Təranənin arzusu... - Reyhan Yusifqızı

 

Təranə məhəccərə söykənib pəncərədən baxırdı. Çöldə hava soyuq idi. Külək vıyıldayır, sulu qarı göyə sovururdu.

Birdən küləyin girdabından ağ göyərçin peyda oldu. Təranə təəccübləndi. İlin bu vaxtında göyərçin nə gəzir? Özü də bu havada?

Yazıq quş təntimişdi. Özünü ora-bura vurur, sığınmağa bir yer axtarırdı. O, uçub  Təranəgilin pəncərəsinə qondu. Özünü soyuq şüşəyə çırpıb imdad istədi.

Təranə tez pəncərəni açıb quşu içəri buraxdı. Ona pənah gətirmiş gözəl ağ göyərçinə sığınacaq, yem və su verdi.

O gündən göyərçin Təranənin otağında qaldı. Nəcib qız hər gün yarım saat  pəncərəni açıq saxlayırdı ki, bəlkə quş uçub getmək istəyər. Amma ağ göyərçin uçub pərvazlansa da bir azdan geri qayıdır, yenə Təranənin otağına sığınırdı.

Bir gün səhər Təranə yuxudan oyananda balışının üstündə çəhrayı rəngli gözəl bir lələk gördü.  Qız təəccübləndi. Bu lələyi onun yanına kim qoymuşdu?

Təranə otağı nəzərdən keçirdi - göyərçin gözə dəymirdi. Lələyi götürüb sığalladı.

Birdən lap yaxınlıqdan səs gəldi: "Mən burdayam!"

Təranə diksindi. Hər tərəfə baxdı. Səs haradan gəlirdi?

"Sən məni xilas etdin. Çox sağ ol!". Səs çəhrayı lələkdən gəlirdi. Qız qorxdu. Əlindəki lələyi yerə atıb qışqırmaq istədi, amma səsi çıxmadı.

"Qorxma, Təranə. Sən məni xilas etdin. Mən də sənin bir arzunu yerinə yetirəcəyəm".

Qız titrəyərək soruşdu: "Arzumu? Hansı arzumu?".

"Bunu sən deyəcəksən. Ən çox istədiyin nədir? Bir düşün. Qərarını verəndə lələyi sığallayarsan. Mən səni eşidəcəyəm".

***

Təranəni fikir götürdü. Nə istəsin?

Qızcığaz şokoladı çox sevirdi. İlk ağlına gələn şokolad ayı oldu - onu bir filmdə görmüşdü. "Yox, şokoladı yeyəcəyəm bitəcək. Mən axı balaca deyiləm. Daha ağıllı bir şey istəməliyəm".

Birdən anası ilə alış-verişə çıxarkən gördüyü qırmızı don yadına düşdü. Həmin donu istəmək ürəyindən keçdi. Amma az sonra fikrini dəyişdi.

"Bəlkə anam üçün bir şey istəyim? Həmişə deyir ki, evimiz bir az geniş olaydı".

Təranə qalxıb anasının yanına getdi. Bir az söhbət edəndən sonra sözarası soruşdu: "Ana, sən istəyərsənmi daha geniş evimiz olsun?".

Anası bu zaman xəstə nənənin dərmanlarını verirdi. O dedi: "Əlbəttə, istəyərdim. Amma ondan daha vacib insanın cansağlığıdır. Adam xəstə olanda nə ev gözünə görünür, nə də başqa bir şey".

Təranə otağına qayıtdı. O, qərarlı idi: "Nənəm üçün cansağlığı istəyəcəyəm. Qoy o, tez sağalsın".

Təranə əlində lələk otaqda bir xeyli gəzinib düşündü. Birdən qonşuları Oqtay əmi onun yadına düşdü.

Oqtay əmi Qarabağ müharibəsi əlili idi. Cəbhədə minaya düşüb iki ayağından məhrum olmuşdu. Əlil arabasında gəzirdi. 

Təranənin özünə acığı tutdu. "Necə olub ki, bu mənim ağlıma gəlməyib? Oqtay əmini xahiş etməliyəm. Nənəmin xəstəliyini həkimlər sağaldarlar. Oqtay əmini isə əlil arabasından yalnız möcüzə qaldıra bilər...".

Axşam xeyirxah qızcığaz nə istəyəcəyini dəqiqləşdirmək üçün qonşuya, Qarabağ müharibəsi əlilinin yanına getdi.

- Oqtay əmi, əlil arabasını atmaq, ayağa qalxmağı çox istəyirsizmi?

- Əlbəttə, istəyirəm, qızım. Çox istəyirəm. Amma bu mümkün deyil.

Həm də mən tək deyiləm axı. Müharibədə yüzlərlə cəsur oğullarımız  şəhid olub, məndən də yaxşı oğlanlar ömürlük əlil qalıblar. Müharibə amansızdır. Amma nə edək, müharibəni biz başlamamışıq. Biz işğalçı deyilik ki. Biz torpaqlarımızı qoruyuruq. İnşallah, Qarabağı alandan sonra  bizim üçün müharibə bitəcək.

Təranə evə qayıtdı. O, artıq Göyərçindən nə istəyəcəyini bilirdi.

Çəhrayı lələyi sığalladı Təranə. Göyərçin onun otağında peyda oldu.

- Qarabağı istəyirəm! - dedi Təranə. - Torpaqlarımızı işğaldan qurtarmaq istəyirəm. İstəyirəm ki, biz daha heç vaxt müharibə görməyək.

Ağ Göyərçin bu balaca qızcığazın belə böyük ürəyi olduğunu təxmin eləməmişdi. O dedi:

- Sənin arzun o qədər böyükdür ki, onu yerinə yetirməyə mənim gücüm çatmaz. Amma mən nə edəcəyimi bilirəm. Mən sənin ürəyindəki o böyük Vətən sevgisini bütün Azərbaycana yayacağam! O zaman ki, hər kəsin ürəyi Vətən sevgisi ilə dolacaq, onda Qarabağ azad olacaq. Və siz daha heç vaxt müharibə görməyəcəksiz.

Ağ Göyərçin uçub getdi. Qızcığaz onun ardınca baxıb əl elədi.

O gündən Təranə gözləyir.

Gün gələcək, hər kəsin ürəyi Vətən sevgisi ilə dolacaq və Qarabağ azad olacaq!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!