Esse
Ədəbiyyat bəlkə də yeganə fəaliyyət növüdür ki, özünü gülünc vəziyyətə salmaq riskindən savayı, əlavə bir qəpik də qazanc əldə etmək mümkün olmur.
Jül Renar
Ölü şair yazmaq iqtidarında deyil. Elə bu səbəbdən də sağ qalıb, yaşamaq gərəkdir. Əlbəttə, bu, olduqca sadə mülahizədir, amma bununla belə, ona riayət etmək heç də həmişə asan olmur. Yaradıcılıq prosesində uzunmüddətli böhran dövrü özünü büruzə verəndə bunu daha açıq-aşkar hiss etmək mümkündür. Belədə öz həyatının qayğısını çəkmək əzabverici və mənasız görünməyə başlayır - əslində yazmağa daha heç bir şey qalmır.
Burada etiraz etməyə yalnız bir səbəb tapılar: onu da ki, siz bilmirsiniz. Əgər həqiqətin gözlərinə ayıq baxışlarla boylansanız, o vaxt deyilənlərlə razılaşmaq məcburiyyətində qalacaqsınız. Çünki tarixə ən qeyri-adi hadisələr məlumdur. Əgər yaza bilmirsinizsə, onda bu, formanın, ya məzmunun, ya da ki, digər xüsusiyyətlərin dəyişkənliyi, o cümlədən yaradıcılığınızın ölümü barədə xəbərdarlıq mesajı ola bilər. Amma bunu siz bilə bilməzsiniz. Heç vaxt özünüzə aid olan şeylərin, o cümlədən sizi yazmağa həvəsləndirən cəhətlərin sirrini öyrənə bilməzsiniz. Bu sirr sizin üçün yalnız ümumi, həm də olduqca ziddiyyətli xüsusiyyətləri ilə açılmış olacaq. Eqoizm və ya fədakarlıq? İslah olunmazlıq və ya şəfqət hissi? Bütün bu izahlar və şərhlər özlüyündə inandırıcı görünür. Bu isə öz növbəsində bir daha təsdiq edir ki, siz heç nə bilmirsiniz. Madam bilmirsinizsə, onda özünüzü bildiyiniz kimi aparmırsınız. Sizin xəbərsizliyiniz qarşısında, varlığınızın bu sirli-soraqlı hissəsi qarşısında lütfən vicdanlı və məzlum olun.
Məsələ heç də onda deyil ki, şairlər çox yaşayıb, çox yazırlar. Qocalıq tamamilə fiziki və psixoloji proseslərin xüsusi dövrüdür, onu əldən buraxmaq isə heyif olardı. Bununla belə, etiraf etmək lazımdır ki, yaşamaq olduqca çətin işdir. Nəzəri olaraq Pessoanın (Fernando Pessoa (1888-1929), görkəmli portuqal şairi, yazıçısı, dramaturqu və tərcüməçisi - tərc.) strategiyasını seçmək mümkündür: özünə sadə bir iş yeri tapıb heç nə dərc etdirməyərək sakitcə ölümünü gözləmək.
Əslində isə bu, ciddi çətinliklərin yaranmasına səbəb ola bilər. Belə ki, varlığınızı daxilən müxtəlif hisslər ağuşuna alacaq: elə biləcəksiniz ki, vaxt, zaman boş-bekar gedir, amma siz hələ də yerinizdə sayırsınız və əməyinizi də dəyərləndirən bir kimsə yoxdur. Çox keçmədən bütün bu təzahürlər dözülməz həddə çatacaq. Nəticə etibarı ilə siz təngimə və ətiacılıq, onun ardaınca isə qaçılmaz süstlük və tam yaradıcı qeyri-münbitlik əhval-ruhiyyəsinə mübtəla olacaqsınız.
Göründüyü kimi, bu yolun öz mənfi cəhətləri vardır, amma prinsipcə yeganə düzgün yoldur. Psixiatrları isə əsla yaddan çıxarmayın - onlar müalicə olunmaqdan ötrü xəstəlik vərəqələri yazırlar. Amma dəlixanada uzun müddətə yatmaq niyyətindən əl çəkmək daha məqsədə müvafiqdir: çünki olduqca ziyanlıdır.
Bu üsuldan əlacsız qalarkən, yalnız, necə deyərlər, körpü altında həyat alternativi olaraq istifadə etmək lazımdır.
