Essevari fikirlər - Birinci silsilə - Alpay AZƏR

Alpay AZƏR

 

Prototip bəzən yazıçını elə yerlərə aparıb çıxarır ki, yazmaqda olduğu əsərin müəyyən hissəsində həmin prototipə zəng edib demək istəyir ki, sən artıq mənə it zülmü verirsən, (Ya da əksinə, nə yaxşı ki, Allah səni mənim qabağıma çıxardıb).

***

Yazıçının öz mətnləri ilə qəribə-intim münasibətləri olur. Bir müddət keçəndən sonra ona elə gəlir ki, mətn "soyuyur". Xeyir, o, tam "soyumur", "istidən" "ilığa" keçir, amma mətn heç vaxt tam "soyumur"....

***

Yazıb bitirdiyin, amma səni qane etməyən hekayəçün qəfil "təşrif buyuran" detalın verdiyi həzz məcazi mənada bu dünyanın cənnət həzzidir yəqin.

***

İrihəcmli bir mətn işləyirəm hal-hazırda. Əsas obrazlardan birinin prototipi, ümumiyyətlə, olmayıb bu həyatda, amma obraz o qədər canlıdır ki, elə hey təsəvvürümdə özünə yer almaq istəyir. İstəyir, deyəndə, artıq öz yerini bərkidib də.

***

Yazıçı mətndə detalın yamaq,  yoxsa yerində olan detal kimi hiss edənə qədər əziyyət çəkir. Tənqidçilərdən biri deyir ki, çağdaş oxucu mətləbə tez gəlmək istəyir, ona görə tez bitirmək istəyir əsəri. Başqası sanballı, yəni irihəcmli, epopeya xarakterli əsərlərin yazılmamasından gileylənir. İndi gəl tap görüm, kim haqlıdı? Görən, sonda onun sifət cizgiləri necə olacaq? Obrazın şəkli onun iç dünyasını əks etdirəcəkmi?

***

Yazıçının, - söhbət otuz beş yaşı keçmiş peşəkar yazıçılardan gedir, - öz mətniylə qəribə münasibətləri olur. Gah elə bilir, şedevr yazıb, sonra mətn ona əla, daha sonra yaxşı gəlir, bir müddət keçir, zəhləsi gedir öz yazdığından, deyir, bu, nədi yazmışam, lap sonda özüylə bir növ, ortaq məxrəcə gəlir, deyir, yox, elə də pis yazmamışam, əsas odur ki, minimal nəsr kriterilərindən yüksəkdədir.

***

Luis Bunuelin "Burjuaziyanın təvazökar cazibədarlığı" (1974) filmindəki Byulye Oje, Pazolinin "Mama Roma"sındakı Bruno  (Silvana Korsini) ya eləcə də bu yaxınlarda təşəbbüsümlə bizim tanınmış sənət adamlarının suallarını cavablandıran Fellininin "Amarkord"undakı Titta (Bruno Zanin) hələ də sağdır. Sonucda mənə elə gəlir ki, dünyasını dəyişmiş o rejissorlar da bir az sağdılar, tam ölməyiblər sanki. Mənimçün o dahi rejissorların ölməzliyi hardasa bu faktla bağlıdır.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!