Modern İran şeirindən seçmələr - Səlim Babullaoğlunun təqdimatında...

"ATV Kitab" seriyasından  "Dostun evi hardadır?- Modern İran şeiri" antologiyası işıq üzü gördü.  "Parlaq imzalar"la birgə nəşr olunan seriyanın dünya xalqları ədəbiyyatları bölümü Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi ilə birgə gerçəkləşdirilir. Antologiyaya XX yüz il İran farsdilli poeziyasının 30-dan artıq və müxtəlif ədəbi nəsilləri əhatə edən nümayəndəsinin 200-dən artıq şeiri və 1 poema daxil  edilib.  Nəşrin tərtibçisi, "ön söz"ün müəllifi və redaktoru şair Səlim Babullaoğlu, məsləhətçisi f.e.f.d  Məsiağa Məhəmmədidir. Antologiyaya daxil edilən tərcüməçiləri Məsiağa Məhəmmədi, Ariz Tarverdiyev, Məhəmməd Nuri və Əli Qərəcəlu ediblər.
Nima Yuşic, Jalə İsfahani, Əhməd Şamlu, Firidun Müşiri , Məftun Əmini, Huşəng İbtihac Sayə, Simin Behbəhani, Bican Cəlali, Söhrab Sipehri, Mehdi Əxəvani-Salis, Nüsrət Rəhmani, Mənuçöhr Atəşi, Yədullah Röyayi, Füruğ Fərruxzad, Rza Bərahəni, Abbas Kiyarüstəmi, Huşəng Çələngi, Xosrov Gülsürxi, Şəms Ləngərudi, Məhəmməd Rza Əbdülməlikiyan, Qeysər Əminpur, Əhməd Necati, Mustafa Məstur, Məzahir Şəhamət, Şəhram Şeydayi, Rəsul Yunan, Kamran Rəsulzadə, Həmid İbrahimpur, Gülarə Cəmşidi, Gorus Əbdülməlikiyan və  Roca Çəmənkarın şeirlərinin toplandığı  antologiyanın nəşrinə  İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzi dəstək verib. Mədəniyyət Mərkəzinin rəhbəri Əsgər Farsi antologiyaya "giriş"də yazır: "Hesab edirik ki, "Dostun evi hardadır?-Modern İran şeiri antologiyası" xalqlarımız və dövlətlərimizin yaxınlaşmasına, mədəni mübadilə işinə mütəvazi bir töhfə olacaqdır... Qoy dostların evi həmişə uca olsun və bu kitab həmin evləri nişan versin!"
Antologiyadan bəzi şeirləri, eləcə də  Səlim Babullaoğlunun "Ön söz" yerinə təqdim olunan "Modern İran şeiri antologiyası üçün qeydlər" yazısını  "Ədəbiyyat qəzeti" oxucuları üçün məxsusi olaraq təqdim edirik.

Nima Yuşic
Fars poeziyasında yeni şeirin ("şere-nou") atası sayılan Nima Yuşic (əsl adı: Əli İsfəndiyari) 1895-ci ildə Mazandaran əyalətindəki Yuş kəndində anadan olub. İlk təhsilini mollaxanada alıb. 12 yaşında ailəsi ilə birgə Tehrana köçən Nima burada Sen-Lui kollecində oxuyub və fransız dilini mükəmməl öyrənib. Özünün dediyinə görə, fransız dilini öyrənmək onun qarşısında yeni dünya açıb.  1920-ci illərdə yazdığı bir neçə əsərlə ("Əfsanə", "Məhbəs", "Əsgər ailəsi", "Ey gecə!" və s.) fars poeziyasında sərbəst şeirin ("şe're-azad") əsasını qoyub. Nima həm də yeni şeirin nəzəriyyəsi kimi çıxış edib. Onun müxtəlif məqalələrinin toplandığı "Hisslərin dəyəri" adlı kitabı fars modernist poeziyasının manifesti sayılır. XX əsr fars modernist şairlərinin hamısı bu və ya digər dərəcədə Nimadan təsirlənmişlər. Təsadüfi deyil ki, İranda sərbəst şeirə həm də "Nimasayağı şeir" ("şe're-Nimayi") deyilir. Nima Yuşic 1960-cı ildə pnevmoniyadan dünyasını dəyişib.    

