Missiya... - Aləm Kəngərli - hekayə

Elə bil Sevil müəllimin yatağına qor dolmuşdu. Gah bu, gah da o biri böyrü üstə çevrilir, ona yük olan fikirlərdən heç cür qurtula bilmirdi. Hava hələ işıqlaşmamışdı. Saata baxdı. Dördə qalırdı. Yuxuya gedə bilməyəcəyini anlayıb yataqdan qalxdı. Sinif əlaçısı İlkinin birdən-birə dərslərindən geriləməsi, söz eşitməməsi, pis uşaqlara qoşulması onu rahat buraxmır, ürəyini ağrıdırdı. Təkcə sinifdə deyil, hətta məktəbdə də ən nümunəvi şagirdlərdən olan, şəkli şərəf lövhəsindən düşməyən, davranışından, oxumağından parlaq gələcəyi indidən bəlli olan bu uşağa birdən-birə nə olmuşdu, anlaya bilmirdi.

Pəncərədən alatorana baxa-baxa qərar qəbul etdi ki, bu gün hökmən İlkinlə təklikdə söhbət etməlidir, nə baş verdiyini öyrənməli, ona öyüd-nəsihət verməli, hansı dəstək lazımdırsa, göstərməlidir.

Səhər yeməyi yemədən narahat halda evdən çıxdı. Məktəbə çatan kimi sinif otağına girib jurnalda lazımi qeydlər apardı. Sonra üzünü İlkinə tutub dedi:

- Keç lövhənin qarşısına, dərsimizi danış. Keçən dəfə hazırlıqsız gəlsən də, sənə "iki" yazmamışam.

İlkin yavaşca ayağa qalxdı, ancaq yerindən tərpənmədi. Sevil müəllim təkrar səsləndi:

- Eşitmirsən, səninləyəm!

- Hazır deyiləm, - İlkin astadan dilləndi.

- Niyə hazır deyilsən?! Olmaya, səni dərs oxumağa qoymurlar?

İlkindən səs çıxmadı. Başını aşağı salıb susdu. Sevil müəllim dedi:

- İlkin, sənə bu dəfə də qiymət yazmıram. Ancaq gələn dəfə də hazırlıqsız gəlsən... - Bir az ara verib sözünə davam etdi: - Məndən incimə, İlkin, daha sən mənim sevimli şagirdim deyilsən. Belə getsə, hətta səni sinifdə də saxlamalı olacam. Otur!

İlkin yavaşca oturub səsini çıxarmadı. Sevil müəllim onun xəcalət çəkdiyini hiss edirdi, ancaq dərslərə hazırlıqsız gəlməyinin səbəbini başa düşə bilmirdi. Axı İlkingilin ailəsi də nümunəvi ailələrdən sayılırdı. Bir il əvvəl Sevil müəllim onların evinə gedərək övladları ilə fəxr edə biləcəklərini İlkinin valideynlərinin diqqətinə çatdırmışdı. Sevil müəlim İlkinin valideynləri Vüqar bəy və Sevinc xanımla söhbət zamanı onların yüksək intellektə sahib olduqlarına heyran qalmışdı. Və istər-istəməz etiraf etməli olmuşdu ki, İlkinin əlaçı olmasının bir səbəbi təhsil aldığı məktəbdirsə, başqa bir səbəbi valideynləridir.

Uşaqların səs-küyü onu xəyaldan ayırdı. Özünü ələ alıb tez soruşdu:

- Dərsimizi kim danışar?

Əllər yuxarı qalxdı.

- Sən danış, qızım, - deyə üzünü bəstəboy, gülərüz Səbinəyə tutdu.

Fikirlər beynini necə yükləmişdisə, Səbinənin nə danışdığından xəbəri yox idi. İlkinin birdən-birə məktəbdən üz döndərməsinin, dərslərə hazırlıqsız gəlməsinin səbəbi nə ola bilərdi, görəsən?

Uşaqların yerindən danışması onu fikirdən ayırdı:

- Nə olub, nə səs salmısınız?

- Bir yerini düz demədi, müəllim, - deyə şagirdlərdən kimsə səsləndi.

