Beş, bəlkə də altı ay olardı, oğlum Alpayın, mətbəximizin böyründə düzəltdirdiyimiz kitab rəfinə Səfər Alışarlının kitabını qoyduğu. Hər dəfə mətbəxə girib-çıxanda, gündə bəlkə, 7-8 yol, bütün kitablardan öncə, ötəri və ani də olsa, nədənsə, Səfərin o kitabı gözümə dəyirdi. Səbəbi də bu ola bilərdi, dünya və Azərbaycan ədəbiyyatı klassiklərinin kitabları yan-yana, yəni beli, bəlkə onurğası (korişoku) deyilsə, daha düzgün olar, gözə dəyirdisə, Trifonovun dörd cildinin qarşısını kəsmiş Səfərin "Maestro" bildiyim kitabının arxa üz qabığının bütöv görünməsiydi. Onun gülümsəməsi də mənə acı, yad görünürdü. Alpay onun kitabını Səfərə sayqıdanmı belə qoymuşdu, yoxsa adi təsadüfdən, bilmirdim? Bir neçə yol bunun səbəbini soruşmaq ağlımdan keçsə də, Alpayın "ədəbi aləmdə onu ciddi yazıçı sayırlar, "Maestro"su dünya arenasına çıxarılası əsərdi" deyəndə, mən onun sözünü kəsərək azacıq əsəbiliklə: - Oxumuşam, boş hay-küydü, gənclər sözlərin tutumunu, çəkisini bilmədən bir-birinə dahi, korifey deyir. "Alpayın Səfər Alışarlıya olan bu sayqısı, bəlkə bir yandan, altmış illik yubileyilə bağlı müəllifin özünün yazdığı dərin məzmunlu mətni, o bir yandan da sonradan həmin mətn barəsində mənim qələmə alaraq, yüksək dəyər verib "kulis.az" saytında çap elədiyim yazıma görədi?.." ağlımdan keçdi. Boynuma alıram, Səfərin öz yubileyinə yazdığı yazısını oxuyana qədər mən onu qaraqabaq, adama yovuşmaz, özündən müştəbeh birisi kimi tanıyırdım. Xoşuma gəlməməsinin bir səbəbi, qəzet və jurnallar bədii və publisist yazılarımı şıdırğı çap elədiyi, radio televiziyada silsilə şeirlərim səsləndiyi dönəmdə, yaşca məndən xeyli gənc olduğu halda "mənə dərs" deyib (yanılmıramsa, "Gənclik", "Molodyoj" jurnalında çalışdığı vaxt) hansısa hekayəmi geri qaytarması ola bilərdi. Bəlkə də belə bir əhvalat heç olmamışdı.
Günlərin bir günü kitab rəfimizdən Səfər Alışarlının "Maestro" bildiyim (!) kitabını götürüb arxa tərəfinə baxanda kitabın adının "Avqust" olduğunu görüb səksəndim. "Görəsən, bu kitabı Alpay mağazadanmı alıb, yoxsa Səfərin özü bağışlayıb?" dumanlı fikir içində, bir az da pisikmiş halda kitabı açanda avtoqraf yazısında gözümə Azər adı sataşcaq, "deməli, Səfər, Alpay Azərlə tanışdı" düşünərək, yığcam yazılmış avtoqraf mətnini oxumadan tələsik kitabın son səhifəsindəki mündəricatda birinci sırada "Maestro"nu, son sıradasa "Avqust"u görəndə əməlli-başlı çaşdım. Özümü itirdim desəm, daha dəqiq olar. Hardansa başıma-ağlıma gələn informasiya mənə "Avqust" hekayəsinin 367-ci səhifəsinə baxmağımı pıçıldadı. Səhifədəki yerölçmə alətinin şəklini görcək, halım bir az da qarışdı. Deməyəsən, iyirmi il öncə hansı jurnaldasa Səfər Alışarlıdan oxuyub bəyənmədiyim "Avqust" hekayəsiymiş. Səfərin yubileyilə bağlı yazdığım bir neçə cümlədə (Səfərin yazısını, Nobel ödülçülərinin Norveç Akademiyasında etdikləri çıxışları səviyyəsində olduğunu yazmışdım) yanlış olaraq Maestronu atüstü oxuduğumu, bəlkə yenidən qayıdıb diqqətlə oxuyacağımı Alpaya da demişdim. Üçüncü səhifədəki "Müəllifdən" başlığını oxumadan vərəqi çevirib iri şriftlərlə yazılmış "Maestro", onun altındasa balaca hərflərlə yazılmış roman sözlərindən sonra "Kərmə ayaqlayanlara ithaf olundu" ifadəsini oxuyanda Səfərə olan tutqun, qara, bulaşıq münasibətim gözlənilmədən yüz səksən dərəcə dəyişdi. Niyə atama-anama, dayıma-əmimə, bacıma-qardaşıma, dostum filankəsə, yaxud məmləkətin tanınmış, ünlü bir şair-yazıçısına, yaxud tarixi şəxsiyyətinə yox, məhz "Kərmə ayaqlayanlara ithaf" sözlərini oxuyanda, bir anlıq elə bildim Səfər, hələ oxumadığım bu əsərini həm də mənə, keçən əsrin altmışıncı ilin ortalarında artıq gücdən düşmüş ahıl atama, beşinci sinifdə oxuyan bacıma da ithaf edib...
