Bir hekayə, iki nağıl - Qəşəm İsabəyli

 

Beş dost

(hekayə)

Şəm-Şəmin dörd dostu vardı. Özünü də hesaba alsaq beş idilər. Əlinə düşəni də dostlarıyla bölürdü. Yay alması - beş yerə, təzə çıxan alça - beş yerə, şokolad - əlbəttə, beş. Ona görə də dostları onu sevirdi.

"Görəsən, yemək olmasaydı dostluq olardımı?!". Bir dəfə babasından belə bir sual eşitdi. Elə səhəri günü Şəm-Şəm dostlarını sınamaq istədi. Bir yerə yığışanda gördü dostları onun cibinə baxır. O da başladı birdən ağlamağa. Bunu görəndə dostları da başladı gülməyə:

- Ha... ha...

- Hi... hi...

- Hu... hu...

- Ho... ho...

Şəm-Şəm gözlərinin yaşını silib acıqla soruşdu:

- Niyə gülürsünüz?

- Bəs neyləyək?

- Ağlayın da mənimlə!

- Niyə?

- Axı mən ağlayıram.

Dostları yenidən başladı:

- Ha... ha...

- Hi... hi...

- Hu... hu...

- Ho... ho...

Şəm-Şəm ağzını açdı, nə açdı:

- Almamı yeyə bilirsiniz, alçamı yeyə bilirsiniz... mən ağlayanda ağlaya bilməzsiniz?! - Sonra da əlini cibinə salıb yekə bir alma çıxartdı.

- Əla! - Dostları bağırışdı. - Bunu bayaqdan elə də,

sən ağlayanda biz də ağlayaq, ay zalım!

Ağzımızın suyu axdı ki!

Şəm-Şəm almadan bir dişdəm alıb, üzünü çevirib çıxıb getdi.

- Dostları dalıyca baxa-baxa qaldı:

- Aaaaaa... Nə xəsis imiş bu!

 

Dəvəylə Hörümçək

(nağıl)

Dəvə ağacın altından keçəndə ayağı bir-birinə dolaşdı, dizi qatlanıb, çənəsi üstə yerə gəldi:

- Höh!..

Bayaq ağacın alt budağından çırıltı qopdu:

- Hiii... hiii...

Dəvə başını qaldıranda gördü budağın ucunda bir Hörümçək oturub. Hirslə soruşdu:

- Sən idin gülən?!

- Xeyr!

- Bəs kim idi?

- Ağac!

- Məni dolamısan?!

- Ay löh-löh, görmürsən məndən başqa kimsə yoxdu burda?!

- Yekə-yekə danışma!

- Hiiiii... - Hörümçək bir az da bərkdən güldü.

- Demədim, nəyə gülürsən?!

- Sənə!

Dəvə çaşıb qaldı:

- Mənəəəə?!

- Bəli!

- Buynuzum çıxıb?!

- Buynuzun çıxsaydı ondan yaxşı olardı!

- Niyə?!

- Bu boyda cəmdək guppadan çənəsi üstə yerə dəyib, hələ bir sual da verir!

- Mən yerdən yerə yıxılmışam, inşallah, sən də təpəsi üstə göydən yerə gələrsən!

- Gəlmərəm!

- Belə qoçaqsan?!

- Məni yıxan hələ anasından olmayıb!

- Guya məni yıxıblar!

- Əlbəttə, yıxıblar!

- Kim yıxıb?!

Hörümçək sağ əlini qoydu sinəsinə:

- Mən!

- Səəən?!

- Bəəəli!

- He... he... he... - Bu dəfə də Dəvə güldü.

- Sən niyə gülürsən, löh-löh?!

- Özündən soruş!

- Özümdən?! Özüm bilsəydim, səndən niyə soruşurdum?!

- Gülməli danışma, gülməyim!

- İnanmırsan səni yıxdığıma?!

- Açıl başımdan!

Hörümçək bərk hirsləndi:

- Löh-löh!

- Qırılda, görüm, nə qırıldayırsan!

- Yadına gəlir hürgüclərin titrəyə-titrəyə bu ağacın altından keçirdin

ha... - Hörümçək dayandı.

- Sən deyən olsun!

- İki günə toxuyub havadan asdığım torumu burnuna dolayıb, götürüb

apardığın necə?!

- Sən deyən olsun!

- O günü məni ac qoydun!