Bir neçə sual-cavabdan sonra keçmiş dərsi başa vurub könülsüz halda yeni mövzunu şagirdlərə izah etməyə başladı. Zəng səsi eşidilən kimi uşaqları bayıra buraxıb sinif otağında İlkinlə tək qaldı. Parta arxasına keçib onunla yanaşı oturdu. Əli ilə İlkinin başına sığal çəkib onu şirin dillə dindirməyə başladı:

- İlkin, məndən gizlətmə... Düzünü de görüm, sənə nə olub? Dərslərini niyə öyrənmirsən? Bilirsən ki, mən səni necə çox istəyirəm. Məndən heç nəyi gizlətmə. Nə baş verirsə, mənə danış. Mənim məsləhətlərimin sənə ancaq xeyri ola bilər.

İlkin susaraq sakitcə dayanmışdı. Cavab verənə oxşamırdı. Müəllim nəticə əldə edə bilmədiyi üçün bu dəfə başqa yola əl atmaq qərarına gəldi:

- O gün azyaşlılardan ibarət cinayətkar qrupun diktəsi ilə məktəbimizin iki şagirdi mağazadan telefon oğurlamışdı. Həmin qrup narkotik satışı ilə də məşğul olurmuş. Yenə sağ olsun məktəbimizin direktoru Yaşar müəllim, öz nüfuzundan, ağsaqqallığından istifadə edib yüz cür xahiş-minnətdən sonra şagirdlərimizi o quldur dəstəsindən ayıra bildi. Əgər o olmasaydı, uşaqlar indi türmələrdə çürüyürdü. Biz onların əlaçı, tərbiyəli şagirdlər olduqlarını bildirməklə, onlara zamin durmaqla zorla canlarını polisdən qurtara bildik. Görürsən, yaxşı oxumaqları, nümunəvi ailədən çıxmaları, dərin peşmançılıq hisləri olmasaydı, heç Yaşar müəllim də arxalarınca getməyəcəkdi. İndi elə bir dövr gəlib çatıb ki, fərdləri ümumi bəlalardan qorumaq çətinləşib. İlkin, oğlum, mən çox qorxuram ki, birdən sən də təsirə düşərsən, tərbiyəsiz uşaqlara qoşularsan. Unutma ki, sən dərslərinə əvvəlki kimi davam etsəydin, bu şübhələrin də yeri olmazdı.

- ...

- Görürsən, mən sənin bu son müəmmalı davranışın barədə heç kimə - hətta ata-anana da bir söz deməmişəm. Səninlə söhbət etməklə kifayətlənirəm... Məndən gizlətmə, düzünü de görüm, birdən-birə sənə nə oldu? Niyə dərslərinə hazırlaşmırsan?

- ...

- Məndən incimə, İlkin. Əgər səbəbini mənə açıqlamasan, sənin haqqında pedaqoji şurada məsələ qaldırmalı olacam. Bilirsən ki, ciddi tərbiyəyə ehtiyacı olan uşaqları müvafiq islah müəssisələrinə göndərirlər.

Sevimli müəllimini sakit tərzdə dinləyən İlkin son cümlələri eşidəndən sonra hönkürtü ilə ağlamağa başladı. Elə ürəkdən ağlayırdı ki, onun bu halını kim görsəydi, bağrı qana dönərdi. Sevil müəllim dediyi sözlərə peşman oldu. İlkinin sel kimi axan göz yaşları dayanmaq bilmirdi. Toxtaqlıq vermək əvəzinə, özünü saxlaya bilmədi, şagirdinə qoşulub o da ağlamağa başladı.

Tənəffüs vaxtı başa çatırdı.

Sevil müəllim özünü ələ alıb İlkinə yalvarırmış kimi dedi:

- Sən yaxşı oğlansan. Əgər nəsə bir problemin varsa da, darıxma, yavaş-yavaş hər şey qaydaya düşəcək. İradəli olmaq lazımdır! Sən kişisən axı! Çalış, gələn dərslərimizə hazırlıqlı gələsən. Ürəyini sıxma, mən sənə kömək edəcəm. Sən yenə əlaçı olacaqsan. Mən sənə inanıram, İlkin!

***

İstirahət günlərində vaxt heç keçmədi, uzandıqca uzandı. Bazar ertəsi Sevil müəllim evdən çıxıb böyük ümidlərlə məktəbə yollandı. Düşünürdü ki, axırıncı söhbətdən sonra İlkin özündə dönüş edib dərslərinə hazırlıqlı gələr. Ürəyinə dammışdı ki, bu gün bir yenilik olmalıdır.

