Qəzənfər Paşayevin halal-xoşu olsun, ana südü kimi...
Hekayə
Bakımızın ən bərk gedən yerlərindən birində olurdum - dördüncü mərtəbədə dörd otaqlı mənzilim vardı. Hərdən fikirləşirdim ki, bu bərk gedənlərin arasına nə təhər düşmüşəm, çünki yer üzündə məndən də yavaş gedən adam yoxdu və buna Allahın möcüzəsi kimi baxırdım. Bu doqquz mərtəbəli bina Sovetin vaxtında tikilmişdi, ətrafında hərbiçilərin yaşadığı bir mərtəbəli həyət evləri vardı. Həyət evləri deyəndə ki, bir maşın saxlamaq olardı və bizim bina onlara yuxarıdan aşağı baxırdı; eyvana çıxanda onların həyətini ovcumuzun içi kimi görürdük. Deyirlər, hər aşiqin bir dövranı var. İndi bizim binanın ətrafında üç-dörd mərtəbəli zəngin, yekəxana villalar tikilib; onlar nəinki bizim binaya yuxarıdan aşağı, ümumiyyətlə baxmırlar, elə bil bizim doqquz mərtəbəli varlığımızı hiss etmirlər - axı doğrudan da biz varıq. Onların həyətlərində neçə maşın desən saxlamaq olar - kolxoz həyətinə oxşayır. Hasarları da o qədər enli və hündürdü ki, bizim binanın damından baxsan da, heç nə görə bilməzsən - ancaq onlar istəsə bizi görə bilərlər - nə isə mənə elə gəlirdi... Sən demə, məsələ hardan baxmaqda deyil, kimin baxmağında imiş...
Uşaqlar böyüdükcə yerimiz daralırdı - otaqların sayı bir-birinin ardınca ixtisara düşürdü; onları yerbəyer eləmək lazım idi, əkib-doğmağınan iş qurtarmır, axı... Birinci oğlumun toyundan qabaq mənzilimi satdım, köçdüm mikrorayona - dörd otağım oldu iki otaq - pis olmadı. İkinci toydan qabaq da, mikrorayondakı mənzili satıb köçdüm Biləcəriyə - bir otaqlıya; Bakıya ilk dəfə oxumağa gələndə Biləcəridən keçib gəlmişdim. Fikirləşirdim ki, deyəsən yavaş-yavaş rayona, doğulduğum kəndə tərəf gedirəm. Ancaq kənd yox idi axı, ermənilər gəlib oturmuşdu kənddə ki, siz coğrafiyanı yaxşı bilmirsiniz, bura bizimdi - dədə-baba yurdumuzdu. Ancaq, doğrudan da üzümü Qarabağa tərəf çevirmişdilər; tələbə vaxtı qatara minib tətildə evimizə gedəndə, Biləcərini keçən kimi elə bilirdik ki, tay kəndə çatmağa bir şey qalmayıb. Bu, həm də onunla bağlı idi ki, Bakı-Yerevan qatarı Biləcəriyə qədər can çəkə-çəkə gedirdi, oranı kəçən kimi qoyurdu üstünə. İndi də o vəziyyətdə idim; Biləcəridəki tək otaqlı mənzilimdə üzü kəndimizə əyləşib şair və yazıçıların öz avtoqrafları ilə mənə bağışladığı kitabları vərəqləyib kef eləyirdim - kitabın içini yox, mənim ünvanıma yazılmış tərifli sözləri oxuyub özüm haqqında yüksək fikirləşir, hərdən xəlvətə salıb özümü böyük adam da hesab edirdim. Çünki bu yaradıcı adamlar mənə ünvanladıqları avtoqraflarda barəmdə elə böyük sözlər yazmışdılar ki, mənim yerimə kim olsaydı çoxdan özü haqqında belə yüksək fikirdə olardı - mən hələ insaflı adamam, çox gecikmişəm. Və bu yerdə, əlli beş illik, uşaqlıq dostum olan akademikin yetmiş illik yubileyimdə mənim haqqımda dediyi sözlər yadıma düşdü:
- Əzizim, sən darıxıb-eləmə, sənin gələcəyin hələ qabaqdadı...
Adətən belə sözləri iyirmi-iyirmi bir yaşlı cavan oğlan haqqında deyirlər. Ona görə də dostumun dediyini başa düşmədim. Ancaq sonra, o, dediyini mənə izah eləyəndə canıma yağ kimi yayıldı...
