Ordubehişt laləsi - Nargis

 

Biri var idi, biri yox idi. Allahdan başqa heç kim yox idi. Ordubehişt adlı diyarda Fatma adında dul bir qadın yaşayarmış. Fatma gün boyunca nə qədər əlləşərmiş, çalışıb vuruşarmış ancaq həmin gün yeməyə çatacaq qədər qazanc əldə edərmiş. O, yun yuyar, qonşularına alağa gedər, ot biçərmiş. Çox ismətli qadın imiş Fatma. Ərini ağır xəstəlikdən itirəndən sonra dəxi ərə getməmiş, gözəlliyi ilə birlikdə saçını da gözünün ağı-qarası qızını böyütmək yolunda süpürgə etmişdi. Nəhayətində Lalə kimi gözəl-göyçək, ağıllı qız böyütmüşdü. Lalə gözəlliyini də, kişi qeyrətini də anası Fatmadan almışdı. İncə beli, güz alması kimi qıpqırmızı yanaqları, Ordubehişt dağları kimi geniş arzuları vardı. Fatma hər gün əkinə-biçinə gedərkən, Lalə evdə qalıb ev işləri ilə məşğul olarmış.

Anası gələnədək evi, həyəti süpürər, qaş qaralana yaxın gedib Ərbabın sərin, buz kimi çeşməsindən su gətirərmiş. Axşam Fatma evə gələndə həmin sudan ovcuna töküb içər, günün bütün ağırlığı canından çıxarmış.

Laləgil çox kasıb idilər. Gündəlik çörəyə möhtac idilər. Amma nə Fatma, nə də Lalə əsla haram mala göz dikməzdilər. Hər gecə yatmazdan əvvəl ana-bala Allaha duaçı olar, bir günü də sağ-salamat geridə qoyduqları üçün şükür edərlərmiş.

Bir gün Lalə yenə onu gözləyən müqəddəratından xəbərsiz Ərbabın çeşməsinə sərin su dalınca gedər. Elə həmin gün həddi-büluğa çatmış gözəl Laləni mülkədar Canəlinin oğlu görüb bir könüldən-min könülə aşiq olar. Beləliklə, mülkədarın oğlu hər gün eyni vaxtda Ərbabın çeşməsinə gəlib Laləni narahat edər, ona eşqinamə oxuyarmış.

Ancaq oğlan nə qədər edərdisə, Lalə ona bir xoş üz göstərməzmiş. Bu sövda baş tutmadığı üçün mülkədar oğlu çox qəzəblənər. And içər ki, gərək Laləyə də, onun anası Fatmaya da yeri-göyü dar edəm. Oğlan dediyini edər. Bütün kənd Fatma haqqında dedi-qodu yaymağa başlayar. Guya Fatma mülkədarın oğluna çarıqlı, cırıq geyimli qızı Laləni zorla sırımaq istəyir. Zalım oğlan kənd camaatına Fatmaya iş verməmələrini də tapşırar.

Günlər bu minvalla ötüb keçərkən kənddə mülkədarın zalım oğlunun qorxusundan Fatmaya artıq heç kim iş verməz. Ana-qız günlərcə ac qalarlar. Ancaq heç kimə ağız açmaz, bir qarın əppək istəməzmişlər.

Bir gün Lalə görər ki, qonşu qadınlar Ordubehişt dağlarına nanə, turşşanı, xəzaz yığmaq üçün gedirlər. O da anasını razı salıb bu qafiləyə qoşular. Qonşu qadınlar onların halətinə yandıqları üçün Laləyə onlarla dağlara getmək üçün icazə verərlər.

Az gedərlər, üz gedərlər, dərə-təpə  düz gedərlər, gəlib həmin şəfalı otların bitdiyi dağlara çatarlar. Ordubehişt dağlarında göyərən bu nadir bitkilər bir ölkənin, bir qeyri torpağın dağlarında bitməzmiş. Dağa ayaq qoyan kimi insanı bu bitkilərin rayihəsi, ətri bihuş edərmiş. Lalə də qonşu qadınlara qoşulub bu otlardan yığıb evə gətirər. Günləri həmin otlardan hazırlanan yeməkləri yeyib, dolanmaqla keçərmiş.

Artıq bahar gəlib təbiət oyanmışdı. Fatma da, Lalə də gələcək ilin onlar üçün daha uğurlu olacağına inanırmışlar. Bundan bir dəqiqə belə ümid üzməzmişlər. Fatma qızına tez-tez "Ay bala, hələ gözəl günlər qabaqdadı, sən narahat olma. Mən atandan qalan torpağı əkib, qış üçün azuqə toplayaram. Hələ sənin anan Fatma ölməyib. Səni bir kimsəyə möhtac etmərəm" - deyər, onu ümidləndirərmiş.