Soyuq ocaq
Uzaq gecələrdən yadigar qalıb
sakit meşə yolunun kənarında
kiçik bir ocağın daş yığını -
içində bir qədər soyuq kül.

Mənim düşüncələrimin
toz-torpağındakı kimi kədərli
bir mənzərə, onda hər şey
meyvəsi ağrı olan bir nağıl.

Mənə od bəxş edən şirin günümün
naxışı solub,
soyuyub, daş olub
ömrümün payızının nəfəsindən.
Saralmış bəniz bahardan nişanədir.

Eləcə, uzaq gecələrdən yadigar qalıb
sakit meşə yolunun kənarında
kiçik bir ocağın daş yığını -
içində bir qədər soyuq kül.

Söhrab Sipehri
Müasir fars poeziyasının görkəmli simalarından biri. 1928-ci ildə Kaşanda doğulub. Tehran universiteti incəsənət fakültəsinin rəssamlıq bölməsini bitirib. "Rəngin ölümü" adlı ilk şeirlər məcmuəsi 1951-ci ildə işıq üzü görüb. Rəssam kimi Tehranda keçirilən bir neçə sərgidə iştirak etməklə yanaşı 1953-cü ildə "Yuxuların həyatı" adlı ikinci şeir kitabını çıxarıb. Ardınca rəssamlıq təhsilini artırmaq üçün Parisə və Tokioya gedib. Ölkəsinə qayıtdıqdan sonra müxtəlif işlərdə çalışıb, o cümlədən rəssamlıqdan dərs deyib. 1961-ci ildə dövlət işlərindən uzaqlaşaraq özünü bütünlüklə yaradıcılığa həsr edib. İranda və xaricdə fərdi sərgiləri nümayiş etdirilib. Çoxsaylı səfərlərə çıxaraq Avropa və Amerikanı, Hindistanı, Pakistanı, Əfqanıstanı gəzib. 1965-66-cı illərdə çap etdirdiyi "Suyun addım səsi" və "Müsafir" poemaları böyük şöhrət qazanıb. Daha sonra onun "Yaşıl həcm" və "Biz heçik, biz - baxış" adlı kitabları nəşr olunub. 1980-ci ilin yanvarında müalicə olunmaq üçün İngiltərəyə gedib və bir ay sonra vətəninə qayıdıb. Həmin ilin aprelində Tehranda vəfat edib.
Ünvan

                    Əbülqasim Səidi üçün

"Dostun evi hardadır?" - deyə,
dan yeri ağaranda, süvari soruşdu.
Asiman duruxdu.
Yolçu dodağındakı nur budağını
qumların qaranlığına bağışladı
və barmağı ilə qovağı göstərib dedi:
"Ağaca çatmamış,
Tanrının yuxusundan da yaşıl bir bağ yolu var
və orada sevgi sədaqətin qanadları qədər mavidir.
O küçənin yetkinlik boylanan
                                     sonunadək gedərsən,
sonra tənhalıq gülünə doğru dönərsən,
gülə iki addım qalmış,
yerin əbədi əsatir fəvvarəsinin
                                            yanında dayanarsan
və səni şəffaf bir qorxu bürüyər.
Səmimiyyət süzülən o fəzada
                      bir xışıltı eşidərsən:
Bir uşaq görərsən,
nur yuvasından bala götürmək üçün hündür şam ağacına dırmaşıb.
Ondan soruşarsan
dostun evi hardadır".
Tərcümə edən:
Məsiağa MƏhƏmmƏdi