Əlimdəki kitab tez-tez silkələnirdi, çünki mən silkələnirdim, çünki binamız silkələnirdi, çünki evimizin iki addımlığında tez-tez ağır yük maşınları keçirdi və mən beş ildən artıqdı ki, belə silkələnə-silkələnə yaşayırdım. Özüm də öyrəşmişdim - əgər, taleyin işidi də bilmək olmaz, rahat bir mənzilə köçsəydim it kimi darıxacaqdım.
Belə hallar məndə tez-tez olur. Avtoqrafları yerli-yersiz o qədər oxumuşdum ki, çoxusunu əzbər bilirdim. Onu da hiss eləyirdim ki, bu qəsəbədə mən çox duruş gətirə bilməyəcəm - ömrüm-günüm göy əskiyə düyülürdü, düyün düşürdü. Ən pisi də bu idi ki, bu düyünün açılmağına ümidim qurumuşdu. Həyətimizdə nərd oynayanlar bir-birinə dişinin dibindən çıxanı deyirdilər. Adama elə gəlirdi ki, onlar heç vaxt bir-birinə salam verməyəcək - sabah axşam üstü görürdük ki, qabaq-qabağa oturub yenə nərd oynayırlar, axırı da həmişəki kimi qurtarır. Nərd oyununda da, tərs kimi heç-heçə yoxdu axı, uduzan tərəf hökmən dava salırdı, nalayiq sözün biri bir qəpik - ucuzluqdu bu sarıdan. Dükan-bazarda da, elə - lətifəsi uzaq olsun, hamı bir-birini it kimi tuturdu. Ancaq lətifəsi uzaq olsa da, olmasa da, bu gercək idi...
Bərkgedənlər məhləsində, baxmayaraq ki, onlar sonradan-sonraya bərk getməyə başlamışdılar - vəziyyət çox yaxşı imiş. Mikrorayonda bərk gedənlər məhləsi üçün burnumun ucu göynəyirdi, Biləcəridə də Mikrorayonun xiffətini eləyirdim. O da ola bilər ki, ordan da başqa yerə köçsəm Biləcərinin kürrüyünü eliyəcəm - bu, ola bilər. Ancaq bir şey mütləq olacaq: Biləcəridən həmişəlik hamının getdiyi yerə köçəsi olsam, bax, o zaman , nə bərk gedənlər məhləsi üçün burnumun ucu göynəyəcək, nə mikrorayon üçün darıxacam, nə də Biləcərinin kürrüyün eliyəcəm-bu da gercəkdi...
Ancaq Allahın ətəyindən bərk-bərk yapışmaq lazımdı. Çünki ondan başqa yapışmalı yer yoxdu, kimin ətəyindən tutursan əlində qalır, çürükdü axı. Allahın ətəyi o qədər böyükdü ki, bütün bəşəriyyəti ondan sallanan görmüşəm - bu gün də elədi. Allahın ətəyindən tutmaq üçün gərək əlin körpə əli kimi təmiz olsun, yoxsa əlin qıc olacaq, yapışa bilməyəcəksən...
Ömrümdə heç vaxt belə darıxmamışdım. Səbəbini də bilmirdim. Bu, məni lap əldən salırdı. Hiss edirdim ki, bu, təzə darıxmaqdı-elə bil içimdə -çölümdə bir milyon qarışqa vurnuxurdu. İstədim durub çiməm ki, qarışqalar varlığımdan tökülsün, ancaq suyun gəlməyinə hələ dörd saat qalırdı. Arvadıma zəng eləmək istədim, ancaq ona qıymadım, dedim qorxub-eləyər. Axı, mənim mobil telefonum da var idi; iki yüzə qədər nömrənin hamısını ələk-fələk elədim, ancaq heç kəsə telefon açmadım. İnsafən orda elə adamlar var idi ki, zəng eləsəydim tökülüb gələrdilər. Və o elə adamların içində elə adamlar var idi ki, məndən ötrü ölürdülər. Ancaq nə isə əlim qalxmadı. Tək qalmaq istədim - elə qaldım da. Birdən ürəyimə gəldi ki, nə isə, ya çox pis bir hadisə olacaq, ya da heç kəsin başına gəlməyən yaxşı bir şey - hər halda orta vəziyyətdən söhbət gedə bilməzdi...
