Yuxu - Nəcib Məhfuz - hekayə

Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1911-2006)

 

Bu boyda tozlu-torpaqlı həyətdə cəmi bircə palma ağacı var- elə bil qəbiristanlıqdı. Həyətdən keçəndə həmişə qəbiristanlığı xatırlayır. Bu səhər onu torpağı su şırnağı ilə sulayan ev sahibi saxladı.

- Cənab!

Lənət şeytana! Bu cür sima ilə üz-üzə gəlmək - özü də səhərin bu çağında - mütləq xoşagəlməz nədənsə xəbər verir. Bəlkə də o xeyirxah insandı... Hərdən həvəssiz də olsa gülümsəyir... Hər nə qədər bu gülümsəmə ağac qabığındakı çatları xatırlatsa belə...

- Cavan oğlansan, özün də tək yaşayırsan. Həm də mədənisən, tərbiyəlisən... İnsanlar sənin haqqında xoş sözlər danışır, şikayət etmirlər. Amma Allah eşqinə...  De görüm, gecələr  mənzilində nə işlə məşğulsan? Ruh çağırırsan?

- Sizə hesabat verməliyəm?

- Əgər etdiyin əməl başqalarını narahat edirsə... Bir də ki, məncə, rəhmətlik atanla olan köhnə dostluğumuzun xatirinə bunu səndən soruşa bilərəm.

Əsəbdən yanağı titrədi.

- Səni bir dəfə də cümə namazında görməmişəm.

- Bunun məsələyə nə dəxli var?

- Öz ibadət borcunu unudan müsəlmanı mühakimə etməyə bilmərəm. Bax, demək istədiyim budur.

Gənc adam gülərək dedi:

- Guya siz ruhlara ibadət etmirsiz?

- Əlbəttə, yox! Etiqadında yanılan sənsən. Hər şey də ona görədir ki...

Gənc mövzunu dəyişdi:

- Sizə ayaq yolundakı divar barədə demişdim...

- Divar dağılmaz, möhkəmdi. Bilirsən, sənin gecə sərgüzəştlərin sakinlərdə xoş olmayan maraq oyadır.

- Mən qanundankənar heç nə etmirəm. Xahiş edirəm, divarla bağlı tədbir görəsiz.

- Yaxşı olar ki, biz əvvəlki kimi xoşluqla danışaq. -Şırnağı uzağa apararaq tələsik əlavə etdi: -Təmiri isə özün etməlisən.

Tərsliyə bax da. Məhz bazar günü bu əcaib sifəti görməli idim. 

Hər həftə sonu tətillərində olduğu kimi, küçə bomboş idi. Səmada ağır, hərəkətsiz buludlar... Yuxusuz gecədən sonrakı şiddətli başağrısı ona rahatlıq vermir. Gecə "ruhlarla söhbət"i bitirdikdən sonra tarix müəllimi olan kolleqası dedi - "Gəl, gələcək haqqında danışaq!"  Onlar bütün gecəni mübahisə etdilər. Dan yeri sökülməyə az qalmış yoldaşı getdi, amma qapıdan çıxarkən gülərək dedi : "Sənə evlənmək lazımdı."

Səhərin bu çağında kafe bomboş idi. O, kafenin dəmir yolu platformasından ayrılan hissəsində, bağa baxan pəncərənin önündəki masada əyləşdi. Ofisiant salamlaşaraq bugünkü qəzetləri masanın üzərinə qoydu.

Yemək yesə də, başağrısı keçmək bilmirdi. Görəsən bu gecə niyə yata bilmədi? Halbuki o qədər cəhd göstərmişdi. Sabah şagirdlərinə qrammatikadan danışacağı məruzəni xatırladı.

Həmin anda ağılsız ideyalar düşünüb, mənasız söhbətlər etdiyi yoldaşının-tarixçinin obrazı gəlib durdu gözləri önündə:

- Özün ərəb dili tədris edirsən. De görüm, mübtədasız xəbər olurmu?

- Dil dəniz kimidir. Sərhəd tanımır.

- "Məhəmməd öldü."  Məhəmməd-mübtədadı. Bu necə mübtədadı, anlamıram? Bax elə buna görə də mən dil sehrindən kənarda olan işlərlə məşğulam.

...Ofisiant yaxınlaşdı.

- Sən niyə müştərilərdən pul qoparırsan? -ofisiantdan soruşdu.