Mustafa Məstur
1964-cü ildə Əhvazda doğulub. Öncə tikinti mühəndisliyi üzrə oxusa da, sonralar mükəmməl filoloji təhsil alıb. İlk hekayələri 90-cı illərin əvvəllərində çap olunub. Məsturu İran, eləcə də dünya ədəbiyyatına tanıdan ilk irihəcmli əsəri "Tanrının ay üzündən öp" romanıdır. Bu əsər on beş il ərzində əlli dəfədən artıq, həm də yüksək tirajla çap olunub, bir çox dillərdə dəfələrlə nəşr edilib, müəllifinə nüfuzlu mükafatlar qazandırıb. "Cüzamlı əllər və donuz sümüyü" romanının da Məsturun yaradıcılıq bioqrafiyasında müstəsna yeri var. İndiyədək 30 dəfə təkrar nəşr edilmiş bu əsər də bir sıra dillərə tərcümə olunub. Ədəbiyyatşünas alim kimi də tanınan ədib "Qısa hekayənin əsasları" adlı monumental tədqiqat işinin müəllifidir. Bədii tərcümə işi ilə də məşğul olur." əsəri Məsturun dilimizə çevrilən üçüncü romanıdır. Onun "Cüzamlı əllər və donuz sümüyü", "Mən sərçə deyiləm" və "Tanrının ay üzündən öp" romanları Azərbaycan dilinə şərqşünas Ariz Tarverdiyev tərəfindən tərcümə edilib.

Beş sevimli barmaq
Darıxıram bəzən
adi sözlər üçün,
sadə sözlərdən yana.
"Nə gözəl havadı?!"
"Dünən şama nə yedin?"
"Yeri gəlmişkən, Manadana ərə gedib",
"Şadi oğlan doğub" - üçün.
Və "nə üçün"dən o qədər yorulmuşam ki!
"Nə cür?"dən
Yorulmuşam çətin suallardan, qəliz cavablardan.
Ağır kəlmələrdən,
dərin fikirlərdən,
sərt döngələrdən,
mənalı, mənasız nişanlardan.
Darıxıram bəzən
bir sadə "Səni sevirəm"dən ötrü.
"İki fincan isti qəhvə,"
qışda "üç"cə gün tətildən ötrü"
ard-arda "dörd" dəfə ucadan gülüşündən ötrü
və bir də
"beş" sevimli barmaqdan ötrü çox darıxıram.
Tərcümə edən:
Ariz Tarverdiyev

Şəhram Şeydayi
1967-ci ildə Sərabda anadan olub. Çağdaş İran şeirinin istedadlı isimlərindən biri, şair, tərcüməçi, essesit, ədəbiyyatşünas və rəssamdır. Fars dilində nəşr olunan Ədəbiyyat Ensiklopediyası üçün əsaslı məqalələr yazıb.  Vislava Şimborska, Tanpınar, Orxan Vəli və Məlih Cevdət Andayın şeirlərini fars dilinə tərcümə edib. "Qaçqınları qovurlar", "Dəlilərin kölgəsi", "Həyat üçün daşlar, ölüm üçün daşlar",  "Yanan evdə gülmək", "Başqa atəş üçün atəş" kimi kitabların müəllifidir. Uzun sürən ağır xəstəlikdən sonra 2009-cu ilin noyabrında vəfat edib

***
Qollarını  arxaya burub
iki polis aparır onu,
o da geri qanrılıb
qanlı ağzını tərpədir:
"Argentina, ya İspaniya?"

***
Cıdır.
Babasının  çiyinindədir
balaca oğlan uşağı.
Ətrafa baxır və heyrətdən çığırır.
Atlar, adamlar, səslər.
Baba  cıdırı görmür.
Onun içində bambaşqa bir fim var.