Mobil telefonumu qalın kitabın üstünə qoyan kimi zəng gəldi. Adətim üzrə kimin zəng etdiyinə baxmadan düyməni basdım:
- Bəli...
- Qardaş, salam.
Səsini o saat tanıdım - bəy nəslindəndi... Bəyzadə...
- Salam, - dedim.
- Bəri bax, hardasan?
- Evdəyəm.
- Nə var, nə yox, nə təhərsən?
- Əlayam! - Qırmızı yalan dedim.
- Səsin xoşuma gəlmədi axı... - Şübhələndu.
- Yoox... yaxşıyam... bir balaca mürgüləmişdim, - yalan dedim.
- Mən ölüm, bir şey-zad olmuyub ki? - O çox həssas adam idi.
- Vallah yox, - üçüncü yalanı da dilimə gətirdim - çətini birinci dəfə idi.
- Bəri bax, bu günə bir planın-zadın yoxdu ki?
- Yoox... - bax, bunu düz dedim.
- Bəri bax, saat altıda maşın gələcək dalınca, düş aşağı... səni bir yaxşı yerə aparacam... balıq yeməyə... nə deyirsən? - Hazır olduğumu bilsə də soruşdu.
- Balıq tutmağa getmirik ki... balıq yeməyə gedirik dana, - dedim.
- Onda danışdıq... Saat altıda evin yanında... Qabaqcadan səni götürsün, sonra işdən məni, çıxaq gedək... Sənin iki dostun da gələcək ora.
- Kimdilər? - Maraqlandım.
- Gələndə görərsən... Öz uşaqlarımızdı.
- Uzaqdı? - soruşdum, özü də xalaxətrin qalmasın.
- Yoox... şəhərdən çıxacağıq... təzə yerdi... dənizin qırağında... sən olmamısan orda.
- Yaxşı... oldu... - dedim.
- Öpürəm... görüşərik.
- Mən də...
Allah saxlamış vaxtında zəng elədi. Ömrüm boyu müxtəlif vəziyyətlərimdə bir az gec, bir az tez, bəzən də düz vaxtında məni axtaranlar olub, başımın üstündə Allah var. İnsan darıxır, mən də onlardan biri və deyəsən, adam elə darıxa-darıxa da son mənzilə çatdırır özünü. Ancaq bayaq dediyim kimi, nə belə təzə şeçiddə darıxmağım olmuşdu, nə də belə vaxtında - vədəsində gələn zəng. Ürəkdən ürəyə yollar görünür və bu görünən yolları Allah salıb, burda yol tikintisi idarəsinə dəxli olan bir şey yoxdu. Fikirləşdim ki, yəqin mənim ürəyimdən onun ürəyinə zəng gedib - ürək zəngi ilə danışmaq olmur, axı - o da götürüb telefon açıb ki, qardaş, nə var, nə yox... Bu da, gerçəkdi və ən qədim rabitə vasitəsi də elə budu - rabitə nazirliyinə, mobil operatorlara da dəxli yoxdu -burda rabitə naziri Allahdı, yerdə qalan nə varsa dünənin uşağıdı...
O, bəy oğlu bəydi, ancaq heç kəs ona bəy demir. Arada bir bəy bolluğuna düşdük, heç onda da bəy deyən olmadı. Bəyzadəlik onun qanındadı, bütün varlığında dövr eləyir - əsl Bəyzadədi. Gec də olsa, bu gündən sonra mən ona Bəyzadə deyəcəm - adını dilimə gətirməyəcəm...
Özümə tərəf sürətlə yol gəlirdim - özümə çatmağıma lap az qalmışdı. İçimdə və çölümdə vurnuxan qarışqalar da mən özümə tərəf hansı sürətlə gəlirdimsə, bax, o sürətlə azalırdı. Özümü lap yaxından görürəm - lap az qalıb, bu da mən... İndi mən nəhəng qarışqa yuvasına yox, adama oxşayıram, oxşamıram ee, eləcə adamam - adam olmaqdan yaxşı şey yoxdu...
Bayaq dediyim kimi, deyəsən çox pis hadisənin şansı yoxdu. Əgər belədirsə deməli, çox yaxşı bir şey olacaq - hələlik Allah bilir, mən bilmirəm. Əgər bir yerdə olduğumuz müddətdə ürəyimə bir şey damsa sizə deyərəm.