Lalə qıpqırmızı qızarar, anasının boynunu qucaqlayar onu öpüş yağmurunda boğarmış. Ana-qız günlərinə bu cürə şükür edə-edə yaşayıb gedərmişlər.

Mülkədar oğlu görür ki, nə Fatma, nə də Lalə gəlib ona yalvarmır, təklifinə xoş cavab vermir. Bu işdə bir iş var deyib başlayır kənddən soraqlaşmağa. Bir gün həmin zalım mülkədar oğlu öyrənir ki, Lalə qonşu qadınlarla dağa, çölə-bayıra gedir və yemək üçün Allah verəndən toplayıb gətirir ki, qoca anası ilə ac qalmasınlar. Oğlanın başına fırlanır bütün kainat. Hikkəsindən az qalır bağrı yarıla. And içir ki, gərək o Laləyə elə dərs verəm ki, bütün Ordubehiştin dilinə dolana. Həmin zalım oğlan səhəri gün pusquya yatır. Öyrənir görsün ki, Lalə çölə kimlərlə gedir. Bu yolda yazıq qıza kimlər yoldaşlıq edir. Və nəhayət, arzusuna çatır. Görür ki, bəs bu sadəlövh qadınlar içərisində pula-vara düşkün, tamahkar Cır Hüsnü də var. El arasında onu həm səsinin nazikliyinə, həm də əqidəsinə görə belə adlandırırmışlar. Zalım oğlan Cır Hüsnüyə bir ətək pul vəd edib Laləni Ordubehişt dağındakı dik qayaya çıxarmağını tapşırır. Orada daha şəfalı otların olması yalanını uydurmağını öyrədir. Cır Hüsnü pulları görüncə gözləri hədəqəsindən çıxacaq kimi olur və bütün dinini-imanını unudur. Mülkədarın zalım oğluna vəd etdiyi kimi sadəlövh Laləni aldadıb dik qayaya çıxarır. Cır Hüsnü Lalənin köməyinə bir kimsə dəxi çatmasın deyə, qadınları da turşannı tapıb adıyla aldadıb qayadan uzaqlaşdırır. Evinə daha çox azuqə aparmaq sevdasında olan kənd qadınları arxaya baxmadan uzaqlaşırlar oradan. Heç kim xəbər tutmur ki, bəs yazıq qız haradadı? Necə oldu aqibəti?

Sən demə, Laləni orada həmin zalım oğlan gözləyirmiş. Lalə bütün hadisəni təfsilatı ilə  anlayanda artıq iş-işdən keçir. Oğlan Lalədən xoş söz eşitmək iddiası ilə ona dil tökməyə başlayır. O, Laləyə yaxınlaşdıqca Lalə dik qayanın ucuna doğru geri çəkilir. Bu minvalla Lalə qayanın ən ucqar tərəfinə gəlib-çıxır. Qız görür ki, bu oğlan ondan əl çəkəsi deyil, kənardan da insanlar bunlara baxır. Anası Fatma gəlir gözləri önünə. Sadəlövh qız bilmir nə etsin. Qalır naəlac.

Ancaq Lalə bircə şeyi yaxşı bilir, o da namusun, iffətin bir qadın üçün ən dəyərli məfhum olduğunu. Lalənin gözləri dəniz kimi mavi, açıq ənginliklərdə dolanır. Son dəfə baxır Ordubehişt dağlarına, boylanır evləri olan tərəfə ki, bəlkə anası çata imdadına. Görür ki, bir kimsədən soraq yoxdu bir ah çəkib, özünü qayadan aşağı atır.

Fatma halətdən xəbərdar olanda dəli olub düşür dağlara. Bu işdən sonradan xəbər tutan kənd qadınları ana-balanın halına acıyırlar. Kənd birləşir, elə qalxır ayağa ki, indiyədək bu cür birlik-bərabərlik görünməmişdi. Mülkədarın oğlunun uydurduğu hər şeyi başa düşürlər. Zalım oğlanı kənddən qovurlar. Cır Hüsnünü isə daş-qalaq edirlər.

Biçarə Fatma günlərcə özünə gələ bilmir. Həmin dağa dırmaşıb o qədər ağlayır ki, Lalənin özünü atdığı qayada həmin gündən qan rəngində lalələr bitməyə başlayır. Lalələrə Ordubehişt camaatı qan Lalə adını qoyur. Həmin qayanı isə baş yeyən qaya, qanlı qaya adlandırırlar.

Deyilənlərə görə, Ordubehişt dağlarında hələ də qan laləsi bitir ki, ətri, gözəlliyi dillərdə dastandı. Həmin lalələr təkcə Ordubehişt dağlarında bitir. Başqa yerdə bu lalələrə rast gəlinmir.

Göydən üç pəri endi, hərəsi bir qanlı lalə iylədi. Biri yer üçün, biri göy üçün, biri də Laləni sevənlər üçün.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!