***
Atəşkəsmi? Gerimi? Sülhmü?
Hansı andasa biri başqa
birini öldürməlidir.

Gərus Əbdülməlikian
10 oktyabr 1980-ci ildə  tanınmış İran şairi Məhəmməd Rza Əbdülməlikianın ailəsində anadan olan Gərusun şeir yazmaq  həvəsi özünü uşaqlıq illərindən büruzə verib.  Və doğum tarixi İran-İraq savaşı ilə demək olar üst-üstə düşən şair bu mövzuya öz şeirlərində təkrar-təkrar qayıdıb. Bu gün o İran ədəbi gəncliyinin və şeir həvəskarlarının ən əsas kumiri, çağdaş İran şeirini kənarda ən çox tanınan nümayəndəsidir. "Dünyanın solğun rəngləri", "Gizlənmiş quş", " Xətlər qaranlıqda yerini dəyişir" və "Qəbuledilmə" (2015)  kimi şeir kitabları coxsaylı oxucuların və ədəbi tənqidin böyük marağına səbəb olub. "Karnamə", "Şəhrivar gecələri", "Şah Nabat" ədəbi mükafatlarının sahibidir. Yunanıstan Poeziya festivalında I yerin qalibi olub. Voix Vives Fransa Poeziya festivalında İranı təmsil edib.

Fləşbək
Başqa çıxış yolu qalmayıb,
yaxın gəl, qucaqlaşaq.

Sabah
ya mən səni öldürəcəm,
ya sən bıçağını
suda yuyacaqsan.
Bir neçə  sətir.
Dünya bu bir neçə sətirə yetişib:
ki, insan yaxşısı budur
heç böyüməsin,
ən yaxşısı
dünyaya gəlməsin.
Ümumiyyətlə,
bu filmi geri fırlat,
vitrindəki xəz palto
uzaq səhralarda qaçan
bəbirə çevrilənə qədər,
əsalarımız piyada
meşələrə dönənə qədər,
quşlar isə yenə
torpağa,
torpağa...
Yox, lap dala qayıt.
Qoy Allah
bir də yusun əllərini,
güzgüyə baxsın,
bəlkə
o bir başqa qərar verəcək.

Tərcümə edən:
Səlim Babullaoğlu

 