Zəng çalınan kimi inamlı addımlarla sinif otağına girdi. Uşaqlarla salamlaşandan sonra ətrafa göz gəzdirdi. İlkinin əhval-ruhiyyəsinin necə olduğunu bilmək istəyirdi. Arxa cərgəyə nəzər salanda gördü ki, İlkinin yeri boşdur. Sanki onu cərəyan vurdu .

- İlkin hanı, uşaqlar? - deyə tez xəbər aldı.

- Dərsə gəlməyib, müəllim, - uşaqlar xorla cavab verdilər.

Çox narahat oldu, hətta qorxuya da düşdü. "Allah eləməsin, mənim tənbehimdən sonra uşaq özünə bir şey etmiş olar..." Üzünü İlkinlə bir binada yaşayan İlqara tutub tez soruşdu:

- Sən bilmirsən, niyə gəlməyib? Evlərində səs-küy yox idi?

- Bilmirəm, müəllim. Mən səhər dərsə gələndə gördüm balkondadır. Çağırıb salam verdim, amma səsini çıxarmadı.

Sevil müəllim fikirli halda dərsi birtəhər başa vurub tənəffüs olan kimi tez İlkinin bacısı Arzunun oxuduğu sinfə yollandı. Sinif rəhbəri Şəlalə müəllim onu qapıda görən kimi dedi:

- Sevil, nə olub belə, rəngin-ruhun qaçıb? Deyəsən, bəd xəbər gətirmisən.

- Şəlalə, İlkin bu gün dərsə gəlməyib. Onu Arzudan xəbər almağa gəlmişəm.

- Qəribədi...

- Nə qəribədi?!

- Bu gün Arzu da dərsə gəlməyib...

Sevil müəllim tutuldu. Ani düşüncədən sonra dedi:

- Onda mən qaçım evlərinə. Görüm, niyə gəlməyiblər. Deyəsən, nəsə olub.

- Ay Sevil, sən də qəribə adamsan ey. Burda nə var axı? Dünya dağılmayıb ki?! Uşaq dərsdən qalar da, narahat olma. Yəqin, rayona qonaq gediblər.

- Deyirəm, bəlkə...

- Nə bəlkə? Arzu uşaqlara zəng edib deyib ki, müəllimə deyin, bu gün mən dərsə gələ bilməyəcəm.

Bu söz Sevil müəllimə bir az toxtaqlıq verdi. Buna baxmayaraq, qərara aldı ki, dərsdən sonra İlkinə baş çəkmək üçün mütləq evlərinə getsin, valideynləri ilə görüşüb söhbət etsin. Fürsətdən istifadə edib Şəlalə müəllimdən bəzi məlumatlar almaq istədi:

- Şəlalə, son vaxtlar Arzuda bir dəyişiklik-filan sezməmisən?

- Nə mənada? - Şəlalə müəllim soruşdu.

- Bilirsən, İlkin sinfimin gözü idi; həm oxumağı, həm də davranışı, intizamı ilə. Amma son vaxtlar tamam dəyişib, dərslərə hazırlıqsız gəlir. Bildiyim qədərilə, pis uşaqların əhatəsinə düşüb. Dedim, görüm, Arzu necədi, o da dəyişməyib ki?

- Sən Arzunu şəxsən tanıyırsanmı?

- Əlbəttə, tanıyıram.

- Ancaq indi görsən, tanımazsan.

- Niyə ki? - Sevil müəllim təəccüblə soruşdu.

Şəlalə müəllim dedi:

- Qız çox arıqlayıb, həmişə fikirlidir. Səbəbini soruşuram, heç nə demir. Mehriban, gülərüz qız idi. Sinif yoldaşları həmişə onun başına yığışar, deyib-gülərdilər. Amma indi hamıdan qaçır, tək qalmağa çalışır. Qaş-qabağı heç açılmır. O gün bütün siniflə birlikdə yığışıb tort aldıq, burda ad gününü təbrik etdik. Amma qırışığı yenə açılmadı. Sevinmək əvəzinə çəkilib bir küncdə xısın-xısın ağladı.

- Bəs dərslərini necə, oxuyurmu?

