Kukla teatrı gəldi...
Kuklalar...
Eyyy... Uşaqlar, marionetka Maya gəldi.
Tozlu kənd yolu ilə üstü kukla şəkilləri ilə bəzədilmiş açıq-sarı rəngli qoşqusu olan köhnə, təkərləri cırıldayan avtomobilin dalınca qaçan uşaqlar az qala sevincdən qanadlanıb uçacaqdılar... Uşaqların günəşdə yanmış bənizlərindən süzülən sevinc bu köhnə qoşquda kəndə teatr göstərməyə gələn artistlərin ən böyük mükafatı idi...
Bu - ailə teatrı idi... Ata, ana, nənə, baba və üç uşaq. Teatrın aktyor heyəti bu yeddi nəfərdən ibarət idi... Səkkiz yaşlı Məryəmdən başqa, bütün aktyorlar bir neçə kuklanı canlandırır, yalnız tamaşa bitəndən, səsli-küylü tamaşaçıların alqışları susandan sonra daş kimi düşüb yatır, bir də sabahkı tamaşa vaxtında oyanırdılar... Təkcə Məryəmlə Mayadan başqa...
Maya dənizgözlü, günəşsaçlı marionetka idi. Səyyar kukla teatrının ən sevimli kuklası. Səhnədə o qədər şən olurdu ki... Onu idarə edən Məryəm necə ürəkdən danışırdısa, bəlkə də onu sevgi ilə izləyən uşaqların əksəriyyəti elə düşünürdü ki, danışan elə Maya özüdür. Səhnədə qaçan, tullanan, şən rəqslər edib, gözəl nəğmələr söyləyən bu bədəni parçadan, başı, qolları, ayaqları saxsıdan olan kukla. Heç kəs Məryəmi görmürdü. Hətta tamaşanın sonunda bütün iştirakçılar öz küklaları ilə bərabər səhnəyə çıxıb baş əyəndə belə, Maya tək olurdu...
Parça, taxta, saxsı oyuncaqlar, əlcək-kuklalar, pariklər, işıldayan səhnə paltarları, şlyapalar, rəngbərəng corablar, çətir və yelpiklərlə dolu qoşquda hər gecə hamı yatandan sonra Məryəmlə Maya pıçıldaşırdı. Bu söhbətlərində də Məryəm Mayanı özü səsləndirirdi. Yavaşca, pıçıltıyla, qəlbində...
Məryəm, elə istəyirəm ki, sən də nə vaxtsa, tamaşanın sonunda məni də qucağına alıb səhnəyə çıxasan...
Bilirəm, Maya. Yaxşı bilirəm sənin arzunu...
Çox istəyirəm, Məryəm. Çox. Lap çox... Dünyada hər şeydən çox. Kuklaların da arzusu olur, bilirsənmi?
Bilirəm, Maya...
Bu yerə çatanda Məryəm həmişə ağlayırdı... Onun ilıq göz yaşları Mayanın saxsı əllərinə düşəndə astaca “çıppp” eləyir, Maya səksənir, az qalırdı ki, iplə idarə olunan əllərini qaldırıb onun yanaqlarını silsin və pıçıldasın: “Sən bir gün mütləq gəzəcəksən. Kuklaların arzusu səmalarda eşidilir, Məryəm. Bir gün... Günəş səmada parlayanda, kəpənəklər və cırcıramalar uçuşanda, çiçəklərin ətri hər yana yayılanda... Mütləq gəzəcəksən”.
Bu kəndə artıq beşinci dəfə idi ki, gəlirdilər. Hər dəfə də uşaqlar onları tozlu kənd yolunda sevinclə qarşılayır, elə həmin yolda təəssüflə yola salırdılar...
Gəldiniz? Nə yaxşı...
Maya yeni mahnı oxuyacaq? Bəs yeni rəqs?
Olacaq uşaqlar, yeni rəqs və yeni mahnı... Maya sizin üçün elə sürprizlər hazırlayıb ki...
Ura... Marionetka Maya... İndi başlayırsınız?
Yox uşaqlar... Yol yorğunlumuz çıxsın... İki saatdan sonra...
“Maya sürpriz hazırlayıb... Sürpriz... Marionetka Mayanın nə sürprizi ola bilərdi ki?! - Məryəm atasının sözlərini özlüyündə anlamağa çalışırdı. - Maya sürpriz hazırlayıb”. Əslində, təzə heç nə yox idi. Əvvəlki tamaşa idi. Məryəm Mayanın nəğməsini zümzümə etdi:
Pəncərədən baxan qızam
Saçıma gül taxan qızam...
Sonra yenidən düşündü: “Mayanın sizə sürprizi olacaq...”. Mayanın səmalarda eşidilən arzusu yadına düşdü... Həmişə oturduğu təkərli arabada hərəkətsiz ayaqlarına baxdı... Onları yavaşca tərpətdi... Bir də tərpətdi”. Və gülümsünüb Mayanı sinəsinə sıxdı...
Günəş səmada parlayır, kəpənəklər və cırcıramalar uçuşur, çiçəklərin ətri hər yana yayılırdı... Köhnə kənd klubu uşaqla dolu idi. Tamaşanın sonuna lap az qalmışdı. Səhnədə marionetka Mayanın şən nəğmələri eşidilirdi... Uşaqlar bir ağızdan “Maya”, - deyə qışqırırdı...
- Maya, sürprizini gözləyirik...
- Maya... Sürpriz...
Tamaşa bitdi... Aktyorlar bir-bir tamaşaçıların qarşısına çıxdılar... Əvvəl ana, nənə, baba, Elle və Raul, sonra verdiyi sürpriz vədinin yerinə yetmədiyindən bir qədər pərt olmuş ata, sonra... Lap sonra isə Məryəm... Mayanı qucağına sıxmış Məryəm... Alqışlar ilk addımlarını atan Məryəmi qanadlandırırdı... Onun təbəssümlə işıqlanmış dodaqları dayanmadan pıçıldayırdı; “Mənim Mayam... Arzusu səmalarda eşidilən sevimli marionetkam”.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!