"Modern İran  şeiri antologiyası" üçün qeydlər
"Mən - dünənin uduzmasına bir ibrət,
O - sabahın qurulmasına bir qeyrət!"
Bu misralar,  Azərbaycan türkcəsində və fars dilində ölməz əsərlər yazmış, özü də bunu hər iki dildəki poeziyanın həm klassik, həm də yeni forma və növlərində ustalıqla etmiş, XX əsr İran ədəbiyyatının görkəmli nümayəndəsi, böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın ötən yüzildəki farsdilli modern poeziyanın banisi Nima Yuşicin vəfatı münasibətilə qələmə aldığı şeirdəndir (bax.: Məsiağa Məhəmmədi,  "Şəhriyar və XX əsr İran ədəbi mühiti", "Dünya ədəbiyyatı" dərgisi, № 1(08), 2016, səh.155). Beytdəki birinci misra,  təvazökarlıqdan başqa bir şey deyil,  nədən ki, bu fikir, Şəhriyarın yazdığı  dil, janr, forma və növ baxımından fərqli, çeşidli əsərlərinin bədii keyfiyyəti  nəzərə alınarsa- təsdiqini nə onda, nə də indi tapmayıb. Amma iş ki, gəldi formaya, növə və yeniliyə, burda əlbəttə ki, Şəhriyarın özü kimi azsaylı usta şairlərin yaratdıqları nümunələri çıxmaq şərtilə, qəzəl, qəsidə, məsnəvi, rübai  və s. klassik janr və formalarda yazılan əksər mətnlər, söhbət daha çox XX yüzildən gedir, doğrudan da dünənin ibrət götürüləsi "məğlubiyyəti" idi. Üstəgəl, yeni formalarda ilk yazanlar  həqiqi cəsarət və qeyrət göstərməli idilər. Xüsusən, Şərqdə, xüsusən İranda. "Çünki poeziya ədəbisentrik İran ictimai şüuru üçün əsrlər boyu  əlahiddə əhəmiyyətə malik olmuşdu. Qədim dövrlərdən üzü bu tərəfə İranda yüzillər boyu ən əsas və daha çox yadda qalan postulatlar məhz poetik formalarda, poeziya ilə fiksə olunmuşdu." (Vera Klyaştorina, "XX əsrdə fars şeirinin qərbləşməsinin iki dalğası", "NLO" jurnalı (Moskva), № 63, 2003).
Yenə də belə olacaqdı.  Modern(ist), yeni  İran şeirinin - "şeir-e nou"nun banisi Nima Yuşic deyirdi: "Bu gün şeir nəğmə-nəqarət, məlum ölçünün tanış melodiyası olmaqdan daha çox ictimai problemlərin ifadəçisinə çevrilməlidir... Və ölçü bizim fikirlərimizin layiqli əlbisəsi olmalıdır..."
Nima Yuşicdən sitat elədiyimiz son fikirlə ondan əvvəlki düşüncə- "ən əsas postulatların məhz poetik formalarda fiksə olunması", gələcəyə ötürlüməsi ilə "ictimai problemlərin ifadəçisi olmaq" arasında bir uyğunsuzluq sezilə bilər; "əsas postulatlar" elə həm də "ictimai problemlər" deyil ki?  Və əgər elədirsə, reformaya ehtiyacı olan nə idi, Nima nəyi nəzərdə tuturdu?  Məsələ bu idi ki, "növlər, formalar, tema və üslublar" təqlid edildikcə, tirajlandıqca onlar təsirli  ictimai və fərdi ifadəlilik gücünü itirir,  etik və xüsusən estetik ballasta çevrilirdilər. Burda isə məlum düstur bir daha öz təsdiqini tapır ki, "ədəbiyyat, xüsusən poeziya tarixi-formalar tarixi", estetik  xronologiyadır. Və XIX əsrin sonu, XX əsrin əvvəllərində İran şeirində, farsdilli poeziyada  (və həm də təkcə İran və Şərq şeirində deyil), yenə də istisnalar xaric, ümumi bir  estetik bozluq hökm sürürdü.
Günümüzün ədəbi mənzərəsindən misal çəkməmək olmur. Ölməz Mirzə Ələkbərin şeirlərini oxuyan nə qədər insan tanıyırıq ki,  elə Mirzənin personajlarıdırlar, amma "gözəl bir avazla" "millət necə tarac olur-olsun nə işim var"  oxumaqdan çəkinmirlər?! Yaxud, nə qədər öz aləmində "sabiranə şeir"yazıb, amma Sabirin ağrısını hiss etməyən qrafomanlar  var. Bax, etik və estetik bozluq bir az da bu idi.  Qeyri səmimilik, saxtalıq.
Başqa tərəfdən sənətdəki yeniliklər ictimai-siyasi həyatla daim və birbaşa əlaqədədir, biri digərində təzahür edə bilir; necə ki,  "şeir-e nou"nun istiqamətlərindən olan  "şeire səfid", yaxud "bəyaz şeir" "bəyaz inqilabı" qabaqlamış, bəlkə ən azı termin kimi onu doğurmuş,  bu mənada  daha həqiqi nəticə əldə eləmişdi.
Və ustad Şəhriyar "sabahın qurulmasına qeyrət" deyəndə bütün bunları nəzərdə tutmurdumu?! Nima Yuşic isə dövrünün  "poetik səraslanı", ədəbiyyat  cənagavəri  idi. Hansı uzun və keşməkeşli yola qədəm basdığını yaxşı bilirdi. Bilirdi ki,  "sünnətpərəstlərlə" "noupərdazların" cəngi (ifadə Klyaştorinanındır- S.B.)  uzun çəkəcək; bütün böyük və xüsusən yenilikçi şairlər kimi ustad Nima onu da bilirdi ki, "yaxşı şeir yazmaq məsələsini nəzərə almasaq,  sərbəst şeir müəllifləri hər şeydə sərbəstdirlər "(T.S.Eliot) .
Bəli, Nima Yuşicin İranın farsdilli şeirində əsasını qoyduğu  yeni şeir - "şeir-e nou"   "əruz-e azad"/ azad əruz, "şeir-e azad"/sərbəst şeir, "şeir-e səfid"/bəyaz şeir , "şeir-e hecai"/heca şeiri kimi növləriylə, formalarıyla pərvəriş tapdı.  Bu aşağı-yuxarı həmin dövr idi ki, Rusiyada Mayakovski, Türkiyədə Nazim Hikmət, Azərbaycanda Rəsul Rza eyni işi görürdülər.