Bəyzadənin babası bizim ölkəmizdə, bəlkə də ilk skripka çalan olub - hələ yüz il qabaq, təxəllüsü də "uçitel" olub - yəni müəllim.
Bizim böyük kəndimizdə isə Bəyzadənin babası ilə yaşıd olan bir zurnaçı vardı. Yaşlı adamlar and içirdilər ki, o Qaraquzeyin təpəsinə çıxıb qara zurnanı pülüyəndə göydə uçan, yerdə gəzən nə vardısa, qanad saxlayırdı, ayaq saxlayırdı. Və o boyda kənddə nəinki məktəb, heç bir müəllim də yox idi. Hamının çörəyi torpaqdan çıxırdı - torpağı əzirdilər, torpaq da onları əzizləyirdi. Bəyzadənin babası, sonra atası, indi də özü bizim kənddə hörmət-izzət sahibi olublar - təmənnasız. O vaxtlar təmanna güdən olsaydı, Andranik kimi tayqulaq olardı - qulağın kəsərdilər. O, da baş götürüb kənddən çıxardı; qulağının yerini sarısa da, Van-Qoqa bənzəsə də, heç cür bənzəməzdi, əsl adı özünün də, hamının da yadından çıxardı, təzə adı ilə yaşayardı: Tayqulaq.
Su gələn arx məsələsi var də; Bəyzadə bu gün vəzifə sahibidi, sayılıb-seçilən adamdı. Və bu uzun illərdə o, vəzifənin sahibi olub, vəzifə heç vaxt ona sahiblik eləyə bilməyib - imkan verməyib - nəsl-kök var axı...
Orta boylu, gülərüz, son dərəcə həssas, öz yerini bildiyinə görə başqalarının da yerini dəqiq bilən, yeyib-içən, yaşı əllini bu yaxınlarda keçmiş bir oğuldu. Ətrafına qarşı çox diqqətlidi ki, bu da, onun yüksək mədəniyyətindən xəbər verirdi. O həmişə işıqlı adamlarla oturub-durur. Çoxlu, saysız-hesabsız lətifə bilir və bildiklərini yeri gəldikcə dostuna, tanışına, özünəməxsus bir stildə danışmağı xoşlayır. Xeyirdən-şərdən qalan deyil - rəhmətlik ulu babası, babası və atası kimi. Bəyzadə ulu babsına, babasına və atasına oxşadığı kimi, övladları da ona oxşayırdı - yəqin ki, nəvələri də övladlarına oxşayacaq - ot kökünün üstə bitəcək - buna şübhəniz olmasın, yoxsa utanarsınız...
İşimdə peşəkarlığı ona hörmətlə yanaşanların sayını gün-gündən artırdı; o sahədə işləyən adamların böyük əksəriyyəti ondan məsləhət alırlar - indinin özündə də.
Yaradıcı adamlara xüsusi hörmətlə yanaşır, çünki özü də o qəbildəndi, çox zarafatcıldı, onun dedikləri hamının boğazından bal kimi keçir. Əslində, zarafat da böyük yaradıcılıq işidi, hər əlinə qələm alan böyük yazıçı ola bilmədiyi kimi, zarafat eləməyi də hər kəs bacarmır - bu, böyük sənətdi və insandan böyük dünyagörüş, bir də güclü savad istəyir.
Münasibətimizə gəlincə isə, deməliyəm ki, (hiss elədiyimi deyirəm) deyəsən o, mənimlə bir balaca fəxr eləyir, öyünür. Səbəbin yaxşısını deyə bilməyəcəyəm, çünkü yaxşısını o bilir. Ona görə ki, biz yaxınlaşanda ilk addımı o atıb...
Özüm haqqında heç nə deməyəcəyəm, tanışlıq üçün yalnız onu dilimə gətirmək istəyirəm ki, Bəyzadə kimi bir kişiynən dostuq, aramızdan su da keçmir - vəssəlam.
Şəhərin mərkəzində, Bəyzadə orda işləyirdi, yolun ucundan tutduq, yumaqlaya-yumaqlaya gəlib çıxdıq Pirallahıya. Qucağımızda qucağımıza sığışmayan çox yekə bir yumaq vardı və onu açıb ölçən olsaydı, əlli-əlli beş kilometr olardı.