- Oxuyur, Sevil. Ancaq dərslərinə əvvəlki kimi həvəsli deyil. Onunla təklikdə söhbət etsəm də, bir söz ala bilmədim, ruh düşkünlüyünün səbəbini öyrənə bilmədim.

Sevil müəllim, bivaxt olsa da, dərsdən sonra öz evlərinə deyil, İlkingilə üz tutdu. Lift təmirə dayandığı üçün beşinci mərtəbəyə piyada qalxmalı oldu. Astma xəstəliyindən əziyyət çəkdiyindən bərk təngnəfəs oldu. Çantasında gəzdirdiyi dərmanı boğazına püskürdüb xeyli dayandı. Özünə gəldikdən sonra İlkingilin qapısındakı zəngin düyməsini basdı. Cavab verən olmadı, düyməni yenidən sıxdı. Zəngin səsi dəhlizdə də eşidilirdi. Deməli, evdə kimsə yox idi. Sevil müəllim qonşuya müraciət etmək qərarına gəldi. Elə ilk zəngdən sonra qapı açıldı.

- Buyurun, qızım, eşidirəm, - deyə qapını açan ağsaçlı kişi ədəblə dilləndi.

- Siz Allah, bağışlayın, dayı. Sizi də narahat edirəm. İlkingilə gəlmişdim, evdə yoxdular. Dedim, bəlkə, siz bilərsiz, bunlar hardadır? İlkin bu gün dərsə gəlməyib. Mən onun müəllimiyəm.

- İlkində günah yoxdu, qızım. Valideynləri başlarını itiriblər, yəqin, ona görə gəlməyib.

Sevil müəllim heyrət içində tez xəbər aldı:

- Nə olub ki, dayı? Zəhmət olmasa, deyin. Mən çox narahatam.

- Qızım, son vaxtlar bu evdə hər gün qırğındır. Dava-dalaşdan, hay-küydən gecələr evimizdə yata bilmirik. Hörmətli, sayılıb-seçilən adamlardı, söz də demək olmur. İşləri məhkəmədədir. Boşanırlar.

- Nə?! - Elə bil Sevil müəllimi cərəyan vurdu. Gözləri qaraldı, başı gicəlləndi. Özünü saxlaya bilməyib divara söykəndi. - Boşanırlar? Belə gözəl bir ailə? Axı nədən, nəyə görə? Bəs uşaqlar?! Onları fikirləşən oldumu?

Arzu ilə İlkin boynubükük, pərişan halda gəldi durdu gözləri qarşısında. Kişini yenidən sorğu-suala tutmağa başladı:

- Sənə qurban olum, ay dayı, bəs niyə boşanırlar?! Birdən-birə nə oldu axı? Belə də müsibət olar? Qohumlar, qonşular, ağsaqqallar hara baxırdı bəs? Niyə imkan verdilər? Bir yol göstərən, məsləhət verən, tədbir tökən olmadımı?

- Oldu, qızım. Elə mən də, bizim uşaqların anası da nə qədər cəhd elədik, amma nəticəsiz qaldı. Aravuranlar, sözgəzdirənlər dilini kəsmədi, qısqanclıq da öz işini gördü. Daha barışıq üçün gecdir.

Sevil müəllim qulaqlarına inanmaq istəmirdi. Günahsız uşaqların gələcək taleyi onun qəlbini ağrıdırdı. "Sağ olun, dayı" deyib oradan aralandı. Göz yaşları onu ovundurub sakitləşdirə bilmirdi. "Bəs o bir cüt balanın taleyi necə olacaq? Sənə yalvarıram, ey böyük Yaradan! Onları heç vaxt yalqız və çarəsiz buraxma!" - deyə Allaha dua etməyə başladı.

Özünə suallar verə-verə evlərinə necə gəldi, hansı yolla gəldi, özü də bilmədi. Bir də gördü ki, artıq qapılarının ağzındadır. Fikri-zikri İlkinlə Arzunun yanında qalmışdı. İçəri girməzdən öncə özünə əl gəzdirib, üz-gözünün yaşını sildi. İstəmirdi ki, narahatlığı evdə hiss olunsun. Onu qapıda həyat yoldaşı Qorxmaz qarşıladı:

- Bu vaxta qədər hardasan?!

