Tofiq Məlikli yaşıdım, dosdum, qardaşımdır.
Dostluğumuz illər öncəsinə - 70-ci illərin əvvəllərinə uzanır.
O illərdə yaşadığım Parisdən Sovet İttifaqına ilk ayaq basdığımda məni Moskva vağzallarından birinin peronunda qarşılayan uzunboylu, uzun qara paltolu, çox gənç, dimdik, yumşaq gülümsəyişli, danışığı da eyni ölçüdə yumşaq və mehriban gənç adam indi də qözlərimin önündədir.
Aradan keçən illər Tofiq Məliklinin görünüşündə də, sağlam dünyagörüşündə və ədəbiyyat sevgisində də bir dəyişiklik yaratmadı.
Bir neçə ay öncə Bakıda yazarların toplantısında görüşdüyümüzdə də, qarşımdakı yenə yumşaq gülümsəyişli, dimdik duruşlu gənc adamdı.
Ancaq artıq o, çoxdandır dünya türkoloji elmində adı sayğınlıqla anılan, bir çox dəyərli əsərlərin müəllifi, tanınmış bir ədəbiyyat bilimcisi, eyni zamanda da öz sahəsində tələbələr yetişdirmiş və yetişdirməkdə olan professor Tofiq Məliklidir.
Rusiyadakı ilk qarşılaşmamızda çağdaş ədəbiyyatımız, özəlliklə şerimizlə bağlı uzun-uzun söhbətlərimiz oldu. O illərdə Nazim Hikmət və Fazil Hüsnü Dağlarca üzərinə tədqiqatlar aparmaqdaydı. Şairlərindən biri olduğum 60-cı illər türk şerilə də maraqlanırdı.
Sovet İttifaqında Nazim Hikmət üzərində çalışan başqa türkoloqlar da vardı əlbəttə. Lakin o gündən bu günə Fazil Hüsnü Dağlarca deyiləndə ağla ilk və tək gələcək olan Türk ədəbiyyatı bilimcisi Tofiq Məliklidir. Belə ki, bu il Rusiyada “Dəhanın tənhalığı” adıyla işıq üzü görən və Fazil Hüsnü Dağlarcaya həsr olunmuş çox dəyərli əsəri, indi əlinizdə tutduğunuz Nazim Hikmət kitabı kimi türkcəyə gecikmədən qazandırılmalıdır.
***
Məliklinin “Nazim Hikmət. Poeziya və poetika” adıyla 2010-cu ildə Moskvada çap olunan kitabı, XX yüzilin başlarındakı türk ədəbiyyatına baxışla başlayır. Bu qısa və dərin girişdə, Nazim Hikmət şerinin üzərində yüksəldiyi ictimai-siyasi, mədəni və ədəbi alt yapının sağlam bir axışını və incələnməsini tapırıq. Bu alt yapının yanısıra, gənc şairin Anadoluda xalqın yoxsul yaşayışıyla və daha sonra da Rusiyada inqilabla və ədəbiyyatla qarşılaşmasının, onun “şerin inqilabçısı” olaraq türk və dünya şerinə qazandırdıqlarının hekayəsini oxuyuruq.
“Türk sərbəst şerinin banisi” başlıqlı bölüm, deyə bilərik ki, bu sahədə yazılmış ən ayrıntılı, geniş, dərin tədqiqatdır və Nazim Hikmət şerinə olduğu qədər, ümumiyyətlə, şerin struktur problemlərilə maraqlanan hər kəsə yeni üfüqlər açan orijinal və önəmli bir incələmədir.
Kitabın “20-30-cu illərdə Nazim Hikmət şeri bölümünü, böyük şairin türk ədəbiyyatında “yeni şerin yerini və öncüllüyünü qüvvətləndirmək” üçün verdiyi mübarizəni ələ alan bölüm izləyir. Xüsusilə onun “Rəsmli ay” dərgisinin səhifələrindəki yazıları və şeirlərilə apardığı “Bütləri yıxırıq” hərəkatı, çağdaş türk şerindəki ən radikal yeniləşmə və yenilənmə savaşının mahiyyətini göstərməkdəydi.
Sonrakı bölümdə “Nazim Hikmətin həbsxana lirikası”nda isə, şairin həyatındakı faciəli dönəmdə yazılmış əsərlər incələnməkdədir. Burada, inqilab şairinə faşizan idarənin yaşatdığı acılara baxmayaraq, onun şəxsindəki və şerindəki əyilməməzliyinin, şerinin daha dərin və anlamlı insan sevgisinə, daha bəşəri bir səsə yüksəlişinin sürəclərini, etaplarını izləyə bilirik. “Yeni epik şeir” başlıqlı bölümdə isə dövrün məhsulu olan “Məmləkətimdən insan mənzərələri”nin, bu nəhəng əsərin şairin zehnində fikir olaraq doğuşu və inkişafı, “Nazim Hikmətin ideoloji və estetik görüşlərindəki yeniliklər” araşdırılmaqdadır. Bu əsər, həqiqətən də, fövqəladə bir istedad və təcrübənin, XX yüzil türk və dünya ədəbiyyatına qazandırdığı əmsalsız bir ədəbi abidədir.
***
“Nazim Hikmət Moskvada” başlıqlı son bölüm, şairin faciəli həyatında yeni bir dönüş sürəcinin hekayəsidir.
Həbsxana illərindən sonra bu dəfə yurdundan, Türkiyəsindən, dostlarından, ailəsindən qoparılmış olmanın acısına bir də geriçi iqtidarın təzyiqlərinin əlavə edilməsinə baxmayaraq, böyük inqilabçı şair vətənindən uzaqda son nəfəsinə qədər inamına bağlı qalmış, öz ölkəsində olduğu kimi, qonaq qaldığı Rusiyada, gəncliyinin və ideallarının ölkəsində də gördüyü axsaqlıqlara və nöqsanlara qarşı ən sərt tənqidlərini yönəltmişdir.
Məliklinin kitabının bu bölümündə Nazim Hikmətin mübarizəsini əks etdirən şeir, məqalə və pyesləri, xüsusilə “Saman sarısı” adlı unudulmaz şerində meydana çıxan yeni şeir dilinin özəllikləri, şeirlə nəsr arasındakı körpülərin ortadan qaldırılması və sevgi motivinin önə çıxması kimi şerində və həyatında baş verən yeniliklər və uğurlar üzərində durulur.
Sayılı ədəbiyyat düşünürü və bilimcisi, dəyərli türkoloq, professor Tofiq Məliklinin “Nazim Hikmət”inin böyük şairin həyatını və əsərlərini anlamaq, dərk etmək istəyənlər üçün baş əsər olacağına inanıram.
Nazim Hikmətin həyatını və əsərlərini bir bütün olaraq görmək və incələmək, iyirminci əsri və bu əsrin fərdinin ictimai və özəl həyatıyla birlikdə bəşəri hekayəsini anlamaq deməkdir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!