Həftənin ara günü olsa da, xeyli maşın vardı. Mən özümü saxlaya bilmədim:
- Nə çox maşın var əəə, burda, - dedim.
- Bu saat Bakıda burdan bərk gedən restoran yoxdu, - Bəyzadə cavab verdi, - bunlar bizdən qabaq gəlib ki... - əli ilə dostlarımı göstərdi, - halal olsun.. - dedi.
- Qardaş, - dedim, - ziyalılar belə yerlərə vaxtında gəlillər... Görən yer olajax?
- Narahat olma, dünənnən zəng eliyib demişəm...
İki nəfərdən biri uşaqlıq dostum - akademik idi, o birisi də, qeyri-hökumət təşkilatının prezidentidi, başı ağappaq ağarsa da, bizdən onbeş-iyirmi yaş cavandı, əlimdə böyütmüşəm - ölkədə yetərincə tanınır.
- Düşək qardaş, düşək, - Bəyzadənin keyfi bəri başdan kökəlməyə başladı.
Pəncərələri dənizə tamaşa eləyən, səliqə-səhmanlı otaqda əyləşən kimi xidmətçi, gülərüz bir oğlan gəldi:
- Xoş gəlmisiniz...
- Bəri bax, - Bəyzadə dedi, - nəyiniz var?
- Səkkiz cür balığımız var...
- Nə?! - Bəyzadə dilləndi.
- Səkkiz cür balıq... - Xidmətçinin gözləri alacalandı.
- Səkkiz cür balıq olmaz! - Bəyzadə etirazından qalmadı.
- Mir Möhsün ağanın qəbrinə and olsun... - Əvvəldən gülərüz gördüyümüz xidmətçi elə yumşaq dedi ki...
- İnanıram... inanıram. Ancaq yadında saxla, sən hələ uşaqsan... Balıq iki cür olur dünyada, qarmağa keçən balıq, bir də qarmağa keçməyən balıq... Bildin?
- Həəri... Ələnçiynə?.. - gülümsədi... - həri, düppədüz...
Stol yavaş-yavaş açılırdı, yazağzı tutqun hava yavaş-yavaş açılan kimi. Bir azdan bu stolda gün də çıxacaqdı; yazağzı hava açılandan sonra gün çıxan kimi... Və bu günəş dördnəfərlik olacaqdı. Niyə də olmasın? Təmənnasızlığın ənginliyindəki dörd nəfər bir-biri üçün darıxıb gəlmişdi. Bir-biri üçün belə darıxan adamlar qovuşanda bütövləşir, bütövləşdikcə insana daha çox oxşayır, oxşamışına oxşadıqca əsilləşir (əsli ilə düzdür yox haa!!!), əsilləşdikcə nəsilləşir, nəsilləşdikcə də: artıran nəsl qədrini sidq ilə qədrin artırar - mübarəkdi!..
Darıxan darıxdığına qovuşmasa karıxar. Darıxmayan adamdan nə akademik, nə qeyri-hökumət təşkilatına prezident, nə Bəyzadə kimi yüksək vəzifə sahibi, nə də, mənim kimi birisi ola bilməz. Adam ömür boyu nə qazanırsa, hamısı darıxmağın hesabınadı - başqa heç nə deyil. Darıxmaq insan üçün nüvə başlığı kimi bir şeydi. Dünyanı da dövri-qədimdən darıxan adamlar idarə eləyib - bu gün də elədi. Necə idarə ediblər: pismi, yaxşımı - artıq bu, işin başqa tərəfidi...
Dünyada saysız-hesabsız teatr tamaşaları, filmlər var. Hamımız görmüşük. Ancaq dünyanın ən qədim filmi, ya tamaşası Adəm Həvvadan ötrü darıxanda onun sifətində zühr eləyən görüntülərdi, buna Allahın varlığına, inandığım qədər inanır, bu məntiqə etibar eləyirəm. Çünkü bəşəriyyətin bu ilk filminin birinci seriyasının ssenari müəllifi də, rejissoru da, sponsoru da Allahdı!!! Siz də inanın... Çətin olsa, darıxan adam görəndə onun sifətinə bir az diqqətlə baxın; diqqətlə baxsanız bir də duyuq düşəcəksiniz ki, baxmırsınız ee, tamaşa eləyirsiniz - ekrana tamaşa eləyən kimi. Bizlər milyon illərdi insanın sifətinə baxırıq... hərdən tamaşa eləmək da lazımdı - bu, bir başqa tamaşadı... Darıxan adam tapmaq da çətin deyil - bütün dünya darıxır.
