba­rədə da­nışdıqlarını xatırlamırdı, aralarında söhbətin olub-ol­madığını, ya bəlkə sükutun dili ilə anlaşdıqlarını bilmirdi. Hər şey ona yuxu kimi gəlirdi. Bütün həyatı, xoşbəxtlik adına var olan hər şey o gecənin içə­risinə dolmuş, o gecə ilə sınırlanmışdı.

O gecədən sonra dünyanın rəngi, qoxusu da dəyişmişdi.

Ancaq bir gün aldığı təcili teleqramla vətənə dönməyə məcbur olmuşdu. Qız ürəyinə nə isə damıbmış kimi onun biryolluq gedəcəyini, daha geri dönməyəcəyini anladığından vidalaşmaq üçün vağzala gəlmişdi. Soyuqqanlı gö­rünməyə çalışsa da, özünü ələ ala bilmirdi. Qızın gəlişilə havanın ağır sulfat qoxusu yox olmuş, vağzal lavanda ətrinə bürünmüşdü. Vaqonun pillələri önündə qucaqlaşıb  ay­rılarkən qızın bir zamanlar onu ov­sunlayan ilıq təbəs­süm cilvələnən çöh­rəsinin göz yaş­larına bələndiyini gö­rüncə bir anlığa vətənə dönmək fikrindən vaz keçmək istəmişdi. Amma bu bir an çəkmişdi, hansı bir duyğu isə onu təkrar özünə qaytar­mış, qıza tezliklə dönəcəyini bildirərək vaqona minmişdi.

Qatar yerindən tərpənəndə qız perrondaca skamyaya çökərək əlləri ilə üzü­nü örtmüşdü. Sonralar onu düşünəndə ən çox yaddaşını ayrılıq anındakı bu mənzərə ağrıdırdı.

Ancaq bir daha geri dönməmişdi...

Doğma­larının israrı ilə tələm-tələsik ailə qurmuş, o uzaq şəhərdə olub bitən­lərin gənc­lik macərası olduğu düşüncəsi ilə özünü ovutmuşdu...

* * *

Əlləri titrəyə-titrəyə zəngin düyməsini basdı. Handan-hana qapını orta yaş­larında, qara gözlüklü, boz geyimli bir kişi açdı. Özünü ələ alıb bir zamanlar bu evdə ya­şamış qadının adını, soyadını söyləyərək onu axtardığını bildirdi. Kişi gözlüyünü çıxarıb təəssüflə başını bu­layaraq belə bir adamı tanımadığını söylədi və qapını örtmək istəyəndə ondan içəri girməyə icazə verməsini xahiş etdi. Səsinin tonundan səlahiyyət sahibi olduğu duyulan kişi əvvəlcə bu yalvarışa bənzər xahişdən çaşıb qaldı, ancaq nə düşün­düsə geri çəkilərək yol ona verdi. Kişinin fikrindən daşına biləcəyindən ehtiyatlandığından tələsik dəhlizdən adlayıb içəri keçdi.

Avropa dəbi ilə təmir olunmuş evdə hər şey dəyişmiş, otaqların arası açılıb böyük salona çevrilmişdi. Yan-yana düzülmüş masaların arxasında xüsusi geyimli qızlar otur­muşdu.

Salonun içərisindən keçərək pəncərəyə yaxınlaşdı. Bəyaz tül pərdəni kənara siyirərək, şəhəri, şəhərin ətrafından səssiz-səssiz axıb keçən çayı, çayın üstündə alçaqdan uçuşan qağayıları seyr etdi. İçində bir sızıltı duyunca pən­cə­rənin önündən çəkildi.

Sonra kresloya çökərək onunla bağlı hansısa bir nişanəni tapmaq ümidilə salonu başdan-başa gözdən keçirdi.

Ona zillənən baxışların ağırlığı altında bu cəhdinin əbəs olduğunu anlayınca bircə anlığa o uzaq illərə dönmək ümidilə göz­lərini qapadı. Ancaq illər öncə baxış­larının gəzdiyi tavanın, nəfəsinin hopduğu divarların, ayaq­larının toxunduğu dö­şəmənin, gecənin kəsif sulfat qoxusunu unutduran lavanda ətrinin – onu bir ömür ovundurmuş uzaq, dö­nüşülməz xatirələrin yerlə yeksan olduğunu, yaddaşının büsbütün boşaldığını hiss etdi.

Sonra havalı adamlar kimi ofisi tərk edərək pillələrlə aşağı endi.

* * *

Qızın bir zamanlar işlədiyi kitabxananın ikimərtəbəli binası banka çevril­miş, damı və divarları işıqlı reklam lövhələri ilə örtülmüşdü.

Küçənin əks tərəfində onunla ilk dəfə vədələşib görüşdüyü, yaxından tanış olduğu qotik üslubda tikilmiş binanın tinindəki kafe yerində idi.

...Əlləri titrəyə-tit­rəyə qa­pını açaraq ya­rımqaranlıq salona daxil oldu. Tünd qəhvə sifariş verərək küncdəki masalardan birində əyləşdi. Salonun əvvəlki gö­rü­nü­şündən əsər-əlamət qalma­mışdı; divarlara fərqli üslubda bəzək vu­rulmuş, pən­cərə pərdələrindən ma­saların düzümünədək hər şey dəyiş­mişdi. Erkən oldu­ğundan içəridə seyrəklik idi. Birdəncə sıxıl­dığını hiss etdi, qəh­vəni sona qədər içməyə səb­ri çatmadı.

Kafedən çıxaraq çayın sahili ilə asma körpüyə tərəf yönəldi. Havada qara çiskin vardı; sahil boyu kimsə gözə dəymirdi. Körpünün dəmir məhəccərinə söykə­nərək bir müddət suları yara-yara okeana sarı üzən yük gəmisini seyr etdi. Sonra gəldiyi yolla geri dönərək zabitlər bağına üz tutdu.

Çiskin olduğundan kimsənin gözə dəymədiyi bağın içərisindən keçən daş səki ilə addım­ladıqca boş skam­yalar, islanmış ağaclar, havada uçuşan sarı, qızılı xə­zəllər qüssə gə­tirirdi.

Hava qaralanacan şəhəri sərsəri kimi aşağı-yuxarı gəzib dolaşdı.

O biri gün də belə keçdi...

Sonrakı günlər də...

Bir həftə boyunca səhər açılandan qaranlıq düşənə qədər illər öncə qoyub get­diyi ömrün nişanələrini yığmaq ümidilə şəhəri əldən-ayaqdan saldı. Ancaq za­ma­nın mərhəmətsizcəsinə yox etdiyi o nişanələrin izinə düşə bilmədi.

Sonuncu günün axşamı çantasını götürüb dəmiryolu vağzalına yol­landı. Bilet almaq üçün kassaya yaxınlaşanda duruxub qaldı: hayana gedəcəyini bilmirdi.

 Hə­yatının səmtini itirmişdi.

Dublin, İrlandiya

12-14 avqust 2019

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!