- İlkingildən gəlirəm. Sənə demişdim axı, dərslərini oxumur...

- Əşi, bəsdir də! Bezdim daha! Sən bu xarabaya bir gün vaxtında gələcəksən, ya yox?! Qabağıma qoyacağın bir tikə çörəyi də zəhərə döndərirsən. O məktəbdə səndən başqa müəllim yoxdu?! Bu uşaqların qayğısını çəkmək təkcə sənəmi qalıb? Bəsdir qapıları gəzdin, qurtar da bu oyunu! Qurtar! Başa düşdün məni?!

- Baş üstə, bir də yubanmaram, - deyə Sevil müəllim yazıq bir görkəm alıb sakit tərzdə cavab verdi.

Evə sükut çökmüşdü. Sevil müəllim ərinin qırımını görüb səsini çıxarmadan mətbəxə keçdi. Şam yeməyini hazırlayıb süfrəyə düzdü. Sonra da tez çay hazırlığına başladı. Həyat yoldaşı yeməkdən dərhal sonra çay içməyə adət etmişdi. Sevil müəllim əlavə söz-söhbət olmasını istəmirdi.

Süfrəni yığışdırıb bulaşıq qabları yuyandan sonra evə əl gəzdirib səliqə-sahman yaratdı. Sabahkı dərslərə nəzər salıb yatağına girdi, gözlərini yumdu. Gecədən xeyli keçməsinə baxmayaraq, yuxuya gedə bilmədi ki, bilmədi. Fikri İlkinlə Arzunun yanında qalmışdı. Sabah dərsdən sonra onlara gedib valideynlərini barışdırmaq istəyirdi. Buna nail ola biləcəkdimi, bilmirdi. Həyat yoldaşına da söz vermişdi ki, dərsdən çıxıb birbaşa evə gələcək. Vədini heç cür poza bilməzdi. Onda gərək direktordan icazə alıb dərs saatında gedəydi.

İlkinin valideynlərini necə barışdıracağını düşünməyə başladı. Heç özü də bilmirdi ki, bu hadisə onu niyə bu qədər narahat edir. Nə idi axı onu başqasının ailə probleminə qarışmağa vadar edən?!

Fikrindən daşınmaq istəsə də, bacarmadı. İlkinlə Arzu yenə gəlib dayandı gözlərinin qabağında. Onların kədər çökmüş gözlərini görüb kövrəldi. Övlad həsrətilə yanıb-qovrulduğu ömrünün on yeddi ilini xatırladı. Çəkdiyi əzablar, xəyal qırıqlıqları qəlbini yenidən göynətdi. Tale onu analıq hissindən məhrum etmişdi. Ailədəki bu ögeyliyin, əri ilə arasında əsən sərin küləklərin səbəbi də bu idi. Ərinin hövsələsizliyi, bəzi kobudluqları da elə bu soyuqluqdan qaynaqlanırdı.

Bu düşüncələr içində pəncərənin yavaş-yavaş işıqlandığını gördü. Artıq səhər açılırdı. Bəs bu açılan səhər İlkinlə Arzunun üzünə güləcəkdimi? Hiss etdi ki, bu günahsız uşaqların gələcəyini qorumaq üçün canından keçməyə belə hazırdır! O, İlkinlə Arzunun doğma valideynləri ilə birlikdə xoşbəxt yaşamalarını istəyirdi. Ağlına gəldi ki, elə öz həyatını, çəkdiyi iztirabları, fikir və duyğularını, düşüncələrini Vüqar bəylə, Sevinc xanımla bölüşsə, onları barışdıra bilər. Sahib olduqları xoşbəxtliyin ölçüsünü dərk edəndən sonra valideynlər səhv etdiklərini anlayar və gözəl bir ailəni uçuruma sürükləməzlər.

...Bütün gecəni yuxusuz qalan, əzab çəkən adam kimi yox, tamamilə gümrah bir vəziyyətdə yerindən qalxıb hazırlaşmağa başladı. O, bu gün özünü cəmiyyət üçün hər gün olduğundan daha məsuliyyətli, daha gərəkli bir insan sayırdı. Sevil müəllim bir ailəni dağılmaqdan, iki gül balanı da bu dağıntıların altında qalmaqdan xilas edəcəyinə əmin idi.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!