Kəndimizdə kərmə ayaqlayan olmayıb, ancaq kərpic düzəltmək üçün palçıq ayaqlayanlardan biri də mən olmuşam. İkinci Dünya savaşında yeddi dəfə yaralanıb pencəyinin sol döşü medallarla bəzəkli atam müharibədən zabit kimi qayıdanda, o, kolxozun sədri seçilmiş, iyirmi beş il kolxoza rəhbərlik etmişdi. Bu illər ərzində kolxoz yavaş-yavaş dirçəlmiş, adamların güzəranı yaxşılaşdığından, evlərin əksəriyyəti ikimərtəbəli olsa da, bizim evimiz hələ də birmərtəbəliydi. Bəzi ağzıgöyçəklərin fikrincə, "Abdulla ehtiyat elədiyindən ikinci mərtəbəni qaldırmır, uzun illər kolxozdan çırpışdırdığı bir yana, müharibədən bir kisə qızılla qayıdıb" deyənlər varmış. Atam sədrlikdən çıxandan beş il sonra, uzun illər anamın danlağından, deyinməsindən yorulub bezmiş, qocalıb gücdən düşmüş (uzun illərin müşahidəsindən sonra görmüşəm ki, yaşlanıb haldan düşmüş qocaların əksəriyyəti qarılarının önündə yumşalıb muma dönür) evimizin ikinci qatının tikilməsinə qərar verib. Onda mən universitetin üçüncü kursunu bitirib əynimdə təzə tikdirdiyim kostyum, yerə-göyə sığmaz ovqatla evimizə gəlmişdim. Kərpic üçün yararlı torpaq kəndimizdən iki kilometr aralıda bir yamacın döşündəydi. Atamla şalvarımızı dizimizəcən çırmalayıb qazdığımız torpağa saman qataraq, gah bellə qarışdırır, gah ayaqlayıb saqqıza dönmüş palçığı dayanmadan qəliblərə tökürdük... atamın nazilib damarları çıxmış ap-arıq qıçlarını, baldırının birində novdana bənzər güllə yarasının yeri... beşinci sinfə keçmiş Ay parçası kimi gözəl bacımın otuz-qırx addım bizdən aşağıdakı arxdan vedrəni doldurub sərt yamaca yuxarı qalxdığı (sonralar böyüyüb yaşlı qadın olanda da kişi kimi kobud yerişini, gün ərzində həmin arxdan yetmiş, bəlkə də səksən vedrə su daşımasından miras qaldığını güman etmişəm) anlar indi də yadıma düşəndə, qəlbim sızım-sızım sızıldasa da, Səfər Alışarlı bir köynək mənə yaxınlaşırdı. Bundan sonra gəl "Maestro"nu diqqətlə, sevgiylə oxuma görüm, necə oxumursan. Romanın "Adam yaşamayan bölmədə" adlı başlığının birinci səhifəsində şəhərə gəlib internat məktəbində oxuyan uşaq sinif rəhbərini görəndə kənddəki Zibeydə müəllimini xatırlayır. "...Zibeydənin üst-başından tövlə iyi gəlirdi, bütün kənd arvadları kimi dişlərinin bəzisi tökülmüşdü. Hərdən sinfə yazı işi verib, stol arxasında gizlicə nəsə gövşəyirdi...". Yenicə oxumağa başladığım romanın bu yerində "Qəmərlidən keçən qatar" əsərində hardansa kəndlərinə gəlmiş gözəl Zülfiyyə müəlliməni bircə yol görən Ağəli "il boyu döşlərindən süd axan öz sinif müəllimi"ni xatırlayır. "Görəsən, Səfər Alışarlı "Qəmərlidən keçən qatar"ı oxuyubmu, bəyənibmi?.." ağlımdan keçdi.