O gülümsədi. Bu, mənasız suallara cavab olaraq adəti gülümsəmə idi. Pulu götürüb uzaqlaşdı. Amma heç nəyə baxmayaraq onun ağıllı təbəssümü var. Biz nədənsə insanlar haqqında  xarici görünüşə görə hökm veririk. Çünki biliyimiz kifayət qədər deyil, həm də qeyri-müəyyənlik var.

O, buludlara baxdı, sonra daha nə iləsə maraqlandı. Diqqətini cəlb edən hər şey ağ rəngə büründü. Amma bu dayanıqsız, yayqın ağlıq idi, sehrbazın əlindəki oyuncaq kimi.

Birdən sanki hər şey dağıldı, dalğaların arasında əriyib yox oldu. Sonra formasız qara kütləyə çevrildi. Platformada dayanan qatar yox oldu. Elə bil buludlara qarışdı. Yapon bağında Buddanın önündə olduğu kimi, nəhayətsiz dinclik istədi. Bir də tarixçi dostunun Buddanı göstərərək "Dinclik, həqiqət və qələbə" dediyini eşitdi. Ardınca fikirlərini izah edərək "Dinclik, həqiqət və məğlubiyyət" dedi. O, bütün iradəsini toplayıb mübahisəyə hazırlaşırdı.

Kəskin səsdən ağacın yarpaqları titrədi. Uşaq çığırtısı ətrafa yayıldı, bəlkə qadın səsi idi - dəqiqləşdirmək mümkün deyildi. Ürəyi bərkdən döyündü. Sanki məhəbbət oyununa başlayırdı. Bu dəqiqə Xəyyam küçəsindəki o evdə olmaq elə yaxşı olardı ki... Axı necə?   Kimsə onu yenidən səslədi. Çevrilib dostunu gördü. Dostu ona danışmağa imkan vermədən dedi : "Sən evlənməlisən!"  Hər tərəf səs-küyə bürünmüşdü, hamı qaçırdı. O da qatara çatmaq üçün qaçdı. Səkiyə çatanda kiməsə toxunub yıxıldı. Bu qədər adam hardandı? Qələbəlik... Hamı balaca baxçanın ətrafında dayanıb. Platformaya polislər yığışıb. Bəlkə qəza baş verib? Özü də bu ölü buludların altında... Qələbəlikdən qurtulub geri dönən ofisiant ona tərəf əyilərək soruşdu:

- Siz yəqin ki, hər şeyi gördünüz?

Həm sual məqsədi ilə, həm də nəyi isə inkar edərcəsinə qaşlarını qaldırdı:

- İndi sizi istintaqa çağıracaqlar.

- Nə istintaq?

- Stansiyada qətl baş verdi, sizdən iki addım irəlidə adam öldürdülər.

- Qətl? - Çaşqın halda soruşdu.

- Sizə nolub? Aydan gəlmisiz? Qətl! Dəhşət idi. Deyəsən, siz o qızı tanıyırsız axı... mamaçanı...

- Mamaça?

- Onu hansısa dəli öldürdü, Allah günahından keçsin...

Gənc adamın sifəti ağrıdan və heyrətdən əyildi, zorla pıçıldadı:  - Öldürüblər, inanmıram. O hanı?

- Yaralarını sarımaq üçün xəstəxanaya apardılar. Amma o, yolda öldü.

- Öldü?

- Hə. Yəni siz doğrudan görmədiz? Onu burda öldürdülər axı, sizin iki addımlığınızda... - Bir az susub əlavə etdi: - Siz necə görməyə bilərdiz? Mən məşğul idim, amma qışqırığa qaçdım. Bu əclaf onu qovurdu, o isə qaçırdı. Onu bıçaqla vurdu, bax orda- indi müstəntiqin dayandığı yerdə.

- Bəs qatil?

- O, qaçdı, hələ tapılmayıb. Olduqca gənc idi. Stansiya müdiri onun divara dırmaşaraq paravoza daxil olmasını görüb. Eybi yox, gec-tez tutulacaq!

Əzabdan sifəti tamam qırışdı. Yerində güclə oturmuşdu. Uzaqlaşan ofisiant dayanmadan təkrarlayırdı:

- Necə oldu ki, siz görmədiz? Hər şey sizin gözləriniz önündə baş verib axı...