***
Bu gün  oxucularımıza böyük məmnuniyyət  hissi ilə təqdim etdiyimiz " "Dostun evi hardadır?" Modern  İran  şeiri  antologiyası"na bizim istedadlı tərcüməçilərimiz- ustad Məsiağa Məhəmmədinin, Əli Qərəcəlu və Ariz Tarverdiyevin, gənc Məhəmməd Nurinin tərcümə etdiyi,  yeni şeirin banisi Nima Yuşicdən başlayıb yeni  modern şeirin yeni ulduzu Gərus Əbdülməlikiyanda  bitən  31 iranlı müəllifin şeirləri daxil  edilib. Əlbəttə ki, XX yüz il (üstəgəl, XXI yüzilin 17 ili) İran modern şeiri haqqında  daha əsaslı təsəvvür yaratmaq üçün yəqin ki, heç olmasa 100 şairin seçmə şeirlərini təqdim eləmək gərəkdi. Amma bu bir ilkdi. Və fikrimizcə,  şərtiliklə də olsa "yüzilliyi" əhatə edən "yeni İran  şeirinin" əksər istiqamətlərini təmsil edən  xeyli müəllif, tema, təmayül və üslublar bu antologiyada var : simvolistlər, imajistlər, sürrealistlər, "inqilabçılar", metafiziklər, liriklər, "müharibə şairləri", "şüur axını texnikası ilə yazanlar",  minimalistlər,  postmodernistlər və s. və i.a.
Bircə Məhəmmədhüseyn Şəhriyar yoxdur.  Yoxdur, amma yoxluğuyla həm də var. Yoxdur, çünki Şəhriyar həm klassik forma və ölçülərdə, həm də sərbəst şeirin bir çox növlərində ölməz əsərlər yazıb, odur ki, onu harasa bir yerə, olsun ki, "yeni İran şeirinə" aid eləmək bir az kiçiltmə və müşküldür; var, çünki, bu antologiyada başda Nima Yuşic olmaqla bir çox böyük sənətkarlar ustad Şəhriyarla hesablaşıb, polemikaya girib, Şəhriyar onlara təsir edib və elə məqamlar olub ki, onlar Şəhriyara baxıb "düzləniblər". Yoxdur, çünki  Şəhriyarın "ikidilliliyi" onun miqyasını böyüdür, ona  xüsusi və fərdi yanaşmanı tələb edir; amma ustadın farsdilli irsi, elə Azərbaycan türkcəsində yazdıqları da təəssüf ki, bizim oxucularımıza çox az- dənizin damlası qədər tanışdır; və bu reallıq bizim boynumuza böyük və ayrıca bir  yük qoyur.