İyirmi yeddi başlıqlı "Maestro"nun birinci bölməsində iki doğma qardaşın - iyirmi il şəhərin müxtəlif yataqxanalarında yaşamış yüksək səviyyəli, hissiyyatlı musiqiçi, saksafon ifaçısı İsmayılla, kənd sovqatıyla (bişmiş soyutma toyuq, yumurta, pendir, göy-göyərti...) gəlib internatda oxuyan balaca qardaşın söhbət etdikləri vaxt xarakter və dünyagörüş baxımdan onların doğma olduqları qədər də yadlığını oxucu kədərlə duyur. Kəndə heç cür gedə bilməyən böyük qardaş kənddə öz camışlarını otardığını, pendiri torpağa basdırılmış küpədə saxlandığını, Mərdan kişinin qızını xatırlayaraq qardaşından - Onun məmələri yenə elə yekədi? - biganəliklə soruşur...
Mən bu yaşımda sanballı, çox şaxəli, içərisi zəngin elmi (musiqi, ədəbiyyat, etnoqraf, zərgərlik, tarix, riyaziyyat, fəlsəfə, məntiq...) bilgiylə, seçilən xarakterlərlə yüklü, poetik dillə yazılmış "Maestro"nu təhlil eləmək gücündə olmadığımdan, sadəcə, romanı oxuduqca aldığım impulsdan yaranmış bol-bol yaşantılarımın ancaq bir hissəsini ifadə etməyə çalışacam.
İsmayıl dəsmalıyla saksafonun müştüyünü silə-silə qardaşından: - Yadındadı, gəldim səni dərsdən çağırdım? Bu sualdan qaşqabaqlı balaca qardaşın eyni açılıb gülümsünür - Hə, hə, necə ki? - deyir.
- Onda mənə, nədənsə, elə gəlmişdi ki, sənin dişin ağrıyır. Bilmirəm, bəlkə də yuxuda görmüşdüm. Nə isə, indi sənə təxminən diş ağrısı kimi bir şey çalacam. (səh. 14). Əziz oxucu, İsmayılı azacıq tanımaq üçün "diş ağrısı kimi musiqi" ifadəsi bəs eləmirmi?.. (Burda Nazim Hikmətin ünlü türk rəssamı Abdin Dinoya "Sən ümidin rəsmini çəkə bilərsənmi?" misrası yada düşür). Hələ bu harasıdı. İsmayıl qardaşıyla musiqi haqqında bölüşəndə solonun uzun-uzadı çalınanda bezdirici olmasını belə izah edir:
- Orkestr lazımdır, - təəssüflə dedi. - Başa düşürsənmi, solo yaxşı şeydir, iki-üç dəqiqə, uzağı beş dəqiqə... Dəhşətli şeylər eləyirlər. Onlar böyük meşədə azmış, ağlaya-ağlaya oradan çıxmağa yol axtaran körpə uşağa oxşayırlar. Belə qaranlıq meşədən çıxmaq üçün bir səs azdır, bir səs heç nədir. Mütləq orkestr lazımdır... (səh. 17). Musiqini ağrı adlandıran, vaxt saksın yox, saks vaxtın Allahı, saksın yaralı adamlar üçün olduğunu (səh.21) deyən (əgər kimsədən gəlmirsə) İsmayılı -Səfər Alışarlını adi adam kimi qəbul etmək ağır və böyük suç! Musiqini duyub onun incə çalarlarını ayırd etməyi bacarmaq bir talant, onların bənzətmə, təşbeh və söz birləşmələrilə bədii şəklini çəkmək başqa bir istedad! Saxta notların açıq pəncərədə yellənən tül pərdələrə bənzədiyini deyən maestro, əslində, Səfər Alışarlı: musiqiçi olmaq istəyən gəncə: - Sənin barmaqların, (barmaqların!) Şopeni Vaqnerdən ayırmağı bacarmalıdır, - deyir. - Şopeni çalanda barmaqlar havada tamamilə çəkisizləşməlidir. Elə bil aşağıda o barmaqlar sədəf dillərə yox, kiminsə açıq ürəyinə toxunacaq...