Polis ondan müstəntiqə yaxınlaşmağını rica etdi. Necə olur-olsun fikirlərini bir yerə toplamalı idi. Saata baxdı və məlum oldu ki, bir saatdan çox yatıb. Ayaqlarını güclə çəkərək polisin ardınca getdi. Adəti üzrə protokola yazmaq üçün əvvəlcə yaşını və iş yerini soruşdular.

- Siz saat neçədən bəri kafedəsiz?

- Təxminən saat 7-dən.

- Yerinizdən heç yerə tərpənməmisiz ki?

- Yox.

- Siz nə gördüz? Zəhmət olmasa, ətraflı danışın.

- Mən heç nə görmədim.

- Necə? Qətl burda baş verib axı. Siz necə görməyə bilərsiz?

- Mən yatmışdım.

- Yatmışdız?

- Bəli - utancaq halda təsdiqlədi.

- Və siz təqibin səsinə də oyanmadız?

- Yox.

O, inkar edərcəsinə başını yellədi, dodaqlarını dişlədi.

- Siz ona yardım etmədiz. Axı o, sizi çağırırdı. Sizi adınızla çağırırdı.

O, boğuq səslə qışqırdı:

- Adımla!?

- Bəli, bəli. O, sizi çox çağırdı. Şahidlər deyir ki, o, sizə tərəf qaçaraq kömək istəyirmiş.

O, çaşqın halda gözlərini yumub, müstəntiqin suallarına fikir vermədi. Birdən müstəntiq əsəbi halda dedi:

- Cavab verin! Siz cavab verməlisiz!

- Mən çox bədbəxtəm!

- Sizin aranızda nə olub?

- Heç nə.

- Axı o, sizin adınızı çəkib, sizi çağırıb.

- Biz qonşuyuq.

- Şahidlər deyir ki, sizi tez-tez bir yerdə görüblər. Adətən siz qatar gözləyərkən yanaşı dayanırmışsız.

- Ola bilər, iş saatlarımız üst-üstə düşürmüş.

- Axı o, heç nədən məhz sizi köməyə çağırmazdı?

- Görünür o, mənim ona heyran olduğumu hiss edirmiş.

- Deməli, siz yaxın idiz?

- Ola bilər.- Elə bu zaman kəskin, qəzəblə qışqırdı:- Mən onu sevirdim, nə vaxtdan bəri ona evlilik təklifi etmək istəyirdim.

- Amma etmədiz?

- Yox.

- Və bu əhvalat baş verdi, sizsə yatmısız?

 O, başını aşağı saldı. Ayıb, çox ayıb... Necə kədərlidi...

- Və son-siz onun haqqında heç nə bilmirsiz? Qatili nəzərdə tuturam.

- Heç nə.

- Bəlkə eşitmisiz ki, onun həyatında başqa biri var?

- Yox.

- Heç vaxt onun ətrafında dolaşmayıb? Elə bir şey hiss etməmisiz?

- Yox.

- Başqa nəsə deyəcəksiz?

- Yox.

Göy üzü hələ də sıx buludların arxasında gizlənmişdi. Yağış çisələdi və dayandı. Hara getdiyini bilmədən xeyli yürüdü. Artıq günortadır. O, isə elə hey gedir, gedir. Sanki taqətdən düşənədək gəzməklə kədərini unutmağa çalışırdı.

Yapon bağının önündə gözlənilmədən tarixçi dostu ilə rastlaşdı. Tarixçi salamlaşarq əlini sıxdı.

- Gedək bir yerdə oturaq. Danışmaq istəyirəm.

- Bağışla, bu dəqiqə metofizika halında deyiləm. - Key kimi davam etdi.

Tarixçi ona təəssüflə baxaraq qaşqabağını tökdü.

- Deyirlər, hansısa mamaçanı öldürüblər, bu düzdür? Sənsə yatmısan.

- Sənə kim dedi? -Əsəbi halda soruşdu.

- Mən bərbərxanada eşitdim. - Yumşaq səslə cavab verdi:

- Burda nə var ki... İnsan yorulur və mürgüləyir. Hadisənin məhz həmin dəqiqələrdə baş verməsində günahkar deyiləm axı.

Kolleqa güldü.

- Yaxşı, əsəbləşmə. Sözün düzü, mən sizin aranızda sevgi olduğunu bilmirdim... -oyunbazlıqla əlavə etdi.

- Nə sevgi? Sən özünü kim hesab edirəsn axı? Gicbəsər.

- Bağışla, bağışla! Bunları bərbərxanada danışırdılar.