Sosial yardımın formalarından (işsizlik üzrə müavinət və s. və i.a.), eləcə də imkanlı dost-tanışların maliyyə dəstəyindən tam istifadə edilməlidir. Belədə qoy vicdan əzabı sizi çox da üzməsin. Şair müqəddəs parazitdir.
Bəli, şair müqəddəs parazit olub qədim misirlilərdə pul və ya daş üzərində qazılmış və ya gildən düzəldilmiş müqəddəs böcək şəklinə bənzəyir. O, əxlaqsızlığa düçar olmuş varlı və zəngin cəmiyyətin bədənində nicat tapa bilər. Amma onun eyni zamanda güclü və tərki-dünya cəmiyyətin ürəyində də yeri vardır.
Sizə mübarizə aparmaq, müqavimət göstərmək əsla lazım deyil. Axı, qayda var: xalçanın üzərində şairlər yox, güləşçilər mübarizə aparırlar. Amma bununla belə ara-sıra öz əsərlərinizi dərc etdirməyiniz çox vacibdir. Bunun həm də ölümünüzdən sonra adınızın yaşaması üçün mühüm əhəmiyyəti var. Yox, əgər minimum miqdarda (cəmi bir neçə şeriniz az tanınmış jurnalın səhifələrində özünə yer alsa belə) poetik nümunələrinizi çap etdirsəniz, nəinki nəvə-nəticələrinizin, eləcə də müasirlərinizin yaddaşında heç bir iz saxlaya bilməzsiniz. Dahilər dahisi olsanız belə, yenə də gözlə görünə bilən, hiss edilən nişanə qoymalısınız. Sonrasını isə ədəbiyyat arxeoloqlarının öhdəsinə buraxın: onlar bütün ləl-cəvahiratı qazıb üzə çıxarmağı bacarırlar.
O da mümkündür ki, bütün səyləriniz boşa çıxsın, uğursuzluqla sonuclansın - çox hallarda belə də olur. Amma buna görə heç də ruhdan düşmək lazım deyil, məqsədə çatmaqdan ötrü ən azından gündə bir dəfə gücünüz çatanı ürəyinizdə təkrarlamalısınız.
Sevimli şairlərin həyat və fəaliyyəti barədə müfəssəl məlumat əldə etməyin də faydası az deyil: bu, hər şeydən öncə sizə bəzi səhvlərdən qurtulmağa kömək etmiş olacaq.
Anlamaq lazımdır ki, maddi ehtiyacın problemlərinin yaxşı həlli mümkünsüzdür. Bunun əvəzində isə pis həlli istənilən qədərdir.
Sual olunur: harada yaşamaq daha yaxşı olardı, yaxud da harada yaşamaq lazım deyil. Cavabı qısadır: harada alınacaqsa, orada da yaşayacaqsınız. Çalışın ki, həddindən artıq hay-küylü qonşulardan uzaq durasınız. Əks təqdirdə belələri sizi tam inellektual ölüməcən sürükləyib aparacaqlar.
Müvəqqəti işədüzəlmə sayəsində cəmiyyətin müxtəf fəaliyyət istiqamətləri barədə müəyyən məlumatların əldə edilməsinin gələcəkdə hansısa kitabın yazılmasında prinsipcə mühüm əhəmiyyəti ola bilər. Həyat hadisələrlə zəngindir və hər dəfə adama yeni sürprizlər bəxş edir. Onlardan ən yaxşı nümunələri isə növbə ilə dəyişmək lazımdır.
Həyat təcrübəsinin digər növləri, o cümlədən harmonik seksual həyat, evlilik, uşaqlar da olduqca faydalı və məhsuldardır. Lakin onlar bir toplumda demək olar ki, əlçatmazdır. Bədiilik nöqteyi-nəzərdən də bu sahələr mahiyyətcə öyrənilməmişdir.
Sizin həyatınız qəm-kədərlə hiss-həyəcan arasında bölünəcək. Ən başlıcası odur ki, nə isə yazmaqdan ötrü nəfəsinizi dərə biləsiniz. Buna vaxtınız çox az olacaq, çalışın ki, ondan itkisiz istifadə edəsiniz.
Xoşbəxtlikdən qorxmaq lazım deyil, onsuz da o yoxdur.
Tərcümə edəni:
A.BABAYEV
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!