Səfər Alışarlını yaxından tanımasam da, onunla iki-üç dəqiqəlik üzbəüz dayanıb söhbət eləməsəm də, onun konservatoriyanın bəstəkarlıq, yaxud sənətşünaslıq şöbəsində təhsil aldığını bu uzun illərdə kimdənsə eşitmiş olardım. Mən bir vaxtlar, lap kənddə orta məktəbdə oxuduğum çağlar "Belarus" priyomnikimizdə simfonik musiqiyə qulaq asırdım. Xalq mahnılarımız, muğamatla yanaşı, Şalyapin, Böyük Karuzo, Cili, Del Monokonu, Peru müğənnisi İma Sumakı (onun plyonka valını almışdım) həvəslə dinləyirdim. Bakıya gələndən sonrasa yüksək zövqlü, bilikli, çağdaş tanınmağımçün klassik rus, Avropa bəstəçilərinin əsərləriylə maraqlanır, SSRİ Xalq artisti balerina Qəmər Almaszadədən radiomuz üçün veriliş hazırlamaq istərkən, dünyaca ünlü prima balerina Qalina Ulyanova, Maya Plisetskayanın həyat və yaradıçılığıyla maraqlanırdım. Bethoven, Çaykovski, Motsart, Raxmaninovun fortepiano üçün yazdıqları əsərlərinə dönə-dönə qulaq asır, zövq almaqdan başqa, dost-tanış yanında, yaxud hansısa bir məclisdə səslənən musiqinin kimə məxsus olduğunu deməklə özümü mədəni, bilikli, intellekt kimi göstərmək iddiasındaydım. Nikolay Rimskiy-Korsakovdan, onun "Min bir gecə" ərəb nağılından təsirlənərək bəstələdiyi Şəhrizad simfonik süitası, "İran kapriçiosu"ndan söz düşəndə, yaradıcılığında türk izini görməsəm də, Nikolay Baskakova arxalanaraq, həm Nikolay, həm də Korsakov (kor-sak) adlarının türk mənşəli olduğunu iddia etmişəm. Şumanın, Vivaldinin, Hindemitin, bugünəcən bilmədiyim səbəbdən, nədənsə, ilk öncə onların adları məni özlərinə çəkib, sonrasa fortepiano əsərlərini dəfələrlə dinləmişəm. Nə olsun, yaşımın bu çağında yaddaşımın qatlarını pas tutduğundan yalnız Bethovenin Doqquzuncu simfoniyası, Aylı sonatası, Şopenin Noktrünü, Motsartın Rekviyemi yadımda qalıb. Musiqiylə bu sayaq maraqlanıb, dinləyərək zövq almağı, üzdən araşdırma aparmaq, özü də internet dönəmində orta savadı olan hər kəsin bacardığı bir iş. Ancaq "Maestro" əsərinin baş qəhrəmanı İsmayılın, həm də yazarın musiqi haqqında dedikləri, yozumları fenomen sənətçilərə məxsus dərin və dəqiq açıqlaması, pafosla səslənəcəyindən ehtiyat etdiyimdən "kəşf" yazmadım. Romanın qırx birinci səhifəsində gözümə dəyən "sılıf" sözü məni altmış, bəlkə də altmış beş il öncələrə uçurtdu. O çağdan bəri həmin sözə nə oxuduğum kitablarda rast gəlmiş, nə də o sözü kimsədən eşitmişdim. Yaz-Novruz bayramına aş bişirmək üçün hazırlıq görüb taxta tabaqda düyünü arıtlayan nənəmdən (anamdan): - O nədi, nənə? - soruşdum. Ay işığına bənzər səsiylə - hər dəfə bu səsi qulağım