- Qardaş, "yenə göylərdədi şair xəyalın..." - Bəyzadə dedi, - nə fikrə getmisən?
Bəyzadə fikrə getdiyimi dəqiq bilsə də, dərinə də getmədi;
- Yaxşı... soyutmayaq... xoş görüşmüşük!
Dörd əl bir-birinə tərəf uzandı, kiçik bir dairədə görüşdülər, badələr cingildəyən kimi təzədən qayıdıb məlum ünvanda boşalıb stolun üstündə, əvvəlki yerlərində bərqərar oldular.
Gözümnən görmüşəm; insan darıxanda əlin içindəki cizgilər o qədər aydın görünür ki, elə bil kimsə qələminən bu xətlərin üstündən gedib, sanki onu təzədən, ancaq olduğu kimi çəkib və əlbəttə bu, adi qələmlə başa gəlməz - Allahın qələmidi... Gözəl qadın haqqında deyimdən: elə bil qaşları İlahinin qələmi ilə çəkilib... Qələm həmin qələmdi...
Dörd əl artıq yeddi dəfə bir-birinə tərəf uzanmışdı, kiçik bir dairədə görüşmüşdü, badələr cingildəmişdi, qayıdıb məlum ünvanda boşalmışdı və stolun üstündə hərəsi bir tərəfdə bərqərar olmuşdu. Yəni məclis teştdə sərilmiş isti süd kimi qaymaq bağlamışdı. Dörd nəfərlik günəş büllur, sanballı, boş badələri işıqla ləbələb doldurmuşdu və Bəyzadə araq süzsəydi, işıqla dolu badələr daşıb töküləcəkdi stolun üstünə və süfrədən araq qoxusu gələcəkdi; belə məclislərdə axıra macal məsti - xumar olmuş birisi dolu badəyə araq süzən kimi - bax, heylə...
Xoş görüşmüşükdən sonra birinci mənim şərəfimə sağlıq dedi Bəyzadə- Akademik də, Ağbaş da əlavlələrini elədilər darıxa-darıxa. Dedilər ki, bu kişi bizim ağsaqqalımızdı, onunla fəxr eləyirik, həm də məclislərimizin yaraşığıdı. Düzü, mənə göstərilən bu yaraşıqlı münasibət mənə şirin, halal bir rahatlıq gətirmişdi. Elə bil ki, məni stolun üstünə uzadıb enimə-boyuma tərif döşüyürdülər; əgər başım gicəllənsəydi, bilməyəcəkdim ki, tərifdəndi, yoxsa arağın təsirindən. Məncə, bunu bilmək də o qədər vacib deyildi...
Akademik də, Ağbaş da, elə Bəyzadənin özü də şərəflərinə deyilən sözlərdən ağzı əyri qalmadılar, əksinə sağlıqdan halal ləzzət alıb pəndam olmuşdular - gendən çağırırdı.
Bəyzadənin inək dili kimi enli mobil telefonunda Yaqub Məmmədovun "Mirzə Hüseyn segahı"na qulaq asıb kövrəldik, heykəlləşdik, dalınca da "Qarabağ şikəstəsi" gəldi, heykəllər başladı ağlamağa - heykəllərin ağlamağı dəhşət olur... bu dəhşətdən sonra gələn sükut da dəhşət olur... Bu sükut Qarabağın sükutuna, bu sükutun süqutuna yaman oxşayırdı... Bu oxşarlığın içində nə yeyib-içmişdiksə hamısı irin-qan olub burnumuzdan gəldi, deyəsən Qarabağ öz balalarına halallıq verməmişdi - mən belə başa düşdüm...
...Və...Və... Xilaskarımız, fövqəladə xilaskarımız Bəyzadə dil açdı:
Sizə xoruz səsi eşitməmiş bir anektot... Deməli, radio-televiziya-zad olmayan vaxtlarda, yaşı əllini keçmiş dörd yaxın dost görüşür. İçində ən savadlısı, Mirzə kimi tanınan biri üzünü dostlarına tutub deyir:
- Ay uşaqlar, bir şeyə məəttəl qalmışam. Arvaddara elə yazığım gəlir ki...