***
Məntiqli görünə bilərdi ki, bu antolgiyanın adı yeni İran şeirinin banisi Nima Yuşicin bir misrası, bir şeirinin başlığı ilə adlandırılsın. Əslində, bu üzərində son və daha çox dayandığımız bir düşüncə idi. Amma niyəsə vaz keçdik.
Görkəmli şərqşünas alim, təcüməçi, bu antologiyanın ərsəyə gəlməsində böyük zəhməti olan Məsiağa Məhəmmədi  Söhrab Sipehrinin yaradcılığından bəhs edən  "Vəcd ilə kəşf arasında, yaxud güllərin nəbzini tutan şair" məqaləsində yazır: "Sipehrini ictimai həyata biganəlikdə suçlayanlardan biri "İran ədəbi tənqidinin patriarxı" adlandırılan və əslən Təbrizdən olan böyük yazıçı, şair və filosof Rza Bərahəni olmuşdur. Sonralar R.Bərahəni müsahibələrinin birində deyir: "Vaxtilə mən Söhrab haqqında bir məqalə yazmışdım... O zamanlar mən sırf ictimai bir şair idim və əqidəm beləydi ki, belə bir zamanda şair gərək səngərdə olsun. Bu yöndən mən Sipehrinin şeirini qəbul edə bilməzdim. Təbii ki, mən bu gün o cür düşünmürəm..." Və sonra: "Sipehri poetik səmimiyyətin yeni bir hüduduna yetişmişdir"- deyir Rza Bərahəni. Sonuncu, şübhəsiz, Sipehri şeirinə verilən çox düzgün və həm də çox yüksək qiymətdir..."
Görürsüz, səmimiyyətdən danışır Rza Bərahəni. Biz də "etik və estetik bozluq"dan danışanda səmimilikdən danışdıq. Yox, bu bizim guya bildiyimiz "gündəlik səmimiyyət" deyil. Bu eyni zamanda həm etik, həm də estetik aktdır. Bu səmimiyyət, bilməyin və cavab verməyin yox, susmağın, susmağın yox, nişan və sual verməyin səmimiyyəti- bütün bunları bir başqa cür ifadə elməyin səmimiyyəti idi:
O küçənin yetkinlik boylanan
                       sonunadək gedərsən,
sonra tənhalıq gülünə doğru dönərsən,
gülə iki addım qalmış,
yerin əbədi əsatir fəvvarəsinin
                        yanında dayanarsan
və səni şəffaf bir qorxu bürüyər.
Səmimiyyət süzülən o fəzada bir xışıltı eşidərsən:
Bir uşaq görərsən,
nur yuvasından bala götürmək üçün hündür şam ağacına dırmaşıb.
Ondan soruşarsan
dostun evi hardadır?

"Ünvan" şeirindən
(M.Məhəmmədinin tərcüməsində)
Odur ki, biz Nimanın əsasını qoyduğu farsdilli modern poeziyanın üfüqlərini genişləndirən,  lap dəqiq desək,  həmin poeziyanı "dərinləşdirən",  XX yüz il modern İran şeirinin Nima, Şamlu, Əxəvani-Salis, Füruğla  birlikdə "əvəzolunmaz   beşliyini" formalaşdıran Sipehrinin bir misrası üzərində dayandıq.

***
Xatırlayıram, Bakıya səfəri zamanı görüşdüyüm, uzun-uzun söhbət etdiyim Rza Bərahəni  Şəhriyar və Sipehri ilə bağlı yanıldığını, vaxtilə onları haqsız tənqid elədiyini mənə də etiraf eləmişdi...
Şəhriyar, Sipehri, Şamlu, Füruğ  barədə İstanbulda, şeir festivallarının birində tanış olduğum, yeni nəsil İran şeirinin istedadlı təmsilçilərindən olan mərhum Şəhram Şeydayi  ilə də xeyli danışmışdıq. Sonra Şəhram mənə  Füruğun  səs yazısını göndərdi. Bunu ondan xahiş eləmişdim.  Və mən onda  anlamamışdım ki, Şəhramın telefondan eşitdiyim halsız səsinin səbəbi nədir. Onun əlacsız xəstəlik xəbərini o vaxt Bakıda və  indi isə elə bu antologiyada qonaq olan başqa bir istedadlı şair-Məzahir Şəhamət çatdırmışdı. Sonra iş elə gətirdi ki, Əhməd Necati və Kamran Rəsulzadə  ilə  də, eyni zamanda gözəl şair olan tanınmış və istedadlı İran nasiri  Mustafa Məsturla da görüşdüm.
İndi isə bu antologiyanın son oxusunu bitirərkən məndə qəribə bir duyğu yaranır. Şəxsən tanıdığım, yaradcılıqlarını az-cox bildiyim  şairləri heç tanımırmış kimi yenidən kəşf edirəm.
Öz-özümə sual edirəm: dostun evi hardadır?

Səlim Babullaoğlu


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!