çalanda, Şövkət Ələkbərovanı xatırlayırdım. - Bunlar SILIFDI, - demişdi, nənəm. Bax, altmış, bəlkə də altmış beş ildən sonra doğma, əziz bir adam kimi qarşıma çıxıb qəlbimi işıqlandırıb titrədən bu sılıf sözü, sonrakı səhifələrin birində rast gələcəyim "külfə" sözü... təndirimizin başına yığışmış doğma, aydın üzlər, bir-birinə qarışan doğma səslər... təndirdən yenicə çıxmış isti lavaşın arasına motal pendiri qoyub nənəmın mənə uzatdığı tikə-dürmək... bağçamıza qaçıb yenicə dib bağlamış alyanaq turpları dartaraq torpaqdan çıxarıb silkələmək, üstündə qalmış gil qırıntılı, toz-torpaqlı üzə gülən fındıq boyda turpu bir yol şalvarına, bir yol köynəyinə sürtüb bir dişləm tikədən, bir dişləm də o turpdan almaq... Yoxsa indi, olmayan taclı virusun vəhindən göy-göyərtini, turpu bir saat qabdakı suda, həm də sirkəli(!) suda saxlamaq! O lavaş-pendir dürməyinin dadını-ləzzətini, o vaxtdan bəri ötən onillərdə yediyim nemətlərin heç birində hiss etmədim. "Maestro"nun seçilən başqa məziyyətləri bir yana, bu iki söz Səfər Alışarlını daha bir köynək mənə doğmalaşdırdı. Hə, onu demək istəyirdim axı, müəllif yazır, "...pəncərədən eşidilən musiqini dinləyirdi, (İsmayıl - A.A.) arabir qulağına dəyən xaric notları düyü içindən sılıf təmizləyən kimi, dərhal götürüb kənara tullayır, ancaq bu, sanitariya əməliyyatı ifa olunan musiqinin keyfiyyətini yaxşılaşdırmırdı. İndi kifayət qədər məşhur bir qadın üçlüyün müşayiətilə xalq mahnısı oxuyurdu. "Yarım gələnə qaldı yaramın sağalması. Ölürəm, ö-ö-ö-lürəm...". Ona həmişə elə gəlmişdi ki, xalq mahnılarının sözsüz avazından, muğamın zəngulə və boğaz polifoniyasından klassik Avropa musiqisinə mütləq bir kosmik keçid var. Bu keçidin axtarışlarında o, həmişə əvvəli, çıxış nöqtəsini tapmışdı, ancaq irəli bircə addım gedən kimi büdrəyib yıxılmış, odur ki, vaxtilə yıxılmamaq üçün həmin addımın tələb etdiyi saksafona söykənməkdən başqa çarəsi qalmamışdı. Amma o bilirdi ki, həmin keçid var, əks istiqamətli gedişləri, muğama aparan yolları o, Bizedə, Bethovendə, hətta Raxmaninovda da görmüşdü, ancaq o yollar o qədər sirli və tədqiqolunmaz incəliklərdən toxunmuşdu ki, ora fəhmdən başqa heç nə ilə girmək mümkün deyildi. İndi oxuduğu mahnının səmimiyyətlə üzünün bakirəlik ifadəsini qətiyyən uyğunlaşdıra bilməyən müğənninin ifasını dinləyə-dinləyə ona elə gəldi ki, saksafondan yalnız və yalnız keçidin ani elementlərində istifadə eləyə bilər, sonra gələn səslərin rezonansı isə tenoru dərhal vurub məhv etməklə nəfəs və düşüncə genişliyi açmalıdır. Ah, Vaqner, Vaqner!..".