- Niyə, ay Mirzə?
- Əə, niyə nədi? Yazıqdılar dana, həmməşə onu fikirləşirəm ki, onnar nə təhər doğur, o boyda uşaq ordan nə təhər çıxır.
Diribaş dostlarından biri deyir:
- Pah... bu da bizim savadlımız. Əə, bəs bilmirsən? Doğmağa bir az qalmış mələklər gəlir, qapını açır, uşaq çölə çıxannan sonra da qapını bağlayıb çıxıb gedillər dana.
Mirzə deyir:
- Deyirəm axı... bizim o səkkizinci uşaqdan sonra mələklərin yadınnan çıxıb nədi, qapını açıq qoyub gediblər...
Heykəllər nə təhər qəhqəhə çəkib güldülərsə, təzədən çönüb adam oldular .
Bakıda bir heylə heykəl var, görəsən onlar da belə ürəkdən qəhqəhə çəkib gülsələr, dirilərlər - bu, möcüzə olardı...
Siz gülüşün gücünə barmaqarası baxmayın haa, Birinci Dünya müharibəsindən bir-iki il qabaq Londonun məşhur məzhəkəçi aktyoru Cou Krimaldi bir lalı o qədər güldürüb ki, axırda lalın dili açılıb... Heykəl də lal olur axı...
... Akademiklə Ağbaş getmişdilər. Mən Bəyzadəyə dedim:
- Qardaş, sən ağıllı adamsan, hesab-kitabı da yaxşı bilirsən, - onun gözünün duruluğunda baxışlarım əriyib qarışdı, - bax, maa de görüm mənim kimi adam öləndə, onun dəfni, üçü, yeddisi, qırxı, bir də ili neçiyə başa gələr?
- Sən nə danışırsan, ay qardaş, səni istəməyənlər...
Onun sözünü kəsdim:
- Xahiş eliyirəm, ma lazımdı, - çox ciddi bir görkəm aldım.
- Deyim də... - Bəyzadə stolun üstündən telefonu götürüb şəhadət barmağı ilə "dimdikləməyə" başladı, - deməli belə... hə... Baş daşı qara mərmərdən olsun, yoxsa Jitomir daşından.
- Hansı yaxşıdı? - soruşdum.
- Ölənnən sonra ikisi də eyni şeydi...
- Jitomir yaxşıdı, - dedim.
- Oldu, Jitomir. Belə... belə... bu da belə... millət hamısı tökülüb gələjək... qacqınlar da bir tərəfdən... Yerin var qəbiristanlıxda?
- Yoxdu...
- Hə... bu da belə... Hə... Deməli, qardaş, urvatdı olmaq üçün hardasa... hardasa... hə... Otuz min... Bax, belə... - telefonu stolun üstünə qoyub bikefləyəndən sonra gözünü mənə zillədi, yəni nə məsələdi belə...
- Qulaq as, - dedim, - bax, mən o Biləcəridə qalsam, öləjəm, bunu saa dəqiq deyirəm, özü də tezdiynən. Ölsəm də, vəsiyyət eləyəjəm ki, məni yerdən sən götürəsən.
- Götürərəm dana...
- Axı mən ölmək istəmirəm hələ... - dedim.
- Onda nə deyirsən eliyim dana, təki sənin başınnan bir tük əskik olmasın, qardaşın ölmüyüb ha, - Bəyzadə əməlli-başlı bikefləmişdi.
- Saa deyim dana neyləmək lazımdı.
- De... - Elə bil ki, Bəyzadə tələsirdi, heç mən də uzatmaq istəmirdim.
Uzatmadım da, dedim:
- İstəyirəm səni on min qabağa salam... özgə dəyilsən ki...
O, gözlərini döyə-döyə maraqla soruşdu:
-Mənimi?
- Hə səni...
- Nə təhər? - Maraq Bəyzadəni götürmüşdü.
- Deyirəm dana... Yadındadı altmış illik yubileyimdə bir ləzgi maa maşın bağışlamışdı ee... "Hunday-Sanata"? Özü də o ləzgi məni cəmisi iki dəfə görmüşdü...