- Niyə?!

- Bir dənə də milçək tuta bilmədim!

- Biz insan deyilik ki, hər gün yeyək.

- Ay löh-löh, Allah səni elə yaradıb ki, bir ay yeməsən, ölməzsən! Amma mən... üç gün ac qalsam, ölə bilərəm.

- Qorxma, sənin ölməyinlə dünya dağılmaz...

- O günü özümə söz verdim, gərək elə bir tor toxuyum, səni yıxım, hirsim soyusun.

- Təşəkkür edirəm!

- Nəyə təşəkkür eləyirsən?!

- Nənəm öləndən bəri nağıl eşitməmişdim.

- Sənin sözündən belə çıxır ki, mən nağıl danışıram?!

- Ay yazıq, sənin torun küləkdən sökülür! Onda o güc hardandı ayağıma dolaşıb, məni yıxa?!

- İnanmırsan?!

- He... he... heee... - Dəvə güldü.

- Gülməyi nənəm də bilir, ay löh-löh! Hünərin var, dur ayağa, görüm, necə durursan?!

Dəvə hirslə dartındı - əllərini yerə verdi ki, qalxsın, tappadan böyrü üstə aşdı. - Höh!..

- Nədi, höhüldəyirsən, löh-löh?!

Dəvə zarıdı:

- Hörümçə-ə-ək?!

- Eşidirəm!

- Bu toru sən toxumusan?

- Kim toxuyacaqmış?!

- Nəylə toxumusan bunu?

- Nəylə?

- Bəli.

- Hirsimlə!

 

Görünməz və Alabəzək Kos

 (nağıl)

Bir dəstə uşaq küçədə gizlənpaç oynayırdı. Külək də qoşulmuşdu

onlara. Gah saçlarını vurub dağıdır uşaqların, gah köynəklərinin

yaxasından tutub dartır, gah da ac küçük kimi başlarına fırlanırdı.

Payız olduğundan hava birdən də qaraldı. Uşaqlar qaçıb getdi.

Külək də gördü əlləri soyuyur. Barmaqları gizildəyib,

üşüyəndə bildi ki, tək qalıb.

- Ay sizi! - Vıy-vıy vıyıldayıb, ora-bura çırpdı özünü.

Ürəyi sakit olmadı. Hönkürüb ağlamaq istədi. Amma... acı göz yaşı

qalmamışdı! Uşaqların başına sığal çəkəndə insanların "kədər" dediyi

göz yaşları əriyib getmişdi. Sevinc yaşı qalmışdı gözlərində.

Onu da ağlaya bilməzdi ki. - İndi neyləyim?! - Fikrə getdi. - Həəə...

tapdım... tapdım... - Külək it kimi başını sallayıb, yerindən qopdu.

Ta gecə yarısınacan burnunu soxmadığı yer qalmadı.

Şəm-Şəmgilin qapısının ağzından keçəndə necə sevindisə "vıyyy..." elədi.

O an da qarnı üstə düşüb, şirin dilini işə saldı:

- Quc... quc...quc... - Divarın dibində durmuş Alabəzək Kosu çağırdı. Kos diyirlənə-diyirlənə gəlib düşdü qucağına. - Day darıxmaram! Day darıxmaram! Ay Kos, niyə soruşmuran "Niyə?!".

Kos birdən soruşdu:

- Niyə?

- Səhərə qədər səninlə oynayacam.

- Axı mən oynamaq istəmirəm!

- Oynayacaqsan!

- Axı mən oynamaq istəmirəm!

- Oynayacaqsan! - Külək bir az da acıqlandı.

- Niyə soruşmursan "Niyə?!".

- Niyə?

- Ona görə ki, yorulmuşam, yatmaq istəyirəm!

- Ay qoydum, ha! - Külək Kosu başı üstə qaldırıb, çırpdı divara.

Kos ayı balası kimi bağırdı:

- Tap-tap... tap-tap-tap...

O gecə Alabəzək Kosun səsindən Şəm-Şəm yata bilmədi. Səhərə yaxın gözlərini yummuşdu ki, xoruzlar ağız-ağıza verdi. - Atılıb durdu çarpayıdan. Həyətə düşəndə, gördü Kosu fətir kimi yastılanıb yapışıb yerə:

- Anaaa!

- Ca-an!

- Buna nə olub?

- "Bu" nədi, ay bala?

- Kos.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!