Yüksək hissiyyatlı yazar, doğma və rus dillərindən başqa əcnəbi dillərini bilib-bilmədiyindən xəbərim yox, ancaq o, qarşısında dayanıb söhbət elədiyi adamın dediyi sözlərdən başqa, o sözlərin alt qatında gizlənmiş fikri, eyhamı duyub hiss etməsi bir yana, bəzən o, başına qonmaq istəyən xallı kəpənəyin, ağacın altından keçərkən küləyin aşağı əydiyi budaqdakı yarpaqlardan bircəciyinin onun üzünə ehmalca toxunmaqla nə demək istədiyini belə anlayır. Buna misal, romanın iyirmi altıncı bölməsindən bir parça: "İki pəncərə, iki qapıdan keçən yüngül mehin hərdən qapılardakı tənzif pərdələri də tərpətməyə gücü çatırdı, elə bil pərdənin biri sinəsini havayla doldurub, ətəyinin qulağını astaca oynatmaqla metr yarım o yandakı yoldaşına nəsə deyirdi, o biri də yalnız mürgülü başını azca yırğalamaqla "hı" eləyib diksinirdi və sözün dalının gəlmədiyini görüb təzədən mürgüsünü döyürdü...", "...növbəti meh dalğası gələnəcən pərdələrin pıçıltısı kəsilirdi". Hiss, duyğuyla yüklü mətnin bu yerində, yaxud romanın hansı səhifəsindəsə "qulağını kəsmiş qıyıqgöz rəssam" ifadəsinə rast gələn oxucunun xəyalı, onu impressionist sənətçilərin dönəminə uçmağa gücü çatmayacaqsa, Sezan, Klod Mone, Eduard Mane, Van Qoq... rəsmlərinin işığından, həzinliyindən, zəriflik və duyğusallığından sərxoş olmayacaqsa, Səfər Alışarlı bildirməsə də, sizdən inciyəcəyinə əmin ola bilərsiniz.
"Maestro"nun hər səhifəsindən boy verən bəzən bir, bəzənsə bir neçə obraz və təşbehlə süslənmiş poetik cümlələr əsərin bədii dəyərini artırır, roman bütövlükdə, qaranlıq kənd gecəsini bəzəyib cilvələyən ulduzlu səmanı xatırladır:
...Gözlər həbsxana darvazası kimi qapandı.
...Televiziya məzmunca siyasətlə məşğul olan oğru-quldurlara padnosda yemək daşıyan ofisianta oxşayır...
...qaranlığın qarnına soxulmuş xəncər tiyəsi.
...təzəcə kəsilmiş gümüş sikkəyə oxşar təbəssüm
...bel sapı kimi dümdüz, düyünsüz tanış səsi (generalın səsi - A.A.)
...qaçqınlar çayxana küncünə düşmüş islaq qənd tikəsinə qarışqa daraşan kimi daraşmışdılar.
Yataqxana həyətində futbol oynayan qaçqın uşaqları Sədinin ölüm xəbərini eşidərkən mənzərənin təsviri:
...yerindən tərpənmək istəyən teplovozun ətalət qanununa vurduğu ilk təkanı yük vaqonları arxadan o cür taktla ötürdüyü kimi, həyətdə futbol oynayan uşaqları Cəbinin ölüm xəbəri eləcə tək-tək diksindirdi.
...Baxa-baxa təbəssümü yumşalıb gülöyşə narı qədər şirinləşdi.
...noyabr günəşi hamilə gəlin mülayimliyilə durmuşdu.
Bu sayaq sayagəlməz obrazlı cümlələri seçib üzə çıxartmaq ayrıca bir araşdırıcının işi.
Hər dəfə "Maestro"nu əlimə alıb romanın davamını oxumaq istəyəndə, kitabın qapağı açılcaq, gözüm-baxışım yığcam yazılmış avtoqrafın üstündən səmada axan ulduz kimi, qaranlıqda qarşı dağın meşəsi üstündən sürüşüb axan projektor işığıtəkin sürətlə sürüşüb keçirdi. "Görünür, Alpayla yaxındı ki, kitabını ona bağışlayıb". Ancaq növbəti dəfə, nədənsə, avtoqrafı oxumaq fikrimdən keçdi. Yenə səksəndim, nə görsəm yaxşıdı!? "Qələm dostum Azər Abdullaya sayqı və sevgilərlə S.Alışarlı 08.008.04". Səkkizin önündə iki sıfır yazmağı, görünür, müəllifin fikirli, dağınıq olmasındanmış. Qarabağlılar demiş, ay tövbə, əgər bu kitabını Səfər harda, hansı şəraitdə mənə bağışladığı günü, ayı, ili, yadıma sala bilirəm. 1988 - Qərbi Azərbaycandan bütün türklərin qovulması, 1990 - Qanlı Yanvar - rus qoşunlarının xalqımızı güllə-barana tutması, 26 fevral 1992 - rus-erməni qoşun birliyinin Xocalı dinc əhalisini qətliam etməsi. Doxsan ikidən buyanakı bütün illər, bütün zaman başımda əriyib bir-birinə qarışaraq vulkan püskürməsindən sonra axıb donmuş boz, soyuq bir lava kütləsi...