- Niyə yadımda deyil...
- Qulaq as, bax, o maşını üç-dörd ay sürənnən sonra satdım, ev tikmək istəyirdim Mərdəkanda... tikdim də, ancaq yarımçıq qaldı... qiymətlər qalxdı, qaldım belə... üstünü birtəhər örtdüm... Divarrar var, bir də taxtapuşu. Hə... O yeri maa kənd camaatı bağışlamışdı - hassarrı, darvazalı-zaddı. İndi məsələ belədi... Sən maa iyirmi min verirsən... mən oranı tikib yığışıram içinə... hə... Ölmürəm, başdıyıram yaşamağa... Sən də on min qabağa düşürsən... Nə təhərdi?
- Əladı... Ömrümdə çox qabağa düşmüşəm, ancaq heç vaxtı belə qabağa düşdüyüm olmayıb. Allah xeyir versin!
- Versin də, - dedim, - deyəcən bir az da minnət qoydum, ya da ki, mənə elə gəldi, bilmirəm.
- Qardaş, - Bəyzadə elə bil sözün həqiqi mənasında durduğu yerdə on min manat qabağa düşmüş insan ovqatı və ulu babasına xas ağayanalıqla sevincək olmuş adam kimi görünürdü.
- Nədi? - dedim.
- Bu məsələ həll olundu!.. Deyirəm bəlkə mənim on min manat qabağa düşməyimin şərəfinə meyvəynən bir yüz qram vuraq, nə təhər məsləhətdi? - Əlini çiynimə qoyub özünə tərəf çəkdi, üzünü üzümə söykəyib - Sənnən yoxdu də, yoxdu... - dedi.
- Bəyzadənin dediklərinə nə təhər inandımsa, mənə elə gəldi ki, doğrudan da onu on min qabağa salmışam və deyəsən özümü də o yerə qoymuşdum, özümü elə aparırdım.
- Bəyzadə badələrə araq süzdü, içi işıqla dolu badələr nə daşdı-töküldü, nə süfrəni buladı, nə də süfrədən araq qoxusu gəldi; bu ovqatda mümkün olduğu qədər ciddiləşib dedi:
- Qardaş, sən qənimət adamsan, sən ağlı başında olan hər kəs üçün qənimət adamsan, sən hamının qənimətisən, hamının. Bilirsən, qardaş, biz neçə illərdi sənnən dostuq, halal çörək kəsirik. Mənə elə gəlir ki, o dostluq ki, əvvəl-axır böyük ərkə çevrilmir, o mükəmməl deyil, - yarımçıqdı. Biz qarabağlılar and içən oluruq axı, atamın göruna and olsun ki, çox sevinirəm, - gözləri doldu, - bilirsən niyə... ona görə ki, bu gün bizim dostluğumuzun - böyük ərkə çevrilən günüdü, dostluğumuzun doğum günüdü, yarımçıq olmaqdan qurtaran günüdü. Maşallah, sənin kuruqun böyükdü, hamı səni tanıyır, dostun - tanışın da çoxdu. Sən kimə belə ərk eləsəydin, hamı canınan-başınan kömək eliyərdi. Ancaq sən maa dedin... öpürəm səni, qardaş... məni seçdin... seçilənlərdən olasan, necə ki, o sizdə var eee, seçilmiş əsərlər... sən də seçilmiş əsərlərin bir cildisən. Öpürəm səni, var ol qardaş - və qəfil üzündəki ciddilik masqasını çıxarıb bir tərəfə tulladı, gülə-gülə davam elədi, - sənin sağlığına, ona görə ki, durduğum yerdə məni bir heylə qabağa saldın.
Vurduq və durduq...
Yolda Bəyzadə məndən gülə-gülə soruşdu:
- Qardaş, - yavaş dedi ki, sürücü eşitməsin, - tay bunnan sonra vəsiyyətnamə mənnik olmuyajax dana, heylədimi?
- Ona hələ baxarıq, - dedim.
Əlini əlinə şapbıldadıb uğundu...
... Cızmaqara janrındakı bu "əsərimi" elə həmin Mərdəkandakı təzə evimdə yazıb sizə göndərdim. Göndərdim ki, siz də biləsiniz, biləsiniz ki, qorxub eləməyin, dünya dağılmayacaq...
Nasdradamus qələt eləyir...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!