O, çıxıb getdi. Əhəmiyyətsiz adam. Hər şey cəhənnəm olsun! Dedi-qodu yapışqanlı qurdlar kimi sürətlə yayılırdı. Qızı isə heç cürə həyata qaytarmaq mümkün deyil, xoşüzlü, işıqlı simanı... Bu dərdin dərmanı yoxdu. Onun ümidsiz səsi fikirlərinə gəlir, hansısa ağlasığmaz bir şəkildə hər tərəfə yayılırdı. Sanki şəhərin bütün divarlarının qulaqları var.

"Bədbəxt qız, mən sənə görə məhv oluram axı!"

Alver köşkündə siqaret alarkən- "Eybi yoxdur, cənab! Canınız sağ olsun!" dedilər.

Hə... Deyəsən artıq hamı bilir. İndi hamı onun dərdinə şərikdi. Sanki qətldən sonra qızla nişanlanıblar. Özlüyündə isə gör nələr düşünürlər. Satıcıya pulu uzadıb sınayıcı nəzərlərlə baxdı. Pul heç gözə görünmürdü!

Ona elə gəlir ki, dünyada hər kəs onu izləyir. O, qaçaqdı. Təqsirləndirilən şəxsdi. Canidi. O, qurbana yardım etmədiyi üçün günahkardı. Demək, çıxış yolu yoxdu.  Sabah məktəbdə veriləcək suallar zəhlə tökəcək. Əsl cəhənnəm...

Uzun müddət yürüdü. Çoxlarına izahat verməli oldu. Hər bir söz qıcıqlandırırdı, yaralayırdı. Dedi-qodunun sonu yoxdu. Söhbət yalnız qətl və onun yatması ilə bağlı idi.

"Qatil həbs olundu. Orta məktəb şagirdi."

Demək, əylənmək üçün ağılsızcasına öldürüb. Qatil onu sevirmiş. Qız qarşılıq verməyib. O, həmişə sakit və ciddi xanım təsiri bağışlayırdı.

Hadisə belə qurulub ki, o, ərəb dili müəllimini sevirdi. Hə. Qurulub! Ona qovuşmaq üçün o, ruhları çağırırdı. Amma xilas edə bilmədi, çünki yatmışdı. İstintaq zamanı etiraf etdi ki, yatıb. Yatıb! Qəribə də olsa, nə çığırtı, nə səs-küy onu oyatmayıb. Hə, qəribədi. Amma onlar hardan bilsin ki, o, bütün gecəni ruhlarla danışıb... Ah, bu gələcək haqdakı mənasız söhbətlər.

Ürək ağrıdan sıxılırdı, sanki ora zəhər səpirdilər. Qayıtmaq istəmirdi, amma sonunda evə dönməli oldu.  Yağışın ardınca buludlar daha da qabardı və qaraldı. Bu da ev sahibi - yazıq palmanın altında əyləşib.

- Kədərli görünürsən, deyəsən səhərki söhbətimiz xətrinə dəyib... - ev sahibi soruşdu.

O, başı ilə inkar etdi. Ev sahibi səsini qısdı:

- Eşitdiklərim həqiqətdi? Deyirlər ki...

-Hə, hə! - Kobudcasına sözünü kəsdi:  -Bu mamaçanı mənim iki addımlığımda öldürdülər, mənsə kafedə oturaq vəziyyətdə yatmışdım. Belə-belə işlər.

- Oğul, mən istəmirdim...

- Onun çığırtısını eşitmədim. Bəziləri deyir ki, guya eşitmişəm, amma özümü yuxuluğa vurmuşam.

Ev sahibi ona yaxınlaşıb üzr istədi. Qolundan tutub yanında oturtdu.

- Biz sənin rəhmətlik atanla dost idik, incimə, oğlum.

Uzun müddət susdular. Sonra o, getmək üçün icazə istədi. Ev sahibi onu qapıya qədər ötürüb, pıçıltı ilə dedi:

- Amma ruhlarla əyləndiyin gecələr  haqda bir daha xatırlatmaq istərdim.

Özünü son peşmançılıq hissilə çarpayıya yıxdı. Gözlərini yumub öz-özünə pıçıldamağa başladı:

- Yuxuya getməliyəm. Mənə yatmaq lazımdı, uzun zaman yatmaq. Əbədi yuxu lazımdı mənə...

Rus dilindən tərcümə etdi: Xatirə Nurgül

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!