Romanda pambıq becərən qızların təsviri "Yeddi qızla gülyanaq oğlan" poemamdan bu sətirləri yadıma salır:
Offf!!! Bacılarım...
Qarnı yarıq armudun yanıq qarası
gözlərimə necə dolubsa,
ürəyimə necə çökübsə,
illərin ayrılığı,
ayların yağışı yuyub aparmır,
çimdiyim dənizlər silib aparmır...
Allah kəssin bağışladığınız
su payını,
ayran payını,
alma payını,
Allah kəssin mənə verdiyiniz
Armudun altındakı bir qırıq
kölgə payını...
Bacılarım,
topuğunuzu döyən doqquz taxtalı
qızılı lentli,
allı-güllü tumanlarınızın
ətəyindən kızma-kızma sallanan
pıtraqları, qanqalları,
corabınıza daraşmış qılçıqları
ovuc-ovuc yığıb
hara atdınızsa,
qayıdıb töküldü ürəyimin başına,
qanatdı neçə yol ürəyimi,
göynətdi, sızlatdı neçə yol ruhumu...
Pambıq becərən qızların zavallı halı da saksafonçu İsmayılın (əslində, Səfərin) ürəyini, ruhunu beləcə ağrıdırmış. Kövrəlmişdim, doğmalaşan Səfər Alışarlı mənə sarı elə gəlirdi, taclı virusun at oynatdığı bir vaxtda onu qucaqlayıb bağrıma basmamaq mümkün deyildi.
İyirmi yeddi başlıqlı roman, oxucunu, daha dəqiqi, məni "Min bir gecə" nağılıtəkin maraqla dartıb arxasınca aparırdı. Mən bu kədərli yolu addımladıqca hansı kanalınsa sularında İsmayılın atdığı zurnasının batıb yox olduğunu, sonra yenə göründüyünü, sonra batıb biryolluq yox olması gözümün önündən getmirdi.
"Maestro" romanı, əsərin baş qəhrəmanı "neçə aylardır yarasını yalayan heyvan kimi gəzən" saksafonçu və bəstəçi nadir talant İsmayıla, sırıqlısı qızıl sikkələrlə dolu acından ölən miskin, qoca qaçqın Sədiyə, çölün tozlu yolu boyunca addımladıqca, qırmızı plastmas çəkələkləri cadarlı dabanlarına çırpılıb səs salan Mərdanın qızı Telliyə, milyondan artıq sakini olan meydanı günlərlə idarə edə bilən iyirmi altı yaşlı fəhlə Nahid Paşayevə və ustalıqla yaradılmış ölüm xofundan qorxaraq (bu məqamda Mirzə Cəlilin "Kişmiş oyunu" əsəri yada düşür), bəlkə tək, köməksiz qaldığından, son ümidi məmləkəti vətəndaş qırğınından sovuşdurmaq amacıyla qaçan ölkə prezidentinə, bəlkə məmləkətin talesiz bütün insanlarına, cəmiyyətə yazılmış, yaxud bəstələnmiş hüzünlü bir ağı, bir elegiyadır. İsmayılın təbirincə, solo ilə yox, böyük orkestr - azman xorla ifa olunub səslənən bir ağı-elegiya...
S.A. (söz ardı) İfaçılıqda Şopeni Vaqnerdən ayıra bilən, mehin tərpətdiyi pərdələrin "söhbətini" həssaslıqla anlayan, diş ağrısını saksafonda İsmayıla çaldıran dərin düşüncəli yazar, əsərdəki general obrazını nə qədər tədbirli, çevik, bir neçə gedişi öncədən görə bilən səriştəli qrossmeyster kimi təsvir etsə də, bilinməz bir zamandan sonra (?) bildiklərinin hamısını qızırqanmadan, səxavətlə əlavə etsəydi, obraz daha mükəmməl, daha bitkin olardı, fikrindəyəm.
S.A. S.A. (söz ardına söz ardı) "Maestro"nu kitab rəfindən götürdüyüm həminki yerinə qoydum. Mətbəxə girib-çıxanda, Səfər Alışarlının gülümsəməsi, intellekt yazarın öz təbirincə desək, artıq mənə "gülöyşə nar kimi şirin" gəlir.
20 aprel 2020
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!